Bu gün böyük ziyalı, Əməkdar müəllim, professor Ədibə Paşayevanın 80 yaşı tamam olur.
Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Professor Ədibə Paşayeva” adlı virtual sərgi və eyniadlı kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, Ədibə Paşayeva haqqında kitab və məqalələr, müəllifi, tərtibçisi və redaktoru olduğu Azərbaycan və rus dillərində kitablar, eyni zamanda, Mir Cəlal Paşayevə həsr olunmuş kitablar, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar kitablar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq http://anl.az/el/vsb/Edibe_Pasayeva_/index.htm istifadə edə bilərlər.
Ədibə Mir Cəlal qızı Paşayeva 1943-cü il iyulun 18-də Bakı şəhərində anadan olub. 1960-1965-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki BDU) təhsil alıb. Ədibə xanım ali təhsilini bitirdikdən sonra əmək fəaliyyətinə Bakı Dövlət Universitetində başlayıb. Rus ədəbiyyatı kafedrasının müəllimi, baş müəllimi, Xarici tələbələr üçün rus dili kafedrasının müdiri işləyib.
2004-cü ildən BDU-da Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri olan Ə.Paşayeva 2005-ci ildən həmin kafedranın dosenti, 2017-ci ildən professor əvəzidir. Linqvodidaktika, rus ədəbiyyatı tarixini tədqiq edən Ə.Paşayeva bir çox kitab və dərsliklərin müəllifidir. Hal-hazırda BDU-nun Rus ədəbiyyatı tarixi kafedrasının müdiri vəzifəsində çalışmaqda davam edir.
Ədibə Paşayeva “Tərəqqi” medalına, “Qabaqcıl təhsil işçisi” və “Əməkdar müəllim” fəxri adlarına layiq görülüb.
Qırğızıstanın paytaxtı Bişkek şəhərindəki “Manas” kinoteatrında iyulun 18-dən 22-dək MDB, Baltikyanı ölkələr və Gürcüstanın iştirakı ilə Beynəlxalq qısametrajlı film festivalı keçiriləcək.
AZƏRTAC qırğız KİV-ə istinadla xəbər verir ki, festivalda Azərbaycanı rejissor İqor Smolanın “Dağıntı” filmi təmsil edəcək. Bu ekran əsərində baş rolları Vüsalə Ağayeva, Vüqar Arıqlar və Rahib Məmmədzadə ifa ediblər.
Builki festival Çingiz Aytmatovun anadan olmasının 95 illiyinə həsr olunacaq. Beynəlxalq festivalda, həmçinin Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan, Belarus və Rusiyadan olan kinorejissorlar iştirak edəcəklər. Ümumilikdə, xarici və qırğız kinematoqrafçılarından 600-dən artıq müraciət daxil olub.
Filmlərin nümayişi MDB-yə üzv dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun (BMHK), Qırğız Respublikasının Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi yanında Kinematoqrafiya Departamentinin, “Aytış” ictimai fondunun və “Mədəni Əməkdaşlıq Fondu”nun dəstəyi ilə keçiriləcək.
Qeyd edək ki, kinofestival MDB, Baltikyanı ölkələr və Gürcüstan arasında mədəni dialoqun inkişaf etdirilməsi, özünəməxsusluğunun qorunub saxlanılması və ənənəvi mədəni dəyərlərin inkişafı məqsədilə 2011-ci ildə təsis edilib.
Ekvadorun paytaxtı Kito şəhərində Kolumbdan əvvəlki epoxaya aid qədim qəbiristanlığın tapılması, təxminən 2 min il əvvəl bu bölgədə məskunlaşmış insan məskənlərindən xəbər verir.
AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, tapılan keramik qablar və daşla oyulmuş dekorativ əşyalar Kitonun şimalındakı Liano Çiko bölgəsində əkin sahələrinin altında basdırılıb.
Metropolitan İrs İnstitutunun (Mİİ) arxeoloqları tərəfindən aşkarlanan tapıntılar arasında bir sıra məzarlar var, həmin məzarlıqların əksəriyyətində dəfn edilmiş bu insanların gündəlik həyatlarında istifadə etdikləri əşyaları da yer alır.
Mİİ-nin arxeoloqlarından olan Andres Mosqueranın məlumatına əsasən, qəbiristanlıq hazırda Ekvadorun paytaxtının əsas arxeoloji ərazilərindən biridir. Qədim qəbiristanlıq Piçinça vulkanının püskürməsi nəticəsində kül təbəqəsi ilə örtülüb.
Arxeoloq əlavə edib ki, mütəxəssislər qəbirlərin içərisindəki cəsədlərin Kolumbdan əvvəlki dövrü əhatə edən qəbiristanlıqlar üçün xarakterik olan əyilmiş vəziyyətdə basdırıldığını müşahidə ediblər: “Qəbiristanlıqda tapılan qəbirlər fərqlərə görə xüsusilə diqqəti çəkir, bu xüsusiyyət həmin cəmiyyətin sosial bərabərsizliyini ortaya qoyur. Bəzi qəbirlərdə çoxlu qablar və bəzək əşyaları olsa da, digərləri isə boş idi. Tapıntılar arasında üçayaqlı, kürəşəkilli qablar, həmçinin insan və ya heyvan formalarını əks etdirən keramik qablar, o cümlədən heykəlciklər, bir çox bəzək əşyaları var”, - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, arxeoloqlar tapılan qədim qəbiristanlıq ərazisində yaxın aylarda daha çox tədqiqat aparmağı planlayırlar.
“Azərişıq” ASC Yevlax rayonunun Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərinin elektrik şəbəkəsinin yenidən qurulmasına başlayıb.
"Report" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata görə, kəndlərə gedən 10 kv-luq hava xəttinin meşə zolağından keçən hissəsini kənarlaşdırmaq üçün mal-material ayrılıb. Yeni dayaqlar basdırılıb, xətlərin çəkilişi davam edir.
Nərimanabad kəndində də yeni dayaqlar basdırılır. Köhnə 0.4 kv-luq xətlər yeni izolyasiyalı kabellərlə əvəzlənir. Həmçinin müasir tipli transformator quraşdırılır və abonenlərin sayğacları yenilənir.
Yenidənqurma işləri yekunlaşdıqdan sonra Nemətabad, Duzdağ, Bünyadabad və Nərimanabad kəndlərində yaşayan abonentlər dayanıqlı və fasiləsiz elektrik enerjsi ilə təmin olunacaq.
“Azərişıq” bütün regionlarda yenidənqurma işlərini davam etdirir. Layihə 100-dən artıq kəndi əhatə edir.
İyulun 18-də Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş tədbirlər proqramı çərçivəsində “MədəniyyətimİZ” layihəsinin növbəti görüşü Xalq artisti, tanınmış teatr və kino aktyoru Nurəddin Mehdixanlı ilə həyata keçiriləcək.
İctimai Birliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, layihənin əsas məqsədi “Heydər Əliyev İli” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin həyat fəaliyyətinin öyrənilməsi, qeyd olunmuş istiqamətlər üzrə mövcud problemlərin həlli və yaradıcı ideya bankının formalaşdırılmasıdır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində keçiriləcək görüşdə Xalq artisti Heydər Əliyevlə bağlı ən maraqlı xatirələrini bölüşəcək.
Tədbir müddətində, həmçinin “Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətində milli teatr sənətinin inkişaf perspektivləri”, “Teatr yaradıcılığında Heydər Əliyev fenomeni” və “Peşəkar aktyorluq sənətinin müasir Azərbaycan gəncliyinin maarifləndirilməsi istiqamətində effektiv təbliği və əhəmiyyəti” mövzularında panel müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Tədbirin bədii hissəsində istedadlı musiqiçilərin ifasında xalq mahnıları və təsniflər səsləndiriləcək.
Bakı Şəhər Gənclər və İdman idarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Xətai Sənət Mərkəzinin birgə təşkilatçılığı ilə 26 iyul- Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə, yeniyetmə və gənclər ( 9 - 29 yaş ) arasında rəssamlıq sənətinə marağının artırılması və idmanın gənclər arasında təbliği və təşviqi məqsədilə “İdman hamı üçündür” adlı rəsm sərgisinə əsər qəbulu elan olunub.
Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
“Sərgidə iştirak üçün tövsiyə olunan mövzular - idman növləri, idman simaları, idman alətləri, geyim nümunələri və digər bu kimi mövzulardır. Sərgidə iştirak etmək istəyən yeniyetmələr və gənclər iyul ayının 24-dək rəsm əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər.
Sərgi iyulun 25-də Xətai Sənət Mərkəzində təşkil olunacaq”, -deyə o bildirib.
Direktor əlavə edib ki, sərgiyə təqdim olunacaq rəsm işləri ağ, qara və yaxud rəngli ola bilər. Rəsm işinin üstündə müəllifin adı, soyadı, atasının adı, təmsil etdiyi müəssisəsinin adı mütləq qeyd olunmalıdır. Hər bir iştirakçı yalnız bir rəsm işi təqdim edə bilər. Sərgidə iştirak edənlər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplomla mükafatlandırılacaqlar.
Azərbaycan bu il noyabrın 9-11-də Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində keçiriləcək "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi"ndə iştirak edəcək.
Report xəbər verir ki, bunu İslam Palatasının Halal Xidmətinin (ICHS) baş direktoru Ashraf ElTanbouly bu gün Bakıda işini davan etdirən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında - "ICHS-in halal bazarına daxil olmaq üçün yeni hazırlanmış təşəbbüsləri" mövzusunda müzakirələrdə tədbirdə deyib.
Onun sözlərinə görə, "Halal Ticarət, Logistika və İstehsalat Sərgisi" halal sənayelərin qlobal inkişafına təkan verəcək: "Sərgidə 65 ölkədən 200-dən çox şirkət iştirak edəcək, halal sertifikatlı, ticarətə hazır şirkətləri, alıcıları, aparıcı brendləri, istehsalçıları və distribüterləri bir araya gətirəcək".
“Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.
Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi (DMA) “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom”un təqdim etdiyi IaaS (İnfrastructure-as-a-Service) bulud infrastrukturu xidmətini əldə edib. Agentlik informasiya sistemlərini qismən “AzInTelecom”a məxsus Bakıda yerləşən Data Mərkəzində yerləşdirməklə kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
İlkin mərhələdə Agentliyin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib, həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi formalaşdırılıb.
Dövlət Məşğulluq Agentliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə "Rezervlənmə BaaS" (Backup-as-a-Service) bulud xidmətlərindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə dövlət qurumu komitə mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.
Həmçinin DMA “Microsoft Windows Server” məhsulları ilə təmin edilib.
Bunlardan əlavə, Agentliyin "Rezervləmə BaaS" ("Backup-as-a-Service") bulud xidmətindən daha keyfiyyətli formada faydalanması üçün qarşılıqlı razılaşma əsasında transmissiya xidməti həyata keçirilib. Cəmiyyətin İT infrastrukturunun yerləşdiyi inzibati ofislə “AzInTelecom”a məxsus Data Mərkəzi arasında transmissiya xətti çəkilib. Bununla da Rezervləmə xidməti zamanı məlumatların ötürülməsinin sürətliliyi, təhlükəsizliyi daha üstün səviyyədə təmin edilib.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.
Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
Laçında “Sarı Aşığın dastanı” tamaşasının premyerası olub.
Report xəbər verir ki, tamaşanı “Səhnə” teatrı təqdim edib.
Tamaşanın prodüsseri Elçin Hacı bildirib ki, “Yaxşı və Aşıq” dastanının motivlərindən istifadə edilməklə Xaqani Əliyevin qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqrafı Zaur Əliyevdir.
Tamaşa Azərbaycanda bayatı janrının poetik imkanlarının açılmasında misilsiz xidmətləri olmuş, XVII əsrdə Laçının Güləbird kəndində yaşamış, şair Sarı Aşığın nakam məhəbbətindən bəhs edir.
Buludların arasından yerə enən Mələyin verdiyi sevgi badəsini içən gənc Abdullanın qəlbində eşq yuva salır, onu “Haqq Aşiqinə” çevirir. Aqillər deyiblər ki, Eşq hər qəlbdə qərar tutub qalmır. Bəs, qalsa nə olar? Onu ordan çıxarmaq olarmı? Məcbur etsələr də Aşiq qəlbindəki eşq alovunu söndürə bilmir. O, Yaxşısına qovuşmaq ümidi ilə, zülmətin içindən, sonunda işıq gördüyü yola çıxır. İnsanlar onu anlamaq istəmir, qarşısını kəsir, mənən əzir, döyürlər. Aşiq ölümlə üzləşir, lakin yolundan yenə də dönmür.
Tamaşadakı obrazları aktyorlar Vaqif Kərimov (Əməkdar artist), Ramil Məmmədov, Əhliman Ərşadlı, Mirzə Səfərov, Elçin Əmirov, Nazlı Quliyeva, Rəvan Hüseynzadə, Kənan Balakişiyev, Məleykə Cəfərova, Elvin Abbasov və Rəhimə Abdinova oynayıblar.
İspaniyanın diqqət çəkən təbii görməli yerlərindən biri də sonuncu dəfə 1824-cü ildə püskürən İlario vulkanı ərazisidir.
AZƏRTAC xəbər verir ki, vulkanın zirvəsində, kraterin üstündə 1969-cu ildə unikal üslublu “El Diablo” restoranı inşa edilib.
Bacarıqlı aşpazlar vulkanik kraterin üzərində bir-birindən ləziz yeməklər bişirirlər. Orijinal restoran qril yeməkləri sevən və qeyri-adi yerlərdə istirahət edən qonaqları valeh edir.
Restoranın qonaqlarına panoramik pəncərələri olan böyük zalda peşəkar personal tərəfindən keyfiyyətli xidmət göstərilir. Dağın zirvəsindəki masada ətrafın möhtəşəm panoramasından həzz almamaq mümkün deyil. Bütün qonaqlar yeməklərin hazırlanma prosesini izləyə, həmçinin orijinal fotoşəkillər çəkə bilərlər.
Bu qeyri-adi restoranın layihə müəllifi tanınmış dizayner Sezar Manrikdir. Restoranı ziyarətçilər üçün mümkün qədər rahat mühitə çevirmək üçün bazalt bünövrənin köməyi ilə vulkandan gələn istinin qarşısı alınır. Unikal restoranda heç bir əlavə elektrik və ya istilik təchizatı tələb olunmur. Hətta vulkanik istilik aşpazlar tərəfindən yeməklərin hazırlanmasında istifadə olunur.