Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • İlon Mask süni intellekt şirkəti yaradıb

    Amerikalı sahibkar və ixtiraçı İlon Mask süni intellekt məsələləri ilə məşğul olacaq yeni şirkət yaradıb.

    Report xəbər verir ki, İlon Mask bu barədə tviter hesabında bildirib.

    Şirkətin x.ai internet saytı da fəaliyyətə başlayıb.

    "Reallığı anlamaq üçün xAI-nin yaradılmasını elan edirik", - Mask deyib.

    Şirkətdə Google, Microsoft və texnologiya sektorundan olan digər şirkətlərin keçmiş işçiləri çalışacaq.

  • “Heydər Əliyev irsi” festivalı: tanınmış rəssam-rejissor Nazim Məmmədovun xatirə sərgisi açılıb

    “NUR Art House” qalereyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev irsi” festivalı çərçivəsində tanınmış rəssam-rejissor Nazim Məmmədovun xatirə sərgisi açılıb. Sərginin təşkilatçıları qismində “Arts Council Azerbaijan” QHT və “NUR Art House” qalereyası çıxış ediblər.

    AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edən “Arts Council Azerbaijan” QHT-nin rəhbəri Dadaş Məmmədov Bakıda hər il istedadlı, təkrarolunmaz və orijinal rəssam, adı bizim uşaqlıq illərinin sevimli cizgi filmləri ilə birlikdə səslənən Nazim Məmmədova həsr edilmiş sərgi təşkil olunur. İlk Azərbaycan cizgi filmlərinin müəlliflərindən biri olan rəssam milli animasiya sənətinin təşəkkülü və inkişafına böyük töhfə verib. N.Məmmədovun fəaliyyəti çoxşaxəli olması ilə seçilib. O, cizgi filmləri ilə yanaşı, dəzgah boyakarlığı, qrafika və uşaq kitablarının illüstrasiyası ilə də məşğul olub. Rəssamın əsərləri Azərbaycanda və xarici ölkələrdə sənətsevərlərə yaxşı məlumdur.

    Nazim Məmmədovun tabloları onun daxili aləminin təcəssümü, parlaq rənglərin himnidir. Bu əsərlərdəki rənglərin ahəngi və canlılığı tamaşaçıları reallıqdan nağıllar alıminə aparır, sehrli xəyalların pərvazlanmasına rəvac verir. Bu tablolar insanı gündəlik yeknəsəq həyat tərzindən ayıran hissləri aşılayır.

    Rəssam 1934-cü ildə Bakıda dünyaya gəlib. O, 1957-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini, 1961-ci ildə Moskvada “Soyuzmultfilm” kinostudiyasının nəzdində multiplikasiya kursunu bitirib. N.Məmmədov həmin il “Azərbaycanfilm” kinostudiyasında multiplikator-rəssam kimi fəaliyyətə başlayıb. Xitruk, Davıdov, Şvartsman kimi görkəmli animatorlardan dərs alan rəssam 20-dən çox Azərbaycan cizgi filminin müəllifidir. O, həmçinin sənədli filmlərin istehsalında da iştirak edib.

    Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda dünyasını dəyişib.

    Sərgi iyulun 16-dək davam edəcək. Qalereyanın iş saatları 11:00-dan 18:00-a qədərdir. Giriş sərbəstdir.

  • “Günay Bank” fəaliyyətini yeni ünvanda davam etdirəcək

    Ləğv prosesində olan “Günay Bank” ASC-nin ünvanı dəyişir.

    Report xəbər verir ki, bu barədə bankın ləğvedicisi - Əmanətlərin Sığortalanması Fondu məlumat yayıb.

    Məlumata görə, iyulun 19-dan Bank fəaliyyətini yeni ünvanda - Bakı şəhəri, Xocalı prospekti, 36A-da (ləğv prosesində olan "Amrah Bank" ASC-nin baş ofisində) davam etdirəcək.

  • Heydər Əliyev Sarayında türk seriallarından populyar musiqilər ifa ediləcək

    “BN Team Orchestra” simfonik orkestri avqustun 24-də Heydər Əliyev Sarayında “Türk serialları aləmi” adlı unikal layihə təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, Qazaxıstandan olan bu orkestr müxtəlif janrlar üzrə gənc və yaradıcı musiqiçilərin, artistlərin və aktyorları birləşdirir. Tədbirdə tamaşaçılara “Möhtəşəm yüz il”, “Qara sevda”, “Çalıquşu”, “Çuxur”, Min bir gecə” və başqa seriallarda səslənən populyar musiqilər təqdim ediləcək.

    Bu musiqi sadəcə serialları müşayiət etmir, həm də tamaşaçını ovsunlayan, kino dünyasına qərq edən, ekran qəhrəmanlarının bütün hisslərini yaşadan və həmişəlik yaddaşlara həkk olunan bütöv bir simfoniya aləmidir. Müxtəlif mövzularda lentə alınan ekran əsərlərinin mövzuları simfonik orkestr və xor kollektivlərinin ifası ilə daha dərin məna kəsb edir, qəhrəmanların romantik hissləri, həyəcanlı səhnələri qabarıq şəkildə təqdim edilir.

  • Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək

    Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan film çəkiləcək.

    Bu barədə Reporta "Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyindən (İB) bildirilib.

    Belə ki, İB Qərbi Azərbaycanda dağıdılmış abidələrimizə həsr olunan sənədli film layihəsinin icrasına başlayıb.

    Tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində - Qərbi Azərbaycanda çoxlu sayda tarixi-memarlıq abidələri, karvansaralar, imarətlər, məscidlər, kəhrizlər, qəbiristanlıqlar, məqbərələr və qəbirüstü abidələrimiz mövcuddur. 1918-ci ildə tarixi Azərbaycan torpaqlarında ilk erməni dövləti qurulduqdan sonra azərbaycanlılara məxsus maddi-mədəni irsin yer üzündən silinməsinə başlanılıb. Erməni vandalları azərbaycanlıların tarixi-etnik torpaqlarındakı izlərini silməklə yanaşı, onlara məxsus toponimlərə qarşı da soyqırımı həyata keçiriblər.

    Layihənin də məqsədi bu faktları əsas tutaraq sənədli film ərsəyə gətirməkdir. “Müasir Yaradıcılığa Dəstək" İctimai Birliyinin sədri Nurlana Hacıyevanın sözlərinə görə, filmin yaradıcı qrupu peşəkar mütəxəssislər, sahəvi ekspertlərin rəyləri və həmin abidələrin vaxtilə şahidi olan Qərbi azərbaycanlıların xatirələrini lentə alacaq. Geniş araşdırmadan sonra 2 dildə hazırlanacaq sənədli film yerli və xarici auditoriyaya təqdim olunacaq. Filmdə müsahibələrlə yanaşı, tarixi və unikal sayıla biləcək köhnə fotoşəkillərə, videokadrlara da geniş yer veriləcək.

    Filmin çəkilişləri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.

  • “Sazbəndlik və sazbəndlər” adlı kitab hazırlanır

    “Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyində Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sazbəndlik və sazbəndlər” adlı layihənin həyata keçirilməsinə start verilib.

    Layihə və onun həyata keçirilməsinin məqsəd və vəzifələri barədə AZƏRTAC-a məlumat verən ictimai birliyin sədri, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu deyib ki, Azərbaycan aşıq sənətindən danışanda ilk növbədə sazbəndlik yada düşür: “Sazbəndlik bir sənət sahəsi kimi çox qədim tarixə malikdir, daha doğrusu, sazbəndliyin tarixi elə sazın, aşıq sənətinin tarixi qədər qədimdir. Yəni sazbəndlik sənəti və sazbəndlər olmasaydı, aşıq sənəti də bunca inkişaf edə bilməzdi. Zaman-zaman bir sənət sahəsi kimi, sazbəndlik də inkişaf edib, ustad sazbəndlər tərəfindən saz bir musiqi aləti kimi daha da təkmilləşdirilib. Ancaq təəssüflər olsun ki, indiyədək aşıq sənəti və ayrı-ayrı ustad aşıqlarla bağlı çoxsaylı tədqiqatlar aparılsa da, sazbəndlik və sazbəndlər, demək olar ki, diqqətdən kənarda qalıb. Aşıq sənətinin Azərbaycanın milli mədəni sərvəti kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi ilə bu sənətə qayğı və diqqət daha artırıldı. Bu baxımdan, qədim sənət sahəsi kimi, sazbəndliyə və sazbəndlərə də diqqətin artırılması, bu sənətin tədqiq və təbliğ olunması bu gün olduqca aktualdır”.

    M.Nəbioğlu onu da əlavə edib ki, xalqımızın bu qədim sənət sahəsi indiyədək əhatəli öyrənilməyib. Bu sahəyə diqqətin ayrılması, həm bir sənət sahəsi kimi sazbəndliyin təbliğinə kömək edəcək, həm də gənclərdə bu sənətə marağın artmasına səbəb olacaq. Layihə çərçivəsində bir sənət sahəsi kimi, sazbəndlik, sazın düzəldilmə texnologiyası və sazbəndlərin həyat və fəaliyyətlərindən bəhs edən kitabın hazırlanması nəzərdə tutulur.

    Onun sözlərinə görə, layihənin oktyabrda başa çatdırılması nəzərdə tutulur.

  • Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi

    Bu gün Azərbaycan Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 94 il ötür

    XX əsr Azərbaycan rəssamlıq məktəbində iz qoymuş sənətkarlardan biri də Vidadi Nərimanbəyovdur. Azərbaycanın Xalq rəssamı, “Şöhrət” ordeni laureatı, Qrekov adına gümüş medalın sahibi, dünyaşöhrətli şəxsiyyət, Azərbaycan təsviri incəsənətinə böyük töhfə vermiş Vidadi Nərimanbəyov 1926-cı il iyulun 13-də Fransanın Kann şəhərində Fərman Nərimanbəyovun ailəsində dünyaya göz açıb. 1929-cu ildə Fərman Nərimanbəyov arvadı İrma Lya Rude və oğlu Vidadi ilə birgə Bakıya qayıdır. 1930-cu il avqust ayının 7-də Nərimanbəyovlar ailəsinin ikinci oğlu Toğrul dünyaya gəlir. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Vidadinin tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir. Tezliklə Nərimanbəyovlar ailəsinin üstünü qara buludlar alır. Toğrulun atası o zaman Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır, onu həbs edib Sibirə sürgünə göndərirlər.

    Ardınca 1941-ci ildə Fransa vətəndaşlığından çıxmayan Toğrulun anası İrma Lya Rude Bakıda həbs edilir. Ananı öz balalarından ayırırlar. İrma xanımı Özbəkistana - Səmərqəndə sürgün edirlər. O, 1961-ci ilə qədər sürgündə yaşamağa məcbur olur. Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərirmanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Belə ki, Vidadi Nərimanbəyov əvvəlcə rəssamlıq təhsilini Ə.Əzimzadə adına Bakı Rəssamlıq Texnikumunda, sonra isə V.Muxina adına Sankt-Peterburq (keçmiş Leninqrad) Ali Rəssamlıq Sənaye Məktəbi və Tbilisi Rəssamlıq Akademiyasında davam etdirir. Bu təhsil ocaqlarında dövrünün böyük rəssamlarından dərs alan Vidadi Nərimanbəyov yaradıcılığında ənənələrə sadiq qalıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı Vidadi Nərimanbəyovun anadan olmasından 97 il ötür.

    Rəssam könüllü olaraq İkinci Dünya müharibəsinə yolladığından müharibə mövzusuna yaradıcılığının bütün dövrlərində müraciət edib. Vidadi Nərimanbəyovun bu mövzuda olan əsərləri SSRİ mədəniyyət günlərində nümayiş olunub.

    V.Nərimanbəyov tələbə ikən "Düşmənin sevinci..." tablosu ilə şöhrət qazanıb. Gənc rəssam həmin əsərdə qəribə mənzərə təsvir edib. Açıq səmanın, Günəşin fonunda qara bulud layları təsvir olunub. Tablonun önündə iki insan obrazı görünür. Onlardan biri yağış, digəri quraqlıq arzulayır. Bu mənzərə o qədər inandırıcı, bədii, gələcəyə inam, ümid həvəsi ilə işlənib ki, seyrçilər əsərə yaradıcı əməyin məhsulu kimi yox, həyat həqiqətinin rəmzi tək baxır, müəllifin fikrini asanlıqla dərk edirlər. Vidadi Nərimanbəyov 1963-cü ildə "Yolda" monumental, irihəcmli tablosu onu daha da şöhrətləndirib. Əsərin süjeti, kompozisiya quruluşu sadədir, lakin diqqətlə baxanda dərin məntiqi insanı düşünməyə vadar edir. Müəllif az ştrixlə mövzunu açmağa nail olub. Əsər Azərbaycan Milli İncəsənət Muzeyinin daimi eksponatıdır.

    V.Nərimanbəyovun əsərlərinin əsas qəhrəmanı insandır. Tablolarda onların müxtəlif anları, ovqatları əbədiləşib. Çöhrələrindən gah sevinc, fərəh, gah da məyusluq, kədər duyulur. Vidadi Nərimanbəyovun yalnız keçmiş SSRİ məkanında deyil, Macarıstanda, Çexiyada, Bolqarıstanda, Rumıniyada, Əlcəzairdə, Finlandiyada, bütövlükdə dünyanın 20 xarici ölkəsində fərdi sərgisi açılmışdır. Dinindən, dilindən, irqindən asılı olmayaraq, qədirbilən sənətsevərlər fırça ustasının yaradıcılığından mənəvi zövq almış, əsərlərinin hər birini yüksək qiymətləndirmişdilər.

    Görkəmli təsviri sənət ustası fəal çalışır, bir-birindən baxımlı mənzərələr, obrazlar yaradırdı. 20 Yanvara həsr etdiyi “Qatillər” tablosu dünyanın bütün sərgi salonlarında nümayiş etdirilmiş, qəddar sovet rejiminə qarşı nifrət oyatmışdı. Milli dəyərləri daim uca tutan rəssam quduzlaşan ermənilərin ümumiləşmiş obrazını yaratmışdı.

    Özündə Azərbaycan və Fransa kimi iki ölkəni və iki nəhəng mədəniyyəti cəmləşdirən bu görkəmli rəssam 1961-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü olub. O, 1982-ci ildə Azərbaycan Xalq rəssamı adına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə mükafatlandırılan Nərimanbəyov elə həmin il dekabrın 13-də Bakıda vəfat edib.

  • Bu gün görkəmli kinooperator Rasim İsmayılovun doğum günüdür

    Bu gün görkəmli kinooperator, rejissor və ssenarist Rasim İsmayılovun anadan olmasından 87 il ötür. O, 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. Kinoya olan sevgisi 1958-ci ildə onu Bakı kinostudiyasına gətirib, orada operator assistenti kimi işləməyə başlayıb. 1958-1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakültəsini, məşhur operator Boris Volçekin sinfini bitirib. Rasim İsmayılovun Moskvada təhsil aldığı illərdə çəkdiyi kurs işləri artıq onun peşəkarlığından xəbər verirdi.

    1962-ci ildən Azərbaycan Televiziyasında çalışan gənc operatorun ssenariləri əsasında “Azərbaycan raport verir”, “Daha iki nəfər” qısametrajlı bədii televiziya filmləri istehsal olunub. Rejissor kimi “Mavi ekranın yolları”, “Şəhərin ritmləri” və başqa sənədli filmlər çəkib.

    Azərbaycan Televiziyasında animasiya filmlərinin yaradıcılarından biri kimi də tanınıb. 1965-ci ildə “Danışan işıqlar”, 1969-cu ildə “Qırmızılar, qaralar və başqaları” cizgi filmlərinə quruluş verib. Onun ssenarisi əsasında çəkilən bu film-alleqoriya Kiyevdə “Prometey - 69” festivalında “Ən yaxşı rejissor işinə görə” diploma layiq görülüb.

    Bədii kinoda operator kimi debüt işi “Cazibə qüvvəsi” kinoalmanaxında “Dağ meşəsindən keçərkən” novellasıdır. Sonralar böyük kinoya vəsiqə alıb, görkəmli rejissor Hüseyn Seyidzadənin quruluş verdiyi tarixi-inqilabi janrda çəkilən “Yenilməz batalyon” (1965) filminin quruluşçu operatoru olub. Bu onun böyük kinoda ilk işi idi.

    Azərbaycan kinosunun qızıl fonduna daxil olan bir çox filmlərə operator kimi quruluş verib. “Sevil”, “Yeddi oğul istərəm”, “Axırıncı aşırım”, “Gün keçdi”, “Nəsimi”, “Dədə Qorqud”, “Sevinc buxtası”, “Babək” və başqa filmlərin uğurlu ekran həllini tapmasında onun xidmətləri əvəzsizdir.

    Sənətkar 68 illik ömrünün 46 ilini milli kinomuzun inkişafına həsr edib, bu illər ərzində operator kimi 20 bədii, 10 sənədli film, rejissor və ssenari müəllifi kimi dörd “Mozalan”, iki animasiya filmi çəkib. Quruluş verdiyi son ekran əsəri 1990-cı ildə lentə alınan “Tələ” filmidir. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərib.

    Görkəmli kinooperator, kinorejissor, ssenari müəllifi Rasim İsmayılov 1976-cı ildə Azərbaycan SSR-nin “Əməkdar incəsənət xadimi” fəxri adına, 1978-ci ildə Dövlət mükafatına layiq görülüb.

    Rasim İsmayılov 2004-cü il mart ayının 3-də vəfat edib. Onun “Uçan çinarlar” kitabı ölümündən sonra işıq üzü görüb.

  • Xalq rəssamı Fazil Nəcəfov vəfat edib

    Azərbaycanın mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq rəssamı Fazil Nəcəfov 88 yaşında vəfat edib.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qeyd edək ki, Fazil Nəcəfov 1935-ci il fevralın 16-da Bakı şəhərində anadan olub. O, 1955-ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutunu bitirib.

    Fazil Nəcəfov “İçərişəhər qadınları”, “Ana”, “Korların nəğməsi”, “Teatr”, “Səhər”, “Həyatın mərtəbələri”, “Zamanın oyunları”, “Fortuna”, “Qulyabani”, “Qoca”, “Qız”, “Gənc qadın”, “Mələk”, “Həyatın mərtəbələri”, “Söhbət”, “İstirahət edən qoca”, “Minillik insan”, “İbadət”, “Əkizlər”, “Fontan” və digər əsərlərin müəllifidir.

    2014-cü ildə Fazil Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaradıb. O, 2015-ci ildə Heydər Əliyev Fondunun və IDEA-nın (Ətraf Mühitin Mühafizəsi naminə Beynəlxalq Dialoq) dəstəyi ilə 56-cı Venesiya Biennalesində 8 əsəri ilə iştirak edib.

    Fazil Nəcəfov 1988-ci ildə Əməkdar incəsənət xadimi, 2002-ci ildə isə Azərbaycanın Xalq rəssamı fəxri adlarına layiq görülüb. Rəssam 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

    Allah rəhmət eləsin!

  • Bu gün TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur

    Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

    AZƏRTAC xəbər verir ki, TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.

    TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.

    Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

    Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.

    Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

    TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

    Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi bu il ikinci dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirir. Bu il həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirir.

    Mayın 12-də Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçirilib. Mayın 9-11-də Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. İlin sonunadək TÜRKSOY-un iştirakı ilə Azərbaycanda, o cümlədən mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər davam edəcək. Həmçinin TÜRKSOY-un xətti ilə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlər də nəzərdə tutulur.

    Hər il, təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur. Bu il bu sırada anadan olmasının 100 illiyi qeyd olunan görkəmli teatr rejissoru Tofiq Kazımov da var.