Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Quba yolunun daha bir hissəsində üfüqi nişanlanma xətləri yenidən rənglənir

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu gün gecə saat 23:00-dan səhər saat 05:00-dək Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-16-cı km-lik hissəsində (“Şamaxinka”-“VAZ dairəsi”) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işlərini həyata keçirəcək.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, nişanlanma xətlərinin yenidən rənglənməsi bir neçə gün davam etdiriləcək və işlər yalnız gecə saatlarında aparılacaq.

    Xatırladaq ki, bundan öncə sözügedən magistral yolun 16-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə analoji işlər aparılıb.

  • Qarabağ həqiqətlərindən bəhs edən film çəkilir

    Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Bakı Bələdiyyə Teatrının aparıcı aktyoru İlqar Musayev yeni qısametrajlı filmə çəkilir.

    AZƏRTAC xəbər verir ki, real hadisələr əsasında çəkilən film Qarabağ həqiqətlərindən bəhs edir.

    Şəhidlərə həsr olunan filmdə kənddə yaşayan iki dostun müharibəyə getməsi, onlardan birinin şəhid olması və son nəfəsində dostundan, ölümünün anasından gizlədilməsini xahiş etməsi filmin süjet xəttini təşkil edir. Ancaq sonda sağ qalan dost, baş verən hadisəni təsirli formada şəhidin anasına hiss etdirir. Nəticədə şəhid anası bu durumu qəbul edir, ana kimi məğrur duruşunu itirmir, öz hisslərinə hakim olur və şəhidliyin uca bir zirvə olduğunu qəbul edir.

    “Ana” adlandırılan ekran əsəri Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun hekayəsi əsasında ssenariləşdirilib. Filmin ssenari müəllifi İlqar Fəhmi, quruluşçu rejissoru Vüsal Məmmədov, rejissoru Vüsalə Tağı, operatoru Mehdi Yaqubovdur.

    Rollarda İlqar Musayev, Firəngiz Babayeva, Gülər Nəbiyeva və Mirhüseyn Yaqubov çəkilir. Filmin çəkilişləri Xızı rayonunun tanınmış turizm məkanlarından olan Altıağacda aparılır.

  • Bu gün Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın doğum günüdür

    Müasir Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından danışarkən bu məktəbin layiqli nümayəndəsi Ruhəngiz Qasımovanın yaradıcılığını xüsusilə qeyd etmək lazımdır. Musiqi mədəniyyətimizə möhtəşəm töhfələr verən Rühəngiz Qasımova bu gün də incəsənət xadimləri, musiqiçilər tərəfindən xatırlanır, yaratdığı musiqilər unudulmur.

    AZƏRTAC xəbər verir ki, bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 83-cü ildönümü tamam olur.

    Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.

    Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabın müəllifidir. Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.

    Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.

    Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da dünyasını dəyişib.

  • Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb

    Mərhum jurnalist Şakir Yaqubovun “Yaddaşa son səyahət” kitabı çapdan çıxıb.

    AZƏRTAC xəbər verir ki, kitabda ustad jurnalistin 2017-2020-ci illərdə dərc edilmiş publisistik qeydləri toplanıb.

    Şakir Yaqubov müxtəlif illərdə qələmə aldığı “Mən şahidəm ki…”, “Qətiyyətin təntənəsi”, “Hakim mərkəzi göstərər”, “Bizim səfər haçandı?!”, “Banişevski olduğu kimi”, “Taleyimdən keçənlər”, “Yaddaşımın küncündən…”, “Bir az da futbol(umuz)dan” kitablarının müəllifi, “Vətən bizim şöhrətimiz…”, “Bizim müasirimiz”, “On ikinci şeyxülislam” və “Qanlı Yanvar dialoqu” kitablarının müəlliflərindəndir. O, bir neçə kitabın tərcüməçisi, publisistik və elmi-kütləvi nəşrlərin redaktoru olub.

    1989-cu və 2005-ci illərdə Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülüb.

    Kitabın redaktorları Elşən Əliyev, Süleyman Qaradağlı, Hikmət Sabiroğlu və Azər Qaraçənlidir.

    İyulun 20-si saat 14-də Mətbuat Şurasında kitabın təqdimatı keçiriləcək.

  • Azərbaycan fotoqrafları beynəlxalq fotomüsabiqədə 12 mükafat qazanıblar

    “Gilavar” Foto Klubunun təşkilati dəstəyi ilə ardıcıl altıncı dəfə keçirilən “Azerbaijan Photo Salon 2023” adlı beynəlxalq fotomüsabiqəyə yekun vurulub.

    AZƏRTAC xəbər verir ki, fotomüsabiqə Beynəlxalq Foto Sənəti Federasiyası, Beynəlxalq Bədii Fotoqraflar Assosiasiyası, Amerika Fotoqraflar Cəmiyyəti, Qlobal Fotoqraflar Birliyi və Türkiyənin Sillə Sənət Sarayı fototəşkilatının xüsusi icazələri ilə keçirilib.

    Müsabiqəyə dünyanın 62 ölkəsindən 337 fotoqraf tərəfindən 4 min 779 foto təqdim edilib. Sərbəst rəngli, sərbəst ağ-qara, insanlar və səyahət mövzuları üzrə təqdim olunan fotolar İtaliya və Misirdən olan 3 nəfərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qiymətləndirmə beynəlxalq fotoqrafiya təşkilatlarının qaydaları və şərtləri çərçivəsində aparılıb.

    Klubun sədri, beynəlxalq dərəcəli fotoqraf Rəşad Mehdiyevin sözlərinə görə, “Azerbaijan Photo Salon 2023” adlı beynəlxalq fotomüsabiqə altıncı dəfədir ki, həyata keçirilir: “Bu cür beynəlxalq fotomüsabiqələri keçirtməkdə məqsədimiz həm fotoqraflarımızın nüfuzlu yarışlarda iştirakına şərait yaratmaq, həm də ölkəmizi təbliğ etməkdir. Ümumilikdə dörd nominasiya üzrə təqdim olunan 245 mükafata 43 ölkənin 166 fotoqrafı layiq görülüb. Müsabiqənin ən yaxşılarına qızıl, gümüş və bürünc medallar, xüsusi lentlər və diplomlar təqdim olunacaq, qaliblərin fotolarından ibarət elektron kataloq hazırlanacaq. Azərbaycandan olan 8 fotoqrafımız müsabiqədə seçiliblər. Onlardan Famil Mahmudbəyli qızıl medal və fəxri lent, Kərim Abbasov bir gümüş, bir bürünc medal və fəxri lent, Teymur Məmmədov iki fəxri lent, Dilavər Nəcəfov, Nurlan Tahirli, Nadejda Cavadova, Vüqar İbadov və Tofiq Babayev bir fəxri lent qazanıb. Nəticədə həmyerlilərimiz tərəfindən 3-ü medal olmaqla toplam 12 mükafat əldə olunub”.

  • Milli Kitabxana “TÜRKSOY – 30” adlı virtual sərgini istifadəçilərə təqdim edib

    Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 30 ili tamam olur. Bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “TÜRKSOY – 30” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Turksoy/index.htm linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, 1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalanıb. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlanır. Təşkilatın katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

    Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – Türkdilli ölkələrin mədəniyyət səylərini birləşdirən beynəlxalq təşkilatdır. Tarixin müxtəlif mərhələlərində türk xalqlarının həyatı cürbəcür, bəzən isə hətta onların varlığını təhlükə altına alan müharibələrlə, döyüşlərlə, təcavüzlərlə qarşılaşmışdır. Ancaq türk xalqlarının ulu tarixin dərinliklərindən keçib gələn zəngin kökləri, bir- birinə mənəvi bağlılığı onları bütün bu mərhələlərdə imtahanlardan, sınaqlardan mətanətlə çıxarmış və bugünki günlərə gətirib çıxarmışdır. Bu xalqlar tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və qiymətli bədii əsərləri, musiqisi ilə onun parlaq səhifələrini yaratmışlar.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni nəşri Molla Pənah Vaqifə həsr olunub

    2023-cü ilin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması, eləcə də Türk dünyasının görkəmli şəxsiyyətlərinin ədəbi irsinin təbliği məqsədilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən Azərbaycanın görkəmli şairi Molla Pənah Vaqif haqqında “Özü vəzir, sözü şah” adlı yeni kitab nəşr edilib.

    Fonddan AZƏRTAC-a bildirilib ki, kitabda Molla Pənah Vaqifə həsr olunmuş Azərbaycan və əcnəbi şairlərin şeirləri, onun əsərlərinə yazılan nəzirələr, ədibin həyat və yaradıcılığı barədə Azərbaycan və dünya qələm adamlarının fikirləri toplanıb. Həmçinin nəşrdə “Vaqif” dastanı və Səməd Vurğunun eyniadlı məşhur dram əsəri və Vaqifin Molla Vəli Vidadi ilə deyişməsi yer alır. Topluda tanınmış Azərbaycan rəssamlarının çəkdiyi və şairin təsviri sənətdəki obrazını canlandıran əsərlər, eyni zamanda müxtəlif illərdə Azərbaycan teatrlarında səhnələşdirilən “Vaqif” tamaşalarından çəkilmiş fotolar da əks olunub.

    Kitab, layihənin rəhbəri, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Molla Pənah Vaqif və bu kitab haqqında bir neçə söz” adlı “Ön söz”ü ilə açılır. Yazıda Günay Əfəndiyeva Molla Pənah Vaqifin ədəbi fəaliyyətinin Türk dünyası üçün kəsb etdiyi önəmdən bəhs edib: “Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, Türk dünyasının qiymətli söz və fikir adamlarının yaradıcı irsi, onlar haqqında qələmə alınan əsərlər bizim üçün çox böyük əhəmiyyətə malikdir. “Özü vəzir, sözü şah” kitabı da bu yöndə Fondun fəaliyyətinin növbəti nümunəsidir. Kitabda şairin şəxsiyyətinə və ədəbi irsinə həsr olunan poetik əsərlər, təsviri sənət inciləri bir daha göstərir ki, Vaqif yaşayır və daim Türk xalqları ilə bir yerdədir”.

    Qeyd edilməlidir ki, “Zərdabi” nəşriyyatında çap olunan kitabın tərtibçisi və redaktoru şair Fərid Hüseyn, bədii tərtibatçısı Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, məsləhətçisi Əməkdar mədəniyyət işçisi Barat Vüsal, izahların müəllifi tərcüməçi Məhəmməd Nuridir.

  • “Lənkəran xanının vəziri” tamaşası Laçında nümayiş olunub

    Laçın şəhərinə köçmüş sakinlər üçün iyulun 11-də Şuşa Dövlət Musiqili Teatrının təqdimatında “Lənkəran xanının vəziri” komediyası nümayiş olunub.

    Report xəbər verir ki, Bakıdan uzun yol gələn truppa tamaşa meydançası kimi qurulmuş çadırda dekorlarını quraraq publikanın qarşısına xüsusi sevinclə, ruh yüksəkliyi ilə çıxıblar. Teatrın direktoru, Əməkdar artist Yadigar Muradov çıxışında Laçının işğaldan öncəki gözəl günlərini, bu məkanla bağlı xatirələrindən ən kövrək anları yada salıb.

    Tamaşada baş rollardan birinin ifaçısı, əslən laçınlı Mətanət Eres Şuşa ilə Laçın arasındakı 32 kilometrlik məsafənin tarixin və taleyin hökmü ilə düz 31 ilə qət edildiyini söyləyib, bu günləri yaxınlaşdıran hər kəsə təşəkkürünü bildirib.

    M.F.Axundzadənin məşhur komediyasının qəhrəmanları tamaşaçıları xeyli güldürüb.

    Bakı Abadlıq Xidmətinin nümayəndəsi Lalə Əliyeva müasir şəhər kimi dirçəlmiş Laçının qısa müddətdə Qarabağın sənət, elm, yaradıcılıq mərkəzlərindən birinə çevriləcəyini vurğulayıb, doğma yurda qayıdanların, xüsusilə də balaca sakinlərin asudə vaxtının, mədəni istirahətinin təşkili üçün Laçını abadlaşdıran Bakı Abadlıq Xidmətinin müxtəlif maraqlı layihələr həyata keçirmək niyyətində olduğunu deyib.

    Qeyd edək ki, mayın 28-dən etibarən, Laçına Böyük Qayıdışın başlandığı qısa müddət ərzində şəhərdə Qurban bayramı münasibəti ilə konsert, “Laçın” müstəqil teatr studiyasının “Arzular bağı” tamaşası, Şuşa Dövlət Musiqili Teatrının səfəri və uşaqlar üçün kiçik dərnəklərdə müxtəlif əyləncələr təşkil edilib. Mütəmadi keçirilən tədbirlər sırasında ən yaxın zamanda Azərbaycan teatrının məşhur rejissor və aktyor heyətinin qatılacağı “yay məktəbi” layihəsi işə başlayacaq.

  • Azərbaycanlı şairə dünyanın ən böyük poeziya tədbirlərində çıxış edəcək

    Bu günlərdə Kolumbiyanın paytaxtı Boqota şəhərində planetin ən böyük poeziya günləri keçirilir. Belə ki, iyulun 1-dən başlayan 33-cü Beynəlxalq Medelin Şeir Festivalı davam edir. Bununla yanaşı iyulun 13-dən 18-dək Venesuelanın paytaxtı Karakasda Dünya Poeziya Hərəkatının I Konqresi baş tutacaq. 104 ölkədən 60-a yaxın şairin qatıldığı Medelin beynəlxalq şeir festivalının əsas məqsədi demokratik azadlıqlara, sosial dəyişikliklərə və tam sülhə həsr olunub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycanı nüfuzlu poeziya tədbirlərində tanınmış şairə Nigar Həsənzadə təmsil edir.

    N.Həsənzadə bildirib ki, festivalda Azərbaycan dilində öz şeirlərini səsləndirəcək: İstər Medelindəki 33-cü Beynəlxalq Şeir Festivalında, istərsə də Dünya Poeziya Hərəkatının ilk Konqresində ölkəmizi layiqincə təmsil etməyə çalışacağam. Seçilmiş şeirlərimi təqdim edəcəyəm. Bundan əlavə, festivalın bağlanış mərasimindəki çıxışımı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edəcəyəm”.

    Onu da qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan N.Həsənzadənin şeirləri dəfələrlə İngiltərə, Almaniya, Türkiyə, ABŞ, Kanada, Avstraliya, Polşa və Rusiya kimi ölkələrdə aparıcı şairlər tərəfindən yüksək qiymətləndirilib və tərcümə olunaraq ədəbi mətbuatın səhifələrində dərc olunub. N.Həsənzadə 2002-ci ildə Azərbaycanda "Humay” milli mükafatına layiq görülmüş, 2005-ci ildə Böyük Britaniyanın "Modern Poetry in Translations” jurnalının "Russian Women Poets” antologiyasına, eləcə də XX əsrin 70 rus qadın-şairi – "Russian Women Poets” antologiyasına daxil edilib. Bundan əlavə, o Böyük Britaniya ərazisində yaşayan “10 ən yaxşı əcnəbi şair” siyahısına daxil edilib.

  • Azərbaycan ilə Rusiya Şimal-Cənub dəhlizinə irihəcmli yüklər cəlb etmək istəyir

    Hazırda Azərbaycan ilə Rusiya arasında irihəcmli yüklərin Şimal-Cənub nəqliyyat dəhlizinə cəlbi üçün işlər görülür.

    Report xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımalar departamentinin rəisi Emil Əhmədov deyib.

    Onun sözlərinə görə, Şimal-Cənub nəqliyyat dəhlizinə maraq artıb: "Ötən ilin altı ayında Şimal-Cənub nəqliyyat dəhlizi ilə 125 min ton yük daşınmışdısa, bu ilin altı ayında 388 min ton yük daşınıb. Hazırda İran Astarasında təmir işləri davam etdirilir. Bizim yük əməliyyatları paralel olaraq aparılır”.

    Xatırladaq ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizi əsasən Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə çatdırılmasına hesablanıb. Bu dəhlizin digər marşrutlarla müqayisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind Okeanı, Süveyş kanalı, Aralıq Dənizi, Baltik Dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, "Şimal-Cənub" Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir.