"Bu ilin sonuna qədər Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Şəmkir rayonunun Dəllər stansiyasında dayanacaq veriləcək".
Report xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
"Həmin istiqamətdə ən çox tələbat Dəllər stansiyasınadır. Bunu nəzərə alaraq orada da qatarların dayanması üçün şərait yaradılacaq. İlk dəfə Dəllərə sürətli qatarla sərnişindaşıma həyata keçiriləcək", - deyə o qeyd edib.
Xatırladaq ki, bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılıb. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır.
""Azərbaycan Dəmir Yolları" QSC (ADY) yaxın aylarda mobil tətbiqini istifadəyə verməyi planlaşdırır".
Report xəbər verir ki, bunu səhmdar cəmiyyətinin Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova bildirib.
Onun sözlərinə görə, bu, sərnişindaşımada keyfiyyətin və müştəri məmnuniyyətinin artırılması istiqamətində atılan addımlardan biridir.
Bu ilin I yarısında Azərbaycanda dəmir yolları ilə 3 milyon 230 min 728 nəfər sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 52 % çoxdur.
Bu gün saat 23:00-dan sabah saat 05:00-a qədər Bakının Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən Badamdar şosesinə qədər olan hissədə) hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçiriləcək.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən ərazilərdə işlərin aparıldığı zolaqlar üzrə hərəkət qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və iş aparılan ərazilərdə qoyulmuş müvəqqəti nişanların tələblərinə riayət etmələri xahiş olunub.
Xatırladaq ki, öncədən də verilmiş məlumata əsasən hazırda Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 28-30.5-ci km-lik hissəsində də hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri həyata keçirilir. Bu hissədə aparılan işlərin axşam saatlarınadək yekunlaşdırılması nəzərdə tutulur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Müstəqil Dövlətlər Birliyi və Rusiya Dövlət Kitabxanası, Müstəqil Dövlətlər Birliyi üzrə Federal Agentliyin “Yeni nəsil” xarici dövlətlərin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli tədris səfərləri proqramı çərçivəsində “Kitabxanaların Birlik Təhsil Əməkdaşlığı” birgə layihəsinə dəvət alıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Respublika Gənclər Kitabxanasının İnformasiya və media ilə iş şöbəsinin müdiri Nubar Cəlilova layihədə iştirak edərək, 14 günlük distant tədrisə cəlb olunub. Rəqəmsal texnologiyalar, elektron resurslar, müasir avtomatlaşdırılmış kitabxana informasiya sistemləri kimi mövzuları əhatə edən tədris proqramı iki mərhələdə - distant və əyani formada keçirilir. Artıq geridə qalan distant mərhələnin sonunda yüksək göstəricilər nümayiş etmiş Gənclər Kitabxanasının əməkdaşı sertifikat ilə qiymətləndirilib.
Sertifikatların təqdimat mərasimi Moskva şəhərində keçiriləcək layihənin ikinci mərhələsində baş tutacaq.
Layihə 25 yaşdan 35 yaşa qədər olan gənc kitabxana mütəxəssisləri arasında keçirilir. Birinci mərhələdə distant təhsil texnologiyalarından istifadə etməklə virtual formatda
“Kitabxanaların rəqəmsal transformasiyası” təhsil proqramı tədris edilib, ikinci mərhələnin isə 14-20 avqust tarixlərində Moskva şəhərində keçirilməsi planlaşdırılır.
Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (XTNS) azərbaycanlı rəssam Nərmin Nəcəfin “Azad bülbül” adlı sərgisinin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, çoxjanrlı əsərlər yaradan Nərmin Nəcəf Beynəlxalq İncəsənət Assosiasiyasının (Türkiyə) üzvü və UNESCO-nun nəzdində fəaliyyət göstərən rəssamdır. Onun İstanbul, Minsk və Bakıda şəxsi yaradıcılıq sərgiləri təşkil olunub. Rəssamın tabloları başqa fırça ustaları ilə birlikdə Avropadakı sərgilərdə də nümayiş etdirilib.
Nərmin Nəcəfzadənin əsərləri, həmçinin “Rüyalar” (Türkiyə), “Seven springs of Azerbaijan” (Bakı) və “Həyat bayramı” (Bakı) kimi bir sıra mötəbər sərgilərdə sənətsevərlərə təqdim edilib.
Dünyaca məşhur amerikalı müğənni Madonna dünya turnesinin ABŞ mərhələsini başqa vaxta keçirərək, qastrollara payız konsertləri ilə Avropadan başlamağı planlaşdırır.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, xeyli müddət bakterial infeksiya səbəbindən xəstə olduğunu vurğulayan Madonna, xəstəliyinin işlərini xeyli gecikdirdiyini, lakin indi sağaldığını bildirib.
Müğənni konsertlərinə bilet alanları məyus etmək istəmədiyini qeyd edərək, dəstəyə görə bütün pərəstişkarlarına təşəkkür edib.
“Hazırkı planda turnenin Şimali Amerika mərhələsinin vaxtını dəyişərək, konsert səfərlərinə Avropadan başlamaq durur. Dünya turnesi çərçivəsində ilk Avropa konsertimizin oktyabrın 14-də Londonda keçirilməsi planlaşdırılır”, - deyə Madonna jurnalistlərə açıqlamasında bildirib.
Son illərdə daim aktual mövzularda müxtəlif layihələrlə gündəmdə olan Azərbaycan Aşıqlar Birliyində yeni layihənin həyata keçirilməsinə start verilib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşacaq layihə “Aşıqlar Vətən müharibəsində Qələbəni tərənnüm edir” adlanır.
Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, layihənin koordinatoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş Qələbənin tərənnümündə aşıqların xidmətlərini stimullaşdırmaq, onların ifalarının daha geniş miqyasda yayılmasına nail olmaqdır:“Burada başlıca vəzifə odur ki, layihəyə ustad aşıqlar cəlb olunsun və onların ifaları əsasında hazırlanacaq disk mədəniyyət mərkəzləri, əhalinin müxtəlif yaş və sosial qrupları, xüsusən də, gənclər arasında yayılsın. Bunun, eyni zamanda aşıq sənətinin təbliğinə də fayda verəcəyini düşünürük”.
M.Nəbioğlu həmçinin qeyd edib ki, layihə çərçivəsində 2020-ci ilin payızındakı Vətən müharibəsində möhtəşəm qələbəmizdən sonra aşıqlarımızın yaradıcılığında mühüm yer tutmuş qəhrəmanlıq ruhlu aşıq havalarının – “Dəmir yumruq” sayəsində əldə olunmuş qələbəni, bu qələbə sevincini xalqımıza yaşatmış müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərini tərənnüm edən ifaların toplanaraq audiodisk halında buraxılması nəzərdə tutulur. Bu zaman həm ifa olunan mətnlərin məzmununa, həm də aşığın sazçalma bacarığına və ifa qabiliyyətinə xüsusi diqqət yetiriləcək, daha yaxşı 20-dək ifa seçilərək audiodiskə daxil ediləcək.
1997-ci ildə 36 sentə alınan Coan K.Roulinqin "Harri Potter və fəlsəfə daşı" kitabının ilk nəşri hərracda rekord məbləğə satılıb.
AZƏRTAC TASS-a istinadla xəbər verir ki, kitab İngiltərədə 10,5 min funt-sterlinqə (13,5 min dollar) alınıb. Bu barədə “Richard Winterton Auctioneers” hərrac evi məlumat yayıb.
Ekspertlər Harri Potterdən bəhs edən bu kitabın 1997-ci ildə çap olunmuş 500 nüsxədən biri olduğunu təsdiqləyiblər. Bunlardan 300-ü İngiltərədəki kitabxanalara göndərilib və yalnız 200 ədədi satışa çıxarılıb.
Qeyd edək ki, 2017-ci ildə Coan K.Roulinq tərəfindən imzalanmış Harri Potter haqqında kitabın ilk nəşrlərindən biri Londonda “Bonhams” hərrac evində 106 min funt-sterlinqə (140 min dollar) satılıb. Roulinqin bu əsəri əsasında ondan çox film çəkilib.
Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhətin vəfatından 105 il ötür.
Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı məktəblərdə Azərbaycan dilindən dərs deyir.
İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.
Könlümün sevgili məhbubu mənim,
Vətənimdir, vətənimdir, vətənim.
Məni xəlq eyləmiş əvvəlcə xuda
Sonra vermiş vətənim nəşvü-nüma.
Vətənim verdi mənə nanü-nəmək,
Vətəni, məncə, unutmaq nə demək ?!
Anadır hər kişiyə öz vətəni,
Bəsləyib sinəsi üstündə onu .
-deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.
O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Abbas Səhhətin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi. Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
Yay mövsümündə səyahətlərin intensivləşməsi ilə əlaqədar vətəndaşların xüsusən xarici ölkələrə istirahət məqsədli səfərlərinin təşkili zamanı bir sıra hallarda müştəri və turizm şirkəti arasında müəyyən problemlərin və narazılıqların yaşanması risklərinin artmasını nəzərə alaraq Azərbaycan Turizm Agentlikləri Assosiasiyası vətəndaşlara diqqətli olmalarını tövsiyə edirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının açıqladığı məlumatda yer alır.
Məlumatda deyilir: “Əsas problemlər sırasında - şirkətlərin müştəriləri qarşısında götürdükləri öhdəliklərin yerinə yetirilməməsi, müəyyən ödəniş əsasında təklif etdikləri xidmətlərin lazımi səviyyədə olmaması və müştərilərin aldadılması kimi məsələlərə daha çox rast gəlinməsi öncədən ehtiyat tədbirlərinin görülməsini önə çıxarır. Əvvəlki illərə nəzər yetirdikdə təəssüf ki, baş vermiş bu cür hallar nəticəsində vətəndaşların istirahətlərinin ya baş tutmaması, ya da gözləntilərinin qarşılanmaması, bəzi hallarda isə məsələnin hüquq-mühafizə orqanlarına və məhkəmələrə qədər çıxması müşahidə olunub. Bu cür halların baş verməməsi üçün Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq xarici ölkələrə istər fərdi, istərsə də ailə və ya qrup şəklində səyahət etməyi nəzərdə tutan vətəndaşları turizm şirkətlərinin xidmətlərindən yararlanarkən daha diqqətli olmağa və ehtiyatlı davranmağa çağırırıq. Bununla yanaşı, vətəndaşlara turpaketlər alarkən və ya turizm şirkətinin xidmətlərindən yararlanarkən turizm bazarında keyfiyyət standartlarına cavab verən, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasında qeydiyyatda olan və ən əsası Turizm Reyestrindən keçmiş turagentlərə üz tutmağı tövsiyə edirik. Eyni zamanda, vətəndaşlara turizm şirkətlərinin xidmətlərindən istifadə edərkən mütləq şəkildə müqavilə əsasında əməkdaşlıq etməyi tövsiyə edirik. Tərəflər arasında imzalanan müqavilə yaşanan hər hansı bir problemin hüquq müstəvisində həlli üçün əsas vasitədir. Qeyd etmək istərdik ki, hazırda Turizm Reyestrindən keçən Azərbaycan Turizm Agentlikləri Assosiasiyanın 120 üzvü mövcuddur. Vətəndaşlar qeyd olunmuş meyarlara cavab verən turizm şirkətlərinin xidmətlərindən istifadə etməklə yay mövsümündə daha çox müşahidə olunan vətəndaşla turizm şirkəti arasında yaşanan problemlərdən, narazılıqlardan və aldadılmalardan sığortalanmış ola bilərlər. Sonda Azərbaycan Turizm Agentlikləri Assosiasiyası olaraq turizm bazarında fəaliyyət göstərən şirkətləri bir daha Turizm Reyestrindən keçməyə çağırırıq”.