Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti “Qarabug” (www.qarabug.az) informasiya təhlükəsizliyi boşluqlarının aşkarlanması platformasını istifadəyə verib.
Bu barədə Reporta qurumdan məlumat verilib.
Məlumatda deyilir ki, platformanın yaradılmasına səbəb kibertəhlükəsizlik istiqamətində milli həllərə mentorluq dəstəyi göstərməkdir.
“www.qarabug.az” platforması kibertəhlükəsizlik sahəsinə yeni baxış gətirməklə yanaşı, sistemlərdəki zəifliklərin etik şəkildə açıqlanması mədəniyyətinin formalaşdırılması və ölkəmizdə güclü “bug bounty” ekosisteminin inkişaf etdirilməsi baxımından faydalı olacaq.
Klassik informasiya təhlükəsizliyi auditlərinə yeni alternativ olaraq yaradılan “Qarabug” startapına Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən informasiya təhlükəsizliyi auditləri üzrə testlərə əhatəli yanaşma, audit olunacaq sistemlərdə fasiləsizliyin təmini və aşkar edilmiş boşluqların qorunması siyasətinin formalaşdırılması istiqamətində mentorluq dəstəyi göstərilib.
Hazırda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti bir sıra digər milli kibertəhlükəsizlik istiqamətlərinin də inkişaf etdirilməsinə öz dəstəyini göstərməkdədir.
Onlardan birincisi ifrastrukturda informasiya təhlükəsizliyinə xidmət edən mühafizə sistemlərinin effektivliyinin testləri üçün nəzərdə tutulmuş “Tusi Couple” - zərərverici simulyasiyası alətidir.
İkincisi kiçik və orta ölçülü müəssisələrdə zərərverici aktivliyinin tədqiqi üçün “EDR, XDR” həllərində tətbiq edilən “Threat Hunting” modelinə alternativ zərərverici indikatorlarını (İOC) və izlərini mərkəzləşdirilmiş formada istifadəçi kompüterlərindən axtarmağa və analiz etməyə imkan verən “10C Hunter” alətidir.
Nəhayət sonuncu üçüncüsü isə kiberinsident araşdırmaları üçün ekpertiza məlumatlarının toplanması prosesini sadələşdirmək, tədqiqatın effektivliyini və sürətini artırılmaq üçün hazırlanan “Tusi Paleon” alətidir (https://mrl.cert.gov.az/).
"Gilan Holding" MMC adını "Xəzri Solutions"a dəyişib.
Report xəbər verir ki, hazırda kommersiya qurumu cəmi 100 manat nizamnamə kapitalına malikdir.
Ona Mübariz Əhmədağa oğlu Hüseynov rəhbərlik edir.
Xatırladaq ki, "Gilan Holding" 2005-ci ildə dövlət qeydiyyatına alınıb.
Bakıda “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan professional milli teatrının yaranmasının 150 illiyi münasibətilə Rusiya Federasiyası Primorsk diyarı hökumətinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Vladivostokun Primorsk diyarının Maksim Qorki adına Akademik Dram Teatrının qastrolları başa çatıb.
AZƏRTAC “Rossiyskaya qazeta”nın saytına istinadla xəbər verir ki, Primorskdan olan artistlər tamaşaçılara özlərinin ən yaxşı tamaşalarını – “Ustad və Marqarita, “Nə əldən qoyur, nə yardan doyur”, “Edit və onun şeytanları”nı təqdim ediblər. Rusiyanın teatr truppası qastrolları Valentin Pikulun romanı əsasında səhnələşdirilmiş “Kreyserlər” tamaşası ilə başa vurublar.
Səhnədə teatrın bütün kollektivi və Vladivostok İncəsənət Akademiyasının otuz nəfər tələbəsi öz aktyorluq məharətlərini göstəriblər.
Məşhur “Kreyserlər” tamaşasında 1904-cü il rus-yapon müharibəsinin faciəli hadisələrindən bəhs olunur. Tamaşaçılar həmin müharibənin iştirakçılarının taleyi ilə bağlı baş verənləri izləyirlər. Bu hərbçilər üçün şərəf, vəzifə borcu və vətənə sədaqət quru sözlər deyil, onların həyatlarının mənasıdır.
Bu qastrollar Azərbaycan və Primorsk diyarı arasında yeni dostluq körpüsü olub.
Qeyd edək ki, Primorsk diyarında fəaliyyət göstərən Azərbaycan diasporu sentyabrda Primorsk Diyar Akademik Dram Teatrının səhnəsində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyini qeyd edəcək.
Avqustun 25-də “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində əfsanəvi musiqiçi, bəstəkar, multi-platin prodüser və DJ Villi Villiam “White Fest” musiqi festivalı çərçivəsində heyrətamiz DJ proqramı ilə pərəstişkarları qarşısına çıxacaq.
AZƏRTAC xəbər verir ki, bu isti avqust axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin gün dünyaşöhrətli musiqiçi Villi Villiam pərəstişkarlarına unudulmaz musiqi axşamı bəxş edəcək. Musiqili gecədə musiqiçinin ən parlaq rəqs hitləri və mahnıları təqdim olunacaq.
Villi Villiam DJ, prodüser olmaqla yanaşı, bir çox mahnıların müəllifi və ifaçısıdır. O, “Grammy” mükafatı daxil olmaqla xeyli sayda digər musiqi mükafatlarına layiq görülüb. Musiqiçi eyni zamanda J.Balvin, Beyons, Afrocak, Stiv Aoki, David Guetta kimi dünyaşöhrətli sənətçilərlə işləyir.
Qeyd edək ki, bütün yay boyunca “Sea Breeze” kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerjidolu fantastik əyləncə vəd edən festivalda dünyaca məşhur bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq. Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar festival çərçivəsində “Sea Breeze Event Hall” məkanına gələn qonaqları gözləyir.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Tədqiqat işlərinin aparılmasında beynəlxalq təcrübəyə və əməkdaşlığa önəm verən Qobustan Milli Tarix-Bədii Qoruğunda “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan (Azərbaycan)” layihəsinin növbəti mərhələsinə start verilib.
Bu barədə AZƏRTAC-a Qoruqdan bildirilib.
Layihə Qobustan qayaüstü incəsənətinin öyrənilməsinə töhfə olmaqla yanaşı, qoruğun beynəlxalq əlaqələrinin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.
Qeyd edək ki, İspaniyanın " PALARQ" fondu (PALARQ FUNDACION/ FUNDACION ATAPUERCA) və İtaliya Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən layihə 2019-cu ildən həyata keçirilir. Layihə çərçivəsində Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən Ana Zağa düşərgəsinin qayaüstü incəsənətinin, həmçinin düşərgədən qeydə alınmış üzəri təsvirli kiçik ölçülü daşların müasir elmi metodlarla öyrənilməsi həyata keçirilir.
Layihənin tətbiqi qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirəcək. Layihədə İspaniyanın Madrid Compultense Universitetinin professoru Marcos Garcia Diez, fəlsəfə doktoru Blanca Ochoa Fraile, İtaliyanın Ferrara Universitetinin fəlsəfə doktoru Dario Sigari və Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi Sevinc Şirinli iştirak edir.
Aparılan tədqiqat işlərinə qoruğun aparıcı elmi işçiləri - Günay Verdiyeva, Nuranə Həsənova və abidə mühafizi Rafael Bəkirov cəlb olunacaq.
Xalq yazıçısı Sabir Əhmədli nəsrimizə yeni ab-hava gətirib, yüksək vətəndaşlıq hissləriylə qələmə alınmış əsərləriylə ədəbiyyatımıza böyük xidmət göstərib, neçə-neçə nəslin vətənpərvərlik ruhunda yetişməsində önəmli rol oynayıb. Əsərləri bir çox xarici ölkə xalqlarının dilinə tərcümə edilib. Ədəbiyyatımız qarşısındakı xidmətləri yüksək qiymətləndirilmiş, ona Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi fəxri adları verilib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı Sabir Əhmədlinin anadan olmasının 93-cü ildönümü tamam olur.
Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunun Cəbrayıl kəndində dünyaya göz açıb. Burada orta təhsilini başa vurduqdan sonra 1946-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 1951-ci ildə universiteti bitirib Cəbrayıl rayonunda müəllim kimi əmək fəaliyyətinə başlayıb. Bir il Şükürbəyli kənd orta məktəbində direktor işləyib. 1956-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetinin redaksiyasında ədəbi işçi vəzifəsinə qəbul edilib, bir müddət sonra nəsr şöbəsinin müdiri vəzifəsinə keçirilib. 1993-1996-cı illərdə həmin qəzetin baş redaktoru olub.
O, ədəbi fəaliyyətə 1951-ci ildə "Pioner" jurnalında çap olunmuş "Poçtalyon" hekayəsi ilə başlayıb. Bədii əsərlər və publisistik məqalələri ilə dövri mətbuatda müntəzəm çıxış edib. "Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxıb. Sonralar "Aran", "Pillələr", "Görünməz dalğa", "Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı", "Dünyanın arşını", "Yanvar hekayələri", "Kütlə", "Axirət sevdası", "Şəhid ruhu" və s. kitabları işıq üzü görüb və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.
Sabir Əhmədli ötən əsrin 50-ci illərin sonu, 60-cı illərin əvvəllərində yazdığı hekayələr və “Aran” roman ilə əməkçi insanı əsas obraza çevirdi. 80-ci illərdə yazıçının yaradıcılığında başqa mühüm keyfiyyətlər önə keçdi. Urbanizasiya problemləri, sosial-psixoloji dərinliyə meyil, ziyalı, intellektual obrazların hiss, düşüncə aləmlərinin təsviri ilə sosial mühitin reallıqlarını açıb göstərmək təmayülü işlək oldu. Sabir Əhmədlinin 90-cı illər yaradıcılığı isə onun milli-azadlıq hərəkatına, Qarabağ münaqişəsinə, metafizik başlanğıca müraciəti ilə dolğunluq qazandı, dəyişən zaman və mühit kontekstində qəhrəmanın həyata, cəmiyyətə ümumbəşəri dəyərlər prizmasından yanaşması dünyadərk məqamı kimi mənalandı, varlıq və yoxluq hüdudunda hərəkətə gələn ruhun ucalıq səviyyəsi nəsrimizin yeni estetik dəyər və ümumbəşəri çalar kəsb etməsinə yol açdı.
Sabir Əhmədlinin 1990-1991-ci illərdə yazdığı “Yanvar hekayələri” nəsrimizdə 20 Yanvar faciəsinə həsr olunan ən sanballı bədii nümunədir. Bu hekayələr kitabında həmin hadisə ilə bağlı bütün mənzərə bədii rakursdan məharətlə işlənib. Öz azadlığı naminə meydanlara axışan xalq, silahsız xalqa hücum edən sovet ordusu, qana boğulan insanların fəryadı hekayələrin əsas təsvir predmetini təşkil edir. Sabir Əhmədli bu hekayələrdə insan hisslərini, ondakı vətənpərvərlik duyğularını, yurdu üçün əzmlə mücadilə etməsini psixoloji nüans dəqiqliyi ilə ifadə etməyə çalışır. Eyni zamanda, rus imperialist siyasətinin obrazı, bir xalq olaraq dəfələrlə aldanışlarla üz-üzə qalmağımız kimi məsələlər də hekayələrin içindən əsas xətt olaraq keçir.
Qarabağ məsələsi Sabir Əhmədlinin bioqrafiyasında izini dərin qoymuş, yazıçının müharibə faktoruna çağdaşlarından daha həssas yanaşmasına, mövzunu davamlı təsvir predmetinə çevirməsinə səbəb olmuşdur.
Qardaşını İkinci Dünya müharibəsində itirən yazıçı 1994-cü ildə Qarabağ uğrunda aparılan savaşda oğlu Məhəmmədi də itirib. Bütün bu iztirablar yazıçının “Axirət sevdası”, “Kef” və “Ömür urası” romanlarında əksini tapıb.
Görkəmli yazıçı Sabir Əhmədlinin işıqlı xatirəsi qələm yoldaşlarının və oxucularının qəlbində daim yaşayacaq.
Azərbaycan və Macarıstan arasında əməkdaşlıq perspektivləri barədə müzakirələr aparılıb.
Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tviter hesabında bildirib.
"Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə tərəfdaşlığının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı və əməkdaşlığın perspektivləri barədə müzakirə apardıq", - deyə o qeyd edib.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Yeni adlar” layihəsi çərçivəsində növbəti konsert təşkil olunub.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dirijor Mustafa Mehmandarovun rəhbərliyi altında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə gənc istedadlar – respublika və beynəlxalq müsabiqələr laureatları Nərgiz Kəngərli (piano), Eldəniz Ələkbərzadə (piano) və Kamal Qədirov (trombon) çıxış ediblər.
Solistlər dinləyicilərə L.Grondahlın Trombon və orkestr üçün Konsertini və F.Poulencin İki piano və orkestr üçün Konsertini (d-moll, FP 61) təqdim ediblər.
Xatırladaq ki, “Yeni adlar” müasir Azərbaycan ifaçılıq sənətinin inkişafına, bu sahədə yeni istedadlı nəslin tanınmasına, parlaq ifaçıların yetişməsinə xidmət edən layihədir.
İyulun 26-da “Sea Breeze Event Hall” kurort kompleksinin “White Beach Club” səhnəsində “Fata Morgana” adlı Şərq immersiv milli qastronomiya şousu təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, “Fata Morgana” şousu öz tamaşaçılarına rəngarəng Şərq ab-havasına qərq olmaq imkanı yaradır. Şou Azərbaycanın qeyri-adi adət-ənənələrini özündə birləşdirməklə tamaşaçıya unikal Şərq nağılı bəxş edir.
Heyrətamiz qastronomiya, füsunkar musiqi motivləri, başgicəlləndirici yallı və cigit milli rəqsləri, həmçinin oriental rəqslər musiqili axşama xüsusi rəng qatacaq. Bu füsunkar şou Xəzər sahilinin əlamətdar hadisəsinə çevriləcək.
Qeyri-adi axşamda iştirakçılara hamının sevimlisi şah plov, milli qəlyanaltılar və ədviyyatlar, brend aşpazlardan unikal reseptlər üzrə hazırlanmış Azərbaycan yeməkləri, çay, şirniyyat, eləcə də meyvə desertləri təqdim olunacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") yerin məsafədən müşahidə edilməsi məqsədilə yeni peykin orbitə çıxarılması üçün layihənin icrasına başlayıb.
Bunu Reporta açıqlamasında "Azərkosmos"un İdarə Heyətinin sədri Saməddin Əsədov bildirib.
"Bu, hələ o demək deyil ki, yeni peyk dərhal hazır olacaq. Bu proses bir neçə il çəkir. Biz ehtimal edirik ki, 2025-2026-cı illərdə yeni peykimiz orbitə çıxarılacaq", - deyə o qeyd edib.
“Azərkosmos” rəsmisi əlavə edib ki, yeni peyklə bağlı keçirilmiş tenderin qalibi İsrail şirkətlərindən biri olub: "Tenderdə Avropa, Asiya və ABŞ-dan 20-dən çox şirkət iştirak edib, onların arasında qiymət və keyfiyyət üzrə ən yaxşısı, bu sahədə dünyada liderlərdən olan İsrail şirkəti seçilib. Şirkətin adını yayacağımız bəyanatda açıqlayacağıq”.
Bu ilin aprel ayında Azərbaycanın yeganə yerin məsafədən müşahidə peyki "Azersky" dizayn edilmiş istismar müddətindən 1 il daha tez, yəni fəaliyyətinin 9-cu ilində missiyasını başa çatdırıb.