Dövlət Turizm Agentliyi və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə QDİƏT-ə üzv dövlətlərin turizm üzrə ixtisaslaşmış təhsil müəssisələrinin birinci görüşü çərçivəsində "Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm təhsilində ən yaxşı təcrübələr" mövzusunda panel keçirilib.
AZƏRTAC xəbər verir ki, paneldə Azərbaycan Hotel Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Eldar Əlimuradov, Ankara Hacı Bayram Vəli Universitetinin Turizm fakültəsinin professoru Yalçın Aslantürk, Rumıniya Buxarest İqtisadi Araşdırmalar Universitetinin Biznes və Turizm fakültəsinin dekanı Qabriela Tiqu, Rusiya Turizm Sferasında Beynəlxalq Əməkdaşlıq Departamentinin əməkdaşı Mixail Serov, Bolqarıstan Varna İqtisadiyyat Universitetinin nümayəndəsi Genka Rafailova çıxış ediblər.
Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Aprelin 23-dək davam edəcək görüş çərçivəsində "Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün turizm təhsilinin təkmilləşdirilməsi" mövzusunda panel diskussiya, həmçinin "Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya" mövzusunda dəyirmi masa keçiriləcək.
Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masanın təşkili nəzərdə tutulur.
22 Aprel-Beynəlxalq Yer Günü ilə əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində silsilə materiallar hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” adlı videomaterial və biblioqrafik icmal öz əksini tapıb.
Videomaterialda ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllaşmanın bərpası və artırılması, su resurslarından səmərəli istifadənin və dayanıqlı enerji mənbələrinin təmin olunması üzrə layihələrin həyata keçirilməsinə, bərpaolunan enerji ilə bağlı yaxın beş ildə nəzərdə tutulan hədəflər haqqında məlumat verilib.
Materialda Ulu Öndər Heydər Əliyevin, Prezident İlham Əliyevin təmiz ətraf mühit və ekologiyanın qorunması istiqamətində söylədikləri dəyərli fikirlər, müsahibələrindən fraqmentlər təqdim edilib. Həmçinin Naxçıvan Muxtar Respublikası, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında “yaşıl enerji zonaları” elan edilməsindən, “ağıllı şəhər”, “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqi, ekosistemin bərpasından bəhs olunub.
Materiallarda Beynəlxalq Yer Gününün təsis edilməsi məqsədi, bu gün ilə əlaqədar olaraq həyata keçirilən tədbirlər haqqında geniş fikirlər yer alıb.
Biblioqrafik icmalda rəsmi sənədlər, “Mənəvi dəyərlər və ətraf mühitin mühafizəsi”, “Ətraf mühit haqqında infoqrafika”, “Azərbaycan təbiəti - Sözün qüdrətiylə...”, “Azərbaycan təbiəti: dünən, bu gün, sabah”, “Ətraf mühitin iqtisadiyyatı”, “Təbiətdən istifadənin iqtisadi və ekoloji əsasları”, “Təbiətdən istifadənin hüquqi əsasları”, “Ekologiya və müasir hidrosfer” və s. kimi iyirmidən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası təqdim edilib.
Materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Bu gün Xalq artisti Ağahüseyn Cavadovun doğum günüdür
Milli teatr və kino sənətimizin görkəmli aktyorları sırasında Ağahüseyn Cavadov həmişə öz dəst-xətti ilə seçilib. Çox zaman epizodik rollar yaratsa da, əbədi yaddaşlara həkk olub, sevilib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Ağahüseyn Cavadovun anadan olmasından 130 il ötür.
Bakının Xırdalan kəndində 1894-cü il aprelin 22-də anadan olan A.Cavadov buradakı “Səadət” məktəbində oxuyub. Əmək fəaliyyətinə isə tacir yanında köməkçi kimi başlayıb.
Aktyorluğa maraq onda yeniyetmə yaşlarından yaranıb. Hələ uşaqlıqdan səhnəyə sirli-sehrli bir aləm kimi baxır, vaxt tapan kimi gedib tamaşaları izləyirdi. Ağahüseynin bu qarşısıalınmaz arzusunun reallaşması çox gecikmir. Respublika Hərbi Komissarlığı Siyasi İdarəsinin yaratdığı teatrın tamaşalarında (“Bəxtsiz cavan”, “Ac həriflər”, “Xor-xor”, “Dursunəli və Ballıbadı”, “Molla Cəbi” və s.) oynadığı rollarla tamaşaçıların alqışını qazanıb, truppa rəhbəri Sidqi Ruhullanın diqqətini cəlb edib.
Az keçməmiş Bakı Türk Azad Tənqid-Təbliğ Teatrına dəvət alır və burada maraqlı yaradıcılıq dövrünə qədəm qoyur. 1932-ci ilin sonunda Gəncəyə köçürülərək Dövlət İşçi Dram Teatrı kimi fəaliyyətini davam etdirən həmin kollektivdə Hacı Səməd ağa (“Bəxtsiz cavan”), Giko (“Pepo”), Barxudar (“Namus”), Mintoyev (“Morqanın qohumu”) kimi rolları ilə tanınmağa başlayıb.
Sonra yenidən Bakıya qayıdıb Milli Dram Teatrında işləmiş Ağahüseyn Cavadovu xatırlayanlar onun yaratdığı və çoxu öz dövrünün “hadisəsi” kimi qiymətləndirilmiş Dəmirçi Musa, Bərbərzadə, Mirzə Salman (“Toy”, “Xoşbəxtlər”, “Nişanlı qız”), Ocaqqulu, Xosməmməd, Həmzə, İmamverdi, Oddamdı (“Almaz”, “Dönüş”, “Solğun çiçəklər”, “1905-ci ildə”, “Od gəlini”), Cəlal, Soraq kişi (“Həyat”, “Yaxşı adam”), Savalan (“Dağlar qızı”), Luka Lukiç (“Müfəttiş”), Brabansio, Qoca çoban (“Otello”, “Qış nağılı”), Petruşin (“Canlı meyit”), Popoviç (“Nazirin xanımı”), Platon, Məzarçı (“Şeyx Sənan”, “Xəyyam”) və onlarca digər rolları ilə tamaşaçıların rəğbətini qazanıb.
Aktyor sənətdə olması ilə bağlı demişdi: “İstedad anadangəlmə olur. Elə ilk dəfə səhnəyə çıxanda başa düşdüm ki, teatra həvəs göstərmək, istedad azdır. Sənətdə qalmaq üçün özünə qarşı yüksək tələbkarlıq və işdə inad göstərmək də vacibdir. Səhnədə mənim müəllimlərim Sidqi Ruhulla, Mirzağa Əliyev və Hacıağa Abbasov olmuşlar. Onlar mənə rol üzərində işləməyi, ifadə vasitələrindən peşəkarcasına istifadə etməyi öyrətmişlər”.
1938-ci ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsində Bakıda Musiqili Komediya Ansamblı yaradılmışdı. Bu ansambl Ümumittifaq baxışında böyük uğurla çıxış etdi. Həmin il Azərbaycan Dövlət Musiqili Komediya Teatrı təşkil olundu. A.Cavadov bu teatra dəvət edildi. Zəngin yaradıcılıq imkanlarına malik aktyor həmin teatrda Lütfəli Abdullayev, Aliyə Terequlova, İbrahim Hüseynov, Xalidə Hüseynova və başqa sənətkarlarla çiyin-çiyinə işlədi.
İkinci Dünya müharibəsi başlanandan sonra, 1942-ci ildə A.Cavadov Azərbaycan Dövlət Akademik Dram Teatrının truppasına daxil edildi. Ömrünün sonunadək bu teatrda çalışan canlı xarakterlər ustası həmin səhnədə bir sıra maraqlı rollar ifa edib.
A.Cavadov sənətə gəldiyi ilk gündən hansı teatrda çalışmasından asılı olmayaraq, işinə məsuliyyətlə yanaşmış, zəngin aktyorluq imkanları nümayiş etdirmiş, tamaşaçılar tərəfindən həmişə alqışlarla qarşılanmışdır.
Sənətə, aktyor peşəsinə olan canıyananlığını biz A.Cavadovun kino fəaliyyətində də görürük. Aktyor cəmi on filmdə çəkilib, əksəriyyəti də epizodik rollardır. Bu rollar arasında nağıl qəhrəmanları da, inqilabdan əvvəl və müharibə dövrünün personajları da, müasir dövrümüzün müxtəlif peşə sahibləri də var.
Zaman və məkandan asılı olmayaraq, A.Cavadov personajlarından hər biri üçün orijinal oyun və danışıq tərzi, hətta yeriş axtarıb tapırdı. “Görüş” kinokomediyasından tənbəl kolxozçu Əbülfəzi unutmaqmı olar? Özbəkistan pambıqçılarının nümayəndə heyəti tərkibində azərbaycanlı həmkarlarının görüşünə gələn gənc gözəl qız Lalaya vurulan bu yöndəmsiz qocanın bütün hərəkətləri gülüş doğurur.
Görkəmli kinorejissor Ə.Atakişiyev Ağahüseyn Cavadovu dörd filmində çəkib. Bunlardan üçü – “Bir qalanın sirri”, “Sehrli xalat” və “Qərib cinlər diyarında” film-nağıllar, biri isə – “İstintaq davam edir” müasir macəra filmidir. Vaxtilə Əlisəttar müəllim bu böyük sənətkar barədə söhbətlərinin birində deyib: “Ağahüseyn Cavadov ümumxalq aktyorudur. Hələ “Bir qalanın sirri” filmindən yaradıcı qrupu öz orijinallığı və fəaliyyəti ilə heyran etmişdi. O, heç kimə oxşamırdı və heç kimi təqlid etmirdi. Xarici görünüşü ilə cəzbediciliyi ona diqqəti artırırdı. Ağahüseyn filmdə tərəf-müqabillə dialoqa elə təbii şəkildə başlayırdı ki, onu saxlayıb nəyi isə düzəliş etməyə adamın əli gəlmirdi. O, kiçik rolu belə təsvir etmir, təbii şəkildə personajın özünə çevrilirdi. Əgər fikir vermisinizsə, “Bir qalanın sirri”ndə aktyor falçının hərəkətlərində, jestlərində parlaq, nəzəri cəlb edən qorxulu detallar axtarıb tapır, amma nə tərəf-müqabillərini, nə də tamaşaçıları qorxutmağa çalışmırdı. Bu komik aktyorun qarşısında məhz tamaşaçıları güldürmək yox, bir qədər təsirləndirmək məqsədi qoymuşduq. O da bunun öhdəsindən çox məharətlə gələ bildi. Sonrakı filmlərində isə biz onu həm komik, həm də ciddi rollarda görürük. Onun yaratdıqlarının səmimiliyinə inanırıq”.
A.Cavadovun kino personajları epizodik rollar olsa da, yaşayırlar. “Qızmar günəş altında”kı anbardar Pirioğlu da, “Əhməd haradadır?” filmindəki usta Əhməd də, “O olmasın, bu olsun”dakı masabəyi də, “Şərikli çörək”dəki İsmayıl baba da, “Qərib cinlər diyarında”kı Qaraşad da tamaşaçılar tərəfindən sevilib.
Böyük sənətkar Ağahüseyn Cavadov uzun və mənalı ömür yaşayıb, 1981-ci ildə 87 yaşında vəfat edib. Onun əziz xatirəsi xalqımızın yaddaşında həmişə yaşayacaq.
Dövlət Turizm Agentliyinin tabeliyində 3 turizm təhsili müəssisəsi - ali təhsil verən bir universitet, bir orta ixtisas təhsil müəssisəsi və bir turizm peşə məktəbi fəaliyyət göstərir. 2022-2023-cü tədris ilində ali və orta ixtisas məktəblərində turizm təhsili üzrə məzunların sayı 1548 nəfər olub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Bakıda keçirilən QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə deyib.
O bildirib ki, məzunların 718-i subbakalavr, 715-i bakalavr, 115-i isə magistr pilləsi üzrə turizm təhsillərini müvəffəqiyyətlə başa vurublar.
"Həmçinin peşə təhsili müəssisələri tərəfindən təqdim edilən ixtisaslarda 340 nəfər məzun adını qazanıb", - deyə Fuad Nağıyev əlavə edib.
Naxçıvan Dövlət Universitetinin (NDU) Elmi Kitabxanasında “Sazlı, sözlü kəlağayı günləri” adlı ədəbi-bədii kompozisiya təqdim edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları universitetin foyesində qədim kəlağayıların nümayiş olunan sərgi ilə tanış olublar.
Kitabxananın direktoru Xumar Məmmədova milli-mənəvi dəyərlərimizin gənc nəslə təbliğ olunması baxımından tədbirin əhəmiyyətini yüksək qiymətləndirib.
“Mirvarid Dilbazi” Poeziya Məclisi İctimai Birliyinin sədri, “Kəlağayı Muzeyi”nin direktoru, şair, publisist Güllü Eldar Tomarlı milli dəyərlərin bir atributu kimi kəlağayının geniş təbliğ olunması istiqamətində görülən işlərdən söz açıb. Vurğulayıb ki, ictimai birliyin layihəsi olaraq 2022-ci ildə “Kəlağayı Muzeyi” yaradılıb.
Güllü Eldar Tomarlı sədri olduğu birliyin təşkilatçılığı nəşr olunmuş kəlağayını vəsf edən dörd kitabı universitetin Elmi Kitabxanasına hədiyyə edib.
Sonra kəlağayıya həsr olunmuş ədəbi-bədii kompozisiyada təqdim olunub.
“Sazlı, sözlü kəlağayı günləri” Naxçıvan Qızlar Liseyində, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə və digər təhsil ocaqlarında silsilə tədbirlərlə davam edib.
Aprelin 21-də Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı kollektivi növbəti dəfə balacalar üçün “Cırtdan” tamaşasını nümayiş edəcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərinin qurulmasında məqsəd azyaşlıların bədii-estetik zövqünü formalaşdırmaqdır.
Balacalara maraqlı anlar bəxş edən tamaşa eyni zamanda, yaradıcı sənətə məhəbbət aşılayır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
AZƏRTAC beynəlxalq müsabiqələr laureatı olmuş Azərbaycanın gənc istedadlı musiqiçiləri haqqında məqalələr silsiləsini davam etdirir.
Növbəti həmsöhbətimiz Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin 10-cu sinif şagirdi, skripkaçı, çoxsaylı müsabiqələr laureatı Kənan Bağırovdur.
Kənanın 15 yaşı var. O, 132-134 nömrəli təhsil kompleksinin 10-cu sinfində oxuyur. Yeniyetmə musiqi ilə 5 yaşından məşğul olur. 2017-ci ildən bəri istedadlı skripkaçı onlarla müsabiqədə iştirak edib və əksəriyyətində qalib olub. Kənanın sözlərinə görə, onlardan ən yaddaqalanı 2023-cü ildə keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Uşaq İncəsənət Festivalı olub.
Skripkaçı deyir: “Bu müsabiqədə birinci yerə layiq görüldüm. Festivalın ikinci turundan sonra biz iştirakçılarla birlikdə Laçına yollandıq. Orada sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Hökümə Əliyeva bizə ustad dərsləri keçdi. Həmçinin cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşümüz oldu”.
Bu yaxınlarda Kənan Qazaxıstanın “Xoşbəxt ölkənin uşaqları” İctimai Fondunun Cövdət Hacıyev adına 3 nömrəli musiqi məktəbi ilə birgə təşkil etdiyi “Biz bakıttı balamız” (“Biz xoşbəxt uşaqlarıq”) çoxjanrlı beynəlxalq müsabiqədə iştirak edib. Həmin müsabiqədə istedadlı skripkaçı əsas mükafata layiq görülüb.
“Mənim arzum gələcəkdə Bakı Musiqi Akademiyasına daxil olmaq, onu bitirəndən sonra isə təhsilimi Almaniyada davam etdirməkdir”, - deyə Kənan qeyd edir.
Kənanın müəllimi – Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbində skripka müəllimi və Simli və nəfəs alətləri kafedrasının müdiri Gülnarə Seyidova şagirdi haqqında çox səmimiyyətlə danışır.
“Kənan 2022-ci ildən sinfimdə oxuyur. Bundan əvvəl o, Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbində təhsil alıb və təşkil etdiyim skripkaçılar ansamblının üzvü olub. Kənan çox istedadlı şagirddir, durmadan öz üzərində çalışır, musiqinin məzmununa dərindən nüfuzetmə qabiliyyətinə malikdir. Musiqi əsərlərinin texniki çətinliyi, mürəkkəbliyi onu heç vaxt çəkindirmir. Musiqi onun zövqünə uyğundursa, bu əsərin ifa edilməsi onun əsas məqsədinə çevrilir”.
Müəllimin sözlərinə görə, yuxarıda qeyd olunmuş müsabiqələrdən savayı, Kənan Azərbaycan Dövlət Filarmoniyasında, Beynəlxalq Muğam Mərkəzində, Konservatoriyada keçirilən bir çox konsertlərdə, ümumməktəb konsertlərində uğurla çıxış edib.
“Bu yaxınlarda Almaniyada yaşayan azərbaycanlı həmvətənimiz Anar İbrahimov – onu həmçinin Anar Bramo da adlandırırlar – Azərbaycan Dövlət Filarmoniyasının Orqan zalında ustad dərsləri keçib. Kənan da orada çıxış edib. Anar müəllim Kənanın çıxışını çox bəyənib. O, Kənan haqqında çox müsbət sözlər deyib”, - deyə Gülnarə xanım qeyd edib.
Müəllimin fikrincə, müsabiqələr şagirdlərdə məsuliyyət hissini artırır. Onlar həm də uşaqlar arasında sağlam rəqabət yaradır.
“Bu rəqabət nəticəsində daha güclü, daha istedadlı şagirdlər yarışlara buraxılır. Uşaqlar müsabiqələrdə həyəcan, qorxu hissinə üstün gəlməyə və öz istedadını nümayiş etdirməyə nail olurlar”, - deyə Gülnarə Seyidova əlavə edir.
Söhbətdə Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli musiqi məktəbinin direktoru Məmməd Quliyev də iştirak edir.
Məmməd müəllim deyir: “Torpağımız istedadlı insanları ilə məşhurdur, yaxşı nəticələr əldə etmişik: musiqiçilərimiz respublikanı beynəlxalq müsabiqələrdə, festivallarda uğurla təmsil edirlər. Axır vaxtlar, son 20 ildə bir çox müsabiqələr meydana çıxıb. Burada çıxış 3-5 dəqiqə davam edir... Ən yaxşı halda 2-3 tur keçirilir ... Lakin ifaçıların səviyyəsini bu cür müəyyən etmək olmaz! Onlar fərqli janrlarda ifa etməlidirlər: barokko, impressionistlər, müasir musiqi və sairə. Dünyada sayı 10-a yaxın olan “A” sinifli müsabiqələr var. Onların çox mürəkkəb proqramı var: məsələn, Təl-Əvivdə Rubinşteyn adına beynəlxalq müsabiqə 5 turdan ibarətdir, yəni oraya düşmək üçün çox yüksək səviyyəyə malik olmaq lazımdır. Bu səviyyəyə çatmaq üçün isə güclü təhsil lazımdır. İstənilən təhsil – istər ümumtəhsil məktəbləri, istərsə də musiqi məktəbləri, bir zəncirdir. Bu zəncirin halqalarından biri lazımi səviyyədə deyilsə, hər şey qırılır və heç bir nəticədən söhbət gecə bilməz. Bu məsələdə ən vacib amil kadr potensialıdır. Məsələn, Bakıda 36, rayonlarımızda isə 200 musiqi məktəbi var. Ancaq kadrlar heç də hər zaman kifayət etmir, bu, həlli vacib olan bir problemdir. Təəssüf ki, indi yaranan tendensiyaya görə, məktəb müəllimləri pensiya yaşına çatdıqdan sonra işdən çıxırlar. Ali təhsil müəssisələrində isə 70-80 yaşa qədər dərs deyirlər. Onlar öz biliklərini yeni nəsil musiqiçilərə ötürə bilən təcrübəli, çox bilikli insanlardır. Şəxsən mən hesab edirəm ki, məktəb müəlliminin də yaşı pedaqoji fəaliyyəti üçün maneə olmamalıdır!”
Almaniyanın populyar “LESERING.de” elektron ədəbiyyat jurnalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində tanınmış Azərbaycan yazıçısı İsi Məlikzadənin alman dilinə tərcümə edilmiş “Duz” hekayəsinin yayımına başlayıb.
Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yazıçının yaradıcılığı haqqında məlumatla təqdim olunan hekayənin alman dilinə tərcümə müəllifləri tanınmış alman tərcüməçisi Hans-Jürgen Maurer və alman dili mütəxəssisi Gülarə Heydərovadır.
Qeyd edək ki, geniş oxucu auditoriyası tərəfindən izlənən “LESERING.de” elektron ədəbiyyat jurnalı mütəmadi olaraq səhifələrində Frans Kafka, Huqo von Hofmannştal, Yohann Volfqanq Höte, Erix Kestner, Pablo Neruda kimi dünyaşöhrətli yazıçı və şairlərin yaradıcılığına yer ayırır.
Aprelin 20-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq yazıçısı İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa yenidən nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın mövzusu İbrahim xanın nəvəsi, axırıncı Qarabağ xanı Mehdiqulu xanın qızı şairə Natəvanın həyatından götürülüb. Səhnə əsərində Natəvanı səciyyələndirən əsas xüsusiyyət onun xalqla olan birliyi, xalq haqqındakı fikir və düşüncələridir. Onun doğma torpağa, bu torpağın əsl sahibi olan zəhmətkeş xalqa dərin məhəbbət hissləri təkcə Qarabağ hüdudları ilə qapanıb qalmır. Natəvan xalqın vəziyyətini yaxşılaşdırmaq üçün yollar arayır, əlindən gələni etməyə çalışır.
Xurşidbanu Natəvanın həm də incə insani duyğuları məharətlə tərənnüm etmək bacarığına malik istedadlı bir şairə olduğu da səhnə əsərində diqqət mərkəzindədir.
Tamaşada Xalq artistləri Məleykə Əsədova, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Anar Heybətov, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Mirzə Ağabəyli, Kazım Həsənquliyev, Elnar Qarayev, Əlvida Cəfərov, Ayşad Məmmədov, Elşən Rüstəmov və digər aktyorlar çıxış edəcəklər.
Aprelin 25-də Beynəlxalq Muğam Mərkəzində “BakuOperArt” layihəsi çərçivəsində görkəmli rus şairi A.S.Puşkinin (1799–1837) anadan olmasının 225 illiyi münasibətilə “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək.
AZƏRTAC xəbər verir ki, səkkiz ildir reallaşan layihə çərçivəsində ilk dəfə iki ölkənin – Azərbaycan və Rusiyanın incəsənət ustaları birgə çıxış edəcəklər. Rusiyalı vokal ifaçısı, beynəlxalq müsabiqələr laureatı Aleksandr Suxanov (bariton), Azərbaycanın Əməkdar artistləri Fəridə Məmmədova (soprano) və İlham Nəzərovun (kontratenor) ifaları təqdim olunacaq.
2016-cı ildən musiqisevərlərin zövqünü oxşayan “BakuOperArt” layihəsi opera və kamera – vokal musiqisinin təbliğinə öz töhfəsini verir. Layihənin bədii rəhbəri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi pianoçu Yuliya Kərimovadır.