Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Türkiyənin ən şəfalı və təmiz suyu olan kurort zonası - Dalaman

    Türkiyənin məşhur istirahət mərkəzlərindən biri olan Dalaman heyrətamiz təbiəti ilə diqqət çəkir. Aralıq və Egey dənizləri ilə əhatə olunan ərazi portağal bağları, yaşıl təpələri ilə göz oxşayır. Türkiyənin cənub-qərb sahilində yerləşən Dalamanda qədim yaşayış məskənlərinin qalıqlarını, eləcə də istifadəsiz qalan qatar stansiyasını görmək mümkündür.

    İstifadəsiz qalan qatar stansiyasının salınmasının isə qəribə tarixçəsi var. Belə ki, böyük ov həvəskarı olan Misir kralı XIX əsrdə çoxlu heyvan və quşların yaşadığı yerdə ov evi tikmək qərarına gəlir. Ov evi üçün məkan Dalaman seçilir. Kral bu işi fransız memarlarına həvalə edir. Fransız memarları isə ov evi əvəzinə, İsgəndəriyyə üçün qatar stansiyasının layihəsini hazırlayırlar. Səhv aşkar edildikdə isə dəmir yolu stansiyası artıq tikilmişdi. Dalamanda heç vaxt dəmir yolu olmadığından stansiya istifadəyə verilməyib.

    AZƏRTAC xəbər verir ki, iki dənizin sahilində yerləşən Dalamanın əhalisi 30 mindən çoxdur. Alimlərin fikrincə, bölgədəki yaşayış məskənləri daş dövrünə, təxminən 3000 il əvvələ aiddir. Eramızdan əvvəl XIII əsrdə burada artıq yunan müstəmləkəsi yaranmışdı. Sonralar bu bölgəyə farslar hakim oldu və makedoniyalı İskəndərin ölümündən sonra Dalaman Likiyanın bir hissəsi oldu.

    XI əsrdə bölgəni fəth edən səlcuqlular şəhərin mədəniyyətinə, adət-ənənələrinə və dininə böyük təsir göstəriblər. 13-cü əsrdən 20-ci əsrə qədər Osmanlı İmperiyasının bir hissəsi olduğu üçün ərazinin mülkiyyətində Osmanlı türkləri hökmranlıq ediblər. 1987-ci ildə Dalaman beynəlxalq hava limanının açılışından sonra şəhərin istirahət məkanı kimi inkişaf etməyə başlayıb. Dalaman hazırda böyük bir nəqliyyat mərkəzi və məşhur kurort bölgəsidir.

    Ən yaxşı çimərlik Sarıgerme kəndindədir. Ekoloji cəhətdən təmiz və üzgüçülük üçün təhlükəsiz olduğuna görə hər il “mavi bayraq”la mükafatlandırılır. Uzunluğu 7 kilometr olan çimərliyin qumu yumşaq və xoşdur.

    Dalaman yaxınlığındakı Dalyan kurort şəhəri heyrətamiz İztuzu çimərliyinə ev sahibliyi edir. Çimərlik qoruğun bir hissəsidir və dəniz tısbağaları hər il buraya yumurta qoymaq üçün gəlir.

    Dalamanı füsunkar edən onun çoxəsrlik xurma ağacları, ardıc, zeytun və sitrus ağacları ilə əhatə olunmasıdır. Dalamanda Misir hökmdarı Abbas Poşhoya məxsus məscid də var. Qədim Likiya padşahları burada dəfn olunublar. Qəbirlər qayalara həkk olunduğu üçün çox gözəl görünür.

    Qonşu kurort şəhəri Dalyanda 3000 il əvvələ aid bir neçə qədim xarabalıq var. Bu şəhəri ziyarət edərkən Likiya məzarlarını görə bilərsiniz. Qədim Likiya padşahları burada dəfn olunublar. Sərdabələrin yanında şəfalı suları ilə tanınan göl mövcuddur. Müxtəlif minerallarla zəngin olan göldə çimmək xüsusilə revmatizm və ya müxtəlif dəri xəstəliklərindən əziyyət çəkən insanlar üçün müalicəvi əhəmiyyəti vardır. Göllə bağlı əfsanələrdə Afroditanın burada çimdiyi deyilir.

  • Azərbaycan və Macarıstan alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikəcək

    İqtisadiyyat Nazirliyinə məxsus "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Macarıstanın "Hell Energy" şirkəti arasında birgə iştirak müqaviləsi imzalanıb.

    Report xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

    Onun sözlərinə görə, sənədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonun iştirakı ilə keçirilən tədbirdə imza atılıb. Müqaviləyə əsasən, Azərbaycanda alüminium içki qutularının istehsalı və doldurulması zavodu tikiləcək.

    "Layihənin icrası ölkələrimizin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, yerli istehsalın artmasına və məşğulluğun təmin edilməsinə töhfə verəcək", - deyə nazir qeyd edib.

    Nazirliyin bununla bağlı yaydığı məlumatda isə deyilir ki, zavod Ələt Azad İqtisadi Zonasının ərazisində, qabaqcıl texnologiyalara əsasında inşa ediləcək. Onun illik istehsal gücü ilkin mərhələdə 415, tədricən 700 milyon ədəd içki qutusu təşkil edəcək. Layihə çərçivəsində 300-dən çox iş yerinin yaradılması planlaşdırılır. Layihənin investisiya dəyəri 211 milyon dollardır.

    İmzalanma mərasimində çıxış edən M.Cabbarov layihənin iki ölkənin biznes dairələrinin əməkdaşlığının gücləndirilməsinə, Azərbaycanda qeyri-neft sektorunun davamlı artımına, yerli istehsala və məşğulluğun təmin edilməsinə töhfə verəcəyini qeyd edib. Nazir vurğulayıb ki, qarşılıqlı hörmətə əsaslanan Azərbaycan-Macarıstan əlaqələri yüksələn xətlə inkişaf edir, iqtisadi-ticarət əməkdaşlığı genişlənir. Macarıstanla ticarət, sənaye, enerji, o cümlədən, bərpa olunan enerji, investisiya və digər istiqamətlər üzrə əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. Azərbaycan rəsmisi Ələt Azad İqtisadi Zonasının imkanlarının yerli və xarici investorlar, o cümlədən Macarıstan investorları üçün geniş imkanlar açdığını bildirərək, yeni birgə layihələrin həyata keçirələcəyinə əminliyini ifadə edib.

    Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycanın etibarlı tərəfdaş olduğunu vurğulayaraq, iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin davamlı inkişafının, işgüzar dairələr arasında tərəfdaşlığın, birgə layihələr həyata keçirilməsinin önəmini vurğulayıb, əməkdaşlığın müxtəlif istiqamətlərdə gücləndirilməsi barədə fikirlərini bildirib.

    Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov Zonanın fəaliyyəti, “Hell energy” şirkətinin icraçı direktoru Barbabas Çereklye və AİŞ-in icraçı direktoru Ülvi Mansurov isə layihə barədə məlumat veriblər. Tədbirdə layihənin təqdimatına dair video-çarx nümayiş etdirilib.

  • Sevilən rok qrupu “Okean Elzy” növbəti dəfə Bakıda

    Avqustun 17-də Heydər Əliyev Sarayında Ukraynanın sevilən, dünyaşöhrətli rok qrupu “Okean Elzy” konsert proqramı ilə çıxış edəcək.

    AZƏRTAC xəbər verir ki, xeyli sayda pərəstişkar kütləsi olan əfsanəvi rok qrupu maraqlı repertuarla tamaşaçıların qarşısına çıxacaq.

    Qrupun musiqiləri bənzərsiz səs və təsiredici sözləri ilə ruhun dərinliklərinə nüfuz edir, konsertləri isə tamaşaçılara hər zaman səmimiyyət və sevgi dolu emosional anlar bəxş edir.

    Qeyd edək ki, Slavyan melodiyasının güclü rok enerjisi ilə birləşməsi "Okean Elzy” qrupunun musiqilərinin əsas hərəkətverici qüvvəsini təşkil edir. 2014-cü ildə “Okean Elzy”nin 20 illik yubiley konsertini canlı olaraq yarım milyondan çox tamaşaçı izləyib. Qrup MDB və Şərqi Avropadan olan tamaşaçılar tərəfindən adlandırılmış "Ən yaxşı rok qrupu" və "Canlı qrup" adları ilə fanat ordusunun rəğbətini qazana bilib.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Emin yenidən Bakıda konsert verəcək

    İyulun 22-də “Sea Breeze Resort” məkanının əsas yay səhnəsində Emin Ağalarovun növbəti böyük solo konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, bu isti iyul axşamı yayın ən unudulmaz anına çevriləcək. Çünki həmin axşam Emin pərəstişkarları qarşısında sevimli hitlərini və yeni bəstələrini ifa edəcək.

    Canlı səs, inanılmaz atmosfer və sərhədsiz emosiya - bütün bunlar həmin gün “Sea Breeze Summer Live” məkanına gələn qonaqları gözləyir.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir

    Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.

    Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməlidir.

    Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.

    Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.

  • Ədibə İsmayılova: Milli Kitabxananın 100 illiyi ilə bağlı Sərəncam kitaba və kitabxanaya verilən dəyərin bariz nümunəsidir

    Bu il Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Bu əlamətdar yubileyin qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyev iyunun 24-də Sərəncam imzalayıb. Azərbaycan Milli Kitabxanasının yubileyinin dövlət səviyyəsində qeyd edilməsi ölkəmizdə kitab işinə, kitabxanaların inkişafına verilən dəyərin bariz nümunəsi olmaqla yanaşı, həm də bu sahənin hər zaman diqqət mərkəzində olduğunu göstərir. Belə bir ərəfədə AZƏRTAC-ın əməkdaşı Azərbaycan Milli Kitabxanasının Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova ilə görüşərək ondan yubiley ilində görüləcək işlər, keçiriləcək tədbirlər, reallaşdırılacaq layihələrlə bağlı məlumat alıb.

    Milli Kitabxananın 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi məqsədilə imzaladığı tarixi Sərəncama görə ölkə başçısına kollektiv adından və çoxminli oxucular adından təşəkkür edən direktor müavini bu Sərəncamı Azərbaycan xalqının milli mənəvi yaddaşının saxlanc yeri, elm və mənəviyyat məbədi olan Milli Kitabxanaya verilən yüksək diqqətin və qayğının parlaq nümunəsi kimi dəyərləndirib.

    Onun sözlərinə görə, il ərzində Sərəncamın icrası ilə əlaqədar bir sıra tədbirlərin təşkili planlaşdırılır. Belə ki, dünya milli kitabxanalarının rəhbərlərinin iştirakı ilə “Milli kitabxanalar xalqların mənəvi yaddaşının qoruyucusudur” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək. Yubiley ilində Azərbaycan Milli Kitabxanası ilə İtaliya, İspaniya, Litva Milli kitabxanaları və Xorvatiya - Zaqrebdəki Milli və Universitet kitabxanası arasında qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması nəzərdə tutulur. Eyni zamanda, bu il Avrasiya Kitabxanalar Assambleyasının (BAE) 27-ci illik iclasına və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv Ölkələrin Milli Kitabxana Direktorları Şurasının 6-cı iclasına Azərbaycan Milli Kitabxanası ev sahibliyi edəcək. Həmçinin yubiley nəşrlərinin təqdimatı, kitabxana oxucuları ilə yubiley görüşləri təşkil ediləcək.

    “Kitabxananın yubileyinin Bakı şəhərində ali təhsil müəssisələrində və iri kitabxanalarda, həmçinin regionlarda keçirilməsi nəzərdə tutulur. Eləcə də Milli Kitabxana tərəfindən tərtib edilmiş sərgilərin və məlumat bazalarının təqdimat mərasimləri olacaq.

    Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyinin TÜRKSOY Beynəlxalq mədəniyyət təşkilatında, Ankarada Türkiyə Milli Kitabxanasında keçirilməsi də gözlənilir.

    Prezidentin imzaladığı Sərəncamdan ruhlanaraq, daha böyük nailiyyətlər əldə etməyə çalışacağıq. Bu Sərəncam Azərbaycan Prezidentinin, dövlətimizin mədəniyyətə, mənəviyyata, ədəbiyyata, kitaba və kitabxanaya verdiyi dəyərin daha bir təcəssümüdür”,-deyə Milli Kitabxananın direktor müavini vurğulayıb.

  • “Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu davam edir

    “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu davam edir.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com  ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

    Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.

    Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

    Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

  • ADA-nın “Yay məktəbi” "Azercell"də!

    Ölkənin lider mobil operatoru ADA Universitetinin təşkil etdiyi “Yay məktəbi”ni qonaq etdi

    Yay mövsümündə şagirdlərin asudə vaxtlarının daha səmərəli təşkil edilməsi məqsədilə ADA Universitetinin həyata keçirdiyi ənənəvi “Yay məktəbi” "Azercell"ə səfər edib. Məktəbin “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində Azercell-in ekspertləri şagirdlərin qarşısında mobil texnologiyaların növbəti inkişaf trendləri, Süni intellekt (AI), ümumilikdə İKT sahəsinin perspektivləri haqqında təqdimatlarla çıxış ediblər.

    Həmçinin lider mobil operator tərəfindən hazırlanmış xüsusi proqram iştirakçılara "Azercell"in “Şəbəkə Texnologiyaları” departamentinin və “Əlaqə Mərkəzi”nin fəaliyyəti ilə də real iş mühitində tanış olmağa imkan verib. Şagirdlər üçün müxtəlif viktorinalar təşkil edilib, hədiyyələr və sertifikatlar paylanılıb.

    "Azercell" uzun illərdir ADA Universiteti ilə əməkdaşlıq edir. 10 ildən artıq davam edən bu tərəfdaşlıq çərçivəsində mobil operator ölkədə yeni İKT mütəxəssisləri nəslinin akademik və peşəkar inkişafına töhfə verir. Belə ki, şirkət ADA-nın İKT sahəsində peşəkarların yetişdirilməsi səylərini dəstəkləyərək bu universitetdə təhsil alan tələbələr üçün təqaüdlər ayırır, təlimlər təşkil edir və şirkətdə təcrübə keçmək imkanı yaradır. Bununla yanaşı, lider mobil operator ADA Universitetinin İKT və sahibkarlıq sahələrində qadınların rolunun gücləndirilməsi istiqamətində təşkil etdiyi layihələrə də öz dəstəyini göstərir.

  • Azərbaycanda avtomobillərin parklanması üçün nağd ödəniş qəbul edilməyəcək

    Azərbaycanda avtomobillərin parklanmasına görə maliyyə dövriyyəsinin şəffaflaşdırılması, rəqəmsallaşmanın və istifadə rahatlığının təmin edilməsi məqsədilə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi nəzərdə tutulur.

    Bu barədə Reportun sorğusuna cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Məlumata görə, bunun üçün xüsusi mobil tətbiq də istifadəyə veriləcək. İlkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.

    İyunun 25-də Nazirlər Kabineti “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”ni təstiq edib.

  • Naxçıvanda sel nəticəsində uçan körpü yenidən tikilir

    Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nəhəcir, Göynük və Nəcəfalı Dizə kəndlərini birləşdirən və sel nəticəsində uçan körpü yenidən qurulur.

    Reportun yerli bürosu xəbər verir ki, seldən sonra körpü istifadəyə yararsız vəziyyətə düşüb.

    Layihəyə uyğun olaraq körpü tamamilə sökülüb, ərazidə hamarlama və bərkitmə işləri aparılıb. Yeni körpünün salınması üçün beton təməl işlərinə başlanılıb.

    Qeyd edək ki, mayın sonunda yağan güclü yağışlar nəticəsində Nəhəcir çayında daşqın olub. Nəticədə körpünün əsas dayaq hissələri aşıb və qəzalı vəziyyətə düşüb. Həmçinin ötən illərdə körpü və asfalt yol üzərində aparılan təmir-bərpa işləri ərazinin relyefinə uyğun aparılmadığından yolun 30 metrdən artıq hissəsi də istifadəyə yararsız vəziyyətə düşüb.

    Uçan körpü 2011-ci ildə salınıb.