Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyi daxil olan vətəndaş müraciətləri əsasında fəaliyyəti təhlil edilən və sərnişindaşımaların icrasında çatışmazlıqların olduğu aşkarlanan daha 3 müntəzəm marşrut xətti ilə bağlı müsabiqə elan edib.
Report Agentliyə istinadən xəbər verir ki, bunlar, 134, 168 və 169 nömrəli müntəzəm marşrut xətləridir.
Müsabiqə Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi qaydasına” uyğun keçiriləcək. Müsabiqədə iştirak etmək istəyənlər Agentliyə müraciət edə bilər.
Bu gün BP və tərəfdaşları adından gələcəyin bacarıqlarını inkişaf etdirmək və innovasiyaları təşviq etmək məqsədi daşıyan bir təhsil layihəsi iştirakçılarının ən yaxşı startap ideyalarını mükafatlandırmaq üçün yekun tədbiri keçirib.
Bu barədə Reporta “BP-Azerbaijan” şirkətindən məlumat verilib.
Şirkətin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli: “Biz bu mühüm layihəni yekun nəticəyə çatdırmaqdan məmnunuq və fəxr edirik ki, “Gələcək üçün bacarıqlar” layihəsinin yekun tədbiri Azərbaycanın ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Layihədə gənc nəslin bu böyük şəxsiyyətin arzu və ideyalarını gələcəyin reallığına çevirməsinə kömək edəcək bacarıq və səriştələrin inkişafına xüsusi diqqət verilib.
Bu tədbir iştirakçılara öz yenilikçi ideya və layihələrini təqdim etmək üçün gözəl imkan yaradıb. Tələbələrin işgüzarlığını, vahid komanda şəklində işləmək qabiliyyətini və yeni bacarıqlarını – yəni onların öz gələcəyini və ölkənin gələcəyini qurmaları üçün gərəkən xüsusiyyətləri görmək çox ruhlandırıcı idi. Daha geniş mənada isə layihə infrastrukturun və startaplara dəstək mexanizmlərinin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində ölkənin qarşıya qoyduğu məqsədlərə uyğundur.”
Ötən ilin iyun ayından başlamış bu layihə Bakı, Gəncə və Mingəçevirdə yerləşən 13 universitetdə innovasiya və sahibkarlıq mühitinin təşviqinə yönəlmişdi.
Layihəyə iki əsas proqram – mentorluq və inkubasiya proqramları daxil idi. Mentorluq komponenti universitetlərdən seçilmiş 130 müəllim üçün altı aylıq təlim proqramı nəzərdə tuturdu və burada məqsəd tələbələrə startap və sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə yardım etmək üçün effektiv mentorlar hazırlamaq idi.
Bunun ardınca isə 2 256 müraciətdən seçilmiş 728 tələbəni əhatə edən geniş inkubasiya proqramı həyata keçirildi. Bu proqram iştirakçılara öyrəndikləri sahibkarlıq, kreativlik və digər mühüm bacarıqlar əsasında öz ilkin startap ideyalarını inkişaf etdirərək təqdim edilə biləcək yekun layihələrə çevirmək imkanı yaradıb.
Bugünkü “Pitch Day” (təqdimat günü) adlı yekun tədbirində 181 komanda arasından seçilmiş 19 uğurlu finalçının layihə təqdimatları dinlənildi. Tədbirdə münsiflərin qərarı ilə üç ən yaxşı startap komandasına və onların mentorlarına mükafatlar verilib.
Layihə yerli təhsil təşkilatı olan “İnnovasiyalar Mərkəzi” MMC tərəfindən yerinə yetirilib.
Müddəti bir il (iyun 2022 – iyun 2023) olan bu layihənin ümumi dəyəri təxminən 82 000 manat(48 235 ABŞ dolları) təşkil edib.
Dünya klassik musiqisinin şah əsərlərindən biri - görkəmli bəstəkar, Xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti Heydər Əliyev Fondunun təşkilatçılığı ilə yarım əsrdən çox müddətdən sonra təntənəli şəkildə yenidən müəllifin vətənində səhnəyə qoyulur.
Report xəbər verir ki, sentyabrın 18-i və 19-da Heydər Əliyev Sarayında “Məhəbbət əfsanəsi” baletinin təqdimatı keçiriləcək. “Məhəbbət əfsanəsi” möhtəşəm musiqi, səhnə quruluşu və tərtibatı ilə vəhdət təşkil edərək Milli Musiqi Günündə əsl bayram yaşadacaq.
Tamaşa məşhur baletmeyster Yuri Qriqoroviçin quruluşunda, tanınmış rəssam Simon Virsaladzenin səhnə tərtibatında nümayiş olunacaq və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası, Azərbaycan Dövlət Rəqs Ansamblının rəqqasları, Bakı Xoreoqrafiya Akademiyasının tələbələri çıxış edəcək. Əsər Xalq artisti Yalçın Adıgözəlovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında səslənəcək.
Tarixi təqdimat üçün Heydər Əliyev Fondu tərəfindən Simon Virsaladzenin orijinal eskizləri əsasında 250 kostyum, həmçinin dekorasiya və rekvizitlər hazırlanıb.
Arif Məlikov “Məhəbbət əfsanəsi” baletini görkəmli türk şairi Nazim Hikmətin “Fərhad ilə Şirin” pyesi əsasındakı librettoya bəstələyib. Arif Məlikov 3 pərdə, 7 şəkildən ibarət əsər üzərində 1958-ci ildən işləməyə başlayıb və onu 2 ilə bitirib.
“Məhəbbət əfsanəsi” baletinin premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) keçirilib. Tamaşanın quruluşçu baletmeysteri Yuri Qriqoroviç, rəssamı Simon Virsaladze, dirijoru isə maestro Niyazi olub. 1962-ci ilin iyulunda isə əsərin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində premyerası keçirilib.
“Məhəbbət əfsanəsi” baleti bugünədək dünya səhnələrini fəth edir. Əsər müxtəlif ölkələrin 60-dan çox teatrında dəfələrlə görkəmli baletmeysterlərin quruluşunda təqdim olunub. Səhnə əsəri ABŞ, Almaniya, Avstriya, Bolqarıstan, Böyük Britaniya, Braziliya, Çexiya, Estoniya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Misir, Özbəkistan, Polşa, Rumıniya, Slovakiya, Türkiyə, Ukrayna, Yaponiya və digər ölkələrdə rəğbətlə qarşılanıb.
Arif Məlikovun şah əsəri olan “Məhəbbət əfsanəsi”nin “Heydər Əliyev İli”ndə təqdim olunması da təsadüfi deyil. 2023-cü il dahi şəxsiyyət, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü, görkəmli bəstəkar Arif Məlikovun isə 90 illik yubileyidir. Ümummilli Lider Heydər Əliyev Arif Məlikovu bir sənətkar və insan kimi yüksək dəyərləndirirdi. Arif Məlikov isə Ümummilli Lider Heydər Əliyevə sevgi və ehtiramını öz yaradıcılığında da əks etdirib və bəstəkarın “Əbədiyyət” adlı 8-ci simfoniyası Ulu Öndərə ithaf olunub.
“Məhəbbət əfsanəsi”nin 18-19 sentyabr nümayişinin biletləri tezliklə şəhərin kassaları və iTicket.az saytında satışda olacaq.
Prezident İlham Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.
Report xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirmək Elm və Təhsil Nazirliyinə tapşırılıb.
Sərəncamda deyilir:
“Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başlamasının 100 illiyi tamam olur. Dövrün görkəmli ədəbi simalarının və məşhur sənət adamlarının tədrisə cəlb edildiyi Bakı Teatr Məktəbinin bazasında təşkil olunmuş Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ölkənin zəngin ənənələrə malik ali təhsil müəssisələrindəndir. Ötən müddət ərzində Universitet milli mədəniyyətin və incəsənətin tərəqqisi işinə mühüm töhfələr vermişdir. Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri arasında bu nüfuzlu təhsil ocağının çox sayda məzunu vardır. Universitetin yetirmələri hazırda respublikamızda və onun hüdudlarından kənarda müvəffəqiyyətlə çalışırlar. Fəaliyyətini dövlətin mədəniyyət və təhsil strategiyalarının hədəflərinə uyğun, müasir tələblər səviyyəsində quran Universitet mədəniyyətin və incəsənətin bütün başlıca sahələrini əhatə edən müvafiq ixtisaslar üzrə genişprofilli şəbəkə formalaşdırmış, həmçinin dünyanın bir sıra ölkələrinin ali təhsil və mədəniyyət mərkəzləri ilə qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələri yaratmışdır”.
İyulun 13-də Sea Breeze Event Hall kurort kompleksinin “White Beach Club” səhnəsində gürcüstanlı məşhur müğənni, vokalist və bəstəkar Meqi Qogitidze konsert proqramı ilə çıxış edəcək.
AZƏRTAC xəbər verir ki, Meqi Qogitidze öz ifalarında gürcü etnik musiqiləri ilə müxtəlif janrları heyrətamiz şəkildə sintez edir. Onun musiqi repertuarına caz, elektronika, etnik, rok, trip-hop və hətta gürcü dilində hip-hop da daxildir. Hazırda M.Qogitidze təkcə Gürcüstanda deyil, bütün dünyada tanınır. İfaçının şöhrəti durmadan artır və o, Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində də enerji dolu konsertləri ilə çıxış edir.
Qeyd edək ki, bütün yay boyunca Sea Breeze kurort kompleksinin ərazisindəki ən gözəl məkan olan “White Beach Club”da “White Fest” yay musiqi festivalı təşkil olunacaq. Enerji dolu fantastik əyləncə vəd edən festivalda həmçinin dünyaşöhrətli Svanky Tunes, Villy Villiam və bir çox başqa ulduzların iştirakı ilə unudulmaz anlar yaşanacaq.
Mədəniyyət Nazirliyinin tabeliyindəki Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) 2023-2024-cü illərdə istehsal olunmaq üçün film layihələri müsabiqəsi elan edir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə ilə əlaqədar iyulun 18-də təqdimat keçiriləcək.
Müsabiqə milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədi daşıyır.
Film layihələri üçün dövlət tərəfindən ayrılmış vəsaitin (5.5 milyon manat) müsabiqə yolu ilə bölüşdürülməsi təmin ediləcək. Müsabiqə ilə əlaqədar bədii şura yaradılıb, meyarlar və işçi mexanizmlər müəyyən olunub. Eyni zamanda dörd yeni təsisat – animasiya məktəbi, ssenaristlər kursu, kinoaktyor teatrı və texniki təkmilləşmə kurslarının açılması istiqamətində işlər aparılır.
Qeyd edək ki, 2023-cü il köklü ənənələrə malik olan Azərbaycan kinematoqrafiyası üçün əlamətdardır. Bu il Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaranmasının isə 100 illiyidir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Mədəniyyət Nazirliyinin tabeliyində Azərbaycan Respublikası Kino Agentliyinin yaradılması, eləcə də bu sahənin mövcud vəziyyəti və inkişaf istiqamətlərinin müəyyən edilməsi, şəffaf və kollegial idarəçilik modelinin formalaşdırılması milli kinematoqrafiyaya sistemli yanaşmanın göstəricisidir. Yeni şəraitdə Nazirlik film istehsalında stimullaşdırıcı rol oynamaqla bərabər, yerli prodüser şirkətlərinin bu proseslərə aktiv şəkildə qoşulmasına çalışır.
Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən islahatların məqsədi şəffaf maliyyə mexanizmlərinin formalaşdırılması, yaradıcı biznes subyektlərinin dəstəklənməsi və ölkədə sağlam, rəqabətədavamlı mədəniyyət ekosisteminin yaradılmasıdır.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İctimai Birliyi “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri - adlı tədbirlərin təşkili” layihəsinin icrasına başlayıb.
“Türk Dünyası İnfo” İctimai Birliyindən AZƏRTAC-a bildirilib ki, 3 ay müddətinə icra olunacaq layihənin ideyasının əsasını Prezident İlham Əliyevin Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə ölkəmizdən kənarda yaşayan soydaşlarımızın hüquqlarına dair söylədiyi tezislər təşkil edir.
Birliyin sədri Dəyanət Osmanlı layihənin məqsədi və aktuallığı barədə qeyd edib ki, bu gün Cənubi Azərbaycandakı soydaşlarımızın dil, təhsil kimi problemləri dövlətimizin maraq dairəsində daha ciddi yer tutur. Bu da müstəqil Azərbaycanın öz millətinə sahiblik hissindən irəli gəlir. Layihə çərçivəsində vətənimizin cənubunda və şimalında yaranan yeni ruhlu milli-aktual mövzulu şeirlərdən ibarət “Çağdaş Bütöv Azərbaycan poeziyası” adlı antologiya hazırlanması nəzərdə tutulur. Layihənin yekununda isə “Ədəbiyyatda Cənubi Azərbaycan görüşləri” adlı tədbir və “Çağdaş Bütöv Azərbaycan poeziyası” kitabının təqdimatı keçiriləcək.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nodar Dumbadze adına IV Beynəlxalq Teatr Festivalında ölkəmizi təmsil etmək üçün Gürcüstana yollanıb.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyulun 5-dən 15-dək keçiriləcək festivalda Azərbaycan və Gürcüstanla yanaşı İspaniya, Qazaxıstan, Ukrayna, Portuqaliya və Özbəkistandan olan teatrlar iştirak edəcək.
Festival çərçivəsində eyni zamanda kitab təqdimatları, Avrasiya Teatr Assosiasiyası təsisçilərinin görüşü də təşkil olunacaq. İyulun 15-də Ozurgetidə Aleksandr Tsutsunava adına Peşəkar Dövlət Dram Teatrının 155 illik yubileyinə həsr olunmuş bayram gecəsi, festival iştirakçılarının mükafatlandırılması və festivalın təntənəli bağlanışı keçiriləcək.
Festivalın repertuarında N.Dumbadzenin əsərləri və gürcü yazılı nümunələrinin səhnə təfsiri əsasında hazırlanan tamaşalar yer alacaq. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı iyulun 6-da məşhur gürcü yazıçısı Qoderzi Çoxelinin eyniadlı hekayəsi əsasında səhnələşdirilən “Küknarlara məktub” tamaşası ilə çıxış edəcək.
Tamaşanın quruluşçu rejissoru Nigar Güləhmədovadır. Yeni səhnə əsərində əməkdar artistlər Elşən Rüstəmov, Almaz Amanova, Ayşad Məmmədov, aktyorlar Rüstəm Rüstəmov, Ramin Şıxəliyev, Dilarə Nəzərova, Elçin Əfəndi, Firuzə Balayeva, Lalə Süleymanova iştirak edirlər. Tamaşanın işıq üzrə rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Dilbər İsmayılovadır.
Səhnə əsəri müharibədən qayıdan, kürəyində küknar ağacı bitən yaralı əsgərin cəmiyyətə uyğunlaşa bilməməsi, hamı kimi normal həyatı yaşamağı bacarmaması haqqındadır. Ətrafında olan insanlar onu cəmiyyətə uyğunlaşdırmaq istəsələr də, bütün cəhdlər boşa çıxır. Yaralı əsgər cəmiyyəti yox, təbiəti seçir, ağaca və torpağa çevrilir. Müəllifin mövqeyinə görə ən ciddi qayıdış təbiətə olmalıdır.
Tamaşanın rejissor baxışı və yozumu həmçinin sülhü, humanist ideyaları təbliğ edir, sənətin insan talelərini məhv edən müharibələrin əleyhinə olan qəti mövqeyindən çıxış edir.
Cenevrə hakimiyyəti tərəfindən aparılan cinayət işinin icraatı zamanı müsadirə edilən firon II Ramzesin heykəlinin fraqmenti Misirə qaytarılıb. Bu barədə İsveçrə hökumətinin mətbuat xidməti məlumat yayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Federal Mədəniyyət İdarəsinin direktoru Karin Baxmann heykəlin fraqmentini Misirin İsveçrədəki səfirliyinə təhvil verib. Məlumatda vurğulanır ki, restitusiya “mədəni dəyərlərin beynəlxalq ötürülməsi haqqında qanuna uyğun” aparılıb.
İdarədən bildirilib ki, fraqment 1980-ci və 1990-cı illərin kəsişməsində II Ramzesin Abidosdakı məbədindən oğurlanıb və nəticədə İsveçrəyə gətirilib. Onun qaytarılması “2011-ci ildə mədəni dəyərlərin idxalı və qaytarılmasına dair ikitərəfli sazişin qüvvəyə minməsi ilə gücləndirilmiş mədəni dəyərlərin qeyri-qanuni ticarətinə qarşı mübarizədə İsveçrə və Misirin birgə tərəfdaşlığını vurğulayır”.
Misirə təhvil verilən fraqment müxtəlif fiqurlardan ibarət monumentin bir hissəsidir. Burada bir neçə qədim Misir tanrısının əhatəsində oturmuş firon təsvir edilib. Fraqmentin yaşı təxminən 3,4 min ildir.
“Kapital Bank” ASC hər zaman hüquqi şəxslər və fərdi sahibkarlar üçün rahat və əlçatan funksiyalar, o cümlədən fərqli məhsullar təqdim edir. Rəqəmsal bank xidmətlərinin çeşidini genişləndirən “Kapital Bank” “Müştəri Bank” sistemi yenilənərək “Birbank Biznes” etdi. Bu yenilik “Müştəri Bank” sisteminin daha müasir və funksional versiyasıdır.
Artıq “Müştəri Bank” istifadəçisi olan müştərilər tətbiqlərini yeniləyərək yeni interfeysə sahib ola və qiymətli vaxtlarına qənaət edərək funksionaldan rahatlıqla istifadə edə bilərlər.
“Birbank Biznes” tətbiqində bir sıra bank xidmətlərini onlayn həyata keçirmək mümkündür: biznes bank hesablarının açılması, milli və xarici valyutada köçürmələr, təcili köçürmələr, HÖP ödənişləri, biznes kartlarının sifarişi və çatdırılması, biznes müştərilərinə özəl tarif paketləri, “Mobil POS”, cari və kart hesabından QR nağlaşdırma, e-ticarət, kliklə ödə xidməti, sənəd dövriyyəsi, toplu imzalama, biznes krediti üçün müraciət, bank qarantiyası, gömrük kredit kartı, açıq API platforması, əməkhaqqı layihəsinə qoşulma, əməkhaqqı kartlarına mədaxil və əməkhaqqı kartlarının sifarişi və çatdırılması, POS əməliyyatlarının onlayn izlənməsi və çıxarışların əldə edilməsi, canlı çat funksiyası ilə sualların cavablandırılması, POS terminal sifarişi və s.
İstifadəsi rahat və təhlükəsiz olan “Birbank Biznes” tətbiqini həm “iOS”, həm də “Android” əməliyyat sistemli cihazlar dəstəkləyir. Tətbiqi yükləmək üçün qeyd olunan linkə keçid etmək kifayətdir - https://my.birbank.business.