Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Ağıllı kənd təsərrüfatı” taxıl sahəsinin məhsuldarlığı 80 sentner/hektar olub

    Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə Beyləqan rayonunda yaratdığı "Ağıllı kənd təsərrüfatı" taxıl sahəsində 1 hektar ərazidən 80 sentner məhsul yığılıb.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Layihənin məqsədi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsidir. AEBA-nın hazırladığı, buğda istehsalında “ağıllı kənd təsərrüfatı təcrübəsi” üsulunun tətbiqi əsasında 3 bölgədə fermer təsərrüfatlarında nümayiş əkinlər gerçəkləşib. Agentliyin koordinatoru Nəzakət İsmayılzadə bildirib ki, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ötən il nazirliklə birgə təbii resursların, yəni torpaq, su, qida maddələrinin səmərəli istifadəsi hesabına buğda istehsalının artırılmasını hədəfə alan konsepsiya hazırlanıb. Əsas məqsəd qlobal istiləşmə şəraitində Azərbaycanda buğda istehsalının artırılması üçün “ağıllı kənd təsərrüfatı” təcrübələrinin genişləndirilməsini və yayılmasını təmin etməkdir. Bu məqsədlə üç rayonda - Bərdə, Beyləqan və Sabirabadda 3 hektar ərazidə 3 metod olmaqla təcrübə əkinləri həyata keçirilib. Bunlardan biri ənənəvi metoddur ki, burada fermer təcrübəsindən istifadə olunub. İkincisi ən yaxşı regional metoddur ki, burada Əkinçilik Elmi-Tədqiqat İnstitutunun təcrübəsindən istifadə edilib. Üçüncü metod isə “ağıllı kənd təsərrüfatı” təcrübələrinə uyğun olaraq aparılan əkin işidir ki, burada AEBA-nın eksperti Muhamməd Zamanın təklif etdiyi metod tətbiq edilib. Sahələrə baxış zamanı görmək olar ki, “ağıllı kənd təsərrüfatı” təcrübələri əsasında becərilən taxıl sahəsi daha çox məhsul verib. Həmçinin bu layihənin daha səmərəli istifadəsi üçün bir qrup azərbaycanlı mütəxəssis martda Pakistanın Feslabad və İslamabad şəhərlərində keçirilən təlimlərdə iştirak edib. Qarşıdakı hədəf isə buğda istehsalında əldə olunan yüksək nəticələri gələcəkdə daha geniş fermer təsərrüfatlarında tətbiq etməkdir.

    Üç bölgə üzrə aparılan nümayiş əkinlər arasında ən yüksək məhsuldarlıq isə Beyləqan rayonunda əldə edilib. Təsərrüfat sahibi Səxavət Məmmədov layihələrin gerçəkləşməsi üçün 3 hektar sahədə hər üç metodla buğda əkini aparıb. Fermer bildirib ki, hər üç metod səmərə verib, lakin ən çox məhsuldarlıq məhz “ağıllı kənd təsərrüfatı” təcrübələri ilə becərilən sahədə əldə edilib: “Ağıllı kənd təsərrüfatı” metodunda hər hektara 150 kq, regional ən yaxşı metodda hər hektara 220 kq, ənənəvi fermerin təcrübəsi metodunda isə 250-300 kq toxum səpini aparılıb.

    “Ağıllı kənd təsərrüfatı” təcrübələri metodunda digər metodlardan fərqli olaraq hər hektara minimum həddə toxum səpilib. Bitkinin becərilməsi zamanı azot və fosfor olmaqla digər fərqli qida maddələri tətbiq olunub. Həmçinin bitkinin yemləmə və suvarılması da təklif olunan təcrübəyə əsasən aparılıb. Nəticədə yüksək məhsuldarlıq əldə olunub. Yəni hazırda məhsuldarlıq “ağıllı kənd təsərrüfatı” təcrübəsi ilə becərilən sahədə hər hektara - 80 sentnerdir. Bundan başqa, regional ən yaxşı təcrübə ilə becərilən sahədə məhsuldarlıq hektara 40 sentner, və fermerin metodu ilə becərmədə isə hektara 35 sentner məhsuldarlıq əldə olunub”.

    Səpin işləri zamanı Şəfəq-2 yerli sort, Tanya və Alekseyeviç olan xarici sortlardan istifadə edilib və yerli sort ən çox məhsul verib.

  • Azərbaycan və Misir sahibkarlarının tərəfdaşlığının dərinləşdirilməsi müzakirə olunub

    Qahirədə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) ilə Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) birgə təşkilatçılığı ilə Misir və Azərbaycanın biznes dairələri arasında görüş keçirilib.

    Report AZPROMO-ya istinadən xəbər verir ki, tədbirdə hər iki ölkədən sənaye, qida, əczaçılıq, bərpa olunan enerji, mühəndislik, tikinti və digər sahələrdə fəaliyyət göstərən şirkət nümayəndələri iştirak ediblər.

    Görüşdə çıxış edən Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov ölkələr arasında ortaq siyasi və iqtisadi maraqlara əsaslanan tərəfdaşlığın bu tədbir sayəsində daha da inkişaf edəcəyinə dair əminliyini ifadə edib.

    AZPROMO-nun rəhbəri Yusif Abdullayev bu ilin yanvar ayında ölkə başçılarının, eləcə də Misir prezidenti Əbdülfəttah Əs-Sisinin AZPROMO tərəfindən təşkil olunan Azərbaycanın iş adamları ilə görüşlərinin Qahirədəki tədbirin keçirilməsinə möhkəm zəmin yaratdığını qeyd edib. Tədbirdə Azərbaycan-Misir İşgüzar Şurasının sahibkarlar arasında investisiya sahəsində daha sıx əməkdaşlığın qurulmasında və qarşılıqlı ticarətin artırılmasında əhəmiyyətli rol oynayacağı vurğulanıb.

    Misirin İnvestisiyalar və Azad Zonalar üzrə Baş Qurumunun (GAFI) prezidenti Hössəm Heyba ölkələrimiz arasında biznes və investisiya imkanlarının səmərəli istifadəsi üçün biznes dairələri arasında birbaşa təmasların artırılması və hər iki ölkədə yaradılan təşəbbüslərdə özəl sektorun iştirakının vacibliyini qeyd edib. Azərbaycanlı iş adamları Misirdə fəaliyyət göstərmək üçün dəvət olunub.

    Tədbir çərçivəsində AZPROMO və GAFI arasında investisiyaların təşviqi sahəsində 2023-2025-ci illəri əhatə edəcək İcra Proqramı üzrə Anlaşma Memorandumu imzalanıb, GAFI, Ələt Azad İqtisadi Zonası (AFEZ) və Süveyş Kanalı İqtisadi Zonasının (SCZONE) nümayəndələri təqdimatlar edib.

  • Beynəlxalq “Sofar Sounds” musiqi hərəkatı İçərişəhərdə

    Dünyanın 400-dən çox şəhərində fəaliyyət göstərən “Sofar Sounds” musiqi hərəkatının iyulun 7-də İçərişəhərdə növbəti açıq hava konserti olacaq.

    AZƏRTAC xəbər verir ki, 2016-cı ildən bəri Azərbaycanda keçirilən bu konsertlərin əsas məqsədi istedadlı gənc ifaçılara dəstək olaraq, onları dinləyicilərlə səmimi mühitdə görüşdürməkdir.

    Qeyd edək ki, beynəlxalq səviyyədə baş tutan konsertlərdə bu günədək gənclər tərəfindən sevilən Ed Sheeran, Billie Eilish, Hozier, Türkiyənin məşhur simaları Mor və Ötesi qrupu, Kalben, Deniz Tekin, Ufuk Baydemir dinləyicilərin qarşısına çıxıb.

    “Sofar Sounds Baku” sosial təşəbbüs olaraq həyata keçirilir və ölkəmizdə indiyədək tanınmış simalar - Rasim Müzəffərli, Şəhriyar İmanov, Cavan Zeynallı, Promete, Dihaj, Elvina, Vedad, Rapluvi The Half, Ahmedovsky Trio, DədəBaba, Darvish Band, AynaBand qrupu, Orxan Zeynallı, Ceyhun Səmədov kimi sevilən musiqiçilər, eləcə də istedadlı gənc ifaçılar burada çıxış edib.

  • Horadizdən Ağalıya müntəzəm avtobus marşrutu açılacaq

    Gələn ay Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Xudat və Bakı-Şabran şəhərlərarası, Horadiz şəhəri (Füzuli)-Ağalı kəndi (Zəngilan) rayonlararası, Tərtər şəhəri-Talış kəndi (Tərtər rayonu daxili), Görədil qəsəbəsi-Xırdalan şəhəri (Abşeron rayonu daxili) üzrə 592 və Güzdək qəsəbəsi (Abşeron rayonu)-Bakı şəhəri üzrə 553 nömrəli müntəzəm avtobus marşrutları üzrə müsabiqə keçirəcək.

    Bu barədə Reporta AYNA-dan bildirilib.

    Məlumata görə, Goradil-Xırdalan və Güzdək-Bakı marşrutları üzrə müsabiqə avqustun 3-də, digər marşrutlar üzrə müsabiqə isə avqustun 4-də keçirəcək.

    Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

  • Bakının Dilarə Əliyeva küçəsinin bir hissəsi təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonunun Dilarə Əliyeva küçəsinin bir hissəsini (Azadlıq prospektindən Fikrət Əmirov küçəsinə qədər olan hissə) təmir edib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, ortalama eni 10 metr təşkil edən küçənin təmir olunan hissəsinin uzunluğu 170 metrdir. Təmir işləri çərçivəsində, frezlənmə, yeni asfalt-beton örtüyünün döşənməsi, kommunikasiya xətlərinin baxış qapaqlarının yenisi ilə əvəz olunması və layihə hündürlüyünə qaldırılması işləri yerinə yetirilib.

    Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları ilə təmin olunub.

  • Azərbaycanlı fotoqraflar komanda şəklində beynəlxalq fotomüsabiqədə iştirak ediblər

    Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə iki ildə bir dəfə reallaşan 30-cu FIAP Rəngli Bienal adlı beynəlxalq fotomüsabiqə keçirilib.

    AZƏRTAC xəbər verir ki, cari ilin əvvəlində FIAP-ın himayədarlığı altında Yunanıstanda keçirilən federasiyalararası fotomüsabiqənin nəticələri məlum olub.

    Müsabiqəyə dünyanın 40 ölkəsindən 1063 foto təqdim olunub. Qaydalara görə, hər bir ölkə (federasiya) özünün təyin etdiyi mövzular üzrə yalnız rəngli olmaq şərti ilə iki kateqoriyada – rəqəmsal şəkildə 20, çap şəklində isə 10 foto təqdim etməli olub.

    Qiymətləndirmə prosesi fotoların fərdi və ümumi qrup şəklində olmaqla iki mərhələdə aparılıb. Ən çox bal toplayan federasiyaya kubok, iki, üç və dördüncü yerlərə isə müvafiq olaraq qızıl, gümüş və bürünc medallar təqdim olunub. 5-10-cu yerlərin sahibləri fəxri lentlər qazanıb. Fərdi şəkildə olan qiymətləndirmə zamanı hər kateqoriya üzrə ən yüksək bal toplayan müəlliflər isə Beynəlxalq Foto Sənəti Federasiyası və Yunanıstan Fotoqrafiya Cəmiyyətinin medallarını əldə ediblər. Həmçinin yarışmanın hər bir iştirakçısına çap şəklində müsabiqənin kataloqu təqdim edilib.

    Azərbaycanı yenidən bu yarışmada 20 fotoqrafla Gilavar Foto Klubu təmsil edib. Peşəkar fotoqraflar tərəfindən “İdmançılar havada” (rəqəmsal) və “Atəşfəşanlıq” (çap) mövzuları üzrə 30 foto təqdim edilib. Çap və rəqəmsal fotoların qiymətləndirməsi zamanı həmyerlilərimiz müvafiq olaraq 135 və 260 bal toplayıblar. Fərdi qiymətləndirmədə Dilavər Nəcəfovun “Sıçrayış” (“The leap”) fotosu “Ən yaxşı fotojurnalistika fotosu” üzrə Yunanıstan Fotoqrafiya Cəmiyyətinin qızıl medalını qazanıb.

    Ümumilikdə əldə olunan balların sayəsində fotoqraflarımız müsabiqədə rəqəmsal kateqoriyada 40 ölkə arasında 11-ci, çap kateqoriyasında isə 27 ölkə arasında 17-ci yerə layiq görülüblər.

    Qeyd edək ki, azərbaycanlı fotoqraflar Fransada keçirilən 29-cu FIAP Rəngli Bienal foto müsabiqəsində 6-cı yerdə qərarlaşaraq Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri lentini qazanıb. FIAP dünyada UNESCO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun üzvlüyünə qəbul edilmiş klublar xüsusi statusa, fotoqraflar isə ömürlük fəxri adlara layiq görülür. Hazırda Azərbaycanda bu qurumun fəxri adlarına layiq görülən 8 fotoqraf var.

  • "Tiktok" I rübdə Azərbaycandan yüklənmiş 400 minə yaxın videonu silib

    Bu ilin I rübündə “TikTok” Azərbaycandan yerləşdirilmiş 390 223 videonu platformasından silib.

    Reportun xəbərinə görə, bunu şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiya xidmətinin rəhbəri Kristina Eremeeva bildirib.

    Onun sözlərinə görə, bu videoların 80,1%-i yükləndikdən sonra 24 saat ərzində silinib. Bundan başqa, silinmələrin 95,2%-i isə proaktiv qaydada baş tutub.

    K.Eremeeva həmçinin deyib ki, rüb ərzində dünya üzrə 91 003 510 video silinib ki, bunun da 89,9%-i yerləşdirildikdən sonra 24 saat ərzində baş verib.

  • Məşhur avstriyalı rəssamın portreti rekord məbləğə satılıb

    Avstriyalı simvolist rəssam Qustav Klimtin “Yelpikli qadın” (Dame mit Fächer) tablosu hərracda rekord məbləğə satılıb.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, pişiklərə və qadınlara pərəstiş edən rəssam Qustav Klimtin 1917-1918-ci illərdə yaratdığı portret 85,3 milyon funt-sterlinqə (108,7 milyon dollar) alınıb.

    “Yelpikli qadın” Avropada hərracda indiyə qədər satılan ən bahalı sənət əsəri kimi qeyd olunub. Bunu Londonda “Sotheby's” hərrac evinin keçirdiyi hərrac nəticələri sübut edir. Bundan əvvəl hərracda satılan sənət əsərləri arasında Avropa rekordu isveçrəli Alberto Cakomettinin “Gəzən adam” bürünc heykəlinə məxsus idi. Həmin heykəl 2010-cu ildə 65 milyon funt-sterlinqə (o vaxtkı məzənnə ilə 104,3 milyon dollar) satılmışdı.

    “Yelpikli qadın" əsəri Q.Klimt tərəfindən yaradılmış son portretdir. O, bu işini uzun sürən xəstəlik nəticəsində qəfil ölümündən bir müddət əvvəl tamamlayıb, lakin bu ölüm ona bir çox rəsmlərini tamamlamağa imkan verməyib.

    Qeyd edək ki, “The Times” qəzetinin yazdığına görə, bu hərracın nəticəsi rəssam Q.Klimtin əsərləri üçün rekord göstərici deyil. Belə ki, onun “Adel Bloch-Bauer” portretinin çinli bir sahibkar tərəfindən 150 milyon dollara alındığı iddia edilir.

  • Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti olub

    Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri başlayıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində Bakı Yay Caz Günlərinin ilk konserti olub.

    Bakı Yay Caz Günlərinin açılışında Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan Meltem Ege qrupu Bakı Kamera Orkestrinin müşayiəti ilə çıxış edib.

    Daha sonra pianoçu Elçin Şirinov və kvartetinin konserti olub. 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edən Elçin Şirinov israilli musiqiçilərlə doğma şəhərində çılğın və şıltaq caz ritmlərini səsləndirib.

    Bu gün isə Heydər Əliyev Mərkəzində məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə çıxış edəcək. Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigez (Kuba-ABŞ) triosu ilə dünya turnesi çərçivəsində cazsevərlər qarşısına çıxacaq.

    Artıq 5-ci dəfədir ki, təşkil edilən festivalın konsertləri qapalı məkanlarla yanaşı, açıq havada da təqdim ediləcək. Əvvəlki illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı olduqca zəngindir.

    Belə ki, iyulun 5-də pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze Heydər Əliyev Mərkəzinin parkında triosu ilə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək. Elə həmin gün Azərbaycan cazının banisi olan Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin tələbələri də Heydər Əliyev Mərkəzinin parkına toplaşanlara gözəl caz axşamı bəxş edəcəklər.

    Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq.

    Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

    Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

  • Messinin “Azərxalça” imzalı ad günü hədiyyəsi

    Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən işlər ən qədim dekorativ-tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqəti daha da artırıb. Ölkəmizdə xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə təbliği istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Təsadüfi deyildir ki, Azərxalça” ASC-nin gözəlliyi ilə seçilən yun və ipək xalçalarına xalçasevərlər tərəfindən böyük tələbat var. Əsl əl işi, yerli istehsal, Şəki ipəyindən toxunulmasına başlanılmış ipək xalçalarımız mifik qüdrəti və qəlb ovsunlayan gücü ilə sərhədləri aşır.

    “Azərxalça” ASC-də “Əjdahalı” kompozisiyasında icra olunmuş ipək xalçanın dünyaşöhrətli, argentinalı futbolçu Messinin evini bəzəməsi bənzərsizliyi ilə qəlblərə yol tapan Azərbaycan xalçalarının sərhəd tanımayan cazibəyə malik olmasını bir daha göstərir.

    Bu barədə AZƏRTAC-a “Azərxalça” ASC-dən bildirilib.

    Qeyd edilib ki, azərbaycanlı iş adamı Adnan Əhmədzadə Lionel Messinin ad günündə iştirak edərək, ona Azərbaycan xalçası hədiyyə edib və bu xalça məhz “Azərxalça” ASC istehsalı olan xalçadır.

    Xatırladaq ki, Azərbaycan xalçaçılıq məktəbinin ən geniş yayılmış nümunələrindən olan “Əjdahalı” xalçaları qədim və zəngin tarixə malikdir. Şərq aləmində “Əjdaha” evin, ocağın şər qüvvələrdən qorunmasını simvolizə edən motiv nümunələridir. Xalçanın kompozisiyasının şərhinə gəldikdə isə, "Əjdaha” təsvirli xalçaların əsas sahəsi qırmızı, bəzən mavi və ya qəhvəyi rənglərin ahəngdar bölgüsündən ibarətdir. Kəsişmə xətləri və kənarları böyük palmetlərlə örtülmüş dişli yarpaqlarla əhatələnir. Xalçaların üzərlərində stilizə olunmuş əjdaha təsvirləri naxışlar vasitəsilə verilir. “Əjdaha” simvolu olan naxış və elementlər bütün şərqdə çox qədimdən mövcud olsa da, ilk “Əjdahalı” xalçalar Səfəvilər dövründə yaranıb.