Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Mərmər soyuğu” filminin növbəti uğuru

    Rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” bədii filmi Yunanıstanda keçirilən 5-ci Beynəlxalq Kimolos Film Festivalının (The 5th Kimolos International Film Festival) “Qızıl ağac” mükafatına layiq görülüb.

    AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyası, İctimai Televiziya, Bakı Media Mərkəzi və Fransanın “Arizona” kino şirkətinin birgə istehsalı etdiyi filmin baş prodüseri Arzu Əliyeva, ssenari müəllifləri Asif Rüstəmov və Roelof Jan Minneboo, operatorları Oktay Namazov və Adil Abbasov, rəssamı Rafiq Nəsirov, prodüserlər Fariz Əhmədov, Orman Əliyev və Guillaume de Seille, kreativ prodüseri İradə Bağırzadədir.

    Uğursuz rəssam və sevgilisinin qarışıq münasibətlərindən bəhs edən filmdə əsas rollarda Elşən Əsgərov, Natəvan Abbaslı və Qurban İsmayılov çəkiliblər.

    Qeyd edək ki, “Mərmər soyuğu” ötən il Tallin “Qara Gecələr” Film Festivalında “Ən yaxşı aktyor”, Almatı şəhərində keçirilən 16-cı Avrasiya Beynəlxalq Film Festivalında “Ən yaxşı rejissor” nominasiyalarında mükafatlara, bu il isə Fransanın Vesoul şəhərində 29-cu Asiya Filmləri Beynəlxalq Festivalında (Festival International des Cinémas d'Asie) jürinin əsas mükafatına layiq görülüb.

  • “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq

    28-30 iyul 2023-ci il tarixində növbəti “Caspian Motor-Show” avtomobil sərgisi baş tutacaq.

    Bu barədə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının (AADA) rəsmi internet saytında məlumat yayılıb.

    Xatırladaq ki, ölkədə yeganə avtomobil sərgisini ənənəvi olaraq bu ictimai birlik həyata keçirir.

    Ümumiyyətlə, “Caspian Motor-Show” unikal sərgidir. Adətən bu tədbir açıq havada: dəniz kənarında və ya dağlıq regionlarda, bir sözlə, istirahət məkanlarında keçirilir. 2003-cü ildən başlayaraq Nabran istirahət zonasında, Qəbələ və Şəki şəhərlərində və əlbəttə, Abşeron çimərliklərində dəfələrlə ən yeni modellərdən ibarət ekspozisiyalar qurulub. Cari ildən başlayaraq, avtoşounun “Sea Breeze Resort” kompleksində təşkil olunması barədə razılıq əldə olunub.

    AADA İdarə Heyətinin sədri Natiq Zərbəliyev tədbirlə əlaqədar bunları deyib:

    “Caspian Motor-Show 2023” çərçivəsində “TEZ: Təhlükəsizlik, Ekologiya, Zövq” mövzusunda konfransın baş tutacağı da planlaşdırılıb. Konfransda avtomobil, bank, sığorta sektorlarının nümayəndələri ölkədə avtomobil parkının yenilənməsi, yollarda hərəkətin təhlükəsizliyi, ekologiya mövzusunda müzakirələr aparacaq. Bu foruma Nazirlər Kabinetindən, müxtəlif dövlət qurumlarından, Milli Məclisdən, qeyri-hökumət təşkilatlarından, kütləvi informasiya vasitələrindən nümayəndələr dəvət olunacaqlar.

    Adətən AADA-nın təşkil etdiyi avtoşoularda yalnız rəsmi avtomobil idxalçıları, distribütor və dilerlər iştirak edir. Sərgi günlərində bir çox yeni modellərin rəsmi premyerası baş tutacaq. Sərgidə eləcə də avtomobil ehtiyat hissələri, aksesuarlar, avtokosmetika, moto-velo texnika, avtomobil klubları, tüninq studiyaları və s. nümayiş etdirilə bilər. Builki avtoşou bir neçə özəlliyi ilə də seçiləcək. Əvvəla, elektrik avtomobillər üçün xüsusi ekozona ayrılacaq. Bundan əlavə avtomobil aşiqləri üçün yeni modelləri test-drayv etmək imkanı yaradılacaq.

    “Caspian Motor-Show 2023” çərçivəsində tamaşaçıları maraqlı əyləncə proqramı, müxtəlif uduşlu yarışlar, müsabiqələr də gözləyir. Populyar pop-rok ulduzların iştirakı ilə konsert proqramları və diskotekalar, “Miss Avto” gözəllik müsabiqəsi və bir sıra sürprizlər də gözlənilir. Bu avtomobil bayramında iştirak etmək üçün partnyorları dəvət edirik.

  • 17-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

    Azərbaycanın paytaxtında 17-ci Bakı Enerji Məktəbinin açılış mərasimi keçirilib.

    Report xəbər verir ki, tədbiri ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu, Dövlət Neft Şirkəti (SOCAR), “BP-Azerbaijan”, “Kolin”, “Masdar” və “Total Energy” şirkətləri təşkil edib.

    Tədbirinin açılışında çıxış edən ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev qeyd edib ki, Bakı Yay Enerji Məktəbinin 2007-ci ildən bəri hər il keçirilməsi bu mövzunun aktuallığının göstəricisidir: “Bu sahədə lazımi təcrübəyə malik olan şəxslər buraya toplaşırlar və məktəbin populyarlığı artır”.

    “Ümumiyyətlə, Azərbaycanın neft və təbii qaz hasilatı ilə bağlı zəngin tarixi var”, - o vurğulayıb.

    Bu il yay məktəbi fərqli formatda keçiriləcək: yay məktəbinin bir hissəsi iyulun 3-14-də Bakıda, digər hissəsi isə Aktauda baş tutacaq.

  • Uşaq İncəsənət Festivalının ikinci mərhələsi başlayır

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi, "BP Azerbaijan" şirkətinin baş sponsorluğu ilə keçirilən Uşaq İncəsənət Festivalının bu gün ikinci mərhələsi başlayır.

    Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, regional mərhələ Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqədə keçiriləcək.

    Birinci mərhələdə iştirak edən şəxslər ikinci mərhələyə keçmələri, o cümlədən festivalda iştirakın müəyyən edilən vaxtı və məkanı haqqında məlumatları www.uif.az rəsmi internet portalından əldə edə bilərlər. Bunun üçün www.uif.az saytına daxil olaraq “II mərhələ” bölməsinə keçid edərək iştirakçının qeydiyyat kodunu və ya FİN nömrəsini yazmaq lazımdır.

    Festival məkanına gələrkən şəxsiyyətinizi təsdiq edən sənədi və iştirak məlumatlarınızın çap olunmuş formatını özünüzlə gətirməyiniz xahiş olunur.

  • “Mortal Kombat 2” filminin çəkilişlərinə başlanılıb

    Əfsanəvi “Mortal Kombat 2” filminin çəkilişləri başlayıb.

    AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, məşhur döyüş oyunu seriyası əsasında olan ekran əsərinin çəkilişləri Avstraliyada aparılır.

    Bu məlumatı filmin prodüseri Ceyms Van təsdiqləyib. Onun sözlərinə görə, filmin növbəti bölümü 2021-ci ildə təqdim olunan birinci hissənin hadisələrinin davamı olacaq. Ekran əsərində Sab-Ziro, Skorpion, Sonya Bleyd, Caks və Rayden daxil olmaqla izləyicilərin bir çox sevimli personajları yer alıb. Filmin diqqət mərkəzində isə “Mortal Kombat” filmi üçün xüsusi olaraq yaradılmış yeni personaj Koul Yanqdır. Koul tez bir zamanda Yer krallığını qoruyan Rayden döyüşçülərindən birinə çevrilir və filmin sonunda onun birbaşa Skorpion nəslindən olduğu məlum olur.

    Ekran əsərinin davamında ilk bölümün bir neçə döyüşçüsü, eləcə də əvvəllər görünməmiş bir çox Mortal Kombat personajlarının qayıdışı olacaq. “Mortal Kombat 2” filminin premyera tarixi hələ ki, məlum deyil.

  • Bakıdakı Rus evində BMA-nın məzununun konserti olub

    Bakıdakı Rus evində istedadlı vokalçı, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, beynəlxalq musiqi müsabiqələrinin laureatı, vaxtilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmış Anastasiya Boboviçin konserti təşkil olunub.

    Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən məlumat veriblər.

    A.Boboviç artıq uzun illərdir ki, həm Türkiyədə, həm də Rusiyada yaradıcı və pedaqoji fəaliyyət göstərir.

    Doğma şəhərə gələn A.Boboviç Bakıdakı Rus evinin dəvətini lütfkarlıqla qəbul edərək, konsertmeyster, Azərbaycan Respublikasının Əməkdar artisti İlahə Sadıxzadə ilə birgə qonaqlara gözəl musiqi axşamı ərməğan edib.

    Konsert proqramında V.A.Motsart, M.İ.Qlinka, C.Verdi, N.A.Rimski-Korsakov və digər dahi bəstəkarların əsərləri səsləndirilib.

  • “Günay Sığorta” kreditorlarına müraciət edib

    Azərbaycan Mrəkəzi Bankının iyunun 24-də lisenziyasını ləğv etdiyi “Günay Sığorta” ASC kreditlorlarına müraciət edib.

    Report bu barədə İqtisadiyyat Nazirliyi yanın Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

    Müraciətdə deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti küçəsi, ev 75 C ünvanına bildirə bilərlər.

    Xatırladaq ki, "Günay Sığorta" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 11,1 milyon manatdır. Şirkətin səhmlərinin 49,9 %-i Yeganə Şirinovaya, 28,48 %-i Mahmud Məmmədova, 21,62 %-i isə ləğv prosesində olan "Günay Bank" ASC-yə məxsusdur. Bu il mayın 16-da Bankın lisenziyası ləğv olunduqdan sonra "Günay Sığorta"nın fəaliyyətində çətinliklər yaranmışdı.

  • “Utair” Moskvadan Gəncəyə uçuşları gündəlik edib

    Bu gündən Rusiyanın “Utair” aviaşirkəti Moskvadan ("Vnukovo" beynəlxalq hava limanından) Gəncəyə uçuşları gündəlik edib.

    Report xəbər verir ki, bunu “Utair”in prezidenti Oleq Semenov bildirib.

    Onun sözlərinə görə, aviaşirkət beynəlxalq uçuş proqramını genişləndirməyə davam edir: “Bu mövsüm Surqut və Tümendən Bakıya uçuşların sayı artıq artırılıb. Bu gündən isə Moskvadan Azərbaycanın 2-ci ən çox məskunlaşmış şəhəri olan Gəncəyə gündəlik reyslər həyata keçirməyə başlayırıq”.

    Hazırda "Utair" Qroznı-Bakı, Moskva-Bakı, Samara-Bakı, Sankt-Peterburq-Bakı, Surqut-Bakı, Tümen-Bakı, Ufa-Bakı, Moskva-Gəncə, Moksva-Naxçıvan istiqamətində də reyslər yerinə yetirir.

  • Şəki növbəti dəfə “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına ev sahibliyi edəcək

    İyulun 3-dən 7-dək Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, ənənəvi festival Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşacaq.

    Bu münasibətlə Azərbaycan Bəstəkarlar İttifaqında mətbuat konfransı təşkil olunub.

    Tədbir barədə məlumat verən festivalın rəhbəri, Bəstəkarlar İttifaqının sədri Xalq artisti Firəngiz Əlizadə ənənəvi musiqi bayramının respublikamız üçün böyük əhəmiyyət daşıdığını deyib: “Biz artıq 11 festivalı böyük uğurla keçirmişik və dünyanın 40-a qədər ölkəsindən Şəki “İpək Yolu” Beynəlxalq Musiqi Festivalına məşhur kollektivlər, görkəmli musiqiçilər, musiqişünas-alimlər təşrif buyurub. Bu dəfə də müxtəlif mədəniyyətlərin füsunkar təbiət qoynunda qovuşduğu Şəkidə Azərbaycan və dünya musiqi sənətinin parlaq nümunələrindən ibarət rəngarəng konsert proqramları təqdim ediləcək. Məlum olduğu kimi, bu il Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyidir. Festivalda Heydər Əliyevin xatirəsinə ithaf olaraq Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifasında vətənpərvərlik mahnıları, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının və “Zəfər” muğam qrupunun iştirakı ilə konsert proqramları festivala xüsusi rəng qatacaq”.

    Festivalın proqramı haqqında ətraflı məlumat verən Firəngiz Əlizadə bildirib ki, festivalda ölkəmizdə musiqiçi və kollektivlərlə yanaşı, Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan ifaçılar maraqlı proqramla çıxış edəcəklər. Festivalda türk respublikalarından incəsənət ustalarının geniş şəkildə iştirakı TÜRKSOY-un yaxından dəstəyi ilə həyata keçirilir.

    Qeyd olundu ki, festivalın bağlanış mərasiminin keçiriləcəyi 7 iyul tarixi xüsusilə əlamətdardır. 2019-cu ilin 7 iyul tarixində UNESCO-nun Dünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi təşkilatın Dünya İrsi Siyahısına daxil edilib.

    Festivalın koordinatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı tədbirə hazırlıqla bağlı ətraflı məlumat verib.

    Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək festivalın ölkənin mədəni həyatında mühüm hadisələrdən biri olduğunu vurğulayıb. Bildirib ki, festivalın əks-sədası ildən-ilə daha geniş coğrafiyaya yayılır, maraq göstərənlərin sırası genişlənir.

    Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Cəlal Abbasov çıxışında “İpək Yolu” festivalının mədəni hadisə olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə olduğunu qeyd etdi.

    Qeyd edək ki, builki festivalın da zəngin proqramı var. Festivalın təntənəli açılış mərasimi iyulun 3-də Şəki şəhərindəki “Marxal” kompleksinin yay teatrında keçiriləcək. Həmin gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunacaq.

    Mətbuat konfransında adıçəkilən tamaşanın festivala hazırlanması barədə Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyev düşüncələrini bölüşüb.

    İyulun 4-də Şəki Xan sarayında “Zəfər” muğam ansamblının konserti, Yuxarı karvansarada Lianşan – İy Muxtar Vilayətinin ansamblı (ÇXR), iyulun 5-də Şəki Musiqi Kollecində şəhərin “Zirvə” folklor ansamblının çıxışı, yay teatrında Qazaxıstanın Ükili Ibıray adına Akmolin Vilayət Filarmoniyasının “Aynakol” folklor ansamblı və “Qakku” rəqs ansamblının konserti keçiriləcək. İyulun 6-da yay teatrında Safranbolu Bələdiyyəsi Xalq oyunları qrupu (Türkiyə) və Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının (Özbəkistan) konserti olacaq.

    Festivalın son günündə – iyulun 7-də isə Azərbaycan Dövlət Sərhəd Xidməti Nümunəvi Hərbi Orkestrinin (dirijor Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilov) və F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının (bədii rəhbər və baş dirijor Xalq artisti Ağaverdi Paşayev) konsertləri təqdim olunacaq.

    Xatırladaq ki, 2010-cu ildən keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı pandemiya üzündən 2020 və 2021-ci illərdə təşkil olunmadı. XI festival ötən il iyulun 7-9-da keçirilib.

  • Beynəlxalq Musiqi Festivalında “Muğam hekayətləri” təqdim olunub

    “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 24-də Azərbaycan Milli Konservatoriyasında təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, “Muğam hekayətləri” layihəsi adlandırılan konsertdə Azərbaycanın tanınmış xanəndəsi Xalq artisti Teyyub Aslanov və caz pianoçu Nicat Aslanov çıxış ediblər. Konsertdə, eyni zamanda, ifaçıları tarda Əliağa Sədiyev, kontrabasda Ruslan Hüseynov, zərb alətlərində Tofiq Cabbarov və Həsən Bilalov müşayiət ediblər. Proqramda dinləyicilərə Azərbaycan muğamlarının modern caz musiqisi ilə sintezi təqdim olunub.

    Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən xanəndə, Xalq artisti Teyyub Aslanov festival barədə öz təəssüratlarını bölüşüb: “Çox qürurvericidir ki, artıq neçə illərdir belə gözəl layihələr həyata keçirilir. Bütün təşkilatçılara, başda Heydər Əliyev Fondu olmaqla, həmçinin Mədəniyyət Nazirliyinə bu təşəbbüsə görə təşəkkürümüzü bildiririk. Festival çərçivəsində yüksək səviyyədə muğam müsabiqəsi də keçirildi. Bu gün burada muğamla cazın möhtəşəm sintezinin şahidi olacaqsınız”, - deyə T.Aslanov vurğulayıb.

    Qeyd edək ki, “Qədim Musiqi Alətləri” Dövlət Ansamblının solisti, xanəndə, Xalq artisti Teyyub Aslanov 1995-ci ildən Azərbaycan muğam üçlüyü və müxtəlif ansamblların tərkibində bir çox xarici konsert və festivallarda iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, “Muğam sənəti” kafedrasının müdiridir.

    Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin məzunu Nicat Aslanov isə istedadlı caz ifaçısıdır. O, cazın müxtəlif janrlarında maraqlı kompozisiyalar təqdim edir. İfaçının 2012-ci ildə Bakı Caz Mərkəzində ilk çıxışı olub. Eyni zamanda, bir çox yerli, eləcə də xarici konsert və festivallarda ifa edib.

    Xatırladaq ki, iyunun 18-dən başlayan “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.