Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü” adlı virtual və ənənəvi sərgi istifadəçilərə təqdim olunub.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın görkəmli şəxsiyyətlərinin Milli Ordumuzla bağlı fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr, ənənəvi sərgidə isə mövzu ilə əlaqədar kitabxananın fondunda mühafizə olunan kitablar nümayiş olunur.
Virtual sərgi ilə bu link - http://anl.az/el/vsb/ vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 26 İyun – Azərbaycan Silahlı Qüvvələr Günüdür. Azərbaycan Prezidentinin 22 may 1998-ci il tarixli qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan edilib. Azərbaycan Demokratik Respublikası hökumətinin qərarı ilə 1918-ci il iyunun 26-da ilk hərbi hissə – əlahiddə korpus yarandı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökumətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. Bunun ardınca ölkədə hərbi mükəlləfiyyət – orduya çağırış haqqında hökumət tərəfindən fərman verildi. Az bir vaxt ərzində Azərbaycanda milli ordu quruculuğunda əsaslı nəticələr əldə olundu.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mövcudluğu və şərəfli tarixi bütün ömrünü xalqının xoşbəxtliyi, azadlığı, həmçinin müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.
44 günlük Vətən müharibəsi xalqın öz ordusuna inamının, sevgisinin nümayişi, Azərbaycan hərbçisinin rəşadəti, qarşısına qoyulan bütün döyüş tapşırıqlarını şərəflə, dəqiqliklə yerinə yetirməsinin ifadəsidir.
Sabah saat 09:00-dan iyunun 27-si saat 20:00-a qədər Bakının Nəsimi rayonunun Əbdülvahab Salamzadə küçəsində (Ziya Bünyadov prospektindən "Qələbə dairəsi” istiqamətində ) tunelin ("Xutor tuneli") yuyulması işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.
Azərbaycan incəsənətinin görkəmli nümayəndələrindən olan Xalq artisti Həsən Seyidbəylinin yaradıcılığı hər zaman sənətşünasların diqqət mərkəzində olub və zaman-zaman onun sənət dünyası tədqiqat obyektinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli kino xadiminin vəfatından 42 il ötür.
Milli Azərbaycan kinosunun inkişafında xüsusi yeri olan, öz adını uğurlu filmləri ilə Azərbaycan kino salnaməsinə qızıl hərflərlə yazdıran kinorejissor, ssenarist, Xalq artisti Həsən Seyidbəyli 1920-ci il dekabrın 22-də Bakı şəhərində anadan olub. Həsən Seyidbəyli 1938-1939-cu illərdə Leninqrad Kino Mühəndisləri İnstitutunda, 1943-1951-ci illərdə Moskva Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində təhsil alıb. “Azərbaycanfilm” kinostudiyasında kinorejissor, 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləyib.
Həsən Seyidbəylinin “İmtahan”, “Qızıl axtaranlar”, “Bağlı qapılar” adlı dram əsərləri Azərbaycanda və xaricdə səhnəyə qoyulub. “Telefonçu qız” povesti, “Cəbhədən-cəbhəyə”, “Tərsanə”, “Çiçək”, romanları, “Dəniz cəsurları sevir”, “Sən nə üçün susursan” (Hər ikisi İ.Qasımovla birgə) pyeslərinin, “Uzaq sahillərdə” (İ.Qasımovla birgə) əsərinin müəllifidir. Filmləri ümumittifaq kino festivallarında mükafat və diplomlara layiq görülüb. “Bizim Cəbiş müəllim”, “Nəsimi”, “Qızmar günəş altında”, “O qızı tapın”, “Yolda əhvalat”, “Uzaq sahillərdə” (İ.Qasımovla birlikdə) və neçə-neçə gözəl filmlərin rejissoru və ssenari müəllifidir.
Kinoşünaslar da söyləyiblər ki, Həsən Seyidbəyli öz filmlərində tanınmayan, amma istedadlı insanları çəkib. “Nəsimi” filmi buna sübutdur. Baş rolu yaratmaq üçün namizədlərin sayı çox olub. Lakin Həsən Seyidbəylinin inadı və həssas duyumu yalnız Rasim Balayevə yönəlib. Gənc bir tələbənin belə bir tarixi şəxsiyyətin, böyük şairin obrazını məharətlə yaratmasına inanan Həsən Seyidbəyli həqiqətən də yanılmayıb. Müdrik və uzaqgörən insan olub. İşinə də, sənətinə də məsuliyyətlə yanaşıb. Seçimində həssas olub. Onun üçün əsas meyar istedad və yenə də istedad olub.
İctimai-siyasi xadim kimi diqqət mərkəzində olan bu şəxsiyyət tez-tez xarici ölkələrdə müxtəlif səfərlərdə olub. Hər səfərdən qayıdışı isə mətbuat səhifələrində oçerk, təəssürat, yol qeydləri kimi öz əksini tapıb. Müəllifin bu sahədəki xidmətləri təqdirəlayiqdir. “İlk tanışlıq”, “On beş gün Yaponiyada”, “Yuqoslaviya xatirələri”, “İyirmi gün Amerikada”, “Gördüyüm yerlər” adlı publisistik kitablarda məhz səfər təəssüratlarından bəhs edilib.
Həm kinorejissor, həm də yazıçı kimi mükəmməl yaradıcılığa malik olan Həsən Seyidbəyli bir neçə çağırış Azərbaycan Ali Sovetinin və Bakı Sovetinin deputatı kimi də fəaliyyət göstərib. Filmləri ümumittifaq kino festivallarında diplomlara layiq görülüb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri vəzifəsində işləmiş Həsən Seyidbəylinin yaradıcı əməyi həmişə qiymətləndirilib.
2020-ci il görkəmli kinorejissor, ssenarist, kinodramaturq, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətlə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, ölkəmizdə görkəmli sənətkarın yubileyi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib.
Görkəmli sənətkar 1980-ci il iyunun 25-də Bakıda vəfat edib.
“Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) Pakistanın Karaçi, İslamabad şəhərlərinə uçuşların həyata keçirməsinə icazə verilib.
Report xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun Pakistanın federal aviasiya naziri Xavaja Saad Rafiqlə keçirdiyi görüşdə qeyd olunub.
Bununla bağlı, Pakistan Federal Aviasiya ilə AZAL arasında kod-şerinq razılaşması əldə olunub.
Görüş zamanı iki ölkə arasında aviasiya reyslərinin artırılması barədə razılıq əldə olunub.
Pakistanın federal aviasiya naziri deyib ki, iki ölkə arasında dərin dini, mədəni və qardaşlıq əlaqələri mövcuddur, qarşılıqlı uçuşların təşviqi iki ölkə arasında turizm və ticarəti inkişaf etdirəcək.
Xatırladaq ki, AZAL hazırda Pakistanın Lahor şəhərinə birbaşa uçuşlar təşkil edir. Aviareyslər hər həftənin çərşənbə və şənbə günləri saat 14:00-da həyata keçirilir. Məlumata görə, İslamabada uçuşlar iyul ayından başlanması planlaşdırılır.
"Nar" 26 İyun - Silahlı Qüvvələr Günü ərəfəsində Azərbaycan Ordusuna mənəvi dəstək məqsədilə “N” saylı hərbi hissədə xidmət edən hərbi qulluqçularla görüş keçirib. Müdafiə Nazirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edənlər vətənpərvər əsgərlərimizi qarşıdan gələn Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib, onlara çətin və şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Vətənimizin keşiyində duran əsgərlərə Narın ehtiramını nümayiş etdirmək məqsədi daşıyan bu layihə mobil operatorun vətənpərvərlik üzrə korporativ sosial məsuliyyət xəttinin bir hissəsidir. Narın KSM istiqamətində həyata keçirdiyi lahiyələrlə nar.az/projects səhifəsindən tanış ola bilərsiniz.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar" son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
İyulun 10-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrı Şəki Dövlət Dram Teatrında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 və peşəkar milli teatrımızın 150 illiyi ilə əlaqədar "Sən elə bir zirvəsən!..." tamaşası ilə çıxış edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihənin rəhbəri teatrın direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, ssenari müəllifi Əməkdar artist Mübariz Həmidov, quruluşçu rejissoru Cavid İmamverdiyev, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanov, baletmeysteri Əməkdar artist Emin Əliyev, rejissor assistenti Afər Tağıyevadır.
Musiqili tarixi-esse kimi hazırlanan bu səhnə əsərində teatrın solistləri Əməkdar artistlər Fərid Əliyev, Səidə Şərifəliyeva, Prezident mükafatçıları Mehriban Zaliyeva, Səmədzadə Xasiyev, aktyorlar Aydan Həsənova, Hidayət Əliyev, Şaban Cəfərov, Türkel Tariqpeyma, Emin Zeynallı, həmçinin teatrın xor və balet heyətinin üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, Musiqili Teatrın bu tamaşası iyunun 19-da Gəncədə də nümayiş olunub.
Sabah saat 23:00-dan iyunun 27-si saat 06:00-a qədər Bakının Azadlıq prospektində (Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən İzzət Həmidov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Agentlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Binəqədi rayonundakı Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində təmir-bərpa işləri aparır.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Əfqanıstan və Qarabağ müharibələri veteranı, Azərbaycan Rəssamlar İttifaqının üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi Tərlan Eyvazovun fərdi sərgisinin açılış mərasimi keçirilib, həmçinin rəssamın yaradıcılığından və ictimai fəaliyyətindən bəhs edən albom-kataloqun təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Silahlı Qüvvələr Gününə həsr olunan tədbirdə Milli Məclisin deputatları, müharibə veteranları, yaradıcılıq təşkilatlarının nümayəndələri, ictimai fəallar, jurnalistlər və rəssamın həmkarları iştirak ediblər.
Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov sərgi-təqdimatı qəhrəman Azərbaycan Ordusuna, rəşadətli əsgər, gizir və zabitlərimizə tükənməz sevgi və ehtiramın ifadəsi kimi səciyyələndirib, rəssam Tərlan Eyvazovun yaradıcılığında onun şəxsən iştirakçısı olduğu müharibələrin ağrı-acılarının, həmçinin hərbi qələbələrimizə mühüm töhfələr vermiş döyüşçülərin obrazının əsas yer tutduğu bildirilib. İstedadlı rəssamın portret janrı ilə yanaşı, mənzərə, natürmort, tarixi-mifoloji və s. janrlarda da baxımlı yaradıcılıq işlərinin olduğu, onların bir qisminin sərgidə nümayiş etdirildiyi və albom-kataloqda verildiyi vurğulanıb.
Tədbirdə çıxış edən Azərbaycanın Milli Qəhrəmanları Fəxrəddin Cəbrayılov, Fariz Qəhrəmanov, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Xalq şairi Ramiz Rövşən, Əməkdar rəssam Rais Rasizadə, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu və başqaları sərgidə nümayiş olunan əsərlərin, eləcə də onların müəllifinin yaradıcılıq xüsusiyyətlərindən danışıb, müxtəlif üslubda və janrlarda yaratdığı rəngkarlıq nümunələrinin bədii-estetik səviyyəsini dəyərləndiriblər.
Tərlan Eyvazov sərginin təşkilinə və albom-kataloqun nəşrinə dəstək verənlərə, həmçinin tədbirin iştirakçılarına öz təşəkkürünü bildirib.
Sonra tədbir iştirakçıları sərgiyə baxıblar və onlara rəssamın avtoqrafı olan albom-kataloq hədiyyə edilib.
Azərbaycan Milli Kitabxananın əməkdaşları tərəfindən Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü ilə əlaqədar virtual sərgi hazırlanıb.
AZƏRTAC xəbər verir ki, virtual sərgidə mövzu ilə əlaqədar fotolar, kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə bu link - http://anl.az/el/vsb/Narkomaniyaya_qarsi_Mubarize_Gunu/index.htm vasitəsilə tanış olmaq olar.
Qeyd edək ki, 26 İyun – Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günüdür. Müasir dövrümüzdə insanlıq üçün böyük bəla olan narkomaniya bütün dünyada geniş yayılıb. Narkomaniya ilə bağlı problemləri daim ictimaiyyətin nəzarəti altında saxlamaq məqsədilə BMT iyunun 26-nı Narkomaniya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib.
Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi, narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Eyni zamanda, cinayətkarlığın artmasına səbəb olan narkotiklərin qanunsuz dövriyyəsi terrorizmin maliyyə mənbəyi olmaqla beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir. Bu baxımdan dünya dövlətləri narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə üsullarını daha da təkmilləşdirir, habelə beynəlxalq səviyyədə müvafiq nəzarət sisteminin tətbiqi sahəsində səylərini artırırlar.
Ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin əsas fəaliyyət istiqamətlərindən biridir.