Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Muğam aləmi” 6-сı Beynəlxalq Musiqi Festivalının Şuşada konsert proqramları yekunlaşıb

    İyunun 23-də “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Azərbaycanın mədəniyyət paytaxtı Şuşada müxtəlif konsert proqramları ilə davam edib.

    AZƏRTAC xəbər verir ki, Şuşanın müxtəlif məkanlarından, mədəni və qədim tarixi abidələrinin yerləşdiyi ərazilərdən muğam sədaları eşidilib. Eyni vaxtda Şuşadakı Yaradıcılıq Mərkəzinin və Xurşidbanu Natəvanın evinin qarşısında, həmçinin Bülbülün ev-muzeyində, eləcə də “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramları təqdim olunub.

    Festival çərçivəsində ilk konsert Şuşadakı Yaradıcılıq Mərkəzində təşkil olunub. Konsert proqramında tanınmış müğənnilər Nəzakət Teymurova “Bayatı-Şiraz”, Firuz Səxavət “Mahur-Hindi”, Cabir Abdullayev “Zabul-Segah” dəstgahlarını, Nuriyyə Hüseynova “Çahargah” kompozisiyasını ifa ediblər.

    Növbəti konsert proqramı Xurşidbanu Natəvanın evinin qarşısında keçirilib. Proqramda İlkin Əhmədov, Gülyaz Məmmədova, Almaz Orucova, Gülüstan Əliyeva çıxış ediblər.

    Daha sonra Bülbülün ev-muzeyində və “Qarabağ” otelinin qarşısındakı parkda konsert proqramı təşkil olunub. Proqramda sevimli ifaçılar Gülyanaq Məmmədova, Mələkxanım Əyyubova, Mənsum İbrahimov, Simarə İmanova, Qəzənfər Abbadov, Mütəllim Dəmirov, Gülnar Qüdrətli “Xudayar” təsnifi, “Bayatı-Şiraz”, “Segah”, “Mahur” və digər muğam və təsniflərimizi, xalq mahnılarımızı təqdim ediblər.

    Festival iştirakçıları, həmçinin digər ölkələrdən gəlmiş qonaqlar Şuşa şəhərində tarixi-mədəni abidələrimizlə tanış olublar. Əvvəlcə qonaqlar Şuşa qalasına ekskursiya ediblər. Sonra Üzeyir Hacıbəylinin heykəli, Xalça Muzeyi, Mir Möhsün Nəvvab Qarabağinin ev-muzeyi və Gövhər Ağa Məscidinə baş çəkiblər. Onlara Şuşada aparılan yenidənqurma işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb.

    Türkiyə Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akat AZƏRTAC-a müsahibəsində festivaldan məmnunluğunu dilə gətirib. "Şuşa bizim üçün çox önəmli və dəyərli bir yerdir. Türk mədəniyyəti paytaxtında olmaqdan qürur duyuram. Şuşa gözəl şəhərdir. Təbiəti, havası insanı valeh edir. Muğam Azərbaycan üçün çox dəyərlidir. Biz də bu günlərdə Bakıda keçirilən muğam müsabiqəsi üzrə birgə çox işlər gördük və layiqli qaliblər seçdik", - deyə A.Akat vurğulayıb.

  • Uşaq və yeniyetmələr üçün növbəti rəsm müsabiqəsi elan olunub

    “Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsi elan olunub.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini zeytunart@gmail.com ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.

    Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək!

    Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.

    Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.

  • Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin konfransında iştirak edib

    Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Avstriyanın paytaxtı Vyanada keçirilmiş konfransında iştirak edib.

    Report bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

    "Nüvə dünyasında kompüter təhlükəsizliyi: Təhlükəsizliyin mühafizəsi" mövzusunda baş tutmuş beynəlxalq tədbirdə Azərbaycan rəsmisi "Maşın öyrənməsi (ML) alqoritmləri vasitəsilə şəbəkə əsaslı müdaxilələrin aşkarlanması" adlı məruzə ilə çıxış edib.

    Azərbaycan AEBA-nın tam hüquqlu üzvüdür.

  • Bakı-Ağstafa dəmir yolu xəttində sel təhlükəsi yaranıb

    Bakı-Ağstafa dəmir yolu xəttinin Zazalı-Dəlimməmədli mənzilində sel təhlükəsi yaranıb.

    Bu barədə Report "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

    Məlumata görə, son günlər yağan güclü yağışlan sonra sel nəticəsində çaylar öz məcrasından çıxaraq dəmir yolunun ətrafına qədər çatıb. Hərəkətin təhlükəsizliyi və fasiləsizliyin təmin edilməsi üçün əraziyə xüsusi texnika və işçi qüvvə səfərbər olunub. Suyun istiqaməti dəyişdirilərək dəmir yolları sel sularından mühafizə edilib.

  • Qarabağ və Şərqi Zəngəzurda 39 avtomobil tuneli inşa edilir

    Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq yol infrastrukturu layihələrində ümumi uzunluğu 66 km-ə yaxın olan 39 avtomobil tunelinin inşası həyata keçirilir.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda ümumi uzunluğu 12 690,6 metr olan 7 avtomobil tuneli, Xudafərin-Qubadlı-Laçın avtomobil yolunda ümumi uzunluğu 2 358 metr olan 7 avtomobil tuneli, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda ümumi uzunluğu 12 032,79 metr olan 3 avtomobil tuneli, Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda ümumi uzunluğu 25 926,97 metr olan 5 avtomobil tuneli, Kəlbəcər-Laçın avtomobil yolunda ümumi uzunluğu 12 964,61 metr olan 17 avtomobil tuneli inşa edilir.

  • Növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək

    Altıncı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu 2024-cü ilin mayında Bakıda keçiriləcək.

    Report xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli iyunun 24-də BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) baş direktorunun müavini Qabriela Ramosla görüşdə bildirib.

    Nazir səfərin UNESCO ilə Azərbaycan arasında münasibətlərin inkişafına müsbət töhfə verəcəyinə inamını ifadə edib.

    Mədəniyyət sahəsində mövcud əməkdaşlıq istiqamətlərindən danışan A.Kərimli, bu çərçivədə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi” və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumlarının önəmini xüsusi qeyd edib. Qlobal pandemiya ilə əlaqədar yaranmış fasiləyə baxmayaraq növbəti – VI Forumun 2024-cü ilin may ayında Bakıda keçirilməsi üçün hazırlıq işlərinə artıq başlanıldığı qeyd edilib. Forumun ənənəvi olaraq əsas tərəfdaşlar, o cümlədən UNESCO ilə birgə təşkil edildiyini nəzərə alaraq, növbəti foruma hazırlıq prosesində də təşkilatın müvafiq töhfə verəcəyinə ümid ifadə olunub.

    Səmimi qəbula görə öz təşəkkürünü bildirən xanım Ramos, mədəniyyətlərarası dialoq sahəsində Bakıda keçirilən forumların önəmini təsdiq edib və növbəti forumda UNESCO-nun fəal iştirak edəcəyinə və dəyişən dünyamıza daha praktik həllər göstərən, müsbət fərqlər yarada bilən müzakirələrlə zəngin olacağına inandığını bildirib. Baş direktorun müavini ölkəmizin UNESCO-nun mədəniyyətlərarası dialoqa həsr olunmuş e-platformasının yaradılmasında, eləcə də, İpək Yolları proqramı çərçivəsində də təşkiilatla fəal əməkdaşlığına və proqramın 35 illiyi münasibətilə bu il keçirilən tədbirlərdə iştirakına görə xüsusi təşəkkür ifadə edilib. Azərbaycanın UNESCO çərçivəsində həyata keçirilən bir sıra layihə və proqramlarda fəallığı ilə seçildiyi təqdir olundu.

    Görüşdə digər istiqamətlər üzrə də ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin, süni intellekt və müxtəlif müasir texnologiyaların qlobal mədəniyyətə təsirləri, həmçinin bu təsirlərin etik və hüquqi tənzimlənməsi istiqamətində qlobal institusional təşəbbüslər müzakirə edilib.

    Baş direktorun müavini Azərbaycanın mədəniyyət nazirini 13 iyul tarixində keçiriləcək və sözügedən mövzuların ətraflı müzakirə ediləcəyi Neyrotexnologiyanın Etikasına dair Beynəlxalq Konfransa, həmçinin 29 noyabr tarixində San Paolada keçiriləcək İrqçilik və Diskriminasiyaya qarşı Qlobal Foruma da dəvət edib. Görüşün sonunda qonaqlarla xatirə hədiyyələri təqdim edilib.

  • Prezident Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb

    Prezident İlham Əliyev Azərbaycan Milli Kitabxanasının 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

    AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, Mədəniyyət Nazirliyinə Milli Kitabxanasının 100 illiyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirmək tapşırılıb. Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək həvalə edilib.

    Sərəncamda, həmçinin deyilir: 2023-cü ildə Azərbaycan Milli Kitabxanasının fəaliyyətə başlamasının 100 illiyi tamam olur.

    Azərbaycan Milli Kitabxanası yarandığı vaxtdan etibarən şərəfli bir yol keçmiş, qarşıya qoyulan vəzifələrin öhdəsindən həmişə layiqincə gələrək ötən müddət ərzində cəmiyyətin intellektual potensialının artırılmasında baza kimi mühüm rol oynamış, ədəbiyyat sayı milyonları keçən fondlarını müntəzəm surətdə milli və dünya əhəmiyyətli nəşrlərlə, nadir kitablar, yeni-yeni çap məhsulları və qiymətli məlumat daşıyıcıları ilə zənginləşdirməklə xalqımızın mədəniyyət xəzinəsinə çevrilmişdir.

    Özünəməxsus memarlıq üslubuna malik əzəmətli binada yerləşən Milli Kitabxana bu gün fəaliyyət dairəsini daha da genişləndirərək milli‐mənəvi sərvətlərin etibarlı şəkildə qorunması və onun gələcək nəsillərə çatdırılması istiqamətində silsilə tədbirlər gerçəkləşdirir. İşini qabaqcıl texnologiyaların tətbiqi ilə dövrün tələbləri səviyyəsində daim təkmilləşdirən Milli Kitabxana hazırda dünya kitabxanaları ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirməkdədir”.

  • Elçin Əliyev Bakının memarlığı haqqında mühazirə oxuyacaq

    Bu gün tanınmış memar, sənətşünaslıq üzrə elmlər doktoru, professor Elçin Əliyev “Bakı şəhərinin memarlığı” mövzusunda mühazirə ilə çıxış edəcək.

    Report xəbər verir ki, tədbir “Nine Senses” incəsənət mərkəzində keçiriləcək.

    Peşəkar fəaliyyəti illərində Elçin Əliyev beynəlxalq mükafatlara layiq görülmüş 70-dən çox memarlıq və dizayn layihəsini həyata keçirib.

    O, Ümumdünya Memarlıq Konqreslərinin fəal iştirakçısıdır. Onun “Konstruktivizm dövrü. XX əsrin 1920–1930-cu illərinin Bakı memarlığı” kitabı Şərqi Avropa və MDB ölkələri arasında ilin ən yaxşı çap nəşri üzrə XIV Beynəlxalq müsabiqənin I dərəcəli diplomuna layiq görülüb.

    2016-cı ildə Elçin Əliyev Bakı Memarlıq Klubunun prezidenti seçilib. 2017-ci ildə o, (yazıçı G.A.Rzayeva ilə birlikdə) “Pəncərə – mədəniyyətə baxış” İntellektual Klubunu təsis edib.

  • Xocəsən-Lökbatan avtomobil yolunun bir hissəsində hərəkət məhdudlaşdırılacaq

    İyunun 26-sı, saat 22:00-dan iyunun 27-si saat 06:00-a qədər Xocəsən–Lökbatan avtomobil yolunun 2-ci km-də yerləşən yerüstü piyada keçidində aparılan təmir-bərpa işləri ilə əlaqədar olaraq yolun sözügedən hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Agentlik sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ olaraq Bakı dairəvi avtomobil yolundan və digər yollardan istifadə etmələrini tövsiyə edib.

  • Bakı-Ağstafa qatarı Qovlar stansiyasında da dayanacaq

    İyulun 3-dən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarına Tovuz rayonunun Qovlar stansiyasında dayanacaq veriləcək.

    Report "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bunun üçün texniki tapşırıqların icrası tam yekunlaşıb.

    Bakıdan Qovlara bir istiqamətə gedişhaqqı standart yerlərdə 16 manat olacaq.

    Beləliklə, həmin tarixdən Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarları yeni qrafikə uyğun hərəkət edəcək. Belə ki, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından Ağstafaya yola düşən qatar mənzil başına saat 13:42-də çatacaq. Əks istiqamətdə saat 18:15-də Ağstafadan yola düşən qatar isə saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

    Bu il martın 18-dən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutunu Ağstafa stansiyasına qədər uzadılıb. Marşrut üzrə Bakıdan Ağstafaya kimi bir istiqamətə gedişhaqqı standart yerlərdə 17 manat, Bakı-Tovuz istiqaməti üçün 16 manat, Bakı-Gəncə istiqaməti üçün isə 15 manatdır. Biletləri vağzalların kassalarından və yaxud ADY-nin rəsmi saytından (https://ticket.ady.az/ticket-search/) onlayn əldə etmək mümkündür.