Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Kitabxanada Nigar Rəfibəylinin 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb

    Bu gün XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları tərəfindən şairin anadan olmasının 110 illiyi münasibətilə virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan virtual sərgidə şairin göz açdığı ictimai-siyasi, ədəbi mühiti ətraflı təsvir olunub.

    Gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanımın mübarizələrlə dolu şərəfli, məzmunlu həyat və yaradıcılığı haqqında məlumat verilib və qeyd edilib ki, onun əsərlərinin leytmotivini vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları, insanın mənəvi aləmi, təbiət mənzərələri təşkil edir. Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatının da xüsusi yer aldığı vurğulanıb.

    Virtual sərgidə şairin “Seçilmiş əsərləri”, “Məhəbbətim bölünmədi”, “Bahar nəğməsi” kimi kitablarının, tərcümə etdiyi Məhsəti Gəncəvinin rübailəri, Fridrix Şillerin “Pyeslər”i, Anton Pavloviç Çexovun “Seçilmiş əsərləri”nin, eləcə də haqqında yazılan kitabların, “Sevgidən doğulan poeziya”, “Nigar Rəfibəyli-incə ruhlu sənətkar”, “Poeziyamızın qoşa qanadı”, “O müqəddəs xatirələr” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

  • Kolumbiyanın məşhur radiosunda “Azərbaycan musiqisi saatı”

    Kolumbiyanın geniş dinləyici auditoriyasına malik “CyC Radio”sunun efirində ölkəmizə həsr olunmuş veriliş zamanı Azərbaycan mahnıları səsləndirilib.

    Meksikadakı səfirliyimizdən AZƏRTAC-a bildirilib ki, verilişdə Azərbaycanda ən çox sevilən musiqilər arasında yer alan 8 mahnı musiqisevərlərə təqdim olunub.

    Musiqi verilişində ölkəmizdə geniş populyarlıq qazanmış “Mən azərbaycanlıyam” (Tünzalə Ağayeva), “Atəş” (N.Kərimbəyova və C.Zeynalov), eləcə də müxtəlif illərdə ölkəmizi “Eurovision” mahnı müsabiqəsində təmsil etmiş müğənnilərin mahnıları səsləndirilib.

    Qeyd edək ki, Kolumbiyanın Hökumət radiolarından hesab olunan "CyC Radio"suna həmin ölkənin Mədəniyyət Nazirliyinin internet səhifəsi vasitəsilə də qulaq asmaq mümkündür. "CyC Radio"su Deutsche Welle, RAI Radio, Radio Nederland, REE kimi dünyaca məşhur bir sıra radiolarla əməkdaşlıq edir.

  • Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

    Bu gün Azərbaycanın Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür. XX əsr Azərbaycan poeziyasının ictimai fikir tarixində özünəməxsus yeri olan qadın şairlərimizdən biri incə ruha, zərif təbiətə malik Nigar Rəfibəylidir. Onun göz açdığı ictimai-siyasi, ədəbi mühit özünün xarakterik xüsusiyyətləri, siyasi hadisələri ilə xarakterikdir.

    AZƏRTAC xəbər verir ki, hələ gənclik illərindən cəsur, vətənpərvər olan, böyük istedada malik Nigar xanım mübarizələrlə dolu şərəfli, məzmunlu bir həyat yaşayıb.

    Nigar Xudadat qızı Rəfibəyli 1913-cü il iyunun 23-də Gəncə şəhərində anadan olub. 1930-cu ildə Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra Fəhlə-gənclər məktəbində, 1932-1936-cı illərdə isə Moskva Pedaqoji İnstitutunda təhsil alıb. O, əvvəlcə Bakı kinostudiyasında ssenari şöbəsində tərcüməçi və redaktor, 1937-1939-cu illərdə isə “Uşaqgəncnəşr”də bədii ədəbiyyat şöbəsində redaktor vəzifələrində çalışıb.

    N.Rəfibəyli ədəbiyyata 1928-ci ildə “Dan ulduzu” jurnalında dərc etdirdiyi “Çadra” şeiri ilə gəlib. Elə ilk şeirindən ədəbi mühitdə rəğbətlə qarşılanan gənc şairin şeirlər kitabı 1934-cü ildə nəşr olunub. Kitabda toplanmış yaradıcılıq nümunələrində Azərbaycan qadınlarının yeni həyat quruculuğunda iştirakından bəhs edilib.

    Nigar xanım hələ gənclik illərindən başqa xalqların inqilabi mübarizəsini, həyatlarında baş verən ictimai-siyasi prosesləri bir ziyalı vətəndaş olaraq izləyib, öz əsərlərində bu hadisələrdən bəhs edib. Onun “Dolores İbarriru” (1936) şeiri ispan xalqının faşizmə qarşı qəhrəmanlıq mübarizəsinə həsr olunub. Şairin “Cəmilə” şeirində isə Əlcəzair xalqının milli-azadlıq mübarizəsi, gələcəklə bağlı arzu və istəkləri böyük məhəbbətlə tərənnüm edilib.

    Nigar Rəfibəyli ictimai həyatda və yaradıcılıqda mübarizələrlə dolu bir ömür yaşayıb. Sözündə və əməlində qorxmaz, cəsur olan şair özünün poetik ecazı ilə Azərbaycan ədəbiyyatına gözəl, ibrətamiz əsərlər bəxş edib. Yaşadığı dövrün gerçəklikləri müxtəlif mövzularda yazdığı poetik əsərlərinin mövzusu olub. Belə ki, təbiət mənzərələri, insanın mənəvi aləmi, vətənpərvərlik, sülh, əmin-amanlıq, azadlıq ideyaları Nigar xanımın əsərlərinin leytmotivini təşkil edib. Onların arasında “İşıqlı dünyam” (1969), “Günəşdən gənclik istədim” (1974), “Həzin bir axşamda düşərsən yadıma”, “Şanlı nəsillərin yadigarısan” (1982), “Zəfər nəğməsi” (1943), “Yol xatirələri”, “Avropa ətrafında səyahət gündəliyindən” kitabları (1957) nəşr olunduğu vaxtlardan böyük oxucu marağı və sevgisi ilə qarşılanıb.

    Nigar Rəfibəyli öz yaradıcılığında uşaqları da unutmayıb, onlar üçün də poetik ilhamla, böyük sevgi ilə əsərlər yazıb. Şairin müxtəlif illərdə çap olunmuş “Balaca qəhrəman” (1942), “Günəşin cavabı” (1966), “Məstanın balaları” (1968), “Bizə bahar yaraşır” (1978) kitabları balaca oxucularının sevdiyi kitablardan olub.

    Onun bir çox şeirlərinə musiqi bəstələnib, tanınmış müğənnilər tərəfindən ifa olunub. Həyat yoldaşı Azərbaycanın Xalq şairi R.Rzaya həsr etdiyi və görkəmli müğənni Akif İslamzadənin ifasında filmotekamızın qızıl fonduna daxil edilmiş “Alagözlüm” mahnısı bu gün də hamının sevərək dinlədiyi ən gözəl əsərlərdən biridir.

    Nigar Rəfibəylinin ədəbi yaradıcılığında tərcümə ədəbiyyatı da xüsusi əhəmiyyət kəsb edib. Belə ki, şair həyatı boyu ədəbi yaradıcılığını poeziya ilə yanaşı, tərcümə sahəsində də aparıb, hər ikisində böyük sənətkarlıq nümunələri yaradıb. Onun tərcümə əsərlərinin sadəcə adlarına diqqət edəndə yaradıcılığının bu qolunda da necə bir mükəmməllik yaratdığının şahidi oluruq.

    Məhsəti Gəncəvinin rübailəri, Evripidin “İfigeniya”, Fridrix Şillerin “Məkr və məhəbbət”, Anton Pavloviç Çexovun “Vanya dayı”, “Albalı bağı” dramları, E.L.Voyniçin “Ovod”, O.Qonçarın “Bayraqdarlar” romanları, Əlişir Nəvai, Aleksandr Puşkin, Mixail Lermontov, Taras Şevçenko, Ş.Petöfi, A.Mitskeviç, A.Sereteli və başqalarının əsərləri məhz Nigar xanım Rəfibəylinin tərcüməsində Azərbaycan oxucularına təqdim olunub.

    Nigar Rəfibəyli 1981-ci ildə Bakı şəhərində vəfat edib və II Fəxri xiyabanda dəfn olunub.

    İllər, qərinələr ötəcək, Nigar Rəfibəylinin əsərləri hər zaman özünün ideya-məzmunu ilə yenə də müasir səslənəcək.

  • Məşhur ifaçı Mustafa Said musiqi ansamblı ilə Bakıda konsert verib

    “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı iyunun 22-də Beynəlxalq Muğam Mərkəzində təşkil olunub.

    Gecədə məşhur misirli ud ifaçısı Mustafa Said özünün təsis etdiyi “Asil” adlı Müasir Ərəb Klassik Musiqi Ansamblı ilə çıxış edib.

    Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Mustafa Said “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Bakıda konsert proqramı ilə çıxış etməkdən məmnunluğunu vurğulayıb. Eyni zamanda, belə bir tədbirin təşkilinə görə Heydər Əliyev Fonduna öz minnətdarlığını bildirib. O deyib: “Belə zəngin musiqi irsinə sahib bir ölkədə keçirilən “Muğam aləmi” festivalında iştirak etmək böyük şərəfdir. Təsis etdiyim musiqi ansamblı 2003-cü ildə yaranıb. Əsas məqsəd müasir ərəb musiqisini klassik ənənələrə istinad edən yeni səviyyəyə çatdırmaqdır. Ansamblla birgə poeziya, tarix, ədəbiyyat və musiqidən ilhamlanaraq bir sıra yeni kompozisiyalar yaratmışıq. Yeni perspektivlər qarşıya qoyaraq interpretasiya, vokal ənənəvilik dairəsini genişləndirir, musiqi konsepti daxilində akustik səslərin tətbiqi təcrübəsini təqdim edirik".

    Qeyd edək ki, misirli Mustafa Said musiqiçi, bəstəkar, musiqişünas, virtuoz ud ifaçısı və müğənnidir. 2019-cu ildə "Aga Khan Music Awards"un qalibi olub. O, 2009-2022-ci illərdə "AMAR Foundation for Arabic Music Archiving and Research"ın direktoru vəzifəsində çalışıb. Bu fond ərəb dünyasında ərəb musiqisinin audio arxivləşdirilməsi ilə məşğul olan yeganə təşkilatdır. Hazırda Beyrutda yaşayan Mustafa Said karyerasını klassik ərəb repertuarının bərpasına həsr edən gənc istedadlı musiqiçidir. Onun musiqiyə yanaşması XIX əsrin ikinci yarısında Aralıq Dənizi ölkələrində mövcud olan musiqi ənənələrinə söykənir. Mustafa, həmçinin klassik ərəb musiqisinin təbliği ilə əlaqədar yaranan "Rawdat Al-Balabel"ə rəhbərlik edib. Onun 4 albomu var. İfaçı haqqında akademik nəşrlər və dövri mətbuatda çoxsaylı məqalələr çap olunub, musiqisi və esseləri bir çox mükafatlara layiq görülüb, tənqidçilər tərəfindən tanınıb. Onun yaratdığı "Asil" ansamblı bir neçə albom hazırlayıb.

    Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 5-ci günündə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında festival çərçivəsində UNESCO-nun xüsusi mükafatçısı, Yunanıstanın "En Chordais" musiqi ansamblı çıxış edib.

    Ansambl Aralıq dənizinin multikultural, elmi və populyar musiqi ənənələri sahəsində fəaliyyət göstərir. Kollektiv Aralıq dənizi ölkələrinə xas olan musiqini regional yunan müasir tendensiyaları ilə uğurla uyğunlaşdırır. Ansambl dünyanın ən tanınmış musiqi səhnələrində çıxışı və məşhur musiqiçilərlə əməkdaşlığı ilə tanınır.

    Elə həmin axşam Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Hindistanın məşhur vokalisti Varijashree Venugopal, violin ifaçısı Jyotsna Srikanth, Azərbaycanlı truba ifaçısı, bəstəkar Firudin Həmidovun çıxışları olub.

    Xatırladaq ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir. Festival iyunun 25-dək davam edəcək.

  • AZAL Bakı-Bişkek-Bakı marşrutu özrə biletlərin satışına başlayıb

    İyulun 15-dən etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Qırğızıstanın paytaxtına və əks istiqamətdə reyslər həyata keçirməyə başlayacaq.

    Bu barədə Reporta AZAL-ın mətbuat xidmətindən bildirilib.

    Bakı-Bişkek marşrutu üzrə uçuşlar aviaşirkət tərəfindən həftədə bir dəfə - şənbə günləri həyata keçiriləcək.

    "Bakı-Bişkek-Bakı marşrutu üzrə reysin icra olunması Azərbaycan və Qırğızıstan arasında turizm və işgüzar səfərlər üçün sərnişinlərin imkanlarını genişləndirəcək, eyni zamanda Bakının tranzit potensialının inkişafına töhfə verəcək", - məlumatda deyilir.

    AZAL-ın reyslərinə biletləri artıq rəsmi www.azal.az saytından, həmçinin aviaşirkətin mobil tətbiqi vasitəsilə əldə etmək olar.

  • Türk Dünyasının Mədəni İrsi Konvensiyasının hazırlanmasına dair müzakirə görüşü keçirilib

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Türk dünyasına baxış - 2040” konsepsiyası çərçivəsində əsas istiqamətlərdən biri olan “Türk dünyasının mədəni irs siyahısı”nın hazırlanması ilə bağlı iş aparılmaqdadır.

    Fonddan AZƏRTAC-a bildirilib ki, qurumun təşəbbüsü ilə “Türk dünyası mədəni irs siyahısı”nın təməlini təşkil edən hüquqi mətnin hazırlanmasına başlanılıb.

    Sənədlə bağlı ilk müzakirə iclası Türk dünyasının akademik, hüquq və mədəni irs sahələrində mütəxəssislərinin iştirakı ilə onlayn keçirilib.

    Toplantıda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva görüş iştirakçılarını salamlayaraq, Fondun fəaliyyəti barədə ətraflı məlumat verib. Günay Əfəndiyeva qeyd edib ki, təşkilat tərəfindən türk mədəniyyətinin təşviqi və türk xalqlarının qədim dəyərlərinin yaşadılmasına yönəlmiş fəaliyyətlərindən biri “Türk Dünyasının Mədəni İrsi Haqqında” Konvensiyasının ilkin layihəsinin hazırlanmasıdır. O, Konvensiyanın Türk dünyasının mədəni irsinin qorunması və təbliğinə böyük töhfə verəcəyini qeyd edərək, sənədlə bağlı Fondun həyata keçirdiyi hazırlıq işlərindən, onun möhkəm hüquqi təməllər üzərində qurulmasının əhəmiyyətindən söz açıb. Günay Əfəndiyeva Konvensiyanın Türk Dünyasının Mədəni İrs Siyahısı üçün vacib hüquqi baza olduğunu qeyd edərək, sənədin hazırlanmasına dair təşkilat tərəfindən mütəmadi olaraq görüşlərin keçiriləcəyini vurğulayıb. Fondun prezidenti bu mövzu ətrafında təşkil edilən məhsuldar iclas görüşlərini Türk dünyası üçün fikir mübadilələrinə imkan yaradan mühüm platforma kimi dəyərləndirib və bu istiqamətdə başladılan işlərə töhfə verdikləri üçün görüş iştirakçılarına təşəkkürünü bildirib

    İclasda mədəni irs hüququ üzrə ekspertlər, maddi və qeyri-maddi irs üzrə ixtisaslaşmış alimlər, sualtı irsin tədqiqi ilə məşğul olan beynəlxalq təşkilat və qurumların nümayəndələri iştirak ediblər.

    Görüş iştirakçıları Konvensiyanın Türk dünyası üçün əhəmiyyəti və beynəlxalq müstəvidə rolu ilə bağlı fikirlərini səsləndiriblər. İclasın yekununda Türk Dünyasının Mədəni İrs Konvensiyasının hazırlanmasına dair növbəti görüşlərin yaxın gələcəkdə təşkili qərara alınıb.

  • Avtovağzal Kompleksi: "Əcnəbilərin Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri mümkün deyil"

    Əcnəbi vətəndaşların Bakı-Naxçıvan avtobusu ilə Naxçıvana getmələrinə qadağa qoyulub.

    Report xəbər verir ki, bu barədə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.

    Bildirilir ki, əcnəbi vətəndaşlar və Azərbaycan ərazisində oturum icazəsi olanların mövcud vəziyyətlə əlaqədar quru yolla sərhəd keçid məntəqələrindən keçidi mümkün olmadığından, onların Bakı-Naxçıvan reysilə Naxçıvana getmələri də mümkün deyil.

    "Bu səbəbdən, həmin şəxslər onlayn bilet aldıqda, bilet qaydalara uyğun olaraq geri qaytarılacaq", - məlumatda deyilir.

    Qeyd edək ki, bu qərar Azərbaycanda xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlıdır. Ölkə ərazisində xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb.

  • Bakı metrosunda bayram günlərinə olan iş qrafiki açıqlanıb

    İyun ayının 24-25-i şənbə və bazar günləri olsa da, iş günləri elan edildiyindən Bakı metropolitenində qatarların hərəkəti adi iş günü qrafiki ilə tənzimlənəcək.

    Bu barədə Reporta "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

    Açıqlamada deyilir ki, bununla əlaqədar “28 May-Həzi Aslanov” istiqamətində saat 07:00-dan 21:00-a qədər qatarların hərəkəti 2,5 dəqiqəlik intervalla tənzimlənəcək.

    “28 May” stansiyasında "qırmızı" və "yaşıl" xətlər kəsişərək birləşdiyindən “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq. “Bakmil” istiqamətində qeyd edilənləri nəzərə alaraq, iyun ayının 24 və 25-də iş günləri qrafiki qüvvədə olacaq", - məlumatda deyilir.

    Nazirlər Kabinetinin müvafiq qərarı ilə iyun ayının 26-dan iyulun 3-nə qədər ölkəmizdə qeyri-iş günləri elan edilib. Bu səbəbdən qeyd edilən müddətdə Bakı metropolitenində qatarların hərəkəti qeyri-iş günləri qrafiki ilə tənzimlənəcək. Qatarlar “28 May-Həzi Aslanov” sahəsində saat 07:00-dan 21:00-a qədər 3 dəqiqəlik intervalla hərəkət edəcək. “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində interval 2 dəfə artıq olacaq.

    Qeyd edilənləri nəzərə alaraq, sərnişinlərin “Bakmil” istiqamətində və əksinə qatarların hərəkətini qeyri-iş günləri qrafikinə uyğun nəzərə almaları xahiş olunur. Hərəkət cədvəlləri ilə "Bakı Metropoliteni"nin rəsmi saytında müvafiq bölmədə (http://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) tanış olmaq mümkündür.

    "Sərnişin axınının tənzimlənməsi məqsədilə ehtiyat qatarlar həm iş günləri, daha sonra qeyri-iş günlərinin xüsusiyyətlərinə uyğun nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. İş və istirahət günlərində "Bənövşəyi" xətdə və “Xətai-Cəfər Cabbarlı” sahəsində hərəkət edən qatarların intervalları dəyişməz olaraq qalacaq", - QSC bildirir.

  • "AzerTelecom" və "Kazakhtelecom" müqavilə imzalayıb

    “AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair Səhmdarlar müqaviləsi imzalanıb. Layihənin mühüm hissəsi olan bu müqavilə onun yekunlaşdırılması istiqamətində tərəflərin birgə səylərini və fəaliyyətlərini əks etdirir.

    Sənəd “AzerTelecom” şirkətinin daxil olduğu "NEQSOL Holding"in Telekom rəhbəri Vasil Latsaniç və “Kazakhtelecom”un İdarə Heyətinin sədri Kuanışbek Yesekeyev tərəfindən imzalanıb.

    Sənəd özündə birgə müəssisənin məqsəd və vəzifələrini, xüsusilə idarəetmə məsələlərini, eləcə də Azərbaycan-Qazaxıstan marşrutu üzrə Transxəzər Fiber-Optik Rabitə Xəttinin tikintisinə və istismarına dair müddəaları əks etdirir.

    Transxəzər Fiber-Optik Rabitə Xətti “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) layihəsinin Asiya seqmenti olaraq bağlantı xidmətlərinin göstərilməsi üçün rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında xüsusi rol oynayır.

    "NEQSOL Holding"in Telekom rəhbəri Vasil Latsaniç müqaviləni şərh edərək vurğulayıb ki, Transxəzər Fiber-Optik Rabitə Xətti regionları birləşdirərək və coğrafi sərhədləri aşaraq yüksək tutumlu məlumatların ötürülməsinə imkan verəcək.

    “AzerTelecom” və “Kazakhtelecom” arasında əməkdaşlıq yeni bazarlara çıxışın yaradılmasına, ölkələrin internetdən istifadə etməsi, eləcə də məlumatların ötürülməsi imkanlarının yaxşılaşdırılmasına öz töhfəsini verəcək. Bununla yanaşı, Xəzər dənizinin dibi ilə çəkiləcək ilk sualtı kabel marşrutunun yaradılması, bu layihəni unikal edən amillərdən biridir”, - deyə Vasil Latsaniç bildirib.

    “AzerTelecom” şirkətinin Əməliyyatlar üzrə Baş direktoru Sergey Nazarenkonun sözlərinə görə, birgə müəssisənin yaradılması regionumuzun kommunikasiya infrastrukturunun mənzərəsini dəyişəcək, eləcə də ölkələrin və bizneslərin rəqəmsal inkişafı üçün böyük imkanlara qapı açacaq maraqlı bir səyahətin yeni mərhələsidir.

    “Kazakhtelecom” şirkətinin İdarə Heyətinin sədri Kuanışbek Yessekeyev qeyd edib ki, “Kazakhtelecom” və “AzerTelecom” öz sahələrində aparıcı şirkətlər olaraq bu layihənin transformasiya potensialını yüksək qiymətləndirir və onu reallaşdırmaq üçün qüvvələrini birləşdiriblər. “Biz birlikdə Transxəzər Fiber-Optik Rabitə Xəttinin uğurlu tikintisini və istismarını təmin etmək üçün təcrübəmizi, resurslarımızı və baxışımızı birləşdirəcəyik”, - deyə o, qeyd edib.

    “AzerTelecom” Azərbaycanın aparıcı topdansatış telekommunikasiya operatorudur və "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir. "NEQSOL Holding" 9 ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərir.

    “Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

  • Görkəmli bəstəkar Fikrət Əmirov haqqında kitab - “Həyat partiturasında ustadın imzası”

    Bakı Kitab Mərkəzində etnomusiqişünas Tahirə Kərimovanın görkəmli bəstəkar Fikrət Əmirov haqqında yazdığı “Həyat partiturasında ustadın imzası” kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə qonaqları salamlayaraq, kitabla ilk tanışlığından danışıb.

    Nəşrin müəllifinin qızı, “Mədəniyyət” telekanalının direktoru Ülviyə Könül deyib ki, kitab 39 il öncə dahi bəstəkar Fikrət Əmirovun iştirakı ilə yazılıb: “Bu gün bu neçə ildən sonra kitab işıq üzü görüb. Bununla da mən həm övlad, həm də vətəndaşlıq borcumu yerinə yetirə bildim. Cəsarət edib deyə bilərəm ki, bu, ölməz bəstəkar barədə yazılan ən yaxşı əsərlərdən biridir”.

    Tahirə Kərimovanın kitabının çox gözəl nəşr olduğunu qeyd edən AMEA-nın müxbir üzvü Rəna Məmmədova-Sarabskaya deyib: “Kitabı oxuyaraq, çox zövq aldım, çünki o, çox mənalı dildə yazılıb və Fikrət Əmirovun şəxsiyyətini çox gözəl ifadə edir. Mən hər kəsə bu kitabı oxumağa tövsiyə edirəm”.

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və digərləri Fikrət Əmirovun zəngin yaradıcılıq irsindən danışıblar və təqdim olunmuş kitabın Azərbaycan musiqişünaslığına böyük töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

    Fikrət Əmirovun oğlu, məşhur caz musiqiçisi Cəmil Əmirov, kitabın müəllifinə və tədbir iştirakçılarına minnətdarlığını bildirib.

    Təqdimatın sonunda kitabın müəllifi Tahirə Kərimova bəstəkar haqqında xatirələrini bölüşüb və qonaqlar üçün kitabları imzalayıb.

    Kitab Fikrət Əmirovun həyat və yaradıcılığının tarix kontekstində dərk edilməsinə həsr olunub. Müəllifin geniş dünyagörüşü, Azərbaycan folklorunun xüsusiyyətlərini və mədəniyyətin tarixini dərindən bilməsi, eləcə də sənədlərinin və həm bəstəkarın müasirlərinin, həm də özünün xatirələrinin daxil edilməsi kitaba xüsusi dəyər verir. Nəşrdə üç üslub - bədii, elmi və publisistik üslublar məharətlə birləşdirilib ki, bu da onun oxunuşunu təkcə peşəkar musiqiçilər üçün deyil, həm də geniş oxucu kütləsi üçün valehedici edir.