Xətai Sənət Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində elan olunan “Uşaqlıq duyğularımın rəngləri” adlı şou-sərgi üçün əsər qəbulu davam edir.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə təşkil olunub.
Yaşı 18-dən yuxarı rəssam və müxtəlif peşə sahibləri təqdim edəcəyi əsər və əsərlərin fotosu ilə bərabər rəsmin adı, müəllifin soyadı, adı, təvəllüdü, peşə və əlaqə nömrəsini qeyd edərək duygular2023@gmail.com ünvanına göndərməlidir. Uşaq ikən çəkdiyiniz rəsmlə də sərgiyə qatılmaq olar.
Sərgiyə əsər qəbulu üçün son tarix oktyabrın 5-də başa çatır.
Nümayiş olunan əsərlər geri qaytarılmır. Əsəri sərgilənən müəlliflərə sertifikat təqdim ediləcək.
Azərbaycan Dövlət İnformasiya Agentliyi tərəfindən 2810 ədəd saxlama vahidi fotosənədi Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.
Təhvil verilən fotosənədlər Vətən müharibəsi zamanı Müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilmiş Zəngilan, Qubadlı, Füzuli, Ağdam və Cəbrayıl rayonunun 24 kəndini əhatə etməklə Ermənistan silahlı qüvvələrinin işğalı altında olan zaman adıçəkilən ərazilərdə vandalizm aktlarını, tarixi abidələrin dağıdılmasını, ekoloji terrorunu və s. əks etdirir.
Hazırda arxivə qəbul edilmiş sənədlərin Milli Arxiv Fonduna qəbulu rəsmiləşdirilir.
Ordubad konserv zavodu yenidən işə salınır.
Reportun yerli bürosu xəbər verir, bu barədə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev bildirib.
Onun sözlərinə görə, Ordubadın bağçılıq potensialı ənənəvi konservləşdirməni bərpa etməyə imkan verir.
Nazir deyib ki, yaxın gələcəkdə dəmiryolunun açılması ilə Naxçıvanda ən böyük ixrac məhsullarından biri də konservləşdirilmiş məhsullar olacaq: "Buna görə də Ordubad rayonunda ənənəvi konservləşdirmənin bərpasına sahibkarlar xüsusi maraq göstərirlər. Artıq müraciətlər var. İlkin yer seçimi həyata keçiriləndən sonra layihələndirmə işləri aparılacaq. Bu ilin sonlarına müəyyən addımlar atılacaq".
Qeyd olunub ki, bu layihələr Prezident İlham Əliyev tərəfindən imzalanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.
Xatırladaq ki, Ordubad konserv zavodunun məhsulları keçmiş SSRİ-nin hər yerində böyük şöhrət tapıb.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi təşkilata üzv dövlətlərin səfirlikləri ilə birgə iyunun 24-də Avropa Oyunlar Parkında “Avropa təamları” adlı kulinariya festivalı keçirəcək. AZƏRTAC xəbər verir ki, açıq havada reallaşacaq bu tədbirin məqsədi Avropa mətbəxini Azərbaycan ictimaiyyətinə tanıtmaqdır.
Avropa mətbəxi haqqında daha çox öyrənmək, kulinariya ilə bağlı ustad dərsləri və kulinariya müsabiqələrində iştirak etmək istəyən hər kəs 24 iyun saat 17:00-dan 21:00-dək Avropa Oyunlar Parkına (Su İdman Kompleksinin arxası) gələ bilər. Bolqarıstan, Çex Respublikası, Fransa, Macarıstan, İtaliya, Polşa və Rumıniya səfirlikləri qonaqları öz ölkələrinin mətbəxi ilə tanış edəcəklər.
Tədbir zamanı Aİ nümayəndəliyi tərəfindən nəşr edilmiş “Avropa Təamları” adlı kitabın təqdimatı da nəzərdə tutulur. Kitab Azərbaycan dilinə tərcümə edilmiş ənənəvi reseptlər toplusudur. Kitabı Aİ nümayəndəliyinin internet saytında elektron formatda da əldə etmək olar.
Tədbir zamanı həm də “Azeri Home Chef”in feysbuk səhifəsində tədbirdən əvvəl təşkil olunmuş Avropa xörəklərinin kulinariya müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi təşkil olunacaq. Buraya qısa siyahıya alınmış müsabiqə iştirakçılarının hazırladıqları yeməklərin nümayişi də daxildir. Festival Azərbaycan və Avropa dillərində çıxış edən yerli musiqiçilərin konserti ilə davam edəcək.
Bakıdakı Rus Evində İkinci Dünya müharibəsində həlak olanların xatirəsinə həsr olunmuş “Yaddaş” ədəbi-musiqili gecə keçirilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Robert Rojdestvenski, Rəsul Həmzətov, Bulat Okudjava və bir çox digər rus şairlərin müharibə haqqında yazdığı şeirlər Larisa Tarusovanın rəhbərliyi ilə “Günay” uşaq teatr-studiyasının şagirdləri və gənc istedadların ifasında səsləndirilib.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının vokalçısı, konsertmeysteri və məzunu Yelena Yakubovskaya müharibə illərinə aid mahnıları ifa edib.
Tədbirin sonunda Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina Azərbaycanın İkinci Dünya müharibəsindəki qələbəyə verdiyi töhfəsindən danışıb.
“Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalının 4-cü günündə Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Cadenza Orkestri (Cadenza Contemporary Orchestra) çıxış edib.
Konsertsən əvvəl AZƏRTAC-a müsahibə verən Cadenza Orkestrinin bədii rəhbəri, bəstəkar Türkər Qasımzadə bugünkü konsertin Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutduğunu qeyd edib: “Bugünkü tədbirin fokusu – Azərbaycan bəstəkarlarının əsərlərində muğam fenomenidir. Bu səbəbdən konsertin Muğam festivalı ilə xüsusi bağlılığı var. Tədbirin daha bir özəlliyə ondan ibarətdir ki, gecədə çağdaş musiqiyə üstünlük verilib. Konsertdə Aydın Əzimovun, Cavanşir Quliyevin, Tahir İbişovun, Elmin Mirzəyevin, Firudin Allahverdiyevin əsərləri səslənəcək. Gecədə milli alətlərimizlə birgə Qərbi Avropa alətlərində də ifalar olacaq”.
Kollektivin bədii rəhbəri Muğam Mərkəzinin foyesində “Abşeron illüziyaları” adlı instalyasiya təqdim edildiyini söyləyib. “Bu instalyasiya bir bəstəkarın, müəllifin təxəyyülüdür: xəyalımızdakı Abşeron necə olmalıdır və ya necə ola bilərdi? Bunu dinləyicilərimizə səs instalyasiyası şəklində təqdim etdik”, - deyə T.Qasımzadə əlavə edib.
Gecə çağdaş Azərbaycan və dünya musiqisinin sintezi üzərində qurulub. Konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Əyyub Quliyevin dirijorluğu ilə Azərbaycan bəstəkarlarının əsərləri səslənib.
Cadenza Orkestri iki istiqamət üzrə fəaliyyət göstərir: musiqi maarifçiliyi və məşhur beynəlxalq musiqi festivalları və mərkəzləri ilə yaradıcılıq əlaqələrinin yaradılması və bununla da Azərbaycan musiqisinin təbliği.
Daş Salnamə Muzeyində isə “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində özbək milli klassik musiqi ənənəsini davam etdirən müğənni və musiqiçi İlyos Arabov və Tacik dövlət ansamblının solisti, 5-ci Beynəlxalq Muğam Festivalında solo ifa nominasiyası üzrə laureat Sardor Soliyev çıxış ediblər.
Daha bir konsert Azərbaycan Milli Konservatoriyasında təqdim edilib. Səhnəyə İordaniyanın tanınmış vokalçısı Macadi Nahhas və caz pianoçusu Tural Rafael çıxıblar.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən milli muğam müsabiqələri və beynəlxalq muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Mərakeş Krallığında səfərdə olan Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli ilə Mərakeşin gənclər, mədəniyyət və kommunikasiya naziri Mohamed Mehdi Bensaid arasında görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı iki dost ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yüksələn xətlə inkişaf etdiyi vurğulanıb, xalqlar arasında əlaqələrin dərinləşdirilməsində mədəniyyətin oynadığı vacib rola istinad edilib.
Qarşılıqlı mədəniyyət günlərinin keçirilməsinin hər iki ölkənin zəngin mədəniyyətinin tanıdılması baxımından müstəsna rol oynadığı qeyd olunub, mədəniyyət təsisatları arasında təmasların daha da intensivləşdirilməsinin zəruriliyi ifadə edilib. Bu xüsusda, teatr, musiqi, opera, balet və kino sahələrində əlaqələrin daha da inkişaf etdirilə biləcəyi vurğulanıb. Eyni zamanda, bu sahədə müqavilə bazasının təkmilləşdirilməsinə xidmət edəcək əməkdaşlıq sazişlərinin imzalana biləcəyi də qeyd olunub.
Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə arasında müxtəlif sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əməkdaşlığın əhəmiyyətinə diqqət çəkilib. Görüşün sonunda qarşılıqlı səfərlərin, əlaqələrin daha da dərinləşdirilməsinə töhfə verdiyi vurğulanıb və Azərbaycan mədəniyyət nazirinin Mərakeşə səfərinin bu məqsədə xidmət edəcəyinə əminlik ifadə edilib. Öz növbəsində, Adil Kərimli mərakeşli həmkarını Azərbaycana səfərə dəvət edib.
Mədəniyyət Nazirliyinin dəstəyi və Memarlar İttifaqının təşəbbüsü ilə Nizami Kino Mərkəzində “Yaradanlar” sənədli filmi nümayiş olunub. Film Azərbaycan memarlıq sənətinin iki görkəmli nümayəndəsi Sadıq Dadaşov və Mikayıl Hüseynova həsr edilib.
AZƏRTAC xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təqdimat mərasimində ekran əsəri barədə məlumat verilib.
Tədbirdə çıxış edən filmin rejissoru Şamil Əliyev və ssenari müəllifi Natiq Rəsulzadə qeyd ediblər ki, Azərbaycanın müasir memarlığının banilərindən olan Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığından bəhs edən ekran əsəri 2020-ci ildə “Salnaməfilm” studiyasında istehsal olunub.
Ekran əsəri ilə bağlı fikirlərini bölüşən natiqlər onun çəkiliş prosesi haqqında məlumat veriblər.
Sonra “Yaradanlar” sənədli filmi nümayiş etdirilib.
Film görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun həyat və yaradıcılığı fonunda XX əsrdə kommunist ideologiyasının Azərbaycan mədəni irsinə, əxlaqına vurduğu amansız zərbənin araşdırılmasından bəhs edir. 1937-ci il repressiyasında onların qohumlarından olan ziyalıların əksəriyyəti məhv edildi. Mikayıl Hüseynov və Sadıq Dadaşov ömürlərinin bir hissəsini qorxu və mənəvi sıxıntılarla yaşamağa məcbur oldular. Filmdə o da diqqətə çatdırılır ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ziyalıları rejimin təqiblərindən qoruyaraq, onların yaşayıb-yaratması üçün qayğısını əsirgəməyib.
Qeyd edək ki, ideya müəllifi Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, professor Elbay Qasımzadə, təsvir rejissoru Rüfət Süleymanov, bəstəkarı Azər Hacıəsgərli, prodüseri Nazim Hüseynov olan film müxtəlif beynəlxalq festivallarda iştirak edərək mükafatlara layiq görülüb.
Azərbaycan poeziyasının orijinal ədəbi siması olan Xəlil Rza Ulutürk ədəbiyyatımızın görkəmli nümayəndəsi, filosof və mütəfəkkir şair, milli-demokratik hərəkatımızın yorulmaz mücahididir. O, Azərbaycan ədəbiyyatında türkçülük, azərbaycançılıq və istiqlalçılıq ideologiyasının ən yaxşı davamçılarından biridir. Xəlil Rza Ulutürk çoxlarından fərqli olaraq, poeziyada şəxsiyyətini, şəxsiyyətində isə poeziyasındakı amallarını gerçəkləşdirmiş şairlərdəndir.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq şairi Xəlil Rza Ulutürkün vəfatından 29 il ötür.
Xəlil Rzanın ilk mətbu şeiri 1948-ci ildə “Azərbaycan pioneri” qəzetində dərc olunub. 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olması, Bakı ədəbi mühiti onun yaradıcılıq imkanlarına geniş yol açıb. Universitetdə ədəbiyyatşünas alim Cəfər Xəndanın, sonralar şair Bəxtiyar Vahabzadənin rəhbərlik etdiyi ədəbi dərnəkdə, eləcə də Azərbaycan Yazıçılar Birliyində Xalq yazıçısı Mirzə İbrahimovun başçılığı ilə keçirilən “Gənclər günü” məşğələlərində fəal iştirakı Xəlil Rzanın şair kimi yetişməsinə ciddi təsir göstərib.
1954-cü ildə Azərbaycan Dövlət Universitetini bitirən Xəlil Rza əmək fəaliyyətinə “Azərbaycan qadını” jurnalında ədəbi işçi kimi başlayıb, mətbuatda çap etdirdiyi məqalə və şeirlərlə ədəbi ictimaiyyətin diqqətini cəlb edib.
1954-cü ildə Xəlil Rza SSRİ Yazıçılar İttifaqının üzvü seçilir. 1957-ci ildə onun ilk şeirlər toplusu “Bahar gəlir” kitabı nəşr olunur. 1957-ci ilin avqust ayında Azərbaycan Yazıçılar İttifaqı Xəlil Rzanı Moskvaya, M.Qorki adına Dünya Ədəbiyyat İnstitutu nəzdində olan iki illik Ali ədəbiyyat kurslarına göndərir.
Xəlil Rza institutda rus ədəbiyyatının görkəmli nümayəndəsi Pavel Antokolskinin rəhbərlik etdiyi bölmədə poeziyanın nəzəri əsaslarını öyrənməklə yanaşı, dünya xalqlarının mədəni irsi ilə də yaxından tanış olub.
1959-cu ildə Xəlil Rza Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun aspiranturasında təhsilini davam etdirib. 1984-cü ildə şairin “Ömürdən uzun küçələr” kitabı və SSRİ xalqlarının dillərindən tərcümə edilmiş poetik əsərlərdən ibarət “Qardaşlıq çələngi” adlı toplusu cəmiyyət tərəfindən Azərbaycan SSR Dövlət mükafatına təqdim olunsa da, bu fikir hakim dairələrin etirazına səbəb olub. İstedadlı şair Xəlil Rza 1985-ci ildə “Maqsud Şeyxzadənin bədii yaradıcılığı və Azərbaycan özbək ədəbi-əlaqələrinin aktual problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edir. 1986-cı ildə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ona “Əməkdar incəsənət xadimi” adı verilir.
Ötən əsrin 80-ci illərinin axırlarında xalq azadlıq hərəkatı genişləndiyi zaman Xəlil Rzanın gur səsi Azərbaycanın hər yerindən eşidilir. Xəlil Rza 1990-cı il yanvarın 26-da SSRİ Dövlət Təhlükəsizliyi əməkdaşları tərəfindən həbs edilərək Moskvaya – Lefortovo həbsxanasına göndərilib. Aramsız sorğu-sual, ağır ittiham şairin iradəsini qıra bilmir, o, zindanda da azadlıq uğrunda mübarizəsini davam etdirir. 8 ay 13 gün öz mühitindən təcrid olunmuş şair, odlu-alovlu qəlbinin işığında “Lefortovo gündəliyi”ni, 200-dən çox şeir, poema və məktubunu qələmə alır.
“1991-ci ilin mayın 6-da şair “Türk milləti mükafatı laureatı” fəxri adına layiq görülüb. Bir ildən sonra ona “Xalq şairi” fəxri adı verilib. İstiqlaliyyəti uğrunda mübarizə aparan Azərbaycanı körpə ikən beşiyində boğmağa uzanan əlləri kəsmək üçün onu müdafiəyə qalxan və bu müqəddəs amal uğrunda ölümün şəhidlik zirvəsini fəth edən igidlərdən biri də məhz milli istiqlal şairi Xəlil Rza Ulutürkün oğlu Azərbaycanın Milli Qəhrəman Təbriz Xəlilbəylidir. Qəhrəmanlıq bir neçə anın, saniyənin işi deyil, qəhrəmanlıq fərdin, şəxsiyyətin iliyində, qanında, sümüyündədir.
Vətənini, millətini canından artıq sevən, “Biz Türküstan elləriyiz, qeyrət, qüdrət selləriyik” deyən Xəlil Rza Ulutürk 1994-cü il iyunun 22-də vəfat edib və Fəxri xiyabanda dəfn olunub.
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) Azərbaycanda nüfuzlu şirkətlərin təmsil olunduğu Amerika Ticarət Palatasına (American Chamber of Commerce in Azerbaijan – qısa olaraq AmCham) üzv oldu.
AZƏRTAC xəbər verir ki, İctimai TV-nin fəaliyyətini diqqətlə izləyən, verilişlərinin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını nəzərə alan Amerika Ticarət Palatası telekanalı öz sıralarına qəbul edib. Bu işbirliyi tərəflər arasında işgüzar əlaqələrin genişləndirilməsi və palatanın digər üzvləri ilə İctimai TV-nin qarşılıqlı təcrübə mübadiləsi baxımından geniş imkanlar yaradacaq.
Qeyd edək ki, AmCham ölkəmizdə biznes maraqlarını dəstəkləyən və təşviq edən nüfuzlu iş birliyi kimi tanınır. Əsası 1996-cı ildə qoyulmuş AmCham Azərbaycan iqtisadiyyatının bütün sahələrini əhatə edən aparıcı şirkətləri özündə birləşdirir. Təşkilatın məqsədi Azərbaycanı dünyada tanıtmaq, ölkəmizdə fəaliyyət göstərən biznes qurumlarının müxtəlif yönlü sosial-iqtisadi layihələrə dəvət etməkdir. Ölkənin ən böyük və ən nüfuzlu təşkilatlarından biri olan AmCham, ən yaxşı şəbəkə imkanlarını təmin edir.