Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli professional vokal məktəbinin yaradıcısı

    Bu gün unudulmaz sənətkar Bülbülün doğum günüdür

    Ecazkar səsi ilə hamını heyran qoyan, şaqraq zəngulələri ilə bülbülləri susduran və buna görə də xalq tərəfindən Bülbül adlandırılan sənətkarın əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov olsa da, Azərbaycanda və onun hüdudlarından çox-çox uzaqlarda elə “Bülbül” kimi tanınıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan vokal məktəbinin banisi, lirik-dramatik tenor səsə malik opera müğənnisi, görkəmli xanəndə, Azərbaycan və SSRİ Xalq artisti Bülbülün anadan olmasının 126-cı ili tamam olur.

    O, Şuşada dünyaya göz açıb və bu şəhərin ab-havası, sözlü-nəğməli, muğamla nəfəs alan mühiti onun sənətkarlığı üçün bəhrəli zəmin olub. İlk təhsilini də burada mədrəsədə alıb, bir çox ustad xanəndələrin ilk musiqi biliyinə yiyələndiyi bir ocaqda – Molla İbrahimin məktəbində muğam sənətinin qanun-qaydalarını mənimsəyib. Xüsusilə görkəmli xanəndə Cabbar Qaryağdıoğlundan o, sənətin çox sirlərini öyrənib. Bülbül ilk səhnə fəaliyyətinə 1916-cı ildə Məşədi Cəmil Əmirovun Gəncədə səhnəyə qoyduğu “Seyfəlmülk” operası ilə başlayıb.

    Bülbül 1920-ci ildən Azərbaycan Opera və Balet Teatrının (o zamanlar Birləşmiş Dövlət Teatrı opera truppası idi) solisti olub. Fəaliyyətinin ilk illərində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynayıb. O, 1927-ci ildə Bakı Konservatoriyasını bitirib. Yüksək səs tembrinə, məlahətli ifa tərzinə malik müğənni təhsilini davam etdirmək üçün dövlət xətti ilə İtaliyanın Milan şəhərinə göndərilib. 1931-ci ildə Milan Konservatoriyasında Delliponti və R.Qraninin siniflərini bitirərək Vətənə dönüb və Azərbaycan Dövlət Konservatoriyasında dərs deməyə başlayıb.

    Klassik vokal sənətinə ustalıqla yiyələnmiş Bülbül milli köklərdən ayrılmayaraq, xalq musiqisi üçün səciyyəvi xüsusiyyətləri, ənənələri pozmayaraq, yeni üslub yaratmağa can atırdı. O, italyan və rus vokal məktəblərinin ən yaxşı cəhətlərini əxz edir və onları milli ifaçılıq üslubu ilə əlaqələndirirdi. Qərb və Şərq oxuma üsulları arasında qovuşma nöqtələri tapan müğənni xalq sənətkarlığı ilə professional vokal ifaçılığının vəhdətinə nail olurdu. Bununla da o, Azərbaycanda ilk olaraq, professional vokal ifaçılığının bünövrəsini qoyub. O, bunu həm nəzəri cəhətdən işləyib, həm də praktiki cəhətdən həyata keçirib. Belə ki, o, dəfələrlə bu məsələyə həsr olunmuş mühazirələrlə çıxış edib, konsertlərində isə həm ariya və romansları, həm də xalq mahnılarını və muğamları eyni şövqlə oxuyub. Azərbaycan musiqisində yeni səhifə açan Bülbülün yaradıcılığı vokal sənətinin inkişafında mühüm mərhələ olub.

    Bülbül sənətinin gücü onun geniş diapazonlu, məlahətli səsində idi. Səlis bədii diksiyaya, böyük səhnə mədəniyyətinə malik olması onun ən ümdə xüsusiyyətlərindən idi. Daim axtarışda olan, yeni zirvələrə can atan Bülbülün repertuarı çox zəngin idi. O, xarici ölkə bəstəkarlarının opera ariyalarını və romansları, Azərbaycan bəstəkarlarının vokal əsərlərini, muğamları, xalq mahnı və təsniflərini özünəməxsus üslubda, aydın tələffüzlə ifa edirdi. Klassik əsərləri bir neçə dildə ifa edən Bülbül ən çox Azərbaycan dilinə böyük fikir verirdi və həmişə deyirdi ki, “öz dilində elə oxumaq lazımdır ki, bu dili başa düşməyənlər də ondan zövq ala bilsinlər”.

    Bülbülün yaradıcılığını yüksək qiymətləndirən dahi bəstəkarımız Üzeyir Hacıbəyli qeyd edirdi ki, “Bülbül kimi musiqi təhsili alan, həm şərq üslubunda, həm də operalarda oxumağı bacaran ifaçılar musiqi sənətimiz üçün qiymətli kadrlardır”.

    Təsadüfi deyildi ki, Bülbül Üzeyir Hacıbəylinin şah əsərində – “Koroğlu” operasında baş rolun ilk, həm də ən yaxşı ifaçısı olub. Koroğlu onun yaratdığı obrazların zirvəsidir. Bu operanı Üzeyir Hacıbəyli məhz Bülbül üçün yazıb. İndi də “Koroğlu”dan söhbət düşəndə gözümüz önündə Bülbül canlanır. Burada aşıq sənəti xüsusiyyətləri ilə professional vokal ifaçılığını qovuşduran Bülbül əfsanəvi xalq qəhrəmanının monumental obrazını yarada bilib. Bununla yanaşı, Bülbül həm də digər Azərbaycan bəstəkarlarının operalarında yaddaqalan obrazlar yaradıb.

    Azərbaycan müğənnilərinin böyük bir nəslinin yetişməsində Bülbülün xidmətləri əvəzsizdir. O, görkəmli pedaqoq olub, öz təcrübəsini, sənətin sirlərini istedadlı gənclərə öyrədib. Bülbülün sinfini bitirmiş bir sıra vokalçılar hazırda teatr və kamera ifaçılığı sahəsində layiqli yer tutublar.

    Bülbül vokal sənətinin əsaslarını və öz pedaqoji prinsiplərini elmi-nəzəri və metodik cəhətdən də işləyib.

    Milli professional vokal məktəbinin yaradıcısı Bülbülün ənənələri bütün Şərq vokal sənətinə böyük təsir göstərib, müasir ifaçılarımız üçün gözəl örnəyə çevrilərək bu gün də yaşamaqdadır.

    Bülbülün musiqi tariximizdəki xidmətlərindən danışarkən, onun folklorşünaslıq sahəsindəki fəaliyyətini də qeyd etmək lazımdır. O, xalqın hafizəsində qorunan musiqi folklorumuzu toplamaq, onu bir zərgər səliqəsi ilə cilalamaq və fövqəladə bir ifa ilə xalqa qaytarmaq istəyi ilə yaşayırdı. İndi əzbər bildiyimiz bir çox xalq mahnılarına Bülbül yeni həyat verib. Bülbülün rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyasının nəzdində Elmi-Tədqiqat Musiqi Kabinetinin təşkili və burada Azərbaycan xalq musiqi incilərinin bəstəkarlarımız tərəfindən məşhur xalq sənətkarlarının ifasından nota köçürülməsi musiqi tariximizdə mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu kabinet 1932-ci ildən 1943-cü ilədək fəaliyyət göstərib, xalq musiqi nümunələrinin toplanması, sistemləşdirilməsi, nota köçürülüb çap olunması ilə məşğul olub.

    Bülbül o dövrdə konservatoriyada təhsil alan tələbələri, sonradan musiqimizi dünyaya tanıtmış bəstəkarları – Niyazi, Qara Qarayev, Cövdət Hacıyev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev və bir çox başqalarını musiqi kabinetində fəaliyyətə cəlb edib ki, bu da xalq yaradıcılığına dərindən nüfuz edən bəstəkar və musiqişünasların yetişməsində, eləcə də Azərbaycan musiqi irsinin öyrənilməsində və yayılmasında böyük rol oynayıb.

    Bülbül 1938-ci ildə SSRİ Xalq artisti adını alıb, 1940-cı ildə Azərbaycan Dövlət Konservatoriyasının professoru seçilib, 1950-ci ildən SSRİ Dövlət mükafatı laureatı adına layiq görülüb. Eyni zamanda, I və V çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə Lenin, 2 dəfə “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri, İtaliyanın “Haribaldi” ordeni və medallarla təltif olunub.

    Bülbül 1961-ci il sentyabrın 26-da Bakıda vəfat edib və Birinci Fəxri xiyabanda dəfn olunub.

    Hazırda Bakı şəhərində mərkəzi küçələrdən biri Bülbülün adını daşıyır. Onun adına Bakı Musiqi Akademiyası nəzdində musiqi məktəbi fəaliyyət göstərir.

    Bülbülün vətəni olan Şuşada xanəndənin bürünc büstü qoyulub. 1992-ci ilin may ayında Şuşanın ermənilər tərəfindən işğalından sonra bu büst (şairə Natəvanın və bəstəkar Üzeyir Hacıbəylinin büstləri ilə birlikdə) düşmən tərəfindən Gürcüstana metal kimi satılıb, sonradan Azərbaycan hökuməti tərəfindən geri alınaraq Bakıya gətirilib. 30 ilə yaxın düşmən əsarətində qalan doğma Şuşamız düşmən tapdağından azad olduqdan sonra hər üç görkəmli sənətkarın büstü yenidən Şuşaya aparılaraq orada ucaldılıb.

    1976-cı ildə Şuşada, 1982-ci ildə Bakıda Bülbülün memorial muzeyi açılıb. Şuşa azad olunduqdan bir il sonra – keçən il avqustun 29-da isə Bülbülün Azərbaycanın mədəniyyət paytaxtındakı ev-muzeyinin bərpa işlərindən sonra açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

    Ölkəmiz ikinci dəfə müstəqillik əldə etdikdən sonra bu böyük sənətkarın yaradıcılığına diqqət daha da artırılıb. Belə ki, zəngin yaradıcılıq yolu keçmiş və çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoymuş böyük sənətkar Bülbülün xatirəsi əziz tutulub, yubileyləri dövlət səviyyəsində qeyd edilib. Ulu Öndər Heydər Əliyev tərəfindən 1997-ci il avqustun 20-də “Bülbülün 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalanıb. Bülbülün 100 illik yubileyi həm xalqımız, həm də Bülbül sənətinə pərəstiş edən bir çox xalqlar tərəfindən geniş qeyd olunub. Həmin ildən başlayaraq, mütəmadi olaraq, vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsi keçirilir, bu müsabiqəyə dünyanın bir çox ölkəsindən gəlmiş vokalçılar qatılırlar.

    Prezident İlham Əliyevin “Bülbülün 110 illik yubileyinin keçirilməsi haqqında” 16 aprel 2007-ci il tarixli Sərəncamına əsasən müğənninin yubileyi dövlət səviyyəsində qeyd edilib. 2012-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə Bakıda, Bülbül prospektində Bülbülün xatirəsinə ucaldılmış abidənin açılışı olub.

    Bülbülün anadan olmasının 120 illiyi münasibətlə ölkə başçısı 2017-ci il mayın 11-də “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən hazırlanan tədbirlər planına uyğun olaraq milli musiqi mədəniyyətinin inkişafı, tədqiqi və təbliği işinə misilsiz töhfələr vermiş Xalq artisti Bülbülün yubileyi il ərzində müxtəlif tədbirlərlə geniş qeyd edilib.

    Azərbaycan mədəniyyətində özünəməxsus yeri olan Bülbül özündən sonra zəngin bir irs qoyub gedib və mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.

  • Azərbaycan və Qazaxıstan Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq edəcək

    Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstanın Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Orta Dəhlizin rəqəmsallaşdırılması üzrə əməkdaşlıq Memorandumu imzalanıb.

    Report xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.

    Xatırladaq ki, Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) 2014-cü ilin fevral ayında Azərbaycan, Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonradan layihəyə Ukrayna, Rumıniya və Polşa qoşulub. Hazırda marşrut Çin-Qazaxıstan sərhədindən başlayır və Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Avropaya qədər uzanır. Bütün marşrut boyunca vahid tarif yaradılıb, “vahid pəncərə” prinsipi tətbiq olunur.

  • Azərbaycan Qazaxıstanla turizm sahəsində əməkdaşlıq edəcək

    Azərbaycanın Dövlət Turizm Agentliyi ilə Qazaxıstanın Mədəniyyət və İdman Nazirliyi arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

    Report xəbər verir ki, sənədə Baş nazir Əli Əsədovun Bakıda rəsmi səfərdə olan Qazaxıstanın Baş naziri Alixan Smailov ilə görüşü çərçivəsində imza atılıb.

  • ICESCO və Mədəniyyət Nazirliyi arasında əməkdaşlığın inkişaf etdirilməsi məsələsi müzakirə olunub

    Mədəniyyət naziri Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktorunun dəvəti ilə Mərakeş Krallığının Rabat şəhərində səfərdədir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Adil Kərimlinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında görüş keçirilib. Görüşdə Azərbaycanın Mərakeş Krallığındakı səfiri, Azərbaycanın ICESCO yanında daimi nümayəndəsi Nazim Səmədov da iştirak edib.

    Faydalı əməkdaşlığa görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycanla təşkilat arasında əməkdaşlığın uğurlu olmasında böyük və əvəzolunmaz dəstək göstərən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirdiyini məmnunluqla ifadə edib.

    Salim bin Məhəmməd əl-Malik bu əməkdaşlığın bir çox ölkələr üçün uğurlu model ola biləcəyini vurğulayıb, təşkilatın gələcək üçün nəzərdə tutulan əsas strateji istiqamətləri, hazırda həyata keçirilən təşəbbüslər, proqramlar və layihələr barədə məlumat verib. O, innovasiya, təhsil sistemlərinin inkişaf etdirilməsinin, həmçinin birgəyaşayış və sivil dialoq dəyərlərini möhkəmləndirməyin prioritet istiqamətlərdən biri olduğunu bildirib.

    Mədəniyyət naziri Adil Kərimli ICESCO-nun Azərbaycanın təhsil, elm və mədəniyyət sahələrində strateji tərəfdaşı olduğunu, iki tərəf arasında əlaqələrin Prezident İlham Əliyev və birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva tərəfindən böyük dəstək aldığını qeyd edib. O, Mədəniyyətlərarası Dialoq Forumunda ICESCO-nun əsas tərəfdaş olduğunu qeyd edərək, gələn ilin may ayına planlaşdırılan Forum çərçivəsində də əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

    Görüşdə ölkəmizlə təşkilat arasında müxtəlif sahələrdə əməkdaşlıq, o cümlədən Bakıda ICESCO-nun Regional Ofisinin açılması, Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, ICESCO-nun tərəfdaş olduğu “Bakı Prosesi” çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi, ölkəmizin mədəniyyət nümunələrinin İslam Dünyası İrsi Siyahısına daxil edilməsi və digər məsələlər müzakirə olunub.

    Görüşdən sonra Salim əl-Malik mədəniyyət naziri Adil Kərimlininin başçılıq etdiyi nümayəndə heyətini ICESCO-nun baş qərargahında yeni yaradılmış “Peyğəmbərin yolu” muzeyi ilə tanış edib.

    Qeyd edək ki, bir neçə zaldan ibarət geniş və müasir muzeyin ekspozisiyasında Məhəmməd Peyğəmbərin həyatına, ailəsinə, həyat tərzinə, eləcə də Məkkə və Mədinə şəhərlərinə həsr olunmuş dəyərli eksponatlar, tarixi kitablar əyani və rəqəmsal formada sərgilənir.

  • Bakıdakı çimərliklərə avtobuslar işləyəcək

    İyunun 15-dən Bakı Nəqliyyat Agentliyi 101, 107, 171, 179 və 180 nömrəli müntəzəm marşrut xətlərinin hərəkət sxemlərini çimərlik ərazilərinə qədər uzadacaq.

    Bu barədə Reporta agentlikdən bildirilib.

    Məlumata görə, 101 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Türkan” çimərliyinə qədər, 107 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Buzovna” çimərliyinə qədər, 171 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Sea Breeze” istirahət mərkəzinə qədər, 179 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti “Pirşağı” çimərliyinə qədər, 180 nömrəli müntəzəm marşrutun hərəkət istiqaməti isə “Zirə” çimərliyinə qədər təşkil ediləcək.

  • Ələt-Astara-İran sərhədi magistral yolunun bir hissəsi əsaslı təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi köhnə Ələt-Astara-İran sərhədi magistral avtomobil yolunun Biləsuvar rayonundan keçən 10 kilometrlik (103-113-cü km) hissəsini əsaslı şəkildə təmir edib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, təmir çərçivəsində yolboyu deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün frezlənməsi, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələrinin qazılaraq kənarlaşdırılması, əks-dolğu işlərinin görülməsi, hamarlayıcı layın tikintisi işləri yekunlaşdırılıb və yeni asfalt-örtüyünün döşənməsi işləri icra olunub.

    Sonda yol çiyinlərinin bərkidilməsi işləri yerinə yetirilib, yolcizgi və yolgöstərici xətlər çəkilib, zəruri yol nişanları quraşdırılıb.

    Xatırladaq ki, 2-ci texniki dərəcəli sözügedən hissənin eni 15 metrdir. Bura 9 metr hərəkət hissə və hər bir istiqamət üzrə 3 metr enində çiyin hissələr daxildir.

  • Azərbaycanın mədəniyyət naziri Daşkənddə TÜRKSOY-un baş katibi ilə görüşüb

    Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

    Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Daşkənddə Adil Kərimli ilə TÜRKSOY-un baş katibi Sultan Rayev arasında ikitərəfli görüş keçirilib.

    Görüşdə TÜRKSOY-un 30 illik yubileyi münasibətilə baş katibə təbriklərini çatdıran nazir türk xalqlarının ədəbi-mədəni zənginliklərinin təbliğində təşkilatın fəaliyyətini yüksək qiymətləndirib.

    Ölkəmizlə TÜRKSOY arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirən Adil Kərimli Azərbaycanın qədim Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasına və Şuşada “paytaxt ili”nin açılış mərasimində şəxsən iştirakına görə Sultan Rayevə təşəkkürünü ifadə edib.

    Baş katib Azərbaycanın TÜRKSOY-un fəaliyyətinə verdiyi davamlı dəstəyin əhəmiyyətini vurğulayıb, “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin Azərbaycanın bu qədim şəhərinin tarixi-mədəni mirasının daha geniş miqyasda təbliği baxımından böyük fürsət olduğunu bildirib.

    Görüşdə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində nəzərdə tutulan tədbirlər və layihələr barədə fikir mübadiləsi aparılıb.

  • "Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi başlayıb

    İyunun 19-da Azərbaycan Milli Konservatoriyasında “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsinin birinci turunun ilk mərhələsi təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, Beynəlxalq Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə təşkil edilib. Müsabiqənin xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Böyük Britaniyadan tanınmış musiqi nəşri olan "Songlines" jurnalının baş redaktoru Simon Broughton, İraqdan musiqiçi, ud ifaçısı, UNESCO-nun Sülh Artisti Nasir Şamma (Naseer Shamma), Özbəkistandan "Soqdiana" Dövlət Ənənəvi Alətlər Kamera Orkestrinin yaradıcısı və dirijoru Firuzə Abdurahimova, Türkiyədən Beynəlxalq Ənənəvi Musiqi Şurasının Türkdilli Dünya Musiqisi üzrə tədqiqat qrupunun sədri Abdullah Akatdır.

    Müsabiqənin dinləmələrindən əvvəl AZƏRTAC-a müsahibə verən münsiflər heyətinin sədri, Xalq artisti Siyavuş Kərimi festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Heydər Əliyev Fondu tərəfindən təşkil olunan bu cür layihələrin Azərbaycan muğamının qorunması və təbliği istiqamətində önəmini qeyd edib.

    Beynəlxalq Muğam Müsabiqəsində Azərbaycanla yanaşı, İran, İsrail, Özbəkistan və Türkiyədən ümumilikdə 22 ifaçı iştirak edir. Birinci yer uğrunda instrumental ifaçılıq kateqoriyası üzrə 12, xanəndəlik kateqoriyası üzrə isə 10 ifaçı mübarizə aparır.

    Müsabiqədə ölkəmizi instrumental ifaçılıq kateqoriyası üzrə 5, xanəndəlik kateqoriyası üzrə isə 4 ifaçı təmsil edir. Xanəndəlik kateqoriyasında Mirəli Sarızadə, Xəyal Hüseynov, Zümrüd Məmmədova, Daşqın Kürçaylı, instrumental ifaçılıq kateqoriyasında isə Vaqif Təhməzov, Cahandar Mikayılov, Bayraməli Əliyev və Soltan Nadirov Milli Muğam Müsabiqəsində ilk 3 yeri tutmuş ifaçılardır. İnstrumental ifaçılıq kateqoriyası üzrə ölkəmizi təmsil edən digər ifaçı Anar Vəlizadə isə Milli Konservatoriyanın tələbəsidir.

    Müsabiqə üzrə ilk dinləmələr instrumental ifaçılıq kateqoriyası üzrə aparılıb. Bu kateqoriyada püşkatmada adları çıxan 6 iştirakçı - Bayraməli Əliyev, Sultan Nadirov, Vaqif Təhməzov (Azərbaycan), Zilola Ruziyeva, Jahongir Otamurodov, Shoxijohan Yoriev (Özbəkistan), xanəndəlik kateqoriyası üzrə olan püşkatmada isə 5 iştirakçı - Daşqın Kürçaylı, Zümrüd Məmmədova (Azərbaycan), Mohiçehra Şahmurotova, Ramziddin Ergashev, Dostmurod Negmurodov (Özbəkistan) öz ifalarını təqdim ediblər.

    İyunun 20-də keçiriləcək müsabiqənin birinci turunun növbəti mərhələsində isə instrumental ifaçılıq kateqoriyası üzrə digər 6, xanəndəlik üzrə 5 ifaçının dinləmələri təşkil ediləcək. Qeyd edək ki, dinləmələrdən sonra ikinci tura keçən ifaçılar arasından qaliblər seçiləcək. Müsabiqənin ikinci turu iyunun 21-də keçiriləcək.

    Festivalın iyunun 25-də Heydər Əliyev Mərkəzində keçiriləcək yekun konsertində qaliblərin mükafatlandırılması olacaq. Müsabiqənin xanəndə və instrumental ifaçılıq üzrə qaliblərini Azərbaycan, Böyük Britaniya, İraq, Özbəkistan və Türkiyədən olan beynəlxalq münsiflər heyəti seçəcək. Hər iki kateqoriyada 1-ci, 2-ci və 3-cü yerlər, eləcə də Qran-Pri üzrə mükafatlar təqdim ediləcək.

    “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

  • Heydər Əliyev Mərkəzində caz günləri başlayır

    Heydər Əliyev Mərkəzində caz günləri başlayır.

    Reportun xəbərinə görə, iyulun 3-dən 7-dək Bakıda Beynəlxalq Bakı Yay Caz Günləri keçiriləcək.

    Premier LTD agentliyinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilən caz günləri bu il Heydər Əliyev Mərkəzinin dəstəyi ilə baş tutur.

    Artıq 5-ci dəfərdir ki, təşkil edilən festival qapalı məkanlarla yanaşı, açıq havada da keçirilir. Haqlı olaraq caz şəhəri sayılan Bakı da bu mənada istisna deyil. Konsertlərin bəziləri şəhərin açıq meydançalarında təşkil edilərək geniş auditoriya üçün əlçatan olur. Bu isə festivalın əsas məqsədinə - caz musiqisini daha geniş auditoriyaya təbliğ etməyə xidmət edir.

    Digər illərdə olduğu kimi, bu il də caz günlərinin proqramı tamaşaçıları müxtəlif ölkələrdən gələn musiqiçilərin ifaları ilə sevindirəcək.

    Festivalın açılışında – iyulun 3-də Heydər Əliyev Mərkəzinin Auditorium zalında Türkiyənin məşhur gitaraçısı Önder Focan caz vokalçısı Meltem Ege ilə çıxış edəcək. Onların ifasını klassik musiqi konsertləri ilə tanınan Bakı Kamera Orkestri müşaiyət edəcək. Bu dəfə orkestr fərqli ampluada təqdim edilərək klassika və cazın bir-birinə uyğun janrlar olduğunu sübut edəcək.

    Elə həmin gün festivalın əsas konsertlərindən biri baş tutacaq. Heydər Əliyev Mərkəzində pianoçu Elçin Şirinovun israilli həmkarları ilə çıxışı olacaq. Elçin Şirinov 4 il ərzində İsrailin tanınmış “Avişai Kohen trio”sunda çalışaraq dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib. İndi isə o, israilli musiqiçilərlə yeni layihə üzərində işləyir və onun doğma şəhərində nümayişini səbirsizliklə gözləyir.

    Festivalın ulduzu və cazsevərlər üçün əsl hədiyyə isə musiqinin bu janrının korifeyi Kuinsi Consun komandasından olan, Qremmi mükafatı nominantı, məşhur caz pianoçu Alfredo Rodrigezin trio ilə dünya turnesi çərçivəsində Bakıya gəlişi olacaq. Onların çıxışları festivalın ikinci gününə - iyulun 4-nə təsadüf edir. Konsert Heydər Əliyev Mərkəzinin Auditorium zalında baş tutacaq.

    Gürcüstanı Bakı caz günlərində pianoçu, aranjimançı, Berkli Musiqi Kollecinin professoru Giorgi Mikadze təmsil edəcək. İyulun 5-də o, Heydər Əliyev Mərkəzinin parkında Fransadan olan musiqiçilər Francois Moutin və Rafael Pannierlə birgə tanınmış gürcü bəstəkarlarının caz improvizasiyalarını ifa edəcək.

    Caz bayramının yekun akkordunu iyulun 7-də Oleq Lundstrem adına Caz Orkestri vuracaq. İlk dəfə 2019-cu ildə Bakıya gələn kollektiv o vaxtdan auditoriyamızın rəğbətini qazanıb və bu dəfə də yaradıcılığı ilə dinləyicilərini sevindirəcək. Konsert Heydər Əliyev Mərkəzinin parkında baş tutacaq.

    Park ərazisindəki konsertlərə giriş sərbəstdir.

    Auditorium zalındakı konsertlərin biletlərini isə şəhərin kassaları və iTicket.az saytından əldə etmək olar.

  • ASCO və “V.Ships” əməkdaşlığın vəziyyətini və perspektivini müzakirə edib

    “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) dünyanın aparıcı gəmi idarəetmə şirkətlərindən olan “V.Ships”lə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivi ətrafında fikir mübadiləsi aparıb.

    Bu barədə Reporta ASCO-da bildirilib.

    Məlumata görə, ASCO-da şirkətin nümayəndələri ilə görüş keçirilib. Görüşdə səhmdar cəmiyyətinin sədri Rauf Vəliyev rəhbərlik etdiyi qurum haqqında qonaqlara ətraflı məlumat verib. O bildirib ki, ASCO Xəzər dənizində aparıcı gəmiçilik şirkətlərindən biri olmaqla, 165 illik tarixə və zəngin təcrübəyə malikdir.

    R.Vəliyev hazırda ASCO-nun Xəzər dənizindən kənarda da təmsil olunduğunu diqqətə çatdırıb. Bildirib ki, beynəlxalq sularda fəaliyyətin genişləndirilməsi və yükdaşımaların artırılması daim diqqətdə saxlanılır. Bu istiqamətdə ötən həftə növbəti mühüm addım atılıb. SOCAR və ASCO-nun birgə əməkdaşlığı çərçivəsində alınan üç “Aframax” tipli tankerdən birincisi - “Şuşa” tankeri istifadəyə verilib. Bununla da, milli gəmiçiliyimiz yeni tipli, daha böyük gəmi seqmentinə daxil olub.

    “V.Ships”in Baş əməliyyat direktoru Allan Falkenberg çıxışında təmsil etdiyi şirkət haqqında məlumat verib.

    Görüşdə qeyd olunub ki, ASCO və “V.Ships” uğurlu tərəfdaşlıq əlaqələrinə malikdir və bu əlaqələr davamlı inkişaf edir. Həmçinin, o da vurğulanıb ki, bu yaxınlarda ASCO-nun bir qrup əməkdaşı “V.Ships” nümayəndələri ilə görüş üçün Qlazqoda səfərdə olublar. Təcrübə mübadiləsi məqsədilə baş tutan bu səfər tərəflər arasında qarşılıqlı əməkdaşlığa böyük töhfə verib.

    Daha sonra ASCO-nun İnsan resurslarının idarəedilməsi departamentinin rəisi Sevda Məmmədova və “V.Ships”in Baş kommersiya direktoru James Muir təmsil etdikləri şirkətlərin kadr siyasəti və işə qəbul prosesi barədə geniş təqdimatlarla çıxış ediblər.

    40 ilə yaxın təcrübəyə malik olan İrlandiyanın “V.Ships” şirkəti müştərilərinə gəmilərin idarəedilməsi, gəmilər üçün texniki xidmətlər, risklərin idarəolunması, satınalma, maliyyə kimi müxtəlif sahələr üzrə xidmətlər təklif edir.