Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı metrosunun “28 May” stansiyasında eskalatorların təmirinə başlanılıb

    "Bakı Metropoliteni" QSC-nin “28 May” stansiyasının II vestibülünün 2009-cu il dekabrın 30-dan istismarda olan eskalatorlarından birinin ilk dəfə əsaslı təmirinə başlanılıb.

    Bu barədə Reporta qurumdan bildirilib.

    Məlumata görə, 150 min km-dən artıq qaçış məsafəsi olan “ET-3 M” tipli 3 saylı eskalatorun təmiri zamanı lazım olan materiallar, tərtibatlar, ehtiyat hissələri və alətlər əvvəlcədən tədarük edilib. Bununla yanaşı, stansiya və digər işçilər müvafiq təlimat keçiblər, təhlükəsizlik tədbirləri görülüb.

    Hazırda eskalator pillələri demontaj olunur, sürahi elementləri sökülür. Bu işlər başa çatdıqdan sonra dartı zənciri çıxarılaraq əyləc sisteminin elementləri, reduktor, mühərrik sökülərək təftiş olunacaq.

    Demontaj işləri tam başa çatdıqdan sonra eskalatorda fermaların səviyyəsi və digər parametrlərin ölçülməsi üzrə işlər aparılacaq. Hissələrin və qovşaqların təftişi, yoxlama və təmirindən sonra isə quraşdırma işlərinə başlanılacaq.

    İşlər sentyabrın 15-nə kimi davam edəcək. Sonrakı dövrdə qaçış məsafəsindən asılı olaraq, digər eskalatorların ilk əsaslı təmiri də planlaşdırılacaq.

  • Bakıda “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində Elmi simpozium işə başlayıb

    İyunun 20-də Bakıda “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpoziumun açılışı olub.

    AZƏRTAC xəbər verir ki, simpoziumda Azərbaycan mütəxəssisləri ilə yanaşı, ABŞ, Böyük Britaniya, Fransa, Hindistan, İsrail, Kanada, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Yaponiyadan alimlər iştirak edir.

    Simpoziumun məqsədi yeni tədqiqat istiqamətləri, maqam əsaslı musiqinin müasirləşdirilməsi, populyarlaşdırılması və qorunması üzrə məhsuldar müzakirələr üçün əlverişli mühit yaratmaqdır.

    Simpoziumun rəsmi açılış mərasimində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxış edərək Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsi olan muğam sənətinin tarixi inkişaf mərhələlərindən söhbət açıb. Bildirib ki, muğam qədim ayinlərdən qaynaqlanaraq, əsrlər boyu davam edən tədrici inkişaf və təkamül prosesindən keçərək, yetkinləşib, formalaşıb və kamilləşib. İlahi ritmlərdən doğan muğam insan qəlbinin dərinliklərindən gələn duyğuları ifadə edir və onu dinləyənlərə ruhi səviyyədə mesajlar ötürür. Muğamın ecazkar ritmləri Azərbaycan xalqının nə qədər dərin fikir dünyasına malik olduğunu göstərir. Muğam bizim milli-mədəni kimliyimizi təşkil edən genetik kodlarımızdan və bugünkü qloballaşan dünyada özünü dərketmə və özgürlüyünü qoruma vasitələrindən biridir.

    Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində Muğam mərkəzinin yaradılması” ilə bağlı 2005-ci il Sərəncamında qeyd edilir ki, muğam Azərbaycan xalqının mədəni-mənəvi irsinin möhtəşəm abidəsidir. Azərbaycan musiqisini zəngin fəlsəfi və ədəbi zəmində təşəkkül tapmış muğamsız təsəvvür etmək mümkün deyil. Klassik ədəbiyyat nümunələri ilə üzvi surətdə vəhdət təşkil edərək sintetik sənət növü kimi meydana çıxan muğamların Azərbaycan musiqisinin inkişafında rolu böyükdür.

    Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın sözləri ilə demiş olsaq: “Muğam bizim milli sərvətimizdir. Muğam Azərbaycan xalqına xas olan ən gözəl xüsusiyyətlərin daşıyıcıdır. Bu gün də muğam bir tərəfdən keçmişdən bu günə yaşayan mənəvi sərvət, digər tərəfdən isə son dərəcə çağdaş sənət kimi bütün varlığı ilə yaşamaqdadır”.

    Bildirilib ki, 2009-cu ildə Bakıda Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilati dəstəyi ilə dünyada ilk dəfə olaraq Beynəlxalq Muğam Festivalı keçirilib. O gündən "Muğam aləmi" beynəlxalq musiqi festivalı Azərbaycanın musiqi həyatında mütəmadi olaraq keçirilən Şərqin ənənəvi musiqi ifaçıları və tədqiqatçılarının qatıldığı genişmiqyaslı mədəni hadisəyə çevrilib. 2011, 2013, 2015 və 2018-ci illərdə də keçirilən festivallarda dünyanın müxtəlif ölkələrindən tanınmış musiqiçi və tədqiqatçılar iştirak edib. Festivallar çərçivəsində həm Bakıda, həm də ölkəmizin bir çox bölgələrində Azərbaycanın və xarici musiqiçilərin iştirakı ilə konsertlər keçirilib, beynəlxalq muğam müsabiqəsi, beynəlxalq elmi simpozium və ustad dərsləri təşkil olunub. Hazırda keçirilən bu ilki festivala da Türkiyə, Özbəkistan, Tacikistan, Israil, Əfqanıstan, İran, İraq, Yunanıstan, Böyük Britaniya, Mali, Hindistan, İordaniya və Misirdən musiqiçilər dəvət olunub. Əvvəlki illərdə olduğu kimi, bu il də Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə ənənəvi modal musiqinin dərinliklərini araşdırmaq üçün tanınmış alimlər bir araya gəlib.

    Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Azərbaycanın muğam sənətinin, muğamşünaslıq elminin əsas mərkəzlərindən biri olduğunu qeyd edərək bu sənətin ölkəmizdə qədim tarixi, böyük ənənələri, qüdrətli ifaçıları olduğunu, muğamın Azərbaycanda XX əsrin əvvəllərində populyarlıq qazandığını və inkişaf etməyə başladığını bildirib.

    AMEA prezidentinin sözlərinə görə, musiqi sənətinin muğam qolu haqqında Əbdülqadir Marağayi, Fətullah Şirvaninin, Mir Mövsüm Nəvvabın, Üzeyir Hacıbəylinin əsərləri və məqalələri Azərbaycanda muğam sənətinin özünəməxsus elmi əsaslarla inkişaf etdiyini, elmin muğam sənətinin təşəkkülünə böyük təsir göstərdiyini aydın şəkildə nümayiş etdirir.

    Çoxəsrlik muğam sənətinin inkişafında müstəqillik dövründəki yeni mərhələnin böyük əhəmiyyəti olduğunu qeyd edən AMEA prezidenti artıq Azərbaycanda yeni nəsil muğamşünaslıq elminin formalaşmaqda olduğunu əlavə edib. Akademik son illərdə bu sahədəki irəliləyişin təməlində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti, son onilliklərdə onun rəhbərliyi ilə həyata keçirilən əhəmiyyətli layihələrin dayandığını vurğulayıb.

    Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi olaraq keçirilən muğam müsabiqələri sayəsində artıq ölkəmizdə muğam ustadları ilə yanaşı, gənc muğam ifaçıları nəsli də yetişir. Muğamın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışılıb, həmçinin Beynəlxalq Muğam Mərkəzinin istifadəyə verilməsinin muğam sənətinin inkişafında böyük rolu olduğu bildirilib. Eyni zamanda, bugünkü tədbirin ölkəmizdə muğamşünaslıq elminin və muğam ifaçılıq sənətinin inkişafına əhəmiyyətli töhfələr verəcəyinə, muğamın dərinliklərini, tarixi köklərini, inkişaf mərhələlərini bir daha nəzərdən keçirməklə yanaşı, bundan sonrakı inkişafı üçün da əhəmiyyətli elmi-nəzəri fikirlər ortaya qoyacağına əminlik ifadə edilib.

    Azərbaycanda belə bir tədbirdə iştirakın qürurverici olduğunu söyləyən UNESCO-nun Ənənəvi Musiqi üzrə Beynəlxalq Şurasının (İCTM) prezidenti professor Svanibor Pettan tədbirin əhəmiyyətindən danışaraq təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Bildirib ki, şuranın əsas məqsədi dünyada ənənəvi musiqinin təbliği ilə məşğul olmaq, onlar arasında əlaqə yaratmaq və təcrübə mübadiləsinə xidmət etməkdir.

    İCTM-də dünyanın müxtəlif ölkəsindən alimlərin toplandığını bildirən S.Pettan deyib ki, bu elm adamlarından bir çoxu hazırda bu tədbirdə iştirak edir.

    Azərbaycanda muğam sənətinin, klassik musiqi irsinin yaşadılmasına göstərilən diqqət və qayğını yüksək qiymətləndirən natiq ölkəmizdə Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının bu irsin yaşadılması üçün keçirtdiyi tədbirlərə toxunub. Qeyd edib ki, UNESCO nəzdində Ənənəvi Musiqi üzrə Beynəlxalq Şuranın üzvləri də Bakıda bir sıra mühüm tədbirlərdə iştirak edib.

    “Bu günlərdə biz Bakıda möhtəşəm tədbirlərdə iştirak edəcəyik. Bu da bizim muğam sənətini yenidən kəşf etməyimizə, öyrənməyimizə və bu irsə yanaşmamıza yaxşı mənada müsbət təsir edəcək”, - deyə S.Pettan söyləyib.

    Sonra çıxış edən Şaşmakom Beynəlxalq Musiqi Festivalının prezidenti, Özbəkistan və ABŞ-ın ictimai-xadimi, musiqişünas, publisist və jurnalist Rafael Nektalov muğamın bütün dünyanı fəth etmək gücünə malik olduğunu bildirib. O, muğam sənətinin əksər ölkələrdə böyük marağa səbəb olduğunu diqqətə çatdırıb.

    Rafael Nektalov Azərbaycan muğamının, özbək-tacik şaşmakomunun ümumi bir kökdən qidalanaraq, ümumilikdə Şərq musiqisinin bünövrəsini təşkil etdiyini vurğulayıb, eyni zamanda, bunların hər birinin özünəməxsus inkişaf tarixi, ifaçılıq üslub xüsusiyyətləri olduğunu qeyd edib.

    Daha sonra simpoziumun plenar sessiyasında britaniyalı alimlər Maykl Çörçin “Dəyərli musiqi ənənələri təhlükə altında”, Reyçel Harrisin “Məqamın coğrafiyası: məqamın öyrənilməsi və təcrübəsinə yeni yanaşmalar”, azərbaycanlı alim Sənubər Bağırovanın “Azərbaycan musiqisində muğam konsepsiyasına dair”, fransız etno-musiqişünası Jan Dürinqin “Paris İnsan Muzeyində səs yazılarının etnomusiqi arxivi. Minlərlə material açıq mənbələrdə” mövzularında məruzələri dinlənilib.

    Günün ikinci yarısında “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium “Çağdaş muğam ifaçılığı: ənənə ilə müasirlik arasında”, “Azərbaycan muğamının tədqiqi problemləri” və “Yeni tədqiqatlar və tədqiqat metodları” sessiyaları ilə davam edib. Sessiyalarda Azərbaycan, Fransa, Böyük Britaniya, Tacikistan, Türkiyə və Kanadadan olan alimlər məruzələrlə çıxış ediblər.

    Simpoziumun bu il təklif olunan elmi gündəliyi əvvəlkilərin proqramlarından fərqli idi. Burada çıxışların mövzusu bir sıra problemləri əhatə edən aşağıdakı istiqamətdə aydın şəkildə müəyyən edilib: Müasir mərhələdə məqam ənənələrinin tədrisi; Müasir dövrdə, yeni sosial-mədəni çağırışlar müstəvisində ənənəvi məqam musiqisinin ifası, qavranılması məsələləri; XX əsrdə və cari vaxtda məqam musiqi janrlarının formalaşması və sonrakı təkamülü tarixi; Məqam musiqi irsinin toplanılması, arxivləşdirilməsi və yayılma siyasəti. Bütün bu istiqamətlər simpozium iştirakçılarına yeni araşdırmalarını və ya məqam musiqisi ilə bağlı yeni tədqiqat metodlarını bölüşmək imkanı verir.

    Simpoziumda bir çox çıxışlar əyani nümunələrlə təqdim olunub.

    Qeyd edək ki, “Muğam aləmi” 6-cı Beynəlxalq Musiqi Festivalı çərçivəsində keçirilən Elmi simpozium iyunun 22-dək davam edəcək.

  • Çexiya Ələt Azad İqtisadi Zonası ilə əməkdaşlıq edilə bilər

    Çexiya Ələt Azad İqtisadi Zonası çərçivəsində Azərbaycanla əməkdaşlıq edilə bilər.

    Report İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini, Azərbaycan Respublikası Hökuməti ilə Çex Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın həmsədri Sahib Məmmədov Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik ilə görüşdə deyib.

    İqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi üçün potensialını diqqətə çatdıran nazir müavini Azərbaycan-Çexiya Qarışıq Komissiyasının bu baxımdan faydalı platforma olduğunu qeyd edib. Bu ilin mart ayında Komissiyanın Praqada keçirilən 5-ci iclası çərçivəsində təşkil edilmiş biznes konfrans və çex şirkətlərinin rəhbərləri ilə aparılmış müzakirələr işgüzar dialoqun inkişafına töhfə verib.

    Bildirilib ki, ölkələr arasında investisiya, ticarət, sənaye, innovasiya, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar var. Bunlarla yanaşı, çex şirkətləri ilə Azərbaycanda mövcud olan sənaye zonaları çərçivəsində əməkdaşlıq edilə bilər.

    Yan Kubik Azərbaycan-Çexiya faydalı əməkdaşlığını qeyd edərək, əlaqələrin genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb. Dostluq qrupunun rəhbəri sənaye, o cümlədən avtomobil sənayesi, nəqliyyat-tranzit və digər istiqamətlərdə tərəfdaşlıq üçün geniş imkanları diqqətə çatdırıb. Çexiyada Azərbaycanla əməkdaşlıqda maraqlı olan şirkətlərin fəaliyyət istiqamətləri barədə danışıb.

    Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib, Çexiya şirkətləri Azərbaycana, o cümlədən Qarabağa investisiya yatırmağa dəvət edilib.

  • AZAL: "Bakı-Naxçıvan reyslərinə tələbat tam ödənilir"

    "Azərbaycan Hava Yolları" QSC (AZAL) Bakı və Naxçıvan arasında reyslərə sərnişinlərin tələbatını tam ödəyir.

    Bu barədə Reporta AZAL-dan bildirilib.

    "Tam əminliklə bildirik ki, bu istiqamətdə heç bir sərnişin aviabiletsiz qalmayıb. Əks təqdirdə sərnişinlərdən AZAL-ın callcenter@azal.az elektron ünvanı vasitəsilə müraciət etmələrini xahiş edirik. Bakı-Naxçıvan-Bakı marşrutu üzrə səyahət etməyi planlaşdıran bütün sərnişinlər aviabiletlə təmin olunacaqlar.

    Aviadaşımalar mövsümündə yüksək tələbatı nəzərə alaraq, aviaşirkət bu istiqamətdə hər gün 8-10 uçuş yerinə yetirir və gündəlik 2 minə yaxın sərnişin daşıyır. Hazırda sərnişinlər bu istiqamətdə aviabiletləri həm onlayn, həm də aviaşirkətin rəsmi kassalarında rəsmiləşdirə bilirlər.

    Lakin mövcud narahatlığı nəzərə alaraq, yaxın zamanda biletlərin satışı aviaşirkətin rəsmi www.azal.az saytı üzərindən tam onlayn şəkildə həyata keçiriləcək. Onlayn satışa keçidin dəqiq tarixi ictimaiyyətə açıqlanacaq.

    Hazırda aviabiletlərin dəyəri Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətləri üzrə aviabiletin qiyməti Azərbaycan vətəndaşları üçün 60 manat, xarici vətəndaşlar üçün 70 manatdır. Xüsusi kateqoriyadan olan şəxslərə isə 10 manat məbləğində güzəşt tətbiq olunur. Sərnişinlərdən mümkün fırıldaqçılıq hallarının qarşısını almaq üçün diqqətli olmalarını xahiş edirik", - deyə məlumatda qeyd olunub.

  • Xalq rəssamı Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomu təqdim edilib

    Diasporla İş üzrə Dövlət Komitəsində Almaniyanın Koblents şəhərində yaşayan Azərbaycanın Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvü, UNESCO Rəssamlar Federasiyasının üzvü, Avropada Azərbaycan Milli Xadimləri Assosiasiyasının sədri, Beynəlxalq “Sülh səfiri” Əşrəf Heybətovun “Bizim Şuşa” adlı albomunun təqdimat mərasimi keçirilib. “Bizim Şuşa” albomu Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə nəşr olunub.

    Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, yerli ictimaiyyətin tanınmış simalarının, Komitənin əməkdaşlarının və diasporumuzun Bakıda səfərdə olan fəallarının iştirak etdikləri tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Sonra Əşrəf Heybətovun yaradıcılığından bəhs edən videoçarx nümayiş etdirilib.

    Tədbir iştirakçılarını salamlayan Komitə sədrinin birinci müavini Valeh Hacıyev xalq rəssamının həyat və fəaliyyətindən danışıb. Onun Almaniyadakı diaspor quruculuğunda fəal iştirakından, Komitə ilə əməkdaşlığından və həyata keçirilən birgə layihələrdən söz açıb.

    Tədbirdə kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akdemiyasının professoru Fuad Məmmədov, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Kübra Əliyeva, AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini dosent Tofiq Nəcəfli, Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Azərbaycanın Əməkdar artisti, bəstəkar-müğənni Elza Seyidcahan və başqaları çıxış ediblər.

    Qonaqlar Azərbaycan ziyalılarının dəyərli təmsilçilərindən biri olan rəssamı “Bizim Şuşa” albomunun nəşr olunması münasibətilə təbrik ediblər. Qeyd olunub ki, tarixi vətənindən kənarda yaşamasına baxmayaraq, dünya şöhrətli rəssamın ürəyi hər zaman Azərbaycanla döyünür, o, ölkəmizin həqiqətlərini, zəngin mədəniyyətini fırçası vasitəsilə təbliğ edir. Onun yaradıcılığını, xalqımıza, vətənimizə, işğaldan azad edilmiş Qarabağa, Şuşaya vurğunluğunu, vətənpərvərliyini və şəxsi insani keyfiyyətlərini yüksək qiymətləndirən natiqlər bütün bu amillərin “Bizim Şuşa” albomunda da əks edildiyini vurğulayıblar.

    Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun Qarabağı işğaldan azad etməsinin bütün xalqımızı, o cümlədən yaradıcı insanları ürəkdən sevindirdiyi yada salınıb. Hazırda Qarabağda və mədəniyyət paytaxtımız Şuşada irimiqyaslı bərpa-quruculuq işlərinin aparılmasının, “Böyük Qayıdış” proqramının icrasına başlanılması qürurunun yaşandığının və bu məqamların böyük əsərlərlə ifadə olunacağına əminlik bildirilib. “Bizim Şuşa” albomu buna bariz nümunə kimi göstərilib.

    Əşrəf Heybətov təqdimat mərasiminin təşkilinə və xoş sözlərə görə Komitəyə və tədbir iştirakçılarına minnətdarlığını ifadə edib. “Bizim Şuşa” albomunun yaranması ideyası və albom üzərində işi barədə ətraflı məlumat verib.

  • “Kitabsevər uşaqlar” yutub kanalı fəaliyyətini davam etdirir

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası “Kitabsevər uşaqlar” yutub kanalına və eyniadlı feysbuk səhifəsinə informasiya və təşkilati dəstək göstərir.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyinin əmrinə əsasən sosial şəbəkələrdə uşaq ədəbiyyatının təbliği məqsədilə nazirliyin dəstəyi və UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşəbbüsü ilə 2016-cı ildə yaradılmış "Kitabsevər uşaqlar" yutub kanalı və feysbuk səhifəsi fəaliyyət göstərir.

    Layihənin rəhbəri Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, Fəxri mədəniyyət işçisi Lətifə Məmmədovadır. “Kitabsevər uşaqlar” yutub kanalının inzibatçısı Şəki şəhər Mərkəzi Kitabxanasının Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsinin müdiri Arifə Rzayevadır.

    Kanalın 1368 abunəçisi var. “Kitabsevər uşaqlar” multimedia kanalında nağıllardan, atalar sözlərindən, tapmacalardan, uşaq şair və yazıçılarının hekayə və şeirlərindən hazırlandığı videoçarxlar və “Sehrli dünya” jurnalının hazırladığı uşaq nağılları və cizgi filmləri yayımlanır. Paylaşılan videolar Azərbaycan və dünyanın 49 ölkəsindən izlənilir və bəyənilir (Türkiyə, Almaniya, Rusiya, Albaniya, ABŞ, Braziliya, Qazaxıstan, Avstriya, Rumıniya, Tailand, Misir, İtaliya, Kipr, Şimali Makedoniya, Böyük Britaniya və s.)

  • İçərişəhərdə “Vahid məlumatlandırma xidməti” istifadəyə verilib

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İçərişəhər və Qala Qoruqlarının sakin və sahibkarları ilə aparılan işlərin təkmilləşdirilməsi məqsədilə “Vahid məlumatlandırma xidməti”ni (VMX) istifadəyə verib.

    Qoruğu İdarəsindən AZƏRTAC-a bildirilib ki, İçərişəhər UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olmaqla bərabər, eyni zamanda yaşayan bir şəhərdir. Bu səbəbdən də VMX tarixi qoruqlarda baş verənlər haqqında sakin və sahibkarları zamanında rəqəmsal şəkildə məlumatlandırmaq üçün hazırlanıb.

    Məlumat üçün bildiririk ki, “Vahid məlumatlandırma xidməti” sakin və sahibkarlar üçün ödənişsiz əsasda təqdim edilir.

  • Mədəniyyət naziri Adil Kərimli Özbəkistanda TÜRKSOY-un 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir

    Azərbaycan Respublikası mədəniyyət naziri Adil Kərimli Özbəkistanın paytaxtı Daşkənddə keçirilən TÜRKSOY Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının 30 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edir.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Nazir Adil Kərimli əvvəlcə Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyində keçirilən “Türk dünyası” adlı sərgisinin açılışında iştirak edib.

    Sərginin açılışında Özbəkistan Mədəniyyət naziri Ozodbek Nazarbekov çıxış edərək ölkəsinin Türk mədəniyyətinə verdiyi töhfələr, Özbəkistanın TÜRKSOY-un layihələrində iştirakı haqqında fikirlərini bölüşüb və təşkilatın əhəmiyyətindən danışıb.

    TÜRKSOY-un baş katibi Sultan Rayev Özbəkistanda keçirilən tədbirlər, təşkilatın 30 illik yubileyi, həyata keçirilən işlər və gələcəkdə Türk mədəniyyətinin təbliğinə dair reallaşdırılacaq layihələr haqqında məlumat verib.

    Sonra qonaqlar Özbəkistan Dövlət Tətbiqi Sənət Muzeyi, onun stendləri, müxtəlif guşələri ilə tanış olublar.

    Muzeyin həyətində açıq havada TÜRKSOY üzv dövlətləri ilə reallaşdırılan layihələrə dair fotosərgi təqdim edilib və hər bir ölkənin milli mətbəxinə dair stendə baxış keçirilib.

    Milli mətbəx sərgisində Özbəkistan, Azərbaycan, Qırğızıstan, Türkiyə, Qazaxıstan və Türkmənistanın mətbəxinə aid yeməklər təqdim olunub.

  • Bu gün Xalq artisti Möhsün Sənaninin doğum günüdür

    Həyatının 50 ilini Azərbaycan teatr sənətinə həsr edən Möhsün Sənani səhnəmizin görkəmli və məşhur artistlərindən biridir. Onun adı gələndə hər kəsin üzündə sevinc duyulur, təbəssüm görünür. Aktyorun repertuarı zəngin və mürəkkəbdir. Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, gənc nəslə daim qayğı ilə yanaşması olub. Sənani aktyora çox vacib olan hər cür qabiliyyətə - oxumaq, oynamaq, çalmaq bacarığına malik idi. “Sənani” onun təxəllüsüdür. Onun əsl soyadı Cəfərovdur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan teatr və kinosunun korifey sənətkarı, Xalq artisti Möhsün Sənaninin anadan olmasından 123 il ötür.

    Möhsün Sənani Cəfərov 1900-cü ildə Tiflisin “Şeytanbazar” məhəlləsində ruhani ailəsində anadan olub. O, 4-5 yaşında ikən ata-anasını itirib, nənəsinin himayəsində qalıb. 1906-cı ildə nənəsi Möhsünü mədrəsəyə qoyur. Nənəsinin məqsədi Möhsünü mollalığa hazırlamaq və gələcəkdə onu atası kimi mərsiyəxan eləmək idi. Lakin Möhsün nə mədrəsəni oxuyub başa çatdıra bilir, nə də ki, nənəsinin arzusu yerinə yetir. 1908-ci ildə nənəsi vəfat edir, xalası molla Zinyət onu öz himayəsinə götürür. Molla Zinyət respublikanın Xalq artisti Əli Qurbanovun anasıdır.

    Molla Zinyət Möhsünü öz uşaqlarından çox istəyir. O, Sənaninin oxuması ilə şəxsən özü məşğul olur. Ancaq Zinyət xanımın da vəziyyəti yaxşı deyildi. Onun özünün ailə üzvləri də çox idi. Buna baxmayaraq, Zinyət Möhsünü də, onun bacısını da doğma övladı kimi saxlayır. Kiçik yaşlı Möhsün özünün və bacısının xalasına bir yük olduğundan xəcalət çəkir. Odur ki, 1909-cu ildən işləməli olur. O, “Şeytanbazar” da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşır.

    Səhnə həvəsi Sənanidə yeniyetmə yaşlarından baş qaldırıb. O, yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarına böyük həvəslə baxırdı. Möhsün həm teatr aktyorlarının oyununa, həm də meydanlarda oxuyan dərvişlərin səsinə fikir verir və onları təqlid edir. Bu minvalla özünün oxumaq qabiliyyətini inkişaf etdirir. 1911-ci ildə Möhsün birinci dəfə geniş izdiham qarşısına çıxır. Böyük həyəcan keçirsə də, onun çıxışı dinləyicilərə, tamaşaçılara dərin təsir bağışlayır. Möhsün 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəklərdə birpərdəli povestlərdə sınamağa başlayır. Möhsünün ilk rejissoru “Tiflis müsəlman artistləri dəstəsinin müqtədir komik aktyoru Mirzəxan Quliyev olmuşdur”. Beləliklə, Mirzəxan Quliyev və Möhsünə tamaşa edən Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi Tiflis aktyorları, onun istedadına ümid edirlər. Bu ümid Möhsünün səhnəyə olan eşqini daha da artırır. Möhsünün bu sənətinə paxıllıq edən və onun həvəsini söndürmək istəyənlər atası Molla Sadığın dostları idi. Bununla belə, Möhsünü sevənlər çox idi. İşsiz qalmış Möhsünü yaxın bir gürcü dostunun atası "Vano dayı" tramvay parkında qulluğa düzəldir. O, burada aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasının da vəziyyətini yüngülləşdirirdi.

    Dövrünün ziyalı və tanınmış adamları Tiflisdə yaradılmış bu teatr dərnək və cəmiyyətlərinə yardım olaraq tez-tez müşavirələr keçirərdilər. Belə müşavirələr Mustafa Mərdanovun atası Hacı Həşim Mərdanovun bəzzaz dükanında olurdu.

    Gürcüstanın mütərəqqi fikirli xadimləri və maarifpərvər azərbaycanlı ziyalılar bu teatra və aktyorlara bina xərclərini ödəmək və tamaşaları təşkil etmək işində səmərəli yardım göstərirdilər. Nəriman Nərimanov, Əli Tağızadə, Əşrəf Yüzbaşiyev, Həsənbəy Zərdabi, Üzeyir Hacıbəyli və Mərdanov qardaşları teatr sənətinin tərəfdarları və təbliğatçıları olub.

    1915-ci ildə M.Sənani, Mirzəli Abbasov, Mirseyfəddin Kirmanşahlı, Mirzəxan Quliyev, Mustafa Mərdanov və b. Tiflis truppasına cəlb edilirlər. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış “Kaveyi-Ahəngər” tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün peşələrdən əl çəkir, ancaq aktyorluqla məşğul olur. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Bunlardan Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və b. adını çəkə bilərik. Möhsün Sənani onların arasında ən gənc aktyor idi.

    Gənc olmasına baxmayaraq, az bir zaman içərisində ona Heydər bəy, Süleyman bəy, Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rollar tapşırılıb. Həmin rollar Sənaninin aktyorluğunda bir sıçrayış yaradır, ona həqiqi aktyor şöhrəti qazandırır. M.Sənani 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışır, 1921-ci ildən Bakının teatr səhnələrində parlamağa başlayır. O, nəinki teatrda, eləcə də kino sənətində də çox yadda qalan, təkrarolunmaz rollar ifa edib. Bunlardan "Səbuhi", "O olmasın, bu olsun", "Sehrli xalat" və s. filmləri qeyd etmək kifayətdir.

    Əlli il ərzində bir gün də olsun səhnədən ayrılmayan Möhsün Sənani qədirbilən xalqımızın sevilən və məşhur sənətkarıdır. Onun zəngin səhnə təcrübəsini, yaradıcılıq xüsusiyyətlərini öyrənmək bizim gənc aktyor və kino sənətkarlarımız üçün maraqlı olduğu qədər də səmərəlidir.

  • “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalının açılış konserti olub

    “Alim Qasımov və onun qonaqları” əsrarəngiz ifaları ilə musiqi bayramını açıq elan ediblər

    İyunun 18-də Bakıda “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalı başlayıb. Festival Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilir.

    AZƏRTAC xəbər verir ki, festivala Heydər Əliyev Sarayında “Alim Qasımov və onun qonaqları” adlı konsertlə start verilib. Konsertdə dövlət və hökumət rəsmiləri, tanınmış elm və mədəniyyət xadimləri, eləcə də muğamsevərlər iştirak ediblər.

    Konsertdən əvvəl AZƏRTAC-a müsahibə verən Xalq artisti Alim Qasımov festivalın əhəmiyyətindən və ölkəmizdə muğam sənətinə göstərilən diqqət və qayğıdan danışıb. Görkəmli xanəndə bildirib ki, son illərdə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan muğamının qorunması və təbliği istiqamətində mühüm layihələr reallaşdırılıb: “Bu gün dünyanın çox yerində muğamlarımıza böyük maraq var. Xüsusilə ölkəmizdə keçirilən muğam festivalları, televiziya muğam müsabiqələri bu nadir sənət növünün həm yaşadılması, həm də gələcək nəsillərə ötürülməsində böyük rol oynayır. Bu sırada “Muğam aləmi” festivalının da xüsusi yeri var. Bu festival 2009-cu ildən Bakıda keçirilir. “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı dünya musiqiçilərinin eyni səhnədə çıxışı və ortaq musiqi dəyərlərinin paylaşılması baxımından olduqca təqdirəlayiqdir. Bu işdə əməyi olanlara minnətdarlığımı bildirirəm”.

    Konsertdə muğamı müasir musiqi cərəyanları ilə sintez edən görkəmli xanəndə, Azərbaycan Respublikasının Xalq artisti Alim Qasımov, Əməkdar artist Fərqanə Qasımova, Əfqan rübabı və Hind sarodunun dünyaşöhrətli ifaçısı Daud Xan Sadozai, xoreoqraf, muğamla rəqs hərəkətlərini sistemləşdirən tədqiqatçı, 2004-cü ildə Kraliça Elizabetin “Almaz” medalına layiq görülən Saşar Zərif və Türkiyənin xalq musiqi sənətçisi Senem Akdemir çıxış ediblər.

    “Muğam aləmi” Beynəlxalq Musiqi Festivali ilk gündən etibarən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi və himayəsi altında keçirilir. Festival irimiqyaslı beynəlxalq mədəni tədbir olub, lad sistemlərinə əsaslanan unikal musiqi fenomeninin bütün təzahürlərini əhatə edir. Bu festival regionların ənənəvi musiqi mədəniyyətlərinin bir çox görkəmli nümayəndələrini, eyni zamanda, gənc musiqiçi, bəstəkar, tədqiqatçı, təbliğatçı və həvəskarlarını bir araya toplayıb bölgələrdəki mövcud vəziyyətin və orada formalaşmaqda olan ənənələrin nümayiş olunduğu beynəlxalq müstəviyə çevrildi. Festival müxtəlif ənənəvi və yeni musiqi janr və üslublu əsərlərdən ibarət silsilə konsertlər, beynəlxalq elmi simpozium və ənənəvi musiqi ifaçılarının müsabiqəsindən ibarətdir.

    Əvvəlki müsabiqələrdə bir çox ölkə və regionlardan gənc ifaçılar arasından xüsusi istedadı olanlar üzə çıxarılıb və onların sırasından bəzi mükafatçı və iştirakçılar dünya musiqisinin beynəlxalq səhnəsində artıq parlayıblar.

    “Alim Qasımov və onun qonaqları” adlı konsertdə əsrarəngiz ifalar gecəyə gələnlərə xoş duyğular bəxş edib.

    Xalq artisti Mənsum İbrahimov təəssüratlarını AZƏRTAC ilə bölüşərək deyib ki, 44 günlük tarixi Zəfərimizdən sonra ilk dəfədir “Muğam aləmi” Beynəlxalq Musiqi Festivalı təşkil olunur. Bu festival muğam sənətimizin inkişafına böyük təkan verir: “Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın çox böyük dəstəyi və qayğısı var. Qürurverici haldır ki, biz bu tədbirə Bakıda başlayır, Şuşada və digər bölgələrimizdə davam etdirəcəyik. Artıq Qarabağımızı azad etmişik. Oradan artıq güllə səsi yox, muğamımızın səsi gəlir. Bizim mədəniyyətimiz, musiqimiz inkişaf edir. Festival çərçivəsində iyunun 19-dan artıq Beynəlxalq Muğam Müsabiqəsi başlayır və üç gün ərzində davam edəcək. Həm Azərbaycandan, həm də müxtəlif ölkələrdən olan ifaçılar bu müsabiqədə iştirak edəcəklər. Düşünürəm ki, bu, ölkəmizin həm turizmi, həm də mədəniyyətimizin inkişafı üçün çox vacibdir”.

    “Muğam aləmi” VI Beynəlxalq Musiqi Festivalını sənət adamları üçün böyük bir bayram hesab edən görkəmli tarzən, Xalq artisti Zamiq Əliyev deyib ki, Azərbaycan muğamının qorunması və təbliği son illərdə dünya miqyasında diqqət mərkəzində saxlanılan vacib məqamlardandır: “Azərbaycan muğamının UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi bu musiqi ənənəsinə hopmuş böyük bədii dəyər və mədəniyyətlərarası potensialı sübut edir. Çox şadam ki, ölkəmizdə bu sənətə böyük və tükənməz sevgi var və muğam sənətinə xüsusi diqqət göstərilir. Bu işdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əziyyətləri danılmazdır”.

    Qeyd edək ki, festivalın birinci günü həm də Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri keçirilib.

    İyunun 19-da festival Beynəlxalq Muğam Mərkəzi, Milli Konservatoriya və Daş Salnamə Muzeyində Azərbaycandan Əməkdar artist Elçin Şirinov və bir sıra muğam ifaçılarının, Əfqanıstandan Daud Xan Sadozai və İrandan Mahan Mirarabın konsertləri ilə davam edəcək. İyunun 19-da, həmçinin festival çərçivəsində Beynəlxalq Muğam Müsabiqəsi start götürür.