İyunun 19-dan iyulun 1-dək Moskvada və Sankt-Peterburqda P.İ.Çaykovski adına XVII beynəlxalq müsabiqə keçiriləcək.
AZƏRTAC beynəlxalq müsabiqənin saytına istinadla xəbər verir ki, iştirakçılar arasında hazırda Sankt-Peterburq Mariinski Teatrının dəvətli solisti olan soydaşımız Həmid Abdulov (tenor) da var. O, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin, Sankt-Peterburq Konservatoriyasının, Yelena Obraztsovanın Beynəlxalq Musiqi Akademiyasının məzunudur.
Dörd ildən bir keçirilən müsabiqənin əsas məqsədi yeni istedadların üzə çıxarılmasıdır.
Beynəlxalq Miqrasiya Təşkilatının və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan nümayəndəliyinin təmsilçiləri Cəbrayıl və Goranboyda olub.
Report xəbər verir ki, səfərin məqsədi onların maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin kompleks inkişafı” layihəsinin icrasının monitorinq edilməsidir.
Xarici nümayəndələr Cəbrayıl rayonunun Horovlu kəndindəki Əsgər və Orta kəhrizdə, eləcə də Goranboy rayonunun Qaradağlı kəndindəki Karvansara kəhrizində aparılan bərpa işləri ilə tanış olub, mühəndis və kankanlarla görüşüblər.
Bu layihə çərçivəsində indiyə qədər Ağdam, Goranboy və Qazax rayonlarında 26 kəhriz bərpa edilərək təhvil verilib. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir. Kəhrizlərin bərpası ilə yanaşı, layihə gender, idarəetmə və ətraf mühitin davamlılığı kimi məsələlərə xüsusi diqqət yetirərək, icma tərəfindən idarə olunan bir yanaşmanı tətbiq etməyə davam edir.
Ümumilikdə, layihə Azərbaycanın BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin prinsiplərinin həyata keçirilməsi səylərinə bir sıra istiqamətlərdə töhfə verir. Bu istiqamətlərə yoxsulluğa son qoyulması və qida təhlükəsizliyinin təmin edilməsinə birbaşa təsiri olan ev təsərrüfatlarının daxili ehtiyacı və suvarma suyu ilə təmin edilməsi, qadınların imkanlarının artırılması və qərar vermə proseslərində iştirakının təmin olunması, aid olduqları icmalarda liderlik rollarının artırılması, ekoloji cəhətdən təmiz və dayanıqlı su təchizatı sistemlərinin bərpası, kəhrizlər və təhlükəsiz içməli suya əlçatanlığın gücləndirilməsi daxildir.
Azərbaycan ilk dəfə olaraq Peruya HB 0356 FR markalı polipropilenin ixracına başlayıb.
Report bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadən xəbər verir.
Məlumata görə, İZİA-nın idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “SOCAR Polymer” MMC-nin ixrac coğrafiyası genişlənir.
Belə ki, şirkət tərəfindən ilk dəfə olaraq Cənubi Amerika ölkəsinə - Peruya polipropilen (HB 0356 FR markalı polipropilen) ixrac edilib. Bu ölkəyə ilkin mərhələdə 90 ton məhsul göndərilib.
Qeyd edək ki, “SOCAR Polymer” MMC Sumqayıt Kimya Sənaye Parkının ən böyük investorlarından biridir və parkın ərazisində polipropilen və polietilen istehsal edir. Müəssisədə istehsal olunan məhsullar indiyədək dünyanın 10-dan çox ölkəsinə (Çin, Polşa, Nigeriya, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Türkiyə, Özbəkistan, Gürcüstan, Belarus, Rusiya, Ukrayna və s.) “Made In Azerbaijan” brendi ilə ixrac edilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyunun 2-də 6 istiqamət üzrə müsabiqəyə təqdim etdiyi “Bakı-Şabran-Bakı”, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı”, “Bakı-İsmayıllı-Bakı” və “Bakı-Cəlilabad-Bakı” şəhərlərarası müntəzəm avtobus marşrutlarının müvafiq reysləri üzrə müsabiqəni iyulun 18-19-da keçirəcək.
Bu barədə "Report"a AYNA-dan bildirilib.
Məlumata görə, iddiaçıların təklifləri “Bakı-Şabran-Bakı” və “Bakı-Cəlilabad-Bakı” istiqamətlərində 7 Lot üzrə iyulun 18-də, “Bakı-Siyəzən-Bakı”, “Bakı-Göyçay-Bakı”, “Bakı-Oğuz-Bakı” və “Bakı-İsmayıllı-Bakı” istiqamətində 6 Lot üzrə iyulun 19-da müsabiqə keçirilən zaman açıqlanacaq.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə etmək mümkündür.
Bu gün səhərdən dünya bazarında neftin qiymətləri təxminən 1,5 % aşağı düşüb.
Report xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” markalı neftin avqust fyuçersləri 1,45 % ucuzlaşaraq 1 bareli 75,5 ABŞ dollarına satılıb.
Nyu-York əmtəə birjasında isə “WTI” markalı neftin iyul fyuçerslərinin qiyməti isə 1,4 % azalaraq 1 bareli 70,92 ABŞ dolları təşkil edib.
“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi İndoneziyanın telekommunikasiya peyki "Satria"nı orbitə çıxarıb.
Report xəbər verir ki, bu barədə “SpaceX” tərtibatçı-daşıyıcı şirkəti bildirib.
"SpaceX" raketi ABŞ Kosmik Qüvvələrinin Florida ştatındakı Kanaveral burnunda yerləşən bazasındakı 40-cı buraxılış kompleksindən buraxılıb.
"Satria" İndoneziyanın ən böyük telekommunikasiya peykidir. Təxminən beş ton ağırlığında olan cihazın dəyəri 550 milyon dollar qiymətləndirilir.
O, ölkədə internetə çıxış imkanlarını genişləndirəcək, dövlət, elm və təhsil müəssisələrinə, eləcə də dövlət qurumlarına pulsuz qoşulma təmin edəcək. "Satria" saniyədə 150 giqabit ötürmə qabiliyyətinə malikdir. Bu, hazırda İndoneziyanın istifadə etdiyi 9 telekommunikasiya peykinin tutumunu üç dəfə artıracaq.
Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” layihə çərçivəsində orbitə ümumilikdə təxminən 12 min kosmik aparat çıxarmağı planlaşdırır. Kompaniyanın qiymətləndirməsinə əsasən, 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq.
İyunun 14-də Milli Kitabxanada Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən bəhs olunub.
Bildirilib ki, bəzi tarixi günlər xalqın gələcəyini müəyyən edən böyük başlanğıcların əsasını qoyur. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyunu da belə tarixi günlərdən ən önəmlisidir. Belə ki, həmin dönəmdə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən xilas etdi. Vətənini, xalqını sevənlər, çətin günlərin ağrılarını, dəhşətlərini yaşayanlar, hadisələri görənlər üçün 15 iyun əsl Qurtuluş Günü, Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib.
Qeyd edilib ki, müstəqil Azərbaycan dövləti durduqca Heydər Əliyevin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq və heç vaxt unudulmayacaq.
Sonda iştirakçılar 15 İyun – Milli Qurtuluş Gününə həsr edilmiş ənənəvi kitab sərgisi ilə tanış olublar.
İyunun 13-də Heydər Əliyev Mərkəzində “Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” adlı kitabın təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfəri və səfər zamanı Mir Möhsün Nəvvabın Heydər Əliyev Fondu tərəfindən bərpa olunan məzarının və ona həsr olunan sərginin ziyarətini əks etdirən videoçarx nümayiş olunub.
Kitabın müəllifi, Heydər Əliyev Fondunun layihə koordinatoru Səbuhi Əhmədov Mir Möhsün Nəvvab Qarabaği və nəşr haqqında məlumat verib. Kitabın Nəvvabın indiyədək məlum olmayan irsinə həsr olunduğu, nəşrin hazırlanmasında arxiv və muzey materiallarından istifadə edildiyi diqqətə çatdırılıb.
Diqqətə çatdırılıb ki, qədim Şuşada dünyaya göz açan Mir Möhsün Nəvvab Azərbaycan tarixinə alim, pedaqoq, şair, musiqişünas, rəssam, xəttat və filosof kimi daxil olub, zəmanəsinin görkəmli şəxsiyyətlərindən biri kimi tanınıb. Onun milli ənənələrə sıx bağlı olan yaradıcılığı Azərbaycan təsviri sənət tarixinin parlaq səhifələrindən birini təşkil edir. Monumental və dekorativ sənət qrafikası sahəsində yaratdığı süjetli kompozisiyalar özünəməxsusluğu ilə seçilir. Onun işləri Şuşadakı Gövhər Ağa məscidinin minarələrini, vaxtilə yaşadığı evi və dərs dediyi məktəbin binasını bəzəyirdi. Azərbaycan və ingilis dillərində hazırlanan kitabda əksəriyyəti ilk dəfə işıq üzü görən 100-dən çox foto, rəsm, sxem və xəritələr təqdim edilir. Mir Möhsün Nəvvabın rəssam və musiqi nəzəriyyəçisi kimi fəaliyyəti ilə bağlı ayrı-ayrı kitablar çap olunsa da, onun fəaliyyətini bütövlüklə əks etdirən nəşr mövcud deyildi. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə nəşr edilən bu kitabda Mir Möhsün Nəvvab Qarabağinin tərcümeyi-halı, həyat və yaradıcılığı haqqında məlumat verilir, maarifpərvər fəaliyyəti işıqlandırılır. Onun Əlyazmalar İnstitutunda 50-dən çox əsəri qorunur və onların arasında unikal əsərlər var. O, həmçinin filosof idi. Gənclərə ithaf etdiyi “Nəsihətnamə” əsərində beş mindən artıq nəsihət toplanıb. Bununla gənc nəslin tərbiyəsinə də Mir Möhsün Nəvvab öz töhfəsini verib. O, həm də şair və ədəbiyyatşünasdır. Yaratdığı əsərlər sırasında onun şeirlər toplusunu da xüsusən qeyd etmək olar. Nəvvab Azərbaycan poeziyasını inkişaf etdirməyə çalışmış bir şəxsiyyətdir. Bütün bu sadalanan özəlliklərdən əlavə o, həmçinin musiqişünas alim kimi də tanınıb.
AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı Tarix Muzeyində Nəvvabın yaradıcılığına aid materialların qorunub saxlanılmasından, o cümlədən təqdimatı keçirilən kitabın mövzusuna aid olan eksponatlar haqqında danışıb. “Məlumdur ki, Nəvvab orta əsrlərə aid Azərbaycan silahlarından ibarət kolleksiya toplayırdı və onun kolleksiyasından bir neçə silah hazırda Milli Azərbaycan Tarixi Muzeyində qorunur. Onun silah kolleksiyası bizim Muzeyə 1940-ci ildə oğlu tərəfindən təqdim olunub. Bu kolleksiya özlüyündə gözəl sənət əsərləridir. Onlara təkcə silah kimi yanaşmaq zənnimcə düzgün olmaz, çünki bu unikal eksponatların üzərində xüsusi incəliklə işlənmiş naxışlar da var. Həmçinin o silahların məhz Azərbaycanda istehsal olunması bizim tariximiz üçün çox vacib bir faktdır”, - deyə akademik qeyd edib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi Mir Möhsün Nəvvab Qarabağinin ədəbiyyatdakı rolundan və bu sahəyə olan töhfələrindən danışıb: "Yazıçı kimi də uğur qazanan Mir Möhsünün əsərləri içərisində "Təzkireyi-Nəvvab" toplusu daha çox maraq doğurur. Qarabağın 100-dək orta əsr şairinin həyatı və yaradıcılığından bəhs edən bu toplu 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunub”.
Qeyd edilib ki, Nəvvabın bu il anadan olmasının 190 ili tamam olur. Bu ilin may ayında Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin Şuşaya səfəri zamanı əsaslı yenidənqurma və bərpa işlərindən sonra açılışını etdikləri Yuxarı Gövhər Ağa məscidinin minarələrinin ornamentləri və otaqların divar rəsmləri Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam və xəttat Mir Möhsün Nəvvab Qarabaği tərəfindən işlənib. Məscidin ərazisində yerləşən mədrəsə binasında isə hazırda “Mir Möhsün Nəvvab Qarabaği – XIX əsrin ensiklopedik alimi” adlı sərgi açılıb. Eyni zamanda Şuşada Heydər Əliyev Fondu tərəfindən Nəvvabın qəbirüstü abidəsi bərpa olunub.
Təqdimatın bədii hissəsində Nəvvabın yaradıcı ruhuna uyğun olaraq XVIII–XIX əsrin musiqiləri ifa olunub. Bununla da təqdimat məkanında Nəvvabın yaşadığı dövrün ab-havası yaradılıb. Səhnədə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin “Qədim Musiqi Alətləri Ansamblı”, ansamblın solistləri Xalq artisti Teyyub Aslanov, Əməkdar artist Nuriyyə Hüseynova və aktyor, Əməkdar artist Elnar Qarayev Nəvvabın qəzəllərini səsləndiriblər, onun şeirləri əsasında muğam ifa olunub. Gecədə “Mirvari” Rəqs Ansamblının xəncərlərlə rəqsi maraqla qarşılanıb.
Tədbirin maraqlı məqamlarından biri auditoriyanın da təqdimata cəlb edilməsi olub. Belə ki, auditoriya bir növ şeir fləşmobuna qoşulub və tamaşaçılar tərəfindən Nəvvabın şeirləri səsləndirilib.
Sonda Heydər Əliyev Mərkəzinin foyesində Nəvvabın rəsm əsərlərinin surətlərindən ibarət stendlər nümayiş olunub və tədbir iştirakçılarına "Mir Möhsün Nəvvabın silah kolleksiyası və Şuşada silah istehsalı” kitabı təqdim edilib.
Bu gün unudulmaz heykəltaraş Zivər Məmmədovanın doğum günüdür
Bu gün öz rəngarəng yaradıcılığı ilə insanlara estetik zövq və gözəllik bəxş edən, sənəti ilə adını mədəniyyət tariximizə yazdıran görkəmli heykəltaraş Zivər Məmmədovanın anadan olmasından 121 il ötür.
AZƏRTAC unudulmaz sənətkarın həyat və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Şərqin ilk heykəltaraş qadını Zivər xanım Məmmədova (Tağıyeva) 1902-ci il iyunun 14-də Bakı şəhərində anadan olub. Hələ uşaq ikən valideynləri onun təlim-tərbiyəsi ilə ciddi məşğul olub. Qızının istedadını duyan atası onun arzularının həyata keçməsi üçün böyük səy göstərib. Zivər “Müqəddəs Nina” qızlar gimnaziyasında və Dövlət Türk Musiqi Məktəbində təhsil alıb.
Gənc rəssam 1924-cü ildə Bakı Ali Rəssamlıq Məktəbini bitirib. Bir müddət S.D.Erziya və P.V.Sabsayın emalatxanasında çalışıb və portret ustası kimi tanınıb.
Z.Məmmədova ötən əsrin 30-40-cı illərdə görkəmli rəssam Əzim Əzimzadənin, opera müğənnisi, aktyor Hüseynqulu Sarabskinin, dünyaşöhrətli pəhləvan Sali Süleymanın, Sovet İttifaqı qəhrəmanları Gəray Əsədovun, İdris Süleymanovun, Hüseynbala Əliyevin daş portretlərini yaradıb. İlk qadın təyyarəçilərdən Leyla Məmmədbəyovanın, pambıqçı, Sosialist Əməyi Qəhrəmanı Bəsti Bağırovanın büstləri dövrünün gözəl heykəltəraşlıq nümunələrindəndir.
Sənətkar dahi bəstəkar Üzeyir Hacıbəylinin obrazını da böyük məhəbbətlə yaradıb. Rəssam dəfələrlə Üzeyir Hacıbəylinin obrazına müraciət edib, bir neçə variantda büst və heykəlini yaradıb. Ümumiyyətlə, Zivər xanım Üzeyir bəyə böyük hörmət və ehtiramla yanaşıb. Çünki o, görkəmli bəstəkarın mühazirələrinin dinləyicisi, 1922-ci ildə yaratdığı və rəhbərlik etdiyi Dövlət Simfonik Orkestrinin solisti olub. 1923-cü ildə “Arşın mal alan” operettasının ilk tamaşasında skripkada ifa edib, hətta böyük musiqiçi öz skripkasını da Zivər xanıma bağışlayıb.
1924-cü ildə ailə həyatı quran sənətkarın Gülbəniz və Tokay adlı övladları olub. Onun övladı Tokay Məmmədov görkəmli heykəltaraş, Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, professor, SSRİ Dövlət mükafatı laureatıdır.
Zivər Məmmədova 1980-ci il aprelin 22-də Bakıda dünyasını dəyişib.
Azərbaycanın Əməkdar rəssamı, incəsənət üzrə fəlsəfə doktoru Rəşad Mehdiyev Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binasında “Əbədiyyət” əsərini təqdim edib.
AZƏRTAC xəbər verir ki, yaradılması yeddi ay davam edən bu bütöv kompozisiya 12 metr hündürlüyündə olan binanın bütün foyelərini tam əhatə edib. Dövlətin dəstəyi sahəsində bu, rəssam tərəfindən dövlət idarələrində vahid incəsənət əsərinin yaradılması üzrə Azərbaycanda ilk təcrübə olub.
Dörd hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin banisi, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.
Əsərdə Azərbaycan xalqının həyat fəlsəfəsinə cavab verən əbədi dəyərlər, qalib insanın ruhunu, əməyi və bolluğu, davamlılığı nümayiş etdirən ideyalar öz əksini tapıb. Mərkəzində Heydər Əliyevin büstünün yerləşdiyi kompozisiyada ağacın budaqları səmaya və əbədiyyətə uzanır. Kufi üslubunda yaradılmış şəbəkə Ümummilli Liderin anadan olmasının 100 illiyini simvolizə edən 100 ulduzun parladığı kosmik məkanı əks etdirir.
Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığının təcəssümüdür. Ağacın budaqları kompozisiyanın sağ hissəsinə - Qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqların əks olunduğu rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.
“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişdirilən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bolluq və əməyi təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.
Əsərin mərkəzində Simurq quşunun stilizə olunmuş formasında çilçıraqlar vardır.
Kənd Təsərrüfatı Nazirliyinin yeni inzibati binası əzəməti və müasir memarlığı ilə diqqəti cəlb edir. Bu binanın, həmçinin ölkəmizdə və xaricdə realizə edilən bir çox layihələrin müəllifi memar Elnur Quliyevdir. “Əbədiyyət” kompozisiyasının memarlıq həlli isə memar Mahir Muxtarova məxsusdur.
Qeyd edək ki, kompozisiyanın ərsəyə gəlməsi Kənd Təsərrüfatı Nazirliyinin tam dəstəyi ilə həyata keçirilib.