Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Türkmənistan günündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilatçılığı ilə “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Fondun nümayəndəsi, şair Fərid Hüseyn təşkilatın Türk dünyasının maddi–mənəvi dəyərlərinin beynəlxalq miqyasda təbliği istiqamətindəki fəaliyyətindən bəhs edib. Fondun Türk xalqlarının görkəmli şəxsiyyətlərinin zəngin irsinin qorunmasına və təşviqinə böyük önəm verdiyini bildirən F.Hüseyn tədbir iştirakçılarına Nizami Gəncəvi, Əlişir Nəvai, Abay, Ömər Seyfəddin, Çingiz Aytmatov və Türk dünyasının digər görkəmli söz ustalarının əsərlərinin təşkilat tərəfindən nəşr olunması, eləcə də “Manas” dastanı ilə bağlı tədqiqatların aparılması barədə məlumat verib. Növbəti il 300 illik yubileyi qeyd olunacaq Məhdimqulu Fəraqinin yaradıcılığının da Fond tərəfindən daim diqqət mərkəzində olduğunu vurğulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondunun Türk dünyasının qüdrətli qələm sahiblərinin ədəbi irsinin tanıdılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini qeyd edib. O, eyni zamanda Türkmən ədəbiyyatının klassiki olan Məhdimqulu Fəraqi haqqında Fondun keçirdiyi tədbirin əhəmiyyətini vurğulayaraq, əsərlərinin Azərbaycan oxucularının böyük marağına səbəb olduğunu da bildirib.
Türkmənistan Elmlər Akademiyasının Məhdimqulu Fəraqi adına Dil, Ədəbiyyat və Milli Əlyazmalar İnstitutunun şöbə müdiri, tanınmış mətnşünas alim Rəhmanberdi Qodorov və İnstitutun əməkdaşı Məqsəd Meredov çıxış edərək, görkəmli şairin Azərbaycanda nəşr edilən əsərləri, eləcədə haqqında yazılan çoxsaylı elmi araşdırmaları yüksək qiymətləndirdiklərini qeyd ediblər.
Daha sonra tədbirdə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşları Cavidan Səfərli və Lamiya Əliyevanın ifasında Məhdimqulu Fəraqinin şeirləri səsləndirilib.
Sonda görkəmli şair haqqında olan kitablardan ibarət sərgiyə baxış keçirilib.
İyunun 21-22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında yazıçı-dramaturq Əmir Pəhləvanın “Sevənlərindir dünya” əsəri əsasında hazırlanan ikihissəli məzhəkənin premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, süjet xəttində sevgi hekayəsi dayanan məişət komediyasının quruluşçu rejissoru Elməddin Dadaşovdur. Tamaşanın baletmeysteri Kamilə Əliyeva, səhnə tərtibatı və geyim üzrə quruluşçu rəssamı Sənan Fətullazadə, musiqi tərtibatçısı Məhəmməd Məmmədov, rejissor assistenti Tamilla Aslanovadır.
Tamaşada Əməkdar artistlər Nadir Xasiyev, İqrar Salamov, aktyorlar Telli Hüseynova, Əliməmməd Novruzov, Rəsmiyyə Nurməmmədova, Elçin İmanov, Hüseyn Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Güldanə Əzimova, Emin Zeynallı, Nəzrin İsmayılzadə, Cəlal İsayev, Ayan Qurbanova, Ofeliya Məmmədova, Nərmin Əliyeva, Murad Əliyev, Cəbrayıl Cəbrayılov, həmçinin teatrın xor və balet truppasının üzvləri iştirak edəcəklər.
Biletləri şəhərdəki kino-teatr kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
Mədəniyyət naziri Adil Kərimli Gəncə şəhərində vətəndaşlarla görüşdən sonra Gəncə və Göygöldə yerləşən bir sıra tarixi abidələrə baş çəkib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, A.Kərimli əvvəlcə Gəncə şəhərinin Cavadxan küçəsində yerləşən tarixi abidələrə, o cümlədən memarlıq abidələri kimi dövlət mühafizəsində olan yaşayış evlərinə baxıb. Abidələrin mühafizəsinin gücləndirilməsi, tarixi tikililərin bədii-estetik görkəmini korlayan reklam lövhələrinin, məişət qurğularının aradan qaldırılması, təmir-bərpa işləri zamanı qanunvericiliyin tələblərinin qorunmasının vacibliyini diqqətə çatdırıb.
Gəncə Dövlət Dram Teatrının keçmiş binası, Gəncə Dövlət Kukla Teatrının binası və Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisində yerləşən dünyaşöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsinə də baxış keçirilib.
Daha sonra Göygöl rayonuna gələn nazir vaxtilə Göygöl (keçmiş Helenendorf) şəhərində yaşamış alman icmasının son nümayəndəsi Viktor Klaynın evi və Alman lüteran kilsəsi ilə tanış olub. Məlumat verilib ki, Prezident İlham Əliyev 2016-cı il avqustun 30-da “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Viktor Klaynın evi muzeyə çevrilib. V.Klayn 1935-ci ildə Helenendorfda anadan olub və 2007-ci ildə burada vəfat edib.
1854-cü ildə alman icması tərəfindən inşa edilən Helenendorf (Göygöl) lüteran kilsəsində (kirxa) uzun müddət dini mərasimlər icra edilib. II Dünya müharibəsi zamanı almanların bu yerlərdən köçürülməsindən sonra bina uzun müddət müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda Göygöl Rayon Tarix-Diyarşünaslıq Muzeyi bu kirxada fəaliyyət göstərir.
Nazir mehmanxana binası, inzibati bina və yeni aşkar edilmiş katakomba adlanan yeraltı qurğularla (zirzəmi) tanış olub. Katakombaların turizm əhəmiyyəti, təmir-bərpa edilərək istifadəsi istiqamətində fikir mübadiləsi aparılıb.
Tarixi abidələrə baxış zamanı mədəni irsin mühafizəsinin günün tələbləri səviyyəsində qurulması, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya icarəsində olan abidlərdən istifadə zamanı qanunvericiliyin tələblərinə ciddi əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Beynəlxalq Muğam Mərkəzində “Musiqili səyahət” ("Musical journey") adlı konsert proqramı təqdim edilib.
AZƏRTAC xəbər verir ki, klassik musiqi gecəsində pianoçu və bəstəkarlar Ülviyyə Kazımova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova, fleyta ifaçısı Nərgiz Əliyeva və violin ifaçısı Renata Abubəkirova səhnədə solo, duet, eyni zamanda triolar ifa ediblər.
Tamaşaçılara İ.Bax, D.Skarlattinin əsərləri ilə yanaşı, müasir bəstəkarlardan Fazil Say, Ceyhun Allahverdiyevin əsərləri də təqdim olunub. Proqrama həmçinin Zərif Kərimova və Ülviyyə Kazımovanın əsərləri daxil edilib.
Konsert proqramında yeni və ilk dəfə səslənən əsərlər maraqla qarşılanıb. Müxtəlif dövrlər və müxtəlif nəsillərin yaradıcılıq nümunələrinə müraciət olunan musiqili səyahət tamaşaçılarda xoş ovqat yaradıb.
"Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyi "Türkiyə Müştərək Banklar Birliyi" ("Türkiye Katılım Bankalar Birliği") ilə anlaşma memorandumu imzalayıb.
Report xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində baş tutub.
Sənədə iki qurumun rəhbəri - Zakir Nuriyev və İlker Sırtkaya imza atıb.
Sertifikat təsdiq edir ki, “beşikdən məzara” göstəricilərinə əsaslanaraq, Neo QLED 8K və Neo QLED 4K modellərinin altısı sələfləri ilə müqayisədə daha az karbon izi saxlayır.
"Samsung" davamlılıq səylərini genişləndirdiyi üçün bu il 20-dən çox modelin sertifikat alacağı gözlənilir.
"Samsung Electronics" 2023 Neo QLED sırasından altı modelin artıq Carbon Trust-ın "CO2 Tullantısının Azaldılması" sertifikatını aldığını elan edib. Bu sənəd hər hansı bir məhsula onun karbon izlərini ildən-ilə həqiqətən azaltdığı sübuta yetirildikdən sonra verilir ki, bu da "Samsung"un məhsulun bütün ömrü boyunca davamlılığı yaxşılaşdırmaq səylərinin təcəssümüdür.
“Samsung Electronics"in İcraçı Vitse-Prezidenti və Vizual Ekran Biznesi üzrə müavini Seokvu Yong danışır: “Samsung"un davamlılıq missiyasının tanınmış bir təşkilat tərəfindən qəbul edilməsini görmək çox xoşdur, çünki biz istehsal prosesində planetimizin gələcəyini düşünməkdə davam etmək niyyətindəyik. Dünyanın ən böyük televizor istehsalçısı olaraq biz nümunə göstərmək məsuliyyətimizi dərk edirik və texnologiyadan müsbət dəyişikliklər naminə istifadəni davam edəcəyik".
Carbon Trust, Böyük Britaniya hökuməti tərəfindən təsis edilmiş qlobal iqlim məsləhətçiliyi sahəsində çalışan bir şirkətdir. Onun missiyası iqlim dəyişikliyinə cavab vermək və istixana qazları (İQ) tullantılarını azaltmaqdır. Təşkilat beynəlxalq standartlara əsaslanaraq, istehsaldan utilizasiyaya qədər məhsulun həyat dövrü ərzində əmələ gələn istixana qazlarının miqdarını təxmin edərək, karbon izi sertifikasiyasını hesablayır. Qeyd edək ki, bu etiketə CO2 tullantılarına görə təzminat daxil deyil.
2023 Neo QLED modelləri "Samsung"un məhsulun çəkisini və enerji istehlakını azaltmaq səylərinin tanındığını təsdiq edən sertifikat alıb.
Məhsulun əsas üstünlüklərinə diqqət yetirək. Ekoloji cəhətdən təmiz ekran texnologiyası: Neo QLED televizorları enerji səmərəliliyini yaxşılaşdıran qabaqcıl ekran texnologiyasından istifadə edir. Bu televizorlar kvant mini-LED-lərdən istifadə edir, onlar daha kiçik ölçülüdür və işıqlandırmanı daha dəqiq idarə edir. Bu texnologiya enerji istehlakını azaldaraq kontrast, parlaqlıq və rəng dəqiqliyini yaxşılaşdırır.
Eko Sensor: "Samsung"un Eko sensoru ətrafdakı işıq şəraitinə əsasən ekran parlaqlığını ağıllı şəkildə tənzimləməklə enerji səmərəliliyini optimallaşdıran innovativ xüsusiyyətdir. Bu, televizorun yalnız ehtiyac duyduğu enerji miqdarını istifadə etməsini təmin edir və ümumi enerji sərfiyyatını azaldır.
Neo QLED televizorları performansa zərər vurmadan enerji istehlakını minimuma endirmək üçün nəzərdə tutulub ki, bu da istifadəçilərə immersiv baxış təcrübəsindən daha az enerji hesabına həzz almağa imkan verir.
Eyni zamanda, Neo QLED televizorları yüksək keyfiyyətli komponentlərdən hazırlanır və davamlılığı və uzun ömrünü təmin etmək üçün ciddi sınaqlardan keçirilir. Bundan əlavə, "Samsung" təkrar emal məsuliyyətli təşviq edir və elektron cihazların düzgün şəkildə utilizasiyasını asanlaşdırmaqdan ötrü məlumat və resurslar təqdim edir.
"Samsung" həmçinin Neo QLED sırası üçün davamlı qablaşdırma həllərindən istifadə edir. Buna təkrar emal edilmiş və davamlı qablaşdırma materiallarından istifadə, tullantıları və nəqliyyat emissiyalarını minimuma endirmək üçün ümumi qablaşdırma ölçüsü və çəkisinin azaldılması daxildir.
Davamlılığa yönəlmiş bu xüsusiyyətləri birləşdirərək və Carbon Trust sertifikatını qazanaraq, "Samsung"un Neo QLED 2023 çeşidi markanın CO2 emissiyalarını azaltmaq, enerji səmərəliliyini təşviq etmək və ekoloji cəhətdən məsuliyyətli istehlak elektronikası təklif etmək niyyətini nümayiş etdirir.
Altı ədəd sertifikatlı modelə üç Neo QLED 8K və üç Neo QLED 4K ekranı daxildir.
"Samsung" bu istiqamətdə səylərini daha da genişləndirməyə çalışır. Şirkət bu il QLED, Crystal UHD və OLED televizorlarının, eləcə də monitorların və lövhələrin ən son sırasının bir hissəsi kimi 20-dən çox model üçün karbon sertifikatına nail olmağı planlaşdırır.
2021-ci ildə "Samsung" Neo QLED 4K və daha yüksək təsvir ölçüsünə malik olan televizorlar arasında sertifikatlaşdırılan ilk ekran oldu. Hələ gələn ilin əvvəlində "Samsung"un 2022-ci il seriyasından 16 model, o cümlədən QLED, Crystal UHD və Lifestyle TV xətlərindən 11 model, həmçinin beş monitor və işarə cihazı da sertifikat aldı.
Ardıcıl 17-ci ildir ki, televizorlar sahəsində qlobal lider olan "Samsung"un vizual displeylər bölməsi davamlı şəkildə təşhlükəsiz məhsullar və təcrübələr təqdim etməyə davam edir.
"Samsung"un 2023 TV seriyası haqqında ətraflı məlumat üçün www.samsung.com saytına daxil olun.
Nazirlər Kabineti 28 dekabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nda dəyişiklik edib.
Report xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsi və yaxud surətinin köçürülməsi, habelə İMEİ nömrələri MCQS-nin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olacaq.
Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Reporta Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Bildirilib ki, bu ilin payız-qış mövsümündə Gürcüstana təbii qazın fasiləsiz ixrac edilməsi məqsədilə “Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” yüksək təzyiqli qaz kəmərində aparılacaq təmir-bərpa və yenidənqurma işlərinin aparılması planlaşdırılır.
Bu səbəbdən 15-16 iyun tarixlərində “Ucar”, “Lək”, “Zərdab” QPS-lərdən və “Ucar Pambıq emalı zavodu”, “Zərdab asfalt beton zavodu” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
İyunun 15-16-da təmir işləri aparılan müddətdə Ucar və Zərdab rayonlarının qaz təchizatında fasilə yaranacaq.
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən "Qonaq teatr" layihəsi davam edir. Layihə çərçivəsində yaxın günlərdə digər bölgə teatrlarının paytaxtımıza gələrək maraqlı tamaşalar nümayiş etdirməsi gözlənilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova məlumat verib.
“Qonaq teatr" layihəsi çərçivəsində iyunun 19-da Mingəçevir Dövlət Dram Teatrının yaradıcı kollektivi Əli Əmirlinin "Varlı qadın" adlı səhnə əsəri ilə Bakıya səfər edəcək. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Valeh Kərimov, quruluşçu rəssamı Əməkdar rəssam Rafael Həşimov, musiqi tərtibatçısı Elnur Rəsulovdur. Mingəçevir Dövlət Dram Teatrının Bakıya səfərinin ardınca, iyulun 3-də Sumqayıt Dövlət Dram Teatrının paytaxtımıza yaradıcı səfəri təşkil olunacaq”, - deyə A.Qafarova vurğulayıb.
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də Xalq artisti Oqtay Mirqasımovun təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “İstiqlal” ordeni ilə təltif edilib.
Qeyd edək ki, bu gün kinorejissor, Xalq artisti Oqtay Mirqasımovun 80 yaşı tamam olur. O, 1943-cı il iyun 12-də Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil aldıqdan sonra Bakıya "Azərbaycanfilm" kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. 1993-2001-ci illərdə "Azərkinovideo" İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb. 2018-ci ildə “Şərəf” ordeni ilə təltif edilib.