Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Azərbaycan Banklar Assosiasiyası IFC ilə saziş imzalayıb

    "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi və Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Maliyyə Korporasiyası (lFC) arasında Dayanıqlı maliyyənin təşviqi üzrə əməkdaşlıq Sazişi imzalanıb.

    Report xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən "Fintech Summit" - Maliyyə və Texnologiyalar Sərgisi çərçivəsində baş tutub.

    Sazişə ABA-nın icraçı direktoru Yunus Abdulov və IFC-nin Cənubi Qafqaz üzrə regional meneceri İvana Fernandes Duarte imza atıblar.

  • Bakı-Ağstafa qatarının hərəkət qrafiki dəyişdirilir

    İyulun 3-dən "Azərbaycan Dəmir Yolları" QSC-nin Bakı-Ağstafa-Bakı sürətli sərnişin qatarı yeni qrafiklə hərəkət edəcək.

    Report bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

    Məlumata görə, hər gün saat 08:45-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar, saat 13:42-də Ağstafa Dəmiryol Vağzalına, saat 18:15-də Ağstafa Dəmiryol Vağzalından yola düşən qatar, saat 23:15-də Bakı Dəmiryol Vağzalına çatacaq.

  • İkinci Piano Festivalında Qara Qarayevə həsr olunmuş film nümayiş olunacaq

    İlk dəfə Bakı Beynəlxalq Piano Festivalını təşkil edərkən müəyyən çətinliklərlə üzləşdik. Düşünürəm ki, artıq çətinliklər arxada qalıb və biz növbəti festivalı keçirməyə hazırlaşırıq.

    AZƏRTAC xəbər verir ki, bu barədə festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli İkinci Bakı Beynəlxalq Piano Festivalına həsr olunan mətbuat konfransında məlumat verib.

    O bildirib ki, festival çərçivəsində "Bu həqiqətin səsidir. Qara Qarayev" filmi nümayiş ediləcək.

    Mətbuat konfransında iştirak edən Xalq artisti, filmin müəllifi Oqtay Mirqasımov festivalın işinə uğurlar arzulayıb və film barədə məlumat verib. Bildirib ki, bu ekran əsəri bir sıra beynəlxalq festivallarda mükafat qazanıb. Onun sözlərinə görə, görkəmli fransalı kinoşünas Marsel Marten bu filmi çox yüksək qiymətləndirib.

  • Bakı və İstanbul hava limanlarında transfer prosesində dəyişiklik edilib

    “Azərbaycan Hava Yolları” QSC (AZAL) və “Türk Hava Yolları” Bakı və İstanbul hava limanlarında transfer prosesini sadələşdirib

    Bu barədə Report AZAL-a istinadən xəbər verir.

    Məlumata görə, Azərbaycan və Türkiyənin milli aviadaşıyıcıları öz sərnişinləri üçün Bakı və İstanbul hava limanlarında transfer prosesini daha rahat və səmərəli etmək üçün səylərini birləşdirib.

    Belə ki, AZAL-ın Bakıdan İstanbula və ondan sonra “Türk Hava Yolları” reyslərində səyahət edən sərnişinlər vahid minik talonu əldə edə və bütün marşrut üzrə baqajlarını son təyinat məntəqəsinə qədər rəsmləşdirə bilərlər.

    Bu əməkdaşlıq sayəsində bir aviaşirkətdən digərinə keçid daha rahat olacaq və sərnişinləri vaxtlarına qənaət edərək lazımsız rəsmiyyətlərdən azad edəcəkdir.

    Əldə edilən razılıq həm marşrut şəbəkəsinin müxtəlif məntəqələrindən səfərlərini davam etdirmək üçün “Türk Hava Yolları”nın uçuşlarını seçən AZAL sərnişinləri, həm də Bakı vasitəsilə İstanbuldan səyahət edənlər üçün maksimal rahatlıq təmin edəcək.

    İki milli aviadaşıyıcının səylərinin birləşdirilməsi xidmət keyfiyyətini və sərnişin rahatlığını yaxşılaşdırmaq üçün daim təkmilləşmək və qabaqcıl həllər təklif etmək təşəbbüsünün göstəricisidir.

  • Bakı metrosunda qatarların hərəkət qrafiki yay rejiminə keçirilir

    İyunun 16-dan "Bakı Metropoliteni" QSC-də qatarların hərəkət qrafikinə dəyişikliklər ediləcək.

    Report səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, sərnişin sayının azalması, o cümlədən tədris mövsümünün başa çatması, habelə yay istirahəti dövrünün başlanması ilə əlaqədardır.

    Yeni tədris mövsümünün əvvəlinə qədər qüvvədə qalacaq qrafikə uyğun, sərnişinlərin əsas axın saatlarında – hər iş günü saat 07:00-dan saat 21:00-a qədər “Həzi Aslanov-28 May” sahəsində və əks istiqamətdə hərəkət edən qatarlar arasındakı interval 2,5 dəqiqə təşkil edəcək. Sərnişinlərin az olduğu səhər erkən və gecə saatlarına doğru qatarlar arasında interval 3 dəqiqə və daha çox olacaq.

    Qırmızı və Yaşıl xətlərin “28 May” stansiyasında birləşməsini nəzərə alaraq, “28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyalarına doğru qatarlar iki dəfə artıq intervalla hərəkət edəcək.

    Şənbə və bazar, eləcə də bayram günlərində qatarlar arasında interval saat 07:00-dan 21:00-a qədər 3 dəqiqə olmaqla tənzimlənəcək.

    Bununla belə, sərnişin axını və istiqamətləri, eləcə də sərnişindaşımanın tənzimlənməsinə təsir göstərən digər bütün amillər nəzərə alınacaq. Bu məqsədlə monitorinqlər gün ərzində davam etdirilməklə, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandığı təqdirdə xəttə buraxılacaq.

    Bənövşəyi xətdə və “Xətai-Cəfər Cabbarlı” mənzilində qatarların hərəkət qrafikinə dəyişiklik tətbiq olunmayacaq.

    Xətlərin “28 May” stansiyasında birləşməsi və elektrik deposunun xəttin sonunda yerləşməməsi səbəbilə günün müəyyən vaxtlarında sərnişinlər “Həzi Aslanov-Ulduz” sahəsində bəzən iki qatarın “Dərnəgül” və yaxud “İçərişəhər” istiqamətində hərəkətini müşahidə edir və bir qədər böyük intervalla rastlaşır. Bu, qatarların texniki qulluq məqsədilə “Nərimanov” stansiyasından elektrik deposuna yola salınması və həmçinin “Bakmil” stansiyasından xəttə daxil olması ilə əlaqədardır.

    Sərnişinlərin marağı nəzərə alınaraq, “Bakmil” stansiyasına və əks istiqamətdə qatarların hərəkət cədvəli “Bakı Metropoliteni”nin saytında dərc olunur.

  • Ələt Ekoparkının açılışı olub

    Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Ələt Ekoparkının açılışı olub.

    Report xəbər verir ki, mərasimdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov və ictimaiyyət nümayəndələri iştirak edib.

    İcra başçısı sakinlərlə görüşü zamanı bildirib ki, Ələt Ekoparkı təkcə istirahət və əyləncə məkanı deyil, həm də günəş enerjisindən səmərəli istifadə nümunəsi olacaq.

    "Yeni Ekoparkın ən heyranedici xüsusiyyətlərindən biri günəşdən enerji alan fənərlərdir. Bu, nəinki enerji sərfiyyatını və zərərli emissiyaları azaldır, həm də parkı işıqlandıraraq unikal atmosfer yaradır", - deyə başçı qeyd edib.

    O, parkda idman imkanlarının da olduğunu qeyd edib: "Yeni ekoparkda idman bacarıqlarını artırmaq və yaxud dostları ilə aktiv oyunlarda vaxt keçirmək istəyən hər kəsi qəbul etməyə hazır olan basketbol və futbol meydançaları tikilib. Bu oyun meydançaları həm uşaqlar, həm də böyüklər üçün əlçatan olacaq, sağlam həyat tərzini və aktiv hərəkəti təşviq edəcək. Bundan əlavə, parkda yelləncəklər var. Yelləncək illər boyu uşaqları sevindirəcək təhlükəsiz və rahat konstruksiyadır".

    Ələt Ekoparkı "Heydər Əliyev İli" çərçivəsində və 15 iyun - Milli Qurtuluş Günü münasibəti ilə açılıb və Şəhid Eduard İmanov küçəsi, 23 ünvanında yerləşir. Parkın ərazisi 1 176 kvadrat metrdir. Burada bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şərait yaradılıb, gənclərin asudə vaxtını səmərəli keçirməsi, sistematik idmanla məşğul olması üçün futbol və oyun meydançaları, müxtəlif idman qurğuları salınıb. Ərazinin işıqlandırılması üçün 10 ədəd günəş panelli quraşdırılıb, 2 ədəd söhbətgah inşa edilir.

    Görülmüş işlər çərçivəsində binaları əhatə edən həyətdə asfalt örtüyü yenilənib. Parka qazon, tamet daşı vurulub, yeni bardür inşa olunub, 162 metrlik velosiped zolağı salınıb. Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ həmişəyaşıl ağac və gül-çiçək kolları əkilib. İcra Hakimiyyətinin dəstəyi ilə hazırlanmış layihəyə uyğun olaraq binaların fasadları əsaslı təmir edilib.

  • AYB-nin Qubadlı bölməsinin adı dəyişdirilib

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qubadlı bölməsinin adı dəyişdirilib

    Bu barədə Reporta AYB-dən məlumat verilib.

    Bildirilib ki, Birliyin katibliyin növbəti toplantısı keçirilib. Gndəlikdəki məsələlərin müzakirəsi zamanı Birliyin Qubadlı bölməsinin adının dəyişdirilməsi təklifi səsləndirilib. Təklif müzakirə edilib və səsə qoyulub.

    Yeni qərara əsasən, Birliyin Qubadlı bölməsi bundan sonra Şərqi Zəngəzur bölməsi adlandırılacaq.

  • Heydər Əliyev Mərkəzinin parkında Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

    Bu il Azərbaycanda iki əlamətdar tarix - Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi və Ulu Öndərin hakimiyyətə qayıdışının 30 illiyi qeyd edilir. Bu münasibətlə 15 iyun – Milli Qurtuluş Günündə Heydər Əliyev Mərkəzinin parkında konsert proqramı təqdim ediləcək.

    Report xəbər verir ki, konsertə populyar müğənnilər və kollektivlər dəvət olunub. Azərbaycanın tanınmış estrada ulduzlarının, sevilən muğam və milli mahnılarımızın ifaçılarının iştirak edəcəkləri konsert proqramı saat 20:00-da başlayacaq.
    Həmin gün Heydər Əliyev Mərkəzinin parkına gələn hər bir kəs möhtəşəm qala-gecənin iştirakçısına çevriləcək, bir çoxlarımızın əzbər bildiyi mahnıları ifaçılarla birlikdə ifa edib, bu bayram gününü yüksək əhval-ruhiyyə ilə keçirmək imkanı qazanacaq.

    Konsertdə Abbas Bağırov, Ağadadaş Ağayev, Alim Qasımov, Aybəniz Haşımova və "Bülbüllər" qrupu, Aygün Bəylər, Aygün Kazımova, Azər Zeynalov, Bilal Əliyev, Eldar Qasımov, Emin, Faiq Ağayev, Gülyanaq Məmmədova, Gülyaz Məmmədova, Xəyyam Nisanov, İlhamə Qasımova, İlqar Muradov, Lalə Məmmədova, Manana, Miri Yusif, Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestri və Azərbaycan Dövlət Xor Kapellası, Mübariz Tağıyev, Natavan Həbibi, “Natiq” ritm qrupu, Nərmin Kərimbəyova, Nigar Camal, Nurlan Növrəsli, Röya, Samirə Əli Məryəm, Sevda Ələkbərzadə, Şəmistan Əlizamanlı, Tünzalə Ağayeva, Vüqar Əbdülov, " Zəfər" xoru, Zülfiyyə Xanbabayeva çıxış edəcəklər.

    Konsertə giriş sərbəstdir

  • “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Azərbaycan Rəssamlar İttifaqında “Gələcəyə rəngli baxışlar” adlı yaradıcılıq sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərginin keçirilməsində məqsəd rəssamlığa olan marağı artırmaq, gənc nəslin istedad və bacarığını inkişaf etdirməkdir.

    Sərgidə mərkəzin dərnək üzvlərinin milli və müasir üslubda işlənmiş əsərləri, portretləri, dekorativ kompozisiyalardan ibarət 200-dən çox rəsmləri nümayiş olunub.

    Dəvət olunan qonaqlar gənc rəssamların əl işlərini yüksək qiymətləndirərək, bu cür sərgilərin uşaqların istedadlarının üzə çıxarılmasında böyük əhəmiyyət daşıdığını vurğulayıb və onlara yaradıcılq uğurları arzulayıblar.

  • Milli Qurtuluş Gününə həsr olunmuş interaktiv plakat və videoçarx hazırlanıb

    Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiya Federasiyasının Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə beynəlxalq əməkdaşlıq çərçivəsində “Milli Qurtuluş Günü – 30” adlı interaktiv plakat və videoçarx hazırlayıb.

    Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, interaktiv plakatda yerləşdirilmiş materiallar Azərbaycan və rus dillərində verilib.

    İnteraktiv plakat “Taleyüklü sənəd”, “Xalqın xilası” və “Dahi xilaskar” adlı 3 bölmədən ibarətdir.

    Milli Qurtuluş Gününün 30 illiyinə hazırlanmış videoçarxda Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan, tariximizə qızıl hərflərlə yazılmış 15 İyun –Milli Qurtuluş Günü haqqında məlumatlar toplanıb.