Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Mədəniyyət naziri Gəncə şəhərində mədəniyyət müəssisələri ilə tanış olub

    Mədəniyyət naziri Adil Kərimli Gəncə və Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından, həmçinin digər bölgələrdən sakinlərin müraciət və təkliflərini dinlədikdən sonra Gəncə şəhərində bir sıra mədəniyyət və bədii təhsil ocaqlarına baş çəkib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, məqsəd bölgələrdə fəaliyyət göstərən mədəniyyət müəssisələrinin, müvafiq təhsil ocaqlarının iş şəraiti, göstərilən xidmətlərin əhatə dairəsi və keyfiyyəti, eləcə də maddi-texniki bazasının mövcud vəziyyətinin yerində öyrənilməsidir.

    Adil Kərimli Gəncə şəhərində Nizami Gəncəvi Kinoteatrı (hazırda fəaliyyət göstərmir), Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası və filarmoniyanın Urban Mərkəzində olub, mərkəzdə şəhərin sənətkarları ilə görüşüb.

    Sonra nazir Gəncə şəhərinin tarixi mərkəzi – Cavadxan küçəsində sakinlərlə söhbət edib.

    Gəncə Regional Mədəniyyət İdarəsinin də fəaliyyət göstərdiyi Məhsəti Gəncəvi Mərkəzinə gələn nazirə mərkəz barədə məlumat verilib. Bildirilib ki, mərkəz Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilib, 2014-cü ilin yanvarında açılışı keçirilib.

    Müəssisələrə baxış zamanı bu günün çağırışlarına cavab verməyən mədəniyyət obyektlərində işin yenidən qurulması, mövcud problemlərin aradan qaldırılması, fəaliyyətin səmərəli təşkili ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

  • “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və təbliği layihəsinin icrasına başlanılıb

    Turizm infrastrukturunun inkişaf etdirilməsi, turizm xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, regional turizmin inkişafı, prioritet turizm bazarları üçün xüsusi turizm məhsullarının yaradılması və turizm sahəsində innovasiyaların, həmçinin tədqiqatların stimullaşdırılması, habelə turizm sahəsində maarifləndirmə işinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən elan edilmiş qrant müsabiqəsinin qaliblərindən biri Ağsu rayonu Gəgəli bələdiyyəsidir.

    AZƏRTAC xəbər verir ki, bələdiyyə “Tərəkəmə yurdu” folklor turizmi məkanının yaradılması və onun təbliğ edilməsi layihəsinin icrasına başlayıb.

    Layihə Ağsu rayonu Gəgəli kəndi ərazisində bütün mövsümlərdə tərəkəmə həyat tərzini bir yerdə yaşamaq, onu əyani olaraq təcrübə etmək imkanı yaradır. Kiçik bir tərəkəmə təsərrüfatı əsasında lokal tərəkəmə həyatını xatırladan bir neçə çadırdan ibarət öz tarixi adını təmsil edən "Axtaçı" adlı obanın formalaşdırılması nəzərdə tutulur. Turistlər həmin obaya gəlib orada müddətli yaşaya, birbaşa həmin tərəkəmə həyatına daxil ola biləcəklər. Onların heyvanların saxlanılması, otarılması, sağılması, qırxılması və s. bütün proseslərə qoşulmaq imkanları olacaq.

    Layihənin rəhbəri və müəllifi Ağsu rayonu Gəgəli bələdiyyəsinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.

  • “Fernando & Rafael” beynəlxalq şirkətinin rəsmi açılışı olub

    Azərbaycan ilə İtaliya arasında memarlıq və dizayn sahəsindəki əməkdaşlıq daha da genişlənir. Zəngin italyan memarlığı hər zaman ölkəmiz üçün maraqlı olub. “Fernando & Rafael” şirkətinin yaradılması iki ölkə arasındakı mədəni əlaqələrin inkişafında böyük töhfə verəcək.

    Bu fikirlər "Fernando & Rafael" Architecture and Design şirkətinin rəsmi açılış mərasimində səsləndirilib. Tədbirdə mədəniyyət və incəsənət xadimləri, iş adamları, dövlət rəsmiləri və media nümayəndələri iştirak ediblər.

    “Era Design” dizayn şirkətinin təsisçisi və baş memarı Rafael Abbasov və İtaliyanın tanınmış memarı Fernando Mosca tərəfindən yaradılan "Fernando & Rafael" Memarlıq və Dizayn şirkəti ölkələr arasında olan tarixi dostluğun, memarlıq sahəsində uğurlu əməkdaşlığın bariz nümunəsidir. Tədbirin giriş hissəsində əməkdaşlıq memorandumu imzalayan memarlar yeni yaradılan şirkət və ölkələr arasında əməkdaşlıq əlaqələrinin inkişafı haqqında fikirlərini bölüşüblər.

    “İtaliya arxitektura irsinin zənginliyi hər zaman məni valeh edib. Dəfələrlə həmin ölkəyə gedərək memarlıq sahəsinə aid beynəlxalq konfranslarda iştirak edərək böyük təcrübə topladım. Bu gün "Fernando & Rafael" memarlıq şirkətini yaratmaqla ölkəmizdə bir ilkə imza atdım. Novatorluğu və yenilikliyi sevən memarlar olaraq Azərbaycan və İtaliya arasında olan tarixi dostluğa söykənib, istedadımıza arxalanaraq bu şirkəti yaratdıq. Məqsədimiz və amalımız birdir - italiyalı memarın zəngin təcrübəsini ölkəmizdə reallaşdıracağımız layihələrdə uğurla tətbiq etməkdir. Biz inanırıq ki, bu iş birliyimiz ölkələrimizə uğur gətirəcək və gözəl nəticələr əldə edəcəyik”, - deyə Rafael Abbasov qeyd edib.

    İtaliyalı memar Fernando Mosca öz növbəsində vurğulayıb ki, uğurlu əməkdaşlıq xalqlararası dostluq münasibətlərinə və tarixi-mədəni əlaqələrə əsaslanır.

    “Rafael Abbasov kimi istedadlı memarla iş birliyi qurmaq və uğurlu layihələrə imza atmaq çox qürurvericidir. Sevindiricidir ki, Azərbaycanda memarlıq sahəsinə belə böyük önəm verilir. Biz çalışacağıq ki, bərabər şəkildə ərsəyə gətirdiyimiz bütün memarlıq layihələrində daim mükəmməllik axtaraq. Yeni yaratdığımız şirkət bizim dostluğumuzu daha da möhkəmləndirir, yaradıcılıq baxımından bizi sıx birləşdirir və möhtəşəm işlər görməyə sövq edir”, - deyə Fernando Mosca bildirib.

    Əminliklə demək olar ki, “Fernando & Rafael” şirkəti qoyduğu hədəflərə doğru inamla irəliləyəcək və Azərbaycanın memarlıq sahəsinin inkişafına böyük töhfə verəcək.

  • Kitabxanada İsa Muğannanın anadan olmasının 95 illiyi münasibətilə virtual sərgi hazırlanıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında İsa Muğannanın anadan olmasının 95 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə ədibin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilib. Burada ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış görkəmli nasir, ssenarist, kinoredaktor İsa Muğanna Azərbaycan xalqının yüz illərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı kimi təqdim edilib.

    Virtual sərgidə ədibin ssenariləri əsasında çəkilmiş filmləri, xarici dillərə tərcümə olunmuş əsərləri, filmoqrafiyası, mükafatları haqqında geniş məlumat verilib. Burada yazıçının “İdeal”, “Məhşər”, “Cəhənnəm”, “İlan dərəsi” kimi kitablarının və haqqında yazılan “İsa Muğanna yaradıcılığı”, “Müstəqillik dövrü Azərbaycan romanı” kimi kitabların, eləcə də “İsa Muğanna zirvəsi”, “Muğanna kimdir?”, “Azərbaycanın Dostoyevskisi – İsa Muğanna” kimi dövrü mətbuatda çap olunan məqalələrin biblioqrafik təsviri yer alıb.

  • Azərbaycan teatr tarixində özünəməxsus yeri olan sənətkar

    Bu gün Xalq artisti Hacıbaba Bağırovun anadan olmasından 91 il ötür

    Sevimli aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim mərhum sənətkarımız, Azərbaycanın xalq artisti Hacıbaba Bağırov isə demək olar ki, yaratdığı bütün obrazlarla yaddaşlara həkk olunub. Onun teatr tariximizdə özünəməxsus yeri var. Bu yeri o, heç şübhəsiz, öz sənətkar istedadının, ilhamının qüdrəti ilə fəth edib.

    AZƏRTAC xəbər verir ki, bu gün unudulmaz sənətkarımız, Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur.

    Çox maraqlı tərcümeyi-halı ilə seçilən Hacıbaba Bağırovun həyat yolu heç də hamar olmayıb. Uşaq ikən pionerlər sarayındakı dram dərnəyində çalışıb. Görkəmli rejissor Adil İsgəndərov onu “Vaqif”də Vidadi rolunda görəndən sonra teatr studiyasına dəvət edib. Hacıbaba Bağırov görkəmli teatr xadiminin rəhbərliyi altında aktyorluq sənətinin sirlərini öyrənib. Hələ uşaqlıqdan sevib-seçdiyi sənət onun qanına hopub. Sonra teatr fəaliyyətini Lənkəranda və Gəncədə davam etdirib.

    Hacıbaba Bağırov yaradıcılığının Azərbaycan gülüş mədəniyyəti tarixində xüsusi yeri vardır. Sənətkarın repertuarına daxil olan obrazlar komik çalarları sayəsində qısa müddətdə tanınıb sevilməyə başlayıb. Onun milli mentalitetə uyğun olaraq yaratdığı və özünəməxsus yumorla oynadığı rollar Azərbaycan Dövlət Musiqili Teatrının tarixinə həmişəlik daxil olub.

    Hacıbaba Bağırovun əsl sənətkar kimi formalaşması, tanınması 1962-ci ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına (indiki Azərbaycan Dövlət Musiqili Teatrı) dəvət aldıqdan sonra başlayıb. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox obrazın onun gülüş ustası kimi püxtələşməsinə və populyarlıq qazanmasına böyük təsiri olub.

    Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, “O olmasın, bu olsun”da Məşədi İbad, Zülfüqar Hacıbəyovun “50 yaşında cavan”ında Orduxan, Süleyman Ələsgərovun “Həmişəxanım”ında Cəbi Cüməzadə, “Hardasan, ay subaylıq”da Novruzəli, Əşrəf Abbasovun “Həyətim mənim-həyatım mənim”ində Qulam, Emin Sabitoğlunun “Hicran”ında Mitoş, “Nəğməli könül”də Fərzəli, Vasif Adıgözəlovun “Nənəmin şahlıq quşu”nda Cəsarət, Soltan Hacıbəyovun “Qızılgül”ündə Nadir, Ağası Məşədibəyovun “Toy kimindir?”ində Uzun, Emin Sabitoğlu, Tamara Vəliyevanın “Bankir adaxlı”, “Sizinlə gülə-gülə”, “Bildirçinin bəyliyi”, “92 dəqiqə gülüş” trilogiyasında Sonqulu, “Məhəbbət oyunu”nda Nuruş, “On min dollarlıq keyf”də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rolları milli mədəniyyətimizin inkişafına xidmət edir.

    Hacıbaba Bağırov sənətinin ən xarakterik xüsusiyyətlərindən biri də tamaşaçıda hüsn-rəğbət oyadan incə komik məqamları canlandırdığı obrazlar vasitəsilə açmaq məharəti idi. Dərin milli koloriti ilə səciyyələnən Hacıbaba Bağırov sənəti onu xalqımızın ən sevimli aktyorlarından biri etmişdir. Cəmiyyətin mənəvi saflaşması yolunda çalışan sənətkar çoxşaxəli yaradıcılığı ilə ölkəmizdə komediya janrı ənənələrini layiqincə davam etdirib. Teatr rəhbəri və teleşou təşkilatçısı kimi gördüyü işlər isə onun nadir istedadının yeni mühüm çalarlarını meydana çıxarıb.

    Aktyor səhnə fəaliyyəti ilə yanaşı, Azərbaycan kinematoqrafiyasının inkişafına da öz sanballı töhfəsini verib. Onun kinofilmlərdə oynadığı müxtəlif xarakterli rollar Azərbaycan tamaşaçısının yaddaşına həkk olunub və kino sənətimizin diqqətəlayiq uğurları kimi qiymətləndirilib.

    Hacıbaba Bağırov ilk dəfə 1964-cü ildə rejissor Ağarza Quliyevin “Ulduz” musiqili kinokomediyasında çəkilərək, teatrda olduğu kimi, bu filmdə də Möhsün surətini ustalıqla yaradıb. Aktyor müsahibələrinin birində bu rolu barədə belə deyib: “Möhsün mənim kinoda ilk rolumdur. Səhnədə Möhsünü oynamaq mənim üçün çox asan idi. Ancaq eşidəndə ki, bu operettanı ekranlaşdıracaqlar, çox həyəcanlandım. Əvvəla, mən heç zaman filmə çəkilməmişdim. Olsaydı, ilk rolum olacaqdı. Film ekranlara çıxanda qanadım olsaydı, uçardım. İlk dəfə idi ki, öz oyunuma oturub kənardan baxa biləcəkdim. Doğrudan da, “Ulduz” mənim aktyorluq fəaliyyətimə, aktyor asimanıma əsl ulduz bəxş elədi. Möhsün rolunun uğurunun başlıca səbəbi obrazın mənə yaraşması idi”.

    Hacıbaba Bağırovun “Ulduz”da Möhsün, “Mehman”da Arif, “Onun bəlalı sevgisi”ndə Qaraxalov, “Alma-almaya bənzər”də Məmmədəli, “Şirbalanın məhəbbəti”ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb. Bu obrazlara baxıb sənətkarın “Teatr, kino mənim həyatımdır” deməsinə haqq qazandırmaq olar.

    Həyata 74 yaşında əlvida deyən sənətkar adını Azərbaycan teatr sənətinə elə əbədi həkk edib ki, bu gün olduğun kimi, hələ neçə-neçə qərinələr, əsrlər xatırlanacaq və onun sənət yolu gənc sənətkarlar üçün bir məktəb olaraq qalacaq.

  • Bu gün Xalq yazıçısı İsa Muğannanın doğum günüdür

    Bu gün təkcə Azərbaycanın deyil, bütöv türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür. Onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

    AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 95-ci ildönümü tamam olan İsa Muğanna zaman-zaman fərqli şəkildə dövrləşdirilən və bu dövrləşdirilmənin ənənə halını aldığı Azərbaycan ədəbiyyatının “altmışıncılar” adı ilə qəbul olunan parlaq ədəbi nəslinə mənsubdur.

    İsa Hüseynov 1928-ci ildə Ağstafa rayonunun Muğanlı kəndində dünyaya gəlib. Atası Mustafa kişi müəllim olub. O, Nəriman Nərimanov adına Tibb İnstitutuna qəbul olunsa da, 4 ay sonra kəndə qayıdıb. Özünün dediyinə görə, bir müəllimin acı sözü onu bu fikrə düşməyə məcbur edib. Sonradan Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olunub. Təhsilini Xalq yazıçısı Mehdi Hüseynin məsləhəti ilə Moskvadakı Maksim Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib.

    Əmək fəaliyyətinə Azərbaycan Dövlət Nəşriyyatının ədəbiyyat şöbəsində redaktor kimi başlayan İsa Hüseynov “Literaturnıy Azerbaydjan” jurnalının redaksiyasında nəsr şöbəsinin müdiri, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında redaktor, baş redaktor və ssenari kollegiyasının üzvü, Azərbaycan Kinematoqrafiya Komitəsində baş redaktor vəzifəsində çalışıb.

    İ.Muğanna 1948-ci ildən ədəbi fəaliyyətə başlayıb, “Anadil ötən yerdə” adlı oçerki ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” jurnalında çap edilib. 1950-ci ildən etibarən kitabları nəşr olunmağa başlayıb. Bir-birinin ardınca “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitablarını oxucularına təqdim edib. Hər əsəri bir ədəbi hadisə olan yazıçının ssenariləri əsasında filmotekamızın qızıl fondunu bəzəyən “Nəsimi”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və s. filmləri ekran üzü görüb.

    Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

    İ.Muğanna yazıçı kimi altmış illik fəaliyyəti dövründə ölkəmizdə ədəbi mühitin inkişafına sanballı töhfələr verib. Azərbaycan xalqının yüzillərdən bəri təşəkkül tapmış mədəni-mənəvi dəyərlərinin qorunması naminə yorulmadan yazıb-yaradan yazıçı aydın mövqeyi, dərin təfəkkürü ilə hər zaman oxucusunu heyrətləndirib.

    Tarixi faktları, böyük şəxsiyyətləri hər zaman diqqət mərkəzində saxlayan ədibin özünəməxsus yanaşma və fərqli düşüncə tərzi olub. Bunun sayəsində ərsəyə gətirdiyi silsilə romanların, povestlərin ədəbiyyatımızın məzmunca yeniləşməsində müstəsna əhəmiyyətə malik rolu olub. Bu mənada ustad yazıçı öz əsərlərində ana dilinin potensial poetik imkanlarından yüksək bəhrələnərək şedevrlər yaradıb.

    İsa Muğannanın Azərbaycan mədəniyyətinin inkişafında səmərəli xidmətləri və çoxillik zəngin bədii yaradıcılığı yüksək qiymətləndirilib. O, Xalq yazıçısı fəxri adına, orden və medallara, Dövlət mükafatına layiq görülüb, Müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatı “İstiqlal” ordeni ilə təltif edilib. Prezident İlham Əliyevin “İsa Muğannanın 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən görkəmli yazıçının yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd edilib.

    Görkəmli yazıçı 2014-cü ilin aprelin 1-də 85 yaşında Bakıda vəfat edib, Fəxri xiyabanda dəfn olunub. Ədəbiyyatımızda özünəməxsus məktəb yaratmış, ürəklərdə özünə mənəvi heykəl ucaltmış görkəmli nasir, ssenarist, səmimi və təvazökar insan İsa Muğannanın işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

  • Rüfət Quliyev: "Vətəndaşlar taksi qiymətlərinin nə qədər artacağını bilmək istəyir"

    "Vətəndaşlarımız taksi fəaliyyəti ilə bağlı yeni qaydalardan sonra qiymətlərin nə qədər artacağını bilmək istəyir".

    Report xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Rüfət Quliyev deyib.

    "Başa düşürəm ki, ümumi inflyasiya var. Amma istəyərdim ki, bu sahədə qiymətlər minimal olsun və inflyasiya bura bir o qədər təsir etməsin", - deyə deputat əlavə edib.

    O, həmçinin bildirib ki, bu vaxta qədər taksi xidməti sahəsində 5 aqreqator şirkət olub və onlar hökmranlıq edib: "Bunun da fəsadları olurdu. İnsanlar inciyirdi. Onların sürücülərinin xarici görkəmi normal deyildi. Onlar bəzən içkili olurdu. Biz haqlı rəqabətin tərəfdarıyıq. Bakını Tbilisi ilə müqayisə edə bilmərik. Amma mən deyirəm ki, neçə aqreqator olur olsun, əsas haqlı rəqabət olsun".

  • Rəşad Məcid: "AYB-nin Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər"

    Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaxın vaxtlarda fəaliyyətə başlaya bilər.

    Report xəbər verir ki, bunu AYB-nin sədr müavini Rəşad Məcid Milli Məclisin Mədəniyyət komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz. Qərbi Azərbaycanın tarixi və mədəni irsinin dirçəlişi” mövzusunda keçirilən geniş tərkibli ictimai dinləmə zamanı deyib.

    O, bu təşəbbüslə yaxın zamanlarda çıxış edəcəyini bildirib.

    "Biz zəfərimizə qədər hər birimiz qarabağlı idik, indi isə qərbi azərbaycanlı olmalıyıq. Hesab edirəm ki, Medianın İnkişafı Agentliyi, Mətbuat Şurası və Qərbi Azərbaycan İcması gələcəkdə birgə layihələr həyata keçirməlidir”, - R.Məcid vurğulayıb.

  • CinemaPlusda Transformerlər ilə yay mövsümünün açılışı olub

    Premium kinoteatr “CinemaPlus Amburan”da açıq hava altında yay mövsümünün təntənəli açılışı keçirilib.

    Report xəbər verir ki, tədbirdə Xalq artisti Həmidə Ömərova, Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyev, Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov, “Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Eldar Qasımov, aktyor Nəsimi Mirzəyev və digər qonaqlar iştirak ediblər.

    Tədbirdə gecənin baş sponsoru “Porsche” şirkəti filmin çəkilişlərinə cəlb olunmuş avtomobil modellərini nümayiş edirib. Gecə elmi-fantastik janrda çəkilən “Transformerlər: Vəhşi Botların Yüksəlişi” Amerika filminin nümayişi ilə başa çatıb.

    Nəhəng transformer və avtomobillər izləyicilərin maraq mərkəzindəydilər. DJ-in lazer şousu, atəş və işıqla olan performans tədbirə xüsusi ab-hava verib.

    Rejissorluğunu Stiven Keyl Jrin etdiyi filmdə rollarda Dominik Fişbek, Entoni Ramos, Pit Devidson, Kolman Dominqo, Piter Dinkleyc, Kristo Fernandes, Ron Perlman, Con Di Macio və Piter Kallen çəkilib.

    “Transformerlər: Vəhşi Botların Yüksəlişi” - transformerlərin kino kainatının yeddinci filmi və Trevis Naytın “Bamblbi” filminin davamıdır. Yaradıcıların fikrincə, filmin süjeti Optimus Praim xarakterinə yönələcək və françayzanın hərəkəti 90-cı illərin əvvəllərində Nyu-Yorka köçürüləcək. Əsas personajlar - iki arxeoloq təsadüfən qədim sivilizasiya ilə əlaqə quraraq Maksimallar, Predakonlar və Terrorkonları dünyaya gətirir.

    Tədbirin təşkilində Brand Media Groups, “Strafor” dekor şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, Animator.az, ASgarden, “Hillside” premium çaxırları və Red Bull dəstək göstəriblər.

    Film 3 dildə rus, ingilis və türk dillərində nümayiş olunacaq. Həmçinin, “Transformerlər: Vəhşi Botların Yüksəlişi” filmini “Dəniz Mall” Ticarət mərkəzində yerləşən “CinemaPlus” kinoteatrında Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

  • “Kukla teatrları həftəsi” keçiriləcək

    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində, Azərbaycan peşəkar milli teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Dövlət Kukla Teatrı silsilə tədbirlər həyata keçirir.

    AZƏRTAC xəbər verir ki, iyunun 13-dən 17-dək Azərbaycan Dövlət Kukla Teatrında “Kukla teatrları həftəsi” təşkil olunacaq.

    Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

    Tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrının böyük səhnəsində “Açıq qapı” formatında baş tutacaq. Burada məqsəd səhnə nümunələrinin bütün teatrsevərlər üçün əlçatan olmasıdır.

    Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə iştirak edəcəklər.

    İyunun 13-də təntənəli açılış mərasimi ilə öz işinə başlayacaq tamaşa həftəsində hər gün müəyyən olunmuş qrafikə əsasən ev sahibi sənət ocağı ilə yanaşı Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər.

    Tamaşalar iyunun 13-də dəvətnamə ilə, 14-17-də isə ödənişsiz nümayiş olunacaq.