Səməd Vurğunun ev-muzeyində Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümünə həsr olunmuş ədəbi-bədii gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, gecədə şairin qələm dostları, Vaqif poeziyasını sevənlər, gənclər iştirak ediblər.
Şairin həyat və yaradıcılığından bəhs edilib, unudulmaz xatirələr yenidən canlandırılıb. Qeyd olunub ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olub, öz yaradıcılığı ilə bir neçə nəslin ədəbi zövqünün formalaşmasında rol oynayıb və bu gün də dərin fəlsəfi ruhlu şeirləri sevilir.
Tədbir iştirakçıları şairin şeirlərindən parçalar söyləyiblər. Vaqif Səmədoğlunun sözlərinə bəstələnmiş mahnılar, xalq mahnıları və digər əsərlər tanınmış sənətçilər və gənc musiqiçilərin ifasında səslənib.
Mədəniyyət Nazirliyində naşirlərlə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, toplantıda “Azərnəşr”, “Təhsil”, “Şərq-Qərb”, “TEAS Press”, “Hədəf Nəşrləri”, “Qanun”, “Parlaq imzalar”, “Altun kitab”, “Çapar Yayınları”, “Alatoran Yayınları”, “Libra”, “Çinar”, “Mimta Yayınları”, “Qədim Qala”, “Güvən” və digər nəşriyyatların 24 nümayəndəsi iştirak edib.
Naşirlərlə fikir mübadiləsi zamanı mədəniyyət naziri Adil Kərimli dövlətin kitab sənayesi və kitab alışına hər zaman qayğı ilə yanaşdığını bildirib. Ölkədə elmi, elmi-kütləvi mövzularda zəngin məzmuna malik nəşrlərin sayının artmasının, həmçinin kitaba, mütaliəyə marağın inkişaf etdirilməsinin vacibliyindən bəhs edib.
Daha sonra mövcud əməkdaşlıqlarla yanaşı, kitab sənayesi iştirakçılarının sahə ilə bağlı rəy və təklifləri dinlənilib.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası”nın sədri Şəmil Sadiq dövlət qurumları ilə yerli nəşriyyat-poliqrafiya müəssisələri arasında bu kimi görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıb, sahə ilə bağlı narahatlıq doğuran məsələləri və görülə biləcək işləri qeyd edib. Eyni zamanda kitab sahəsi üzrə Qarabağda həyata keçirilən yenidənqurma layihələri ilə bağlı naşirlərin hər zaman dəstəyə hazır olduqlarını vurğulayıb.
“Təhsil” nəşriyyatının baş direktoru Tural Axundov ötən il Nazirliyin sifarişi ilə nəşr olunan kitablara yerli və xarici oxucular tərəfindən böyük marağın olduğunu bildirib, həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinə hazırlıq prosesi ilə bağlı naşirlərin görmək istədikləri məqamları qeyd edib.
“Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov ölkə üzrə yayımlanan bütün nəşrlərə dair dəqiq statistik və təhlil xarakterli məlumatların ərsəyə gətirilməsində aidiyyəti qurumlarla yanaşı bilavasitə Nazirliyin dəstəyinə ehtiyac olduğunu vurğulayıb.
Görüşə qatılan digər nəşriyyat nümayəndələri dünya təcrübəsindən çıxış edərək ölkədə kitab sənayesi iştirakçılarının (yazarlar, naşirlər, tərcüməçilər, redaktorlar və s.) yetişməsini və inkişafını hədəfləyən layihələrin hazırlanması, yerli yazarların yaradıcılığını stimullaşdıracaq ədəbi mükafatın təsis edilməsi, Azərbaycan ədəbi-mədəni irsinin dünyada tanıdılması işinə xidmət edəcək tərcümə proqramının həyat keçirilməsi və başqa mühüm məsələləri səsləndiriblər.
Görüşün sonunda A.Kərimli səsləndirilən bütün fikirlərin bir daha nəzərdən keçiriləcəyini və sahə üzrə fəaliyyətin nəşriyyatlarla sıx əməkdaşlıq çərçivəsində davam etdiriləcəyini bildirib.
“Alagöz”, “Gecələr”, “Lalələr”, “Sənə də qalmaz”, “Küçələrə su səpmişəm”, “Evləri var”, “Tələsin, insanlar” və s. ifa etdiyi mahnılar... Bu şəffaf, bulaq suyu kimi axıcı səsi unutmaq mümkün deyil. Bu səs sehri, cazibəsi ilə təkcə sahibinə deyil, həm də onun mənsub olduğu millətə, xalqa, məmləkətə daim şöhrət gətirərək tükənməz məhəbbət qazandırıb. Bu gün SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, görkəmli müğənni Rəşid Behbudovun vəfatından 34 il ötür.
AZƏRTAC böyük sənətkar Rəşid Behbudovun anım günündə onun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.
Səsi, sənəti, fitri istedadı ilə əbədiyaşarlıq qazanan Rəşid Behbudov 1915-ci ildə Tbilisidə xanəndə Məcid Behbudovun ailəsində dünyaya göz açıb. Uşaq yaşlarından məktəb xorunda oxuyan R.Behbudov 1933-cü ildə Dəmir Yolu Texnikumuna qəbul olub. Təhsili dövründə tələbə özfəaliyyət orkestrində çalışıb. Hərbi xidmət zamanı ordu ansamblının, əsgərlik illərindən sonra isə Tbilisi estrada qruplarından birinin solisti olub.
Rəşid Behbudov 1943-cü ilin sonunda Bakı kinostudiyasında Üzeyir Hacıbəylinin eyniadlı operettasının motivləri əsasında çəkilən “Arşın mal alan” filmində baş rola dəvət alıb. 1945-ci ildə efirə çıxan film tezliklə nəinki Azərbaycanda, bütün SSRİ məkanında böyük populyarlıq qazanıb. 1946-cı ildə bu filmdəki Əsgər roluna görə Rəşid Behbudov Stalin mükafatına layiq görülüb. Əsgər obrazını yaradan müğənninin şirin və könül oxşayan səsi hər bir dinləyicini valeh edib. Bundan sonra sevimli müğənninin səsini eşitmək arzusunda olanların sayı gündən-günə artıb. Azərbaycan kinosunun qızıl fonduna daxil olan həmin film bu gün də müvəffəqiyyətlə nümayiş etdirilir.
R.Behbudov uzun illər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub. 1966-cı ildən musiqi və estrada sənətinin caz, balet, pantomima kimi müxtəlif janrlarını özündə birləşdirən Azərbaycan Dövlət Mahnı Teatrını təşkil edib və ömrünün sonunadək onun solisti və bədii rəhbəri olub. Hazırda bu teatr dahi sənətkarın adını daşıyır.
İfaçılıqda xalq yaradıcılığını, vokal sənətini, estrada janrını sintez edən Rəşid Behbudov bənzərsiz səsi, zahiri görkəmi və aktyorluq istedadı ilə dinləyicinin və tamaşaçının qəlbini ovsunlayan ifaçılardandır.
Milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun ifası sayəsində mümkün olub. Tofiq Quliyev, Fikrət Əmirov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Qara Qarayev, Arif Məlikov və digər görkəmli bəstəkarlarımızın yaradıcılığını onsuz təsəvvür etmək mümkün deyil.
Xalqını sonsuz məhəbbətlə sevən sənətkar sovet respublikaları ilə yanaşı, Argentina, Bolqarıstan, Belçika, Çili, Çin, Efiopiya, Finlandiya, Hindistan, İran, İraq, İtaliya, Misir, Türkiyə və digər ölkələrdə geniş konsert proqramları ilə Azərbaycan xalq mahnılarının və bəstəkar əsərlərinin populyarlaşmasında çox böyük rol oynayıb. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.
Rəşid Behbudovun sənəti Azərbaycan musiqi tarixinə ən şərəfli səhifələrdən biri kimi həkk olunub. SSRİ məkanında, eləcə də dünyanın ayrı-ayrı qitələrində milyonlarla dinləyicinin qəlbini fəth edən sənətkar getdiyi hər yerdə Azərbaycan musiqisinin, onun zəngin mədəniyyətinin yorulmaz təmsilçisi və təbliğatçısı idi.
1989-cu il iyunun 9-da Moskvada vəfat etmiş dahi sənətkar Bakıda Fəxri xiyabanda dəfn edilib.
Azərbaycanın Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Report xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov tviter hesabında bildirib.
“Astanada IRENA-nın baş direktoru Francesco La Camera ilə görüşdük. Bərpa olunan enerji sahəsində inkişaf proseslərinə və Azərbaycanın IRENA Şurasına üzvlüyü çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi apardıq”, - deyə o qeyd edib.
"Bakı Metropoliteni" QSC-nin stansiya və tunellərində ventilyasiya sisteminin iş rejimi yay qrafikinə keçirilib.
Report xəbər verir ki, bunu qurumun Elektromexanika xidmətinin rəisi Nüsrət Abdullayev bildirib.
Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq indi ventilyatorlar 4 fəsil üzrə - 4 rejimdə işləyir: "Son illərdə metronun stansiya və tunellərində mikroiqlim sisteminin yenilənməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. Yeni və daha güclü ventilyatorların və təbii havalandırma qurğularının tətbiqi ilə yanaşı, 2018-ci ildə güclü ventilyatorların iş qrafikinin dəyişdirilməsi müsbət təsirlərini göstərməkdədir. Həmin ilə qədər ventilyatorların iş rejimi il ərzində iki dəfə dəyişdirilirdi. Bakının iqlim şəraiti nəzərə alınmaqla, tətbiq edilən yeniliklərə əsasən, ventilyatorların iş rejimi fəsillər üzrə qurulmağa başlanıb. Belədə hər fəslin ümumi xarakterik hərarəti, rütubətlilik və digər mikroiqlim parametrləri üzrə aparılmış monitorinqlərin nəticələrinə uyğun qrafiklər tərtib olunur.
Fəsillər üzrə tərtib olunan qrafik gün ərzində havanın hərarətindən asılı olaraq, ventilyatorların axına və sovurmaya işləməsini də nəzərdə tutur. Əsas hesabatlara uyğun olaraq, tunel və stansiya ventilyatorlarının iş rejimi fərqli qurulur. Bu zaman dempferlərin qoşulması və qatarların hərəkətindən yaranan hava kütləsinin dövr etməsi nəticəsində stansiyalarda sabit mikroiqlim mühitinin yaranması təmin edilir. Bina nümunə olaraq, günün isti saatlarında stansiyalarda yerləşən ventilyatorların axına deyil, sovurmaya işləməsi qeyd oluna bilər. Nəticədə, isti hava kütləsinin stansiyalara vurulmasının qarşısı alınmaqla mikroiqlim mühiti optimallaşdırılır. Lakin ventilyasiya sisteminin iş rejimi yay fəslinə uyğunlaşdırılsa da, hava haqqında proqnozlaşdırılan məlumatlar və digər məsələlər diqqətdə saxlanılır. Bu monitorinqlər hər fəsil ərzində də operativ qərarların verilməsini istisna etmir".
Bu gündən Naxçıvan Muxtar Respublikası üzrə mövsümün ilk taxıl biçininə başlanılıb.
Reportun yerli bürosunun xəbərinə görə, taxıl biçininə Ordubad rayonunun Dəstə kəndindən start verilib.
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Dəstə kəndində fermer təsərrüfatında olub, əkin sahəsində taxıl biçininə başlanması mərasimində iştirak edib.
Mərasimdə bildirilib ki, taxıl biçininin idarə olunması üçün Kənd Təsərrüfatı Nazirliyində Mərkəzi Qərargah yaradılıb. Biçinin vaxtında və keyfiyyətlə aparılması məqsədilə texnika və avtomobillər hazır vəziyyətə gətirilib.
Biçin dövründə sahələrdə yanğın təhlükəsizliyinin etibarlı təmini ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə qrupları xidmət aparır. Ümumilikdə, bu il muxtar respublikada 21 min 247 hektar sahədə taxıl əkilib. Onun 485 hektarını yaz əkinləri təşkil edir.
Ordubad rayonu ərazisində isə 856 hektar sahədə taxıl əkini aparılıb ki, bunun da 85 hektarı buğda, 771 hektarı arpa əkinləridir. Təkcə Dəstə kəndində 389,45 hektar sahədə payızlıq taxıl əkini aparılıb ki, bunun 9,5 hektarı buğda, 379,95 hektarı isə arpa olub.
Rayonda əkilən taxıl sahəsinin təqribən 50 faizi Dəstə ərazisindədir.
Bu gün Prezident İlham Əliyevin iştirakı ilə I mərhələsinin açılışı olmuş Ələt Azad İqtisadi Zonasında Biznes Mərkəzi fəaliyyət göstərəcək.
Report xəbər verir ki, bunu Zonanın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülmüş işlər barədə dövlət başçısına məruzəsində bildirib.
Onun sözlərinə görə, ümumi sahəsi 16 min kvadratmetr olan Biznes Mərkəzinin binası 3 funksional hissədən ibarətdir. Burada Zonanın Səlahiyyətli Qurumunun ofisi, investorlara vahid pəncərə prinsipi ilə xidmət göstərəcək ofis, investorların idarəetmə qurumları üçün ofislər və təhkim olunan gömrük əməkdaşları üçün ofis fəaliyyət göstərəcək. Biznes Mərkəzində yüksəkkeyfiyyətli xidməti təmin edəcək müvafiq infrastruktur və maddi-texniki baza yaradılıb.
Diqqətə çatdırılıb ki, növbəti inkişaf mərhələsində 138 hektar sahəni əhatə edən standart istehsal müəssisələri və logistika mərkəzləri üçün nəzərdə tutulmuş hissədə və eyni zamanda, 211 hektar sahəni əhatə edən ağır sənaye müəssisələri üçün hissədə layihələndirmə işləri davam edir. Növbəti inkişaf mərhələsinə aid 138 hektar sahədə torpaq işlərinə tezliklə başlanılması planlaşdırılır.
Azərbaycanda bank olmayan kredit təşkilatlarına (BOKT) kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.
Report xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında - maliyyə sektoru ilə bağlı qanun layihələrrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.
Onun sözlərinə görə, qanun layihələri ölkə prezidentinin 28 noyabr 2019-cu il tarixli “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Sərəncamına uyğun olaraq hazırlanıb: "Sənədlərə əsasən, maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları Azərbaycan Mərkəzi Bankına verilir. Qanun layihələrinin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun tövsiyələrindən istifadə edilib.
BOKT-lar üçün yeniliklərdən biri də maliyyə dayanıqlılığının artırılması üçün prudensial tələblərin müəyyənləşməsidir. Belə ki, kredit riskinin maksimum məbləği, kapitalın minimum miqdarı, öhdəliklərin kapitala nisbəti və s. müəyyən ediləcək", - deyə o qeyd edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonu ərazisində Firdovsi Məmmədov küçəsini təmir edir.
Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Bildirilir ki, uzunluğu 400, ortalama eni 9 metr təşkil edən küçədə təmir işləri çərçivəsində hazırda yarasız səki və bordür daşlarının sökülməsi işləri aparılır.
Daha sonra köhnə asfalt-beton örtüyünün frezlənməsi, 700 kvadratmetr p/metr səki, 720 p/metr bordür daşlarının yenilənməsi işləri icra olunacaq. Küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılacaq.
Sonda üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılacaq, zəruri yerlərdə yol nişanları quraşdırılacaq və yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması işləri icra olunacaq.
İyunun 30-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunacaq.
Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsertdə dirijor, Əməkdar artist Əyyub Quliyevin rəhbərliyi ilə solistlər beynəlxalq müsabiqələr laureatı Theodosia Ntokou (piano, Yunanıstan) və Əməkdar artist Səbinə Əsədova (mezzo-soprano, Azərbaycan) öz çıxışlarını dinləyicilərə təqdim edəcəklər.
Proqramda L.V.Beethovenin “Piano və orkestr üçün c-moll” konserti (op. 37, №3), G.Faurenin “Pelleas et Melisande” süitası (op. 80, Bakıda ilk ifa), M.Ravelin “Şəhrizad” vokal silsiləsi (mezzo-soprano və orkestr üçün 3 poema) və “Vals” xoreoqrafik poeması səsləndiriləcək.