“Amazon Film Studios” şirkətinin istehsal etdiyi, Con Tolkienin müəllifi olduğu "Üzüklərin hökmdarı" trilogiyasının motivləri əsasında hazırlanan “Üzüklərin hökmdarı: Güc üzükləri” çoxseriyalı fantastik filminin ikinci sezonunun çəkilişləri başa çatıb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bahalı televiziya layihələrindən hesab olunan bu ekran əsərində bəhs edilən hekayə qədim dövrdə dünyanın mənşəyini, eləcə də həmin zamanda yaşayan irqləri izah edən Tolkien mifologiyası haqqındadır.
Qeyd edək ki, hazırda əksər film istehsal edən studiyalarda Amerika Ssenaristlər Gildiyasının davam edən tətili səbəbindən film və serialların buraxılışları sürətləndirilir. Güman edilir ki, “Üzüklərin hökmdarı: Güc üzükləri” vaxtında yayımlanan bir neçə layihədən biri olacaq. Serialın pərəstişkarları layihənin yeni sezonunun başlanmasını səbirsizliklə gözləyir.
Oqtay Mirqasımovun 80 illik yubileyi münasibətilə "Balans" studiyası tərəfindən tam bərpa edilmiş "Şeytan göz qabağında" filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, ekran əsərinin nümayişi həmçinin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatı dəstəyi ilə iyunun 10-da “Azərbaycan” kinoteatrında keçiriləcək.
İyunun 10-11-də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.
Reportun nazirliyə istinadən verdiyi məlumata görə, həftəsonu yarmarkasının keçirilməsində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, mövsümi və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Yarmarkada müxtəlif regionlardan gələn fermerlər öz məhsullarını paytaxt sakinlərinə təqdim edəcəklər.
Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Belə ki, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək. Vətəndaşlar laboratoriyanın xidmətlərindən faydalana biləcəklər.
Qeyd edək ki, yarmarkada iştirak edəcək fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunacaqlar. Həmçinin məhsulların daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvanlara qədər daşınacaq.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 10-11 iyun tarixlərinə əlavə qatar reysləri təyin edib.
Bu barədə Reporta ADY-dən bildirilib.
Belə ki, 10 iyun tarixində əlavə reys üzrə saat 08:25-də Bakı Dəmiryol Vağzalından yola düşən qatar Ağstafaya saat 13:20-də çatacaq. 11 iyun tarixində isə saat 16:30-da Ağstafadan yola düşən qatar Bakı Dəmiryol Vağzalına saat 21:25-də çatacaq.
Xatırladaq ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ənənəvi qrafiklə hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 13:40-da Ağstafaya, əks istiqamətdə saat 17:10-da Bakıya yola düşən qatar isə saat 22:05-də mənzil başına çatır.
Mobil operator "Nar" musiqi və dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə start verir.
Məşhur "Darvish Band" ilə birgə ərsəyə gələn müsabiqələr "Nar" abunəçiləri üçün dinamik yay vəd etməklə yanaşı, texnologiyanın gücünü və musiqiyə olan həvəsi bir araya gətirmək məqsədi daşıyır.
Gənclərin dinamik musiqi zövqünə ortaq olan Nar, abunəçiləri üçün əyləncə dolu müsabiqələrdə iştirak edərək dəyərli hədiyyələr qazanmaq şansı yaradır. Hədiyyəli müsabiqələrdən birincisində gənclər enerji dolu həyat tərzlərinə uyğun olaraq seçilmiş "Samsung Galaxy Tab", "Apple Watch" və "JBL" qulaqlıqları əldə edəcəklər.
Yay boyunca "Nar" abunəçiləri növbəti müsabiqələrdə daha da dəyərli hədiyyələr qazanmağa davam edəcəklər. Qarşıdan gələn müsabiqələr haqqında ən tez xəbər tutmaq üçün "Nar"ın sosial media səhifələrini izləməyə davam edin.
"Nar" hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərir. Şirkət son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.
Prezident İlham Əliyev 1 iyul 2022-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “İdxalı əlavə dəyər vergisindən azad edilən xammal və materialların siyahısı”nda dəyişiklik edib.
Report xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, xaricdə çap olunmuş pasport və yeni nəsil şəxsiyyət vəsiqəsi blanklarının idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Beynəlxalq forum iştirakçılarına Nizami Gəncəvinin əsərləri əsasında hazırlanmış tamaşa təqdim olunub.
Bu barədə Reportun müxbiri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi və mütəfəkkirinin zəngin ədəbi irsinə həsr olunmuş tədbirdən xəbər verir.
Qonaqlar Gəncə Filarmoniyasında Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi şərəfinə təşkil olunmuş konsertə də baxıblar.
Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə dünən Şuşada başlayan “Yenidənqurma, sülh və inteqrasiya: enerji, iqtisadiyyat, ekologiya və kapital” beynəlxalq forumunun iştirakçıları bu gün Gəncədə işlərinə davam ediblər. Burada dahi şairin zəngin ədəbi irsinə həsr olunmuş panel keçirilib.
Bu gün Bakıda “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda yerli şirkətlərin sərgisində 150-dən çox şirkətin məhsul və xidmətləri təqdim olunur, sahibkarlar arasında ikitərəfli görüşlər keçirilir.
Bu barədə Reporta İqtisadiyyat Nazirliyininn tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov çıxışında müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin digər sahələrdə olduğu kimi, ölkəmizdə bazar münasibətləri prinsipləri əsasında iqtisadiyyatın, o cümlədən özəl sektorun formalaşması və inkişafında müstəsna rol oynadığını, hazırda Ulu Öndərin Azərbaycanın sosial-iqtisadi inkişafı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib. Bildirilib ki, ölkəmizdə biznes və investisiya mühiti davamlı olaraq yaxşılaşır, sahibkarlıq fəaliyyətini tənzimləyən qanunvericilik bazası və dəstək alətləri müasir çağırışlar əsasında təkmilləşdirilir. Qarşıdakı dövrdə də sahibkarlığın inkişafı, biznesin stimullaşdırılması məqsədilə tədbirlər davam etdiriləcək.
"Azdrama" kibercinayətkar qrupun dələduzluq əməlləri ilə bağlı ictimaiyyətə müraciət edib.
Reportun xəbərinə görə, müraciətdə bildirilib ki, beynəlxalq kibercinayətkar qrup saxta yolla yaratdığı https://theatre-azdram.com/azb/events domenli sayt vasitəsi ilə onlayn şəkildə insanlara tamaşa biletləri təklif edir:
"Saytın domenində olan "azdram" sözü insanlarda çaşqınlıq yaradır ki, guya tamaşalar qeyd olunan tarixdə Akademik Milli Dram Teatrında oynanılacaq. 50 manata təklif olunan onlayn bileti almaq üçün qarşı tərəfdən hesab nömrəsinin məlumatlarının daxil edilməsi tələb olunur. Bu yolla məlumatlar əldə olunur və cinayətkar şəbəkə tərəfindən vəsait mənimsənilir.
Təəssüf ki, aldanan vətəndaşlar var. Akademik Milli Dram Teatrının rəhbərliyi diqqətinizə çatdırır ki, Komediya Teatrı adı ilə təqdim olunan bu müəssisənin bizimlə heç bir əlaqəsi yoxdur. Məsələ ilə bağlı Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinə müraciət olunub”.
"Qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib".
Reportun xəbərinə görə, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.
"Bu fonda Avrasiya iqtisadi Birliyinə üzv dövlətlərin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı yüksəlir. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. 2022-ci ilin yekunlarına görə, artım 75 % təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 % artıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir", - deyə hökumət başçısı qeyd edib.