Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Filarmoniyada Azərbaycan Dövlət Xor Kapellasının konserti olacaq

    İyunun 16-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Ümummilli Lider Heydər Əliyev – 100” adlı Azərbaycan Dövlət Xor Kapellasının konserti keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsert Xalq artisti Gülbacı İmanovanın dirijorluğu və bədii rəhbərliyi ilə gerçəkləşəcək.

    Xormeysterlər Əməkdar artist Yulizana Kuxmazova və Əməkdar incəsənət xadimi Dilarə Əliyevadır. Konsertmeysterlər Elxan Niftiyev və Nərmin Rzayeva olacaq.

    Proqramda dünya bəstəkarlarının əsərləri səslənəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Filarmoniyada növbəti konsert - “Yeni adlar”

    İyunun 12-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “Yeni adlar” layihəsi çərçivəsində konsert keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a verilən məlumata görə, konsertdə bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacibəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər Zərrin Əliyeva (violin), Nərminə İsmayılova çıxış edəcəklər.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında əlaqələrin genişləndirilməsi müzakirə edilib

    Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət və tanıtım müşaviri vəzifəsinə yeni təyin olunan Muhittin Macit Milli Kitabxanada olub.

    AZƏRTAC xəbər verir ki, Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağı salamlayaraq ona fəaliyyətində uğurlar diləyib.

    Söhbət zamanı Azərbaycan və Türkiyə Milli kitabxanaları arasında əlaqələrin genişləndirilməsi, birgə tədbirlərin, kitab mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Milli Kitabxanasındakı Türkiyə guşəsinin yeni nəşrlərlə zənginləşdirilməsi kimi məsələlər müzakirə edilib.

    Görüşün sonunda müşavirə Milli Kitabxana, eləcə də Azərbaycan və Qarabağ haqqında kitablar, “Sözləri Nizaminindir” diski hədiyyə olunub.

    Muhittin Macit isə Mahmud Kaşğarlının "Divanü Lüğat-it-Türk" əsərinin nəfis formatda çap nüsxəsini Milli Kitabxanaya hədiyyə edib.

  • Ölkəmiz UNESCO-nun 2005-ci il Konvensiyası üzrə konfransda təmsil olunur

    İyunun 6-da Parisdə UNESCO-nun “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” 2005-ci il Konvensiyasına Tərəf Ölkələrin 9-cu Konfransı işə başlayıb.

    AZƏRTAC xəbər verir ki, iki ildən bir keçirilən konfransın gündəliyinə konvensiya üzrə Hökumətlərarası Komitənin 2022-2023-cü illər üzrə hesabatı, yaradıcı sənayelərin inkişafı istiqamətində işlər, dövri hesabatların nəzərdən keçirilməsi, Hökumətlərarası Komitəyə seçkilərin keçirilməsi, 2024-2025-ci illər üçün komitənin fəaliyyəti və digər mövzular daxildir.

    Konfransda ölkəmiz Mədəniyyət Nazirliyinin və Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyinin heyəti ilə təmsil olunur. Qeyd edək ki, Azərbaycan 2019-cu ildə “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyanın Hökumətlərarası Komitəsinə dörd il müddətinə üzv seçilib.

    Nümayəndə heyətinin rəhbəri, mədəniyyət nazirinin müavini Səadət Yusifova konfransın açılış sessiyasında çıxış edib. “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında” Konvensiyaya yeni qoşulan ölkələri təbrik edən nazir müavini Azərbaycanın bu konvensiyanın dəyər və prinsiplərinə sadiq olduğunu vurğulayıb. Yaradıcı sənayelərin inkişafına artan dövlət dəstəyindən danışan Səadət Yusifova Mədəniyyət Nazirliyi Aparatında bu sahə üzrə ayrıca şöbənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

    Konfrans iyunun 8-dək davam edəcək.

  • Mənfi rolların klassik ifaçısı

    Bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur

    Azərbaycanın Xalq artisti Məlik Dadaşov həm komediyalarda, həm dramatik və faciə xarakterli obrazlarda, həm də lirik-psixoloji rollarda böyük uğur qazanıb. Məlik Dadaşov Azərbaycan teatr və kino məktəbinin ən görkəmli nümayəndələrindəndir.

    AZƏRTAC xəbər verir ki, bu gün Xalq artisti Məlik Dadaşovun anadan olmasının 99-cu ildönümü tamam olur.

    Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda doğulub. İkinci Dünya müharibəsində iştirak edən aktyor beynindən zədə alaraq uzun müddət müalicə olunub. 1945-ci ildə Gənc Tamaşaçılar Teatrında aktyor kimi işə başlayır. 1950-ci ildə Azərbaycan Teatr İnstitutunu (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) bitirdikdən sonra Akademik Dram Teatrının trubasına daxil olub və burada ilk dəfə H. Muxtarovun "Ailə namusu" pyesində rol alıb. Onun yaradıcılığının başlanğıcı Azərbaycan milli teatr sənətinin güclü inkişaf dövrünə təsadüf etmişdi. O vaxt Azərbaycan səhnəsinə Ə. Ələkbərov, M. Məmmədov, A.İsgəndərov və onlarla digər sənət korifeyləri ilə çalışıb. Bu münbit sənət mühiti onun yaradıcılıq bioqrafiyasına güclü təsir göstərib və tezliklə onu səhnəmizin qüdrətli sənətkarları sırasına çıxarıb.

    Azərbaycan aktyor məktəbinin orta nəslinə mənsub olan Məlik Dadaşov teatrda onlarla obraza səhnə həyatı verib, elə kinoda da yaddaqalan, maraqlı rollar yaradıb. O, təkcə Azərbaycanda deyil, bütün dünyada xalqımızı təmsil edən nadir sənətkarlardan olub. Yüksək intellektə, mədəniyyətə malik, aktyor sənətinin yüksək texnikasına yiyələnmiş bu sənətkar bir-birindən maraqlı, bənzərsiz rollar yaradıb.

    Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. O, klassik və müasir aktyor sənətinin sintezindən yaranan bir ifa tərzi seçmişdi. “Axırıncı aşırım”dakı Qəmlo bütövlükdə kinomuzda yaddaqalan obrazlardandır. Bu obrazın bütün xarakterik cizgilərini ustalıqla açan aktyor filmin əsas dramatik yükünün daşıyıcısına çevrilir.

    Tarixi keçmişimizdən bəhs edən “Dəli Kür” bədii filmində bir sıra canlı xarakterlər yaradılmış, qəhrəmanların daxili aləmi psixoloji dərinliklə açılıb göstərilmişdir. Belə canlı obrazlardan biri də sənətkarın böyük ustalıqla yaratdığı molla Sadıq surətidir. Molla Sadıq obrazından fərqli olaraq “Axırıncı aşırım” filminin personajı Qəmlo düşmənə qarşı açıq mübarizə aparır, heç kimə güzəştə getmir.

    Görkəmli aktyor “Birisi gün, gecəyarısı”, “O dünyadan salam”, “Fəryad”, “Hacı Qara” kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.

    “Ölülər”dəki Şeyx Nəsrullah rolunu o dəfələrlə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrın səhnəsində oynayıb. Çox vaxt deyirlər ki, M.Dadaşov mənfi tiplərin klassik ifaçısıdır. Şeyx Nəsrullah da, Qəmlo da, Molla Sadıq da mənfi tiplər idi. Amma siz bu rollarda aktyor məharətinə diqqət yetirin. Məlik Dadaşovun Şeyx Nəsrullahı özgə bir aləmdir. Bəlkə də, ona görə mərhum kinorejissor Tofiq Tağızadə “Ölülər” pyesi əsasında ekranlaşdırdığı "O dünyadan salam" filmində də Şeyx Nəsrullah rolunda Məlik Dadaşovu çəkmişdi.

    Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışıb. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşib, buraya yeni yaradıcı qüvvələr cəlb olunub. 1980-ci illərdən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində aktyor sənətindən dərs də deyib.

    Görkəmli aktyor 1996-cı il dekabrın 2-də 72 yaşında dünyasını dəyişsə də Azərbaycan mədəniyyətinə və incəsənətinə verdiyi dəyərli töhfələr onu hər zaman yaddaşlarda saxlayacaq, unudulmağa qoymayacaq.

  • Qəbələnin Laza kəndinə alternativ yolla hərəkət təmin olunub

    Qəbələ rayonu ərazisində intensiv yağıntılar nəticəsində Dəmiraparançayda sel suları Laza kəndinə gedən mövcud yolun bir hissəsini yuyaraq sıradan çıxarıb.

    “Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Bildirilir ki, Agentlik qısa müddətdə alternativ olaraq Küsnət yolu ilə Laza kəndinə fasiləsiz və təhlükəsiz gediş-gəlişi təmin edib.

    Sel sularının azalması ilə mövcud yolun bərpası istiqamətində işlərə başlanılacaq.

  • İkinci Bakı Beynəlxalq Piano Festivalının proqramı zəngindir

    İyunun 15-dən 29-dək ölkəmizdə II Bakı Beynəlxalq Piano Festivalı keçiriləcək.

    Bu barədə AZƏRTAC-a festivalın təsisçisi və direktoru, Əməkdar artist Şahin Növrəsli məlumat verib.

    Onun sözlərinə görə, festivalın açılışı 15 İyun - Milli Qurtuluş Günü Heydər Əliyev Mərkəzində təşkil olunacaq.

    Festivalda 11 ölkədən -Azərbaycan, Fransa, İspaniya, Braziliya, Avstriya, Türkiyə, Kanada, Latviya, Macarıstan, Norveç və Almaniyadan tanınmış musiqiçilərin iştirak edəcəyini bildirən Əməkdar artist qeyd edib ki, festival günlərində paytaxtın musiqi salonlarında çoxsaylı konsertlərin keçirilməsi nəzərdə tutulur. Konsertlərdə caz, flamenko, tanqo, klassik və s. musiqilər ifa olunacaq.

  • Dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə Bakıda

    İyunun 15-də Bakı Konqres Mərkəzində dünyaşöhrətli pop qrupu “Gipsy Kings” ilk dəfə konsert verəcək.

    AZƏRTAC xəbər verir ki, Rumba-Flamenko stilində ifaları ilə tanınan, “Bamboleo”, “Volare”, “Baila Me”, “Amor Mio” mahnıları ilə sevilən məşhur pop qrupu pərəstişkarları qarşısında öz repertuarında olan kompozisiyalarla çıxış edəcək.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Kitab Festivalında təmsil olunur

    Azərbaycan Xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının həmtəşkilatçılarından biri də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondudur. Sərgidə Fond tərəfindən hazırlanan xüsusi stenddə təşkilatın nəşrləri təqdim edilir.

    Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

    Tədbirin açılış mərasimində çıxış edən Fondun layihə meneceri Mirbek Karıbayev hər il keçirilən festivalın ənənəyə çevrilməsinin önəmindən bəhs edib: “Builki festival Azərbaycanın dahi lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunduğu üçün xüsusilə əlamətdardır. Festival mütaliəyə marağın artırılması, türk xalqlarının ədəbiyyatının təbliği baxımından vacib önəm daşıyır. Türk xalqlarının çoxəsrlik mədəniyyətini, irsini qoruyub saxlamaq, dünyada tanıtmaq və gələcək nəsillərə çatdırmaq Fondun əsas məqsədlərindəndir. Ona görə də Fondumuzun bugünkü festivalın təşkilatçılarından biri kimi çıxış etməsi təbiidir”.

    Qeyd edək ki, festival çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan və Macarıstana həsr olunan günlərdə Fond tərəfindən müxtəlif proqramlar hazırlanıb. Belə ki, festivalda “Saqınbaydın Manası” kitabı, Süleyman Çələbinin “Mövlud” əsəri oxuculara təqdim olunacaq. Həmçinin “Abay Kunanbayevin həyat və yaradıcılığı”, “Məhdimqulu Fəraqi və Azərbaycan ədəbiyyatı” , “Əlişir Nəvai inciləri”, “Mikloş Radnotinin şeir gecəsi” adlı tədbirlər təşkil olunacaq. Eyni zamanda Fondun dəstəyi ilə Çingiz Aytmatovun 95 illik yubileyi münasibətilə Bakı Bələdiyyə Teatrı tərəfindən hazırlanan “Ana tarla” əsərindən parçalar tamaşaçılara nümayiş etdiriləcək.

  • Xəzər Süleymanlının musiqili poeziya gecəsi olacaq

    İyunun 25-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində bədii qiraətçi Xəzər Süleymanlının musiqili poeziya gecəsi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, gecədə bədii qiraətçi Xəzər Süleymanlı Azərbaycan poeziyasının ən məşhur şeir nümunələrini səsləndirəcək. Qiraətçini “Hicaz” qrupu müşayiət edəcək.

    Gecədə, həmçinin xüsusi qonaqların iştirakı gözlənilir.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.