Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakı-Qəbələ-Bakı istiqamətində 10 əlavə qatar reysi təyin edilib

    “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 26 iyun - Silahlı Qüvvələr Günü və 28-29 iyun Qurban bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində Bakı-Qəbələ-Bakı istiqaməti üzrə artan sərnişin tələbatının qarşılanması məqsədilə xəttə 10 əlavə qatar reysi təyin edib.

    Bu barədə Reporta ADY-dən bildirilib.

    Məlumata görə, 26, 27, 28, 29 və 30 iyun tarixlərində Bakı-Qəbələ-Bakı istiqamətlərində əlavə reys üzrə sürətli sərnişin qatarlarının hərəkət cədvəlində də müvafiq dəyişikliklər edilib.

    Belə ki, Bakı Dəmiryol Vağzalından saat 07:30-da yola düşən qatar Qəbələyə saat 10:50-də, əks istiqamətdə saat 19:30-da Qəbələ Dəmiryol Vağzalından yola düşən qatar isə mənzil başına saat 22:50-də çatacaq.

    Yay mövsümünün başlanması ilə bağlı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq, onların Qəbələdə daha çox maraqlı vaxt keçirmələri üçün 01 iyul 2023-cü il tarixindən etibarən şənbə və bazar günləri olmaqla qatarların hərəkət cədvəli yuxarıda qeyd edilmiş bayram günlərinin qrafiki üzrə yenilənəcək.

    ADY bu il martın 18-dən ölkədə ilk dəfə Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına start verib. Hazırda sürətli sərnişin qatarı həftənin şənbə və bazar günlərində hərəkət edir.

  • Dövlət Turizm Agentliyi tərəfindən Çin mətbəxi ilə bağlı araşdırma aparılıb

    Çinli turistlər getdikləri ölkələrdə öz mətbəxlərinə məxsus yeməkləri dadmaq istəyirlər.

    AZƏRTAC xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycanın qastroturizm perspektivləri” mövzusunda tədbirdə Dövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə deyib.

    Onun sözlərinə görə, hazırda Agentlik tərəfindən Çin mətbəxi ilə bağlı araşdırma aparılıb: “Biz bir müddət öncə çinli turistlərin ölkəyə cəlb edilməsinə dair iş aparanda məlum oldu ki, onlar getdikləri ölkələrdə sırf öz mətbəxlərinə məxsus yeməkləri dadmağı istəyirlər. Məhz buna görə də biz öz qastronomlarımızla işləri bu istiqamətdə qururuq”.

  • Qərbi Azərbaycanın maddi və mədəni irsi AKİ-nin fokusunda

    Azərbaycan Kinematoqrafçılar İttifaqı Azərbaycan (AKİ) Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi müsabiqənin qalibi olub.

    AKİ-dən AZƏRTAC-a bildirilib ki, “Qərbi Azərbaycanlıların qayıdış konsepsiyasının” icrasına ictimai dəstəyin verilməsi mövzusunda elan edilmiş müsabiqənin qalibi olan layihənin büdcəsi 28 min 500 manat, adı “Qərbi Azərbaycan: maddi və mədəni irsimiz”dir.

    Layihənin rəhbəri Xalq artisti, AKİ-nin sədri Rasim Balayev, müəllifi, ssenarist Füzuli Sabiroğludur. Layihə çərçivəsində sözügedən mövzuda sənədli film, sayt, infoqrafikaların yaranması nəzərdə tutulur. Layihənin özəlliyi budur ki, layihə çərçivəsində materiallar Azərbaycan və ingilis dillərindən əlavə erməni dilində də tərcümə olunaraq yayımlanacaq. Ermənistan ərazisində Azərbaycan abidələri haqqında unikal materialları işıqlandıracaq sənədli film və başqa kontentlərin Azərbaycandan kənarda, xüsusilə erməni izləyicilər arasında yayılması layihənin əsas məqsədlərindəndir.

    AKİ katibliyindən verilən məlumata görə, ittifaq ictimai təşkilat kimi ölkənin QHT icmasının tərkib hissəsi olaraq bundan sonra da, mədəni irsimizin tanınması, kino tariximizin öyrənilməsi və təbliği istiqamətində layihələrin icrasına diqqət ayıracaq. Layihənin prodüseri AKİ katibi Əli İsa Cabbarov, layihə çərçivəsində istehsal olunacaq filmin rejissoru Mübariz Nağıyevdir.

  • Bu gün unudulmaz heykəltaraş Münəvvər Rzayevanın doğum günüdür

    Özünəməxsus dəst-xətə malik heykəltaraş olan Münəvvər Rzayeva əsasən psixoloji portret ustası idi. Yaratdığı obrazların daxili aləmini, psixoloji durumunu, dünyaduyumunu əks etdirmək üçün heykəlin gözlərini xüsusi incəlik və dolğunluqla işləyirdi. Bu, onun yaradıcılıq üslubunun əsas cəhəti idi. İstedadı, zəngin təxəyyülü, yüksək professionallığı və texniki ustalığı sayəsində qranit, mərmər, bürünc, ağac və s. materiallardan istifadə edərək yaratdığı heykəllərdə bədii ideyanın orijinallığı diqqəti cəlb edir. Əsasən sənət adamlarının (şair və yazıçıların) heykəlləri, o cümlədən dövlət xadimlərinin və əmək qəhrəmanlarının heykəlləri, büstləri, barelyef və başqa bu kimi əsərlərinin hər biri nadir sənət nümunələri kimi qiymətləndirilib. Yaradıcılığında ədiblərə xüsusi məhəbbətlə yanaşıb. Hüseyn Cavid, Sergey Yesenin, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Nazim Hikmətin büstləri onun yaradıcı ömründə ayrıca yer tutur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın ilk monumentalçı qadın heykəltaraşı, Əməkdar rəssam Münəvvər Rzayevanın anadan olmasından 94 il ötür.

    Münəvvər Rzayeva 1929-cu il iyunun 6-da Şuşada anadan olub. Şuşada tanınmış xalça ustası Məcid kişinin ailəsində böyüyüb. 1950-ci ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini,1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakültəsini bitirib.

    Münəvvər Rzayeva yüzədək müxtəlif səpkili sənət əsəri yaradıb, müxtəlif sərgilərin iştirakçısı olub. 1953-cü ildə Rəssamlıq İttifaqının üzvü seçilib. Mədəniyyət Nazirliyinin Dövlət Komissiyasının üzvü, AMEA Nizami adına Ədəbiyyat Muzeyində bərpaçı rəssam kimi fəaliyyət göstərib.

    Onun əsərləri Azərbaycan Dövlət İncəsənət Muzeyində, AMEA Nizami adına Ədəbiyyat Muzeyində, Ordubadi muzeyində, Siyəzən mədəniyyət evində, Bədii Fondda saxlanılır.

    Onun sonuncu işlərindən biri Qusar rayonunda yerləşən dağın 3 min 763 metr hündürlüyündəki “Heydər zirvəsi”nə bərkidilən Heydər Əliyevin tunc barelyefidir.

    Münəvvər Rzayeva 2004-cü il iyunun 6-da - doğum günündə dünyasını dəyişib. Onu qiyabi olaraq çoxları tanıyırdı. Bəziləri özünü görməsələr də, Münəvvər xanımı onun yaradıcı əllərindən yoğurulmuş, ədəbiləşmiş heykəllərində görürlər. O, neçə vaxtdan bəri Bakı, Gəncə, Zaqatala, Quba və digər şəhərlərin küçə və meydanlarını bəzəyən dəyərli şəxsiyyətlərin heykəl və büstlərini öz incə duyumu ilə yaratmışdı.

  • Pikassonun “Qadın büstü” əsəri hərracda 3,4 milyon avroya satıldı

    Pablo Pikassonun “Qadın büstü” (Buste de femme) tablosu Kölndə keçirilən hərracda 3,4 milyon avroya satılıb.

    AZƏRTAC xarici KIV-ə istinadla xəbər verir ki, hərrac evinin nümayəndəsi Van Ham belə yüksək qiymətə satışın gözlənildiyindən artıq olduğunu söyləyib. Əsərin qiyməti 1,5-2,5 milyon avro arasında dəyişir. Pikasso bu əsəri 1971-ci ildə yaradıb.

  • “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı olub

    İyunun 5-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunmuş “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” sənədli filminin təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, filmin nümayişindən əvvəl Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev ekran əsəri barədə məlumat verib. O deyib: “Mehmandarovlar nəslinə həsr olunan bu film tarixi-publisistik formada çəkilib. Film özünəməxsusluğu ilə seçilir. Hazırkı vaxtda sənədli film çəkmək çox çətindir. Rejissor burada özünəməxsus tərzdə maraqlı forma tapa bilib. Eyni zamanda, ekran əsərinin simvolik sonluğu var. Əminəm ki, bu film milli kinematoqrafiyada öz layiqli yerini tutacaq”.

    Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Mehmandarovlar soyunun nümayəndəsi Mustafa Mehmandarov təqdimatdan məmnunluğunu bildirərək, bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirib: “Bu gün burada Mehmandarovlar nəslinin nümayəndələri iştirak edirlər. Mən öz ailəm adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığımı bildirirəm. Burada həssas məqamlar var, Mehmandarovların Şuşada olan malikanə kompleksi misilsiz və gözəl şəkildə bərpa edilib. Bu, eyni zamanda, bizim gələcək nəsillərə bir töhfədir”.

    Sonra Tarix İnstitutunun direktoru professor Kərim Şükürov, filmin ssenari müəlliflərindən biri, “Mehmandarovlar” kitabının müəllifi, “Şuşa” qəzetinin baş redaktoru Vasif Quliyev, filmin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev təqdim olunan ekran əsəri və Mehmandarovlar haqqında danışıblar.

    Qeyd edilib ki, filmdə Qarabağ hökmdarı İbrahimxəlil xanın mehmandarı Mirzə Əli bəy tərəfindən əsası qoyulmuş, daha sonra Şuşada və Azərbaycanın digər bölgələrində məskunlaşan Mehmandarovlardan bəhs edilir: “Mehmandarovlar XIX-XX əsrlərdə Azərbaycanın ictimai-siyasi həyatında özünəməxsus rol oynayıblar. Filmdə Peterburq Tibb-Cərrahlıq Akademiyasının məzunu Əbdül Kərim bəy Mehmandarovun həkimlik fəaliyyəti ilə yanaşı, Qarabağın və ümumilikdə Azərbaycanın tarixində əhəmiyyətli rol oynaması, eləcə də 1905-1906-cı illərdə ermənilərin törətdiyi qırğınlara qarşı şuşalıların mütəşəkkil qaydada müqavimət göstərməsində, xalqın səfərbər edilməsində və Difai təşkilatının yaradılmasında müstəsna xidmətləri əksini tapır”.

    Sonra “Millət naminə. Əbdül Kərim bəy Mehmandarov” filmi nümayiş olunub.

    Qeyd edək ki, ekran əsərinin çəkilişləri Bakıda və Şuşada aparılıb. Filmin prodüseri Nazim Hüseynov, rəssamı Rafiq Nəsirov, bəstəkarı Azər Hacıəsgərlidir.

  • Azərbaycanda "Milli dadlar" layihəsinin icrasına başlanılıb

    Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu (ATB) "Milli dadlar" layihəsinin icrasına başlayıb.

    Report xəbər verir ki, bunu Büronun Qastronomiya turizminin idarə edilməsi sektorunun müdiri Səkinə Əsgərova bildirib.

    Onun sözlərinə görə, layihə müxtəlif regionlara xas mətbəx reseptlərini bir yerə toplamaqla bərabər, yemək hazırlığı prosesində əvəzsiz rola malik biomüxtəliflik nümunələrini özündə ehtiva edən qastronomiya konsepsiyasıdır.

    "İndiyə qədər 1 200-ə qədər milli dad bir araya yığılıb. Layihənin məqsədi bu məlumat bazasında Azərbaycanın milli dadlarının hazırlanma ənənələri, tarixi kökləri, tərkibi və görüntülərini əks etdirməkdir. Layihə tezliklə ictimaiyyətə təqdim ediləcək", - deyə o qeyd edib.

    Bundan başqa, ATB rəsmisin sözlərinə görə, yaxın vaxtlarda Bayıl Kulinariya Təcrübə Mərkəzi açılacaq: "Bu mərkəz Azərbaycanda kulinariyanın inkişafına mühüm töhfə verəcək".

    S.Əsgərova həmçinin Azərbaycanda yeni turizm marşrutu üzərində iş getdiyini deyib: "Dünyada "Zeytun yolu" adlı turizm marşrutu var. Biz də isfəyirik ki, ölkəmizdə də eyni marşrut olsun və bunun üçün işlərimizi davam etdiririk”.

  • Bakının İlqar Məcidov küçəsi təmir edilib

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Pirallahı rayonunun Gürgən qəsəbəsində İlqar Məcidov küçəsini təmir edib.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, uzunluğu 1300 metr, ortalama eni 6 metr təşkil edən sözügedən küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 700 p/metr bordür daşları yenilənib, 560 kvadratmetr piyada səkiləri bərpa olunub.

    Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunaraq küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.

    Təmir işləri çərçivəsində küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də yerinə yetirilib.

    Sonda isə üfüqi nişanlanma xətləri çəkilib və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

  • SİMA Elm və Təhsil Nazirliyinin sisteminə inteqrasiya edildi

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza dövlət qurumları üzrə tərəfdaş çevrəsini genişləndirməyə davam edir.

    Artıq SİMA rəqəmsal imzanın Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə inteqrasiyası həyata keçirilir. İlkin mərhələdə SİMA-nın nazirliyin tabeliyində olan “Ali və Orta İxtisas Təhsili Alt Sistemi” portalına inteqrasiyası yekunlaşıb.

    Artıq ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsil müəssisəsi və elmi təşkilatları olan qurumların məsul şəxsləri portala daxil olarkən şəxsiyyətin eyniləşdirilməsini SİMA ilə həyata keçirəcəklər.

    SİMA ilə inteqrasiyadan əvvəl qurumların mütəxəssisləri əvvəlcədən təyin edilmiş istifadəçi adı və şifr əsasında sistemə daxil olurdular. Biometrik həllərə əsaslanan SİMA yeni nəsil rəqəmsal imza ilə inteqrasiya nəticəsində isə sistemə giriş daha etibarlı olacaq və şəxsin bilavasitə özü tərəfindən daxil olma etibarlılığı yüksələcək.

    SİMA yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün bir sıra üstünlükləri var. Maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması isə hər iki seqment üzrə xüsusi üstünlüklər yaradır. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı da qazandırır.

    Vətəndaşlar üçün ödənişsiz olan rəqəmsal imzanı əldə etmək üçün SİMA mobil tətbiqini cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

    SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un rəsmi saytından və “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

  • “Bakı payızı 2023” müsabiqəsi çərçivəsində konsert proqramları təşkil ediləcək

    “Bakı payızı 2023” müsabiqəsinin birinci və ikinci turları çərçivəsində konsert proqramları təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, konsertlər iyunun 28, 29, 30-da və iyulun 1-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında keçiriləcək.

    Müsabiqənin 1 və 2-ci turlarının qalibləri müəyyənləşəcək və elan olunacaq.

    Biletləri şəhərimizin kassalarından və www.iticket.az saytından onlayn əldə etmək olar.