Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 17-də Heydər Əliyev Mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, qonaqlara dünya memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən öyrənilməsinə və tədqiq edilməsinə yönəlib.
Bildirilib ki, Mərkəzdəki Heydər Əliyev Muzeyində Ulu Öndərin fəaliyyət konsepsiyasının müxtəlif aspektləri virtual şəkildə təqdim olunur.
Qonaqlar Ulu Öndərin Azərbaycana rəhbər olduğu dövrlərdə - 1969-cu ildən 2003-cü ilədək rəsmi istifadəsində olan avtomobillərə baxıblar.
Ümummilli Liderin həm sovet hakimiyyəti dövründə, həm də müstəqillik illərində həyata keçirdiyi fəaliyyət konsepsiyasının müxtəlif dövrlərini əks etdirən eksponatlar, fotoşəkillər və multimedia zalı qonaqların böyük marağına səbəb olub.
“Azərbaycan inciləri” sərgisi ilə də tanış olan nümayəndə heyətinin üzvlərinə məlumat verilib ki, ekspozisiyada ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı nadir eksponatlar nümayiş etdirilir. Burada qədim sənətlərin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Qeyd olunub ki, bu guşədə Azərbaycan milli geyimləri, qədim sikkələr də nümayiş etdirilir.
Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti Azərbaycanın qədim musiqi alətləri ilə də tanış olub.
Heydər Əliyev Mərkəzi ilə tanışlıq qonaqlarda xoş təəssürat doğurub.
24-27 aprel 2024-cü il tarixlərində Bakıdakı “Nizami” Kino Mərkəzində “ELS Production” prodüser mərkəzinin təşkilatçılığı ilə “Azərbaycanda Rusiya kinosu günləri” keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Azərbaycanda Rusiya kinosu günləri”nin keçirilməsi ideyasını Rusiya Federasiyası (RF) Prezidentinin Beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, RF Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri, “Rusiya Sülh Fondu” Beynəlxalq İctimai Fondunun İdarə Heyətinin sədri Leonid Slutski, Rusiya Xarici İşlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyi, Bakıdakı Rus evi, “İkinci nəfəs” logistika şirkəti, “SAVALAN-ASPİ WİNERY” şirkəti, “Hyatt Regency Baku” oteli dəstəkləyib. Layihənin prodüseri Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi Yelena Lebedevadır.
Bu il “Azərbaycanda Rusiya kinosu günləri”nin proqramına Rusiyanın dörd yeni tammetrajlı filminin nümayişi, baxılmış filmlərin müzakirəsi və ekran əsərlərini təmsil edən artistlərlə ənənəvi yaradıcılıq görüşləri daxil edilib.
Aprelin 24-də “Azərbaycanda rus kinosu günləri”nin təntənəli açılışı çərçivəsində Nikolay Lebedevin rejissoru olduğu “Nürnberq” (12+) filminin nümayişi keçiriləcək. Filmi baş rolun ifaçısı, Dövlət Millətlər Teatrının aktyoru Sergey Kempo təqdim edəcək.
Kinolent 1945-ci ildə Nürnberqdə keçirilən Beynəlxalq Hərbi tribunalın işə başlamasından əvvəl iki gəncin görüşündən bəhs edir. Prosesdə işləmək üçün Nürnberqə gələnlər arasında polkovnik Miqaçovun rəhbərliyi altında sovet nümayəndə heyətinin tərkibində tərcüməçi kimi fəaliyyət göstərən İqor Volqin də var. Bir gün o, Nürnberq küçələrinin birində rus qızı Lena ilə rastlaşır. Onların arasında yaranan sevgi böyük sınaqlarla üzləşəcək.
“Qağayı” (16+) debüt filmini aprelin 25-də filmin rejissoru və ssenaristi, Vladimir Mayakovski adına Teatrın aktrisası, əfsanəvi Alla Surikovanın tələbəsi, Lazarev-Nemolyev teatr sülaləsinin nümayəndəsi Polina Lazareva təqdim edəcək. Film iki gənc qız və orta yaş böhranı keçirən uğurlu bir yazıçı arasındakı sevgi üçbucağına həsr olunub. Bu ekran əsəri ehtirasla sevgiyə can atan insanlar, onların xəyalları, istəkləri və arzuları haqqında istehzalı hekayədir.
Tədbirin üçüncü günü - aprelin 26-da iki filmin nümayişi keçiriləcək. Tamaşaçılara rejissor Qriqori Vojakinin “Çink: Quyruqlu detektiv” (6+) cizgi filmi təqdim olunacaq. Süjetə görə, macəra axtaran dələ Çink əsl dedektiv olmağı xəyal etsə də, amma təəssüf ki, onun köməyi əksinə, bir çox hallarda problemə çevrilir. Elə həmin gün rejissor Georgi İlyinin “Partizan meşəsinin xəzinələri” (12+) filminin nümayişi olacaq. Kinolenti baş rolun ifaçısı, Rusiyanın “Çayka” (“Qağayı”) Teatr Mükafatının laureatı, Moskvanın fəxri incəsənət xadimi, məşhur teatr və kino aktrisası Yelena Zaxarova təqdim edəcək.
Film 1941-ci ilin iyununda alman işğalçılarının kiçik sərhəd şəhərlərinə və qəsəbələrinə girərək mülki insanlara zərər vurduqları hadisələri təsvir edir. Həmin vaxt şəhərlərdən birində nadir antik sikkələrin və ordenlərin nümayişi keçirilir. Muzeyin direktoru Marişa və Mişa adlı uşaqların köməyi ilə bu misilsiz eksponatları qorumağa çalışır. “Rusiya kinosu günləri” aprelin 27-də baş rolun ifaçısı, Arkadi Raykin adına Rusiya Dövlət “Satirikon” Teatrının aktyoru Aleksey Bardukov tərəfindən təqdim ediləcək və rejissor Andrey Bulanovun çəkdiyi “Xokkey ataları”(6+) filminin nümayişi ilə başa çatacaq.
Filmin baş qəhrəmanı Andrey kiçik əyalət şəhərlərindən birinin uşaq xokkey komandasının məşqçisidir. Onun nizamlı həyatı Andreyin uşaqları məşq etdirdiyi və şəhərdə yeganə olan buz sarayının söküləcəyinə dair xəbərlə alt-üst olur. Buz sarayını xilas etməyin yeganə yolu həvəskar xokkey turnirində qalib gəlməkdir. Buna görə Andrey özünə komanda toplayaraq bu məsuliyyətli oyunlara hazırlaşmaq qərarına gəlir.
Tədbir çərçivəsindəki kinolayihələrin aparıcısı teatr və kino aktrisası Polina Neçitaylodur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə bu günün tarixi əhəmiyyətindən bəhs edən materiallar - virtual kitab sərgisi və biblioqrafik icmal hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda rəsmi sənədlər, görkəmli şəxsiyyətlərin tarixi və mədəniyyət abidələri haqqında söylədikləri dəyərli fikirlər, yaşı əsrləri və minillikləri əhatə edən, dünyada analoqu olmayan, ölkəmizin maddi daşınmaz sərvəti hesab edilən tarixi abidələr – Azıx mağarası, Qobustan, Qız qalası, Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar, Şəki xan sarayı, Əlincə və Girdiman qalaları haqqında geniş məlumat verilir, Şuşa şəhərinin abidələrinin nəinki Şərq, hətta dünya memarlığının ən gözəl inciləri hesab olunduğu qeyd edilir.
Virtual kitab sərgisində tarixi abidələrimizin qorunması və gələcək nəsillərə ötürülməsi sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri tədbirlər, layihələr haqqında geniş məlumat verilir.
Materiallarda “Sehrli abidələr”, “Qərbi Azərbaycan abidələri”, “Naxçıvanın tarixi abidələri”, “Şuşanın maddi-mənəvi irsi epiqrafik abidələr əsasında”, “Lənkəran bölgəsinin tarixi-memarlıq abidələri”, “Azərbaycanın dünya əhəmiyyətli abidələri”, “Şərqin tarixi abidələri” və s. kimi 20-dən çox kitabın biblioqrafik təsviri və qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda tarixi abidələr haqqında yazılı məlumatlarla yanaşı onların foto və videogörüntüləri də yer alır.
Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə əlaqədar hazırlanan materiallar kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/tarixi-abidelerin-muhafizesi -gunu, https://ryl.az/funds/biblioqrafik-icmal yerləşdirilib.
Azərbaycanda “Arap Kadri” Türk komediyasının nümayişi başlayır.
"Report" xəbər verir ki, film aprelin 19-dan yalnız “CineMastercard” kinoteatrlar şəbəkəsində yayımlanacaq.
“Arap Kadri” Türk komediyasının rejissoru Emre Kavuk, baş rolların ifaçıları isə Ahmet Mümtaz Taylan, Necip Memili və Zeynep Çamcıdır.
16 yaşdan yuxarı izləyicilərin baxa biləcəyi film azadlığına düşkün olan Arap Kadrinin həyatından və başına gələnlərdən bəhs edir. O, meşədə yaşayan itaətsiz adamdır. Tarzanın nizam-intizam qurduğu meşədə isə canlılar nizamlı bir həyat yaşamağa çalışırlar. Şəhər həyatına uyğunlaşa bilməyən Arap Kadri, meşəyə gələrkən qarşılaşdığı sadə həyata qapı açır. Bu vəziyyət onunla Tarzan arasında münaqişəyə səbəb olur.
Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək növbəti sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı öz işinə başlayır. Festivalda ölkəmizi Azərbaycan Dövlət Kukla Teatrı təmsil edəcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır.
Aprelin 22-dən mayın 2-dək davam edəcək ənənəvi beynəlxalq festivalın açılışı Ankara şəhərində olacaq. Belə ki, aprelin 22-dən 26-dək Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər. Tədbirə Azərbaycanla yanaşı Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları ilə məşğul olan sənətçilər qatılacaqlar. Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək. Azərbaycan Dövlət Kukla Teatrının təmsilçiləri hər iki şəhərdə maraqlı səhnə əsərləri ilə tamaşaçılar qarşısına çıxacaqlar.
Yaradıcı heyət qardaş ölkə tamaşaçılarına “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşalarını təqdim edəcəklər.
Festivalın son dayanacağı isə Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində çıxışlar edəcəklər.
29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.
Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatlar da nəzərdə tutublar.
Aprelin 16-da “İranə Qasımova ilə Poetry batlle” layihəsi çərçivəsində yeni poeziya axşamı keçirilib. Bu dəfə şairlərin poeziya yarışı “Retro” mövzusunda olub. İştirakçılar nostalgiya ilə bağlı şeirlər söyləyiblər.
AZƏRTAC xəbər verir ki, müsabiqənin münsiflər heyətinə teatr və kino aktrisası Rumiyə Ağayeva, aparıcı aktrisa və model Natella Kərimova, şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Sahib Məmmədov, musiqiçi və müğənni Qasım Xəlilov daxil edilib. Poeziya yarışında söz ustaları Nathalie, Eldar Cahangirbəyov, İlmira Odinayeva, Hacı Həşimov, Maksim Lebedev, Arzu Manaflı iştirak ediblər. Müsabiqənin qalibi Eldar Cahangirbəyov olub.
“İrana Qasımova ilə Poetry batlle” layihəsi 2022-ci ilin iyulunda start götürüb və həmin vaxtdan bəri “Məhəbbət”, “Vətən”, “Fəlsəfə”, “Təbiət”, “Yumor”, “Motivasiya” mövzularında altı yarış keçirilib.
İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə poeziya kitabının müəllifi, “Qızıl qələm” mükafatı laureatıdır. O, həmçinin öz pyesi əsasında hazırlanmış “Qadınlar nə istəyir?” satirik tamaşasının quruluşçu rejissoru, ssenarist, habelə “Kişi və qadın” poetik tamaşasında baş rolun ifaçısıdır. Şairə, eyni zamanda, “İranə Qasımova ilə poeziya klassikası”, “Poetry battle with Irana Kasimova”, “İranə Qasımova ilə açıq mikrofon” populyar layihələrinə müəlliflik edir.
Aprelin 17-də görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 140-cı ildönümü münasibətilə mədəniyyət xadimləri və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin əməkdaşları sənətkarın Fəxri xiyabandakı məzarını ziyarət ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova Zülfüqar Hacıbəyovun Azərbaycan musiqinin inkişafı naminə gördüyü işlərdən danışıb: “O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır”
Diqqətə çatdırılıb ki, Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Anım tədbirində bir daha vurğulanıb ki, Azərbaycan klassik musiqisinin formalaşmasında Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Aprelin 16-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli bəstəkar, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun 140 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin şöbə müdiri Xanım Abdinova Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığı, musiqili teatrın yaranmasında müstəsna rolu haqqında danışıb. Onun çıxışı bəstəkarın həyat və yaradıcılığını əks etdirən slayd-şou ilə müşayiət olunub.
Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Ülviyyə Hacıbəyova Z.Hacıbəyovun musiqi tarixində xidmətləri, akademiyanın Elmi-Tədqiqat Laboratoriyasının elmi işçisi Fidan Nəsirova “Bəstəkar Zülfüqar Hacıbəyovun yaradıcılığında vokal-instrumental janrı” mövzusunda çıxış ediblər.
Tədbirin bədii hissəsində Xalq artisti Ülviyyə Hacıbəyovanın, musiqişünas və vokalçı Sevinc İbrahimovanın, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri Əməkdar artist Səbuhi İbayev, Rəvanə Əmiraslanlı, Əməkdar artist Elxan Mansurov (tar), Səma Həmzəyeva, Elmira Qafarova, Nəzər Bəylərov, Rəşad Həsənzadə, Roza Səlimova (f-no) və xorunun ifalarında bəstəkarın əsərlərindən ibarət konsert proqramı səslənib. “Aşıq Qərib”operasından səhnələr təqdim olunub.
Muzeyin foyesində isə Zülfüqar Hacıbəyovun həyat və yaradıcılığını əks etdirən və muzeyin fondunda mühafizə olunan materiallardan ibarət sərgi açılıb.
Aprelin 19-da Azərbaycan Milli Xalça Muzeyində Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibətilə “Bir ömrün naxışları” adlı sərgi açılacaq.
Muzeydən AZƏRTAC-a bildirilib ki, Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər nümayiş etdiriləcək. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alacaq.
Görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan Aydın Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr miniatur sənətimizin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır.
Milli xalça sənətimizin bütün incəliklərindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik Aydın Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək.
İllər ötür, zövqlər dəyişir, amma onun bəstələri heç zaman köhnəlmir, yaddan çıxmır. "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar”ı eşitməyən insan varmı? Bu mahnıları dinlədikcə şirin bir məlhəm kimi dodaqdan qəlbə süzülür...
AZƏRTAC xəbər verir ki, bu gün bu mahnıların müəllifi, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin vəfatından 9 il ötür.
Ramiz Mirişli 90 il bundan əvvəl Naxçıvan şəhərində dünyaya göz açıb. Asəf Zeynallı adına musiqi məktəbində oxuyan R.Mirişli 1956-1962-ci illərdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili almışdır.
Geniş yaradıcılıq diapazonuna malik olan Ramiz Mirişli folklor və xalq musiqisindən, milli bəstəkarlıq məktəbi ənənələrindən məharətlə bəhrələnərək Azərbaycanın musiqi mədəniyyəti xəzinəsini öz əsərləri ilə daha da zənginləşdirmişdir.
Əminliklə deyə bilərik ki, Ramiz Mirişli yaradıcılığı boyu musiqinin bütün janrlarına müraciət edib. Müxtəlif janrlarda əsərlər yazan bəstəkar operettalar, kamera orkestri üçün simfoniyalar, simfonik poemalar, simfonik süitalar, kantatalar, səs və orkestr üçün vokal məcmuələr, fortepiano üçün süita və miniatürlər, teatr tamaşaları və kinofilmlərə musiqilərin müəllifidir.
Bir nüansı xüsusi qeyd etmək lazımdır ki, musiqinin bütün janrlarından məharətlə istifadə etsə də R.Mirişlini bir bəstəkar kimi xalqa daha çox tanıdan və sevdirən mahnı yaradıcılığı olub. Bəstəkar bu sevginin sirrini belə açmışdır: “Mahnı xalq tərəfindən sevilən janrdır. Yəqin bu, muğamatı yaxşı bilməyimdən irəli gəlir. Muğamat elə bir xəzinədir ki, bəstəkarlar ondan nə qədər götürsə də azalmır, əksinə, artır. Mənə elə gəlir ki, muğam ilahi tərəfindən səmadan göndərilmiş musiqidir. Bu, mükəmməl musiqini yaratmaq qeyri-mümkündür”.
Ramiz Mirişlinin yaradıcılığı özünün təkrarsızlığı, bənzərsizliyi ilə seçilir. Onun musiqisi əsrarəngiz və bənzərsizdir. Onun mahnıları haqqında danışanda deyirlər ki, Ramiz Mirişli xalq ruhunda, xalq dilində yazan bəstəkar olmuşdur. Mahnılarının uzunömürlü olmasının, daim dillərdə, könüllərdə səslənməsinin sirri də elə bundadır.
Bəstəkarın “Dalğalar” mahnısının 60 ildən çox yaşı var. Mahnının tarixi haqqında söz düşəndə, bəstəkar istər-istəməz keçmişə qayıdırdı: “Onda cavan oğlan idim. Konservatoriyada oxuyurdum. Tələbə dostlarımla tez-tez dənizə gedirdik. Həmin mahnı o illərdə yarandı. Şair İslam Səfərli ilə bir məhəllədə yaşayırdıq. Eşitmişdi ki, konservatoriyada oxuyuram, evinə çağırıb mənə “Dalğalar” adlı şeirini verdi. Mən də ona musiqi yazdım. Bu, mənim ilk professional mahnım oldu”.
Tanınan və sevilən müğənnilərin demək olar ki, əksəriyyəti Ramiz Mirişli yaradıcılığına müraciət edib. Şövkət Ələkbərova, Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, İlhamə Quliyeva, Yaşar Səfərov, Elmira Rəhimova və sonrakı illər sənətə gələn müğənnilər onun həzin, qəlbəyatan mahnıları ilə şöhrətləniblər. Böyük bir nəsil onun mahnıları ilə yetişib.
Xalq arasında gözəl mahnı və romansların müəllifi kimi tanınan bəstəkarın "Oxu tar" (sözləri M.Müşfiqindir.), "Salam kür çayı" (sözləri C.Məmmədovundur) mahnıları meydana gəldiyi gündən dillər əzbəri olub, bəstəkara ümumxalq məhəbbəti qazandırıb.
Ramiz Mirişli Xalq şairi Fikrət Qocanın ən çox sevdiyi bəstəkarlardan biri idi. Fikrət Qoca sevimli bəstəkarı haqqında “Mən ilk mahnıları onunla 45 il bundan əvvəl yazmışam. Yeni nəsillər gəlir və hamısı da Ramiz Mirişlinin mahnılarını oxuyur. Bu, ancaq ona görədir ki, Ramiz çox milli bəstəkardır. Onun mahnılarında milli elementlər, milli folklor var. Bu da təbiidir. Çünki Ramiz musiqiyə kamança aləti ilə gəlib. O, kamança məktəbini qurtarıb. Sonra konservatoriyada bəstəkarlıq sinfində oxuyub. Kamança həmişə onun ürəyinin yanında qalıb” sözlərini deyib.
Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üçün rəngarəng əsərlərin, mahnı, kino və dram musiqisi sahəsində yetkin əsərlərin müəllifi olan bəstəkar uzun müddət ictimai və pedaqoji fəaliyyətlə məşğul olmuş, Naxçıvan Muxtar Respublikasının Bəstəkarlıq təşkilatının sədri, həm də Dövlət Televiziya şirkətində musiqi şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 20 ildən artıq bir vaxtda isə Azərbaycan Dövlət Konservatoriyasında dərs deyib.
Tanınmış bəstəkar 1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 1974-cü ildə Naxçıvan MR-in Əməkdar incəsənət xadimi, 1990-cı ildə Azərbaycan Respublikasının Xalq artisti, 1993-cü ildə professor adını alıb. O, 14 aprel 2014-cü ildə "Şərəf" ordeni ilə təltif edilib.
2015-ci il aprelin 17-də vəfat edən Ramiz Mirişli ölümündən sonra da unudulmadı. Ustad musiqiçinin yaradıcılığı ölməzdir.