Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda Beynəlxalq Caz Günü qeyd ediləcək

    Hər il aprelin 30-u dünyada Beynəlxalq Caz Günü kimi qeyd edilir. 2012-ci ildə UNESCO tərəfindən elan edilən bu gün dünyanın cazsevər ölkələrində keçirilən konsert proqramları ilə yadda qalır. Dünyada Azərbaycan cazının da özünəməxsus yeri var.

    AZƏRTAC xəbər verir ki, aprelin 28-dən 30-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşəbbüsü və təşkilatçılığı, ADA Universitetinin eləcə də Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Baku International Jazz Day - Bakı Beynəlxalq Caz Günü silsiləsi keçiriləcək.

    Bu il beynəlxalq caz hadisəsinə müxtəlif mədəniyyət icmaları, təhsil müəssisələri, konsert müəssisələri və dövlət qurumları qatılacaq.

  • Milli Kitabxanada “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi açılıb

    Milli Kitabxanada Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günü münasibətilə “Zülfüqar Hacıbəyov -140” adlı kitab sərgisi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərləri, həyatı haqqında, Azərbaycan klassik musiqisinin formalaşmasında, opera sənətinin, eyni zamanda, musiqi teatrının təşkili və inkişafında Zülfüqar Hacıbəyovun rolundan bəhs edən kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.

    Sərgi 1 həftə davam edəcək.

    Yaradıcılığa mahnı janrı ilə başlayan Zülfüqar Hacıbəyov geniş şöhrət qazanıb. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnılarındandır.

    Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Mətni də, musiqisi də özünə məxsus olan operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır.

    Bəstəkarın xalq musiqisi ilə Avropa musiqisini birləşdirən “Aşıq Qərib” operası o vaxt ictimai-mədəni həyatda böyük marağa səbəb olub.

    Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Zülfüqar Hacıbəyovun respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Onun arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

  • Opera səhnəmizin əfsanəsi

    Bu gün Xalq artisti Lütfiyar İmanovun anadan olmasından 96 il ötür

    Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 96 ili tamam olub.

    İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.

    F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.

    L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.

    Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.

    Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.

    Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.

    Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.

  • Bu gün görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun anadan olmasından 140 il ötür

    Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 140-cı ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.

    Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.

    O dövrdə - yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.

    Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.

    O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmayıb.

    XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.

    Zülfüqar Hacıbəyov 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

    Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.

    Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə - 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar...

    Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi... Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur - hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.

    Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.

    Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişsə də adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qalacaq.

  • Muzey Mərkəzində kulturoloq Elmir Mirzəyevin mühazirəsi keçiriləcək

    Bakı Müasir Musiqi Cəmiyyəti və Muzey Mərkəzi aprelin 19-da saat 16:00-da Muzey Mərkəzində bəstəkar, musiqişünas və kulturoloq Elmir Mirzəyevin “İqor Stravinskinin “Toy"u və rus musiqisinin arxetip başlanğıcı” adlı mühazirəsini keçirəcək.

    AZƏRTAC xəbər verir ki, İ.Stravinskinin “Toy” əsəri onun “rus dövrü”nə yekun vuran ən maraqlı əsərlərindən biridir. Partitura bəstəkarın uzun müddət yaradıcılıq dostu olmuş Sergey Pavloviç Dyaqilyova həsr olunub. “Həyatımın salnaməsi” əsərində Stravinski “Toy”u balet adlandırsa da, xoreoqrafik hərəkət tamamilə şəxsiləşdirilməyib və tamamilə Kürəkən, Gəlin, Kürəkənin anası və Dostunu təmsil edən personajların şərti xarakterini təsvir edib. “Toy”un premyerası 1923-cü il iyunun 13-də Parisin Qyete-Lirik Teatrında baş tutub.

    Elmir Mirzəyev Stravinskinin “Toy” əsərinin nümunəsində Nikolay Rimski-Korsakov, Sergey Raxmaninov, Sergey Prokofyevin əsərlərinə toxunacaq. Mühazirə zamanı şairlər Vyaçeslav İvanov, Konstantin Balmont, Valeri Bryusov, Nikolay Qumilyov, Velimir Xlebnikov, Aleksandr Blok və Marina Tsvetaevadan da bəhs ediləcək. E.Mirzəyev estetik düşüncəsi ilə vizual yaradıcılıq və rəqs sənətində bəzi “ahənglər” yaratmaqla, “Gümüş dövrü”nun ümumi tendensiyasını ifadə edən “Skiflər” ədəbi birliyinə nəzər salacaq.

    O, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bəstəkar ixtisası üzrə bitirib. Tələbəlik illərində beynəlxalq proqramlarda, ustad dərslərində, seminar və kurslarda fəal iştirak edib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında və Köln Konservatoriyasında dərs deyib, Gürcüstan, Çexiya, Özbəkistan və Türkiyə kimi ölkələrdə mühazirələr oxuyub. 1995-ci ildə qurulan və postsovet dövründə ilk müasir musiqi kollektivi olan “SoNoR” ansamblının bədii rəhbəri olub.

  • Muzey Mərkəzinin Sərgi Qalereyası Pərviz Abbasovun fərdi sərgisini təqdim edəcək

    Muzey Mərkəzinin Sərgi Qalereyasında Pərviz Abbasovun müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli xadimi, şair Əliağa Vahidə həsr olunmuş “Biz kimik, məclis onun məclisidir” adlı fərdi sərgisi keçiriləcək. Sərgidə rəssamın 80 rəsm əsəri, 20 illüstrasiya və 13 heykəltəraşlıq əsəri nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, sərginin açılışı aprelin 26-da olacaq. Əvvəlcə Əliağa Vahidin həyatından bəhs edən "Qəzəlxan" filmindəki fraqmentin nümayişi ilə başlayacaq orijinal şou nümayiş olunacaq, şouda Pərviz Abbasovun sərgisinin adında öz əksini tapan "Biz kimik, məclis onun məclisidir" qəzəlinin sətirləri səslənəcək. Bu filmin musiqisi fonunda tamaşaçıların gözü qarşısında rəssamın yaratdığı personajlar canlandırılacaq.

    Pərviz Abbasov müasir Azərbaycan incəsənətini təmsil edən istedadlı gənc rəssamlardan biridir. O, 2019-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Bir çox sərgi və müsabiqələrin iştirakçısıdır. Rəssamlıq, heykəltəraşlıq və illüstrasiya sahəsində çox maraqlı bədii üslubla fərdi yaradıcı yanaşmanı əks etdirən çoxsaylı əsərlərin müəllifidir.

    Sərginin ideyası qədim Bakının ruhunu və ənənələrini qoruyub saxlamaqdır. Ekspozisiyada təqdim olunan əsərlərin hər biri tamaşaçını zaman səyahətinə göndərərək, qədim Bakının xatirə yerlərini özündə cəmləşdirir. Pərviz Abbasovun Bakıya və onun ənənələrinə olan məhəbbəti əsərləri təkcə mövzu üzrə deyil, həm də rəsm üslubu və texnikası üzrə tamamlayır. "Mərdəkan", "Bilgəh", "Sadə axşamlar" kimi əsərlərdə keçmiş zamanın toy ənənələri, nərd oynayan Bakı sakinləri, şəhərin küçələri təsvir edilib.

    Pərviz Abbasovun illüstrasiyaları mövzu və texnika baxımından da az diqqət çəkmir. Onun yaratdığı nümunələrdə müəllifin müxtəlif mövzulara müraciətini də müşahidə etmək olar. Rəssamın kompozisiyalarında aparıcı yeri rəssamın mənzərəli süjetlərində ən çox əks olunan kollaj və quraşdırma elementləri tutur.

    Pərviz Abbasovun qəzəl janrının xadimi, şair Əliağa Vahidə həsr olunan "Biz kimik, məclis onun məclisidir" adlı fərdi sərgisi aprelin 30-dək davam edəcək.

  • DTA sədri Şəkidə vətəndaşlarla görüşüb, bərpa olunan abidələrə baxış keçirib

    Dövlət Turizm Agentliyinin (DTA) sədri Fuad Nağıyev Şəkidə “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu və “Kiş” Tarix–Memarlıq Qoruğu üzrə vətəndaşların qəbulunu keçirib.

    Agentlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə sakinləri maraqlandıran suallar cavablandırılıb, onların fikirləri dinlənilərək müvafiq tapşırıqlar verilib.

    Qəbulda Dövlət Turizm Agentliyinin qoruq ərazisində dünya miqyaslı və yerli əhəmiyyətli tarixi-memarlıq abidələrinin mühafizəsinin təşkil edildiyi, bir sıra abidələrin bərpa olunduğu və bir sıra abidələr üzrə yenidənqurma işlərinin davam etdiyi qeyd edilib.

    DTA-nın sədri Fuad Nağıyevlə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qoruq ərazisində bərpa olunan abidələrə baxış keçiriblər.

    Hazırda qoruğun ərazisində dövlət qeydiyyatına alınan 83 tarixi-memarlıq, arxeoloji, park-monumental abidə, məscidlər, tacir mülkləri, su kəmərləri, su dəyirmanları mövcuddur. 2021-ci ildə Şəkinin tarixi hissəsində yerləşən 58 tikiliyə “abidə” statusu verilməklə, dövlət mühafizəsinə götürülüb.

    2022-ci ildə Qala divarları daxilində XIX əsrə aid iki abidə - Rəsm Qalereyası və qoruğun inzibati binasının yerləşdiyi tarixi tikili ənənəvi Şəki memarlığı üslubunda, ilkin görkəmi saxlanılmaqla təmir-bərpa edilərək istifadəyə verilib və hazırda Qala divarları daxilində bəzi tarixi binaların bərpa işləri davam etdirilir.

    Eyni zamanda, XIX əsrin əvvəllərində Qafqaz Albaniyasının qədim məbədlərinin memarlıq üslubuna yaxın üslubda inşa edilmiş Dairəvi məbədin bir hissəsinin fasadında təmir-bərpa işləri aparılır, o cümlədən şəbəkə emalatxanası, Tarix-Diyarşünaslıq Muzeyinin yerləşdiyi bina bərpa olunur. Həmçinin Şəkidəki Kiş alban məbədinin daxili tərtibatı yenilənib.

    Növbəti mərhələdə Xan Sarayında bərpa işləri ilə bağlı layihələndirməyə başlanılması, Kiş kəndindəki “Gələrsən görərsən” qalasının ətrafında turizm infrastrukturunun yaradılması, Kiş tarixi məscidinin bərpa işlərinə başlanılması nəzərdə tutulur.

    Qeyd edək ki, 2023-cü ildə “Yuxarı Baş” Milli Tarix-Memarlıq qoruğunun 140 min ziyarətçisi olub, bu, 2022-ci illə müqayisədə 90 faiz artım deməkdir. Kiş alban məbədinə gələn turist sayında 2023-cü ildə 2022-ci illə müqayisədə 100 faiz artım müşahidə edilib və 40 mindən çox ziyarət qeydə alınıb.

  • “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQİ) təşkilatçılığı ilə reallaşan “Fotolarda canlanan tarix” adlı fotosərginin bağlanış mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, sərgi iştirakçıları “İçərişəhər”, “Abşeron” və “Qarabağ” adlı üç kolleksiyanı, ilk dəfə sərgilənən fotolar və vaxtilə mövcud olan, hazırda isə qalıqları qalan və ya tamamilə dağıdılmış abidələri əvvəlki vəziyyətində görmək imkanı qazanıblar.

    Sərgidə nümayiş olunan nadir fotolar Azərbaycanda ilk dəfə “İçərişəhər” DTMQİ-nin nəzdində fəaliyyət göstərən “İçərişəhər” Muzey Mərkəzinin fonduna məxsus 1860-1970-ci illərə qədər olan dövrü əhatə edən şüşə neqativlərin və nadir fotoların bərpa və konservasiya edilməsi, rəqəmsallaşdırılması nəticəsində işıq üzü görüb.

    Ölkədə ilk dəfə tətbiq olunan bu texnologiya sahəsində ilkin mərhələdə fondun arxivindəki 300-dən çox əsərə yeni həyat verilib.

  • Bakıda “Disney”in məşhur animasiyalarının musiqi nömrələri səsləndiriləcək

    Aprelin 20-də Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi zalında “RED EVENTS & Distribution ltd” musiqi layihəsi - “Mystery Ensemble”in növbəti konserti keçiriləcək.

    Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, konsert proqramında “Disney” studiyasından olan məşhur animasiyaların təkrarolunmaz, maraqlı musiqi nömrələri ifa ediləcək.

    Tədbirdə “Aslan Kral”, “Gözəl və Bədheybət”, “Bembi”, “101 dalmatyalı”, “Pinokyo”, “Yatmış gözəl”, “Ağca və yeddi cırtdan” və digər cizgi filmlərdən musiqilər səslənəcək.

  • “Gilavar Foto Klubu” beynəlxalq mükafatlara layiq görülüb

    “Gilavar Foto Klubu” İctimai Birliyi beynəlxalq mükafatlarla təltif olunub.

    İctimai Birlikdən AZƏRTAC-a bildirilib ki, klub “Azerbaijan Photo Salon” və “Baku” adlı beynəlxalq fotomüsabiqələrin beş il müddətində ardıcıl təşkilinə görə Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təsis etdiyi “Bürünc plaket”lərə layiq görülüb.

    “Gilavar Foto Klubu” artıq 7-ci dəfədir ki, “Azerbaijan Photo Salon” adlı fotomüsabiqə keçirir. Cari ilin ikinci yarısında isə “Baku” adlı fotomüsabiqənin növbəti dəfə keçirilməsi nəzərdə tutulub.

    FIAP dünyada UNESCO-nun tanıdığı yeganə foto təşkilatdır. Azərbaycan Fotoqrafiya Federasiyası həmin təşkilatın üzvü, “Gilavar Foto Klubu” isə Azərbaycan üzrə təmsilçisidir.