Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb

    Xətai Sənət Mərkəzində plener əsərlərinin sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, sərgidə Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş plenerdə yaradılmış əsərlər nümayiş olunub.

    Üç gün davam edən sərgi yaradıcı şəxslərin əl işlərində daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılması məqsədilə keçirilib.

    Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli tədbiri açaraq sərgi iştirakçılarını salamlayıb. Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Turan Cəfərova, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Quliyev, rəssam Calal Ağayev, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov çıxış edərək sərginin əhəmiyyəti barədə danışıblar.

    Bildirilib ki, sərgiyə 200-dən çox rəssam tərəfindən 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaradılmış əsərlər təqdim edilib. Onların sırasından sərgilənmək üçün 56 rəssamın 79 əsəri seçilib.

    Əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar təqdim olunub. Həmçinin sərgidəki əsərlər arasından Xətai Sənət Mərkəzinin və sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifi Raul Hüseynova hədiyyə təqdim edilib.

  • "Apple" iOS 17-ni təqdim edib

    "Apple" şirkəti WWDC 2023 sərgisində öz cihazları üçün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edib.

    “Report”un xəbərinə görə, onlayn təqdimat korporasiyanın saytında yerləşdirilib.

    Şirkətin top menecerləri "iPhone" üçün yeni əməliyyat sistemi olan iOS 17-ni nümayiş etdiriblər. Yeni versiyada istifadəçi zəng ekranının necə görünəcəyini fərdiləşdirə bilər. Bundan əlavə, sistem qəbul edilən mesajların şifrəsini aça bilər. "iMessage", həmçinin səsli mesajların transkripsiyasını, stikerləri və geolokasiyanın göndərilməsini də əhatə edəcək.

    Sistemin yeni versiyasında "Apple" "AirDrop" məlumat ötürmə sisteminin işini yenidən işləyəcək.

    Bundan əlavə, "iPadOS"un yeni versiyasında keçən il iPhone-da tətbiq edildiyi kimi ekran kilidi parametri əlavə olunacaq. "Apple" planşetləri, həmçinin mətn daxil edə biləcəyiniz sahələri avtomatik tanıyaraq PDF sənədləri ilə işləməyi öyrənəcəklər.

  • Yol hərəkətinə dair qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər hazırlanacaq

    Azərbaycanda yol hərəkəti ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanması üçün araşdırmalar aparılır.

    Bunu Reporta açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Beynəlxalq Əməkdaşlıq Şöbəsinin müdiri Şahin İsmayılov bildirib.

    Onun sözlərinə görə, bu işlər "Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsi" tvinninq layihəsi çərçivəsində həyata keçirilir.

    "O cümlədən, yol hərəkətinin təhlükəsizliyi ilə bağl qanunvericilik bazası nəzərdən keçirilir, dövlət orqanlarının necə işlədiyi araşdırılır. Növbəti mərhələdə təkliflər hazırlanacaq", - deyə nazirlik rəsmisi qeyd edib.

    Onun sözlərinə görə, tvinninq layihəsi 2 ili əhatə edir: “Layihə çərçivəsində Litva və Polşadan olan ekspertlərin missiyaları təşkil edilir. Yol hərəkətinin təhlükəsizliyi ilə məşğul olan dövlət qurumlarının nümayəndələrinin potensialının artırılması önəmlidir. Bu istiqamətdə Litva və Polşaya tədqiqat səfərlərinin təşkil edilməsi nəzərdə tutulur”.

  • Bakıda yerli şirkətlərin sərgisi keçiriləcək

    İyunun 8-də “Heydər Əliyev və Azərbaycan sahibkarlığı” mövzusunda işinə başlayacaq sərgidə sənaye, kənd təsərrüfatı, qida, İKT, təhsil, inşaat, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri təqdim olunacaq.

    Bu barədə Report İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir.

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq tədbir İqtisadiyyat Nazirliyinin dəstəyi, KOBİA-nın təşkilatçılığı ilə keçiriləcək.

    Sərginin təşkilində məqsəd Azərbaycan şirkətlərinin daha geniş tanıdılması, bazarlara çıxış imkanlarının genişləndirilməsi, iş adamları arasında biznes tərəfdaşlığının inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulmasıdır. Sərginin başlıca üstünlüyü iqtisadiyyatın bütün sektorları üzrə məhsul və xidmətlərin təqdim olunmasıdır.

    İyunun 10-dək davam edəcək sərgi çərçivəsində, həmçinin, “Böyük qayıdış - işğaldan azad olunmuş ərazilərdə investisiya imkanları və güzəştlər” və “Müasir çağırışlar fonunda iqtisadi transformasiya: rəqabətli və dayanıqlı bizneslərin formalaşması” mövzularında panel müzakirələr təşkil olunacaq, ikitərəfli görüşlər keçiriləcəkdir.

  • Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil – bir konsert” adlı musiqi axşamı

    Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil – bir konsert” adlı musiqi axşamı təqdim olunub.

    AZƏRTAC xəbər verir ki, konsertdə Xalq artisti Rasim Abdullayev (violonçel), Ülviyyə Abdullayeva (fortepiano) və Anastasiya Mişula (violin) çıxış ediblər.

    Konsert eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva ilə İspaniya rəssam və heykəltəraşı Nani Boronatın 2017-ci ildə əsasını qoyduqları “Centinelas” (“Mühafizəçilər”) adlı layihənin davamıdır. Layihənin emblemində Azərbaycan və ispan mədəniyyətinin iki memarlıq simvolu kimi Bakıdakı Şirvanşahlar Sarayı və Qranadadakı Əlhambra Sarayı seçilib.

    Layihə üzrə ilk konsert 2022-ci ilin may ayında Münxendə (Almaniya) keçirilib. Həmin layihədə İspaniyadan Manuel de Falla, Enrike Qranados və İsaak Albenisin, Azərbaycandan isə Qara Qarayev və Günay Mirzəyevanın əsərləri səsləndirilmişdi.

    Beynəlxalq Muğam Mərkəzində təqdim edilən “Üç nəsil –bir konsert” adlı layihə bu silsilədən Bakıda ikinci konsert sayıla bilər. Amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu Ülviyyə Abdullayeva öz doğma şəhərində "Əlhambradan Şirvanşahlara qədər" layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürərək yeni bir proqram təqdim etdi. Layihə məşhur violonçel ifaçısı Rasim Abdullayev qızı Ülviyyə Abdullayeva və nəvəsi Anastasiya Mişula ilə əməkdaşlıq nəticəsində genişləndirilmiş və zənginləşdirilmiş yeni repertuardır. Pianoçu Bakıda olduğu müddətdə Nani Boronatla birlikdə "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin modelləşdirilməsini davam etdirmək üçün doğma mədəniyyətinin estetik materialını toplamaq niyyətindədir.

    Konsertdə Q. Qarayev, A. Qlazunov, O. Zülfüqarov, S. Raxmaninov, A. Piazolla və digər bəstəkarların əsərlərinə müraciət edilib.

  • Bakı Musiqi Akademiyası Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar müsabiqə elan edib

    Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) “Heydər Əliyev İli” çərçivəsində bəstəkar, Xalq artisti, professor Azər Dadaşovun əsərlərinin ən yaxşı ifasına görə respublika violin ifaçılarının müsabiqəsini elan edib.

    BMA-dan AZƏRTAC-a verilən məlumata görə, iki mərhələdən ibarət olacaq müsabiqə noyabrın 27-28-də keçiriləcək. Müsabiqədə iştirak üçün yaş məhdudiyyəti yoxdur. İştirak etmək istəyənlər ərizəni və birinci turun proqramını noyabrın 20-dək Bakı Musiqi Akademiyasına təqdim etməlidirlər.

    Müsabiqənin təşkilat komitəsinin və münsiflər heyətinin sədri BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

    Müsabiqənin birinci turunun proqramına Azər Dadaşovun violin və fortepiano üçün əsərlərindən ikisi – “Ariya”, “Xocalı ağrısı”, “Zəriflik”, “Həmd-Səna”, “Noktürn”, “Tokkata”, “Skertso”, “Qəmli rəqs” aiddir.

    İkinci turun mütləq proqramı isə violin və kamera orkestri üçün əsərlər – Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Poema”, “Adagietto və Skertsino”dan ibarətdir.

    Qeyd edək ki, qaliblərə pul mükafatları və diplomlar təqdim ediləcək. Müsabiqədə I yerin qalibi 1000 manat və 1-ci dərəcəli diplom, II yer 700 manat və 2-ci dərəcəli diplom, III yer 400 manat və 3-cü dərəcəli diplomla təltif olunacaq.

  • YARAT-da “Yeddinci tənhalıq” adlı qrup sərgisi təqdim olunacaq

    İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində “Yeddinci tənhalıq” adlı qrup sərgisi açılacaq.

    YARAT-dan AZƏRTAC-a verilən məlumata görə, ekspozisiya YARAT-ın sifarişi ilə hazırlanan, həmçinin son illərdə yaradılmış Hüseyn Haqverdiyevin, Tərlan Qorçunun, Orxan Hüseynovun, Ramal Kazımın, Novruz Məmmədovun, Fərəc Rəhmanovun, Eltac Zeynalovun, İsmayıl Səfərəlinin və Nadir Eminovun əsərlərini bir araya gətirir.

    Sərgi alman filosofu F.Nitşenin fəlsəfə əsərlərində irəli sürdüyü “Yeddinci tənhalıq” sirli anlayışına əsaslanaraq, sosial kontekstdə müasir uzaqlaşma, yadlaşma, varlıq və əbədi qayıdış kimi fundamental dəyərləri əlaqələndirməyə çalışır.

    Tempi yüksək olan çağdaş həyatımızda insanların çoxluğuna baxmayaraq, onların arasında olan sıx təmaslar ünsiyyət imkanlarını genişləndirmir. Sosial-psixoloji stereotiplərin, zövqlərin, qiymətləndirmənin, davranış və qavrayış formalarının “konveyer istehsalı” individual fərqliliklərin xüsusiyyətlərini məhv edərək, faktiki olaraq şəxsiyyətin parçalanmasına gətirib çıxarır. Aydın məsələdir ki, müasir cəmiyyətdə “Yeddinci tənhalığ”a çatmaq üçün tərki-dünya olmaq müəyyən sosial kontekstə də bağlıdır. Bu anlamda tənhalıq fiziki deyil, cəmiyyətdən mücərrədləşərək mənəvi olmasını da nəzərdə tutur. Bunların fonunda, şüurlu şəkildə tənhalığa üz tutan individlərin sirli “Yeddinci tənhalıq” axtarışında olması sərginin əsas leytmotivini təşkil edir.

    Sərgi “tənhalıq” məfhumunun ilkin təzahüründən “Yeddinci tənhalıq” deyilən daha yetkin və çoxsaylı metamorfozlara uğramış durumdan bəhs edir. Bu durum, dərkedilmiş seçim olaraq azadlıq, “mənə” aparan yol, varlıq kimi anlayışlarla bağlıdır. Tənhalığı özünə əsas istiqamət kimi işarələyərək, həmçinin fövqəlinsana aparan fərdi, şəxsi təcrübə və müşahidələri işıqlandıran sərgi, həm də bu yolun tərkib hissəsinə çevrilmiş məqamları da vurğulayır. Azadlıq, dəyərlər sistemi, məqsəd və ümidlər, haqq və güc, itaət, instinktlər və s. Bu tənhalıq şəxsi mənsubiyyəti araşdıraraq, onun digər sosial mühitlərdən üstünlüyünü diqqətə çatdırır.

    Qeyd edək ki, “Yeddinci tənhalıq” adlı qrup sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.

  • YARAT Müasir İncəsənət Mərkəzində “Cənnət gözləyə bilər” adlı fərdi sərgi açılacaq

    İyunun 8-də YARAT Müasir İncəsənət Mərkəzində Azərbaycan rəssamı Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi açılacaq.

    AZƏRTAC xəbər verir ki, rəssamın “Cənnət gözləyə bilər” sərgisinin mərkəzində yaratdığı mənzərə reallığı ilk baxışda fərdi və anlaşılması çətin görünsə də, “mən”in patologiyasını tənqid edir. Bir tərəfdən həyat bütün anatomik reallığı ilə qarşımızda dayanır, bəzi hallarda isə həyat adi mənzərədən daha çox məna kəsb edir. Ancaq həyatı mənzərədən ayırmağa cəhd etmək də bizi bir növ yadlaşmaya aparacaq. Bütün həyat, şəxsi və ya ictimai tarix bir mənzərədə və coğrafiyada baş verir və yaddaşımızı hər zaman canlandıran bir məkan var. Varlığımızın bütün imkanlarını kəşf etmək üçün incəsənətə və sosial elmlərə müraciət etməliyik. İncəsənətin ümumbəşəri dəyərləri olsa da, unutmamalıyıq ki, bizim ədəbi-vizual kontekstimiz sırf lokal xarakter daşıyır. Növbəti məqam önəmlidir: İnsanın özünü ən dərindən hiss etdiyi həqiqət bizi ümumbəşəri bir reallığa aparan bədii reallıqdır. Burada rəssam Aida Mahmudova bizi “mənlik klaustrofobiyasından” xilas etmək üçün bir növ mənzərəyə, bu mənzərənin reallığına aparır.

    Rəssam coğrafiyanın sivilizasiyanın mühüm ölçüsü olduğunu və bu coğrafiya daxilində insanlarla əlaqə saxlamağın mümkünlüyünü bildirir. Sərginin mərkəzində yerləşən iki böyük rəsm bizə coğrafiyadan, onun müxtəlifliyindən və əhəmiyyətindən xəbər verir, həmçinin onun gözəlliyinə və dəhşətinə diqqəti cəlb edir. Başlanğıc və sonun simvolu olan bu rəsmlərdə keçmiş və gələcəyə dair ip ucları da var. Əsrimizin fraqmentar strukturu ilə ahəngdə olan rəsmlər orqanizmin bütün təbii dövründən (doğum, həyat, ölüm) sonra ilkin nöqtəsinə qayıtmasını qeyd edir.

    A.Mahmudova dünyanı bəşəriyyətə baxaraq təsvir edərkən, özü vasitəsilə bizim ortaq təcrübəmizi də təsdiqləyir. Bu, rəssamın çağırışıdır. İncəsənətin gücü ağlımıza, əsəblərimizə, xatirələrimizə, duyğularımıza, nəhayət, ruhumuza xitab və təsir edir. O, dünyadakı varlığımızı, öz vücudundan götürdüyü tərsinə (neqativ) formalar və onların boşluqda tutduqları həcmlər vasitəsilə ifadə edir, həmçinin tavandan asdığı kətan və səth əsərləri ilə ümidi çatdırır. Bu mənzərələrdə biz həm xatirələrimizi, həm də gələcəyimizin ip uclarını görə bilərik. Rəssam əsərlərində incəsənətin köməyi ilə maddi və mənəvi şərə qarşı mübarizəmizi, keçmişin, bu günün və gələcəyin ideallarını çatdıra biləcəyimizi bəyan edir. A.Mahmudova bizə sənətin ümumbəşəri əhəmiyyətini və qüdrətini göstərir, belə ki, o, öz əsərləri ilə insanlara onların həyatını, tarixini xatırladır.

    İncəsənət artıq dünyanı göründüyü kimi təsvir etmək, ölçmək və təhlil etməklə məhdudlaşmır. Rəssam hesab edir ki, coğrafiya və yaddaş naturalist şəkildə təqdim oluna bilməyəcək qədər mücərrəddir. Aida Mahmudovanın əsərləri incəsənətin dünyanın yenilənməsinə töhfə verdiyini ifadə etsə də, o, müasir zaman və məkanın etibarsız, introvert olduğunu qeyd edir. Buna görə də dünya kətanların kənarlarında açıq bir kompozisiya kimi təsvir edilib. Onun əsərləri tamaşaçılar üçün kəşf və özünüifadə vasitəsi ola bilər; o, daha çox səmimiyyətə və yaradıcılığa çağırır.

    Özünün cəsarətli və yenilikçi hərəkəti ilə A.Mahmudova bizə bəşəriyyətin lazımi bacarıq və alətlərlə sərhədləri aşa biləcəyini göstərir. Nəticədə sərgi fiziki və konseptual sərhədləri keçməyə çalışır. Bu sərhədləri aşmayınca humanist coğrafiyamız olmayacaq. Əsərlərə yaxından nəzər salsaq və cəsarət etsək, bunun necə baş verə biləcəyini anlamaq üçün bizə əhəmiyyətli ip ucları verəcək.

    Qeyd edək ki, Aida Mahmudovanın “Cənnət gözləyə bilər” adlı fərdi sərgisi iyunun 8-dən oktyabrın 22-dək davam edəcək.

  • “Biganə məşuq” tamaşasının premyerası olacaq

    İyunun 9-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində fransız dramaturqu Jan Koktonun "Biganə yaraşıqlı" pyesi əsasında hazırlanan "Biganə məşuq" adlı tamaşanın premyerası olacaq. Teatrın yeni yaradılmış “ArtStudiya” teatr studiyasında hazırlanmış ümumbəşəri duyğular fonunda qadın, kişi münasibətlərindən bəhs olunan səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatı Aydan Həsənzadəyə aiddir.

    Bu barədə AZƏRTAC-a teatrın mətbuat katibi Samirə Əşrəf məlumat verib.

    “İki nəfərlik tamaşada baş rolları Aydan Həsənzadə və Məmmədağa Əlili Canzadə ifa edirlər. Səhnə əsərində müğənni Lyüsi çox böyük fədakarlıqla sevdiyi adamı yanında saxlamağa, onu qorumağa çalışır. Ancaq Lyüsinin sevgisinə qarşı laqeyd olan Emil üçün maddiyyat, pul daha önəmlidir. Bir tərəfdən çox böyük ehtirasla sevən qadın, o biri tərəfdən biganə məşuq. Bu ciddi kontrasın arasında baş verən ziddiyyətli hadisələr bir daha sübut edir ki, hər hansı bir münasibətdə sədaqət və vicdan hissi çox önəmlidir. Əks qütblərdə dayanan bu iki insanın taleyi necə olacaq? Sualın cavabı tamaşada öz əksini tapır”, - deyə mətbuat katibi qeyd edib.

  • Mədəniyyət Nazirliyi Bakı şəhərində ucaldılacaq Çingiz Aytmatovun abidəsi ilə bağlı açıq müsabiqə elan edir

    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Türk dünyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Çingiz Aytmatovun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidəsinin eskiz-layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə iyunun 15–dən iyulun 31-dək keçiriləcək.

    Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcək. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

    Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra, avqustun 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaq. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.