Hər il iyunun 5-i Ətraf Mühit Günü kimi qeyd edilir. Bizi əhatə edən torpaq, su, hava, ekoloji mühit ətraf mühitin tərkib hissələri hesab olunur, elə təbiətin “yaşıl ciyəri” hesab olunan ağaclar da…
AZƏRTAC-ın müxbiri Süleyman Qaradağlı ağaclarla yazıçılar arasındakı doğma münasibətdən, əsərlərində onlara necə yer ayırmaları və s. barədə bəhs edir.
“Hər kəsin ulduzu var” – deyirlər, bəs hər kəsin ağacı necə? Ehtimal ki, bu suala müsbət cavab verənlər çox olacaq. Çünki bizim həyatımız bu və ya digər şəkildə ağaclarla bağlıdır. Xüsusilə kənddə doğulanlar ağacların həyatımızda necə əhəmiyyətli bir rol oynadığını təsdiq edə bilərlər. Kənd uşaqlarının çoxunun beşiyi ağacın altında qurulub, yüyürüyü ağacdan asılıb. Ağacdan asılan yelləncəklərdə yellənə-yellənə böyümüşük.
Ağac elə təkcə meyvəsi ilə qidalanmaq, kölgəsində dincəlmək üçün deyil ki? Ağac ev üçün ən yaxşı tikinti materialıdır, döşəmə, sürahi, pilləkən ağac materialla inşa edilir. Ağac odun-ocaqdı, qışda cırtacırtla yanan odun sobasından gözəl nə ola bilər? Ağac beşikdə böyüdüyümüz kimi qocalanda da ağac tabuta girib dünyadan köçürük. Deməli, doğulandan son mənzilə qədər ağac bizim yol yoldaşımız, dostumuz, bəlkə də sirdaşımızdır. Bəlkə də elə buna görə dünyadan nakam gedən şair Akif Səməd məşhur şeirlərindən birində “Ağac yaxın, daş doğmadı, adamdan Akif Səmədə” deyirdi.
Elə sənət adamı, elə yazıçı və şair var ki, onun adını çəkəndə hansısa bir ağac xatırlanır. Məsələn, rus şairi Sergey Yesenin adını çəkəndə ağcaqayın, Rəsul Rza və Nəbi Xəzrinin adının çəkilməsi çinar, Toğrul Nərimanbəyovun adı nar ağacını yada salır. Rəsul Rzanın çinar ağacına yazdığı şeirlərdən başqa digər şeirlərində də çinar ağacının adı tez-tez çəkilir.
Çinar elə bir ağacdır ki, onu bir çox yazıçılar böyük məhəbbətlə vəsf ediblər. Mərhum xalq yazıçısı Sabir Əhmədov da doğma Cəbrayıldakı nəhəng çinarı tez-tez xatırlayırdı. Kənd həyatını ustalıqla təsvir edən yazıçının əsərlərində kəhrizin üstündəki tut ağacı da tez-tez yad edilir.
Dramaturq kimi ədəbiyyata əvəzsiz xidmətlər göstərən İlyas Əfəndiyevin yaradıcılığında təbiət əsas yerlərdən birini tutur. Onun məşhur “Söyüdlü arx” romanını xatırlamaq kifayətdir.
Məğrur və dözümlü palıd ağacı yazıçı İsi Məlikzadəyə çox doğmadır. “Dədə palıd” romanının müəllifinin digər əsərləri də bunu sübut edir. Təbiət mövzusu Xalq şairi Məmməd Arazın da yaradıcılığından qırmızı xətlə keçir. Şeirlərində müxtəlif ağacların adını çəkən və onlara çox gözəl poetik dəyər verən Musa Yaqub üçün də təbiət çox doğmadır. Həyətində dağdağan ağacı bitən şairin şeirlərində həmin ağaca həsr edilmiş xeyli şeir var. “Yenə o bağ olaydı...” şeiri Mikayıl Müşfiq üçün üzüm tənəyini doğma hesab etməyə əsas verir.
Xalq şairi Ramiz Rövşənin yaradıcılığı üçün kötüyü simvol kimi qəbul etmək olar:
Başı kəsik gözəl kötük,
sızldama, göynəmə,
Nə baltalar, nə bıçaqlar qalacaq.
Ucalıqdan yıxılsan da, qəm yemə,
Sən yıxılan ucalıqlar qalacaq...
Əlbəttə, nəinki şair və yazıçılar üçün, bəlkə də hər kəs üçün doğma olan hansısa ağac var. Onu bizə doğmalaşdıran yolumuzun üstündə bitməyi, ətrafında böyüməyimiz, xasiyyətimizdəki müəyyən uyğunluqlar, bənzəyişlər və s. ola bilər. Bizə doğma olan ağacları əzizləməyə və sevməyə dəyər...
Bu gün Mikayıl Müşfiqin anadan olmasından 115 il ötür
Onun ömür kitabını vərəqləyərkən gənc yaşlarında həyatı tərk etmiş bir şairin çoxsaylı əsərlərinə heyrətlənməyə bilmirsən. Şübhəsiz, məsələ təkcə əsərlərin sayında deyil. Hər biri şedevr hesab olunmağa layiq bu əsərlərin hər misrası, hər bəndi həyatdan nakam köçmüş müəllifin özü ilə oxucusu arasında yaratdığı əbədi mənəvi körpüdən xəbər verir. O körpü ki, şairin bu günümüz üçün də müasir olan həyat ideallarını bizlərə çatdırmaqdadır. “Yenə o bağ olaydı...”, “Oxu, tar!”, “Sənə qurban”, “Sənin gülüşlərin”, “Əbədiyyət nəğməsi”, “Həyat sevgisi”, “Sənin gözlərin”, “Mənim eşqim”, “Ürək” və digər şeirlər hər birimizin qəlbinə yaxındır.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli şair Mikayıl Müşfiqin anadan olmasından 115 il ötür.
Mikayıl Əbdülqadir oğlu İsmayılzadə 1908-ci il iyunun 5-də Bakının Dağlı məhəlləsində ziyalı ailəsində dünyaya göz açıb. Atası müəllimlik edib, “Vüsuqi” təxəllüsü ilə şeirlər yazıb. Atası 1902-ci ildə Xızıdan Bakıya köçüb. Çox körpə ikən anası Züleyxanı, altı yaşında isə atasını itirmiş balaca Mikayıl yaxın qohumlarının himayəsində böyüyüb. Onun körpə qəlbi bu itkilərdən yaralansa da, həyatdan küsməyib və hər zəhmətə qatlaşaraq ardıcıl təhsil alıb. 1915-1920-ci illərdə rus-Azərbaycan məktəbində, 1920-1927-ci illərdə əvvəlcə Bakı Darülmüəllimində, sonra isə 12 nömrəli ikinci dərəcəli məktəbdə, 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində oxuyub. Əmək fəaliyyətinə müəllimliklə başlayıb, Bakı məktəblərində yeddi il dərs deyib. Son iş yeri isə indi Mikayıl Müşfiqin adını daşıyan Bakı şəhərindəki 18 nömrəli orta məktəb olub.
Mikayıl Müşfiqin ilk mətbu əsəri olan “Bu gün” şeiri 1926-cı ildə “Gənc işçi” qəzetində, “Duyğu yarpaqları” adlı son şeiri isə 1937-ci ildə “Ədəbiyyat qəzeti”ndə dərc edilib. Məhsuldar yaradıcılığı sayəsində 1930-cu ildən başlayaraq onun “Küləklər”, “Günün səsləri”, “Buruqlar arasında”, “Bir may”, “Pambıq”, “Vuruşmalar”, “Şeirlər”, “Şəngül, Şüngül, Məngül”, “Qaya”, “Kəndli və ilan” kitabları nəşr olunub. 1957-ci ildən başlayaraq “Seçilmiş əsərləri”, “Əsərləri”, “Duyğu yarpaqları”, “Əbədiyyət nəğməsi”, “Könlümün dedikləri”, “Həyat sevgisi” və digər adlar altında kitabları çap edilib. Şairin ömür-gün yoldaşı Dilbər Axundzadənin 1968-ci ildə “Müşfiqli günlərim” adlı xatirələr kitabı nəşr olunub, kitabın son genişləndirilmiş nəşri 2005-ci ildə işıq üzü görüb.
Mikayıl Müşfiq tərcümə ilə də məşğul olub. A.Puşkinin “Qaraçılar” (Ş.Abbasov ilə birlikdə), M.Lermontovun “Demon” poemalarını (R.Rza ilə birlikdə), S.Marşakın “Huşsuza bax, huşsuza” şeirini, T.Şevçenkonun, Ö.Xəyyamın və başqa şairlərin irsindən nümunələri, eləcə də M.F.Axundzadənin “Şərq poeması”nı Azərbaycan dilinə çevirib.
Sovet imperiyasının repressiya dalğasına tuş gələn Mikayıl Müşfiq 1938-ci il yanvarın 6-da güllələnib. Nakam şair Azərbaycan xalqı üçün əsl sənət xəzinəsini yadigar qoyub, eyni zamanda, böyük bir xəzinənin açarını da özü ilə əbədiyyətə aparıb.
Şairin zəngin ədəbi irsinə şeirdən tutmuş poemayadək (“Çoban”, “Mənim dostum”, “Qaya”, “Sındırılan saz”, “Səhər”, “Azadlıq dastanı”) lirik növün əksər janrları daxildir. Dərin emosionallıq, ahəngdarlıq, yığcamlıq Mikayıl Müşfiq poeziyasının əsas bədii keyfiyyətləridir. O, lirik-epik lövhələrin, peyzajların ən mükəmməl nümunələrini yaradıb.
Mikayıl Müşfiq poeziyası şifahi xalq və yazılı klassik ədəbiyyatımızdan bəhrələnib. Folklora dərindən bələd olması və ondan məharətlə istifadə etməsi şairin poeziya dilinin axıcılığını, əsərlərinin maraqla oxunmasını şərtləndirir:
Yazmaram ürəyim sizi anmasa,
Sizin eşqinizlə alovlanmasa;
Burdaca el durub məndən sordu ki:
Gözdən yaş çıxarmı ürək yanmasa?
Mikayıl Müşfiqin poeziyasında oxucunun ürəyindən xəbər verən yığcam, lakin dərin məzmunlu ifadələr çoxdur: “Həyat həm gülməkdir, həm ağlamaqdır”, “Bədbəxt bu dünyada tək yaşayandır”, “Həyat ondan küsənləri incidər”, “Nə qədər yaraşır insana gülmək!”. “Özümüzü öyməyəlim, Füzuliyə dəyməyəlim” yazan Mikayıl Müşfiq dahi şairin yaradıcılığından yaradıcı şəkildə bəhrələnib.
Rəngarəng mövzuları əhatə edən Mikayıl Müşfiq poeziyası milli və bəşəri keyfiyyətlərə malikdir. Milli musiqi alətlərimizdən olan tarın konservatoriyada tədrisi qadağan ediləndə, şair cəsarətlə məşhur “Oxu, tar!” şeirini yazıb. Bu şeir hər bir azərbaycanlının qəlbini riqqətə gətirməyə, onu mübarizəyə ruhlandırmağa qadirdir. “Bayram axşamı” şeirində Novruz bayramına dair uşaqlıq xatirələrini danışmaqla müəllif sovet rejiminin milli adət-ənənənin yaddaşlardan silinməsinə yönəlmiş siyasətinə qarşı çıxıb.
Mikayıl Müşfiq yaradıcılığında humanizm əsas aparıcı xətdir. Şairin fəal vətəndaş mövqeyi hər zaman özünü göstərir. “Dilənçi” şeirində “fəhlə-kəndli” cəmiyyətindəki ziddiyyətlərdən birinin – soyuq qış günündə körpə qızın dilənməsinin təsviri müəllifin mövcud rejimə etirazının bədii ifadəsidir. Onun poeziyasında insana yüksək qiymət, sevgi və digər bəşəri mövzular xüsusi yer tutur.
Demək, yer də mənim, göy də mənimdir,
Hüzurumla cahan nə bəxtiyardır
- deyən şair cahanın bəxtiyarlığını məhz onun insan qarşısında durmasında görür. Bu da insana verilən ən yüksək qiymətin poetik ifadəsidir. Onun şeirlərində irqindən, milliyyətindən asılı olmayaraq bütün xalqlar birdir.
Mikayıl Müşfiqin “Sevgilər”, “Maralım”, “Yenə o bağ olaydı!” şeirləri bəşəri mövzu olan sevginin Azərbaycan poeziyasında yaddaqalan nümunələrindəndir. İnsanın ən ülvi hisslərinin səmimi dillə tərənnüm edildiyi bu əsərlər oxucuya romantik, müqəddəs hissləri duymağı, qorumağı aşılayır və bu gün də tərbiyəvi əhəmiyyətə malikdir.
Müşfiq poeziyasının qüdrəti onun milli mövzudan qaynaqlanan şeirlərinə bəşəri məzmun verməsindədir. Sovet rejimində “Azadlıq dünyanın dərin ruhudur, Azadlıq sənətin, şeirin ruhudur!”, - deyən şairin əsərləri millət, Vətən mənafeyini əsas tutanlar üçün əsl həyat məktəbidir.
Mikayıl Müşfiq şəxsiyyəti milli şüur və vətənpərvərliyin timsalı, yaradıcılığı isə gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və gənclərimizdə vətənpərvərlik hisslərinin tərbiyəsində əvəzsiz xəzinədir. Onun şeirlərinə mahnılar bəstələnib, ədəbi irsi çoxsaylı elmi-tədqiqat əsərlərinin predmetinə çevrilib. Şairin əbədiyaşar sənət naminə çəkdiyi zəhmət layiqincə qiymətləndirilib. Onun xatirəsini əbədiləşdirmək üçün Bakıda büstü qoyulub, yaşadığı binanın qarşısına xatirə lövhəsi vurulub, qəsəbəyə, məktəbə, küçəyə və meydana adı verilib, Xızıda xatirə muzeyi yaradılıb.
Dəmyə yerin işi çox çətindi, toxumu əkdin bitə də bilər, bitməyə də. Amma onun “əkdikləri” bitdi, özü də dən-dən. Ona görə ki, “Bu dünya dəmyə dünyadı, nə bitdi, bitdi...” deyən Vaqif Səmədoğlu göyərib dən olunca çox əzablara qatlaşdı. Nə atasının şöhrətinə sığındı, nə də imkanına. Əlinə qələm alıb yazmağa başladığı ilk gündən sözün məsuliyyətini, dəyərini anladı, sözün böyüklüyünə tapındı, dəmyə yerdə də hər dənin sünbül olacağına inandı və çıxdığı yolla geriyə baxmadan, tərəddüd etmədən irəlilədi. O yerə qədər gəlib çatdı ki, artıq orada təkcə Səməd Vurğunun oğlu Vaqif yox, həm də Vaqif Səmədoğlu oldu.
AZƏRTAC xəbər verir ki, bu gün ssenarist, dramaturq, Dövlət mükafatı laureatı, Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 84-cü ildönümü tamam olur.
Azərbaycan poeziyasında öz yolu, öz dəst-xəti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da, az çap olunan şair həmişə özünü, qəlbini, ruhunu kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya göz açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu, artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-nalə yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Ötən əsrin 60-cı illərində ölkəmizdə ədəbi mühitə yeni ab-hava gətirən istedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib. Onun yaradıcılığı müasir Azərbaycan ədəbiyyatında yeni poeziyanın xüsusi mərhələsini təşkil edir. Sənətkarın əsərlərində mənalandırdığı hər bir ifadə Azərbaycan xalqının zəngin ədəbi-bədii irsi, milli folklorun tükənməz imkanları və dünya ədəbiyyatının nailiyyətləri ilə əlaqəlidir. Səmədoğlu həyat və zaman, dünya və insan haqqında lirik-fəlsəfi düşüncələrin özünəməxsus üslubda bənzərsiz mənzərəsini və poetik tapıntılarla dolu zəngin aləmini yaradıb. O, müraciət etdiyi rəngarəng mövzularda Vətən obrazını daim diqqət mərkəzində saxlayıb.
Onun “Yeddi şeir” adlı ilk yaradıcılıq məhsulu 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra Vaqif Səmədoğlunun dövri mətbuatda əsərləri vaxtaşırı dərc edilib. Şairin əsərləri bir çox xarici dillərə tərcümə edilib, kitabları MDB ölkələrində, Türkiyə və İranda nəşr olunub.
Şairin yaradıcılıq yoluna nəzər salan Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvi Nizami Cəfərov yazır: Vaqif Səmədoğlunun müdrik ironiyası ona saxta gülüşün, laqqırtının Azərbaycan teatrı səhnələrini başına aldığı bir dövrdə "Uca dağ başında", "Bəxt üzüyü", "Lotoreya", "Yayda qartopu oyunu", "Yaşıl eynəkli adam", "Generalın son əmri", "Mamoy kişinin yuxuları" kimi pyesləri yazdırdı ki, onlar bütövlükdə milli ictimai şüurla oyadıcı, maarifləndirici təsirini göstərdi. Ümumiyyətlə, Vaqif Səmədoğlu insan-cəmiyyət münasibətlərinin dərinliklərinə nüfuz etməyi bacaran, əgər belə demək mümkünsə, "böhranlı" məqamları həssaslıqla müəyyənləşdirən mütəfəkkir bir sənətkardır”.
Yaşasaydı bu gün 84 yaşını qeyd edəcəkdi Vaqif Səmədoğlu. Olumla ölümün haqq olduğunu, dünyanın faniliyini, heç nəyin və heç kimin əbədi olmadığını çoxlarından yaxşı dərk edən şair, bəlkə də elə buna görə yazırdı:
Məzarıma,
nə başdaşı qoyun,
nə heykəl.
Bir cüt ayaqqabı qoyun,
ayağıyalın
geyib getsin...
"NEQSOL Holdinq"ə daxil olan "Nobel Energy" şirkəti Naxçıvan şəhərində 400 MVt gücündə günəş elektrik stansiyasını inşa edəcək, hasil ediləcək elektrik enerjisi isə qismən Türkiyəyə ixrac olunacaq.
Report-un şirkətə istinadən verdiyi xəbərə görə, bununla bağlı Azərbaycan Energetika Nazirliyi ilə "Nobel Energy" arasında Anlaşma Memorandumu imzalanıb.
Məlumata görə, bu əməkdaşlıq dayanıqlı enerji həllərinin inkişaf etdirilməsi və ətraf mühitə nəzarətin təşfiq olunması baxımından mühüm bir hadisənin tərənnümüdür.
Naxçıvanda yerləşəcək günəş elektrik stansiyasının tikintisi hökumətin ölkə ərazisində “yaşıl enerji zonaları” yaratmaqla təmiz enerjinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində sistemli səylərinin bir hissəsi kimi həyata keçiriləcək.
Bu memorandum iqtisadi böyüməni və davamlı inkişafı təmin etmək üçün bərpa olunan enerji potensialından istifadəyə dair ortaq öhdəliyi əks etdirir. Günəş elektrik stansiyası təmiz və etibarlı elektrik enerjisi istehsal etmək üçün qabaqcıl günəş texnologiyasından istifadə edəcək. Layihə regionun zəngin günəş resurslarından istifadə etməklə Türkiyənin dövlət elektrik şəbəkəsinə, eləcə də yerli enerji təchizatına töhfə vermək məqsədi daşıyır.
"Nobel Energy" şirkətinin baş icraçı direktoru Vüqar Səmədli imzalanma mərasimində qeyd edib ki, bu anlaşma transformasiya şirkətin strategiyasının əsas istiqamətlərindən olan ətraf mühitə təsirləri azaltmaqla yanaşı, bütün maraqlı tərəflərlə əlverişli və etibarlı enerji əldə etməyə kömək etmək həllərin təmin edilməsinin təzahürüdür.
2023- 2028-ci illəri əhatə edən Dünya Bankı Qrupunun Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə Sənədinin hazırlanması üzrə növbəti addımlar müzakirə edilib.
Report xəbər verir ki, müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Dünya Bankının Cənubi Qafqaz üzrə yeni regional direktoru Rolande Praysla keçirtdiyi görüşdə aparılıb.
Məlumata görə, görüşdə Dünya Bankının Azərbaycanda potensial gələcək fəaliyyəti və investisiya layihələrinin indikativ proqramı müzakirə olunub.
İqtisadiyyat naziri Rolande Praysı və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Stefani Stallmeysteri yeni vəzifələrinə təyin olunmaları münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
M. Cabbarov Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihlərinin yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələr çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.
Görüşdə Azərbaycan iqtisadiyyatının prioritetləri, o cümlədən iqtisadi diversifikasiya, qeyri-neft sektorunun inkişafı, investisiyaların təşviqi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, əldə olunan nəticələr barədə məlumat verilib.
R.Prays Azərbaycanın strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın hökumət ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.
Naxçıvanda ərzaq təhlükəsizliyinin gücləndirilməsi üçün yerli istehsal potensialı, infrastruktur təminatı inkişaf etdiriləcək, aqroparkların yaradılması təşviq olunacaq.
Report xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurumlar İqtisadiyyat Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyidir. Aqroparklar yaradılacaq ərazilər müəyyənləşdiriləcək.
Bununla yanaşı, Naxçıvanda kənd təsərrüfatının istehsal vasitələri ilə təminat səviyyəsinin artırılması ilə müvafiq istehsal vasitələrinə əlçatanlıq səviyyəsi artırılacaq, fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə məsləhət və təlim xidmətləri təşkil olunacaq.
Naxçıvan MR-da müxtəlif turizm növlərinin inkişaf etdirilməsi və turizm atlasının hazırlanması nəzərdə tutulur.
Report xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, turizm növlərinin inkişafına dair layihələrin hazırlanması yerli Nazirlər Kabinetinə tapşırılıb. Əlavə olaraq, Dövlət Turizm Agentliyi (DTA) proseslərə cəlb ediləcək.
Naxçıvan Muxtar Respublikasının bəzi tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması üçün iş aparılacaq.
Reportun xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda yer alıb.
Bununla bağlı icraçı qurum kimi Mədəniyyət Nazirliyi və Naxçıvan Nazirlər Kabineti müəyyənləşib.
Həmçinin, müvafiq siyahıya salınacaq tarixi memarlıq abidələrinin müəyyənləşdirilməsi, tarixi memarlıq abidələrinin UNESCO-nun maddi mədəni irs nümunələri üzrə əsas siyahısına salınması və Naxçıvan Muxtar Respublikasının turizm cəlbediciliyinin artması və tarixi memarlıq abidələrinin beynəlxalq səviyyədə qorunması ilə bağlı da işlər aparılacaq.
Qeyd edilən işlər 2023–2027-ci illəri əhatə edəcək.
Qlobal hava nəqliyyatı ilə səyahət pandemiyadan əvvəlki səviyyənin 95,5 faizinə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.
Məlumatda qeyd edilib ki, gəlirləri sərnişin kilometrləri (RPK) ilə ölçülən hava nəqliyyatı aprel ayında bir il əvvəlki dövr ilə müqayisədə 45,8 faiz artıb. Sənaye yükü faktoru aprel ayında 81,3 faiz təşkil edib ki, bu da pandemiyadan əvvəlki səviyyədən cəmi 1,8 faiz azdır.
IATA-nın baş direktoru Villi Uolş açıqlamasında bildirib ki, inflyasiyanın zəifləməsi və əksər ölkələrdə artan istehlakçı inamı, həmçinin təyyarə yanacağının qiymətlərinin aşağı düşməsi hava yolu ilə səyahətə tələbatın davamlı olduğunu və xərclərlə bağlı təzyiqlərin azaldığını göstərir. Ölkələrdə daxili uçuşların sayında da aprel ayında illik 42,6 faiz artım qeydə alınıb ki, bu da pandemiyadan əvvəlki səviyyədən 2,9 faiz çoxdur. Beynəlxalq uçuşlarda isə ötən ilin analoji dövrü ilə müqayisədə 48 faiz artım olub, sərnişin kilometrləri üzrə gəlirlər də 83,6 faizə çatıb. Asiya-Sakit Okean bölgəsindəki aviaşirkətlərin uçuşların sayını sürətlə artırması da bu sahədə qlobal vəziyyətə müsbət təsir edib.
Bununla yanaşı, IATA qeyd edib ki, yük ton-kilometrləri ilə ölçülən hava yüklərinə qlobal tələbat 2022-ci ilin aprel ayı ilə müqayisədə 6,6 faiz azalıb.
Xalq rəssamı Toğrul Nərimanbəyov çağdaş Azərbaycan təsviri sənətinin yetişdirdiyi, böyük şəxsiyyətlərdən biridir.
AZƏRTAC xəbər verir ki, bu gün bənzərsiz fırça ustası Toğrul Nərimanbəyovun vəfatından 10 il ötür. O bütün ömrü boyu Azərbaycan təsviri sənətinin inkişafına və təbliğinə çalışıb, yaratdığı bənzərsiz sənət nümunələri ilə milli sənət dünyamıza dəyərli töhfələr verib.
1930-cu il avqustun 7-də Bakıda dünyaya gələn Toğrul Nərimanbəyovun həyatı heç də asan olmayıb. Atası Fərman Şuşada doğulub. Fransanın Tuluza Universitetinin mühəndis–elektrik fakültəsində oxuyub. Təhsil aldığı müddətdə fransız dilini mükəmməl öyrənən, Avropa mədəni dəyərlərini mənimsəyən Fərman Nərimanbəyov İrma Lya Rude adlı fransız modelyerlə evlənib. Avropada təhsil almış valideynlərinin zəngin mənəvi aləmi Toğrulun tərbiyəsinə, erkən yaşlarından hərtərəfli, mükəmməl formalaşmasına təsir edir.
Tezliklə Nərimanbəyovlar ailəsinin başının üstünü qara buludlar alır. Toğrulun atası Avropada təhsil almış bir çox azərbaycanlılar kimi repressiyaya məruz qalır. Onu həbs edib Sibirə sürgünə göndərirlər.
1941-ci ildə Toğrulun anası, Fransa vətəndaşlığından çıxmayan İrma Lya Rude Bakıda həbs olunur, onu öz balalarından ayıraraq Səmərqəndə sürgün edirlər. Toğrulun anası 1961-ci ilədək sürgündə yaşayır.
Bu ziddiyyətli, təzadlı illərdə inamını itirməyən Nərimanbəyovlar yaşamaq uğrunda mücadiləni davam etdirirlər. Toğrul Nərimanbəyov əvvəlcə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinə daxil olur. 1950-ci ildə isə Litva İncəsənət İnstitutunda monumental və dəzgah rəssamlığı fakültəsində təhsil alır. Eyni vaxtda Vilnüs Konservatoriyasında klassik vokalı öyrənir. Toğrul anası ilə yalnız tələbəlik illərində Səmərqənddə görüşür. Onun müxtəlif orqanlara çoxsaylı müraciəti və gərgin mübarizəsi sayəsində anasına bəraət verilir və İrma Lya Rude Bakıya qayıtmağa müvəffəq olur.
Bir müddət sonra amnistiyaya düşən atası Fərman Nərimanbəyov da Sibir sürgünündən vətənə qayıdır.
Uşaqlıqdan çəkdiyi əziyyətlər, rastlaşdığı ədalətsizliklər Toğrulun əzmkarlığını daha da artırır və o, yaradıcılıq yolunda ən yüksək zirvələri fəth edə bilir. Görkəmli rəssamın mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı parlaq əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə fərqlənir. T.Nərimanbəyovun iç dünyasını təcəssüm etdirən bənzərsiz lövhələri Azərbaycan müasir təsviri sənətinin simasını formalaşdıraraq mədəniyyətimizin nadir inciləri xəzinəsinə daxil olub.
Nar onun rəsmlərində Göyçaydan Bakıya, oradan da Parisə, Nyu-Yorka, İstanbula, Londona, Moskvaya və neçə-neçə uzaq şəhərlərə gedib çıxıb. Qəribə və qeyri-adi yaradıcılıq qabiliyyətinə malik Xalq rəssamı Toğrul Nərimanbəyov təkcə doğma vətənində deyil, dünyanın əksər ölkələrində yaxşı tanınır. Onun əsərləri dünyanın bir çox incəsənət muzeylərində, fondlarda saxlanılır. Çexiya, Rusiya, Hindistan, Fransa, Litva, ABŞ və digər ölkələrdə görkəmli rəssamın fərdi sərgiləri keçirilib.
Toğrul Nərimanbəyov təkcə rəssam deyil, həm də opera ifaçısı idi. Onun gözəl, məxməri bariton səsi var idi. Klassik operalardan, xüsusilə İtaliya bəstəkarlarının əsərlərindən ariyaları peşəkar səviyyədə ifa edirdi.
T.Nərimanbəyovun zəhməti, sənəti hər zaman qiymətləndirilib. O, 30 yaşında Əməkdar, 33 yaşında isə Xalq rəssamı adına layiq görülüb. 1974-cü ildə dünya şöhrətli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı”, 1980-ci ildə isə “Min bir gecə” əsərlərinə verdiyi səhnə tərtibatına görə Dövlət mükafatı alıb. 2000-ci ilin avqustunda T.Nərimanbəyov Azərbaycanın “İstiqlal” ordeni, 2010-cu ilin avqustunda isə “Şərəf” ordeni ilə təltif edilib. Rəssamın müstəqil Azərbaycanın bu ali mükafatlarına layiq görülməsi doğma vətənində onun sənətinə və şəxsiyyətinə ehtiramın ifadəsidir.
Prezident İlham Əliyevin 2010-cu il 22 iyun tarixli Sərəncamı ilə görkəmli rəssamın yubileyi dövlət səviyyəsində keçirilib. Yubiley tədbirləri nəinki doğma vətənində, hətta ölkəmizin sərhədlərindən kənarda da qeyd edilib.
Toğrul Nərimanbəyov Fransa Müasir İncəsənət Ensiklopediyasında haqqında məlumat verilən yeganə azərbaycanlıdır.
Dünya şöhrətli fırça ustası 2013-cü il iyunun 2-də Parisdə vəfat edib, Passi qəbiristanlığında dəfn olunub.
Toğrul Nərimanbəyov bənzərsiz yaradıcılığı ilə ən yüksək zirvələri fəth edərək mənsub olduğu xalqın ürəyində özünə əbədi heykəl ucaldıb. O, fitri istedadı və böyük zəhməti sayəsində Azərbaycan rəssamlıq məktəbində yeni yol açmaqla çoxlarının qibtə etdiyi səviyyəyə ucalıb, sənətsevərlərin rəğbətini, kiçikdən-böyüyədək müxtəlif zövqlü insanların məhəbbətini qazanıb, onlarda rəssamlığa sonsuz sevgi və maraq oyadıb. Rənglərin ahəngini qəlbinin, ruhunun ayrılmaz hissəsinə çevirən Toğrul Nərimanbəyov mənalı ömür yaşayaraq üzərinə düşən missiyanı şərəflə yerinə yetirib. Bu böyük sənətkar ömrü boyu fırçanı yalnız şəkil çəkmək xatirinə əlinə götürməyib. Yaratmaq duyğusu ilə ürəyinin dərin qatlarından gələnləri kətana köçürüb. İçindəkiləri solmayan rənglər dünyasına danışıb. Dünyaya Buzovnadan, İçərişəhərdən, Abşerondan boylanıb, Göyçay narına əbədi xoşbəxtlik gətirib, harada olubsa Azərbaycanı düşünüb, Vətəni təmsil edib. Bu sevgi ilə dünyanı dolaşıb, mərd, məğrur, qürurlu bir insan ömrü yaşayıb, sənəti ilə şəxsiyyətini tamamlamağa nail olub, kamillik zirvəsinə ucala bilib.