Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək

    Oktyabrın 6-da Heydər Əliyev Sarayında ictimai xadim, jurnalist Maksim Şevçenko ilə görüş keçiriləcək.

    Saraydan AZƏRTAC-a bildirilib ki, “Heydər Camalın həyat yolu” mövzusuna həsr olunacaq görüş saat 20:00-da başlayacaq.

    Qeyd edək ki, məşhur jurnalist və ictimai xadim Maksim Şevçenko ölkəmizin haqlı mübarizəsində həmişə Azərbaycanın mövqeyini dəstəkləyib və 44 günlük Vətən müharibəsində haqq səsimizi dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynayaraq xalqımızın rəğbətini qazanıb.

  • Ümummilli Liderin 100 illiyinə həsr olunan fotosərgi - Ürəyimdəki Azərbaycan

    Şimali Kipr Türk Respublikası (ŞKTR) Bakı nümayəndəliyi tərəfindən ŞKTR-nin Bakıdakı nümayəndəliyinin təhsil və mədəniyyət müşaviri Tevfik Ulualın "Ürəyimdəki Azərbaycan" adlı fotosərgisi təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, sərgi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunub.

    Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

    ŞKTR-nin Bakıdakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşmasında böyük rolu olduğunu qeyd edərək, Ümummilli Liderin həyata keçirdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: "Şimali Kipr Türk Respublikası və Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin inkişafında ölkələrimizin mədəniyyət, idman və sosial sahələrində əməkdaşlığı xüsusi yer tutur. Tevfik bəy qardaşlıq duyğusunun təsiri ilə bu gün sizlərlə fotoqraf gözü ilə çəkilmiş şəkillərini bölüşür. Buna görə ona təşəkkürümü bildirmək istəyirəm".

    Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş sərgidə iştirak etdiyindən məmnunluğunu bildirib. "Azərbaycanın görmədiyimiz və hələ də görə bilmədiyimiz bir çox gözəlliklərini bu gün sərgidə bizə tanışdırdığı üçün Tevfikə təşəkkürlərimi bildirirəm. Bu sərgidə sadəcə Bakının gözəlliyi deyil, eyni zamanda, Azərbaycanın cənubundan şimalına, şərqindən qərbinə qədər olan gözəl təbiəti əks olunub", - deyə səfir qeyd edib.

    Sonra qonaqlar sərgi ilə tanış olublar.

  • “Artım” layihə məkanında “Guilty pleasure” adlı qrup sərgisi açılıb

    İyunun 1-də YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc Azərbaycan rəssamları – Ağaəli Sədirli və Nailə Dadaşzadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və “Kobranın ölüm rəqsi”nin iştirakı ilə “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi açılıb.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə sərginin kuratoru Zəhra Məmmədova sərgi haqqında ümumi məlumat verib.

    O deyib: “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur. Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır. “Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir".

    Daha sonra sərgiyə baxış keçirilib.

    Qeyd edək ki, sərgi iyunun 1-dən sentyabrın 3-dək davam edəcək.

  • Azərbaycan Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının üzvü seçilib

    BMT-nin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) Avropa Komissiyasının Bolqarıstanın Sofiya şəhərində keçirilən 68-ci iclasında Azərbaycan təşkilatın İcraiyyə Şurasının üzvü seçilib.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Avropa regionu üzrə üzvlüyə ayrılmış 5 vakant yerə Azərbaycanla birgə Türkiyə, İsrail, Albaniya, Bolqarıstan, Çexiya, İtaliya, Litva, Slovakiya, Ukrayna və Özbəkistan öz namizədliklərini irəli sürüb.

    Gərgin keçən seçkilərdə namizədliklərini irəli sürmüş 11 ölkədən qalib olaraq Azərbaycanla yanaşı, Avropa İttifaqına üzv olan 4 ölkə (Litva, Çexiya, İtaliya, Bolqarıstan) seçilib.

    İcraiyyə Şurasının iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev səsvermədə iştirak edən hər kəsə təşəkkürünü bildirərək Azərbaycanın hər zaman olduğu kimi, bərabərliyə və ədalətli yanaşmaya üstünlük verəcəyini qeyd edib.

    Agentlik sədri Azərbaycanın 2001-ci ildə BMT-nin Ümumdünya Turizm Təşkilatının tamhüquqlu üzvü olmasından etibarən təşkilata üzv dövlətlərlə uğurlu tərəfdaşlıq və əməkdaşlıq əlaqələrini genişləndirdiyini, gələcək fəaliyyətində də İcraiyyə Şurasının işinin səmərəliliyinə öz töhfəsini verəcəyini bildirib.

    Fuad Nağıyev qlobal turizmin gələcəyinin zəruri tədbirlərin birgə həyata keçirilməsindən asılı olduğunu diqqətə çatdırıb.

    İclasda Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı səfiri, eyni zamanda Ümumdünya Turizm Təşkilatı yanında daimi nümayəndəsi Ramiz Həsənov və Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov iştirak ediblər.

  • “Buta Airways” Bakı-Ufa reyslərinin sayını artırır

    “Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli törəməsi “Buta Airways” Bakı-Ufa reyslərinin sayını artırır.

    Report xarici mətbuata istinadən xəbər verir ki, iyunun 6-dan birbaşa uçuşların həftəlik sayı 2-dən 3-ə çatdırılacaq.

    Aviareyslər çərşənbə axşamı, cümə axşamı və bazar günləri yerli vaxtla saat 20:40-da “Embraer E190” markalı sərnişin təyyarələri həyata keçiriləcək. Uçuşlar 2 saat 50 dəqiqə davam edəcək.

  • Bakıda “Qoy həmişə mən olum!” adlı sərgi açılıb

    Milli İncəsənət Muzeyində KamART İncəsənət Qalereyasının təşkilatçılığı ilə gənc rəssamların “Qoy həmişə mən olum!” adlı sərgisinin ekspozisiyasının açılışı olub.

    Report xəbər verir ki, sərgi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.

    Açılışda tanınmış incəsənət və incəsənət xadimləri Arif Əziz, Ağəli İbrahimov, Vüqar Əli, Mir-Teymur Məmmədov, Ziyadxan Əliyev və “KamART” qalereyasının direktoru Kəmalə Cəfərzadə çıxış ediblər.

    Sərginin ekspozisiyasında 6 yaşdan 18 yaşa qədər 47 müəllifin 140 əsəri nümayiş olunub. Bir çox sərgi iştirakçıları milli və beynəlxalq rəsm müsabiqələrinin qalibləri və mükafatçılarıdır. Müəlliflər ABŞ, Fransa, İtaliya, Slovakiya, Çexiya, Türkiyə, Yunanıstan, Rusiya, Yaponiya və bir çox başqa ölkələrdə layiqli yerlər və mükafatlar qazanıblar. Sərgilərdə əldə olunan nailiyyətlər uşaqların məharətinə, müəllim əməyinə verilən ən yüksək qiymətdir.

    Sərgi Azərbaycanın gələcək rəssamlarının həvəs və maraq dünyası haqqında ətraflı təsəvvür yaradır. Gündəlik həyatda onları əhatə edən hər şeyi öz əsərlərində əks etdirən, ətraf aləmə baxışlarını şəkillərə köçürən gənc istedadlar ətrafdakı gözəllikləri görməyi öyrənirlər. Bu da öz ölkəsini bütün dünya üçün sevmək və şöhrətləndirmək deməkdir. Uşaqlar öz rəsmlərində həmişə olduğu kimi sevdiklərini, onları ruhlandıranları və xəyal etdiklərini çəkirlər. Hər bir gənc rəssam bədii obrazların öz fərdi şərhini verir.

    Sərgidə həmçinin “KamART” rəsm qalereyasının gənc rəssamlarla işindən, onların yetişmə mərhələlərindən və rəssam kimi peşəkar yüksəlişindən bəhs edən film nümayiş etdirilib.

    Sərgi göyərçinlərin təbiətə buraxılması ilə maraqlı tamaşa ilə başa çatıb. Göyərçin sülh rəmzidir və xüsusi günlərdə göyərçinlərin buraxılması ənənəsi Azərbaycanın adət-ənənələrində dərin köklərə malikdir.

    Gənc rəssamların daxili dünyasının səsini, orijinal yaradıcı təfəkkürünü əks etdirən sərginin rəngarəng əsərləri sərginin bütün qonaqları tərəfindən böyük həvəslə qarşılanıb. Ekspozisiyaya baxmaq böyüməkdə olan gənc istedadlar nəsli üçün hərarətli ümid və qürur hissi yaradır.

    Sərgi iyunun 4-dək davam edəcək.

  • Azərbaycan Beynəlxalq Enerji Xartiyası ilə əməkdaşlığın inkişafını müzakirə edib

    Azərbaycan Beynəlxalq Enerji Xartiyası təşkilatı ilə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edib.

    Report xəbər verir ki, müzakirələr energetika naziri Pərviz Şahbazovun Bakıda səfərdə olan Beynəlxalq Enerji Xartiyasının baş katibi Qay Lentz ilə keçirdiyi görüşdə aparılıb.

    Tərəflər həmçinin təşkilatın fəaliyyətinə və Beynəlxalq Enerji Xartiyası Müqaviləsinin modernləşdirilməsinə dair fikir mübadiləsi aparıblar.

    Bu barədə P. Şahbazov özünün tviter hesabında yazıb.

  • Bakıda Alı Mustafayev küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

    İyunun 4-də saat 09:00-dan 15:00-a qədər Bakının Nəsimi rayonunun Alı Mustafayev küçəsində (20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

    Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

    Agetlik sürücülərə qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmalarını, yol hərəkəti qaydalarına riayət etmələrini və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələrini tövsiyə edib.

  • Milli Xalça Muzeyində tədbir - “Şuşanın tanınmış soyları Kavalerli Şirinbəylilər”

    Azərbaycan Milli Xalça Muzeyində “Şuşanın tanınmış soyları Kavalerli Şirinbəylilər” adlı tədbir təşkil olunub.

    AZƏRTAC xəbər verir ki, “Şuşanın tanınmış soyları” layihəsi çərçivəsində təşkil olunan budəfəki tədbirdə qala-şəhərdə ilk şirniyyat sexinin yaradıcısı, Cavanşirlər nəslinin nümayəndəsi Ənnəğı Şirinbəylinin oğlu Şirin bəy Şirinbəyli və ümumilikdə Şirinbəylilər soyu haqqında ətraflı məlumat verilib.

    Şirinbəylilər şəcərəsindən olan, Fransanın Akademik Palma Ordeninin kovaleri və zabiti Azelma Həsənova, publisist, tərcüməçi Vasif Quliyev, “Bakinskiy raboçiy” qəzetinin Mədəniyyət şöbəsinin rəhbəri Afət İslam Məmmədova, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ilk direktoru Tofiq Süleymanov çıxış edərək, Şuşanın daha bir görkəmli nəslinin Azərbaycan tarixindəki yeri və rolu barədə danışıblar.

    Natiqlər XVIII əsrin ikinci yarısında Şuşanın “Çuxur” adlandırılan ilk məhəlləsində məskən salan Ənnağı bəy Cavanşir və onun ailəsi haqqında maraqlı tarixi faktları qeyd ediblər.

    Daha sonra tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Azərbaycan Milli Xalça Muzeyində açılan “Tarixin salnaməsi” sərgisi ilə tanış olublar, həmçinin “Milli sərvətimiz” adlı sənədli filmi izləyiblər.

  • “Kontakt” Azərbaycanda ilk dəfə elektromobil hədiyyə edəcək

    “Sevindirir” missiyası ilə hər ailəyə sevinc gətirməyi hədəfləyən “Kontakt” mağazalar şəbəkəsi çoxdandır gözlənilən “Şeş-Qoşa” kampaniyası və Azərbaycanda ilk dəfə – elektromobil uduşu ilə geri qayıdır.

    Belə ki, bu gündən etibarən istənilən “Kontakt Home” və ya “Kontakt Smart” mağazasına yaxınlaşın, nağd, “3 dəfəyə ödə” və ya kredit şərti ilə hər hansı məhsul alın. Elə mağazadaca, “Şeş-Qoşa” stendində bəxtinizi sınayıb:

    - “Şeş” ataraq aldığınız məhsulun dəyərini 100%-dək geri alın;

    - Ən əsası isə, şeş-qoşa ataraq, Volkswagen ID.4 elektromobilini pulsuz aparın!

    Səhv anlamadınız! “Şeş-Qoşa” kampaniyasının bu dəfəki super prizi 100% elektriklə çalışan, 2021-ci ildə dünya üzrə “İlin avtomobili” seçilən Volkswagen ID.4-dür.

    Odur ki, “Kontakt”ın sevindirdiyi on minlərlə insandan biri olmaq üçün vaxt itirmədən sizə ən yaxın Kontakt mağazasına  tələsin.

    Bəzən fələyin üzümüzə gülməsi üçün zər atmaq kifayətdir. Azərbaycanda ilk dəfə elektromobil uduşunu qazanmaq şansı öz əlinizdədir.