Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Uşaqlar üçün “4 mövsüm” kulinariya müsabiqəsi başlayır

    İyunun 5-dan başlayaraq feysbuk sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 mövsüm” adlı müsabiqə başlayır.

    AZƏRTAC xəbər verir ki, müsabiqə çərçivəsində uşaqlar və yeniyetmələr hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırlayacaqlar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçiriləcək və qalib seçilərək dəyərli hədiyyə ilə mükafatlandırılacaq.

    Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaq və yeniyetmələr iştirak edə biləcəklər. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə veriləcək. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirərək əylənməkdir.

    “İyun təqvimdə uşaqların ayı kimi qeyd olunub. Hər il bir neçə ay əvvəldən uşaqlar üçün müsabiqə düşünməyə başlayıram və bu il də istisna olmadı. Xatırlayırsınızsa, keçən il bu vaxtlar “Uşaqlar bişirir”, ondan öncəki il “4 yemək” adlı müsabiqələrimiz var idi. Beləliklə, iyun ayını tamamilə uşaqlara həsr edirik. Ümid edirəm ki, bir ay ərzində övladlarımızla birlikdə gözəl nəticələr əldə edə biləcəyik və onlara özləri üçün bəzi yeməkləri artıq müstəqil şəkildə hazırlamağı öyrədəcəyik. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə övladlarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırlayacağam”, - deyə müsabiqənin təşkilatçısı Kübra Kərimli vurğulayıb.

    Qeyd edək ki, müsabiqəyə qoşulmaq üçün feysbuk sosial şəbəkəsində “Азербайджанская Кухня и не только” qrupuna daxil olmaq lazımdır.

  • Bakıdakı Rus evində “Şpitsbergen: Arktikaya xoş gəldiniz” adlı mühazirə oxunacaq

    İyunun 4-də Rus Coğrafiya Cəmiyyətinin “Coğrafiya gecəsi” illik beynəlxalq aksiyası çərçivəsində Bakıdakı Rus evində “Şpitsbergen: Arktikaya xoş gəldiniz” adlı mühazirə oxunacaq. Mühazirə zamanı uyğun video və fotomateriallar da təqdim ediləcək.

    Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirin təşkilatçıları qismində Azərbaycanın “Baku Travelers Club” və Rusiyanın Qütb Səyahətləri Klubu çıxış edirlər.

    Şpitsbergen Şimal Buzlu okeanında qütb arxipelaqıdır. Onu haqlı olaraq “Miniatürdə Arktika” adlandırırlar və burada bir neçə ekosistem mövcuddur. Arxipelaqda cəmi 2600 nəfər yaşayır və Barentsburq və Piramida adlanan iki şimal rus qəsəbəsi mövcuddur. Mühazirədə bu region haqqında daha çox məlumat əldə etməklə yanaşı, “Baku Travelers Club”un fəallarının Şpitsbergenə səyahəti ilə bağlı foto və videomateriallar ilə də tanış ola bilərsiniz.

  • Asiya-Sakit Okean Turizm Assosiasiyasının illik sammitində ölkəmiz də iştirak edir

    Ölkəmiz Nepalın Pokhara şəhərində keçirilən Asiya-Sakit Okean Turizm Assosiasiyasının (PATA) illik sammitində təmsil olunur.

    Məsuliyyətli və davamlı turizm sənayesinin inkişafında geniş müzakirələrin aparılmasına və imkanların araşdırılmasına həsr olunan tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid və Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov təmsil edir.

    Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Florian Zenqstşmid mayın 31-də "Məsuliyyətli turizm sənayesi üçün çağırışlar və imkanlar" adlı sessiyada panel spikeri qismində iştirak edib.

    Panel müzakirəsində məsuliyyətli turizmin müxtəlif aspektləri, sənayenin üzləşdiyi problemlər və davamlı inkişaf üçün potensial imkanlar haqqında fikir mübadiləsi aparılıb.

    Paneldə çıxış edən Florian Zenqstşmid Azərbaycanın dayanıqlı turizmin inkişafı istiqamətində mühüm addımlar atdığını və bu istiqamətdə nəticələr əldə etdiyini qeyd edib.

    O, Azərbaycanda quş müşahidəçiliyi və gəzinti marşrutları kimi dayanıqlı turizm təkliflərinin inkişaf etdirildiyini, daha çox ekoloji cəhətdən təmiz təcrübələrin təbliğinə diqqət yetirildiyini, eyni zamanda yerli mətbəx və qədim üsulların qorunmasını dəstəkləyən Slou Fud layihəsi kimi təşəbbüslərin mövcudluğunu diqqətə çatdırıb.

    Səfər çərçivəsində Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiya şöbəsinin müdiri Məhəmməd Muradov PATA-nın regionda turizmin gələcəyi və qərarların qəbulu prosesinə həsr olunmuş hökumət nümayəndələrinin iclasında iştirak edib.

    Qeyd edək ki, PATA-nın illik sammiti turizm sənayesinin inkişafındakı problemləri və fürsətləri müzakirə etmək üçün dövlət və özəl sektoru təmsil edən beynəlxalq turizm nümayəndələrini bir araya gətirən platformadır.

    Azərbaycan PATA-ya 2019-cu ildən etibarən üzvdür.

    Sammit iyunun 2-dək davam edəcək.

  • Azərbaycan və Çexiya turizm əməkdaşlığının genişləndirilməsini müzakirə edib

    Azərbaycan və Çexiya arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

    Report xəbər verir ki, bunu itisadiyyat naziri Mikayıl Cabbarov "Twitter"də bildirib.

    "Çexiyanın sənaye və ticarət naziri Yozef Sikela ilə Azərbaycan və Çexiya iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi üçün potensial imkanlar barədə fikir mübadiləsi apardıq. Ölkələrimiz arasında investisiya, sənaye, nəqliyyat-tranzit və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar var", - deyə o qeyd edib.

  • Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək

    İyunun 3-4-də Kənd Təsərrüfatı Nazirliyi paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək.

    Report bu barədə nazirliyə istinadən xəbər verir.

    Məlumata görə, yarmarkanın təşkilində əsas məqsəd yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq, eyni zamanda şəhər sakinlərini təbii, yerli və sağlam kənd məhsulları ilə dolğun şəkildə təmin etməkdir. Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkada müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.

    Fəaliyyətində daimi olaraq innovativ yeniliklərdən istifadə edən “Kənddən Şəhərə” yarmarkası bu dəfə də yeniliklə vətəndaşların xidmətində olacaq. Belə ki, artıq yarmarkadan alış-veriş edən vətəndaşlar fermerlərlə həm nağd, həm də nağdsız şəkildə hesablaşa biləcəklər.

    Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkada Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək.

    Qeyd edək ki, “Kənddən Şəhərə” yarmarkası fermerlər üçün tamamilə ödənişsiz şəkildə təşkil olunur. Fermerlər piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla ödənişsiz şəkildə təmin olunurlar. Həmçinin məhsullarının daşınmasında çətinlik çəkən fermerlərə loqistik dəstək göstərilərək məhsulları təsərrüfatlarından birbaşa yarmarka keçirilən ünvana qədər daşınır.

  • Şuşada ilk beynəlxalq uşaq rəqs festivalı keçirilib

    Şuşada “Heydər Əliyev – türk dünyası birliyinin böyük carçısı” adlı beynəlxalq uşaq rəqs festivalı keçirilib.

    Report xəbər verir ki, türkdilli dövlətlərin uşaq rəqs qrupları arasında keçirilən festival Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə baş tutub.

    Festivalda Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova və digər qonaqlar iştirak ediblər.

    Festivalda Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Azərbaycandan olan 150-yə yaxın məktəblinin ifasında müxtəlif rəqs nömrələri nümayiş etdirilib.

    Qeyd edək ki, beynəlxalq rəqs festivalının təşkilində məqsəd uşaq və gəncləri dünyaşöhrətli siyasətçi Heydər Əliyevin türk dünyası ilə bağlı gördüyü işlər haqqında məlumatlandırmaq, türkdilli dövlətlərin gənc nəslinə ölkəmizi tanıtmaq, uşaqları bir-birlərinin milli adət-ənənələri ilə tanış etmək, onlara öz ölkələrinin tarix və mədəniyyətini layiqincə təmsil etmək üçün şərait yaratmaq, eləcə də Şuşa şəhərinin füsunkar gözəlliyini iştirakçılara tanıtmaqdan ibarətdir.

  • "PAŞA Sığorta"nın Direktorlar Şurasının sədri dəyişib

    "PAŞA Sığorta" ASC-nin Direktorlar Şurasının (DŞ) sədri Fərid Məmmədov vəzifəsindən azad edilib.

    Report xəbər verir ki, Şuraya sədrlik Rövşən Allahverdiyevə həvalə olunub.

    O, həm də "PAŞA Həyat Sığorta" ASC-nin DŞ-nın və "Kapital Bank" ASC-nin Müşahidə Şurasının sədridir. Hər üçün maliyyə qurumu "PAŞA Holdinq" MMC-yə daxildir.

    Xatırladaq ki, "PAŞA Sığorta" 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri 100% "PAŞA Holdinq"ə məxsusdur.

  • Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş təşkil olunub

    Mədəniyyət naziri Adil Kərimli mayın 31-də ölkəmizdə səfərdə olan “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov və platformanın nümayəndələri görüşüb.

    Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.

    Qonaqları salamlayan nazir Adil Kərimli vurğulayıb ki, müasir rəqəmsal platformalar cəmiyyətdə, fərdlərin və ictimai fikrin formalaşmasında mühüm rol oynayır. Bu baxımdan yeni, maraqlı məzmunun yaradılması, rəqəmsal məzmunun keyfiyyətinin yüksəldilməsi yeni mədəniyyət strategiyasının bir neçə prioritet istiqamətləri ilə əhatə olunacaq fəaliyyətdir.

    "TikTok" platforması ölkə üzrə 600 minə qədər istifadəçiləri və bir milyondan çox baxış sayı olan ən böyük platformalardan biridir, ona görə də buradakı məzmunun pozitiv, mənəvi dəyərlərə söykənən, elmi təbliğata köklənmiş, maarifləndirici olması istiqamətində inkişafı vacib şərtlərdən biridir. Bu platformada Azərbaycan mədəniyyətinin təbliği, davranış mədəniyyətinin formalaşdırılması və bu kimi məqsədlərlə xidmət edən rəqəmsal məzmunun yerləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Keyfiyyətli rəqəmsal məzmunun yaradılmasının təşviqi Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin vəzifələrindən irəli gəlir və bu baxımdan "TikTok" platformasının imkanlarından qeyd olunan istiqamətlərdə istifadə imkanları qiymətləndirilməlidir.

    Son zamanlar bir çox ölkələrdə "TikTok" platformasından sui-istifadə halları da müşahidə olunmaqdadır. Cəmiyyətlərin maraqlarına, ümumbəşəri dəyərlərə zidd məzmunların paylaşılması nəticəsində insanlarda və bütövlükdə cəmiyyətdə dözümsüzlük, aqressiya, mənəvi və estetik primitivizm, intellektual deqradasiya artır, faydalı ola biləcək resursun imkanlarından zorakılığın təbliğatı və bu kimi mənfi tendensiyaların yaranması üçün istifadə edilir.

    Qeyd olunan məsələlərin həlli, bu platformanın daha da təkmilləşdirilməsi və orada yerləşdirilən yerli məzmunun keyfiyyətinin və faydalılığının artırılması məqsədilə qarşılıqlı sıx əməkdaşlığın həyata keçirilməsi önəmlidir.

    Qonaqlar “TikTok” platformasının fəaliyyət mexanizmləri və hüquqi çərçivələri haqqında nazirə ətraflı məlumat veriblər, Azərbaycan mədəniyyəti ilə bağlı məzmunun keyfiyyətinin artırılması üçün əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.

    Görüşdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

    Qeyd edək ki, “TikTok” son illər sosial şəbəkə platformaları və mobil tətbiqlər arasında geniş populyarlıq qazanan vizual platformadır. 2016-cı ildə Çində yaradılan və 2018-ci beynəlxalq versiyası istifadəyə verilən videoplatforma qısa müddətdə bütün dünyada yayılıb. Hazırda 150-dən çox ölkədə 1 milyarda yaxın istifadəçisi var. “TikTok”un onlarla ölkədə nümayəndəliyi fəaliyyət göstərir. Videoplatformanın interfeysi 50-dək dildə təqdim olunur.

  • Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib

    Mayın 31-də nazir müavini Səadət Yusifovanın sədrliyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant olan dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı Dövlət İmtahan Mərkəzinin 13 yanvar 2023-cü il tarixində elan etdiyi müsabiqə üzrə keçirilmiş müsahibələrin nəticələrinə yenidən baxılması ilə bağlı 14 namizədin apellyasiya şikayətlərinə baxılıb. 14 namizəddən 3-ü Şuranın iclasında iştirak etməyib, 3 nəfərin müsahibə nəticəsi dəyişdirilərək vəzifəyə uyğun hesab edilib, 8 nəfərin müsahibə nəticəsi isə qüvvədə saxlanılıb.

    İclas zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilib, Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim edilmiş müsahibələrin videoçəkilişinə və sənədlərinə əsasən Şura üzvlərinin hazırladığı rəyləri müzakirə olunub. Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanova Şuranın iclasında iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Şura üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunub. Sonda Apellyasiya Şurasının üzvlərinin səsverməsinə əsasən iclasda baxılan məsələlərə dair Qərarlar qəbul edilib.

    Nizami Muradov, Aydan Süleymanlı, Elşən Xəlilov, Ələfsər Ələfsərli, Leyla Məmmədova, İbrahim Heydərov, Alpay Şərifli, Nadir Həsənov, Səxavət Ağayev, Babək Cəfərov və Nisə İmanovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsinə dair müsahibə komissiyasının qərarları tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılıb.

    Aişə Əliyeva, Çimnaz Həsrətova və Zəhra Kazımovanın şikayətləri ilə əlaqədar Apellyasiya Şurasında qəbul edilən Qərarlara əsasən həmin namizədlərlə əvvəl keçirilmiş müsahibələrin nəticəsi dəyişdirilərək iddia etdikləri vəzifəyə uyğun hesab edilib.

  • Milli Kitabxanada Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim edilib

    1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Usaqlarin linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.