Azərbaycan əsilli norveçli dizayner dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında yeni kolleksiyasını təqdim edəcək.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Antalya Moda Həftəsinin təşkilatçısı Eda Meltem Yılmazın dəvəti ilə iyunun 2-də Antalya MiGROS əyləncə və istirahət mərkəzində fəaliyyət göstərəcək dərzi emalatxanasında Norveçdə anadan olan, əslən azərbaycanlı, “SHERVIN NAJAFPOUR” qadın geyimi brendinin yaradıcısı, modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən özəl təqdimatın təşkili reallaşacaq.
Bu məqsədlə Şervin Nəcəfpur “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Leyli və Məcnun” məsnəvisinin süjetləri əsasında azərbaycanlı rəssam Pərnisə Əsgərova tərəfindən çəkilmiş miniatürlərin əks olunduğu köynək və çoxistifadəli parça çantalar hazırlanıb. Dahi şairin müdrik kəlamlarının da əks olunduğu, “Danışan İrs” adlı xüsusi kolleksiya Nizami Gəncəvi irsinin təbliğinə xidmət edir.
Antalya MiGROS AVM-də təşkil olunacaq özəl təqdimat zamanı “Nizami Gəncəvi Vəqfi” İctimai Birliyi və modelyer-dizayner Şervin Nəcəfpur tərəfindən Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum gününün 100-cü ildönümü və Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibətilə xüsusi dizaynlı köynək və çoxistifadəli parça çantanın təqdimatı da təşkil olunacaq. Ulu Öndər Heydər Əliyevin və Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün şəkillərinin, “Bir millət, iki dövlət, tək yumruq” şüarının əks olunduğu kolleksiya Türkiyə və Azərbaycan qardaşlığının sarsılmazlığını və əbədiliyini təbliğ etmək məqsədi daşıyır.
Tanınmış Antalya Moda Həftəsi yerli və xarici media tərəfindən geniş işıqlandırılır. Mərasimdə yerli dizaynerlərlə yanaşı, əcnəbi modelyerlərin geyim kolleksiyalarının nümayişi də nəzərdə tutulur.
Sara Qədimova geniş diapazonlu, şirin, məlahətli və ecazkar səsi ilə uzun illər milyonlarla insana sevinc bəxş edib. Görkəmli sənətkar muğamın dərinliyinə, zənginliyinə nüfuz edərək onun ilkinliyini, saflığını göz bəbəyi kimi qoruyub.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli ifaçı, Xalq artisti Sara Qədimovanın anadan olmasının 101-ci ildönümü tatam olur.
Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olub. Bakıda doğulmasına baxmayaraq, onun uşaqlıq illəri Qarabağda, Gülablı kəndində keçib. Bu kənddə Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski kimi sənətkarlar tez-tez Gülablıya gələr, yerli xanəndələrlə məclislər qurardılar. Bu mühit S.Qədimovanın yaddaşında dərin iz buraxır və elə uşaqlıqdan onda musiqiyə böyük həvəs yaranır.
Əmək fəaliyyətinə 1941-ci ildə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınıb, dinləyicilərin böyük məhəbbətini qazanıb. İkinci Dünya müharibəsi illərində müğənninin cəbhədə azərbaycanlı əsgərlər qarşısında oxuduğu “Şəfqət bacısı” mahnısı qəhrəman Azərbaycan qadınının təcəssümünə çevrilib.
Sara Qədimovanın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi qüdrətli ustadların böyük təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.
Azərbaycan Dövlət Opera və Balet Teatrında aparıcı partiyalarda çıxış edən Sara Qədimovanın adı opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yadda qalıb. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb. Müğənninin ifasında "Qarabağ şikəstəsi" isə Azərbaycan musiqisi tarixində özünəməxsus yer tutur. Xalq musiqisinin incəliklərinə dərindən yiyələnmiş Sara Qədimova ifa üslubu ilə milli musiqi xəzinəmizi zənginləşdirən böyük sənətkarlardan olub, dərin tarixi köklərə və ənənələrə malik Azərbaycan xanəndəlik məktəbində layiqli yer tutaraq onun inkişafına öz töhfəsini verib. Dinləyicinin daxili aləminə nüfuz etmək, onda güclü emosional təsir yaratmaq bacarığı Sara Qədimova yaradıcılığının xarakterik xüsusiyyəti idi. Müğənninin altmış ildən artıq bir dövrü əhatə edən yaradıcılığının başlıca qayəsi Azərbaycan mədəniyyətinə xidmət göstərmək olub. Sara Qədimovanın milli musiqimizə hədsiz sədaqətlə səciyyələnən həyat yolu gənc xanəndələr nəsli üçün daim örnək olacaq.
Milli mədəniyyətimizi dəfələrlə xarici ölkələrdə böyük uğurla təmsil etmiş Sara Qədimova Azərbaycan xalq musiqisini müxtəlif xalqların nümayəndələrinə sevdirə bilib və çıxış etdiyi ən mötəbər səhnələrdə dərin rəğbətlə qarşılanıb.
Görkəmli sənətkar 2005-ci il mayın 12-də dünyasını dəyişib.
Bu gün Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 94 il ötür
Görkəmli bəstəkar Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Uşaqlara daim böyük sevgi və həssaslıqla yanaşan Oqtay müəllim onlar üçün şən, gözəl mahnı nümunələri yaratmış və neçə-neçə nəsil bu mahnılarla böyüyüb.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli sənətkar, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasından 94 il ötür.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfini, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.
1957-ci ildə üçüncü kursda oxuyarkən Azərbaycan bəstəkarlarının qurultayında gənc bəstəkarın fortepiano triosu uğur qazanıb. 1958-ci ildə Qara Qarayevin sinfini uğurla başa vuran Oqtay Zülfüqarov müəlliminin məsləhəti ilə uşaqlar üçün silsilə mahnılar yaratmağa başlayıb.
O, uşaqlar üçün yazılan “Qız-ulduz”, “Pişik və Sərçə” və "Meşə nağılı" operalarını da yazıb. "Şəngülüm, Şüngülüm və Məngülüm" adlı musiqili komediya, violonçel və fleyta üçün konsertlər, simfonik poemalar, kantatalar, dörd simfoniya, instrumental pyeslər, teatr və kino üçün musiqi yazan bəstəkarın böyük simfonik orkestr üçün yaratdığı "Şənlən, mənim xalqım" uvertürası kimi bir çox məşhur musiqi əsərlərinin müəllifidir.
2010-2012-ci illərdə O.Zülfüqarov "Məlik Məmməd" nağılı əsasında uşaqlar üçün “Sehrli alma” ikihissəli balet, eyni zamanda, musiqi dərslikləri yazıb. Uzun illər "Tumurcuq" və "Aysel" Uşaq Mahnı Teatrı Oqtay Zülfüqarovun rəhbərliyi altında Azərbaycan Dövlət Televiziyasında verilişlər hazırlayıb. Musiqi ilə yanaşı, bəstəkar həm də şeirlər yazıb və onlar "Oxuyur Aysel" adlı topluda işıq üzü görüb. 1972-ci ildə Əməkdar incəsənət xadimi adına, 2000-ci ildə Xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsü olan bəstəkar uzun illər Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri işləyib.
Oqtay Zülfüqarov Azərbaycanın ən böyük uşaq bəstəkarlarından biri kimi bu sənətə öz möhürünü vurub. Uzun müddət Azərbaycan televiziyasında onun uşaqlarla apardığı veriliş uşaqların sevə-sevə izlədiyi proqram idi.
Oqtay Zülfüqarov 2016-cı il avqustun 31-də 87 yaşında vəfat edib.
Yaxın günlərdə “Şahdağ” Turizm Mərkəzində yay mövsümünün açılışına start veriləcək. Mərkəzə səfər edənlər kanat yollarından, müxtəlif yay əyləncələrindən, turizm xidmətlərindən istifadə edə biləcəklər.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mərkəzin mətbuat xidmətinin rəhbəri Orxan Bədəlov bildirib.
Onun sözlərinə görə, cari ilin yanvar-may ayları ərzində “Şahdağ” Turizm Mərkəzinə 65 minə yaxın turist səfər edib, hotel xidmətlərindən isə yerli və xarici turist olmaqla ümumilikdə 21 minə yaxın qonaq yararlanıb: “Qonaqların ölkə üzrə coğrafiyasına gəldikdə isə burada Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Rusiya Federasiyası, Türkiyə, həmçinin Hindistan, Pakistan və Filippindən olan turistlərin çoxluq təşkil etdiyini deyə bilərik”.
Məlumat üçün bildirək ki, Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi QSC istər yay mövsümündə, istərsə də qış aylarında ziyarətçilərə müxtəlif növ turizm xidmətləri, əyləncələr, qonaqlamalar təklif edir. Mərkəzin geniş əraziyə sahib olması, burada müasir infrastrukturun yaradılması, eləcə də peşəkar kadrların mövcudluğu ilin bütün fəsillərində turistlərə yüksəkkeyfiyyətli xidmətlər göstərməyə şərait yaradır.
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa və Nazirlər Kabinetinin “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın formalaşdırılması üçün sənədlərin qəbuluna başlanılıb.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən bildirilib.
İctimai Şuranın yaradılması Mədəniyyət Nazirliyinin fəaliyyətində şəffaflığın daha da artırılması, müvafiq sahədə ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi daşıyır.
İctimai Şura mədəniyyət sahəsində müxtəlif məsələlərlə bağlı müzakirələr təşkil etmək, müvafiq sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə təkliflər vermək və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək.
İctimai Şura ictimai əsaslarla (ödənişsiz) fəaliyyət göstərəcək. Mədəniyyət sahəsində ixtisaslaşan hər bir Azərbaycan vətəndaşı İctimai Şuraya üzv seçilə bilər.
İctimai Şuraya seçkilərin təşkili məqsədilə Mədəniyyət Nazirliyinin dörd və mədəniyyət sahəsində ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının beş nümayəndəsindən ibarət Seçki komissiyası yaradılıb. Seçki komissiyası tərəfindən İctimai Şura üzvlərinin sayı, namizədlərin, seçicilərin qeydiyyatı və digər təşkilati məsələlər barədə qərar qəbul edilib.
İctimai Şuraya namizədlərin qeydiyyatı iyunun 25-nə, seçicilərin qeydiyyatı isə iyulun 6-dək davam edəcək. İctimai Şuraya üzvlüyə namizəd şəxslərə və seçicilərə dair tələblərlə nazirliyin rəsmi internet saytının “Elanlar” bölməsində tanış olmaq olar.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət naziri Adil Kərimli iyunun 9-da saat 10:00-da Gəncə şəhəri Heydər Əliyev Mərkəzində (Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 535) əsasən Gəncə, Naftalan şəhərlərindən, Goranboy, Samux, Kəlbəcər və Xocalı rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar iyunun 5-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-30-02 telefon nömrəsi vasitəsilə və vatsap xidmətinə (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.
Bakı Kitab Mərkəzində Emil Məcidovun “Teymurləngin tamğası” kitabının təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, ilk cümhuriyyətin 105 illiyi ərəfəsində Moskvanın “Yauza” nəşriyyatında işıq üzü görən bədii əsər oxucuları XX əsrin əvvəllərində cərəyan edən hadisələrə aparır.
Təqdimat mərasimində Bakı Kitab Mərkəzinin direktoru Günel Anarqızı, Milli Məclisin deputatı Hicran Hüseynova, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək kitab haqqında təəssüratlarını bölüşüb, onun tariximiz üçün dəyərli mənbə olduğunu vurğulayıblar.
Bildirilib ki, romanda 1920-ci il Gəncə üsyanı zamanı Azərbaycan Ordusunun zabitləri bolşevik hakimiyyətinin repressiyalarına və soyğunlarına qarşı çıxdıqları zaman baş verən hadisələr təsvir edilir. Macəra romanı janrında, sərbəst dildə yazılmış əsər Azərbaycan xalqının müstəqillik, Vətən uğrunda keşməkeşli mübarizəsi, azadlığı uğrunda canlarını qurban verən, müxtəlif inanclı, fərqli təbəqəni təmsil edən cəsur qəhrəmanlardan bəhs edir.
Təqdimat televiziya aparıcısı Leyla Seyidzadənin moderatorluğu və Emil Məcidovun iştirakı ilə diskussiya şəklində davam edib.
Qeyd edək ki, rus dilində nəşr olunan kitabı iyun ayından etibarən Bakı, Moskva və Sankt-Peterburqun kitab mağazalarında, eləcə də onlayn mağazalarda əldə etmək mümkün olacaq.
"Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur".
Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında deyib.
Ötən ilin iyulunda Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalandığını xatırladan dövlət başçısı qeyd edib ki, bu enerji dialoqu uğurla davam edir.
“Biz Avropa İttifaqı ilə bərabər, Cənub Qaz Dəhlizi Məşvərət şurasının üzvləriyik, o, hər il fevral ayında Bakı şəhərində baş tutur. O da çox böyük əhəmiyyətə malikdir ki, bizim bütün səylərimiz əlaqələndirilir. Cənub Qaz Dəhlizi artıq istifadəyə veriləndən sonra belə, bu gün bizim yeni vəzifələrimiz var. Ona görə də Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
“Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” haqqında saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”.
Report xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 31-də Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışında çıxışı zamanı deyib.
"Ötən ilin dekabrında Buxarestdə “yaşıl enerji” sahəsində mühüm tədbir keçirilib. Avropa Komissiyasının prezidentinin də iştirak etdiyi tədbirdə Azərbaycan, Gürcüstan, Macarıstan və Rumıniya arasında “yaşıl enerji” sahəsində tərəfdaşlıq haqqında saziş imzalanıb. Əminəm ki, bu saziş qlobal layihəyə çevriləcək və daha çox ölkəni və şirkətləri cəlb edəcək”, - Prezident İlham Əliyev deyib.
"Hesab edirik, bu layihə ən azı 4 QVt “yaşıl enerji”nin nəqlini təmin edə bilər ki, bu da bizim əlavə töhfəmiz olacaq", - dövlət başçısı əlavə edib.
Azərbaycan və Pakistan qarşılıqlı ticarət və investisiyaların təşviqini müzakirə edib.
Report xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında yazıb.
"Pakistan İslam Respublikasının neft üzrə dövlət naziri Musadik Məsud Malik ilə Azərbaycan-Pakistan iqtisadi əlaqələrinin mövcud vəziyyətini müzakirə etdik. Qarşılıqlı ticarət və investisiyaların təşviqinin, energetika, tranzit-logistika və sənaye sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğuladıq", - nazir qeyd edib.