Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək

    İyunun 1-də Azərbaycan Milli Xalça Muzeyində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş festival keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, muzeyin uşaq şöbəsi tərəfindən açıq havada təşkil olunan musiqili-əyləncəli festivalda müxtəlif rəqs qruplarının, yaradıcı kollektivlərin bir-birindən maraqlı ifaları təqdim ediləcək. Burada həmçinin muzeyin Uşaq Birliyi və Uşaq Musiqili Teatr Studiyasının üzvlərinin iştirakı ilə şöbənin əməkdaşları tərəfindən səhnələşdirilən “O olmasın, bu olsun” tamaşasının premyerası olacaq.

    Tədbirdə Penza şəhərindəki Dövlət Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsində “Geyim dizaynı” ixtisası üzrə təhsil alan tələbələrin “Stilizə olunmuş Azərbaycan milli geyimi” sərgisi nümayiş olunacaq.

    Uşaq şöbəsinin “Nənəmin sandığından fashion show” tədris proqramı çərçivəsində muzeyin balaca dostlarının öz əlləri ilə yaratdıqları geyimlərdən ibarət “Məxmər fashion show” moda nümayişi isə festivala xüsusi rəng qatacaq.

    Maraqlı, rəngarəng proqramı olan festivalda müxtəlif ustad dərsləri, diskoteka təşkil olunacaq, həmçinin uşaqlara çəmənlikdə piknik edərək proqramı izləmək imkanı yaradılacaq.

  • “Cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 6 dəfəyə qədər artıb”

    Turizmin inkişafı naminə Asiya üzrə əsas hədəf bazarlardan biri də Çin hesab olunur. Hazırda Urumçi şəhərindən Bakıya həftədə iki dəfə olmaqla uçuşlar həyata keçirilir. Qeyd edək ki, bu ilin mart ayında pandemiyadan sonra ölkəmizə Çindən ilk turist qrup səfərlərinə start verilib. Çin Xalq Respublikası vətəndaşları üçün sadələşdirilmiş viza rejimi çərçivəsində “ASAN Viza" elektron sistemi tətbiq olunur.

    Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

    Bildirilib ki, cari ilin aprel ayında Azərbaycana səfər edən Çin vətəndaşlarının sayı 2022-ci ilin aprel ayı ilə müqayisədə 6 dəfəyə qədər artıb.

  • Neftçalaya çəkilmiş II magistral su kəməri istismara verilib

    Neftçala rayonunun yaşayış məntəqələrinin içməli su təchizatının yaxşılaşdırılması üçün nəzərdə tutulan II magistral su kəmərinin inşası yekunlaşıb və kəmər istismara verilib.

    Bu barədə Reporta Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib.

    Şirvan-Muğan qrup su kəmərindən qidalanan kəmər Neftçala şəhəri ilə yanaşı rayonun kəndlərinin də dayanıqlı su təminatına imkan verəcək.

    Xatırladaq ki, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Tədbirlər Planı” çərçivəsində su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin, o cümlədən Neftçala rayonunun kənd və qəsəbələrinin içməli su təchizatında yaranan problemin həlli məqsədilə çəkilən I kəmər 2020-ci ildə istismara verilib. Bu kəmər Neftçala şəhəri və ətraf yaşayış məntəqələrini içməli su ilə təmin etməyə imkan yaradırdı. İçməli sudan ciddi əziyyət çəkən digər yaşayış məntəqələrinin su təminatının yaxşılaşdırılması üçün əlavə su həcmlərinə ehtiyac yaranıb. Bunlar nəzərə alınaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə II magistral su kəməri çəkilib. 450-560 mm diametrli borularla 38 km uzunluğunda inşa edilmiş II magistral kəmər Salyan şəhərində yeni tikilmiş 7500 kubmetr tutumu olan su anbarından qidalanır. Yeni kəmərin I Salyan-Neftçala magistral su kəmərilə əlaqələndirilməsi gələcəkdə baş verə biləcək qəzalar və ya suya tələbatın artdığı yay aylarında yaşayış məntəqələrinin dayanıqlı su təchizatına imkan yaradacaq.

    Xatırladaq ki, 2020-ci ildə icra olunan layihə çərçivəsində Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral kəmər və Salyan şəhəri yaxınlığında həcmi 7 500 kubmetr olan su anbarı tikilib. 2020-ci ilin noyabr ayında yeni infrastrukturdan Neftçala şəhərinə suyun verilməsi təmin edilib. Bu layihələr Neftçala şəhəri və rayonun kəndlərində 80 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin edəcək.

  • Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

    Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Macarıstana səfəri çərçivəsində Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi, deputat Tamaş Menszer ilə görüşüb.

    Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.

    Günay Əfəndiyeva Fond tərəfindən qədim Türk mədəniyyətinin təşviqi istiqamətində təşkil edilən tədbirlərdən, təşkilatın üzv və müşahidəçi dövlətlərini əhatə edən Türk irsinin qorunmasına yönəlmiş beynəlxalq layihələrdən bəhs edib. Fondun prezidenti Türk dövlətləri və təşkilatları arasında davam edən inteqrasiya proseslərinin vacibliyini xüsusi vurğulayıb. Günay Əfəndiyeva cari ilin yanvar ayında “Avropanın mədəniyyət paytaxtı” Vezsprem şəhərinə səfərini xatırlayaraq, bu il “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa şəhəri və Vezsprem arasında imzalanmış Anlaşma Memorandumu ilə əlaqələrin gücləndirildiyinə toxunub.

    Fondun rəhbəri həmçinin, təşkilatın müşahidəçi üzv dövləti olan Macarıstan ilə əməkdaşlıq çərçivəsində “Macar yazıçılarının antologiyası”nın hazırlanması, Bela Bartok, Mikloş Radnoti və digər görkəmli şəxsiyyətlərinin yaradıcılıqlarının təbliği sahəsində Fond tərəfindən həyata keçirilən layihələrdən danışıb.

    Macarıstan Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibi Tamaş Menszer Fondun fəaliyyətini yüksək qiymətləndirərək, Macarıstan musiqisinin və ədəbiyyatının dünya səviyyəsində təbliğ edilməsinə görə təşkilata minnətdarlığını bildirib və bu istiqamətdə daim dəstək göstərməyə hazır olduqlarını qeyd edib. Macarıstanı Türk dünyasının Avropaya qapısı adlandıran Tamaş Menszer, Türk dövlətləri ilə əməkdaşlığın önəmindən, “Avropanın mədəniyyət paytaxtı” Vezprem və “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşa arasında iş birliyindən söz açıb.

    Görüşdə Fond və Macarıstan arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.

  • “Buta Airways” Düşənbəyə ilk uçuşunu həyata keçirib

    "Azərbaycan Hava Yolları" QSC-nin aşağı büdcəli törəməsi olan “Buta Airways” aviaşirkətinin təyyarəsinin Tacikistanın paytaxtı Düşənbə şəhərinə ilk uçuşu həyata keçirilib.

    Bu barədə Reporta Azərbaycanın Tacikistandakı səfirliyindən bildirilib.

    Bununla əlaqədar, Düşənbə Beynəlxalq Hava Limanında keçirilən mətbuat konfransında “Buta Airways” şirkətinin direktoru Cəmil Manizadə bildirib ki, “Buta Airways”in Bakı-Düşənbə-Bakı aviareysi Azərbaycan və Tacikistan arasında turizm, biznes və iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaq.

    Azərbaycanın Tacikistandakı səfiri Əlimirzamin Əskərov, aviareysin açılışının hər iki ölkə arasında iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində əməkdaşlığa, eləcə də iki ölkə xalqlarının daha da yaxınlaşdırmasına böyük töhfə verəcəyini bildirib

    Tacikistanın Turizmin İnkişafı üzrə Komitəsinin sədrinin birinci müavini Həbibulla Əmirbəyzadə diqqətə çatdırıb ki, Azərbaycan və Tacikistan arasında birbaşa uçuşların başlanması turizm sektorunda bir sıra əhəmiyyətli layihələri həyata keçirməyə imkan yaradacaq.

    Qeyd edilib ki, Bakı-Düşənbə-Bakı reysi iki ölkə arasında münasibətlərin inkişafına yönələn birgə səylərin nəticəsidir. Birbaşa aviareys ölkələr arasında işgüzar əlaqələrin möhkəmlənməsinə də xidmət edəcək.

    Məlumata görə, Bakı-Düşənbə-Bakı aviareysi üzrə uçuşlar həftənin cümə axşamı reallaşacaq.

  • “İkitərəfli turizm əlaqələrinin inkişafı üzrə əsas hədəf ölkələrdən biri İsraildir” - Dövlət Turizm Agentliyi

    Yaxın Şərq üzrə əsas hədəf ölkələrdən biri də İsraildir. Azərbaycanın İsraildə fəaliyyət göstərən rəsmi turizm nümayəndəliyi ikitərəfli turizm əlaqələrimizin inkişafına töhfə verməkdədir. Hazırda Təl-Əvivlə həftədə 7 dəfə olmaqla birbaşa uçuşlar həyata keçirilir.

    Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

    Qeyd edək ki, təbliğat tədbirlərinin bir hissəsi olaraq cari ilin mart ayında Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunub, həmçinin Təl-Əviv şəhərində Dünya Yəhudilərinin Səyahəti (World Jewish Travel) təşkilatının təşəbbüsü ilə “Yəhudi İpək Yolu” adlı tədbir keçirilib.

  • “Artım” layihə məkanında “Guilty pleasure” adlı qrup sərgisi açılacaq

    İyunun 1-də YARAT Müasir İncəsənət Məkanının təşkilatçılığı ilə “Artım” layihə məkanında gənc Azərbaycan rəssamları – Ağaəli Sədirli və Nailə Dadaşzadə yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallı və “Kobranın ölüm rəqsi”nin iştirakı ilə “Guilty pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi açılacaq.

    YARAT-dan AZƏRTAC-a verilən məlumata görə, “Guilty pleasure” sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

    Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır.

    “Guilty pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü “məqbul və ya arzuolunan” kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir. Məqsəd estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, “pop” mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək, eləcə də qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən, oynaq olmağa sövq etməkdir.

    Qeyd edək ki, sərgi iyunun 1-dən sentyabrın 3-dək davam edəcək.

  • Azərbaycan beynəlxalq rəqəmsal teatr festivalında təmsil olunacaq

    İyunun 1-də “ONLiFE iDEA Fest” beynəlxalq rəqəmsal festivalında F.M.Dostoyevskinin eyniadlı povestinin motivləri əsasında hazırlanan “Utancaq qız” tamaşası nümayiş etdiriləcək. Tamaşanı Azərbaycanın Əməkdar artisti Şövqi Hüseynov təqdim edəcək.

    AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycan, Gürcüstan, Moldova, Özbəkistan, Rusiya, eləcə də Kiprdən olan aktyorların iştirakı ilə ümumilikdə 7 tamaşa göstəriləcək. Formatın xüsusiyyətlərindən biri odur ki, dəvət olunmuş teatr tənqidçiləri ilə tamaşa başa çatandan sonra müzakirələr aparılır. Tamaşaçılar rejissora sual vermək, həm də xüsusi yaradılan çatda tamaşa barədə təəssüratlarını bölüşmək imkanına malikdirlər.

    Təşkilatçıların sözlərinə görə, “Utancaq qız” tamaşası çox çətin vəziyyətdə öz həyatını, keçmişini, ruhunu yenidən cəmləşdirməyə cəhd edən insanın açıq etirafıdır. Baş qəhrəmanın monoloqunda bizim üçün açılan ağrı-acı və tənhalıq mənzərəsindən yalnız bir çıxış yolu var: sevgi...

    Yeni tamaşanın yayımını və ötən nümayişləri bu saytdan izləmək olar: https://onlifeideafest.com/

  • Sabir satiraları Azərbaycan ictimai-siyasi həyatının mənzərəsi kimi

    Bu gün Mirzə Ələkbər Sabirin anadan olmasından 161 il ötür

    Azərbaycan ədəbiyyatında çoxəsrlik ənənəsi olan satirik şeirin ən görkəmli nümayəndəsi Mirzə Ələkbər Sabirdir. Milli ədəbiyyatda tənqidi realizmin əsas yaradıcılarından biri kimi geniş şöhrət qazanmış Sabir bədii fikirdə humanizmin və demokratik ideyaların, milli oyanış və dirçəlişin ən fədakar carçılarındandır. O, mollanəsrəddinçi satirik şeir məktəbinin yaradıcısı, türk-müsəlman dünyasında satirik şeirin qüdrətli təmsilçisi kimi tanınır. Onu oxuculara sevdirən poeziyasındakı yüksək ümumbəşəri ideyalar uğrunda vuruşması, satirik yaradıcılığı, vətən və ümumxalq məhəbbətidir.

    AZƏRTAC böyük satirik şairin doğum günü münasibətilə professor, ədəbiyyatşünas-tənqidçi Nizami Tağısoyun qələmə aldığı “Sabir satiraları Azərbaycan ictimai-siyasi həyatının mənzərəsi kimi” sərlövhəli yazısını təqdim edir.

    30 may 1862-ci ildə dünyaya göz açmış Mirzə Ələkbər Sabir ilk poetik qələm təcrübəsinə 1903-cü ildə Tiflisdəki Azərbaycan dilində çıxan “Şərqi-Rus” qəzetində başlayıb. O, bundan 2 il sonra Bakıdakı “Həyat” qəzetində özünün ikinci “Beynəlmiləl” (“Müsəlman və erməni vətəndaşlarına”) şeir ilə XX əsrin ilk illərində nəşr olunan “Dəbistan”, “Zənbur”, “İrşad”, “Həqiqət” və s. kimi mətbu orqanlarında çıxışlar edib.

    Yaradıcılığının daha məsuliyyətli və məhsuldar dövrü 1906 – 1911-ci illəri əhatə edir. Məhz həmin mərhələdə Sabir Azərbaycan ictimai-siyasi, mədəni-ədəbi, mənəvi-əxlaqi istiqamətlərində nəinki bu regionda, həm də Türkiyədə, İranda, Rusiyada, Qazaxıstanda, Türkmənistanda, Hindistanda, bir sözlə, dünyanın ən çeşidli regionlarında geniş oxunan “Molla Nəsrəddin” jurnalında imzası daha tez-tez görünən müəlliflərdən biri idi. “Molla Nəsrəddin” jurnalının ən oxunaqlı müəlliflərindən olan Sabiri ovaxtkı Sankt-Peterburqda, Kazanda, Astraxanda, Türkmənistanın Mərv, Özbəkistanın xeyli regionlarında, Qazaxıstanın Uralsk və digər şəhərlərində yetərincə mütaliə edirdilər. Tanınmış tatar şairi Qabdulla Tukay öz satirik-sarkastik qələmini Sabirdən əxz etdiyi bədii-poetik elementlərlə zənginləşdirirdi.

    Sabir yaradıcılığının ana xəttini Azərbaycan xalqının və dünya müsəlmanlarının mədəni-mənəvi azadlığı uğrunda apardığı mübarizə təşkil edirdi. O, bütün yaradıcı fəaliyyəti dövründə özünün satirik qələmini tərəqqiyə mane olmağı müsəlmanlıq kredosu hesab edən mövhumatçı fanatiklərə qarşı mübarizədə sınayırdı. Ruhanilər tərəfindən daim təqiblərə məruz qalsa da, Sabir bir an belə vicdan və məsləkindən sapınmamışdı.

    Mollaxana təhsili ürəyincə olmayıb, orada ərəb və fars dillərinin köməyi ilə Sədi, Firdovsi, Xəyyam və başqa bu kimi mütərəqqi fikirli klassiklərin yaradıcılığı ilə tanış olmaq imkanları əldə etsə də, Sabirin bədii-estetik dünyagörüşünə yaddaqalan təsiri Seyid Əzim Şirvani məktəbi göstərmişdi. Burada Şərq klassik ənənələrinə yiyələnməsi ilə bərabər, o, Azərbaycan poetik ənənəsinə söykənməklə qələmini həm də milli satira səmtinə yönəldərək janrı özünün novatorluq məharəti ilə zənginləşdirib.

    Sabirin müasirlərinin xatirələrindən bu böyük Azərbaycan sevgisi və məhəbbəti ilə yaşayan insanın zahiri portreti və daxili aləmi görünməkdədir. Bədən və cismani baxımından o qədər boy-buxunlu olmasa da, onun qara gözlərində dərin kədər göründüyü qənaətlərinə gəlmək olar. Zahiri baxımdan cəlbediciliyi ilə fərqlənməsə də, onun mənəvi dünyası, təvazökarlığı, məqsədə doğru irəliləyişi və zəhmətsevərliyi də nəzərləri cəlb edirdi. Lakin sadaladığımız bu keyfiyyətlərin hamısının fövqündə bu böyük insanın dərin düşüncəsi yumor hissi ilə daha çox ön plana çıxmış keyfiyyətlərdəndir.

    Əsərlərinin əksəriyyətində Sabir yaşadığı dövrdə görüb, tanıyıb danışdırdığı tiplərin elə uğurlu ironik-sarkastik obrazını yaratmağı bacarıb ki, onların portretinə sanki yeni bir tutarlı ştrix əlavə etmək də mümkün deyildir.

    Sabir əsərlərinin əksəriyyətində xalqın dilindən, onun mövqeyindən danışmağa daha çox üstünlük verirdi. Odur ki, dialoji nitqin deyim imkanlarından yararlanaraq Sabir elə ifadə tərzi, ibarə, elə izah və mükalimələrə yer verir ki, bu əsərlər öz konstruktivliyi, ünsiyyətdə modallığı, emosional tonallığı, harmoniyası, verbal ifadəliyi obrazlılığın formalaşmasında, informasiyanın oxucuya ötürülməsində mühüm vasitəyə çevrilirdi.

    Sabir xalqın maariflənməsində və geniş biliklərə yiyələnməsində adları çəkilən mətbu orqanlarının rolunu yüksək dəyərləndirirdi. Odur ki, “Dəbistan”ın qapanmasını, “Ülfət”in toxtamasını, “Kəlniyyət”in məhv olması ilə ədəb-ərkanın bağlamasını, “Rəhbər”in yorulmasını, “İrşad”la “Təkamül”ün yoxlamasını ürək ağrısı ilə qələmə alırdı. Qeyd edək ki, “Dəbistan”, “Ülfət”, “Kəlniyyət”, “Rəhbər”, “İrşad” və “Təkamül”lə yanaşı, XX əsrin əvvəllərində Azərbaycanda “Molla Nəsrəddin”, “Füyuzat”, “Bəhlul”, “Zənbur”, “Leylək”, “Tuti” və digər bu kimi mətbuat nümunələri xalqın milli şüurunun və yeni təfəkkürünün formalaşmasında bu əyləndirici, maarifləndirici və satirik orqanlar son dərəcə böyük əhəmiyyətə malik idi. Odur ki, onların nəşri də daim basqılarla müşayiət olunurdu.

    Sabirin poetik orkestri son dərəcə çoxsəsli və çeşidli idi. Onun bədii-poetik mətnlərində yer almış qeyri-düz xətli fikrin təşkili, şeirlərinin kompozisiya-struktur xüsusiyyətlərinə nəzər saldıqda görürük ki, özünün son dərəcə zəngin səs orkestri, maraqlı fonetikası, yazı üslubunda bəzi disharmoniyalar nəzərə çarpsa da, bütün bunlar Sabir yaradıcılığının ən mühüm orijinal göstəricisi kimi diqqəti cəlb etməkdədir.

    Sabirin “Sual-cavab”ında biz qeyd etdiklərimizin daha görümlü şahidi oluruq:

    - Görmə!- Baş üstə, yumaram gözlərim.

    - Dinmə!- Mütiəm, kəsərəm sözlərim.

    - Bir söz eşitmə! - Qulağım bağlaram.

    - Gülmə! - Pəkey, şamu - səhər ağlaram.

    - Qanma! - Bacarmam! Məni məzur tut,

    Böyləcə təklifi - məlalı unut!

    Qabili- imkanmı olur qanmamaq?

    Məcməri - nar icrə olub yanmamaq?

    Eylə xəmuş atəşi - suzanını,

    Qıl məni asudə, həm öz canını!

    Sabirin satiraları, həm ondan əvvəl yazıb-yaradanlar, həm də sonra yazanlardan fərqli və görümlü bir modifikasiya və məzmunda təqdim olunmaqdadır.

    Təyyar Salamoğlunun son dövrlərdə nəşr etdirdiyi “Azərbaycan ədəbiyyatı: mübahisələr, həqiqətlər” kitabında qeyd etdiyi belə bir mövqe ilə həmrəyik ki, “Sabirin satirik gülüşü sovet dövründə əvvəlki ədəbiyyatşünaslıqda” “göz yaşı içində gülüş” kimi xarakterizə edilmişdir”.

    Fikrimizcə, Sabir satirasının ən mühüm cəhəti onun müasirliyindədir. Bu müasirlik ictimai-iqtisadi-mədəni formasiyalar dəyişsə də, bundan sonra da öz əhəmiyyətini itirməyəcək. Çünki Sabirin ədalətsizliyə, avamlığa, konservativ ruhanilərə istiqamətlənən və ona misli görünməmiş populyarlıq gətirən poeziyası nə qədər hücumlara, təqiblərə, təhqirlərə məruz qalsa da, onu haqq yolundan çəkindirməyib. Sabir satiralarının realizmi dəlici, üzücü, öldürücüdür. O, ədəbiyyata ənənəçi kimi daxil olsa da, yaradıcılıq prosesində həmin dairənin içində qapanıb qalmadı. Onun satirik təsviri realizmi, ifşaediciliyi, dəliciliyi ilə nəinki milli hədlər daxilində, statik nümunə kimi nəzərdə qaçırıldı, əksinə beynəlmiləl arenada onu daha çox məşhurlaşdırdı.

    Qədim Romadan yola çıxıb, Fransada Rable, Bualo, Volter, Kurye, Beranje, Barbye, Hüqo; İngiltərədə Svift; Almaniyada Brandt, Heyne; İtaliyada Ariosto, Qotsi, Algiyeri; İspaniyada Servantes; rus ədəbiyyatında A.Kantemir, A.Sumarokov, İ.Krılov, A.Qriboyedov, V.V.Mayakovski, M.Bulqakov, M.Zoşşenko, İ.İlf və Y.Petrov və başqalarının yaradıcılığından geri qalmayan Sabir satiraları özünün aktuallığını bu gün də qoruyub yaşatmaqdadır. Sabir yaradıcılığında az qala satiranın əksər çeşidli janrları – invektiva, parodiya, pamflet, epiqram, karikatura, təmsil və s. uğurla istifadə edilib.

    Qeyd edək ki, 1962-ci ildə Sabirin anadan olmasının 100 illiyinə həsr olunmuş seçilmiş satiraları rus dilinə tərcümə olunaraq Moskvadakı “Bədii ədəbiyyat” nəşriyyatında Ümumittifaq oxucuna təqdim olunub ki, burada mütərcim Lev Penkovskinin kitaba yazdığı “Ön sözü”ndə o, Sabiri “Azərbaycan Yuvenalı” adlandırmaqla onun satirik qələminin nə qədər kəsərli olduğunu göstərib. L.Penkovski yazır: “Vaxtı ilə məşhur romalı satirik Yuvenal antik Roma üçün hansı rolu oynamışdırsa, Sabir də Azərbaycan xalqı üçün həmin rolu oynamışdır. Bu əsərlər Azərbaycan Yuvenalı Sabirin seçilmiş satiraları olub, həm də rus mütərcim-şairlərinin onun yüzillik xatirəsinə həsr etdikləri kitabdır.

    Sabir satiriklik ideallarına daim sadiq qalıb. Bənzərsiz poetik düşüncə sahibi olan Sabir nəinki milli poetik fikrində, həm də dünya çapında qəbul edilmiş şəxsiyyətlərdəndir. Sabir yaradıcılığının tanınmış tədqiqatçısı X.B.Brands özünün “Azərbaycan satirik poeziyası” araşdırmasında onun vətənpərvərlik motivlərinin güclü olduğunu qeyd etməklə Sabiri Hüqo, Berns, Beranje və Şedrinlə müqayisə edib.

    Odur ki, akademik Mirzə İbrahimovun yazdığı kimi, “Sabirin əsərləri o qədər duzlu, o qədər orijinal və o qədər mənalıdır ki, onları ancaq böyük istedad yarada bilərdi... “Molla Nəsrəddin” olmasa idi, Molla Nəsrəddin məktəbi olmasaydı, Sabir satirası qədər kamil şəkildə yarana bilməzdi”.

    Azərbaycan mühacirət ədəbiyyatının tanınmış nümayəndələrindən olan dəyərli elmi-publisistik əsərlər müəllifi Əbdülvahab Yurdsevər “Sabirin Azərbaycan ədəbiyyatındakı yeri” adlı monoqrafik araşdırmasında mədəniyyətimizdə mövqeyini müəyyənləşdirməyə çalışarkən ona bir küll halında yanaşmaqla siyasi-sosial görüşləri, sənətlə bağlı görüşləri, fəlsəfi düşüncələri kontekstində incələyib, bəzi özəlliklərinə nəzər yetirərkən məhz onun Avropa ədəbiyyatında “epiqramma” adını alan nəzm tərzini “qırmanc” və “taziyanə” adı altında Azərbaycan ədəbiyyatına ilk dəfə gətirənin Sabir olduğunu göstərib.

    Çağdaş mərhələdə bəzi ədəbiyyat və mədəniyyət xadimləri satiranın insanlar tərəfindən o qədər də yaxşı qəbul edilmədiyini təkrarlayıb satira və yumor hissinin itdiyini söyləsələr də, biz belə yanaşmanın həqiqəti əks etdirmədiyində israrlıyıq. Hesab edirik ki, müasir dövrdə Sabir satiraları nəinki öz aktuallığını itirir, əksinə onlar mövzu, problem, obraz və ideya, ictimai-siyasi hadisələrə münasibət sərgiləmək baxımından öz təravətini itirməyən nümunələr kimi çağdaş mərhələdə dəyərini qoruyub saxlayacaq.

  • Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçiriləcək

    İyunun 3-də Bakıdakı Rus Evində Xalq yazıçısı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçiriləcək.

    Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzindən (RİMM) bildirilib.

    Natiq Rəsulzadə A. M. Qorki adına Ədəbiyyat İnstitutunun məzunudur, 30-dan çox kitabın, çoxsaylı povest və hekayələrin müəllifidir. O, SSRİ Dövlət Teleradio mükafatı, Ümumittifaq N. Ostrovski adına mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, Azərbaycanın Xalq yazıçısı, Azərbaycanın Əməkdar incəsənət xadimi, "Şöhrət" ordeni kavaleridir. Onun əsərləri rus, macar, bolqar, polyak və digər dillərdə nəşr olunub, N. Rəsulzadənin əsərləri əsasında 15 film çəkilib.

    Görüş ustad dərsi formatında keçiriləcək.