Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • "Qarabağ KOB-ları" proqramı ilə 50 yeni sahibkarlıq subyekti yaradılacaq

    Azərbaycanda "Qarabağ KOB-ları" proqramı çərçivəsində 50 yeni sahibkarlıq subyektinin yaradılması nəzərdə tutulur.

    Bu barədə Reporta İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib.

    Məlumata görə, ümumilikdə layihəyə Bakı şəhəri, Şamaxı, İsmayıllı və Şəki rayonlarından olan 50 şəhid ailəsi üzvü, qazilər, müharibə iştirakçıları və onların ailə üzvləri cəlb ediləcək.

    Xatırladaq ki, şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin sosial rifahının yaxşılaşdırılması, məşğulluğunun təmin olunmasına dəstək məqsədilə Qarabağ KOB-ları proqramına başlanılıb.

    KOBİA və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı, ayrılan qrant vəsaiti hesabına həyata keçiriləcək Qarabağ KOB-ları proqramı çərçivəsində şəhid ailələri, qazilər, müharibə iştirakçıları və onların ailə üzvlərinin arasından müvafiq tələblərə uyğun gələn şəxslər seçilərək təlimlərə cəlb olunacaq. Onlara biznes biliklərinin və bacarıqlarının artırılması üçün KOBİA tərəfindən maliyyə və mühasibatlıq, kadr işi, idarəetmə, satış və marketinq və s. mövzularda zəruri təlimlər keçiriləcək. Təlimləri uğurla başa vuran iştirakçılar seçdikləri fəaliyyət istiqaməti üzrə peşə təlimlərinə də cəlb olunacaq və onlara özünüməşğulluq proqramı çərçivəsində zəruri avadanlıqlar veriləcək.

  • Elxan Qasımov oğlunun məzarı yanında dəfn olunub

    Ötən gün vəfat edən Əməkdar artist Elxan Qasımovla vida mərasimi keçirilir.

    Report xəbər verir ki, mərhumun yaşadığı evdə keçirilən mərasimində incəsənət xadimləri, mərhumun ailə üzvləri, sənət dostları və yaxınları iştirak edirlər.

    Mərasimdən sonra E.Qasımov Xırdalan qəbiristanlığında torpağa tapşırılacaq.

    Xatırladaq ki, Elxan Məmməd oğlu Qasımov 1945-ci il aprelin 24-də Naxçıvanda anadan olub. “Əhməd haradadır” filmindən “sürücü Əhməd” kimi tanınan E.Qasımov 1969-cu ildən “Azərbaycanfilm” kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, “Mozalan” süjetlərinin müəllifidir.

    Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə “Azərbaycanın Əməkdar artisti” fəxri adına layiq görülüb.

  • Azərbaycanda yol vergisi üzrə proqnoz azaldılır

    Azərbaycanın yenidən baxılmış 2023-cü il dövlət büdcəsinin gəlirlərinin 125,9 milyon manatı yol vergisi üzrə daxilolmaların payına düşəcək.

    Report bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

    Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 7,4 % azdır.

    Yenilənmiş məbləğin 31,8 %-ni və yaxud 40 milyon manatı Döpvlət Gömrük Komitəsi, 68,2 %-ni və yaxud 85,9 milyon manatını isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti təmin edəcək. Bu isə, 2023-cü ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə müvafiq olaraq 20 % az və eynidir.

    Xatırladaq ki, dəyişikliklə bu il büdcə gəlirlərinin 33 milyard 779,5 milyon manat, büdcə xərclərinin isə 36 milyard 568,8 milyon manat olacağı gözlənilir.

  • V Milli Kitab Sərgisi davam edir

    Azərbaycan Beynəlxalq Bankın (ABB) tərəfdaşlıq dəstəyi ilə V Milli Kitab Sərgisi davam edir.

    Bankdan AZƏRTAC-a bildiriblər ki, İçərişəhərdəki Qoşa Qala meydanında təşkil olunan sərgidə 70 mindən çox kitab 70 faizədək endirimlə satışa çıxarılıb. Sərgidə kitab təqdimatları, yerli və xarici yazarlarla görüşlər, imza günləri, panel müzakirələri, poeziya axşamları da keçirilir. Sərgidə nəşriyyatlar, yayım şirkətləri, yaradıcı təşkilatlar, əl işləri ilə məşğul olan sənətkarlar öz məhsullarını ziyarətçilərə təqdim edirlər. Belə tədbirlərin təşkilində məqsəd ölkəmizdə kitaba, mütaliəyə marağı artırmaq, yaradıcı istedadlara dəstək olmaqdır.

    Sərginin açılış mərasimində çıxış edən ABB-nin İdarə Heyəti sədrinin müavini Taleh Tahirli bildirib ki, vətəndaşlıq məsuliyyəti ABB-nin əsas korporativ dəyərlərindəndir: “Müxtəlif layihələrimizlə bilik və bacarıqlar qazanmaq imkanlarını hər kəsə əlçatan edirik. Bununla ölkəmizin gələcəyinə töhfə verməyə çalışırıq. İnsanları kitaba, mütaliəyə alışdırmaq bir cəmiyyətin gələcəyinə ən böyük faydadır. Ona görə ABB olaraq V Milli Kitab Sərgisinə tərəfdaşlıq dəstəyi göstəririk”.

    İyunun 4-dək davam edəcək sərgidə ABB-nin xüsusi stendi var. Ziyarətçilər burada Bankın məhsul və xidmətləri ilə də tanış ola bilirlər. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə sərginin körpə ziyarətçilərini maraqlı sürprizlər gözləyir. Sərgiyə giriş ödənişsizdir.

  • YARAT “Hədis” filminin nümayişinə hazırlaşır

    YARAT Müasir İncəsənət Mərkəzi “Animafilm studio”nun istehsal etdiyi “Hədis” filmini təqdim edəcək. Bu qısametrajlı animasiya filmini qarğaların hökm sürdüyü ədalətsiz dünyada haqq-ədalət uğrunda mübarizə aparan gənc qız haqqındadır.

    Bu barədə AZƏRTAC-a YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib.

    “Film gender, etnik və mədəni ayrıseçkiliklə mübarizə aparanlara ithaf olunub. Rejissoru Nəzrin Ağamalıyeva olan ekran əsərinin ssenari müəllifləri İsmayıl İman və Nəzrin Ağamalıyeva, prodüseri Rəşid Ağamalıyevdir. “Hədis” filmi Şimali Kaliforniya Azərbaycan Mədəniyyəti Mərkəzinin dəstəyi ilə çəkilib. Filmin nümayişdən sonra yaradıcı heyətlə müzakirələr aparılacaq. Film Azərbaycan dilində, ingilis dilində alt yazılarla nümayış olunacaq. İyunun 1-də XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində göstəriləcək ekran əsərinə hər kəsin baxa bilmək imkanı var”, - deyə məlumatda qeyd olunub.

  • “Yay mövsümündə Avropanın müxtəlif şəhərləri ilə birbaşa uçuşların sayının artırılması gözlənilir”

    Yay mövsümü Azərbaycanda turizmin ən aktiv dövrü hesab edilir ki, bu da daha çox turistik səfər deməkdir. Bu baxımdan qarşıdakı mövsüm özündə ölkəmizdə turizmin bərpası istiqamətində mühüm imkanları ehtiva edir. Bununla belə gəlmə statistikasında daha ciddi fərqlə nəticələrə nail olmaq üçün ənənəvi və yeni bazarlarda təbliğat işini gücləndirmək, ölkəmizə birbaşa uçuşların sayının artırılması, ümumən ölkənin daha əlçatan olması kimi amillərin önəmi qeyd olunmalıdır.

    Bu barədə AZƏRTAC-a Dövlət Turizm Agentliyindən bildirilib.

    “Yay mövsümündə Avropa bazarı üzrə müvafiq təbliğat işləri davam etdiriləcək. Bu baxımdan Avropanın müxtəlif şəhərləri ilə birbaşa uçuşların sayının artırılmasını qeyd edə bilərik. May ayından “Wizzair” hava yolları şirkətinin həftədə iki dəfə olmaqla Roma-Bakı birbaşa reysinə, “AirBaltic” aviaşirkətinin yay aylarında həftədə iki dəfə olmaqla Riqa-Bakı istiqamətində start verməsi, eləcə də “Azərbaycan Hava yolları” tərəfindən bir sıra Avropa şəhərlərinə əlavə olaraq həftədə iki dəfə Vyana, Barselona və Parisə birbaşa uçuşlara başlanması Avropa ölkələri ilə turist mübadiləsinə öz töhfəsini verəcək və Azərbaycanı avropalı səyahətçilər üçün daha əlçatan edəcək”.

  • Muğam Mərkəzində musiqili axşam - “Üç nəsil bir konsert”

    İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində “Üç nəsil bir konsert” adlı musiqi axşamı təqdim olunacaq.

    Mərkəzdən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq artisti Rasim Abdullayev (violonçel), Ülviyyə Abdullayeva (fortepiano) və Anastasiya Mişula (violin) çıxış edəcəklər.

    Konsert proqramı “Əlhambradan Şirvanşahlara qədər” layihəsinin davamı olaraq reallaşır. Bu konsert, eyni ailədən olan üç nəsil musiqiçinin səhnədə görüşməsi ilə yanaşı, Ülviyyə Abdullayeva və ispan rəssamı və heykəltəraşı Nani Boronatın şəxsi layihəsinin davamıdır. 2017-ci ildə Nani Boronat tərəfindən başladılan CENTİNELAS (Mühafizəçilər) adlı antropoloji və estetik xarakterli daha geniş bir layihəyə daxil edilmiş fəsildir. 2021-ci ilin payızında Boronat Ülviyyə Abdullayevaya İspan və Azərbaycan ənənələrini birləşdirən sərgi və konsertin eyni vaxtda təqdimatından ibarət olan bu estetik macərada iştirak etməyi təklif etdi. “Mühafizəçilər” fiqurunu nəzərə alaraq, iki emblem, hər iki mədəniyyətin iki təmsilçi memarlıq simvolu kimi Qranadadakı Əlhambra Sarayı və Bakıdakı Şirvanşahlar sarayı seçilib. Hər iki coğrafi nöqtə, yəni Granada və Bakı, Asiyaya qədər uzanan müxtəlif Aralıq dənizi mədəniyyətlərinin ərazilərini əhatə edən mədəni körpünün iki ucu kimi qəbul edilir. Əfsanəvi ssenaridə hər iki "mühafizəçi" Əlhambra və Şirvanşahlar bu gün eyni dərəcədə vacib, lakin məsafədə çox uzaq olan, eyni zamanda folklor, mistik və mənəvi ənənələrinə görə ispan-əndəlus və Azərbaycan kimi yaxın olan iki mədəniyyətin fəal simvollarıdırlar. Materialların bir il yarım sürən mübadiləsi və birgə seçimindən sonra, 2022-ci ilin may ayında Münhendə (Haus des Deutschen Ostens) keçirilən ilk konsertdə Ülviyyə Abdullayevanın təklif etdiyi musiqi proqramı ilə birgə Boronatın rəsm və heykəltəraşlıq ssenarisi təqdim edilib. Repertuara həm İspaniyadan (Manuel de Falla, Enrike Qranados və İsaak Albenis), həm də Azərbaycandan (Qara Qarayev və Günay Mirzəyeva) bəstəkarların əsərləri daxil edilmişdi.

    Ülviyyə Abdullayeva Bakıda ikinci konsert verir, amma bu dəfə Nani Boronatın səhnə heyəti olmadan. Beləliklə, pianoçu öz doğma şəhərində "Əlhambradan Şirvanşahlara qədər" layihəsi üçün yeni material təqdim etmək təşəbbüsünü, məsuliyyətini və meyarlarını öz üzərinə götürür. Bu, atası, məşhur violonçel ifaçısı Rasim Abdullayev və qızı, gənc skripkaçı Anastasiya Mişula ilə əməkdaşlıq nəticəsində genişləndirilmiş və zənginləşdirilmiş yeni repertuardır. Pianoçu Bakıda olduğu müddətdə Nani Boronatla birlikdə "Əlhambradan Şirvanşahlara qədər" layihəsinin modelləşdirilməsini davam etdirmək üçün doğma mədəniyyətinin estetik materialını toplamaq niyyətindədir.

  • “Bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb”

    Hazırda bütün dövlət kinostudiyalarında istehsalat prosesi dayandırılıb.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

    Verilən açıqlamada qeyd olunur ki, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı, dövlət sifarişi və dəstəyi ilə kino istehsalı, o cümlədən animasiya filmlərinin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulur. ARKA-nın ən yaxın zamanda fəaliyyətə başlaması üçün aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görülür.

    Xatırladaq ki, kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və şəffaf idarəçilik mexanizmlərinin tətbiqi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) yaradılıb.

  • “Milli Qəhrəmanlar” sənədli filmlər silsiləsindən bu günədək 100-dən çox film çəkilib

    Nazirliyin “Salnaməfilm” və “Yaddaş” studiyalarında bu günədək “Azərbaycanın Milli Qəhrəmanları” silsiləsindən 100-dən artıq film çəkilib.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Mədəniyyət Nazirliyindən bildirilib.

    “Azərbaycan Respublikasının Kino Agentliyi fəaliyyətə başladıqdan sonra ölkədə kinematoqrafiya sahəsinin müxtəlif istiqamətlərində islahatların aparılması ilə yanaşı dövlət sifarişi və dəstəyi ilə film istehsalı, o cümlədən qəhrəmanlar haqqında filmlərin çəkilməsi sahəsində də müvafiq işlərin görülməsi nəzərdə tutulub”, - deyə nazirlikdən bildirilib.

    Xatırladaq ki, torpaqlarımızın azadlığı və bütövlüyü uğurunda canından keçmiş vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi, onların həyatının və keçdiyi şərəfli döyüş yolunun insanlara daha yaxından tanıdılması məqsədilə 2012-ci ildən Mədəniyyət Nazirliyinin sifarişi ilə silsilə sənədli filmlərin istehsalına başlanılıb.

  • Milli Kitabxana “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlayıb

    Müstəqillik Günü münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “28 May – Müstəqillik Günü” adlı virtual sərgi hazırlanıb.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr tam mətnləri ilə nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Cumhuriyyet/index.html linkindən istifadə edə bilərlər.