Yaratdığı əsərlərlə oxucunu düşündürmək, hisslərinə hakim kəsilmək, onu gözəlliklər aləminə çəkib aparmaq, haqq-ədalət uğrunda mübarizəyə ruhlandırmaq, həqiqətin tapılmasında hər kəsə yardımçı olmaq kimi ali keyfiyyətlər az-az qələm sahibinə nəsib olur. Dərin məna tutumu, ictimai fikrə hakim kəsilmək gücü ilə bir-birini tamamlayan, XX əsr Azərbaycan cəmiyyəti həyatının bütün sahələrini güzgü kimi əks etdirən aktual əsərləri ilə xalqın məhəbbətini qazanan İlyas Əfəndiyev belə xoşbəxt taleli sənətkarlardandır.
Bu gün nasir, dramaturq, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasından 109 il ötür.
İlyas Əfəndiyevin doğum günündə AZƏRTAC onun ömür yolunun və yaradıcılığının bəzi məqamlarına nəzər salır.
Bu görkəmli yazıçını və dramaturqu xatırlayarkən ulu öndər Heydər Əliyevin onun haqqında dediyi sözlər yada düşür: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. Onun yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir”.
Vaxtilə Ulu Öndərin görkəmli nasir və dramaturq İlyas Əfəndiyev haqqında dediyi bu sözlər, Xalq yazıçısının yaradıcılığına verilmiş yüksək qiymətin göstəricisidir.
Milli nəsrimizin, dramaturgiyamızın, teatr sənətimizin, ədəbi-tənqidi-ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri ilə seçilən İlyas Əfəndiyev həm Sovet İttifaqı, həm də müstəqillik dövründə Azərbaycan ədəbiyyatının ən görkəmli yazıçılarından biri olub.
Ədəbiyyatımızda lirik-psixoloji üslubun yaradıcılarından biri, yeni obrazlar, xüsusən qadın obrazlarının mahir yaradıcısı, dramaturgiya və teatr tariximizdə “İlyas Əfəndiyev teatrı”nın banisi kimi estetik amillər ədəbi-nəzəri fikir tarixində İlyas Əfəndiyev fenomenini müəyyən edir.
İlyas Əfəndiyev 1914-cü il mayın 26-da Füzuli şəhərində dünyaya göz açıb. Yazıçının ulu babalarının bir qolu tacir nəslinə mənsub, digər qolu isə ruhani təhsili almış savadlı axund və üləmalar, Qarabağda tanınan, kasıba əl tutan, xeyirxah və alicənab insanlar olublar.
Yazıçının babası Bayram bəy dövlət idarələrində məmur işləyib, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada qəza rəisi vəzifəsində çalışıb. Ötən əsrin 30-cu illərinin tufanı Əfəndiyevlər ailəsindən də yan keçməyib, yazıçının atası Məhəmməd Əfəndiyevə “kulak” damğası vurulub. Aramsız təqiblərə, təzyiqlərə tab gətirməyən Məhəmməd Əfəndiyev 1934-cü ildə, 50 yaşında dünyasını dəyişib.
İlyas Əfəndiyevin bir gənc kimi formalaşmasında, onda kitaba, ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın əvəzsiz xidmətləri var. O, ömür-gün yoldaşının vəfatından sonra övladına müəllim, yoldaş, həm də ata əvəzi olub.
Gələcəyin məşhur yazıçısı hələ uşaq yaşlarından zəhmətə alışıb, mütaliəyə böyük maraq göstərib. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi əla qiymətlərlə bitirib. O, 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olub, 1938-ci ildə bu ali təhsil ocağının Coğrafiya fakültəsinin qiyabi şöbəsini bitirib. Həmin ilin axırlarından İlyas Əfəndiyev Bakıda “Yeni yol”, “Kommunist” və “Ədəbiyyat qəzeti” redaksiyalarında işləyib. Onun ilk mətbu əsəri olan “Buruqlar arasında” oçerki 1938-ci ilin noyabrında, eləcə də “Berlində bir gecə” adlı ilk hekayəsi “Ədəbiyyat qəzeti”nin 1939-cu il 26 yanvar tarixli nömrəsində dərc olunub.
İlyas Əfəndiyevin 1939-cu ildə nəşr edilmiş “Kənddən məktublar” kitabı onu oxuculara tanıtdırıb. Yazıçının ilk hekayələr kitabı onun orijinal fərdi ifadə tərzinin göstəricisi, daha sonra qələmə aldığı “Aydınlıq gecələr” isə müəllifin ədəbi-estetik görüşlərinin əsası kimi o dövrün ədəbi prosesinin maraqlı nümunələridir.
O, 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan “İntizar” pyesini yazıb və bununla da yazıçının Azərbaycan milli teatrı ilə 50 ildən çox davam etmiş sıx yaradıcılıq əməkdaşlığının əsası qoyulub. Ötən əsrin 40-cı illərinin sonunda o, artıq özünü nasir və dramaturq kimi tanıdıb, əsərləri haqqında mətbuatda yazılar dərc olunub.
İlyas Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri olub. Həmçinin onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə mütaliə etdiyi “Qızıl Araz” adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı ədəbi mühiti onun yaradıcılığına çox böyük təsir göstərib. Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, “Azərnəşr”də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olub, dünyagörüşünü daim artırıb.
İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz onun həyat və yaradıcılıq yolunun hər hansı ilini, yaxud qısa bir dövrünü xronoloji ardıcıllıqla izləsək, maraqlı mənzərənin şahidi olarıq. Yazıçı eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı dramaturq kimi də fəaliyyət göstərib, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış edib. Yazıçı ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaradıb ki, bu da onun sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi və yaradıcılıq intellektindən xəbər verir.
XX əsr Azərbaycan ədəbiyyatının əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin nəsrinə “Söyüdlü arx”, “Körpüsalanlar”, “Dağlar arxasında üç dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan” və digər roman və povestləri, dramaturgiyasına “İşıqlı yollar”, “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Mənim günahım”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Qəribə oğlan”, “Mahnı dağlarda qaldı”, “Bağlardan gələn səs” və s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açıb. Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunub. Qətiyyətlə deyə bilərik ki, 60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İlyas Əfəndiyevin zəngin dramaturgiyasının böyük rolu var. Ədibin pyesləri öz fikir zənginliyi, qaldırılan problemlər ilə həmişə tamaşaçıda maraq oyadır. Onun əsərlərinin ekranlara yol açması da bu baxımdan qaçılmaz idi.
Azərbaycan teatr poetikası bədii-estetik dəyərini geniş mənada “İlyas Əfəndiyev teatrı”nda tapıb. Ədib özünün “Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Məhəmməd Xiyabani”, “Hökmdar və qızı” və digər tarixi dramları ilə xalqımızın milli azadlığı və müstəqilliyi uğrunda apardığı mübarizənin, istiqlal məfkurəsinin, azadlıq hərəkatının, milli birliyin və müstəqilliyin bədii tərənnümçüsünə çevrilib.
Altmış ildən çox yaradıcılıq yolu keçmiş görkəmli sənətkar 90-cı illərdə də məhsuldar bir yazıçı kimi yazıb-yaradıb, sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra mövzuları yeni zamanın kontekstində oxuculara təqdim edib. O, “Hacı Axundun cənnət bağı necə oldu” hekayəsini, “Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı” povestini dərc etdirib, “Tənha iydə ağacı”, “Dəlilər və ağıllılar” “Hökmdar və qızı” və digər pyeslərini tamaşaya qoydurub, bir sıra yeni kitablarını nəşr etdirib.
Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmayıb. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yazıçının bütün pyeslərinə səhnə həyatı verilib.
1990-cı ildə İstanbul və Ankara səhnələrində “Bizim qəribə taleyimiz” və “Sevgililərin cəhənnəmdə vüsalı” müvəffəqiyyətlə oynanılıb, bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla məqalə dərc edib.
Xalqın tarixən qarşılaşdığı taleyüklü hadisələrdə ən mühüm siyasi və mənəvi dəyərlərin, qalibiyyət və faciənin böyük vətəndaşlıq yanğısı ilə bədii təhlilini İlyas Əfəndiyevin müraciət etdiyi ədəbi janrların hər birində görmək olar. Epik və dramatik növlərin daxili poetik gücünü eyni ustalıqla üzə çıxaran yazıçı oxucunu tarixi dinləməyə, xatırlamağa və düşünməyə vadar edir. Onun “Geriyə baxma, qoca”, “Üçatılan”, “Natəvan”, “Hökmdar və qızı” kimi əsərləri yazıçının tarixi mövzunu işləməkdə əsas bədii-estetik məqsədini bəyan edir: xalq öz tarixi dəyərləri ilə güclü və yenilməzdir. Bu mənada İlyas Əfəndiyevin yaradıcılığı yeni dövr Azərbaycan tarixinin bədii salnaməsidir.
Yaradıcılığı boyu hakim ideologiyanı tərənnüm etməyən ədib o dövrdə ədəbiyyatda yasaq olan Cənubi Azərbaycan və mühacirət mövzularında əsərlər yazıb, “Tənha iydə ağacı” pyesi ilə ilk dəfə mühacirət mövzusunu ədəbiyyata gətirib.
Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutub. O, namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləyib, əsərlərində Qarabağın qədim tarixini əks etdirib.
Həyat hadisələrini bütün incəliklərinə qədər tərənnüm edən, onları dərin bədii təhlil süzgəcindən keçirib ümumiləşdirən, səlis, təbii dillə oxuculara çatdıran İlyas Əfəndiyev həm də şairanə ruha, poetik ifadə tərzinə malik sənətkardır. Onun yazıçı dili və bədii üslubu ədəbiyyatımızda yeni bir ədəbi məktəb səviyyəsinə yüksəlib.
İlyas Əfəndiyevin əsərlərinin dilinin səlisliyi, süjet xəttinin axıcılığı insanı əsəri bir nəfəsə oxumağa sövq edir.
Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev sadə insanların həyatını, onların məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə alıb. Buna görə də onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu auditoriyalarının sevgisini qazanmaqdadır.
Zəngin yaradıcılıq yolu keçmiş böyük sənətkar İlyas Əfəndiyev 1996-cı il oktyabrın 3-də Bakı şəhərində dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.
Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Hələ ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin anadan olmasının 80 illik yubileyi dövlət səviyyəsində qeyd olunub.
Görkəmli sənətkarın vəfatından sonra onun xatirəsi əbədiləşdirilib, İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu “Elitar” Gimnaziyaya İlyas Əfəndiyevin adı verilib.
Ulu Öndərin müvafiq Sərəncamı ilə İlyas Əfəndiyevin “Seçilmiş əsərləri”nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə üçcildliyi nəşr edilib. Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunub, yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları yazılıb.
Böyük sənətkarın yaradıcılığına göstərilən diqqəti davam etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 90 illik yubileyi geniş şəkildə qeyd olunub.
Dövlətimizin başçısının “İlyas Əfəndiyevin 100 illik yubileyinin keçirilməsi haqqında” 2014-cü il 16 yanvar tarixli Sərəncamı ilə Bakıda və rayonlarda görkəmli nasir və dramaturqun yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilib.
Yazıçının əsərləri bəşəri mövzulara həsr olunduğu üçün rus, türk və digər dillərə tərcümə olunub, Avropanın nüfuzlu teatrlarında səhnəyə qoyulub. Onun anadan olmasının 100 illiyi UNESCO-da təntənəli şəkildə qeyd edilib.
Əsərlərinin bədii-fəlsəfi fikir dərinliyi, yüksək mənəvi-əxlaqi dəyərlərə malik qəhrəmanları ilə İlyas Əfəndiyev Azərbaycanın ədəbi və mədəni mühitində həmişəyaşar olacaq.
İyulun 1-dək Azərbaycanda mülkiyyət hüququndan asılı olmayaraq bütün binaların tüstü bacalarının təmizliyi həyata keçirilməlidir.
Reportun məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bu gün keçirilən “Açıq qapı” aksiyasında bildirib.
Onun sözlərinə görə, ölkə başçısının təsdiq etdiyi “Qaz təsərrüfatı haqqında” Qanuna və “Tüstü bacalarının istismarı haqqında” qaydalara əsasən, tüstü bacalarının təmizliyi iyulun 1-dək həyata keçirilməlidir: “Qarşıda bir ay vaxt var. Bu, qaydalara uyğun olaraq, qaz paylayıcı xidməti göstərən qurum tərəfindən noyabrın 1-dək yoxlanılmalıdır. Bu gün əhalinin, dövlət mənzil fondunun balansında olan binalar, dövlət orqanlarının fondunda və mənzil mülkiyyətçilərinin idarəetməsində olan binalar mövcuddur. Həmçinin, ümumi korporativ idarəetmədə olan binalar var. Bütün bu cür binaların sahibləri hər il iyulun 1-dək tüstü bacalarının təmizliyini həyata keçirməlidirlər və qaz paylayıcı tərəfindən həyata keçiriləcək yoxlamalara hazır olmalıdırlar. Çünki, bu, qış mövsümünə qədər çatdırılmasa, sonra bunu etmək mümkün olmayacaq”.
İ. Behbudov qeyd edib ki, həmin qurumlar aidiyyəti podratçı təşkilatlara və ya bu sahə ilə məşğul olan müvafiq dövlət qurumlarına müraciət edərək tüstü bacalarının mütləq şəkildə təmizlənməsi təşkil olunmalıdır.
“Rəqəmsal minimalizm” konsept mesajı ilə 11 iyun 2023-ci il tarixində “Four Seansons Hotel Baku”da 500 nəfərin iştirakı ilə baş tutacaq “Digital Marketing Conference”in (DMC23) spikerləri məlum olub.
“Facemark” MMC-nin təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan konfransın hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək yerli kadrların daha da təkmilləşdirilməsini hədəfləyir.
3 moderator və 14 spiker “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” panelləri üzrə müxtəlif mövzuları müzakirə edəcəklər.
“Code Academy” tədris müəssisəsinin Marketinq və Kommunikasiyalar Departamentinin rəhbəri Gülşən Cumayevanın moderator olduğu "Yaradıcı kontent və müştəri cəlbi” panelində "Rafineri" şirkətinin partnyoru və baş yaradıcı direktoru olaraq fəaliyyət göstərən Emre Kaplan, "Trilogy News" şirkətinin kreativ strategiya direktoru Göktuğ Sarı, "Havas Azərbaycan" şirkətinin rəhbəri Hüseyn Hüseynov, "Ağıllı Nağıllar" şirkətinin təsisçisi İlham Əkbərli və "Endorphin" şirkətinin təsisçisi Orxan Kərimov təcrübələrini bölüşəcəklər.
"Adsnerd" şirkətinin rəhbəri, "Google" reklamları üzrə Azərbaycanda yeganə premyer partnyoru və məhsul eksperti Kamal Allazovun moderatorluğu ilə “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası” paneli baş tutacaq. Panelin spikerləri - "Kapital Bank"ın Rəqəmsal Marketinq üzrə Proses sahibi Kamran Babaşov, "Evido" şirkətinin ölkə üzrə meneceri Fərid Əfəndi, "Google" şirkətinin Media Effektivliyi üzrə Baş Mütəxəssisi Maria Boçeva (Mariia Bocheva) və “Digital Marketing Institute”un Qlobal Hesab Meneceri Sin Kenni (Sean Kenny) rəqəmsal dünyaya dair fikir mübadiləsi aparacaqlar.
"Code Academy" tədris müəssisəsinin rəqəmsal marketinq üzrə proqram rəhbəri Sərvər Cəfərovun moderatorluğu ilə "Müştəri Davranışına Data-əsaslı Yanaşma" paneli baş tutacaq. "Reel" Agentliyinin təsisçi və CEO-su Cəfər Nəcəfov, ABB-nin rəqəmsal marketinq şöbəsinin rəhbəri Nərgiz Əhmədova, "Azerconnect" şirkətinin Machine Learning Mühəndisi Nicat Zeynalov, "AzInTelecom" şirkətinin Rəqəmsal Marketinq bölməsinin rəhbəri Şəmistan İsayev və "OnDigital" Agentliyinin təsisçisi Zamin Namazov bu panelin spikerləri olacaqdır.
Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference 2023"ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.
Mayın 27-29-da Bakıda bəzi küçə və prospektlərdə təmir işləri, tunellərin, yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin aparılması ilə əlaqədar olaraq həmin ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.
Report xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, təmir işlərinin Nərimanov rayonu üzrə Azadlıq prospekti (Məmməd Araz küçəsindən Nəcəf Nərimanov küçəsinə qədər), Səbail rayonu üzrə Səməd Vurğun (Salatın Əsgərova küçəsindən Şamil Əzizbəyov küçəsinə qədər) və Mehdi Hüseyn küçələrində, Yasamal rayonu üzrə Şıxəli Qurbanov küçəsi (Füzuli küçəsindən Salatın Əsgərova küçəsinə qədər), Bakı Dairəvi avtomobil yolu (Binə ticarət mərkəzindən Bakı şəhər DYP İdarəsinə qədər hissə-hissə) və Moskva prospektində (Tuneldən 20 Yanvar istiqamətində) aparılması planlaşdırılır.
Tunellərin və yolötürücülərin təmizlənməsi və yuyulması işlərinin isə Heydər Əliyev, Ziya Bünyadov, 8 Noyabr və Atatürk prospektlərində aparılması nəzərdə tutulur.
Mayın 27-də İçərişəhərdə V Milli Kitab Sərgisi işə başlayacaq.
AZƏRTAC xəbər verir ki, iyunun 4-dək davam edəcək sərgidə müxtəlif təqdimatlar, panel müzakirələri, yerli və xarici müəlliflərlə görüşlər, imza günləri, poeziya axşamları keçiriləcək.
Sərgi saat 09:00-dan 20:00-dək Qoşa Qala meydanında təşkil olunacaq.
Xətai rayon Mərkəzi Kitabxanası və LM Akademiyasının birgə təşkilatçılığı ilə Xətai rayon Mərkəzi Kitabxanasında “Vətən fədailəri” adlı qazilərin həyat yolundan bəhs olunmuş tədbir təşkil edilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Finlandiya Azərbaycanlıları Assosiasiyasının həmsədri, Finlandiya Qadınlar Cəmiyyətinin sədri Arzu Oktay çıxışı zamanı qeyd edib ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərmiş Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi və azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsində təhsil müəssisələrinin böyük rolu var.
Tədbirin ədəbi-bədii hissəsində məktəblilər vətənpərvərlik mövzusunda, şeirlər və vətənpərvərlik ruhunda ifalarla çıxış ediblər.
Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı zəruri olan tələblər açıqlanıb.
AZƏRTAC xəbər verir ki, bu, Dövlət Turizm Agentliyinin Kollegiyasının təsdiqlədiyi “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları”nda öz əksini tapıb.
Mehmanxanaların ulduz kateqoriyaları üzrə qiymətləndirilməsi zamanı aşağıdakılar zəruridir:
Meyar üzrə bal mehmanxananın həmin meyar üzrə tələblərə tam uyğunluğu müəyyən edildiyi halda verilir. Meyara qismən uyğunluq müəyyən edildiyi halda həmin meyar üzrə bal verilmir.
Ulduz kateqoriyasının müəyyən edilməsi üçün mehmanxananın yerləşdiyi binada yerində qiymətləndirmə aparılmalı və nəticə aktlaşdırılmalıdır.
Eyni sahibkarlıq subyekti tərəfindən idarə olunan və müxtəlif ünvanlarda eyni ad ilə fəaliyyət göstərən mehmanxanaların hər birinin yerləşdiyi binalarda ayrı-ayrılıqda qiymətləndirmə aparılmalı və sertifikatlaşdırılmalıdır.
Dövlət Turizm Agentliyinin Kollegiyasının sədri Fuad Nağıyev tərəfindən “Mehmanxanaların (hotellərin) ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları” təsdiq edilib.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, təsdiqlənmiş meyarlarda ümumi müddəalar, mehmanxanaların ulduz təsnifatı, ulduz kateqoriyaları üzrə qiymətləndirmə meyarları, ulduz kateqoriyaları üzrə qiymətləndirmə qaydası detallı şəkildə əksini tapıb.
Bu gün Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ramiz Novruzun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasından 68 il ötən Ramiz Novruz Azərbaycan sənət tarixində öz yeri olan, bir çox uğurlara imza atmış sənətkarlardandır.
Ramiz Novruz 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində dünyaya göz açıb. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda dörd il təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Gənc aktyor burada Knyaz Zvezdiç (M.Lermontov "Maskarad"), Məsxərəçi (T.Kazımov "Muradın kələkləri"), General Şıxlinski (N.Həsənzadə "Bütün Şərq bilsin") rollarını ifa edib.
O, 1981-ci ildə Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. İlk böyük rolu 1981-ci ildə rejissor Əşrəf Quliyevin tamaşaya qoyduğu A.Safronovun "Gecənin sirri" tamaşasında polkovnik Lebedev olub. Ömrünün sonunadək Milli Dram Teatrınında çalışan görkəmli aktyor bu sənət məbədində bir-birindən maraqlı yollar yaradıb.
R.Novruzun yaradıcılığının bir qolunu kino fəaliyyəti təşkil edir. İstedadlı aktyor "Sizi dünyalar qədər sevirdim" filmində general Həzi Aslanov, "Cavad xan"da general Sisyanov və s. rollara çəkilib. Həmçinin Ramiz Həsənoğlunun "Cavid ömrü" filmində Mir Cəfər Bağırov obrazlarını uğurla canlandırıb. Rusiyanın RTR kanalında Vadim Ostrovskinin çəkdiyi 4 seriyalı "Sui-qəsd" filmində əsas rollardan birini - çeçen komandiri rolu və Samir Kərimoğlunun "Şər qarışanda" filmində Fərrux rolu da Xalq artistinin uğurlu rolları siyahısındadır. Bundan başqa R.Novruz Rövşən İsaxın "Pərvanələrin rəqsi" və "Sonuncu fəsil" seriallarında Hikmət Bədirli, həmçinin Xanlar obrazlarını uğurla canlandırıb. S.Behrənginin "Balaca qara balıq" hekayəsi əsasında səhnələşdirilən monotamaşanı da özünəməxsus tərzdə ifa edib. 5 il "Mən Azərbaycanlıyam" verilişinin uğurlu aparıcısı olub.
Onun 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər…" pyesi B.Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulub. Bundan əlavə E.de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə edib və rejissor kimi ugurla tamaşaya qoyub, həmçinin bu əsərdə Atilio rolunu oynayıb.
R.Novruz bir çox beynəlxalq teatr festivallarında uğurla iştirak edərək mükafatlandırılıb.
Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" və 1998-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.
Ramiz Novruz 2023-cü il fevralın 20-də vəfat edib.
UNESCO İcraiyyə Şurasının qərarı ilə Dünya Yaddaşının Beynəlxalq Reyestrinə daha 64 sənəd və irs nümunəsi daxil edilib. Beləliklə, siyahıya alınan kolleksiyaların sayı 494-ə çatıb.
AZƏRTAC təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, reyestrə daxil edilən yeni nümunələr arasında Azərbaycan və türk tarixinə aid irs əsərləri və sənədlər də var. Onların arasında “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu”, Qacarlar hakimiyyəti dövründə beynəlxalq münasibətlərə dair sənədlər, Şeyx Səfiəddin Ərdəbili türbəsinin kitabları, türkmən, qırğız və özbək xalqlarının əlyazma və qədim irs yadigarları da var.
Yeni qərarla bağlı fikirlərini ifadə edən UNESCO-nun baş direktoru Odri Azulay deyib: “Sənədli irs bəşəriyyətin ümumi yaddaşıdır. Yazılı və səsli irs nümunələri tədqiqat məqsədləri üçün qorunmalı və mümkün qədər çox insanla paylaşılmalıdır. Bu sənədlər bizim kollektiv tariximizin tərkib hissəsidir”.
UNESCO tərəfindən 1992-ci ildən həyata keçirilən “Dünya yaddaşı” proqramının əsas məqsədi kağız üzərində, audiovizual, rəqəmsal və ya hər hansı digər formada mühüm və böyük dəyərə malik sənədlər və ya sənədlər kolleksiyalarının geri qaytarıla bilməyən itkisinin qarşısını almaqdır. Təşkilata üzv ölkələr arasında 2017-ci ildə yaranmış fikir ayrılığı səbəbindən Dünya Yaddaşının Beynəlxalq Reyestrinə sənədlərin daxil edilməsi prosesi dayandırılmışdı və bu il mayın 24-də UNESCO İcraiyyə Şurasının qərarı ilə altı il davam edən fasilədən sonra reyestrə 64 sənəd salınıb. Bunu alqışlayan təşkilatın baş direktoru Odri Azulay qeyd edib ki, üzv ölkələr bu prosesə böyük maraq göstərib. Belə ki, 56 ölkə və təşkilatın bu yeni əlavələri ilə indi reyestrdə dünyanın bütün regionlarından 494 sənədli irs kolleksiyası var. Daşdan sellüloidə, perqamentdən metal disklərə qədər müxtəlif formalarda saxlanılan bu ümumbəşəri dəyərə malik simvolik irs nümunələri indi gələcək nəsillər üçün qorunur.
UNESCO bildirir ki, sənədli irs nümunələri bütün dünyada təhlükə altındadır. Dünyanın bir çox yerlərində, xüsusən də inkişaf etməkdə olan ölkələrdə sənədli arxivlər bərbad vəziyyətdədir. Daşqınlar və yanğınlar illər ərzində minlərlə kağız qeydləri məhv edib, audiovizual materiallar yoxa çıxıb. Maqnit lentləri zaman keçdikcə pisləşir və onları oynada bilən cihazlar sıradan çıxır. Bu materialları qorumaq və rəqəmsallaşdırmaq üçün kollektiv səylərə ehtiyac duyulur, əks halda, onlar həmişəlik itirilə bilər. UNESCO bu məqsədlə Afrika ölkələrində kitabxanalara, arxivlərə və muzeylərə dəstək verir.
Son üç onillikdə UNESCO 94 ölkədə “Dünya yaddaşı” proqramı çərçivəsində milli komitələr yaradıb. Təşkilat ötən ilin əvvəlindən sənədli irsin inventarlaşdırılması, qorunması və hamı üçün əlçatan olmasını təmin etmək üçün 40-a yaxın ölkəyə kömək edib.