Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bəstəkarlar İttifaqında “Heydər Əliyev və musiqi mədəniyyəti” kitabının təqdimatı olub

    Mayın 24-də Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) “Heydər Əliyev İli” çərçivəsində musiqişünas Səadət Təhmirazqızının müəllifi olduğu "Heydər Əliyev və musiqi mədəniyyəti" kitabının təqdimat mərasimi keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə tədbir haqqında iştirakçılara məlumat verərək, İttifaqının aktiv fəaliyyət istiqamətlərindən danışıb. O, öz nitqində Heydər Əliyevlə bağlı gənclik illərinin parlaq xatirələrini dilə gətirərək deyib: “Bu il Ulu Öndər Heydər Əliyevin 100 illiyi ölkə səviyyəsində silsilə tədbirlərlə qeyd olunur. Biz də Bəstəkarlar İttifaqı olaraq bu işdə öz töhfəmizi vermiş oluruq. Azərbaycan Bəstəkarlar İttifaqına Ümummilli Lider Heydər Əliyevin çox böyük diqqəti, dəstəyi və qayğısı olub. İttifaqımız il ərzində silsilə tədbirlər keçirir və bu təqdimat tədbiri də həmin tədbirlərdən biridir. Biz, həmçinin il ərzində Ulu Öndər Heydər Əliyevə həsr olunan bir neçə elmi konfrans da təşkil etmişik. Musiqişünas və bəstəkarlarımız bu cür gözəl tədbirlərə hər zaman öz töhfələrini layiqincə verirlər”.

    Sonra musiqişünas, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı müəllifi olduğu kitab haqqında danışaraq Ulu Öndər Heydər Əliyevin mədəniyyət sahəsinə olan diqqət və qayğısından söz açıb: “Bu gün burada təqdim olunan “Heydər Əliyev və musiqi mədəniyyəti” adlı kitab üzərində işləyərkən çox çalışdıq ki, Ümummilli Liderin anadan olmasının 100 illiyinə Azərbaycan musiqi ictimaiyyəti adından bu gözəl ədəbiyyat nümunəsini ərməğan edək. Belə bir ədəbiyyatın bu günün və gələcəyin musiqiçiləri üçün masaüstü kitab olacağından əminik”.

    Kulturoloq, professor Fuad Məmmədov “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” mövzusunda çıxış edib. O deyib: “Ümummilli Lider hər zaman Azərbaycan mədəniyyətinə böyük diqqət göstərib və həmişə vurğulayıb ki, Azərbaycan xalqı ziyalıları ilə tanınıb. Bu cür gözəl kitabın yaradılması təqdirəlayiq addımdır və mən hesab edirəm ki, yüksək mədəniyyətli azərbaycanlının formalaşdırılması, inkişafı indiki zamanda çox önəmli məsələdir. Düşünürəm ki, burada bu cür kitabların da çox böyük rolu var. Həmçinin musiqi mədəniyyətinin insanın daxili zənginliyi üçün çox böyük əhəmiyyəti var”.

    Sonra təqdim olunan kitabın redaktorları dosent Leyla Zöhrabova və dosent Jalə Qulamova "Yeni nəşr olunmuş "Heydər Əliyev və musiqi mədəniyyəti" kitabı haqqında", həmçinin "Heydər Əliyev və Azərbaycan Bəstəkarlar İttifaqı" adlı məruzələrlə çıxış ediblər.

    Natiqlər görkəmli dövlət xadimi, müdrik siyasətçi Heydər Əliyevin universal insan, şəxsiyyət kimi elmə, mədəniyyətə, o cümlədən musiqiyə verdiyi dəyərdən, göstərdiyi diqqət və qayğıdan danışıblar.

    Sonda Səadət Təhmirazqızı “Qafqaz-Media” ictimai birliyinin təsis etdiyi “Heydər zirvəsi-100" diplom və medalı ilə təltif edilib.

    Bədii hissədə maraqlı musiqi parçaları, video və fotoslaydlar təqdim olunub. Əməkdar artist Ramil Qasımov Müslüm Maqomayevin məşhur “Azərbaycan”, Cahangir Cahangirovun “Alagöz” mahnılarını ifa edib. Eyni zamanda, Xalq artistləri Ülviyyə Hacıbəyova və Yeganə Axundovanın piano ilə ifasında Soltan Hacıbəyovun “Uvertüra”sı səsləndirilib. Həmçinin Firəngiz Əlizadənin öz sözlərinə bəstələdiyi, Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellasının ifa etdiyi “Zəfər marşı”nın lent yazısı nümayiş olunub.

  • Bakıda daha bir ərazidə piyada keçidi və avtobus dayanacağı təşkil edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Nəqliyyat Agentliyi vətəndaş müraciətləri əsasında Zığ şosesi ilə Zeytun küçəsinin kəsişməsində iki mərhələli nizamlanan eyni səviyyəli piyada keçidi və avtobus dayanacaq məntəqəsi təşkil edib.

    Report bu barədə Agentliyə istinadən xəbər verir.

    Məlumata görə, layihənin icrası çərçivəsində ərazidə yeni işıqfor obyektləri quraşdırılıb, çağırıcı qurğu ilə təmin edilib; asfalt üzərində xəbərdaredici iki komponentli boyalar və digər nişanlanma xətləri çəkilib, səkilər və panduslar inşa edilib, zəruri yol nişanları və məhəccərlər quraşdırılıb, avtobus dayanacaq məntəqəsi təşkil edilib.

    Son nəticədə piyadaların və sərnişinlərin rahatlığı, eləcə də təhlükəsizlik səviyyəsi artırılıb, İnşa edilmiş səkilər, panduslar, xüsusilə işıqfor dirəklərində quraşdırılmış çağırıcı qurğular sayəsində əlilliyi olan şəxslərin əlçatanlığı təmin edilib.

  • Müğənni Tina Törner vəfat edib

    Amerikalı müğənni, aktrisa və rəqqasə Tina Törner 83 yaşında vəfat edib.

    Report xəbər verir ki, bu barədə "Sky News" telekanalı məlumat yayıb.

    "Rok-n-rollun kraliçası" Tina Törner bu gün İsveçrənin Sürix yaxınlığındakı Küsnaxt şəhərindəki evində uzun sürən xəstəlikdən 83 yaşında vəfat edib”, - müğənninin sözçüsü açıqlamasında bildirilir.

    "Onunla birlikdə dünya bir musiqi əfsanəsini və rol modelini itirdi", - açıqlamada qeyd olunur.

  • Məşhur italyan opera müğənnisi Opera və Balet Teatrında ustad dərsi keçir

    Artıq bir neçə gündür Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının direktoru, Xalq artisti Yusif Eyvazovun təşəbbüsü ilə məşhur italyan opera müğənnisi Federico Longhin teatrda ustad dərsləri keçir.

    AZƏRTAC xəbər verir ki, Federico teatrda öz təcrübəsini bölüşməklə yanaşı, sənət ocağının solistləri ilə fərdi məşğələlər aparır.

    Nəticə etibarilə teatrın peşəkar kollektivi öz bilik və bacarıqlarını daha da stimullaşdırır.

    Xatırladaq ki, layihə teatrın yaradıcı baxımından kadr potensialının və peşəkarlığın yüksəldilməsinə yönəlib və silsilə şəkildə davam edəcək.

  • “Kremerata Baltica” kamera orkestri Heydər Əliyev Mərkəzində çıxış edəcək

    İyunun 9-da Heydər Əliyev Mərkəzində “Kremerata Baltika” kamera orkestri solistlərinin konserti keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, 1997-ci ildə dünyaca məşhur skripka ifaçısı Qidon Kremer tərəfindən yaradılmış “Kremerata Baltika” kamera orkestrinin tərkibinə Latviya, Litva və Estoniyadan olan 23 gənc istedadlı musiqiçi daxildir. Orkestr 1997-ci ildə Avstriyada keçirilən “Lockenhause” festivalında ilk çıxışı ilə dərhal tamaşaçıların rəğbətini qazanıb. “Kremerata Baltika” musiqi kollektivi bu gün Avropanın ən tanınmış orkestrlərindən biri olaraq, 50-dən çox ölkədə mindən çox konsert verib. Musiqiçilər 20-dən çox CD-disk buraxıblar, 2002-ci ildə isə “Qremmi” mükafatına layiq görülüblər.

    Bakı konsertinin solistləri litvalı “Kremerata”nın yaradıcısı, skripka ifaçısı Dzeraldas Bidva və tanınmış violonçel ifaçısı, bir çox müsabiqələrin laureatı Qiyedre Dirvanauskayte olacaq.

    Konsertdə, həmçinin Azərbaycanın Əməkdar artisti Fuad İbrahimovun rəhbərliyi ilə Bakı Kamera Orkestri çıxış edəcək. Azərbaycan dirijorunu “Kremerata Baltika” ilə yaradıcılıq dostluğu bağlayır. O, məşhur orkestrlə müxtəlif festivallarda mütəmadi olaraq çıxış edir.

  • Azərbaycan Yazıçılar Birliyində "İstiqlal yazıları" kitabının təqdimatı olub

    Mayın 25-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda "Azərbaycan" qəzetinin rus dilində nəşrinin redaktoru olmuş, görkəmli jurnalist, tənqidçi, tərcüməçi və teatrşünas Xəlil İbrahimdən bəhs edən və onun yazılarının toplandığı “İstiqlal yazıları” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, əvvəlcə Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib.

    Bildirib ki, Azərbaycan jurnalistikasının əsasını qoyanlardan olan görkəmli publisist-jurnalist Xəlil İbrahimdən bəhs olunan “İstiqlal yazıları” kitabı çox dəyərli nəşrdir: “Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Tanınmış jurnalist, tənqidçi və tərcüməçi Xəlil İbrahim 1892-ci ildə Şuşada doğulub. İbtidai təhsilini Şuşada rus-tatar məktəbində alıb. 1907-ci ildə atası vəfat etdikdən sonra ailəsi ilə Bakıya köçərək, təhsilini orada davam etdirib. O, 1914-cü ildən ədəbi-bədii fəaliyyətə başlamışdır. Birinci Dünya müharibəsi illərində, beynəlxalq məsələlərə, müharibənin dəhşətlərinə həsr olunmuş “Dəhşətli yanğın qarşısında”, “Alban inqilabı”, “Kənd həyatından səhnələr” və bir sıra ictimai-siyasi publisistik məqalələrlə çıxış edib. 1919-cu ildə X.İbrahim “Azərbaycan” qəzetinin yaradıcılarından biri və baş redaktoru olub. Bu illərdə o, Azərbaycan milli teatr və mədəniyyətinin inkişafı, həmçinin problemlərilə bağlı onlarla məqalə, resenziyalarla çıxış etmiş, dil islahatı, terminoloji lüğətlərin hazırlanması, Azərbaycan əlifbası problemləri, Azərbaycan (türk) ədəbi lüğətinin hazırlanmasında fəal iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və respublikada kommunist rejimi qurulduqdan sonra X.İbrahim müxtəlif vəzifələrdə çalışmaqla Azərbaycan xalqının inkişafı ilə bağlı müxtəlif problemlər haqqında 1923-1930-cu illərdə məqalələrlə qəzetlərdə çıxış edib. Xəlil İbrahimin tərcüməçi kimi Azərbaycan ədəbiyyatı qarşısında xidmətləri böyükdür. O, Şekspirin, Şillerin, A.Tolstoyun və bir sıra başqa Qərbi Avropa və rus yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib. O, 1937-ci ilin noyabrında amansız repressiya dəhşətlərinin qurbanı olmuşdur".

    Kitabın redaktoru, Əməkdar jurnalist Akif Aşırlı yeni nəşrdən bəhs edərək, onun necə ərsəyə gəlməsindən danışıb. Bildirib ki, bu gün biz Cümhuriyyətimizin qurucularından və həmin dövrün ən parlaq simalarından biri olan Xəlil İbrahimin işığına yığışmışıq: "Bu gün bu işıqlı insan haqqında Azərbaycan ictimaiyyətinin yetərincə məlumatı yoxdur. O, bir müddət "Azərbaycan" qəzetinin redaktoru vəzifəsində çalışıb. X.İbrahim milli mətbuatımızın, publisistikamızın və Cümhuriyyət ideyalarının formalaşmasında çox böyük rolu, xidməti olan bir şəxsiyyətdir. Onun hətta teatr sahəsində teatrşünaslıqla bağlı dövrün qəzetlərində çox mükəmməl məqalələri, təhlilləri var. Bu gün burada təqdim olunan "İstiqlal yazıları" kitabında X.İbrahimin "Şuşadan yazılar", "Şuşadan məktublar" adlı bir neçə məqalələri də yer alır. Bu məqalələri o, 1916-cı ildə "Açıq söz" qəzetində yazmağa başlayıb və sonradan bunu "Azərbaycan" qəzetində davam etdirib. O, həmçinin "Kommunist" qəzetində də bir neçə silsilə yazılarla çıxış edib. O, Cümhuriyyət ideyaları ilə yaşayan insan idi. Bu kitabda da onun Cümhuriyyət, İstiqlal yazıları yer alıb".

    Professor Solmaz Rüstəmova-Tohidi belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayaraq, X.İbrahimin publisistikasından söz açıb. O deyib: "Xəlil İbrahim çox zəngin biliyə sahib insan idi. Onun dilçiliklə, Azərbaycan ədəbi dilinin qaydaları ilə bağlı yazılarını xüsusən qeyd etmək olar. 1926-cı ildə keçirilən Türkoloji Qurultayının təşəbbüskarlarından biri də X.İbrahim idi. O, həmçinin Türkiyə Azərbaycan münasibətlərində qardaş yardımlaşmalarına dəstək verən publisistik yazılarla çıxış edən insan idi. Onun mədəniyyət problemləri ilə bağlı yazıları da xüsusi əhəmiyyət daşıyır".

    Tədbirdə çıxış edən digər natiqlər də yeni çap olunmuş kitab və Xəlil İbrahim haqqında fikirlərini bölüşüblər.

  • Azər Buzovnalının “Oğuznamə” əsəri nəşr olunub

    Azərbaycan Aşıqlar Birliyinin xətti ilə nəşrə hazırlanmış daha bir kitab işıq üzü görüb.

    AZƏRTAC xəbər verir ki, XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan Azər Buzovnalının “Oğuznamə” adlı bu kitabında müəllifin 1925-ci ildə geniş süjetli tarixi mövzuda qələmə aldığı soy-kökümüzdən, milli keçmişimizdən, Dədə Qorqud və Ozan-aşıq mədəniyyətinin bünövrəsi əsasında yaranış və quruluş tarixindən bəhs edən böyük elmi-tarixi əhəmiyyətə malik “Oğuznamə” əsəri yer alıb. Əsər əlyazma halında olduğundan, o, ərəb əlifbasından transfoneliterasiya edilərək təqdim olunur.

    Kitab tarixçilər, filoloqlar, folklorçu-etnoqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

    Kitabın ərəb əlifbasından transfonoliterasiya edərək nəşrə hazırlayanı filologiya üzrə fəlsəfə doktoru Könül Sabir, məsləhətçisi, elmi redaktoru və “Ön söz” müəllifi Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı və rəyçisi filologiya elmləri doktoru Nailə Səmədovadır.

  • Ölkəmiz beynəlxalq konfransda təmsil olunur

    Özbəkistanın Buxara şəhərində “Kitab və mütaliə cəmiyyətin inkişafında strateji resurs kimi” adlı II Forum keçirilir. Forum çərçivəsində “CENTRAL ASIA: elm, təhsil, mədəniyyət və biznesdə internet və kitabxana-informasiya resursları” mövzusunda XVI Beynəlxalq Konfrans işinə başlayıb. Tədbirdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov təmsil edir.

    Bu barədə AZƏRTAC-a Milli Kitabxanadan bildirilib.

    Konfransın plenar iclasında Özbəkistan Respublikası Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin direktoru Əsədcan Xocayev, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Botir Zaripov, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov, Rusiya Dövlət Kitabxanasının baş direktoru, BAE-nin vitse-prezidenti Vadim Duda, Beynəlxalq Kitabxana Assosiasiyaları və İnstitutları Federasiyasının (IFLA) prezidenti Barbara Lison, Moskva Dövlət Mədəniyyət İnstitutunun rektoru Yekaterina Kudrina, Tacikistan Milli Kitabxanasının direktoru Fayzalizoda Jumaxon Xol, Kitabxanalar üçün Elektron İnformasiya Beynəlxalq Konsorsiumunun (eIFL) direktoru Rima Kuprite, Özbəkistan Milli Kitabxanasının direktoru Umida Teşabayeva və digərləri çıxış ediblər.

    Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov konfransda məruzə və təqdimatla çıxış edərək, mütaliəyə marağın artması, kitabxana-oxucu əlaqələrinin genişlənməsi, kitab müzakirələrinin keçirilməsindən danışıb. O, ümumiyyətlə son illər istər iş proseslərində, istərsə də xidmət sahələrində innovasiyaların tətbiqinin Azərbaycan Milli Kitabxanasının qarşısında duran əsas vəzifələrdən biri olduğunu söyləyib və bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyini vurğulayıb, istifadəçilərin kitabxana-informasiya təminatında tətbiq edilən yeni layihələr barədə məlumat verib.

    Natiq gənclərin mütaliə mədəniyyətinin formalaşması məqsədilə Milli Kitabxananın nəzdində günün 24 saatı ərzində sərbəst şəkildə mütaliəyə şərait yaradan “Açıq kitabxana” layihəsi, kitabxananın saytında virtual rejimdə respublika kitabxanalarına, mütəxəssislərə “Metodiki xidmət”, “Sənədlərin sifarişi və elektron çatdırılması”, həmçinin “Virtual sifariş” və “Biblioqrafik sorğu” kimi xidmət növləri, Azərbaycan xalq musiqisinə dair səsyazılarının, notların, Azərbaycan xalq musiqisi nümunələri, muğamlar, xalq mahnıları, qəhrəmanlıq təranələri, xalq rəqs musiqisi və aşıq musiqisinin, habelə dahi bəstəkarlarımız haqqında məlumatların yer aldığı “Musiqi kitabxanası” və “Audiokitab” layihəsindən danışıb.

    Direktor, həmçinin mütəmadi olaraq virtual yolla istifadəçilərin ixtiyarına verilən digər zəngin sənəd-resurs kompleksi olan və əməkdaşlar tərəfindən yaradılan tammətnli elektron məlumat bazalarının hazırlandığını qeyd edib, tariximizə, mədəniyyətimizə, Qarabağ məsələsinə və digər mühüm sahələrə dair elektron virtual sərgilərin hazırlandığını vurğulayıb, həyata keçirilən xidmətin həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsinə şərait yaradan, kitabxanaların işinin daha da təkmilləşməsi prosesinə xidmət edən innovasiyaların tətbiqinin günün tələbi olduğunu diqqətə çatdırıb.

    Konfrans mayın 26-dək davam edəcək.

  • “Artım” layihə məkanında gənc rəssamların qrup sərgisi – “Müqəssir zövq”

    YARAT Müasir İncəsənət Məkanının “Artım” layihə məkanı Azərbaycanın gənc rəssamlarının qrup sərgisinin təşkilinə hazırlaşır.

    İyunun 1-nə nəzərdə tutulan sərgidə rəssamlar Ağaəli Sədirli və Nailə Allahverdiyeva yaradıcı dueti, Mələk Bayramlı, Ağababa Bağırov, Nihad J, Tamerlan Xəlilov, Tamilla Məmmədova, Nigar Səmədzadə, Nərmin Zeynallının əsərləri sərgilənəcək.

    Bu sözləri AZƏRTAC-a açıqlamsında YARAT Müasir İncəsənət Mərkəzinin mətbuat katibi Hökumə Kərimova deyib.

    Qeyd olunub ki, “Guilty Pleasure” (“Müqəssir zövq”) adlı qrup sərgisi sentyabrın 3-dək ziyarətçilər üçün açıq qalacaq. Sərginin iş rejimi çərşənbə axşamı – bazar günü saat 12:00 – dan 20:00-dək olacaq.

    “Guilty Pleasure” – sosial termindir və bir qayda olaraq, bizdə cüzi günahkarlıq hissi doğuran həzzverici duyğuya verilən addır. Sərgi – “kitç” (yəni, bayağılıq, zövqsüzlük), orijinallığın təqlidi və konsümerizm mədəniyyəti vasitəsilə daim inkişaf edən populyar estetikanı böyük maraqla araşdırır, “ənənəvi zövq” və “orijinallıq” anlayışlarını şübhə altına qoyur.

    Sərginin diqqət mərkəzində bütün cəsarəti və qabarıqlığı ilə bayağılıq dayanıb. Ekspozisiya bu bayağılığın inkaredilməz qlamurluğunu qeyd edərək, onun çoxşaxəli xarakterini araşdırır. İfrat dərəcədə istehlak və kütləvi istehsal dövründə, yüksək dəyərlər və kitç arasındakı ənənəvi sərhədlər silinir. Sərgi səthi amilləri qabardaraq, “şişirdilmiş sentimentallıq”, “ani emosional məmnunluq” və “səysiz istehlak” anlayışlarını ironik tərzdə önə çıxarır. “Guilty Pleasure” təsbit edilmiş dəyər və estetik normalara qarşı incə bir istehza olmaqla, seyrçiləri “o qədər pisdir ki, yaxşıdır” paradoksunu götür-qoy etməyə dəvət edir. Bu fikri davam edən ekspozisiya, zövqlə bağlı ənənəvi təəssürata meydan oxuyur və şəxsi qərəzləri araşdırmağa, özünü "məqbul və ya arzuolunan" kimi qələmə verən mədəni gözləntilərlə üz-üzə dayanmağa sövq edir.

    “Guilty Pleasure” sərgisinin başlıca məqsədi estetika vasitəsilə sosial kontekstdə fərdi identiklik, həyat tərzi, adət-ənənələr, "pop" mədəniyyəti və dəyər sistemləri arasındakı mürəkkəb əlaqələri qarşı-qarşıya qoymaq, həmçinin seyrçiləri eyni anda güldürmək və qıcıqlandırmaqla, şıltaq, ekssentrik, şən və oynaq olmağa sövq etməkdir.

  • Bu gün Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın doğum günüdür

    Bu gün Azərbaycanın ilk pianoçu xanımı Xədicə Qayıbovanın doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasından 130 il ötməsinə baxmayaraq Xədicə Qayıbovanın adı bu gün də böyük hörmət və ehtiramla çəkilir.

    Ailənin altıncı övladı olan Xədicə Qayıbova 1893-cü il mayın 24-də Tiflisdə tanınmış ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. Anası Züleyxa xanım XIX yüz ildə Tiflisdə məskunlaşan tatar Terequlovlar nəslindən idi. Hər ikisi ziyalı olan valideynləri qızlarının yaxşı təhsil almasını istəyirdilər. Xədicə xanım Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurur. Professor N.Nikolayevin Fortepiano sinfində isə xüsusi kursu qızılı haşiyəli diplomla bitirir. Həmin il Tiflisdə vərəm xəstəliyi yayılır. Bu bəla Xədicəgilin ailəsindən də yan keçmir. Xədicə xanım gənc yaşında atasını, bacısını və qardaşını itirir. Bu səbəbdən də bir müddət təhsilini davam etdirə bilmir. Ailəsini itirməsi ona çox pis təsir edir və dərin sarsıntı keçirir. X.Qayıbova Azərbaycanın ilk tibb bacısı Nigar Şıxlinskayanın qardaşı mühəndis Nadir Qayıbovla 1911-ci ildə ailə qurur. Nadir Qayıbov Qafqazın müftisi, böyük maarifpərvər Mirzə Hüseyn Əfəndi Qayıbzadənin oğlu idi. Mirzə Hüseyn Qayıbzadə “Məşhur Azərbaycan şairlərinin şeirləri” adlı dörd cildlik toplunun müəllifidir. O, bütün Qafqazda məşhur olan və Azərbaycan mədəniyyəti, həm də maarifi tarixində xüsusi yeri olan Qori seminariyasının Azərbaycan bölməsinin açılmasında təşəbbüskarlardan biri olub.

    Xədicə Qayıbova bir müddət Tiflisdə Azərbaycan məktəbində dərs deyir. 1919-cu ildə Qayıbovlar ailəsi Bakıya köçür. Çünki Bakıda Xədicə xanım üçün əlverişli musiqi mühiti vardı. O dönəmlərdə Bakıda xanım musiqiçilərə çox böyük ehtiyac yaranmışdı. Bu ehtiyacın yaranma səbəbi dahi Üzeyir Hacıbəyli idi. O, qadın musiqiçilərin səhnəyə cəlb edilməsinə xüsusi önəm verirdi. Xədicə xanım səhnə üçün yaranmışdı və səhnə də ona qollarını geniş açmış şəkildə gözləyirdi. O, fortepianoda xalq mahnıları və muğamlar əsasında improvizasiyalarla çıxış edir, konsertlər verir, tələbələr hazırlayırdı. Xüsusi görüşlərdə, musiqi gecələrində həm özü, həm də yetirmələri ilə çıxış edirdi. Onun evi də Bakının yüksək mədəni təbəqəsinin görüş yeri sayılırdı. Musiqi, ədəbiyyat məclislərinin sədası onun evindən ətrafa yayılırdı. Qonaqlar arasında dövlət xadimləri, Bakıya qastrola gələn ifaçılar, xarici qonaqlar, özəlliklə Türkiyədən gələn alimlər, şairlər olurdu.

    Sovet dövründə X.Qayıbova musiqi mədəniyyətində daha fəal iştirak etməyə başlayır, pedaqoji sahədə bir sıra layihələrlə çıxış edir. Onun bu istiqamətdə fəaliyyəti əsasən maarifçilik missiyalı idi. Sonra o, Xalq Maarif Komissarlığında Şərq musiqi şöbəsinin müdiri təyin olunur. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilir, uşaq xoru yaradılır. Onun təşəbbüsü və birbaşa iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılır. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edirdi. Dövrünün görkəmli sənətkarları ilə çalışır, Azərbaycan musiqi folklorunun toplanmasında fəal iştirak edirdi. Adı keçən kurs ləğv edildikdən sonra o, 1927-ci ildə ali musiqi təhsili almaq üçün Azərbaycan Dövlət Konservatoriyasında Nəzəriyyə və bəstəkarlıq ixtisası üzrə professor L.Abdan dərs alır. Xədicə xanım tək musiqi fəaliyyəti ilə kifayətlənmir, ictimai həyatda da fəal iştirak edirdi.

    Həyat yoldaşı Nadir Qayıbov da repressiya qurbanı olandan sonra Xədicə Qayıbova ikinci dəfə ailə qurur. Lakin bu dəfə də tale onun üzünə gülmür. İkinci həyat yoldaşı Rəşad Qayıbov da 1933-cü ildə həbs edilir. Ancaq təqsiri sübuta yetirilmədiyindən azad edilir. Təqiblər səngimir. Bu dəfə də 1933-cü ildə sovet hüquq-mühafizə orqanları şübhəli şəxs kimi Xədicə xanımı 3 ay müddətinə həbs edir. O da həyat yoldaşı kimi “casusluq”da ittiham olunurdu. Onu əks-inqilabi fəaliyyətdə və türkçülük ideyalarının yayılmasında günahlandırsalar da, heç bir sübut, dəlil tapmadıqlarına görə həbsdən azad etməli olublar. Azad olunduqdan sonra, 1934-cü ildən Xədicə xanım konservatoriyada elmi fəaliyyətlə məşğul olmağa başlayır, ömrünü Azərbaycanın musiqi mirasının araşdırılmasına sərf edir. Çox keçmir ki, 1937-ci ildə onun həyat yoldaşını yenidən həbs edirlər. Amma bu dəfə geri qayıtmır və Rəşad Qayıbov 1938-ci ildə qətlə yetirilir. Taleyin amansız sınaqlarına baxmayaraq, X.Qayıbova enerjili, nikbin və təşəbbüskar bir qadın idi.

    1938-ci il martın 16-da Azərbaycan Daxili İşlər Xalq Komissarlığının Dövlət Təhlükəsizlik İdarəsinə arayış təqdim olunur. Arayış Komissarlığın Birinci bölməsinin üçüncü şöbə rəisinin müavini, erməni əsilli leytenant Tevosyan tərəfindən tərtib edilmişdi. Arayışda bildirilirdi: “Türk və ingilis qərargahlarının Bakıda olduqları zaman 1893-cü ildə anadan olmuş Xədicə Qayıbova onlarla yaxın əlaqədə olub. Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra X.Qayıbova öz evində Müsavat Partiyasının başçılarından biri olan Mustafa Vəkilovu gizlətmiş və onun qaçması üçün şərait yaratmışdır. M.Vəkilov xaricə qaçıb və hazırda Türkiyədədir. 1924-cü ildə X.Qayıbovanın evində türk ordusunun zabiti Sultan Hüseynzadə gizlənib. Sonra o, İrana qaçıb və orada alman və yapon kəşfiyyatlarına xidmət edib. X.Qayıbovanın həyat yoldaşı Rəşid Qayıbov XDİK tərəfindən əks-inqilabi-millətçi təşkilatının üzvi kimi həbs edilmişdir. Göstərilənlərə əsasən X.Qayıbova həbs edilib, Azərbaycan SSR CM-nin 68-ci maddəsinə əsasən istintaqa cəlb olunmalıdır”.

    Bu arayış öz ardı ilə çox böyük fəlakətlər gətirdi. Məhz bu arayışa əsasən Xədicə xanım 1938-ci il martın 17-də həbs edilir və aprelin 28-dək müstəntiq tərəfindən 9 dəfə dindirilir. 1938-ci il oktyabrın 27-də Türkiyə konsulluğu ilə əlaqəsinə, casusluq fəaliyyətinə görə əmlakı müsadirə edilməklə güllələnir.

    Zaman zalımların və elə cəlladların da cəlladı ola bilər, öz hökmünü gec versə belə... – Güllələnmə hökmünə səbəb olanlar bir müddət sonra özləri də məhkəmə qarşısına çıxarılır. 1954-cü ildə Xədicə xanımın qızı Alanqu Sultanova anasının günahsız həbs olunaraq güllələnməsi haqqında Azərbaycan Daxili İşlər Nazirliyinə müraciət edir və anası haqqında ətraflı məlumat istəyir.

    Azərbaycan SSR Ali Məhkəməsi cinayət işləri üzrə Məhkəmə Kollegiyasının 14 fevral 1956-cı il qərarına əsasən, Qayıbova Xədicə Osman qızına bəraət verilir, fevralın 29-da isə qızı Alanquya bu barədə arayış təqdim edilir.