Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Könlümün sevgili məhbubu mənim...

    Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür

    Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış şair, həkim, görkəmli müəllim və maarif xadimi Abbas Səhhətin anadan olmasının 149-cu ildönümü tamam olur.

    Abbas Əliabbas oğlu Mehdizadə (Abbas Səhhət) 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya göz açıb. 1900-cü ildə Tehran Universitetinin tibb fakültəsini bitirən və rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən gənc Abbas 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.

    İlk şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş A.Səhhət sonralar da Azərbaycan dövrü mətbuatında şeir, məqalə və hekayələrlə çıxış edir. Onun şeiriyyətinin əsas mövzusu vətən idi.

    Könlümün sevgili məhbubu mənim,

    Vətənimdir, vətənimdir, vətənim.

    Məni xəlq eyləmiş əvvəlcə xuda

    Sonra vermiş vətənim nəşvü-nüma.

    Vətənim verdi mənə nanü-nəmək,

    Vətəni, məncə, unutmaq nə demək ?!

    Anadır hər kişiyə öz vətəni,

    Bəsləyib sinəsi üstündə onu

    -deyən şair vətən müqəddəsliyinin tərifini yazmışdır. Şeirin hər misrasında vətən məfhumunun insan həyatı üçün nə qədər vacib olduğu isbat olunur. Əgər vətən mövzusunda yazılan bütün şeirlər bir yerə toplanılsaydı, heç şübhəsiz ki, bu şeir onların şahı olardı.

    1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görür. “Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulur.

    O, Bakıda nəşr olunan bir çox jurnal və qəzetlərdə mütəmadi olaraq çıxış edir. Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan yazıçı Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirir.

    1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.

    Şairin yaradıcılığında Nizami, Hafiz, Sədi kimi şairlərin böyük təsiri duyulur. Türk xalqlarının ədəbiyyatları ilə də yaxından maraqlanır, xüsusilə Tofiq Fikrət yaradıcılığına rəğbət bəsləyirdi. Dövrü mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur.

    Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə edir, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirir və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləyirdi.

    Abbas Səhhət 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.

  • Dünya Bankı ilə “Dövlət satınalmaları haqqında” qanun layihəsi müzakirə edilib

    İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli Dünya Bankının nümayəndə heyəti ilə “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsinin üstünlükləri barədə fikir mübadiləsi aparıb.

    Report xəbər verir ki, bu barədə Dövlət Xidməti məlumat yayıb.

    Məlumata görə, müzakirələr tenderlərin səmərəliliyinin artırılması, dövlət satınalmaları sahəsində aparılan islahatları əhatə edib, müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi və beynəlxalq praktikaya uyğunlaşdırılması istiqamətində görülən işlərdə Dünya Bankının rolu qeyd edilib.

  • Türkiyədən Azərbaycana idxal olunan malların bahalaşmasının səbəbi açıqlanıb

    Türkiyədən Azərbaycana idxal olunan mallarının dəyərinin yuxarı olması həmin malların burda da bahalaşmasına səbəb olub.

    Report xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.

    “Ötən il Türkiyə ilə 5,8 milyard ABŞ dollarlıq ticarət dövriyyəmizin 2,3 milyard ABŞ dollarlıq hissəsi Türkiyədən Azərbaycana idxal edilmiş məhsullar üzrə olub. Bu məhsulların çoxu əczaçılıq, geyim, tekstil, sənaye məhsulları və maşın avadanlıqları olub. Türkiyədə ötən il inflyasiya 70 %-dən yuxarı olub. Bu, ordan Azərbaycana idxal edilən malların da qiymətinə təsir edib”, - deyə E.Əliyev bildirib.

    Nazir müavini əlavə edib ki, ərzaq məhsullarında inflyasiyaya səbəb odur ki, Azərbaycanın bu sahədə əsas tərəfdaşları Rusiya və Qazaxıstandır: "Həmin bazarlarda isə hazırda məhdudiyyət və qadağalar var".

  • Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı

    Mayın 19-dan Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə başlayıb.

    Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib.

    Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. "Ağıllı kənd"in gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib.

    “NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

  • Bakının İsa bulağı küçəsinin təmiri yekunlaşıb

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nərimanov rayonunda İsa bulağı küçəsinin Akademik Həsən Əliyev küçəsindən Fətəli xan Xoyski prospektinə qədər olan 240 metrlik hissəsinin təmirini başa çatdırıb.

    Report xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

    Bildirilir ki, ortalama eni 7 metr olan küçədə təmir işləri çərçivəsində köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 690 p/metr səki və bordür daşlarının yenilənməsi, 890 kvadratmetr piyada səkilərinin bərpası işləri yerinə yetirilib.

    Küçədə təmir işləri yeraltı kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla koordinasiyalı şəkildə aparılıb. Yeraltı kommunikasiya xətlərinin yenilənməsi işləri yekunlaşdıqdan sonra qazılmış hissədə əks-dolğu işləri icra olunub, küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənib.

    Bundan başqa küçəboyu mövcud köhnə yağış-kanalizasiya sisteminin bərpası, yeni yağış barmaqlıqlarının quraşdırılması işləri də aparılıb. Sonda isə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları quraşdırılıb və yeraltı kommunikasiya xətlərinin baxış qapaqları layihə hündürlüyünə qaldırılıb.

  • Bakı metrosunda daha üç təmir-baxış sahəsi yenidən qurulub

    "Bakı Metropoliteni" QSC-nin “Nərimanov” elektrik deposunda daha 3 qanov dövrün tələblərinə uyğunlaşdırılaraq yenidən qurulub.

    Report xəbər verir ki, artıq burada da qatarlara davamlı qulluq müasir standartlar və yeni texnoloji imkanlarla müvafiq qaydada yerinə yetirilir.

    Sökülərək yenidən qurulan qanovlar və buna paralel yollarda tətbiq edilmiş yeniliklər mühüm funksionallığa və texniki əhəmiyyətə malikdir. İndiyə qədər bu qanovlar yalnız dayanma üçün xidmət göstərirdi. Yenidənqurmadan sonra hər 3 sahədə texniki baxış və xidmət aparılmasına şərait yaradılıb.

    Bu məqsədlə dərinlik qazılıb, qatarların qəbulu üçün istinad divarları qurulmaqla betonlanma işi aparılıb. Hər sahədə döşəmə betonlanıb, divarlar suvanaraq rənglənib, eniş pilləkənləri qoyulub. Bu işlərə paralel, qanovlararası baxış yolları müvafiq normativlər çərçivəsində karbonat maddə və çınqıl təbəqə ilə doldurularaq betonlanıb.

    Qanovlarda drenaj, müasir elektrik, o cümlədən işıqlanma sistemləri qurulub. Yolun yeni tipli üstquruluş elementləri qoyulmaqla, qatarların baş vaqonunun ön hissəsinə xidmət göstərmək üçün xüsusi qaldırıcı mexanizmlər tətbiq edilib. Sahənin döşəməsi praktiki dayanıqlığı ilə yanaşı, estetik görkəmə də təsir edən epoksid maddə ilə boyanıb.

    Yekunda yenidən qurulmuş qanovlarda qatarların qəbul edilməsi və xəttə buraxılması sahəsi üçün yeni tipli avtomatlaşdırılmış kommutasiya qurğuları tətbiq edilib. Əvvəlki mexaniki sistemdən fərqli olaraq, yeni kommunikasiya sistemi qatarların daha təhlükəsiz və etibarlı qəbul edilməsi və yola salınmasına şərait yaradır.

    Avtomatlaşdırılmış sistem həmçinin uzunömürlü olmaqla qurğunun faktiki texniki vəziyyətinə nəzarət etməyə, insan faktorunun azaldılmasına xüsusi təsir edir. Ümumən bu günə qədər elektrik deposunda olan 32 qanovdan 13-ü əsaslı təmir edilərək yenidən qurulub və ən müasir standartlar səviyyəsinə çatdırılıb. Tədbirlər planına uyğun olaraq, işlər ardıcıl qaydada növbəti 2 dayanma-gecələmə sahəsində davam etdirilir. İki yoldan birində qatarların qəbulu sahəsi qazılıb və betonlanma işi aparılıb. Digərində isə istinad divarı qurulur.

    Yeniləşdirilmiş 3 təmir sahəsinin önündə yerləşən depo yolları da müasir standartlar səviyyəsində yenidən qurulub. Hazırda təmir olunan iki sahənin depo yolları dəmir-beton şpallar üzərində olmaqla yenilənir.

  • Baş katib: “TÜRKSOY-un 30 illik yubileyini Şuşada da qeyd edəcəyik”

    “TÜRKSOY-un 30 illik yubileyini Azərbaycanda və türk dünyasının mədəniyyət paytaxtı Şuşada da qeyd edəcəyik”.

    Bunu Reportun Ankara bürosuna Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Baş katibi Sultan Raev bildirib.

    Baş katib deyib ki, TÜRKSOY-un yubileyi 6 türk dövlətində xüsusi proqramlarla qeyd olunacaq:

    “Yubiley tədbirlərinə Qazaxıstandan başlamağa qərar verdik və mayın 3-də 30 illik fəaliyyətin nəticələri, bundan sonrakı fəaliyyətlər mövzusunda dəyirmi masa keçirdik. Ümumilikdə isə iyunun 9-da Almatıda, iyunun 13-də Bişkekdə, 18-də Daşkənddə, 28-29-da isə Aşqabadda təşkilatımızın 30 illiyinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Hər ölkədə TÜRKSOY həftəsi çərçivəsində foto və rəsm sərgiləri, türk dünyası geyimlərindən ibarət sərgi və s. tədbirlər olacaq”.

    Sultan Raev vurğulayıb ki, TÜRKSOY-un ənənəvi tədbirləri olan rəssamların, fotoqrafların, şairlərin, muzey və teatr müdirlərinin görüşləri də daxil olmaqla, müxtəlif səpgili silsilə tədbirlərin keçirilməsi planda var:

    “Biz bu tədbirlərin məhsuldar və səmərəli nəticələnməsi üçün Şuşada keçirilən digər ənənəvi tədbirlər çərçivəsində təşkilini təklif etmişik. Bu tədbirlərdə ərsəyə gələn foto və rəsm əsərləri oktyabr ayında nəzərdə tutulan TÜRKSOY-un Daimi Şurasının iclası zamanı Şuşada və 30 illik tədbirləri çərçivəsində Bakıda sərgilənəcək. Daha sonra bu əsərlər kataloq, albom şəklində TÜRKSOY tərəfindən nəşr olunacaq”.

    Baş katib əlavə edib ki, albomun nəşrində məqsəd Şuşanı dünyada, üzv ölkələrimizdə və beynəlxalq təşkilatlarda tanıtmaq üçün istifadə etməkdir:

    “Yubiley tədbirlərimizin Azərbaycanda, eləcə də Türkiyədə keçirilməsi isə oktyabr ayına planlaşdırılıb. Türkiyənin 100 illik yubileyini, eləcə də Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyini də nəzərə alaraq yekun yubiley tədbirini Bakıdan sonra Ankarada keçirəcəyik”.

  • "Silk Way West Airlines" aviaşirkəti "IATA CEIV Lithium Batteries" sertifikatına layiq görülüb

    Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yükdaşıma aviaşirkəti olan "Silk Way West Airlines", Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən "CEIV Lithium Batteries" sertifikatına layiq görülüb.

    "Silk Way West Airlines" öz sahəsi üzrə qabaqcıl sıralarda olaraq, əməliyyatlarının təhlükəsizliyini qorumaq üçün bütün lazımi tədbirləri həyata keçirir. "CEIV Lithium Batteries" Sertifikasiyası aviaşirkətin imkanlarını daha da artıracaq, və müştəri və tərəfdaşlarının etibarını gücləndirəcək. Bu sertifikat "Silk Way West Airlines"ın müvafiq risklərinin azaldılması üçün tələb olunan proses və təcrübələri həyata keçirdiyini və ən mütləq şərtlərə uyğun olduğunu təsdiqləyir.

    "CEIV Lithium Batteries" sertifikatı, litium batareyalarının bütün təchizat zəncirində təhlükəsiz idarə olunmasını təmin etmək üçün IATA tərəfindən tərtib olunmuş qlobal standartdır. IATA-nın əsas məqsədi bütün təşkilatların ardıcıl və obyektiv şəkildə dəyərləndirilməsini təmin etmək, və bunun üçün həyata keçirilən qiymətləndirmələrin həcm və keyfiyyətində standartlaşmaya nail olmaqdır.

    "Silk Way West Airlines" şirkətinin Korporativ Keyfiyyət Təminatı və Nəzarəti üzrə vitse-prezidenti Darko Vuçiç deyib: “Komandamız sertifikatlaşdırmanın bütün mərhələlərini uğurla başa vurdu və bu gün qürurla deyə bilərik ki, IATA "Silk Way West Airlines"ın litium batareyalarının daşınması proqramını tanıyır. Biz IATA-nın DGR təlimatı haqqında biliklərimizi təkmilləşdirdik, litium batareyalarının təhlükəsiz daşınması və idarə olunması ilə bağlı ən son standartlara və təcrübələrə yiyələndik. Gələcəkdə risklərin dəyərləndirilməsini inkişaf etdirməklə təhlükəsizlik göstəricilərini təkmilləşdirə biləcəyik. Bu sertifikatın üstünlüyü, litium batareyalarının daşınması ilə bağlı prosedurun təkmilləşdirilməsi ilə yanaşı tətbiq olunan ən yüksək standartlara riayət etməyimizdir”.

    Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir "Boeing 747-8F" və "Boeing 747-400F" yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.

    Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.

    "Silk Way West Airlines" şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.

  • Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

    Mayın 27-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil olunacaq.

    AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

    Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində rol alıb.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • “Azerbaijan Fashion Week” açılışında Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub

    Ölkənin rəsmi moda həftəsinin 14-cü mövsümünün açılışında – “Azerbaijan Fashion Week” (Azerbaijan Moda Həftəsi) Daş Salnamə Muzeyində məşhur dizayner Gülnarə Xəlilovanın "Cizgi" kolleksiyası təqdim olunub. AZƏRTAC xəbər verir ki, “Cizgi by Gulnara Khalilova” defilesi böyük maraqla qarşılanıb və tamaşaçıların alqışları ilə müşayiət olunub.

    Azərbaycan Moda Həftəsi həmişə olduğu kimi, bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq. 14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir. Nümayişlər isə əsas mövzu üzərində qurularaq böyük bir marağa səbəb salacaq.

    Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiyada və digər ölkələrdə moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.