Aprelin 27-də Akademik Milli Dram Teatrında “Şükriyyə” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsəri yazıçı Cavid Zeynallının “Şükriyyə” pyesi əsasında hazırlanıb.
İkihissəli tale dramında Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, Əməkdar artistlər Münəvvər Əliyeva, Mehriban Xanlarova, Vəfa Rzayeva, Şəlalə Şahvələdqızı və digər aktyorlar çıxış edirlər.
Səhnə əsəri Azərbaycanın istiqlal şairi Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin Qazaxıstandakı sürgün həyatı haqqındadır. O, 1937-ci il oktyabrın 14-də həbs olunub. Şükriyyə xanıma 8 il həbs cəzası verilib və “xalq düşməninin həyat yoldaşı” kimi Şimali Qazaxıstanın Akmolinski vilayətinə - əmək koloniyasına göndərilib.
Azərbaycan Milli Kitabxanasında görkəmli bəstəkar, professor, Xalq artisti Ramiz Mirişlinin 90 illiyi ilə əlaqədar “Xalq artisti Ramiz Mirişli” adlı geniş kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, sərgidə bəstəkarın Milli Kitabxananın fondunda mühafizə olunan əsərlərinin not yazıları yer alıb.
Həmçinin onun həyat və yaradıcılığına həsr olunan kitablar Azərbaycan və rus dillərində nümayiş etdirilir.
Sərgi 1 həftə davam edəcək.
Ramiz Mirişli 1934-cü il aprelin 16-da Naxçıvan şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954-cü ildə Asəf Zeynallı adına musiqi məktəbini bitirib. O, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq ixtisası üzrə ali musiqi təhsili alıb.
Bəstəkar yaradıcılığında ən müxtəlif janrlara müraciət edərək, simli kvartet, tar və simfonik orkestr üçün konsert, kamera orkestri üçün simfoniya, xalq çalğı alətləri orkestri üçün konsert və süitalar, fortepiano triosu bəstələyib.
Dillər əzbəri olan "Bir könül sındırmışam”, "Dalğalar”, "Könül verdim”, "Sənsən ürəyim”, "Səndən danışdı”, "Mən sənə neyləmişəm”, "Oxu, tar”, "Səadət”, "Səni sevən baxışlar” və digər əsərlərin müəllifidir.
R.Mirişli sənətinin bədii keyfiyyətləri onun həmçinin teatr tamaşaları və kinofilmlərə bəstələdiyi musiqilərdə üzə çıxıb. Onun səhnə əsərləri sırasına 2 musiqili komediya və respublikanın müxtəlif teatrlarında tamaşaya qoyulan 40-dan artıq əsərə yazdığı musiqi aiddir.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası aprelin 15-dən 20-dək Mədəniyyət Nazirliyinin dəstəyi, Bəstəkarlar İttifaqı, Milli Konservatoriya, Gəncə-Daşkəsən, Mərkəzi Aran, Şirvan-Salyan, Şəki-Zaqatala, Qazax-Tovuz Regional Mədəniyyət idarələrinin təşkilatçılığı ilə “Xalqın mədəni sərvəti” layihəsini təqdim edir.
Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, dördüncü dəfə keçirilən layihə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Süleyman Ələsgərovun 100 illiyinə həsr olunub.
Layihənin ilk günü Heydər Əliyev Mərkəzində Süleyman Ələsgərovun yaradıcılığına həsr olunmuş konfrans keçirilib. Konfransda "Süleyman Ələsgərovun operettaları", "Süleyman Ələsgərovun mahnı və romansları", "Opera yaradıcılığı", "Üzeyir ruhlu bəstəkar Süleyman Ələsgərovun yaradıcılığının üslub xüsusiyyətləri", "Simfonizm ənənələri" mövzuları müzakirə edilib.
Daha sonra Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli Uşaq Musiqi Məktəbi (UMM), Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Xanqərvənd UMM, Düzqışlaq UMM, Dəliməmmədli UMM, Borsunlu UMM, Qızılhacılı UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Göygöl Aşıq Şəmşir UMM-nin şagirdlərinin iştirakı ilə bəstəkarın əsərlərindən ibarət konsert proqramı olub.
Günün sonunda Gəncə Dövlət Dram Teatrında Gəncə şəhər Uşaq İncəsənət Məktəbi, Gəncə şəhər 1 nömrəli UMM, Gəncə şəhər 2 nömrəli UMM, Gəncə şəhər 4 nömrəli UMM, Goranboy rayon Düzqışlaq UMM, Qızılhacılı UMM, Səfikürd UMM, Samux şəhər UMM, Samux rayon Sərkar kənd UMM, Qarayeri qəsəbə UMM, Göygöl Aşıq Şəmşir UMM-nin müəllimlərinin konserti keçirilib.
Qeyd edək ki, "Xalqın mədəni sərvəti" layihəsi yanvarın 8-dən 14-dək simfonik muğam janrının banisi Fikrət Əmirova, fevralın 14-dən 16-dək görkəmli bəstəkarımız Qara Qarayevə həsr olunub.
Mədəniyyət Nazirliyinin təsis etdiyi “Yaradıcı müzakirələr” layihəsi davam edir. Layihə paytaxtda və regionlarda mədəniyyət və yaradıcılıq sahələrində bacarıqların inkişafını təşviq edən maarifləndirici təşəbbüsdür və yaradıcı subyektlərin formalaşmasını dəstəkləmək məqsədilə həyata keçirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində 10-dan çox yaradıcı klaster üzrə seminar, ustad dərsləri, tanınmış şəxslərlə görüş və təlimlər təşkil olunacaq.
Cari ilin mayında yenidən reallaşacaq “Yaradıcı müzakirələr” ilkin mərhələdə Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxı şəhərlərini, daha sonra sentyabr və oktyabrda Lənkəran, Naxçıvan, Sumqayıt, Bakı və Şuşa şəhərlərini əhatə edəcək.
Ümumilikdə, sessiyalar kino, teatr, rəsm, dizayn, xalçaçılıq, kulinariya, animasiya, virtual oyun biznesi, yaradıcı startaplar, fotoqrafiya, musiqi, bədii şüşə sənəti, dəb və digər mövzuları üzrə olacaq.
Quba, Gəncə, Mingəçevir, Şəki və Şamaxıda keçirilən sessiyalara qeydiyyat başlayıb və aprel ayı ərzində qeydiyyatdan keçmək mümkündür.
Qeyd edək ki, 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə keçirilən layihə çərçivəsində on regionda yüz maarifləndirici tədbir təşkil edilib. Tədbirlərə 3000-ə yaxın iştirakçı qatılıb.
Bu gün Xalq artisti, Azərbaycan SSR və Naxçıvan MSSR Əməkdar incəsənət xadimi, professor, Azərbaycanın sevilən bəstəkarı Ramiz Mirişlinin anadan olmasının 90 illiyi tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında bəstəkarın həyat və yaradıcılığına həsr edilən virtual kitab sərgisi hazırlanıb.
Materialda R.Mirişlinin simli kvartet, xalq çalğı alətləri, tar və simfonik orkestr üçün bəstələdiyi musiqi əsərləri, müxtəlif illərdə qələmə aldığı nəğmələr haqqında məlumat verilib.
Eyni zamanda, virtual kitab sərgisində Ulu Öndər Heydər Əliyevin, Xalq şairi Fikrət Qocanın bəstəkarın yaradıcılığı haqqında söylədikləri dəyərli fikirlər, onun bəstələri ilə şöhrət qazanmış ifaçılar haqqında məlumatlar da yer alıb. Kitabxana əməkdaşlarının hazırladığı materialda görkəmli bəstəkarın layiq görüldüyü mükafatlardan, fotolarından ibarət qalereya da təqdim edilib.
Sərgidə “Azərbaycan və xarici ölkə bəstəkarlarının kamança ilə fortopiano üçün işlənmiş əsərləri”, “Vətən düşüncələri”, “Kamança məktəbi”, “Analar və laylalar”, “Oxu tar”, “Azərbaycan dünyam mənim” kimi bir çox not əsərlərinin biblioqrafik təsviri göstərilib.
Mayın 7-də Beynəlxalq Muğam Mərkəzində beynəlxalq və respublika müsabiqələri laureatı, ifaçı- pedaqoq Humay Aslanova “Humayla” adlı ilk solo konsertini təqdim edəcək.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, konsert Ulu Öndər Heydər Əliyevin əbədi xatirəsinə həsr olunur.
2024-cü ildə səhnə fəaliyyətinin 30 illik yubileyini qeyd edən ifaçı tamaşaçılarla görüşə rəngarəng proqramla gəlir.
Konsertdə canlı ansamblın müşayiəti ilə Azərbaycan xalq mahnıları, yerli və xarici estrada kompozisiyaları təqdim olunacaq.
Bu gün ADA Universitetində Karyera Hazırlığı Həftəsi işə başlayıb.
"Report" xəbər verir ki, aprelin 25-nə qədər davam edəcək tədbir ADA Universiteti Fondunun dəstəyi ilə keçirilir.
Karyera Hazırlığı Həftəsinin məqsədi tələbələri ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etməkdir.
ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qeyd edib ki, Karyera Hazırlığı Həftəsində iştirak edəcək tələbələri müəyyənləşdirmək üçün ali təhsil ocağının Karyera xidmətləri şöbəsinin təşəbbüsü ilə 500-dən çox müsahibədən ibarət seçim mərhələsi həyata keçirilib: “Tələbələr akademik göstəricilərinə və müsahibə nəticələrinə əsasən sənaye ekspertləri tərəfindən təşkil olunacaq təlim və seminarlarda iştirak imkanı əldə ediblər. Bu təlim və seminarlar maliyyə, bankçılıq, informasiya və telekommunikasiya, audit, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən 20 yerli və xarici müəssisənin, şirkət və qurumun yüksəkixtisaslı peşəkarları tərəfindən əmək bazarının tələbləri və karyera yüksəlişi strategiyaları mövzularında keçiriləcək”.
On gün davam edəcək sessiyalar potensial işəgötürənlərlə əlaqələri asanlaşdırmaqla yanaşı, tələbələrə şirkətlərin daxilində təcrübə imkanı təqdim edəcək. Belə ki, şirkətlərin ayrılıqda təşkil etdiyi xüsusi seçim prosesindən keçən beş tələbə ixtisasına uyğun təcrübə proqramında iştirak imkanı əldə edəcək.
Karyera Hazırlığı Həftəsi çərçivəsində mayın 2-də Karyera sərgisi baş tutacaq. Müxtəlif sektorlardan 100-dən çox işəgötürənin iştirak etdiyi karyera sərgisi, tələbələr üçün potensial işəgötürənlərlə tanış olmaq, Tərcmeyi-halını birbaşa onlara təqdim etmək və yerindəcə müsahibələrdə iştirak etmək fürsəti təqdim edəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 72-ci km-də yerüstü piyada keçidinin tikintisini yekunlaşdırmaq üzrədir.
"Report" Agentliyə istinadən xəbər verir ki, layihə üzrə keçidin ümumi uzunluğu 48.6, eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid metal konstruksiyalıdır.
Hazırda keçiddə son tamamlama işləri görülür.
Layihə çərçivəsində piyada keçidinin ətrafında abadlaşdırılma işləri də icra olunacaq.
Müasir texnologiyalar əsasında və keyfiyyətli materiallardan istifadə edilərək inşa edilən yerüstü piyada keçidi piyadaların avtomobil yolunu rahat, təhlükəsiz şəraitdə keçməsini təmin edəcək.
Tədbirlər planına uyğun olaraq növbəti illərdə zəruri olan digər ərazilərdə də piyada keçidlərinin inşası aparılacaq.
Şirvan suvarma kanalının təməlinin qoyulması çox əlamətdar hadisədir. Son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır.
“Report” xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib.
Artıq bu kanalın Şirvan kanalı adlandırıldığını vurğulayan dövlətimizin başçısı bildirib: “Faktiki olaraq kanal yenidən inşa ediləcək və beləliklə, minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Əkin sahələrinə gəldikdə isə o da iki dəfədən çox artırılacaq”.
Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Beynəlxalq Muğam Mərkəzi və “Şərq qapısı” qəzetinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi ilə “Naxçıvan fotolarda” adlı fotosərgi açılıb.
AZƏRTAC xəbər verir ki, Bakı şəhərindəki Beynəlxalq Muğam Mərkəzində təşkil olunan sərgidə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, mədəniyyət naziri Adil Kərimli, ölkənin ictimaiyyət və media nümayəndələri iştirak ediblər.
Tədbirdə Fuad Nəcəfli Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı Sərəncama əsasən əlamətdar tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə vurğulayıb ki, yubiley tədbirləri Naxçıvan şəhəri ilə yanaşı, başqa şəhərlərdə, ölkələrdə də geniş şəkildə qeyd olunur. “Naxçıvan fotolarda” sərgisi mart ayında Türkiyə Cümhuriyyətinin İğdır şəhərində də açılıb. Aprel ayının əvvəllərində isə Türkiyənin Kayseri şəhərində Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin kollektivinin iştirakı ilə muxtar respublikanın 100 illik yubileyi ilə əlaqədar tədbir keçirilib. İl ərzində muxtar respublikanın yubileyi ilə bağlı bu kimi tədbirlərin keçirilməsi davam etdiriləcək.
Bu gün Naxçıvanın artıq öz inkişafının yeni mərhələsinə qədəm qoyduğunu qeyd edən Fuad Nəcəfli bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 5 iyun 2023-cü il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamı bu mərhələnin əsas hərəkətverici qüvvəsidir. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Naxçıvanı yaxın gələcəkdə tamamilə yenilənmiş, iqtisadi cəhətdən kifayət qədər inkişaf edən, cəlbedici bir regiona çevirəcək. Dövlət Proqramı Naxçıvanın bütün istiqamətlərdə kompleks inkişafını nəzərdə tutur.
Onun sözlərinə görər, bugünkü fotosərgi, həmçinin Naxçıvanın turizm potensialının üzə çıxarılması, daha geniş arenada tanıdılması baxımından da xüsusi əhəmiyyət kəsb edir. Səlahiyyətli nümayəndə bu qiyabi tanışlığın hər kəsdə xoş əhvali-ruhiyyə yaradacağına inamını ifadə edib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli çıxışında dövlətimizin başçısının Naxçıvan Muxtar Respublikasının yaranmasının 100-cü ildönümü ilə bağlı tarixi Sərəncamını Naxçıvan Muxtar Respublikasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının təzahürü kimi qiymətləndirib. Naxçıvanın taleyində Ulu Öndərin müstəsna roluna diqqət çəkən akademik qeyd edib ki, bu gün Naxçıvan öz 100 illiyini yeni inkişaf mərhələsi ilə qarşılayır. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub. Bu baxımdan sözügedən Sərəncam Naxçıvanın muxtariyyət tarixinin və inkişaf yolunun müstəqillik ideyaları əsasında Azərbaycançılıq mövqeyindən yenidən öyrənilməsinə mühüm stimul verir.
“Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova bildirib ki, qəzetin “Naxçıvan fotolarda” sərgisi muxtar respublikanın 100 illik yubileyinə töhfədir. Sərgidə təqdim olunan fotolar “Şərq qapısı” qəzetinin fotoqrafları tərəfindən çəkilib.
Sonra iştirakçılar sərgi ilə yaxından tanış olublar.
62 fotonun nümayiş olunduğu sərgi böyük maraqla qarşılanıb.
Tədbirin bədii hissəsindən əvvəl Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların əziz xatirəsi anılıb, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Beynəlxalq Muğam Mərkəzinin solistləri xanəndələr Arzu Əliyeva və Sərxan Bünyadzadənin ifasında konsert proqramı təqdim olunub.