Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Kukla teatrları Bakıda bir araya gələcək” - açıqlama

    Azərbaycan Dövlət Kukla Teatrı Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar silsilə tədbir və layihələr həyata keçirir. Layihələrdən biri də iyunun 13-17-nə nəzərdə tutulan “Kukla teatrları həftəsi”dir. Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq tədbirin təşkilində məqsəd ölkədə fəaliyyət göstərən kukla teatrlarının yaradıcılıq əlaqələrini daha da genişləndirmək, təcrübə mübadiləsinə nail olmaq, qarşılıqlı səfərlərin yeni mərhələsinə keçmək və bölgə teatrlarının yaradıcılıq imkanlarını paytaxt teatrsevərlərinə təqdim etməkdir.

    Bu barədə AZƏRTAC-a Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova məlumat verib.

    Onun sözlərinə görə, tamaşa həftəsində nümayişlər Azərbaycan Dövlət Kukla Teatrında olacaq və səhnə nümunələrini bütün teatrsevərlər üçün əlçatan etmək üçün “açıq qapı” aksiyası keçiriləcək: “Teatr bayramında ölkənin mədəniyyət, incəsənət nümayəndələri, teatrşünaslar, yazıçı-dramaturqlar, uşaq ədəbiyyatı ilə məşğul olan müəlliflər, sənət təhsilli müəssisələrin nümayəndələri də təmsil olunacaqlar. Teatrsevərlər tamaşa nümayişləri ilə yanaşı, müasir uşaq ədəbiyyatı, kukla teatrları və onun çağdaş inkişaf tendensiyaları, eləcə də teatr-tamaşaçı əlaqələri ilə bağlı müxtəlif formatlı müzakirələrdə də iştirak imkanı qazanacaqlar. Sənət görüşünə uzun fasilədən sonra Naxçıvan Dövlət Kukla Teatrı da qatılacaq. İyunun 13-də təntənəli açılış mərasimindən sonra müəyyən olunmuş qrafik üzrə ev sahibi sənət ocağı ilə yanaşı, Naxçıvan, Gəncə, Salyan və Qax Dövlət Kukla teatrları repertuarlarındakı fərqli səhnə işlərini təqdim edəcəklər. Sonda iştirakçılara təşkilatçı teatr adından xatirə hədiyyələri və sertifikatlar təqdim olunacaq”.

  • Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizdəki səfiri Milli Kitabxanada olub

    Mayın 22-də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi Milli Kitabxanada olub.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qonağa Milli Kitabxana haqqında məlumat verilib. Bildirilib ki, 5 milyondan artıq fondu olan Milli Kitabxana 80-ə yaxın ölkə ilə kitab mübadiləsi edir, 48 ölkə ilə memorandum imzalayıb. Kitabxananın onlayn istifadəçilərindən əksəriyyətini Avropa ölkələri təşkil edir. Görüş zamanı bildirilib ki, Azərbaycan Milli Kitabxanasının Qətərlə və Misirlə geniş əməkdaşlıq əlaqələri mövcuddur. Qeyd olunub ki, bu görüş Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrin genişlənməsində böyük rol oynayacaq və əməkdaşlıq memorandumunun imzalanmasına zəmin yaradacaq.

    Səfir görüş zamanı Azərbaycan Milli Kitabxanasının Əbu-Dabi, Dubay, Şarja kimi böyük şəhərləri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinin vacibliyindən bəhs edib.

    Görüşün sonunda qonağa Milli Kitabxana və Azərbaycan xalçaları haqqında kitablar, habelə digər kitablar hədiyyə edilib.

  • Muzeydə mühazirə - Azərbaycan ədəbiyyatında qadın obrazı

    Mayın 24-də Azərbaycan Rəngkarlığı Muzeyində "Azərbaycan ədəbiyyatında qadın obrazı" adlı mühazirə keçiriləcək.

    Bu barədə AZƏRTAC-a YARAT Müasir İncəsənət Mərkəzindən bildirilib.

    Mühazirə zamanı YARAT-da açılan "Çəhrayı – Qara" qrup sərgisi çərçivəsində Azərbaycanda mütaliə mədəniyyətinin formalaşmasına töhfə vermiş, "Ali və Nino" kitab mağazalar şəbəkəsinin təsisçisi Nigar Köçərli ilə ədəbiyyatımızda qadın obrazlarının yaranmasında çıxış edən sosial, mənəvi, həmçinin yerli və qlobal faktorlar haqqında söhbət aparılacaq.

    "Sevil" və "Almaz" inqilabi qadın obrazları Azərbaycan bədii ədəbiyyatının nadir nümunələrindəndir. Buna baxmayaraq, ədəbiyyatımızın müxtəlif dönəmlərində "fədakar və dözümlü" qadın obrazlarına daha çox rast gəlinir.

  • Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı

    Bu gün Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 105 il ötür

    Azərbaycan teatr sənətinin yaranmasında, inkişafında, təbliğində müstəsna xidmətləri olan Mehdi Məmmədov milli teatrın tarixində, intellektual mədəni elitanın ən parlaq nümayəndələrindən biri idi.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli rejissor, teatrşünas, pedaqoq, tənqidçi, tərcüməçi, Xalq artisti Mehdi Məmmədovun anadan olmasından 103 il ötür.

    1918-ci il mayın 22-də Şuşada anadan olan sənətkarın ailəsi 1922-ci ildə Bakıya köçüb. O, 1931-ci ildə Teatr Texnikumuna daxil olmaq istəsə də, çəlimsizliyini səbəb gətirib onu qəbul etmirlər.

    Elə həmin il səhnə eşqiylə yanan gənc Mehdi Məmmədov İşçi Teatrının yardımçı heyətinə qəbul edilir. Bundan sonra o, Teatr Texnikumuna daxil olur. 1935-ci ildə isə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

    1940-cı ildə Akademik Milli Dram Teatrına rejissor, 1942-ci ildə bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrına baş rejissor, 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilib. 1963-cü ildə elmi işi ilə bağlı teatrdan uzaqlaşıb. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə S.Vurğun adına Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışıb.

    Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi “On ikinci gecə”, “Madrid”, “Od gəlini”, “Oqtay Eloğlu”, “Şeyx Sənan”, “İblis”, “Hamlet”, “Xəyyam”, “Müfəttiş”, “Canlı meyit”, “Romeo və Cülyetta”, “Dəli yığıncağı” və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdi.

    Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz “Dəli yığıncağı”dır.

    Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi “Toska”, “Lakme”, “Sevil”, “Koroğlu”, ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi “Leyli və Məcnun” musiqili dramı, Rus Dram Teatrında hazırladığı “Həyatın dibində”, “Nadejdalarım” tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

    Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

    Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

    Onda bütün böyük şəxsiyyətlərə xas olan iddia və bu iddianın arxasında qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü göstərməyə başlamışdı.

    Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov, dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamırmış. Cidd-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

    Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

    Onun İncəsənət İnstitutunun tələbə heyətinin təşkilinə son dərəcə tələbkarlıqla yanaşması barədə isə əfsanələr də yaranmışdı.

    Mehdi Məmmədovun Hökümə Qurbanovaya həsr etdiyi “Onun sənət ulduzu” araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun “Azərbaycan dramaturgiyasının estetik problemləri” adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

    Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: “İnsan, ümumiyyətlə, fəlsəfəyə meyillidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyil özümdən asılı deyil”.

    Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

  • Bakıda kibertəhlükəsizlik mövzusunda dəyirmi masa keçirilib

    Bakıda “GSMA M360 EURASIA 2023” konfransı ilə paralel olaraq "Huawei" şirkətinin təşkil etdiyi "Gələcək rəqəmsal iqtisadiyyatı səmərəli şəkildə dəstəkləmək üçün daha təhlükəsiz və dayanıqlı telekommunikasiya şəbəkələrinin qurulması" mövzusunda dəyirmi masa keçirilib.

    "Report" xəbər verir ki, dəyirmi masada Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzinin (CERT) direktoru Tural Məmmədov, Biznesin İnkişafı və Strateji Layihələr və müəssisənin Direktoru Dr. Mohammad Xalid, Huawei Yaxın Şərq və Mərkəzi Asiya üzrə Baş Təhlükəsizlik Mütəxəssisi Aloysius Cheang, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Balacanov, Kiber Təhlükəsizlik Layihələri üzrə yüksək səviyyəli rəhbər Dr. Haitham Hilal Al Hajri iştirak edib.

    Tədbirin iştirakçıları şəbəkə operatorları və onların partnyorları, təchizatçıları və müştəriləri arasında kibertəhlükələrdən müdafiə sahəsində əməkdaşlıqlar da daxil olmaqla müxtəlif mövzuları müzakirə ediblər.
    Tural Məmmədov deyib ki, Azərbaycan kibertəhlükəsizliyin ən yüksək standartlarına sadiqdir: "Biz kibercinayətlərin yaratdığı risklərə diqqət çəkmək məqsədilə beynəlxalq ictimaiyyətə qoşuluruq. Bundan əlavə, biz qlobal tərəfdaşlarımızla bütün rəqəmsal iqtisadiyyat imkanlarından yararlanmaq üçün mühüm əhəmiyyət kəsb edən telekommunikasiya şəbəkələrinin müdafiəsində birgə fəaliyyətlər istiqamətində işləmək istəyirik”.
    Eyni zamanda, Dr.Elvin Balacanov vacib informasiya infrastrukturunun qorunmasının Azərbaycanda hökumətin əsas prioriteti olduğunu vurğulayıb: "Buna görə də, telekommunikasiya provayderlərinin riskləri azaltmaq və vacib informasiya infrastrukturumuzu qorumaq üçün müvafiq mühafizə tədbirləri, protokollar və texnologiyalar tətbiq etmələri çox vacibdir”.
    Dr. Aloysius Cheang bildirib ki, Huawei müştərilər üçün daha yaxşı məxfilik təmin etmək və əməliyyat səmərəliliyini artırmağı öhdəsinə götürür: "Biz bir tərəfdən tənzimləyici orqanların getdikcə daha da ciddiləşən uyğunluq tələblərinə necə cavab verəcəyimizi, digər tərəfdən müştərilər qarşısında öhdəliklərimizi yerinə yetirən təhlükəsiz və etibarlı məhsul və xidmətləri necə təmin edəcəyimizi düşünməliyik. Biz həmçinin daha yaxşı məxfiliyi təmin etmək, biznes fəaliyyətinin davamlılığını, dayanıqlılığı təmin etmək, səmərəliliyi və müştəri təcrübəsini artırmaq, eyni zamanda istifadəçi məxfiliyini hər zaman qorumaq üçün dərin müdafiə yanaşmasını mənimsəməliyik”.

  • Gələn həftə Bakıda sudan səmərəli istifadəyə dair beynəlxalq tədbir olacaq

    Mayın 30-da Bakıda “Aqualink” şirkətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilati dəstəyi ilə, dünyanın aparıcı su mütəxəssislərinin və ekoloqlarının iştirakı ilə II Xəzər Su İnnovasiya Forumu keçiriləcək.

    “Gələcək üçün su!” şüarı ilə baş tutacaq builki foruma qeyd olunmuş sahələr üzrə 15 ölkədən 26 aparıcı şirkət, o cümlədən 60-dan çox beynəlxalq səviyyəli peşəkar mütəxəssis qatılacaq.

    Forum ölkəmizdə və regionda sudan səmərəli istifadəni təşviq etmək, tullantı suların təkrar emalı vasitəsi ilə ətraf mühitə neqativ təzyiqlərin azaldılmasına nail olmaq, su ehtiyatlarının effektiv idarəedilməsi istiqamətində beynəlxalq təcrübə və qabaqcıl texnologiya mübadiləsi ilə maarifləndirmə təmin edən peşəkar müzakirə platformasıdır.

    Hazırda dünyada şirin su ehtiyatlarının tükənməsi, iqlim dəyişikliyi və qlobal istiləşmə su ehtiyatlarının və yer səthinə düşən yağıntıların kəskin azalmasına səbəb olub. Belə şəraitdə mövcud su ehtiyatlarının effektiv idarəetməsinin təşkili, quraqlığa davamlı bitkilərin əkini, sənayedə sudan səmərəli istifadə, tullantı suların təkrar emalı önəm daşımaqdadır. Bütün qeyd edilən mövzular ətrafında mövcud vəziyyət, gələcək perspektivlər və çağırışlar, sənayenin hazırlıq səviyyəsi və beynəlxalq təcrübə Xəzər Su İnnovasiya Forumunun əsas müzakirə mövzularıdır. Forum dünyanın su sənayesinin aparıcı iştirakçılarını ölkəmizdə bir araya gətirərək regionda su ehtiyatlarının səmərəli və effektiv idarəedilməsinə öz töhfəsini verəcək.

    Su texnologiyaları və kimya həlləri sahəsində dünyanın aparıcı şirkətləri - “AO Smith”, “Nijhuis Saur İndustries”, “Unidro”, “PWNT”, “ARC Water Technologies", “Jumo” şirkətlərinin baş sponsorluğu, “Ultraaqua”, “Sirab” və “Azərsu” ASC-nin sponsorluğu ilə təşkil ediləcək Forumda ABŞ, Almaniya, İtaliya, Fransa, Niderland, Danimarka, Belçika, Türkiyə, Ukrayna, İsrail, Yaponiya və digər ölkələrin aparıcı və tanınmış şirkətləri öz təcrübələrini yerli sahibkarlarla paylaşacaqlar.

    Forum bu sahədə fəaliyyət göstərən dövlət qurumları, özəl şirkətləri, beynəlxalq təşkilatları, elmi tədqiqat müəssisələrini yeniliklər və innovativ həllərlə yaxından tanış edəcək, təcrübə mübadiləsini təmin edəcək, təlim və əməkdaşlıq platforması vasitəsilə yerli mütəxəssis və sahibkarlara dəstək olacaq, sudan qənaətlə istifadə, təbii ehtiyatların qorunması və ətraf mühitə neqativ təzyiqlərin azaldılması sahəsində ixtisaslaşmış müzakirələrin aparılmasını təmin edəcək.

    Panel müzakirələri formatında keçiriləcək Forum “Su ehtiyatlarının idarəedilməsi”“ Çirkab (tullantı) su sistemləri, təkrar emal və ətraf mühitə təsirləri” və “Su texnologiyalarında innovasiya və qənaətli çözümlər” mövzularına həsr edilmiş panellərdən ibarət olacaq. Hər panel yerli və xarici mütəxəssislər, dövlət nümayəndələri və beynəlxalq ekspertlərin fikir mübadiləsi, təqdimatları və təcrübə paylaşımları ilə zəngin olacaq.

    Xəzər Su İnnovasiya Forumu Caspian Energy Clubun netvörkinq tərəfdaşlığı, Azərbaycan Sahibkarlar Konfederasiyasının tərəfdaşlıq dəstəyi ilə ölkəmizdə sudan səmərəli istifadəni təşviq edəcək, su ehtiyatlarının və sənayedə suyun idarə edilməsində ən qabaqcıl yeniliklərə ölkə sənayesinə öz töhfəsini verəcək.

    "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin və Kənd Təsərrüfatı Nazirliyinin də dəstəyi ilə təşkil ediləcək Xəzər Su İnnovasiya Forumuna siz də dəstək olun. Bu fürsəti əldə qaçırmayın! İştirak etmək üçün internet səhifəmizdən və sosial şəbəkə ünvanlarımızdan bizə yazın.

    Gəlin, gələcəyimiz üçün suyumuzu birlikdə qoruyaq!

  • Bu gün görkəmli bəstəkar Aqşin Əlizadənin doğum günüdür

    Dahi sələflərinin ənənələrinə dayaqlanaraq sənətdə öz yolunu tapmış, öz üslubunu yaratmış Aqşin Əlizadə Azərbaycan mədəniyyətinin ən istedadlı və özünəməxsus simalarından biridir. Onun bəstəkar kimi formalaşmasında xalq musiqisini dərindən bilməsi, böyük sənətkarımız Cövdət Hacıyevin sinfində təhsil alması, xasiyyətindəki əməksevərlik, daim kamilləşmək, öyrənmək həvəsi böyük rol oynayıb.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, Dövlət mükafatı laureatı, Xalq artisti Aqşin Əlizadənin anadan olmasının 86-cı ildönümü tamam olur.

    Aqşin Əlizadəni haqlı olaraq Azərbaycan musiqisinin klassiki Üzeyir Hacıbəyli ənənələrinin ən parlaq davamçısı hesab edirlər. Üzeyir Hacıbəyli musiqisinə xas gözəllik və nəciblik, həssas forma duyumu, xəlqilik, sözün əsl mənasında, klassik təfəkkür tərzi Aqşin Əlizadənin yaradıcılığında yeni səpkidə, müasir görümdə davamını tapır. Bəstəkarın öz sözləri ilə desək, “Üzeyir musiqisi onun canına hopub, sənətdə yol göstərən ulduza çevrilib”. Aqşin Əlizadə çağdaş dünya musiqisinin ən müxtəlif üslub təmayüllərinə, yazı üsullarına yaxşı bələd idi. Onun bənzərsiz musiqi təxəyyülü Q.Qarayev, F.Əmirov, S.Prokofyev, İ.Stravinski, B.Bartok, K.Orf irsindən qidalanıb. Lakin yaradıcılığının hər bir dövründə A.Əlizadə təkrarçılıqdan, təqlidçilikdən uzaq olub, sənətdə ilk addımlarından ciddi, tələbkar, müstəqil düşünmək istedadına malik bəstəkar kimi tanınıb. O, heç vaxt müasirlik xatirinə müasirlik yolunun yolçusu olmayıb, dəbdən kənarda qalmamaq həvəsi ilə əsər yazmayıb, sənətdə yersiz güzəştlərə getməyib. Bəstəkarın musiqi lüğəti çox zəngindir. Xalq musiqisinin əski qatlarından tutmuş müasir kompozisiya üsullarına qədər. Lakin onun musiqi üslubu alabəzəklikdən, şit milli-etnoqrafik qəliblərdən, süni müasirçilikdən uzaqdır.

    Aqşin Əlizadənin yaradıcılığının ilk dövrünə aid iki əsərdə onun üslubunun mühüm keyfiyyətləri artıq aydın görünür. Üçhissəli Kamera simfoniyası parlaq obrazlılığı, müstəqil yaradıcılıq yoluna qədəm qoyan bir bəstəkar üçün qibtə ediləcək bir xassə olan kamil və münasib forma hissiyyatı, üslub məharəti ilə fərqlənir.

    A.Əlizadənin yaradıcılığında Kamera simfoniyası bu qəbildən yazılmış əsərlərin bəlkə də yeganə nümunəsi oldu. Klassisizm onun yaradıcılığında neoklassisizm libasında sabitləşmir, üslubun aydınlıq, mütənasiblik, obyektivlik xassəsində əriyir. Neoklassik “məktəb” A.Əlizadə üçün mərhələvi xüsusiyyət daşıyır və sonrakı əsərlərdə (“Aşıqsayağı”, “Pastoral”, “Kənd süitası”) xalq musiqisinin janr-obraz aləminin obyektiv, klassikcəsinə aydın təcəssümü tərzində üzə çıxır.

    Onun müşayiətsiz xor üçün “Bayatılar” əsəri 1969-cu ildə yazılıb. Bu əsər Azərbaycan musiqisində müşayiətsiz xor üçün ilk silsilədir. Lakin onun milli musiqimizdə tutduğu şərəfli yer yalnız xor sənətində yeni janrın təmsilçisi olmaqla bitmir. “Bayatılar” müasir bəstəkar yaradıcılığında xalq bədii təfəkkürünün, musiqi sərvətlərinin imkanlarına yeni mövqelərdən baxışı, əldə etdiyi təravətli, yeni estetik-bədii nəticəsi ilə mərhələ açan əsərdir.

    Silsilənin adından göründüyü kimi bəstəkar xalq yaradıcılığının ən ulu və özünəməxsus bir janrına – bayatılara müraciət edib. Öz-özlüyündə bu müraciət 60-cı illərin “xalqçılıq” əhval-ruhiyyəsindən yaranmışdı.

    Aqşin Əlizadənin musiqisində insanı cəlb edən gözəlliyin, səmimilik və həyatiliyin sirri onun xalq musiqi sənətinə bağlılığındadır. Milli musiqi nəfəsini, zənginliyini və özünəməxsusluğunu öz əsərlərində hifz edən Aqşin Əlizadə heç vaxt bu zəngin sərvətə qarşı istismarçı, passiv mövqe tutmamışdır. O, xalq musiqi xəzinəsinə xammal ehtiyatı kimi yox, xalqın bədii təfəkkürünün dühası ilə yaranmış, cilalanmış yüksək sənət aləmi kimi pərəstiş edərək ona sonsuz sevgi və qayğı hissi ilə, əsl övlad nəvazişi ilə yanaşır. Aqşin Əlizadənin musiqisində müdrik muğamlarımızın təsirli avazı, döyüşkən cəngilərin harayı, həzin nəğmələrimizin ahəstə zümzüməsi, odlu rəqslərin oynaq ritmləri, aşıq musiqisinin həyatsevər ruhu yaşayır, səslənir. Bəstəkar xalq musiqisinin səciyyəvi məqam – intonasiya dönmələrini, ritmik naxışlarını, janr əlamətlərini böyük məharətlə fərdi üslub konsepsiyasına daxil edir. Aqşin Əlizadə təbiəti, təfəkkür tərzi baxımından lirik bəstəkardır. Onun əsərlərində dolğun, lirik melodiyaların bolluğunu , təbiət lövhələrinə böyük yer verilməsini də bununla izah etmək olar. Aqşin Əlizadənin lirikası daxilən zəngin və əlvan bir aləmdir. Lirik təbiət peyzajları, məişət səhnəciklərinin sakit əhval-ruhiyyəsi ilə son əsərlərinin lirik səhifələrindəki faciəvi boyalar, çağlayan hisslərin dramatizmi arasında necə də böyük fərq var.

    Aqşin Əlizadə daim axtarışda olan, yaradıcılıq üfüqlərini genişləndirən, sənətkarlığını kamilləşdirməyə can atan narahat qəlbli bəstəkardan olub. Onun musiqi üslubu zaman keçdikcə cilalanır, yeni təmayüllərin və həyat təcrübəsinin təsiri ilə yeniləşir, haradasa başqalaşır; miniatür, yığcam formalar, lirik-pastoral boyalar yerini miqyaslı kompozisiyalara, dramatik-faciəvi ovqatlara verir. Lakin Aqşin Əlizadənin ən müxtəlif dövrlərdə yazılmış əsərlərinin hamısını bir ümumi cəhət birləşdirir: səmimilik, təbiilik, həyata, insana inam, xalqına məhəbbət.

    O, vətəninin, doğma torpağının nəğməkarı idi. Onun əsərləri Azərbaycan xalqının qəhrəmanlıq tarixinin səhifələrini canlandırır, füsunkar vətən təbiətini vəsf edir, sadə, qonaqpərvər, məğrur insanlardan söhbət açır. Kamera orkestri üçün şux, oynaq “Aşıqsayağı”, odlu nəfəsli “Cəngi”, fortepiano üçün yazılmış müdrik düşüncəli “Dastan”, əziz xatirə səhifəsi olan “Qoca xanəndə” orqan pyesi, xor üçün xalq poeziyasının gözəlliyini tərənnüm edən “Bayatılar” silsiləsi, vətənə sonsuz sevgi və vurğunluq hissi ilə aşılanmış “Kənd süitası”, musiqisində ağrılı-acılı keçmişimizin, mübarizəmizin nəfəsini duyduğumuz Üçüncü, Dördüncü, Beşinci simfoniyalar... Nəhayət həm A.Əlizadənin yaradıcılığında, həm XX Azərbaycan musiqisində tarixi bir əsər-ilk milli qəhrəmanlıq baleti – “Babəkin” premyerası.

    A.Əlizadə XXI əsri yeni əsərlərlə qarşılayan bəstəkarlardan idi. 2002-ci ildə Azərbaycan Dövlət Opera və Balet teatrının səhnəsində bəstəkarın ikinci baleti-“Qafqaza səyahət” tamaşaya qoyulmuş və böyük uğur qazanmışdır. Azərbaycan haqqında bu lirik-poetik hekayəti bəstəkar böyük fransız yazıçısı A.Dümanın dilindən söyləyir. A.Əlizadə ölkəmizin ictimai, musiqi həyatında fəal iştirak edən ziyalılarımızdan olub.

    A.Əlizadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında ictimai xadim kimi də böyük işlər görür. O, 1979-1985-ci illərdə Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin katibi, 1985-1990-cı illərdə birinci katibi olub. 30 ildən artıq Bakı Musiqi Akademiyasında, Y.Məmmədəliyev adına Naxçıvan və Türkiyənin Van universitetlərində dərs deyən bəstəkarın musiqiçilər nəslinin yetişməsində böyük xidmətləri var. Böyük bəstəkarın yaradıcılığı hər zaman musiqi mədəniyyətimizin inkişafında etalon olacaq, onun işıqlı xatirəsi hər zaman insanların qəlbində yaşayacaq.

  • Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək

    Mayın 22-dən 24-dək Daş Salnamə Muzeyində Azərbaycan Moda Həftəsinin 14-cü mövsümü keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, həmişə olduğu kimi bu dəfə də moda dünyasının ən parlaq yerli və xarici adları ictimaiyyətə təqdim olunacaq.

    Bu mövsümün əsas mövzusu modanın təkcə yüksək sənət deyil, həm də gəlirli bir iş olduğunu göstərməkdi. Bu gün moda sənayesi müasir iqtisadiyyatın ən dinamik və perspektivli sahələrindən biridir. Bəs Azərbaycanda moda sənayesi nə dərəcədə gəlirlidir? Azərbaycan moda sənayesi ilə bağlı bu və digər sualların cavabı 23 və 24 may tarixlərində 16:00-da Daş Salnamə Muzeyində müzakirə olunacaq. Bu mövzu ilə maraqlananlar müzakirələrə qoşula bilərlər.

    14-cü mövsüm çərçivəsində gənc dizaynerlər arasında müsabiqə keçiriləcəyi də gözlənilir.

  • Beynəlxalq Muğam Müsabiqəsində iştirak üçün qeydiyyat başa çatıb

    İyunun 18-dən 25-dək keçiriləcək “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalı günlərində gerçəkləşəcək muğam müsabiqəsinə beynəlxalq ifaçıların qeydiyyatı başa çatıb.

    AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə reallaşacaq Beynəlxalq Muğam Festivalının proqramına beynəlxalq muğam müsabiqəsi də daxildir. Müsabiqədə ölkəmizi Milli Muğam Müsabiqəsinin qalibləri - xanəndəlik üzrə birinci yerin sahibi Mirəli Sarızadə, instrumental ifaçılıq kateqoriyasında birinci olan Vaqif Təhməzov təmsil edəcəklər.

    Azərbaycanla yanaşı, müsabiqədə Çin, İran, İsrail, Özbəkistan, Türkiyədən 30-dək nümayəndə yarışacaq.

    Musiqi yarışması iyunun 19-22 tarixlərində keçiriləcək. Festivalın sonuncu günü – iyunun 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Muğam aləmi”nin bağlanış mərasimi olacaq. Burada festival çərçivəsində təşkil olunan beynəlxalq muğam müsabiqəsi qaliblərinin mükafatlandırılması keçiriləcək və konsert təqdim ediləcək.

    Qeyd edək ki, “Muğam aləmi” VI Beynəlxalq Muğam Festivalının budəfəki proqramı zənginliyi ilə fərqlənir. Festival çərçivəsində Bakı, Ağcabədi və Şuşa şəhərlərində müxtəlif konsertlər təşkil olunacaq.

    Musiqi bayramına iyunun 18-də Heydər Əliyev Sarayında Xalq artisti Alim Qasımovun, Milli Konservatoriyada Xalq artisti Ənvər Sadıqov və Əməkdar artist Emil Əfrasiyabın konsertləri ilə start veriləcək.

    Bakıdakı konsertlərə biletlər tezliklə iTicket.az saytı və kassalarda satışda olacaq.

  • “Sözə natqlik” kitabının təqdimatı olub

    Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Azərbaycan bədii tərcümə sənətinin yaradıcılarından olan mərhum tərcüməçi Natiq Səfərovun 80 illiyinə həsr edilmiş “Sözə natiqlik” kitabının təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbiri yazıçı Seyran Səxavət açaraq ustad qələm sahibi Natiq Səfərovun özünəməxus xüsusiyyətlərindən, sözə həssaslığından, tərcümə sahəsindəki böyük xidmətlərindən söz açıb.

    AYB-in sədr müavini Rəşad Məcid Natiq Səfərovun bənzərsiz insan və peşəkar tərcüməçi kimi xatırlayaraq “Sözə natiqlik” kitabını ərsəyə gətirənlərə təşəkkürünü bildirib.

    Xalq şairi Ramiz Rövşən Natiq Səfərovun yaradıcılığından söz açaraq onun yüksək peşəkarlıqla tərcümə etdiyi əsərlərdən söhbət açıb, şirinli-acılı xatirələri dilə gətirib və Natiq Səfərova həsr etdiyi iki şeriylə mərhum dostunu yad edib.

    Tənqidçi Vaqif Yusifli mərhum qələm sahibinin həm bir ziyalı, insan kimi məziyyətlərindən söz açıb. Natq Səfərovun Markesi Azərbaycan oxucusuna ilk tanıdan tərcüməçi olduğunu vurğulayan Vaqif müəllim onun ən gərgin tərcümə işlərinin öhdəsindən gəldiyini, o cümlədən "Az i Ya” kimi mürəkkəb bir əsəri böyük uğurla dilimizə çevirdiyini söyləyib.

    Dövlət Tərcümə Mərkəzinin əməkdaşları Mahir Qarayev, Etimad Başkeçid, Əlisəmid Kür öz çıxışlarında Natiq Səfərovun tərcümə sənətinə gətirdiyi yeniliklərdən, unudulmuş tərcümə sənətini peşəkar səviyyəyə yüksəltdiyindən, ustad tərcüməçi kimi ondan bəhrələndiklərindən danışıblar.

    Digər çıxış edənlər Natiq Səfərovun ədəbi taleyindən söhbət açaraq onun tərcümə sənətində bir məktəb olduğunu qeyd ediblər.

    Tədbirin sonunda Natiq Səfərovun qızı yazıçı Günel Natiq tədbirin təşkilatçılarına, iştirakçılarına və “Sözə natiqlik” kitabının nəşrində əməyi olan hər kəsə minnətdarlığını bildirib.