Səbirsizliklə gözlənilən "SHE Congress"in sayca V tədbiri mayın 17-də Azərbaycandan və müxtəlif ölkələrdən olan nüfuzlu iş qadınlarını Bakıda bir araya gətirdi.
"JW Marriott Absheron Baku" otelində baş tutan bu ilki konqres öz düşündürücü müzakirələri ilə iştirakçıları öz həyatlarına sahib olmağa ruhlandıraraq və onları cəmiyyətdə müsbət dəyişikliklərin aparıcı qüvvəsinə çevirməyə həvəsləndirərək yenilikçi bir hadisə oldu.
Tədbir qadın sahibkarların bir araya gələ, biliklərini paylaşa və güclü şəbəkələr qura biləcəyi iştirakçı platforması yaratmaq məqsədi daşıyır. Öz təbii və inklüziv formatı ilə "SHE Congress" ən yaxşı ideya və təcrübələrin mübadiləsini asanlaşdıraraq açıq söhbətləri təşviq edir. O, təşəbbüskar qadın sahibkarları biznes səyahətlərinin A-dan Z-yə hər mərhələsində düzgün istiqamət və dəstək tapmağa ruhlandırmaq üçün platforma rolunu oynayır.
Tanınmış sahibkar və “SHE Congress Baku”nun təsisçisi Tatyana Mikayılova tədbirdə Azərbaycan cəmiyyətinin inkişafında qadınların rolu və bütün sektorlar üzrə qərarların qəbulu proseslərində onların təmsilçiliyinin artırılmasının vacibliyi haqqında öz fikirləri ilə bölüşüb.
"Mən "SHE Congress"in Azərbaycan qadınları üçün əhəmiyyət kəsb etdiyini görməkdən çox xoşbəxtəm və qürur duyuram! IV "SHE Congress" səhnəsində, tədbirin I ilində zalda olarkən yalnız öz bizneslərini qurmağı planlaşdıran qadınlar öz təcrübələri ilə bölüşmək üçün səhnə aldılar. Bu, hər bir qadına xas olan böyük potensialın maksimum inkişaf etdirilməsi üçün yalnız səmimi dəstək və kifayət qədər bilik tələb olunduğunu təsdiqləyir. Məhz buna görə də cəmiyyətin bütün sahələrindəki qərar qəbuletmə prosesinin hər bir səviyyəsində və biznesin bütün sahələrində qadınların sayının artması Azərbaycanın inkişafında əsas rollardan birini oynayacaq", - T.Mikayılova qeyd edib.
O, eyni zamanda Azərbaycanda qadınlar arasında təhsilə sərmayə qoyulmasının və maliyyə müstəqilliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulayaraq, bunu onların səlahiyyətlərinin artırılması istiqamətində mühüm addım kimi təqdim edib.
"SHE Congress"də biz qadınların bilik və təhsilə çıxışını təmin etməyə çalışırıq. Biz inanırıq ki, bilik və təhsil maliyyə müstəqilliyinə nail olmaq üçün mühüm vasitədir. Buna görə də həyatının bütün sahələrində maliyyə cəhətdən müstəqil və təminatlı olmaq üçün qadınları öz təhsillərinə və şəxsi inkişaflarına investisiya qoymağa təşviq edirik", - deyə Mikayılova bildirib.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin Sədri Hicran Hüseynova "SHE Congress"in təkamülü və təsirini vurğulayaraq qeyd edib: “V dəfədir ki, qurultayda iştirak etməkdən şadam və bu konqresdə öz təcrübələri ilə bölüşən qadın sahibkarların sayında əhəmiyyətli artım müşahidə edirəm. Qeyd etmək lazımdır ki, "SHE Kongress" həm də biznesdə yer alan qadınlar üçün mentorluq proqramı kimi çıxış edir”.
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov qadın sahibkarların Azərbaycan iqtisadiyyatında artan rolunu, onların kiçik biznesə və özünüməşğulluğa marağının artdığını qeyd edib. Məmmədov deyib: "Qadın sahibkarların ölkə iqtisadiyyatındakı rolunun artması, onların kiçik biznesin yaradılmasına və özünüməşğulluğuna marağının artması müşahidə olunur. Əgər 2018-ci ildə fərdi sahibkarlar arasında qadınların sayı 19 % təşkil edirdisə, statistikaya görə 2023-cü ilin aprel ayı üçün bu rəqəm 22 %-i ötüb. Əminəm ki, birgə fəaliyyət nəticəsində qadın sahibkarlığının potensialını ölkəmiz üçün daha səmərəli şəkildə istifadə edə biləcəyik”.
USAİD/Azərbaijan Missiya Rəhbəri Maykl Nerbass tədbirin iştirakçı təlimi məkanı kimi əhəmiyyətini vurğulayıb: “Bugünkü tədbirə nəzər saldıqda, bu konfrans hər kəsə məlumat paylaşa, tərəfdaşlıq qurmaq üçün şəbəkə yarada və yeni texniki biliklər əldə edə biləcəyi iştirakçı təlim məkanı fürsəti təqdim edəcək.”
"SHE Congress 2023" “Azerbaijan Business Women” tərəfindən "Yelo Bank", "Azercell Telecom", "Mastercard", "Femmes Digitales", USAID, "Bosch", "Crimson Education", "Braun", "PrintArt", "Credo", "MaxPrint", "Beri Bax", o cümlədən Report İnformasiya Agentliyi daxil olmaqla bir sıra media qurumlarının dəstəyi ilə təşkil olunub.
"SHE Congress"in sayca V tədbiri qadın sahibkarlara əlaqə yaratmaq, öyrənmək və innovasiyaları təşviq etmək üçün müstəsna imkanlar təqdim edən əlamətdar hadisə olmaq yolunda addımlayır. İnklüziv və dəstəkləyici mühiti inkişaf etdirməklə Konqres, qadınların səlahiyyətlərinin artırılmasında və regionun iqtisadi və sosial inkişafına təkan verilməsində mühüm rol oynayır.
Mayın 27-28-də Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində “Balaca kişilər” tamaşasının premyerası keçiriləcək.
Teatrdan AZƏRTAC-a bildirilib ki, yazıçı-dramaturq İlqar Fəhminin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsəri İkinci Qarabağ müharibəsində baş verən real hadisələri əks etdirir.
Quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan 44 günlük savaş və qələbəmizə ithaf olunan tamaşa vətənpərvərlik, insani dəyərlərin qorunması ilə yanaşı həm də hər bir vətəndaşın istənilən vəziyyətdə torpağa bağlılığını, mənəvi və bəşəri dəyərlərə sadiqliyini təcəssüm etdirir.
Tamaşanın quruluşçu rəssamı Vüsal Rahimdir. Döyüş və fəndlərin quruluşu İsa Əsədova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.
Səhnə əsərində Əməkdar artistlər Şövqi Hüseynov, Rasim Cəfər, Elnur Bəhramxan, aktyorlar Rəşad Səfərov, Anar Seyfullayev, Araz Pirimov, Bəhram Əliheydər, Nurlan Süleymanlı, Xaliq Bəkirov, Hüseyn Bayramov, Ümman Budaqov, İlhan Sadıqov, Ramiq Nəsirov, Müşfiq Əliyev, Ceyhun Məmmədov, Mirzəağa Mirzəyev rol alıb.
Qeyd edək ki, İlqar Fəhminin “Balaca kişilər” pyesi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının Vətən müharibəsi mövzusunda elan etdiyi pyes müsabiqəsinin nəticələrinə uyğun olaraq münsiflər heyəti tərəfindən qalib elan olunub.
Bu gün Xalq Şairi Rəsul Rzanın doğum günüdür
Bu gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 113-cü ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, poeziyanı yeni forma və üslub keyfiyyətləri, məzmun rəngarəngliyi, orijinal obrazlarla zənginləşdirmiş novator şair Rəsul Rzanın yaradıcılığı XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Rəsul Rza analitik bədii idrak, mövzuya dərindən nüfuz etmək bacarığı, həyat hadisələrinə fəlsəfi münasibətlə seçilən poeziyası ilə yanaşı, ədəbi tənqid və publisistika, dünya poeziyasının ən gözəl nümunələrinin tərcüməsi sahələrində də zəngin irs qoyub.
İkinci Dünya müharibəsi illərində AzTAq-ın hərbi müxbiri kimi Rəsul Rza xalqın qəhrəmanlıq mübarizəsini, qələbəyə inamını, humanizmini əks etdirən əsərlər yaradıb. Onun müharibə illərində yazdığı “Vətən”, “İntiqam! İntiqam…” şeirlər kitabları, “Ölməz qəhrəmanlar”, “Qəzəb və məhəbbət” hekayə və oçerk toplular, “Vəfa” pyesi və s. dillər əzbəri idi.
Ötən əsrin 60-cı illərində Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə yeniləşmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri güclənmişdir. Şairin “Şeirlər”, “Pəncərəmə düşən işıq”, “Duyğular, düşüncələr”, “Dözüm” şeirlər kitablarında, “Qızıl gül olmayaydı”, “Bir gün də insan ömrüdür”, “Xalq həkimi” poemalarında həmin tendensiya özünü daha qabarıq şəkildə göstərir.
Görkəmli poeziya ustasının “Rənglər” silsiləsində isə XX əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da əsas mövzusu olub.
Şairin bədii tərcümə sahəsində uğurları da ölçüyəgəlməzdir. Rəsul Rza Nizami Gəncəvinin “Xosrov və Şirin”, Esxilin “Zəncirlənmiş Prometey” əsərlərini, V.Mayakovskinin şeir və poemalarını, A.Nekrasovun “Rus elində kimin günü xoş keçir”, H.Lonqfellonun “Hayavata haqqında mahnı” poemalarını, C.Bayron, A.Puşkin, H.Heyne, M.Lermontov, T.Şevçenko, Ş.Petöfi, A.Blok, N.Hikmət, P.Elüar, F.Qarsia Lorka, V.Nezval, habelə Asiya və Afrika şairlərinin əsərlərini böyük sənətkarlıqla Azərbaycan dilinə çevirib. Əsərləri bir sıra xarici dilə tərcümə edilib, bir çox şeirlərinə musiqilər bəstələnib.
Sərbəst şeirin görkəmli nümayəndələrindən olan Xalq şairi Rəsul Rza 1981-ci il aprelin 1-də əbədiyyətə qovuşsa da, poetik ömrünü yaşayır.
Cismani yoxluğundan 42 il ötsə də, şairin tükənməz ilhamının bəhrəsi olan yaradıcılıq məhsulları həmişə sevilir, öz müəllifini və yaradıcısını unudulmağa qoymur.
Qanadlı misraları bu günümüzə körpü salan Rəsul Rza poeziyası ədəbiyyat tariximizdə əbədi yeri olan qollu-budaqlı çinar kimidir. Yaşıl çətiri ilə poeziyasevərlərin ürəyinə sərinlik, könlünə xoş duyğular gətirən bu çinar ağacının müasir nəsr tariximizdə öz yeri olan yazıçı Anar kimi qol-budağı, gənc və istedadlı qələm sahibi Günel Anarqızı kimi pöhrəsi var...
UNESCO İcraiyyə Şurasının 216-cı sessiyası davam edir. Azərbaycanın Dünya Yaddaşının Beynəlxalq Reyestrinə (Memory of the World International Register) salınması üçün 2022-2023-cü illər üzrə təqdim olunan “Xurşidbanu Natəvanın “Gül dəftəri” – illüstrasiyalı şeirlər albomu” (“Flower Book” of Khurshidbanu Natavan – album of illustrated verses) adlı nominasiya İcraiyyə Şurası tərəfindən qəbul olunub.
AZƏRTAC xəbər verir ki, qaydalara əsasən, Beynəlxalq Məşvərət Komitəsi tərəfindən təsdiqlənən siyahı müzakirə və təsdiq üçün UNESCO İcraiyyə Şurasının sessiyasına təqdim olunur. Göstərilən nominasiyalar İcraiyyə Şurasının 216-cı sessiyası zamanı qəbul olunduqdan sonra reyestrə salınmış hesab edilir.
UNESCO tərəfindən tərtib olunan və nominasiyaların qısa təsvirini ehtiva edən sənəddə XIX əsr Avropasında qadın yazıçıların kişi təxəllüslərindən istifadə etdikləri bir vaxtda Xurşidbanu Natəvanın İslam Şərqində yerləşən ölkədə ədəbi məclisə sədrlik etdiyi göstərilir. Qarabağ xanlığının son varisi hesab edilən Natəvanın mükəmməl savada və təhsilə sahib olduğu bildirilir. Natəvanın şəxsiyyəti Azərbaycan qadının fenomeni kimi təqdim olunur. Natəvanın Azərbaycanın ictimai həyatına və mədəni inkişafına verdiyi töhfə vurğulanır. Natəvanın “Gül dəftəri” şeirlər albomunun Dünya Yaddaşının Beynəlxalq Reyestrinə salınması ölkəmizin Qarabağ bölgəsinin XIX əsrə aid irsinin UNESCO və üzv ölkələr tərəfindən yüksək səviyyədə qiymətləndirildiyini göstərir.
Təqdim olunan nominasiyanın müəllifi Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasının alimi Nigar Babaxanovadır.
Xatırladaq ki, X. Natəvanın “Gül dəftəri” şeir albomunda üç rəsm əsəri 2023-cü il martın 21-də UNESCO-nun mənzil-qərargahında Beynəlxalq Frankofoniya Günü çərçivəsində təşkil olunan sərgidə ölkəmizin təşkilat yanındakı daimi nümayəndəliyi tərəfindən nümayiş etdirilib.
“Kontakt” Müstəqillik Gününə əlverişli fürsətlərlə zəngin “El bilir ki” kampaniyası ilə start verir.
Bu gündən mayın 30-na qədər davam edəcək “El bilir ki” adlı kampaniya müştərilərə nağd alışda 50%-dək endirimlər, hissəli alışda isə 24 ayadək ilkin ödənişsiz, faizsiz, hətta komissiyasız imkanlar təqdim edir. Daha dəqiq desək kampaniya günlərində smartfonları ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, ev tekstilini 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz və komissiyasız şərtlərlə ala biləcəksiniz.
Sözü çox uzatmayıb sizə maraqlı olacaq təkliflərin bəzilərini diqqətinizə çatdırırıq. Beləliklə nağd alışda:
- Daxili yaddaşı 64 GB olan, geniş ekranlı Oppo A17k smartfonunu 370 əvəzinə 299 manata;
- Yataq mexanizmli və bazalı Opera divanını 456 yerinə, 299 manata;
- 109 sm ekranlı, smart Toshiba televizorunu 1050 yox, sadəcə 699 manata;
- 2000 Vt-lıq buxarlı Hoffmann ütüsünü isə 60 deyil, cəmi 20 manat ödəməklə ala bilərsiniz.
Məlumat üçün bildirək ki, evinizin ehtiyaclarını sərfəli qiymətlərlə tamamlaya bilməyiniz üçün şəbəkənin mağazalarında 30 000 çeşiddə məhsullar mövcuddur.
Odur ki, ürəyinizə yatanı cibinizə uyğun qiymətlərlə ala bilməyiniz üçün kampaniya günlərini vaxtında dəyərləndirin. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzinə zəng edə, sizə yaxın ünvanı isə buradan tapa bilərsiniz.
“Kontakt” bütün azərbaycanlıları qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbrik edir!
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar “Ümummilli Lider -100” adlı onlayn kitab sərgisi hazırlanaraq, oxuculara təqdim olunub.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, sərgidə Ulu Öndərə həsr olunmuş bir sıra kitablar haqqında qısa məlumat verilib.
Onlayn formatında olan kitab sərgisi ilə https://bit.ly/3pSIKSQ link vasitəsilə tanış olmaq olar.
Məşhur Hollivud ulduzu, aktyor Harrison Ford “Disney” studiyasının istehsal etdiyi, həmçinin özünün çəkildiyi “İndiana Cons 5 və taleyin saatı” filminin dünya premyerasından əvvəl Kann Film Festivalında fəxri “Qızıl palma budağı” mükafatına layiq görülüb.
AZƏRTAC kinonews.ru saytına istinadla xəbər verir ki, bu fəxri mükafat sevilən aktyora kino sənətinin inkişafında müstəsna xidmətlərinə görə verilib.
Dünyaşöhrətli aktyor Harrison Ford mükafata görə təşəkkürünü bildirərək, “İndiana Cons” filminin beşinci hissəsindən danışıb. O deyib: "Bu mükafata məni də layiq gördükləri üçün çox məmnunam və hələ də görməli olduğunuz maraqlı bir filmim var".
Qeyd edək ki, “İndiana Cons 5 və taleyin saatı” adlı ekran əsəri Kann Film Festivalında müsabiqədənkənar nümayiş olunacaq. Filmdə H.Ford əfsanəvi arxeoloq və macəraçı İndiana Cons rolunu yenidən təkrarlayır.
Azərbaycanda yaradılan hər 10 startapdan 1-i inkişaf edə bilir.
Report xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı "Enterprise Azerbaijan" portalının "StartUp School" layihəsinin məzun günündə bildirib.
"Bütün dünyada olduğu kimi, Azərbaycanda da startapların əsas problemi investorlarla əlaqələrinin olmamasıdır. "Enterprise Azerbaijan" və bu kimi platformalar bu əlaqələrin yaradılmasına xidmət edir. Dünyada hər il 300 mindən artıq startap yaranır. Ən böyükləri ABŞ, Çin, Böyük Britaniya və Albaniyada yaranır. Azərbaycan kimi balaca ölkələrdə böyük startaplar yaranmır. Bu, bir qanunauyğunluqdur. Böyük startaplar üçün böyük imkanlar lazımdır", - deyə o qeyd edib.
“AzerGold” QSC və İqtisadiyyat Nazirliyinin tabeliyində IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) arasında “Ağıllı Sənaye Hazırlığı İndeksi” (Smart Industry Readiness Index - SIRI) qiymətləndirməsi və “Smart” transformasiya üzrə əməkdaşlığa dair müqavilə imzalanıb.
Müqaviləni “AzerGold”un İdarə Heyətinin sədri Zakir İbrahimov və 4SİM-in İcraçı direktoru Tamerlan Tağıyev imzalayıblar.
Sənədə əsasən, 4SİM “AzerGold”un istehsalat müəssisəsində rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi məqsədi ilə məsləhət xidmətləri göstərəcək. Belə ki, Dünya İqtisadi Forumunın tövsiyə etdiyi və IV Sənaye İnqilabı üçün ən effektiv rəqəmsal hazırlıq qiymətləndirmə proqramlarından biri kimi qəbul edilən SIRI qiymətləndirilməsi metodunun tətbiqi ilə istehsalat və biznes proseslərində rəqəmsallaşma ilə bağlı real vəziyyət təhlil ediləcək, istehsalatda fəaliyyətin ən optimal texnoloji həllər vasitəsilə 2-3 ilə qədər dövrü əhatə edən dövr ərzində inkişafının təmin edilməsi üçün yol xəritəsi hazırlanacaq, prioritetləşdirilmiş layihələrin metodologiyası və digər təfərrüatları işlənib təqdim ediləcək.
İstehsal prosesinin daim optimallaşdırılması ilə yanaşı, işçilərin sağlamlığının qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi və ətraf mühitin mühafizəsi QSC-nin əsas prioritetlərini təşkil edir. Bu məqsədlə bütün fəaliyyət istiqamətləri üzrə səmərəliliyin daha da artırılması üçün innovativ həllərin tətbiqində maraqlı olan “AzerGold” dağ-mədən sahəsində ən müasir texnologiyaları tətbiqini həyata keçirir və mütəmadi qaydada maddi-texniki bazasını tələblərə uyğun olaraq yeniləyir. Təsadüfi deyil ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi müəssisənin texnoloji innovasiya imkanlarının müəyyən edilməsi məqsədi ilə ölkə üzrə ilk innovasiya auditini “AzerGold”da həyata keçirib və şirkətin rəqəmsal transformasiya, innovativ həllərin tətbiqi, ekosistemin gücləndirilməsi sahəsində fəaliyyətini müsbət qiymətləndirib.
Sabah saat 08:00-dan 22:00-a qədər Bakının Azadlıq prospektinin yan yolunda (Ziya Bünyadov prospektindən Nəcəf Nərimanov küçəsinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Bu barədə Reporta Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
"Sürücülərə öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur. Yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik", - deyə açıqlamada qeyd olunub.