Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • “Şahdağ” Turizm Mərkəzinin imkanları beynəlxalq sərgidə tanıdılır – açıqlama

    “Şahdağ” Turizm Mərkəzi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən beynəlxalq “Riyad səyahət sərgisi”ndə iştirak edir.

    Sərgini ziyarət edən qonaqlara “Şahdağ”ın yay və qış fəsillərində xarici turistləri qəbul etmə potensialı, xüsusən qış turizmi üçün burada bütün şəraitin yaradıldığı haqqında geniş məlumat verilir. Bu barədə AZƏRTAC-a “Şahdağ” Turizm Mərkəzinin mətbuat katibi Orxan Bədəlov məlumat verib.

    “Bildiyiniz kimi, “Şahdağ” Turizm Mərkəzi xüsusən yay və qış mövsümündə yerli və xarici turistləri qəbul edir. Mərkəzimizdə xarici turistlərin vaxtlarının daha səmərəli və maraqlı keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Düşünürəm ki, ölkəmizin turizm potensialının daha geniş auditoriyaya çatdırılması baxımından belə sərgilərdə təmsil olunmağımızın böyük əhəmiyyəti var. Nəzərinizə çatdırım ki, sərgidə dünyanın 55 ölkəsindən 300-dən çox turizm sənayesi nümayəndəsi iştirak edir. Sərgidəki milli stenddə “Şahdağ” Turizm Mərkəzi ilə yanaşı, Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC və 13 yerli turizm sənayesi nümayəndəsi təmsil olunur. Sərginin 30 minədək ziyarətçini qəbul edəcəyi gözlənilir”, - deyə O. Bədəlov qeyd edib.

  • Milli Kitabxana təşkil etdiyi iki kitab sərgisini istifadəçilərin ixtiyarına verib

    Bu gün Azərbaycan Milli Kitabxanasının 100 illik yubileyi tamam olur.

    AZƏRTAC xəbər verir ki, bu münasibətilə, kitabxananın əməkdaşları tərəfindən “Azərbaycan Milli Kitabxanası -100” adlı virtual sərgi, həmçinin “100 il xalqın xidmətində” adlı ənənəvi kitab sərgisi hazırlanıb. Virtual sərgidə Milli Kitabxana haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı, görkəmli şəxslərin fikirləri, fotolar, kitabxananın nəşrləri, mövzu ilə əlaqəli kitab və məqalələr, ənənəvi sərgidə isə kitabxananın nəşrləri və tarixi haqqında kitablar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Azerbaycan_Milli_Kitabxanasi_/index.htm linkindən istifadə edə bilərlər.

    Qeyd edək ki, Milli Kitabxana 1922-ci ildə yaradılıb, rəsmi açılışı isə 1923-cü ilin may ayının 23-də olub. 1939-cu ildə kitabxanaya mütəfəkkir, dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin adı verilib. İllər keçdikcə kitabxananın fəaliyyət dairəsi genişlənərək, onlarca yeni şöbə yaranıb, fondunda olan ədəbiyyat sayı artıb.

    Milli Kitabxana kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq sahəsində aparıcı müəssisə, ölkənin bütün kitabxanaları üçün elmi-metodiki mərkəz, oxuculara kompleks kitabxana-biblioqrafiya, informasiya xidməti göstərərək, kitabxanalararası abonement, milli və tövsiyə biblioqrafiyası, beynəlxalq və ölkədaxili depozitar mərkəz funksiyalarını yerinə yetirir. 5 milyona yaxın fondu olan kitabxana dünyanın 80-ə yaxın kitabxanası ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə memorandum imzalanıb.

    Heç təsadüfi deyildir ki, Ulu Öndərimiz, elm və mədəniyyətə yüksək qiymət verən Heydər Əliyev 1995-1997-ci illərdə 4 dəfə Milli Kitabxanaya səfər edib və öz şəxsi kitabxanasından 300 nüsxəyə yaxın kitabı kitabxanaya hədiyyə edib. 2004-cü ildə Kitabxanaya Nazirlər Kabinetinin qərarı ilə “Milli Kitabxana” statusu verilib ki, bu da kitabxanamızın fəaliyyətinə verilən ən yüksək qiymətdir.

  • Türkiyəli rejissorun filmi Kann Film Festivalında ayaq üstə alqışlarla qarşılanıb

    Türkiyənin məşhur kinorejissoru Nuri Bilge Ceylanın “Quru otlar üstündə” ekran əsərinin premyerası 76-cı Kann Film Festivalında kinosevərlər tərəfindən ayaq üstə alqışlarla qarşılanıb.

    AZƏRTAC “Anadolu” agentliyinə istinadla xəbər verir ki, TRT telekanalı və “ARTE France” yayım şirkətinin birgə istehsalı olan film Türkiyənin ən böyük şəhəri olan İstanbuldan əyalət kəndinə təyin olunmuş müəllimin həyatından bəhs edir. Kinorejissor Parisdə keçirdiyi mətbuat konfransında bildirib ki, bu ekran əsərinin lentə alınması koronavirus pandemiyası ilə eyni vaxta təsadüf edib və yaradıcı heyət bir çox çətinliklərlə üzləşib. Onun sözlərinə görə, filmin çəkildiyi Ərzurum vilayətinin Karayazı kəndindən başqa, bir sıra kadrlar yaxınlıqdakı yaşayış məntəqələrində də lentə alınıb.

    Personajlarla bağlı suala cavab verən türkiyəli kinorejissor deyib: “Bütün personajlarımın keçirdiyi hissləri özüm də yaşamışam. Bəzən insanlar mənim filmlərimdəki personajları “mənfi qəhrəman” kimi görürlər. Bu, əslində, sizin şəxsən sahib ola biləcəyiniz baxış prizmasından asılıdır. Mən filmlərdə hər birimizin yaşaya biləcəyi çox adi hisslərdən danışıram. Əslində, əgər həyatda bədbəxtsənsə, hər zaman başqa yerdə xoşbəxt ola biləcəyini düşünürsən. Hətta İstanbuldakı insanlar başqa yerdə daha xoşbəxt ola biləcəyini düşünürlər. Lakin unutmaq olmaz ki, insanın bədbəxt olması yaşadığı yerlə deyil, onun özünü dünyada yad hesab etməsi ilə əlaqədardır. O, harada olursa-olsun, xoşbəxtliyi tapa bilməyəcək”.

    Qeyd edək ki, mayın 27-dək davam edəcək 76-cı Kann Film Festivalında nüfuzlu "Qızıl Palma budağı" mükafatına namizəd olmaq üçün cəmi 19 film seçilib.

    Əsərlərində tez-tez böyük ekranda zəhmətkeş sadə insanların həyatını əks etdirən məşhur türk rejissoru Yılmaz Güney 1982-ci ildə “Yol” filmi ilə ilk “Qızıl Palma budağı”nı Türkiyəyə gətirib. 2014-cü ildə Nuri Bilge Ceylan “Qış yuxusu” filminə görə ən yüksək mükafatı qazanıb. 2009-cu ildə isə o, müsabiqənin əsas münsiflər heyətinə seçilib.

    Filmləri festivalda nümayiş etdiriləcək rejissorlar arasında Böyük Britaniyadan Ken Loç, ABŞ-dən Ues Anderson, Fransadan Ketrin Breillat, Almaniyadan Vim Venders, Yaponiyadan Kore-eda Hirokazu və Finlandiyadan Aki Kaurismaki kimi tanınmış kinematoqrafçılar da var.

  • Muğam Mərkəzində Əməkdar artist Fatma Mehrəliyevanın xatirəsi anılacaq

    Mayın 30-da Beynəlxalq Muğam Mərkəzində (BMM) unudulmaz sənətkar, Əməkdar artist Fatma Mehrəliyevanın xatirə gecəsi keçiriləcək.

    Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gecədə Fatma Mehrəliyevanın ifaçılıq xüsusiyyətləri barədə söz açılacaq, BMM-in solistlərinin ifasında xanəndənin repertuarından muğam və xalq mahnıları təqdim olunacaq.

    Fatma Mehrəliyeva muğam, xalq mahnı və təsniflərinin, eləcə də bəstəkar mahnılarının mahir ifaçısı kimi şöhrət qazanıb. Elə bu şöhrət sayəsində müğənni 1945-ci ildə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında ekranlaşdırılan "Arşın mal alan" filmində Telli roluna çəkilir. Yaratmış olduğu Telli obrazı Mehrəliyevanın yaradıcılığında böyük rol oynayır.

    Unudulmaz sənətkarın oxuduğu muğamlar arasında "Kəsmə şikəstə"nin özünəməxsus yeri var. Musiqişünas alim Ramiz Zöhrabov "Zərbi muğamlar" kitabında "Kəsmə şikəstə"ni məhz Fatma Mehrəliyevanın ifasında nota köçürüb. Xalq və bəstəkar mahnılarının mahir ifaçısı olan müğənni "Qatar" və "Segah-zabul" muğamlarını ifa edərək Azərbaycan musiqi mədəniyyətinə öz töhfələrini verib.

    1926-cı il iyunun 4-də Qubada anadan olan sənətkar 2000-ci il yanvarın 4-də Bakıda dünyasını dəyişib.

  • AZPROMO və "Litfood" arasında memorandum imzalanıb

    Azərbaycanın İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Litvanın Aqrar Biznesin və Bazarların İnkişafı Agentliyi ("Litfood") arasında Anlaşma Memorandumu imzalanıb.

    Report xəbər verir ki, imzalanma mərasimi Litva İnnovasiyalar Agentliyinin təşkilatçılığı ilə Vilnüsdə keçirilən Litva-Azərbaycan biznes forumu çərçivəsində baş tutub. Sənədi AZPROMO-nun rəhbəri Yusif Abdullayev və "Litfood"un direktoru Şarunas Tselieşius imzalayıblar.

    Memorandum agentliklər arasında əməkdaşlığın genişləndirilməsi və qabaqcıl təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur.

  • Səhiyyə Nazirliyi İT sistemlərini qismən “Hökumət buludu”na köçürür

    “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planına əsasən dövlət qurumları ilə işlər davam etdirilir.

    Fəaliyyət çərçivəsində dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir.

    Səhiyyə Nazirliyi “Hökumət buludu”na miqrasiya çərçivəsində “AzInTelecom” MMC-nin təqdim etdiyi bulud infrastrukturu (IaaS – Infrastructure as a Service) xidmətini əldə edib. Nazirlik informasiya sistemlərini qismən “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib.

    İlkin mərhələdə Səhiyyə Nazirliyinin ümumi infrastrukturunun qiymətləndirilməsi nəticəsində hesabat hazırlanıb və bunun əsasında İT sistemlərin miqrasiyası üçün konsultasiya xidməti verilib. Həmçinin miqrasiya prosesini əks etdirən Yol Xəritəsi hazırlanıb.

    Səhiyyə Nazirliyi məlumatların təhlükəsiz saxlanılması məqsədilə Rezervlənmə (BaaS – Backup as a Service) bulud xidmətindən də yararlanıb. Bu xidmət daxilində təqdim edilən funksionallıqları daha çevik və sadə formada idarə etmələri məqsədilə “AzInTelecom” MMC nazirlik mütəxəssislərini “Veeam” platforması ilə təmin edib.

    Nazirlik, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi iştirakçılarının müraciətlərinin qəbulu məqsədilə ayrılmış “Qaynar xətt” üçün “AzInTelecom” MMC-nin İP telefoniya xidmətindən yararlanıb və “Qaynar xətt”ə daxil olan zənglərin Rezervlənmə xidmətinə bağlı olaraq idarə edilməsi həyata keçirilir.

    Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır.

    Bununla yanaşı, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.

    “AzInTelecom” MMC Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.

  • Əmanətlərin Sığortalanması Fondu yeni saytını təqdim edib

    Əmanətlərin Sığortalanması Fondu beynəlxalq standartlara və müasir tələblərə cavab verən, tam yenilənmiş www.adif.gov.az veb saytını ərsəyə gətirib.

    Yeni vebsayt fərqli və yaradıcı strukturu, o cümlədən bir sıra yenilikləri ilə öncəkindən fərqlənir. Qeyd edək ki, vətəndaş məmnunluğunun və məlumatlılığın artırılması məqsədi ilə funksionallığı və gözoxşayan dizaynı ilə ərsəyə gətirilmiş saytdan istifadəçilər həm Fond haqqında, həm də Fondun ləğvedicilik və sığortaçı funksiyası, habelə digər istiqamətlər üzrə rahatlıqla məlumat əldə edə biləcəklər.

    Sayt, müxtəlif sektorlardan olan ziyarətçilərə Fond tərəfindən ərsəyə gətirilmiş yeni layihələr, informativ resurslar, bildirişlər, elanlar, eyni zamanda ictimaiyyətin diqqətinə təqdim olunacaq bütün xəbərlər haqqında informasiyanı asanlıqla əldə etmək imkanı yaradacaqdır.

    İstifadəçilər www.adif.gov.az saytına daxil olmaqla yuxarıda göstərilən bu və ya digər məlumatlar haqqında ətraflı məlumat əldə edə bilərlər. Məlumat üçün qeyd edək ki, istifadəçilərin rahatlığını daha da təmin etmək məqsədilə saytın mobil versiyası da istifadəyə yararlıdır.

  • "Azərkosmos" Afrikanın 17 ölkəsində layihələrin icrası ilə bağlı “Intelsat”la müqavilə imzalayıb

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") və qlobal peyk operatoru “Intelsat” şirkəti arasında Qərbi Afrika regionunda birgə layihələrin həyata keçirilməsinə dair kommersiya müqaviləsi imzalanıb.

    Bu barədə Reporta nazirlikdən məlumat verilib.

    Müqaviləyə əsasən, “Intelsat” şirkəti 17 ölkəsi və 430 milyondan çox əhalisi olan Qərbi Afrika regionunda “Azerspace-2” peykinin resurslarından istifadə etməklə müştərilərinə mobil şəbəkələrdə nəqletmə xidmətləri təqdim edəcək.

    “Azerspace-2” peykinin imkanlarından istifadə edərək “Intelsat” şirkəti Afrika regionunda xidmət coğrafiyasını daha da genişləndirəcək. “Azerspace-2” peykinin əhatə dairəsi Afrikanın əlçatmaz ərazilərində belə mobil şəbəkə və telekommunikasiya xidmətləri üçün olduqca əlverişlidir", - məlumatda deyilir.

    "Peyk xidmətləri bazarında qlobal partnyorumuz olan “Intelsat” şirkəti ilə əməkdaşlığımız Afrikada mobil və data xidmətlər üzrə həyata keçirdiyimiz kommersiya layihələrində bizə geniş imkanlar açacaq", - "Azərkosmos"un sədr müavini Fuad Aslanov bildirib.

    “Intelsat”ın Biznesin inkişafı və şəbəkə tərəfdaşlıqları üzrə vitse-prezidenti Adam Troy qeyd edib ki, "Azərkosmos" Afrika regionunda yüksək keyfiyyətli peyk xidmətləri təmin edən “Intelsat”ın mühüm və üstünlük verilən tərəfdaşı olmaqda davam edir: “Biz "Azərkosmos" ilə “Azerspace-2” peykinin orbitə buraxıldığı ildən, 2018-ci ildən bəri əməkdaşlıq edirik. Afrikadakı müştərilərimizin ehtiyaclarına uyğun xidmət vermək üçün "Azərkosmos"a etibar edirik”.

  • "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları təsdiqlənib

    İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydalarını təsdiqləyib.

    Report bu barədə AZPROMO-ya istinadən xəbər verir.

    Məlumata görə, ənənəvi Ağdam şərabının nüfuzunun qorunması və keyfiyyətinin təmin olunması şərti ilə istehsalın və ixracının təmin edilməsi məqsədilə "Ağdam şərabı" əmtəə nişanı və coğrafi göstəricisi dövlət qeydiyyatına alınıb və hazırda bu istiqamətdə müvafiq işlər davam etdirilir. Cari mərhələdə ənənəvi "Ağdam şərabı" əmtəə nişanının istifadə qaydaları hazırlanıb və təsdiq edilib.

    Sözügedən şərab istehsalı ilə məşğul olmaq istəyən müəssislər qaydalara əsasən AZPROMO-ya müraciət etməlidirlər. "Ağdam şərabı" əmtəə nişanının istifadə hüququnu almayan müəssislərə bu şərabın istehsalına və qeyd olunan əmtəə nişanından istifadəsinə icazə verilmir. Qaydalara uyğun olaraq, müvafiq hüququn verilməsi ilə bağlı AZPROMO istehsalçılara dəstək göstərəcək.

  • Pablo Pikassonun rəsm əsərində üstü rənglənmiş it aşkar olunub

    Pablo Pikassonun “Le Moulin de la Galette” adlı rəsm əsərində Nyu-Yorkdakı Quqqenxaym Muzeyinin restavratorları boya ilə rənglənmiş kiçik it aşkar ediblər.

    AZƏRTAC CNN kanalına istinadla xəbər verir ki, “Le Moulin de la Galette” əsərində Parisin məşhur rəqs zalında rəqs edən insanlar və ön planda masa arxasında əyləşən üç qadın fiquru təsvir edilib.

    Bu yaxınlarda aparılan araşdırma nəticəsində masanın yanında dördüncü qonaq – boynunda qırmızı lent olan itciyəz aşkar edilib. Restavratorlar hesab edirlər ki, bu it “Cavaler-King-Carlz-Spaniel” cinsindəndir. Pikassonun iti niyə rəngləmək qərarına gəldiyi isə məlum deyil.