Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Bakıda "Google", "Meta", "Rafineri" kimi şirkətlərin iştirakı ilə “Digital Marketing Conference” keçiriləcək!

    “Facemark” MMC-nin təşkilatçılığı və “Code Academy” tədris müəssisəsinin baş sponsorluğu və tərəfdaşlığı ilə 2015-ci ildən etibarən təşkil olunan “Digital Marketing Conference” iyunun 11-də “Four Seasons Hotel Baku”da keçiriləcək.

    Rəqəmsallaşaraq böyüyən, qloballaşaraq bütünləşən müasir biznes modeli ilə gələcəyin marketoloquna çağırış edən konfransın ana devizi “Rəqəmsal Minimalizm”dir.

    500-dən çox şirkət əməkdaşının, sahə üzrə mütəxəssislərin iştirakı ilə keçiriləcək tədbirin hədəfi rəqəmsal marketinq sahəsinin inkişafına dəstək olmaq, ölçülə bilən və effektiv olan marketinq alətlərini və ilin trendlərini müzakirə edərək faydalı platforma rolunu oynamaqdır.

    “Yaradıcı kontent və Müştəri cəlbi”, “Rəqəmsal Strategiyalar və ROI Optimizasiyası”, “Müştəri Davranışına Data-əsaslı Yanaşma” adlı 3 paneldən ibarət olacaq konfransda 3 peşəkar moderator və 15 spiker təcrübələrini bölüşəcək.

    Bu il sayca VI dəfə keçiriləcək “Digital Marketing Conference-2023"ə bilet əldə etmək və tədbir ilə bağlı daha ətraflı məlumatla tanış olmaq üçün rəsmi internet səhifəsinə (www.dmcbaku.az) keçid edə və sosial media hesablarını izləyə bilərsiniz.

  • Azərbaycan İsraillə aqrar sahədə fəaliyyət istiqamətlərini açıqlayıb

    Azərbaycan İsrailin sudan səmərəli istifadəsi ilə bağlı metodlarından, çirkab suların təmizlənməsi ilə bağlı geniş təcrübələrindən yararlanmaq istəyir.

    Bunu Reporta Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri Toğrul Qafarbəyli bildirib.

    O qeyd edib ki, bununla yanaşı, müxtəlif tipli toxumların genetikasını dəyişdirilməməsi şərti ilə, bu toxumların daha sərt iqlim şəraitində yetişdirilməsi ilə bağlı İsrailin geniş təcrübəsindən yararlanmaq istəyirik.

    T.Qafarbəyli hesab edir ki, İsrail intensiv bağçılıq, super intensiv bağçılıqda damcılı suvarma sistemlərinin tətbiqi ilə bağlı nailiyyətlər əldə edib: "Biz bunlardan bəhrələnmək niyyətindəyik. İsraillə bir neçə layihəmiz var. Həmçinin, Azərbaycanın İsraildə səfirliyi açılıb, bu da ikitərəfli münasibətlərin inkişafına xidmət edir”.

    Onun sözlərinə görə, Azərbaycanda fermerlər suvarma sistemlərində mövcud olan innovativ həllərin tətbiqində çox maraqlıdırlar: "Suvarma sisteminə yatırılan investisiya itmir. Ona görə də İsrail və bu sahədə innovativ həllərin olduğu digər ölkələrlə işləyirik”.

    Nazirlik rəsmisi əlavə edib ki, İsrail şirkətləri mayın 17-19-da Bakıda keçiriləcək sayca 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi ("Caspian Agro") və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgisində iştirak edəcəklər: “Bu, iki ölkənin şirkətləri arasında əməkdaşlığın dərinləşməsinə töhfə verəcək”.

    Xatırladaq ki, İsrail Azərbaycanda aqrar sahənin su təminatı ilə bağlı 30 illik plan hazırlayır. İsrailin Milli Su Qurumu - “Mekorot” şirkəti “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC ilə ilk işgüzar saziş imzalayıb. Bununla yanaşı, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) ilə aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün təcrübə proqramı elan edilib.

  • Azərbaycanla Misir arasında turizm əlaqələrinin inkişafı müzakirə edilib

    Qahirədə Azərbaycan və Misir arasında turizm əlaqələrinin inkişafı məsələləri müzakirə edilib.

    AZƏRTAC xəbər verir ki, ölkəmizin Misirdəki səfiri Elxan Poluxovun bu ölkənin turizm və qədim abidələr naziri Əhməd Issa ilə görüşündə iki dost ölkə arasında turizm və arxeoloji tədqiqatlar sahəsində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

    Misirli nazir qeyd edib ki, Misir və Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq dinamik templə inkişaf edir. O, ümidvar olduğunu bildirib ki, cari il dövlətlər və özəl şirkətlər arasında turizm və qədim abidələrin tanıdılması və tədqiqi üzrə əlaqələrin daha da möhkəmlənməsi il əlamətdar olacaq. Bu ilin yanvarında Misir Prezidenti Əbdülfəttah Əs-Sisinin Bakıya uğurlu səfərini və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi məhsuldar görüşləri xatırladan Əhməd Issa vurğulayıb ki, danışıqların yekunlarına dair imzalanmış sənədlər ölkələr arasında münasibətlərin keyfiyyətcə yeni səviyyəyə yüksəlməsinə şərait yaradacaq.

    Səfir Elxan Poluxov, öz növbəsində, Azərbaycan-Misir əlaqələrinin sürətlə inkişaf etdiyini, bütün sahələrdə, o cümlədən turizm sektorunda əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar olduğunu deyib. O diqqətə çatdırıb ki, Misirin kurort şəhəri Şarm əl-Şeyxə Bakıdan birbaşa aviareys həyata keçirilir və dost ölkəyə gələn azərbaycanlı turistlərin sayı durmadan artır.

    Tərəflər 2007-ci ildə imzalanmış Misirlə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair Protokolun müddəalarının yerinə yetirilməsinin vəziyyəti, həmçinin birgə arxeoloji tədqiqatlar, qədim abidələrin qorunması, muzeylər arasında əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

  • Ulu Öndər Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil olunub

    “NUR Art House” qalereyasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Heydər Əliyev İrsi Festivalı çərçivəsində heykəltaraşların vorkşopu təşkil edilib.

    AZƏRTAC xəbər verir ki, vorkşop “Arts Council Azerbaijan” təşkilatının, “World Craft Council Europe“ və “NUR Art House” qalereyasının birgə təşkilatçılığı ilə keçirilib. Festivalın müəllifi Dadaş Məmmədov, vorkşopun kuratoru Teymur Qəribovdur.

    Vorkşop çərçivəsində 10 rəssamın yaratdığı 10 ayrıca əsər birlikdə Ulu Öndər Heydər Əliyevin həyatını, həmçinin onun Azərbaycanın inkişafı və çiçəklənməsinə olan təsirini əks etdirib. Eyni zamanda istedadlı heykəltaraş Teymur Qəribov Ümummilli Liderin büstünü yaradıb.

    Məqsəd təkcə təsviri sənət obyektlərinin yaradılması deyil, həm də yaradıcılıq prosesi zamanı ustadın işini görmək, eləcə də qeyri-rəsmi şəraitdə rəssamlarla ünsiyyət qurmaq olub. Vorkşop, eyni zamanda, özünü təkmilləşdirmə, həmçinin gənc istedadların yetişdirilməsi forması kimi yaradıcı gənclərin dəstəklənməsi, Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği məqsədilə həyata keçirilib.

    Vorkşopda Aysel Nağıyeva, Zaur Qəhrəmanov, Fərid Məmmədov, Zümrüd Abbaszadə, Zəniyyət Məmmədova, Mələkxanım Əliyeva, Amin Ələsgərli, Gülarə Nəbiyeva və Dinara Müzəffərli iştirak ediblər.

    Qeyd edək ki, girişi sərbəst olan tədbirin qonaqları heykəltaraşlıq əsərlərinin yaradılmasının əziyyətli və mürəkkəb prosesini görmək, eyni zamanda müxtəlif üslublarda bu prosesin mürəkkəbliyini, eləcə də gözəlliyini qiymətləndirmək imkanına sahib olublar.

  • YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq

    ayın 19-da Mədəniyyət Nazirliyinin dəstəyi ilə YARAT Müasir İncəsənət Məkanında “Çəhrayı – Qara” adlı qrup sərgisi açılacaq.

    YARAT-dan AZƏRTAC-a verilən məlumata görə, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində təşkil olunacaq bu sərgidə Əzim Əzimzadə, Fərhad Xəlilov, Toğrul Nərimanbəyov, Ağa Mehdiyev, Altay Hacıyev, Bəyim Hacıyeva, Hüseyn Haqverdiyev, Fazil Nəcəfov, Elmira Hüseynova, Ələkbər Rzaquliyev, Əli Verdiyev, Rasim Babayev və Elmira Şahtaxtinskaya kimi ustad sənətkarların rəngkarlıq, qrafika və heykəltaraşlıq əsərləri ilə yanaşı, yeni nəsil rəssamları – Soltan Soltanlı, Şahnaz Ağayeva, İslam Həsənəlizadə, Erkin Ələkbərli, Aqil Abdullayev və Vüsal Rəhimin rəngkarlıq, qrafika, heykəl, instalyasiya, video və performans əsərləri nümayiş olunacaq.

    “Çəhrayı – Qara” sərgisi güclü Azərbaycan qadını haqqında hekayədir. O, dövrlərin dəyişməsinə baxmayaraq, tarixin hər kəsiyində öz yerini, əksini tapır. Sərgi, qadına qarşı cəmiyyətdəki stereotip, məhdudiyyət və çətinliklərə rəğmən, onun mühüm rolunu vurğulayır. Bununla yanaşı ekspozisiya təkcə bugünkü cəmiyyətimizdə deyil, həmçinin əsrlər boyu qadına olan münasibəti, onun statusunu, təsir və gücünü, o cümlədən üzləşdiyi problemləri nəql edir. Sərgi illər ərzində sənətçilərin prizmasından ötürülən cinsiyyət haqqında bir mesajdır. O, tamaşaçılara müxtəlif dövrlərdə cinsin necə qəbul edildiyini düşünməyə imkan yaradır. Cinsi mənsubiyyətin mürəkkəblikləri və nüansları təsviri sənətimizdə bir çox heykəltaraşlıq və rəngkarlıq əsərlərində daima əks olunub.

    Qeyd edək ki, sərgi ekspozisiyasına Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu, eyni zamanda, Elnur Babayev və Vüsal Rəhimin kolleksiyalarında saxlanılan əsərlər daxil edilib.

    “Çəhrayı – Qara” adlı sərgi mayın 19-dan sentyabrın 24-dək davam edəcək.

  • Dünyaşöhrətli rəssamın çəkdiyi iki portret 200 ildən sonra tapılıb

    İncəsənət tarixçilərinə məlum olmayan və heç vaxt ictimaiyyətə nümayiş etdirilməyən dünyaşöhrətli rəssam Rembrandt Harmens van Reyn tərəfindən çəkilmiş iki rəsm əsəri şəxsi sənət kolleksiyasında 200 il saxlandıqdan sonra aşkar edilib.

    AZƏRTAC TASS-a istinadla xəbər verir ki, “Christie's” hərrac evinin mütəxəssisləri rəsmlərin müntəzəm qiymətləndirilməsini apararkən Rembrandtın ictimaiyyətə məlum olmayan əsərlərini aşkara çıxarıblar. Bu barədə “Financial times” qəzeti yazıb.

    "Bu rəsmlərin əvvəllər heç vaxt öyrənilməməsi, araşdırılmaması mənim üçün təəccüblüdür. Bu qiymətli əsərlər rəssam Rembrandt haqqında olan ədəbiyyat arxivində də yox idi", - deyə qəzet əməkdaşı Henri Pettifer vurğulayıb.

    Qeyd edək ki, “Christie's” hərrac evi rəsmləri təhlil etmək üçün Amsterdamdakı “Rijksmuseum”un ekspertlərinə göndərib. Orada rəsmlər üzərində texniki və bədii-tarixi araşdırma aparılaraq, Rembrandtın müəllifliyi təsdiqlənib. İki rəsm əsəri 5-8 milyon avro dəyərində qiymətləndirilib.

    Ehtimal olunur ki, rəsmlərdə rəssama tanış olan evli cütlük - Yan Villems van der Pluim və onun həyat yoldaşı Yaapgen Karels təsvir olunub.

  • “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023”ün açılışında süni intellekt sənətçisi təqdim edilib

    “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə ilk dəfə olaraq süni intellekt sənətçisi də təqdim edilib.

    Bu barədə Reporta Mədəniyyət Nazirliyindən bildirilib.

    Süni intellekt sənətçisi mərasimdə Azərbaycanın qədim söz-sənət beşiyinin tarixi, görkəmli şəxsiyyətləri haqqında məlumat verib.

    Xatırladaq ki, “Mezo” rəqəmsal incəsənət qrupunun ilk süni intellektli rəssamı II İstanbul Rəqəmsal İncəsənət Festivalında (2022) təqdim edilib.

  • Azərbaycan teatr və kino tarixinin görkəmli siması

    Bu gün Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur

    Azərbaycan səhnəsinin əfsanəvi aktyorlarından olub Xalq artisti Rza Əfqanlı. İstər mütəxəssislərin rəyinə görə, istərsə də müasirlərinin xatirələrində Rza Əfqanlı fərqli aktyor kimi təqdim edilir. Onun bütün sevinci, nəşəsi yaratdığı obrazların uğurlu alınmasında əks olunardı. Səhnəni çox sevirdi. Sanki bütün dərdlərini yaratdığı obrazlarda unudurdu. Rza Əfqanlı üçün rolun böyüyü, kiçiyi yox idi. O, həmişə libasını geyindiyi obrazın canlı və təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən maraqla qarşılanmasına çalışırdı. Həyatdakı Rza Əfqanlı ilə səhnədəki rolları arasında böyük fərq var idi. O, hər bir obrazın fərqli xüsusiyyətini, daxili aləmini, sevinc və nifrətini təbii yarada bilirdi. Sənətşünas İnqilab Kərimov söyləyir ki, Rza Əfqanlı bütün problemlərini, dərdini teatrdan kənarda qoyardı. Bu səbəbdən də həyatda nə qədər dərdli, qəmli hadisələrlə üzləşsə də, səhnədə hər bir obrazın öz geyimində, formasında, dəyərində olmağı bacarırdı. Sadə, epizodik obrazdan başlamış baş qəhrəmana kimi bütün rollarını can-dildən yaradırdı.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan teatr və kino tariximizin görkəmli siması, Xalq artisti Rza Əfqanlının anadan olmasının 124-cü ildönümü tamam olur.

    Rza Rüstəm oğlu Cəfərzadə (Rza Əfqanlı) 1899-cu il mayın 15-də Cənubi Azərbaycanın Sərab şəhərində doğulub. İki yaşında olarkən atası Rüstəm kişi vəfat edib. Rza doqquz yaşından varlıların qapılarında nökərçilik etməyə, quzu otarmağa məcbur olub. Ailəsini dolandırmaq məqsədilə 1912-ci ilin yazında Bakıya gəlib. 1916-cı ildə Pyatiqorska gedib və orada çəkməçi şagirdi işləyib, iki il sonra rus ordusunda könüllü xidmət edib. 1920-ci ildə Bakıya dönən Rza Əfqanlı əvvəl Sabunçu qəsəbəsindəki dram dərnəyində aktyorluq edib və tezliklə Akademik Teatrın aktyoru Xəlil Hüseynovun təşəbbüsü ilə Mərkəzi Dövlət Səyyar Teatrında işləməyə başlayıb və 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülüb. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. 1933-1934-cü il teatr mövsümündə Türkmənistan Respublikasının paytaxtı Aşqabaddakı "Az Millətlər Teatrı"nda ("Natsmen" Teatrı) baş rejissor olub. 1935-ci ilin əvvəllərində yenə Milli Dram Teatrının kollektivinə qayıdıb.

    Rzanın hələ uşaqlıqdan xalq oyunlarına böyük marağı olub. Doğrudur, yaşıdlarına qoşulub "teatr çıxarmağa" vaxt tapmazdı, amma sinəsinin altında qaynayan bir həvəs daim fikirlərini xəyalında yaratdığı bir aləmə çəkib. Bəlkə də elə buna görə, yenidən Bakıya qayıdıb neft mədənlərində iş axtaran Rza Əfqanlı ilk növbədə, dram dərnəyinə üzv yazılıb.

    Gənc oğlandakı aktyorluq istedadını ilk dəfə Akademik Teatrın aktyoru Xəlil Hüseynov hiss edib. Dünya həqiqətən də yaxşı adamlardan xali olmur. Əslində, bu görkəmli aktyorun Rza Əfqanlının qarşısına çıxması onun gələcək həyat yolunun düzgün müəyyənləşməsində əsas rol oynadı. Beləliklə, Rza Əfqanlı üzərində çalışmağa başlayır. Mətn əzbərləmək qabiliyyəti, onu obrazın xarakterinə uyğun şəkildə söyləməsi, səhnədəki jestləri artıq rejissorların da diqqətini çəkib. 1923-cü ildə Milli Dram Teatrının truppasına işə götürülən Rza Əfqanlı, eyni zamanda təhsil almağı da unutmur. 1926-cı ildə Bakı Teatr Məktəbini bitirib. Həmin dövrdə azərbaycanlıların sıx yaşadığı şəhərlərdə geniş teatr şəbəkəsi yaratmaq məqsədilə Bakıda çalışan müqtədir sənətkarları tez-tez bölgələrə dəvət edirdilər. 1929-cu ildə görkəmli rejissor və aktyor İbrahim İsfahanlının dəvəti ilə Rza Əfqanlı Tiflis Azərbaycan Dövlət Teatrında işləməyə gedib. Artıq onun şöhrəti başqa respublikalara da yayılıb. 1933-34-cü illərdə teatr mövsümündə Rza Əfqanlı Türkmənistanın paytaxtı Aşqabaddakı Azərbaycan Teatrında baş rejissor işləyib. Bir müddət burada çalışdıqdan sonra yenidən Bakıya qayıdıb, milli teatrın səhnəsində çalışan Rza Əfqanlı o dövrdə tamaşaya qoyulan əsərlərin əksəriyyətində müxtəlif rollar yaradıb. Həm yerli dramaturqların, həm də dünya klassiklərinin əsərlərində yaratdığı obrazlar janr əlvanlığı, estetik zənginliyi ilə seçilirdi. Arada bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edən Rza Əfqanlının sənət yolu müxtəlif təzyiqlərdən, maneələrdən, bəzən də haqsızlıqlardan keçməli olub. Onun milli teatrımızın inkişafı yolundakı xidmətləri və səhnədəki səmərəli fəaliyyəti yüksək qiymətləndirilir. Ömrünün 39-cu ilində Əməkdar, 44-cü ilində isə Xalq artisti adına layiq görülür. 1948-ci ildə Ənvər Məmmədxanlının "Şərqin səhəri" tamaşasında oynadığı Fərhad roluna görə Stalin mükafatı alır.

    Rza Əfqanlı istər teatr, istərsə də kino tariximizdə hiss və duyğularımıza hakim kəsilən xeyli adda obrazlar yaradıb. Onun "Dağlarda döyüş" filmində yaratdığı Sərxan rolu məhz belə obrazlardandır.

    Milli kino sənətimizin inkişafında Rza Əfqanlının xidmətləri çox olub. O, həqiqətən görkəmli kino xadimi olub. "Bakılılar", "Kəndlilər", "Yeni horizont", "Dağlarda döyüş", "Aygün", "26-lar", "O olmasın, bu olsun", "Qanun naminə", "Mən ki gözəl deyildim" və sairə filmlərdə bir-birindən gözəl, olduqca mənalı, maraqlı obrazlar yaradıb. O, həmin obrazlarda tamaşaçıların rəğbətini qazanıb. Təəssüflə qeyd edək ki, onun teatrda yaratdığı obrazlar o vaxt lentə çəkilməyib. O, sənət üçün doğulmuşdu.

    Rza Əfqanlı1963-cü ildə teatrdan haqsız olaraq uzaqlaşdırılıb. Uzun illər işsiz qalan (arada ancaq bir neçə filmə çəkilib) Rza Əfqanlı bir müddət Sumqayıt Dövlət Dram Teatrında aktyorluq edib. Rza Əfqanlının rollarında realizmdən şirələnən romantik vüsət, poetik cazibədarlıq vardı. Romantik zəmində formalaşan Rza Əfqanlı realist obrazları da şövqlə, əzmlə, yaradıcılıq ehtirası ilə oynayıb və bununla da öz üslubuna yeni təravət verib. Həyat yoldaşı tanınmış teatr rəssamı Bədurə xanım Əfqanlı idi. Aktrisa Ofeliya Aslanın atasıdır.

    Rza Əfqanlı 9 noyabr 1973-cü ildə Bakıda vəfat edib.

  • Bu gün Xalq artisti, görkəmli bəstəkar Rauf Hacıyevin doğum günüdür

    Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyev rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi milli musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. R.Hacıyev həmçinin respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə də nüfuz qazanıb.

    AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqili komediyasının inkişafında mühüm xidmətləri olmuş Xalq artisti, bəstəkar Rauf Hacıyevin anadan olmasından 101 il ötür.

    Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə görkəmli bəstəkarın anadan olmasının 100 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Rauf Hacıyev 1922-ci il mayın 15-də Bakı şəhərində anadan olub. Üç yaşınadək gözləri görməyib, sonradan görmə qabiliyyəti bərpa olunub. Onu Həsən bəy Zərdabinin qızı Qəribsoltan xanım Məlikova dörd yaşından götürüb saxlayıb. Raufun musiqi istedadı erkən yaşlarından özünü büruzə verib. Qəribsoltan Məlikovanın himayəsi altında tərbiyə almış Raufun bəstəkarlıq sahəsində formalaşmasında Üzeyir Hacıbəylinin mühüm əhəmiyyəti var. Belə ki, Raufun fortepiano üçün pyeslərini “Tarantella”, “Dağıstan”, “Ləzgihəngi” dinlədikdən sonra dahi bəstəkar onun fitri istedadını yüksək qiymətləndirib və ilyarım onunla məşğul olandan sonra Rauf bir neçə mahnı bəstələyib. Onların arasında, xüsusilə “Samur”, “Mingəçevir”, “Gənclik marşı” ona şöhrət gətirib. İlk gənclik məhsulu olan bu əsərlərdən sonra mahnı janrı R.Hacıyevin yaradıcılığında aparıcı əhəmiyyət kəsb edir. Xüsusilə bəstəkarın həm ifaçılar, həm də musiqisevərlər arasında “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və sair mahnıları daha çox populyarlıq qazanır.

    O, 15-ə qədər filmə musiqi yazıb və hər bir filmdə olduqca çox musiqi parçaları mövcuddur. Bunlardan “Əhməd haradadır”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. göstərə bilərik. Bu filmlərdə musiqi obrazların dolğun təcəssümü, səmimiyyəti, gözəl melodikliyi, şəffaf orkestrləşdirməsi ilə fərqlənir.

    Bəstəkar yeddi operetta yazıb və onlardan beşi məhz Moskva Dövlət Operetta Teatrının səhnəsində tamaşaya qoyulub. Eyni zamanda, bu operettalar keçmiş SSRİ-nin mərkəz şəhərlərində uğurla öz səhnə təcəssümünü tapıb. Sözün əsl mənasında, Rauf Hacıyevin istedadı daha çox operetta janrında parlayıb. Bəstəkarın operettaları respublikamızda bu janrın yeni səhifəsini açıb. Onun operettalarında vokal-simfonik, balet və estrada sənəti bir-biri ilə üzvi surətdə birləşir. Onun musiqi dilinin xalq musiqisi və müasir estrada üslubunun sintezindən ibarət olduğunu söyləmək lazımdır. Operettalarının mövzularını isə ən çox insanların gündəlik həyatı təşkil edir.

    R.Hacıyevin Moskvada tamaşaya qoyulmuş ilk operettası “Romeo mənim qonşumdur” olub. O da diqqətəlayiqdir ki, operetta keçmiş SSRİ respublikaları bəstəkarlarının əsərlərinə baxışda üçüncü mükafata layiq görülüb və 23 teatr səhnəsində tamaşaya qoyulub. Operettanı “Azərbaycanfilm” kinostudiyası 1963-cü ildə rejissor Şamil Mahmudbəyovun quruluşunda ekranlaşdırıb.

    Bəstəkarın maraqlı operettalarından biri də “Mənim məhəbbətim - Kuba”dır. Əsər Moskva Operetta Teatrının sifarişi ilə yazılıb. R.Hacıyev özü Kubada heç bir zaman olmayıb, lakin onun qarşısında çətin bir vəzifə bu ölkənin xalqının milli xarakterini, musiqi sənətinin xüsusiyyətlərini açmaq vəzifəsi durmuşdu. Doğrudan da, operettanın musiqisi zövqlə yazılıb. Əsərdə musiqinin dramaturgiyasının əsasını üç melodiya təşkil edir. Bunlar Kubaya məhəbbət, vətənpərvərlik andı və Raul ilə Deliyanın məhəbbət hisslərini təcəssüm etdirən melodiyalardır. Bəstəkar Paçanqa bayramının rəqs səhnələrini də maraqlı musiqi boyaları ilə yaradıb. O, maqnitofonda yazılmış əsl Kuba melodiyalarını tamaşanın musiqi ahənginə böyük peşəkarlıqla daxil edə bilib.

    Rauf Hacıyevin rəğbətlə qarşılanan səhnə əsərlərindən “Dördüncü fəqərə”, “Qafqaz əsiri”, “Ana, mən evlənirəm”, “Yolayrıcında” operettalarıdır. “Dördüncü fəqərə” Finlandiyanın satirik yazıçısı Marti Larninin eyniadlı romanı əsasında yazılıb. Əsər əvvəlki operettalardan fərqli olaraq məişət komediyası səciyyəsindədir. Bəstəkar kəskin siyasi-ictimai qayəli operetta yaratmağa nail olub. Təqdirəlayiqdir ki, “Qafqaz əsiri” operettasının Moskva Operetta Teatrında tamaşa təcəssümündə iştirak edən yaradıcı heyət əsasən azərbaycanlılardan ibarətdir. Ötən əsrin 70-ci illərinin sonunda R.Hacıyevin daha bir yeni operettası “Ana, mən evlənirəm” Moskva Operetta Teatrında tamaşaya qoyulur. Əsər tez bir zamanda özünə geniş rəğbət qazanır. Çünki həmişə olduğu kimi bəstəkar təzə operettasında yenə də aktual məsələlər qaldırır. Bunlar gənc nəslin tərbiyəsi, onların öz həyat yolunu düzgün seçməsi məsələləridir. Rauf Hacıyevin bütün operettaları kimi bu operettasında da musiqi aparıcı amildir. Əsərin kompozisiya, dramaturji planı diqqəti cəlb edir. Musiqi operettada milli xalq rəqslərinin ritmləri ilə rövnəqlənib. Bu cəhət səhnə əsərinə bütövlükdə ehtizaz, nikbinlik, şənlik, xoş əhval-ruhiyyə aşılayır. Bu baxımdan əsərin partiturası çox zəngin alınıb. 1982-ci ildə Moskva Operetta Teatrında “Yolayrıcında” operettası öz səhnə təcəssümünü tapıb.

    Bəstəkarın axırıncı operettası Üzeyir Hacıbəylinin anadan olmasının 100 illiyinə həsr olunmuş “Ordan-burdan” əsəridir. Xüsusi olaraq televiziya tamaşası üçün nəzərdə tutulmuş həmin operetta müəllifin musiqili səhnə formalarını mavi ekrana keçirmək işində maraqlı təcrübə olub.

    Operetta janrında çalışmaqla yanaşı R.Hacıyev musiqili teatrın başqa janrlarında da öz qələmini sınayıb. Ötən əsrin 60-cı illərində o, opera və baletlə də maraqlanırdı. Belə ki, 60-cı illərin sonunda balet janrında daha intensiv çalışmağa başlayır. Bunun nəticəsində R.Hacıyev əvvəl iki xoreoqrafik miniatür olan “Ləzgihəngi” və “Yallı”nı bəstələyir. Hər iki əsər ayrı-ayrılıqda parlaq səciyyəli kompozisiya-lövhələrdir. Xalq rəqs ənənələri əsasında qurulmuş bu əsərlərdə müəllif istər melodik, istərsə də ritmik məziyyətləri qabarıqlıqla açıb göstərə bilib. 1969-cu ildə “Ləzgihəngi” Parisdə və Fransanın bir çox şəhərlərində, eləcə də Lüksemburq və Monakoda göstərilib və tamaşaçıların rəğbətini qazanıb.

    1971-ci ildə Rauf Hacıyev xaricə işləməyə gedir. O, Mədəniyyət Nazirliyinin göndərişi ilə Əlcəzair Respublikasında mədəniyyət qrupuna rəhbərlik edir. Bu qrupun əsas məqsədi Əlcəzairdə musiqi təhsilinə, milli musiqiçi kadrlarının hazırlanmasına kömək göstərmək idi. Bununla əlaqədar R.Hacıyev və onun həmkarları istər Əlcəzair Milli Konservatoriyasında, istərsə də Buduau şəhərində yeni açılmış musiqi məktəbində müəllim kimi çalışırlar. Əlcəzairdə işləyərkən R.Hacıyev, eyni zamanda, bu ölkənin mədəniyyət tarixini də dərindən öyrənir, xalq musiqi nümunələrini toplayıb nota köçürür, onların məqam, melodik və ritmik xüsusiyyətlərini mənimsəyir. O, topladığı lirik havalar əsasında öz tələbələri üçün tədris repertuarı kimi bir sıra orijinal instrumental əsərlər bəstələyir. Onu da deyək ki, Əlcəzairdə ilk dram teatrı açıldıqdan sonra orada Milli Musiqi Teatrı da fəaliyyət göstərirdi. Həmin teatrın nəzdində balet truppası və milli xalq rəqsləri ansamblı da var idi. Bu milli teatr kollektivi üçün ilk baleti Rauf Hacıyev özü yazıb. “Üç inqilab” adlanan bu balet Əlcəzair Mədəniyyət Nazirliyinin sifarişi ilə bəstələnib. Əsərdə əsarətdən azad olmuş Əlcəzair xalqının yeni həyat quruculuğuna qədəm qoymasından söz açılır. İlk baletin uğurlarından ruhlanan R.Hacıyev daha sonra “Alov” və “Hürriyyət” adlı baletlərini də inqilab mövzusuna həsr edir. Baletdə Əlcəzair xalqının müstəqillik uğrunda mübarizəsindən söz açılır. Bu əsər Əlcəzair inqilabının tarixinə həsr olunub. Müəllif baletdə xalq və inqilabi mahnılardan, milli himndən sitat şəklində istifadə edib.

    Rauf Hacıyev ötən əsrin 60-cı illərindən başlayaraq ictimai işlərdə də fəal çalışıb. O, 1964-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına direktor, 1965-ci ildə isə Azərbaycanın mədəniyyət naziri təyin olunur. Nazir işlədiyi illərdə onun təşəbbüsü ilə Azərbaycan Dövlət Xor Kapellası, Mahnı Teatrı, Azərbaycan Dövlət Rəqs Ansamblı, eləcə də dünyada birinci Xalçaçılıq muzeyi açılır. Azərbaycan Bəstəkarlar İttifaqının V qurultayında idarə heyətinin birinci katibi, VI qurultayda isə idarə heyətinin katibi seçilib.

    Görkəmli bəstəkarımız Rauf Hacıyev 1995-ci il sentyabrın 19-da dünyasını dəyişsə də, onun musiqisi daim yaşayır və xalqımızın estetik baxımdan formalaşmasında, tamaşaçı və dinləyicilərin musiqi zövqünün inkişafında mühüm rol oynayır. Adını mədəniyyət tariximizə böyük hərflərlə yazdırmış fitri istedad sahibinin əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək. İnanırıq ki, Azərbaycan nə qədər varsa, Rauf Hacıyevin musiqisi, səhnə əsərləri daim yaşayacaq. Çünki onun yaradıcılığı ölməzdir.

  • Şuşada “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçiriləcək

    Bu gün Şuşa şəhərində Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimi keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli Sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və digər qonaqların iştirakı nəzərdə tutulur.

    Rəsmi açılış mərasimindən sonra qonaqlar Türk dünyasının incəsənət kollektivlərinin çıxışlarını izləyəcək, sərgilərlə tanış olacaqlar.

    Qeyd edək ki, 2022-ci il martın 31-də Türkiyənin Bursa şəhərində TÜRKSOY-a üzv ölkələrinin Mədəniyyət Nazirləri Daimi Şurasının qərarı ilə qədim muğam-sənət beşiyimiz Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmuşdu.

    Mayın 9-dan 11-dək Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalına TÜRKSOY ölkələrinin musiqi və rəqs qrupları, sənət adamları da qatılıb. Festival başa çatsa da, Şuşada Türk dünyası mədəniyyətinin təntənəsi hələ bir çox layihə və mərasimlərlə ilin sonunadək davam edəcək.

    Xatırladaq ki, “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin əsası 2010-cu ildə türkdilli ölkə başçılarının İstanbul şəhərində keçirilən 10-cu sammitində qoyulub. Qərara əsasən, Türk dünyasından hər il bir şəhər “mədəniyyət paytaxtı” elan edilir.

    Bu günə qədər Astana (2012, Qazaxıstan), Əskişəhər (2013, Türkiyə), Kazan (2014, Tatarıstan – Rusiya Federasiyası), Mərv (2015, Türkmənistan), Şəki (2016, Azərbaycan), Türküstan (2017, Qazaxıstan), Kastamonu (2018, Türkiyə), Oş (2019, Qırğızıstan), Xivə (2020, Özbəkistan) və Bursa (2022, Türkiyə) şəhərləri “Türk dünyasının mədəniyyət paytaxtı” olub. Şuşa bu missiyanı yerinə yetirən 11-ci şəhərdir.