Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Beynəlxalq Muzeylər Günü münasibətilə Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq

    Beynəlxalq Muzeylər Günü münasibətilə mayın 16-dan 18-dək Azərbaycan Milli Xalça Muzeyində silsilə tədbirlər təşkil olunacaq. Tədbirlər Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və “Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi” İctimai Birliyinin dəstəyi, Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

    Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, mayın 16-da, saat 12:00-da xüsusi yaradılmış “Çələbi” otağında 13 yaşdan yuxarı uşaqlar üçün Psixi Sağlamlıq Mərkəzinin psixoloqu Pərvin Müslümzadə “Mənim dünyam” adlı art terapiya seansı təqdim edəcək.

    Gənc nəsli iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi kimi əhəmiyyətli qlobal problemlərlə bağlı maarifləndirmək və onlara qarşı mübarizəyə təşviq etmək məqsədilə mayın 17-də, saat 16:00-da İqlim Dəyişmələri Mərkəzinin direktoru Cəmilə Məmmədova tərəfindən mühazirə keçiriləcək.

    Mayın 18-də, saat 12:00-da isə muzeyin balaca dostları üçün 132-134 nömrəli təhsil kompleksinin şagirdlərinin ifasında “Təbiətin səsi sən ol!” adlı interaktiv tamaşa göstəriləcək. Yerüstü ekosistemin mühafizəsi mövzusunda hazırlanan, insanları təbiəti sevməyə və qorumağa səsləyən tamaşa sonda məzmuna uyğun art obyektin nümayişi ilə bitəcək.

    Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il mayın 18-də dünyada müəyyən bir deviz altında qeyd olunur. Bu il isə ICOM tərəfindən “Muzeylər, dayanıqlılıq və rifah” devizi elan edilib.

  • Uşaq Filarmoniyası Ümummilli Liderə həsr olunmuş konsert təşkil edəcək

    Mayın 15-də Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Uşaq Filarmoniyası 292 nömrəli tam orta məktəbdə “El bilir ki, sən mənimsən” adlı konsert proqramı təşkil edəcək.

    Filarmoniyanın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakının Xəzər rayonunun Binə qəsəbəsində yerləşən məktəbdə keçiriləcək tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.

    Girişi sərbəst olan konsertdə Dövlət Uşaq Filarmoniyasının nəzdində fəaliyyət göstərən “Şəms” uşaq xoru, vokal sinfi, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi, “Sədəf” xalq çalğı alətləri ansamblının solistləri maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.

  • Milli İncəsənət Muzeyində Çin incəsənəti ilə tanışlıq məqsədilə “Açıq qapı” günləri keçiriləcək

    Azərbaycan Milli İncəsənət Muzeyinin, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində “Huawei Technologies Azerbaijan” MMC şirkətinin dəstəyi ilə mayın 13-dən 21-dək “Açıq qapı” günləri keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir.

    Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı multikultural layihəsinə daxil olan bu sərgi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlıdır.

    “Huawei” qonaqlara Çin sivilizasiyasının genişliyini və dərinliyini, qədim İpək yolunun canlılığını yaşamağa, iki ölkə arasında qarşılıqlı əməkdaşlığı və dostluğu dərinləşdirməyə dəstək göstərməkdən məmnundur.

    “Huawei” intellektual dünya ilə əlaqə yaratmaq üçün hər bir insana, evə və təşkilata rəqəmsal texnologiya çatdırmağa səy göstərir.

    Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” adlı sərgi çərçivəsində Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu tərəfindən müxtəlif mövzularda ustad dərsləri də həyata keçirilməkdədir.

     

  • Bu gün görkəmli bəstəkar Səid Rüstəmovun doğum günüdür

    Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Səid Rüstəmovun adı musiqisevərlərə yaxşı tanışdır. Professional musiqimizin, milli bəstəkarlıq məktəbinin banisi dahi Üzeyir bəydən dərs alan və onun yolunu, musiqi irsini layiqincə davam etdirən Səid Rüstəmovun adı musiqi tariximizin səhifələrinə əbədi yazılıb. O, görkəmli bəstəkar olmaqla yanaşı, pedaqoq, dirijor, ictimai xadim kimi də müstəsna xidmətləri ilə özünə əbədiyaşarlıq qazanıb. Ömründə bəstəkarın mahnılarından ən azı birini dinləmiş şəxs sanki bu nəğmənin sehrinə düşərək ondan qurtula bilmir. Gözəl, axıcı melodiyaları ilə seçilən bu mahnılar onu dinləyən hər kəsin qəlbinə yol tapmağa, insan hisslərinə hakim kəsilməyə qadirdir. Bəstəkarın "Anamın laylası", “Alagöz”, “Maralım, gəl”, “Qurban adına”, “Bənövşə”, “Haralısan” və onlarla digər mahnılarını xatırlamaq kifayətdir ki, onun bizə qoyub getdiyi irsin necə zəngin olduğunu dərk edək.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, dirijor, pedaqoq, Xalq artisti Səid Rüstəmovun anadan olmasından 116 il ötür.

    Səid Rüstəmov 1907-ci il mayın 12-də indi Ermənistan ərazisi olan tarixi yurdumuzda İrəvanda anadan olub. Səidin musiqiyə olan marağı İrəvanda ibtidai məktəbdə oxuduğu illərdə də nəzərə çarpıb. 1918-ci ildə İrəvanda baş verən erməni vəhşiliyi zamanı Səidgil qaçqın düşüb Türkiyəyə getsələr də, az vaxtdan sonra yenidən İrəvana qayıdıblar. Türkiyədən qayıtdıqdan sonra onlar evlərini dağılmış görüb, 1919-cu ildə Gəncəyə köçürlər. Burada ermənilər Səidin qardaşı Mirhüseyni öldürürlər. Ailə Gəncədə çox qalmayıb Ağdaşda məskunlaşır. Ailə Ağdaşa köçəndə Səidin 12 yaşı var idi. Bu yaşa qədər olan əzab-əziyyətli günlərə baxmayaraq, yeniyetmə Səidin musiqiyə marağı daha da artırdı. Tezliklə Rüstəmovlar ailəsi Bakıya köçür, Səid Müəllimlər Seminariyasına daxil olur. Həmin məktəbdə musiqi dərsləri keçilirdi. Səid burada truba çalmağı öyrənir. Balaca Səidin musiqidən əlavə rəsm çəkməyə də həvəsi olduğundan rəsm məktəbində məşğələlərə başlayır. Rəssamlıq məktəbi musiqi texnikumu ilə bir binada yerləşirdi. Səidin musiqi istedadı müəllimlərdən birinin diqqətini cəlb edir. O, Səidi Üzeyir Hacıbəylinin yanına aparır. Bu da Səidin taleyini həll edir. S.Rüstəmov 1924-cü ildə musiqi məktəbinin xalq çalğı alətləri şöbəsinə qəbul olunur.

    Səid Rüstəmov 1926-cı ildə Müəllimlər Seminariyasını bitirdikdən sonra Süleyman Sani Axundovun müəllimi olduğu 19 nömrəli birinci dərəcəli məktəbə müəllim təyin olunur. Gənc, tələbkar müəllim şagirdlərin dərin hörmətini qazanır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirir. Səid Rüstəmovu digər sənətkarlardan - sənət dostlarından fərqləndirən cəhətlərdən biri də budur ki, o, pedaqoji fəaliyyətə ümumtəhsilin əsaslarını öyrədən məktəbdən başlayıb.

    Səid Rüstəmovun müxtəlif vaxtlarda Müəllimlər Seminariyasını, daha sonralar Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirməsi, pedaqogikanı, habelə ayrı-ayrı fənlərin tədrisi metodlarını bilməsi, bu sahədə müəyyən təcrübə keçməsi onun musiqi təhsili sahəsində ustad pedaqoq kimi tanınmasına zəmin yaradıb.

    Musiqi məktəbləri üçün "Not savadı" dərsliyinin əsas tərtibçilərindən biri olanda da, ilk "Tar məktəbi" dərs vəsaitini yazanda da, 1931-ci ildə respublikamızda notla çalan ilk xalq çalğı alətləri orkestrinin bədii rəhbəri və baş dirijorunun köməkçisi, sonralar isə orkestrin bədii rəhbəri və baş dirijoru, Fioletov adına klubun mahnı və rəqs ansamblının (1945), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəhbəri vəzifəsində çalışanda da öyrətmək məharəti ilə tanınan pedaqoq kimi nəzərə çarpıb. O, tar və dirijorluq ixtisası üzrə gənc musiqiçi kadrlarının hazırlanması işinə də xüsusi diqqət yetirib.

    Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkan baxımından köhnəlməyən, daim aktualdır. Mahnı S.Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək-zəhmət, lirik-məhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib.

    Bəstəkarın yaradıcılığında instrumental əsərlər də böyük yer tutur. Bu mənada yenə xalq çalğı alətləri orkestri üzərində dayanacağıq. Çünki S.Rüstəmov “Azərbaycan süitası”nı, “Sevinc” rəqsini və digər əsərlərini məhz bu orkestr üçün yazıb.

    S.Rüstəmovun pedaqoji fəaliyyətinin mühüm bir dövrü Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlı olub. O, bu mötəbər ali musiqi təhsili ocağında xalq musiqisi kafedrasının yaradıldığı vaxtdan istedadlı tarzənlərin yoluna işıq tutub. Dahi Üzeyir Hacıbəylinin vəfatından sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri vəzifəsinə seçilməsi və 1953-cü ilədək həmin postda ustad müəllimin adına layiq çalışması həm də onun ictimai xadim kimi yetişməsini göstərirdi.

    S.Rüstəmov dəfələrlə Bakı şəhər sovetinə deputat seçildiyi illərdə də zəhmətkeşlərin mədəni həyat səviyyəsinin yüksəlməsi naminə yorulmadan çalışırdı. O, SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü kimi də geniş, məqsədyönlü iş aparıb. Onun səsi-sorağı beynəlxalq konqreslərdən ən mötəbər məclislərdən gəlirdi. O, dəfələrlə xalq çalğı alətləri ifaçıları üçün keçirilən ümumdünya və ümumittifaq festivallarında münsiflər heyətinin sədri və üzvü olub.

    Böyük sənət fədaisi, alovlu vətənpərvər Səid Rüstəmovun geniş, çoxcəhətli fəaliyyəti gərgin əməyi layiqincə qiymətləndirilib. O, 1938-ci ildə Əməkdar incəsənət xadimi, 1957-ci ildə isə Xalq artisti fəxri adlarına, 1951-ci ildə isə SSRİ Dövlət mükafatına layiq görülüb.

    S.Rüstəmov 1983-cü il iyunun 10-da vəfat etsə də o, daima Azərbaycan musiqi sənəti tarixində yaşayır. Çünki bəstəkarın adı həm xalq çalğı alətləri orkestri, həm də əsərləri ilə qoşa çəkilir. Hələ neçə-neçə nəsillər böyük bəstəkarın yaradıcılıq irsindən dərs alıb, onun sənət çeşməsindən bəhrələnəcək.

  • “Nar”dan yeni xidmət: “İmzalı zəng”

    “Nar”, abunəçiləri üçün zənglərə şəxsi imzasını qoymağa imkanı verən yeni “İmzalı zəng” xidmətini təqdim edib. Belə ki, sizin zənginizi qəbul edən şəxs nömrəniz ilə yanaşı, təyin etdiyiniz mətni yəni, imzanızı da görə bilir. Beləliklə, kim olduğunuz və nə üçün zəng etdiyiniz dərhal anlaşılır.

    “İmzalı zəng” xidmətinə qoşulmaq üçün abunəçilər 5111 nömrəsinə SMS vasitəsilə START yaza və ya *511#YES şifrəsini yığıb açılan meynuda 1 yazaraq abunəliklərini təsdiqləyə bilərlər.

    Korporativ tariflər üçün “İmzalı zəng” xidmətinin aylıq abunə haqqı 1,99 AZN, öncədən ödənişli tariflər üçün isə gündəlik istifadə haqqı 0,10 AZN təşkil edir. Həmçinin, qeyd edilən xidməti sınaq müddətində yoxlamaq imkanı da var: korporativ abunəçilər 30 gün, fərdi istifadəçilər isə 3 gün pulsuz istifadə edə bilərlər. “İmzalı zəng” xidməti haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

    Qeyd edək ki, “Nar” müştəriyönümlülük siyasətinə sadiq qalaraq, abunəçilərinə hər zaman innovativ xidmətlər təqdim edir. Mobil operatorun bütün məhsulları haqqında nar.az saytından ətraflı məlumat əldə edə bilərsiniz.

    “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

  • Adil Kərimli: Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumu keçiriləcək

    Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq geniş tədbirlər planı hazırlanıb. TÜRKSOY, Azərbaycan Respublikasının müvafiq nazirlikləri və digər dövlət qurumları, habelə digər əlaqədar təşkilatlarla birgə illik tədbirlərin və bir sıra yeni layihələrin həyata keçirilməsi gündəlikdədir. Bu xüsusda, böyük məmnuniyyət hissi ilə elan etmək istərdim ki, oktyabr ayında planlaşdırılan Nazirlərin Daimi Şurası çərçivəsində Şuşada Birinci Türk Dünyası Mədəniyyət Forumunun keçirilməsi nəzərdə tutulur.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı–2023” ilinin rəsmi açılış mərasimində deyib.

    “Forum coğrafiyamızda mədəniyyət üçün çalışan bütün maraqlı tərəfləri bir araya gətirməyi və birgə mədəniyyətimizin inkişafına daha ciddi töhfə verməyi planlaşdırır. İnanıram ki, Azərbaycanın bu təşəbbüsü həm bizim həmkarlar, həm beynəlxalq təşkilatlar, həm də elmi dairələrimiz və yaradıcı sənayelərimiz tərəfindən dəstəklənəcək. Şuşa ötən əsrlərdə mədəniyyətimizdə, klassik musiqimizdə bir sıra yenilikləri ilə tarixə düşdü. Əminəm ki, Şuşada keçiriləcək Birinci Türk Dünyası Mədəniyyət Forumu da XXI əsrin türk əsrinə çevrilməsi üçün mədəni əlaqələrin inkişafında yeni üfüqlər yaradacaq, bizim ən güclü ortaq platformalarımızdan birinə çevriləcək”, - deyə mədəniyyət naziri vurğulayıb.

  • Adil Kərimli: Bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır

    Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, türk dünyası tərəfindən Şuşaya olunan xüsusi ehtiramın təzahürüdür. Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir. Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılıb, talan edilib. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb.

    AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi açılış mərasimində deyib.

    Nazir vurğulayıb ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır: “Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

  • “CanSat Azərbaycan 2023” müsabiqəsinin finalı keçiriləcək

    Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") Elm və Təhsil Nazirliyi ilə birlikdə təşkil etdiyi “CanSat Azərbaycan 2023” tələbə model peyk müsabiqəsinin final gününə hazırlıqlar davam edir.

    Report xəbər verir ki, bu il sayca 5-ci olacaq “CanSat Azərbaycan 2023” müsabiqəsinin artıq 2 mərhələsi – “Qeydiyyat” və “Layihələndirmə” mərhələləri geridə qalıb.

    Hazırda peyk modellərinin “Reallaşdırma” mərhələsi davam edir. Bu mərhələdə ölkənin 10 təhsil müəssisəsini təmsil edən 76 tələbədən ibarət 15 komanda iştirak edir.

    İyunun 29-da baş tutacaq “Uçuş öncəsi yoxlamalar və final uçuş” mərhələsinə keçən iştirakçı komandaların siyahısı gələn ay elan ediləcək və finalçılar məlum olacaq.

  • “Avroviziya-2023”ün final mərhələsinin bütün iştirakçıları bəlli olub

    “Avroviziya-2023” beynəlxalq musiqi yarışmasının finalına çıxan ölkələr məlum olub.

    Reportun məlumatına görə, Liverpulda baş tutan müsabiqənin nəticələri açıqlanıb.

    Nəticələrə əsasən Albaniya, Kipr, Estoniya, Belçika, Avstriya, Polşa, Avstraliya, Litva, Ermənistan və Sloveniya finala vəsiqə qazanıblar.

    Xatırladaq ki, daha əvvəl Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri finala çıxıblar.

    Müsabiqənin finalı mayın 13-də keçiriləcək.

    Qeyd edək ki, bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.

  • Milli heykəltaraşlıq məktəbinin ilk nümayəndəsi

    Bu gün Xalq rəssamı Fuad Əbdürrəhmanovun doğum günüdür

    Xalq rəssamı Fuad Əbdürrəhmanovun yurd sevgisinin nəhayətsizliyindəndir ki, yaratdıqları heykəllər ictimailəşdirdikləri gündən xalqın əvəzolunmaz mənəvi sərvətinə çevrilməklə, hər birimiz tərəfindən bənzərsiz qürur qaynağı kimi qəbul olunmaqdadır. Zamanın axarında onun Bakını və Gəncəni bəzəyən Nizami Gəncəvinin, paytaxtda qərarlaşan Səməd Vurğun, Mehdi Hüseynzadə və "Azadlıq” abidələrinin bədii gücünə görə zamansızlığa qovuşmaları da dediklərimizi təsdiqləyir.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli heykəltaraş, tanınmış tişə ustası, Xalq rəssamı Fuad Əbdürrəhmanovun anadan olmasından 108 il ötür.

    Azərbaycan incəsənət tarixinə öz adını əbədi daxil etmiş görkəmli incəsənət xadimi Fuad Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəkidə anadan olub. Görkəmli heykəltaraş yaradıcılığa portret janrı ilə başlayıb, 30-cu illərdə Azərbaycan mədəniyyət xadimlərinin büst-portretlərini (Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundzadə, Üzeyir Hacıbəyli, Asəf Zeynallı), həmçinin "Atıcı" (1934), "Gənc aşıq" (1939) və ilk monumental əsəri olan Füzulinin heykəlini (1939, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında) yaradıb. Sovet İttifaqı qəhrəmanları G.Əsədovun, İ.Məmmədovun, Q.Məmmədovun, İkinci Dünya müharibəsi qəhrəmanı H.Əliyevin portretləri, Cavanşir, Babək və Koroğlunun barelyeflərində obrazlar dərin psixologizmi və ifadəliliyi ilə seçilir.

    F.Əbdürrəhmanovun yaradıcılığında monumental heykəltaraşlıq mühüm yer tutur. Nizaminin Gəncədə və Bakıdakı abidələri, Bakıda S.Vurğunun abidəsi və s. əsərləri Azərbaycan monumental heykəltaraşlığının ən yaxşı nümunələrindəndir. 1950-1960-cı illərdə yaratdığı "Çoban", "Azərbaycanlı qadın", "Azadlıq", "Azad qadın" və s. əsərlərində milli xüsusiyyətlər zəngindir.

    Monqolustanın görkəmli dövlət xadimləri Suxe-Bator və marşal X.Çoybalsanın büst-abidələri (hər ikisi mərmər, 1954, MXR, Ulan-Bator), Rudəki (tunc, 1963), S.Ayninin (tunc, 1964) portretləri, Düşənbədə Rudəkinin (tunc, qranit, 1964, memar M.Hüseynov; SSRİ Rəssamlıq Akademiyasının qızıl medalı), Buxarada İbn Sinanın (tunc, qranit, açılışı 1975 ildə olmuşdur; memar H.Muxtarov) abidələri və s. monumental əsərləri Fuad Əbdürrəhmanova şöhrət qazandırmışdır. Ömrünün son illərində o, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit, 1973 ildə Bakıda açılışı olmuşdur; memar M.Hüseynov) yaratmışdır.

    Görkəmli incəsənət xadimi, Xalq rəssamı Fuad Əbdürrəhmanov 1971-ci il iyunun 15-də Bakıda vəfat edib.