Mayın 13-14-də Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ANAİB Birinci Naxçıvan Kitab Sərgisi açılacaq.
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən (ANAİB) AZƏRTAC-a bildirilib ki, ANAİB, “Naxçıvan” Universiteti və “Hədəf” Şirkətlər Qrupunun təşkilatçılığı, eləcə də “Sirab” ASC-nin və “Hədəf” kurslarının sponsorluğu ilə Naxçıvan Universitetində təşkil olunacaq sərgidə tanınmış qələm və incəsənət adamları ilə görüş keçiriləcək, eyni zamanda oxucular öz sevimli müəllifləri ilə ünsiyyət qura biləcəklər.
Sərgi çərçivəsində tanınmış yazıçılar Elxan Elatlı, Varis, Zahid Xəlil və şair Rüstəm Behrudinin imza mərasimləri olacaq. Eyni zamanda, E.Elatlı yeni romanı olan “Belçika ovçarka”sını oxucularına təqdim edəcək.
Bundan başqa kitab sərgisində təlimçi Orxan Şahbaz “Naxçıvanlılar nə oxuyur?”, təhsil texnoloqu Şəmil Sadiq “Çevrənin hissələri – müəllim, şagird və valideyn”, Təhsil Tələbə Krediti Fondu İdarə Heyətinin sədr müavini Bəhruz Əzimov “Təhsil tələbə krediti nədir?”, dilçi alim Rafiq İsmayılov “Oxuyub anlama – təhsildə metabacarıq kimi”, Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı və professor Qulu Məhərrəmli “Azərbaycan jurnalistikası dünəndən bu günə” panelləri ilə çıxış edəcəklər. Sərginin qonaqları sırasında qiraətçi Xəzər Süleymanlı da var.
Sərgi çərçivəsində ssenari müəllifi Arif Əliyev, prodüseri Tahir Tahiroviç olan “Əsgərlər unudulanda ölürlər” filminin təqdimatı da nəzərdə tutulur.
Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Rəsm Qalereyasının dəstəyi, “Karvan” Art Qrupun təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Qarabağ” adlı sərgi təşkil olunacaq.
AZƏRTAC xəbər verir ki, sərgi mayın 17-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində (Ünvan: Bakı şəhəri, Rəşid Behbudov küçəsi 3) açılacaq.
Sərginin əsas məqsədi Qarabağ və Şərqi Zəngəzurun Ermənistanın işğalı dövründə ermənilər tərəfindən dağıdılmış maddi və mədəni irsimizi, bu coğrafiyanın təbiət gözəlliklərini, tarix-memarlıq abidələrini və etnoqrafik xüsusiyyətlərini bəşər mədəniyyətinin çox qiymətli inciləri kimi ictimaiyyətin diqqətinə çatdırmaqdır.
Sənətşünas Xanım Rzayevanın kuratorluğu ilə təşkil olunacaq sərginin ekspozisiyasında “Karvan” Art Qrupuna üzv olan 13 rəssamın (Cavid Mammadov (Qrup rəhbəri), Əməkdar rəssam Ülviyyə Həmzəyeva, İntiqam Ağayev, Günel Ravilova, İlqar Tahiri, Məhərrəm Əli, Nigar Familsoy, Vüsalə Şərifova, Aynurə Mustafayeva, Ülvi Yadigarlı, Murad Zevnalov, Hüsevn Kəngərli, Rauf Şamilzadə) əsəri yer alacaq.
İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dayandırılıb.
Bu barədə Reporta Dövlət Xidmətindən məlumat verilib.
Aparılan audit yoxlamaları nəticəsində müəyyən edilmiş təhlükəsizlik risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Qusar Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyyəti dayandırılıb.
Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə çatışmazlıqlar aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.
Görkəmli yazıçı və parlaq şəxsiyyət Maqsud İbrahimbəyov XX əsr Azərbaycan ədəbiyyatının simvollarından birinə çevrilib. Deyilənə görə, yazıçı üçün əsas tanınma onun yaratdığı personajların onun özünü yaşatmasıdır. Maqsud İbrahimbəyovun hekayə və povestlərinin qəhrəmanları – böyüklər və uşaqlar – milyonlarla oxucu üçün yaxşı tanış və dost olub. İndi də onlarla yeni nəsil tanış olmağa davam edir və indiki yeniyetmələrin qəlbində Maqsud İbrahimbəyovun təxəyyül gücü ilə doğulan, onun qələmi ilə canlanan həmyaşıdlarının macəraları və həyəcanları, onların özləri ilə baş verir, canlı əks-sədasını tapır.
AZƏRTAC xəbər verir ki, bu gün görkəmli yazıçı, kinodramaturq, rejissor Maqsud İbrahimbəyovun anadan olmasından 88 il ötür.
Maqsud İbrahimbəyov 1935-ci il may ayının 11-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1955–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsində ali təhsil alıb. 1962–1964-cü illərdə Moskvada Ali ssenari kurslarında, 1971–1973-cü illərdə isə Ali rejissor kurslarında oxuyub.
Əmək fəaliyyətinə 1960-cı ildə Azərbaycan Tikinti Nazirliyinin Ağır Sənaye İnşaatı Trestində mühəndis kimi başlayan Maqsud İbrahimbəyov sonralar burada müxtəlif vəzifələrdə çalışıb, 1964-1971-ci illərdə SSRİ Mərkəzi Televiziya və Radio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib. Sonrakı illərdə o, bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.
Maqsud İbrahimbəyov qısa müddət ərzində istedadlı nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. Ötən əsrin altmışıncı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Böyük oxucu dairəsinə malik olan yazıçının əsərləri Ümumittifaq səviyyəsində geniş yayılan “Novıy mir”, “Yunost” və digər jurnallarda kütləvi tirajla çap edilərək ədəbiyyatşünaslar və tənqidçilər tərəfindən yüksək qiymətləndirilib. Onun pyesləri Moskvanın “Malıy teatr”ı kimi mötəbər səhnələrində və ittifaq üzrə onlarla teatrda tamaşaya qoyulub. Onun "Mezozoy əhvalatı", "Bayquş gəlmişdi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün — ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib. Yazıçının əsərləri bir çox dünya dillərinə tərcümə edilərək müxtəlif ölkələrdə çap olunub. Müasir ədəbiyyatın görkəmli simalarından olan Maqsud İbrahimbəyov öz yaradıcılığı ilə bədii fikrin zənginləşdirilməsinə töhfələr verib.
"Qəza", "Bir az da sevinc", "Eşitmədiyim mahnı", "Qoy o bizimlə qalsın" və s. kitabları Moskva nəşriyyatlarında kütləvi tirajla buraxılıb. "Bayquş gəlmişdi" və "Bütün yaxşılıqlar üçün — ölüm!" əsərlərinə görə ona 1976-cı ildə Azərbaycan SSR Dövlət mükafatı verilib.
Hazırda Bakıda fəaliyyət göstərən Maqsud İbrahimbəyovun adını daşıyan mərkəz yazıçının irsini yaşatmaq və təbliğ etmək üçün yeni-yeni layihələr həyata keçirir.
Maqsud İbrahimbəyov 22 mart 2016-cı ildə Bakı şəhərində gecə saatlarında vəfat edib. 23 mart 2016-cı ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçirilərək I Fəxri xiyabanda dəfn edilib.
Görkəmli yazıçı və ictimai xadim Maqsud İbrahimbəyovun işıqlı xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.
Yaxın gələcəkdə Azərbaycanda Çin iə müştərək sənaye parkının yaradılması planlaıdırılır.
Bunu Reporta müsahibəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.
“Düşünürük ki, bu cür sənaye parkının yaradılması ilə, biz iqtisadiyyatımıza Çindən daha çox investisiya cəlb edə bilərik”, - deyə T. Nadiroğlu qeyd edib.
O vurğulayıb ki, Azərbaycanın Çindəki Ticarət nümayəndəliyi tərəfindən mütəmadi olaraq çinli potensial investorlarla görüşlər keçirilir, onlara ölkəmizin biznes mühiti, habelə sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında və işğaldan azad edilmiş ərazilərdə investorlar üçün təklif olunan imtiyazlar, eləcə də vergi güzəştləri və azadolmaları haqqında ətraflı məlumat təqdim edilir: “İl ərzində Azərbaycanın biznes mühiti və investisiya potensialı haqqında forumlar keçiririk, beynəlxalq tədbirlərdə təqdimatlarla çıxış edirik. Təbii ki, bu istiqamətdə fəaliyyətimizi və səylərimizi davam etdirəcəyik”.
T. Nadiroğlu vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərimizin bərpa və yenidənqurma işlərinə çinli investorların cəlb edilməsi istiqamətində də işlər görülməkdədir.
Onun sözlərinə görə, 1995-ci ildən bu günə kimi Çin investorları Azərbaycana ümumilikdə 920 milyon ABŞ dolları məbləğində birbaşa investisiya yatırıb. Azərbaycanda 200-dən çox Çin kapitallı şirkət qeydiyyatdan keçib və bu rəqəm ildən-ilə artmaqdadır. Çin şirkətləri Azərbaycanda sənaye, enerji, infrastruktur, informasiya texnologiyaları, ticarət, kənd təsərrüfatı və digər sahələrdə fəaliyyət göstərir.
Şuşada artıq 3-cü gündür ki, davam edən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının sonuncu günü də maraqlı təqdimatlarla yaddaqalandır.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivalda mayın 11-də də Şuşanın müxtəlif məkanlarını əhatə edən tədbirlər zamanı “Natiq Ritm” qrupunun, Ənvər Sadıqov və “Qaytağı” instrumental ansamblının çıxışları olub.
Bu il Çinin Pekin, Çendu və Şenyanq şəhərlərində Azərbaycanın daha üç ticarət evinin açılması planlaşdırılır.
Bunu Reporta müsahibəsində Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.
“Made in Azerbaijan” məhsullarının Çinə ixracının artırılması və bu ölkədə məhsullarımızın təbliği məqsədilə, 2018-ci ildən etibarən Çinin müxtəlif şəhərlərində yerli tərəfdaşların dəstəyi ilə Azərbaycan ticarət və şərab evləri açmağa başladı. Hazırda Şanxay, Urumçi, Çindao, Harbin, Cinan, Vuhan, Canciaciye kimi şəhərlərdə dörd ticarət evi, üç şərab evi və dörd ticarət bölməsi fəaliyyət göstərir”, - deyə ticarət nümayəndəsi qeyd edib.
T.Nadiroğlu vurğulayıb ki, Çinin məhşur “JD.com” elektron ticarət platformasında onlayn “Azərbaycan Ticarət Evi”də fəaliyyətdədir: “Bu ticarət evləri, Çində “Made in Azerbaijan” məhsulları ilə yanaşı, ölkəmizin investisiya, nəqliyyat-tranzit və turizm potensialının təbliğində də önəmli rol oynamaqdadır. Bu cür ticarət evlərinin sayının artması ilə daha çox çinli vətəndaşın ölkəmizlə yaxından tanış olmaq imkanı yaranır”.
Münhendə keçirilən "Air Cargo Europe" sərgisi zamanı Xəzər dənizi və Mərkəzi Asiya regionlarının aparıcı yükdaşıma aviaşirkətlərindən biri olan "Silk Way West Airlines", "Euroavia International" şirkəti ilə birgə 23-25 oktyabr 2023-cü il tarixlərində Bakı, JW Marriott Absheron hotelində keçiriləcək "Caspian Air Cargo Summit 2023" tədbir haqqında elan etdi.
Bu tədbir sənayedəki tendensiya, problem və imkanları müzakirə etmək üçün dünyanın hər yerindən hava yükdaşımaları sahəsinin əsas oyunçularını bir araya gətirəcək.
"Caspian Air Cargo Summit 2023" logistika, nəqliyyat, e-ticarət və müxtəlif digər mövzuları əhatə edəcək. İştirakçılar fikir və təcrübə mübadiləsi aparmaqla yanaşı yeni biznes imkanlarını araşdıra biləcəklər. "Caspian Air Cargo Summit 2023" tədbirinin cəlbedici və maraqlı olacağı gözlənilir və "Silk Way West Airlines" hər zamankı kimi bütün iştirakçılar üçün faydalı və məhsuldar təcrübə təmin etməyə hazırdır.
“Caspian Air Cargo Summit 2023"ün bu il yenidən gündəmə gəlməsindən şadıq. Bu, Mərkəzi Asiya regionunda bir nömrəli hava yükdaşıma sammitidir və dünya üzrə rəhbər heyətin bir araya gələcək əsas ticarət dəhlizlərindən birinin mərkəzidir. Tədbir iştirakçılara regionda hava yüklərinin artımı ilə bağlı aktual məlumatlar əldə etmək, həmçinin faydalı əlaqələr qurmaq imkanı verəcək. Biz Mərkəzi Asiyanın aparıcı hava yükdaşıyıcısı olaraq dünyanın hər yerindən gələn iştirakçıları səbirsizliklə gözləyirik”, - "Silk Way West Airlines"ın prezidenti cənab Volfqanq Mayer bildirib.
"Euroavia International"ın təsisçisi və direktoru Lars Qunnar-Komen əlavə edib: “Caspian Air Cargo Summit 2023"ün dörd illik fasilədən sonra bu il təkrar keçirilməsindən çox şadam. "Caspian Air Cargo Summit" hər zaman geniş imkanları ilə hava yükdaşımaları üzrə aparıcı mütəxəssisləri Bakıya cəlb edib. Builki tədbir Avropa-Asiya ticarət yolu, elektron ticarət, yük təyyarələri, daşınmada yeniliklər, təchizat zənciri və qlobal bazarın imkanları kimi mövzuları əhatə edəcək. "Caspian Air Cargo Summit 2023" hava yükdaşımaları sənayesindəki ən son yenilikləri öyrənmək üçün mükəmməl bir platformadır”.
"Caspian Air Cargo Summit 2023" tədbirində sponsorluq imkanları və qeydiyyat haqqında ətraflı məlumat üçün www.caspiancargosummit.com saytına daxil olun. Tədbirə qeydiyyat artıq açıqdır.
Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş "Silk Way West Airlines" Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 12 müasir Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən "Silk Way West Airlines" 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün "Boeing" ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqaviləyə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə "Airbus" ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib.
Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500 000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir. Silk Way West Airlines şirkəti haqqında ətraflı məlumat üçün www.silkwaywest.com saytına daxil olun.
"Euroavia International" 1988-ci ildə yaradılıb və hava limanları və aviasiya sənayesi üzrə peşəkar xidmətlər təklif edir. Şirkət hava yükdaşımaları sektorunda ən son tendensiyalara xüsusi diqqət ayıraraq, aviasiya ilə bağlı konfranslar təşkil edir. 1999-cu ildən etibarən "Euroavia International" Afrika, Avropa, Yaxın Şərq və Şərqi Asiyanın 13 ölkəsində 47 konfrans təşkil etmişdir. Həmçinin Nordic Air Cargo Symposium, The Future of Norwegian Seafood Air Logistics və World Cargo Summit kimi digər müvəffəq tədbirlər də həyata keçirib.
“Kontakt” mağazalar şəbəkəsi ölkənin şimal sərhədində - Xaçmazda ilk mağazasının səs-küylü rəsmi açılışını edib.
Xaçmaz sakinləri şəbəkənin həmin rayondakı ilk mağazasını böyük sevinclə qarşılayıblar.
Açılışda canlı musiqi, şou-proqram, əyləncə, hədiyyəli oyunlar balacadan-böyüyə hamının marağına səbəb olub. Həmin gün Xaçmazlılar həm də əsl italyan qəhvəsinin dadına baxıb, gecə boyunca mağaza imkanlarından yararlanıblar.
Şəbəkə bölgə sakinlərinin ürəyini endirimli qiymətləri ilə də fəth edə bilib. Onlar evlərinə lazım olan 30 000 çeşiddə məhsulları 50%-'ə qədər endirimlə alıb, hələ üstəlik endirimli qiyməti yerindəcə düz 3 aya bölüblər.
Hissəli alış zamanı isə “Kontakt” müştərilərinə istənilən smartfonu ilkin ödənişsiz, 12 ay faizsiz, televizor, məişət əşyaları, qab-qacaqları 18, mebelləri isə 24 aylıq ilkin ödənişsiz, faizsiz, ən vacibi isə heç bir komissiya olmadan əldə etmək şansı yaradıb. Bütün sərfəli imkanlar hal-hazırda da müştəriləri sevindirməyə davam edir. Mayın 14-nə qədər bütün Xaçmaz və ətraf rayon sakinləri çox sərfəli fürsətləri dəyərləndirə bilərlər.
Ev konseptli bu mağazada evinizdəki rahatlığı tapacağınıza əminik. Mağaza 1400 kvadrat metr sahəyə malik olub, 3 mərtəbədə alıcılarına rəqəmsal, məişət, mebel, ev tekstili, qab-qacaq və digər elektronika əşyalarının ən zəngin çeşidini təqdim edir. Bildirək ki, şəbəkənin Xaçmaz mağazası paytaxtdakı mağazalardan seçilməyərək özündə ən son texnoloji məhsulları cəmləşdirib.
Əziz Xaçmazlılar, odur ki, fürsət bu fürsətdi deyib Nəriman Nərimanov 6 küçəsində yerləşən “Kontakt Home” mağazasından yolunuzu mütləq salın. Ətraflı məlumat üçün *6060 Çağrı Mərkəzi ilə əlaqə yarada bilərsiniz.
Mayın 10-da Şuşa şəhərində müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “İz” adlı sənədli film nümayiş etdirilib.
AZƏRTAC xəbər verir ki, filmin nümayişində dövlət və hökumət rəsmiləri, hazırda Şuşada keçirilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının qonaqları, tanınmış mədəniyyət, incəsənət və elm xadimləri iştirak ediblər.
Heydər Əliyev Fondu tərəfindən təqdim edilən ekran əsərində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs olunub. Filmin ssenarisi Ümummilli Lider Heydər Əliyevin çıxışları əsasında onun siyasi fəaliyyətinin müxtəlif dövrlərini əhatə edir.
Filmdə Ümummilli Liderin həyatı, Azərbaycana və xalqa bağlılığı, Azərbaycanın müstəqil dövlət kimi qüdrətlənməsi, Qarabağın işğaldan azad edilməsi istiqamətində apardığı ardıcıl siyasətdən bəhs olunur. Eyni zamanda, işğal altındakı torpaqlarımızın Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə otuz illik işğaldan azad olunması, respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, bununla da Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinin və arzularının reallaşması da filmdə yer alıb.