Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Nardaranda SOCAR brendli modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib

    Nardaran qəsəbəsində “SOCAR” brendli modul tipli yanacaqdoldurma stansiyası (YDS) istifadəyə verilib.

    Bu barədə Report Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir.

    “SOCAR Petroleum”a məxsus modul tipli YDS Nardaran qəsəbəsi dalan 31, Mikayıl Müşfiq küçəsi ünvanında yerləşir. “Sea Breeze Resort” ərazisindəki yanacaqdoldurma stansiyasında 2 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da həm kiçik, həm də iritutumlu avtonəqliyyat vasitələrinin yanacaqla təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Həmçinin YDS-də nağdsız satış üçün POS-terminallar da fəaliyyət göstərəcək.

    Qeyd edək ki, yeni YDS ərazisi seçilərkən həmin ərazidə yaşayan əhalinin yanacağa tələbatının yüksək olması əsas götürülüb. Həmçinin yaxın zamanda yanacaqdoldurma stansiyasında müştərilər üçün bir sıra kampaniyaların keçirilməsi nəzərdə tutulur.

    Nardaranda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində "SOCAR" brendli YDS-lərin sayı 48-ə çatdırılıb. Xatırladaq ki, onlardan 5-i işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında fəaliyyət göstərir.

    “SOCAR Petroleum” QSC-nin strateji inkişaf planına uyğun olaraq, bu sahədə işlər davam etdirilir. Bununla da ölkə ərazisində müasir standartlara cavab verən “SOCAR” brendli yanacaqdoldurma stansiyalarının sayı dinamik inkişafla artırılır", - məlumatda deyilir.

  • Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Bakıda ICOMOS tərəfindən beynəlxalq təlim keçirilir

    Mayın 8-də Bakıda Dövlət Turizm Agentliyi, UNESCO yanında Abidələr və Tarixi Yerlər üzrə Beynəlxalq Şuranın (ICOMOS) və ICOMOS Azərbaycan Milli Komitəsinin birgə təşkilatçılığı ilə “Ümumdünya irsi peşəkarlarının bacarıqlarının gücləndirilməsi” adlı beynəlxalq təlim proqramı işinə başlayıb.

    AZƏRTAC xəbər verir ki, tədbirin açılış mərasimində çıxış edən Dövlət Turizm Agentliyi sədrinin müavini Azadə Hüseynova yer üzündə ən əhəmiyyətli mədəni məkanlar olan dünya irs ərazilərinin mühafizəsi və idarə olunmasının xüsusi bacarıqlar tələb etdiyini qeyd edib.

    Bu sahədə bacarıq və biliklərin gücləndirilməsi dünya mədəni irsinin qorunması baxımından böyük önəm kəsb etdiyini söyləyən Azadə Hüseynova təlim proqramının ümumdünya irs obyektlərinin mühafizəsi sahəsində bacarıqları artırmaq, qarşılıqlı öyrənmək, təcrübə mübadiləsi aparmaq üçün unikal imkan yaratdığını bildirib.

    Azadə Hüseynova Ümumdünya İrs Siyahısına daxil olan Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzinin Dövlət Turizm Agentliyi tərəfindən idarə olunduğunu xatırladaraq bu qoruqdakı mədəni-tarixi abidələrin gələcək nəsillər üçün qorunması istiqamətində davamlı addımlar atıldığını vurğulayıb.

    “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə Azərbaycanda bu səviyyəli tədbirin təşkilinin dünya irs ərazilərinin mühafizəsi, mədəni irs obyektlərinin bərpası və konservasiyası sahəsində ekspertlərin praktiki biliklərinin artırılması baxımından böyük önəm daşıdığını bildirib.

    Daha sonra ICOMOS Prezidenti Teresa Patrisionun görüş iştirakçılarına videomüraciəti təqdim olunub.

    Qeyd edilib ki, ilk dəfə olaraq ICOMOS təşkilatının dəvəti ilə dünyanın müxtəlif regionlarını əhatə edən 17 ölkədən olan ekspertlər, mədəni irs sahəsində mütəxəssislər Bakıya gəliblər. Tədbir iştirakçıları arasında İsrail, Fransa, Polşa, Gürcüstan, Türkiyə, Bolqarıstan, Sloveniya, Rusiya, Rumıniya, Moldova, Gürcüstan, Pakistan, Qazaxıstan, Özbəkistan, Misir, Oman və digər ölkələrdən mütəxəssislər var.

    Mayın 12-dək davam edəcək tədbir çərçivəsində Ümumdünya İrs Konvensiyasının qayda və prosedurları, o cümlədən UNESCO-nun Ümumdünya İrs Ərazilərinin seçim meyarları, bu ərazilərin idarə olunmasına mənfi təsirlər və risklər barədə müzakirələr və təcrübə mübadiləsi aparılacaq.

    Tədbirin praktiki hissəsinin Ümumdünya İrs Ərazisi olan İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksində keçirilməsi nəzərdə tutulur.

  • Ölkəmizdə qoruqları ziyarət edənlərin sayı artıb

    Azərbaycandakı qoruqları ziyarət edənlərin sayında kifayət qədər artım var.

    AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova bildirib.

    “Qoruqların saxlanılmasında vətəndaşlardan əldə olunan gəlirlər mühüm rol oynayır. Agentliyin tabeliyində Qoruqları İdarəetmə Mərkəzi var. Bu publik hüquqi şəxs əldə etdiyi gəlirləri qoruqların maddi təminatının yaxşılaşdırılması, problemlərinin həll edilməsi istiqamətində xərcləyir”, - deyə o qeyd edib.

  • Sentyabrda “Xınalıq kəndi və Köç yolu”nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq

    Bu ilin sentyabr ayında "Xınalıq kəndi və Köç yolu"nun UNESCO-nun mədəni irs siyahısına salınması məsələsinə baxılacaq.

    AZƏRTAC xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

    “Xınalıq mədəni landşaftı və Köç yolu adlı nominasiya sənədi ilə bağlı xeyli iş görülüb. Artıq UNESCO-nun Ümumdünya İrs Siyahına daxil edilməsi üçün UNESCO-nun Dünya İrs Komitəsinə təqdim edilib və qiymətləndirmə ərəfəsindədir. Verilən qərara uyğun olaraq bu ilin sentyabr ayında Komitənin iclasında müzakirəyə çıxarılacaq. Nominasiya sənədinin özəlliyi bundan ibarətdir ki, ilk dəfə yerli mütəxəssislər tərəfindən hazırlanıb”, - deyə Azadə Hüseynova bildirib.

    Xatırladaq ki, “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya qoruğu ölkə prezidentinin 19 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılıb. Dövlət Turizm Agentliyinin tabeliyində olan qoruqda mədəniyyət və turizm əhəmiyyətli tarixi, memarlıq, arxeoloji, etnoqrafik, numizmatik və digər abidələr yerləşir.

  • Qubada “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusunda konfrans təşkil olunub

    Qubada Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” konfransı keçirilib.

    AYB-dən AZƏRTAC-a bildirilib ki, konfransda ölkənin ədəbi elitası, gənc ədiblər, bölgə ədibləri bir araya gəliblər.

    Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətiriblər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açıblar.

    Əvvəlcə konfrans iştirakçıları Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

    Sonra xüsusi olaraq konfrans üçün hazırlanmış “Heydər Əliyev və Azərbaycan” sənədli filmi nümayiş olunub.

    Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun baş direktoru Varis Yolçiyev konfransı açaraq tədbirin məramı və mahiyyətindən danışıb.

    Xalq yazıçısı, AYB-nin sədri Anar Ümummilli Lider barədə xatirələrini bölüşüb.

    Daha sonra Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonaqları salamlayaraq Heydər Əliyev şəxsiyyətinin səciyyəvi xüsusiyyətlərini diqqətə gətirib.

    Xalq şairi Sabir Rüstəmxanlı Ulu Öndərin Azərbaycanın azadlıq və müstəqillik hərəkatına münasibətindən söz açıb, ardıcıl görüşləri barədə xatirələrini danışıb.

    Heydər Əliyev barədə ən fundamental bədii və sənədli nümunələrin müəllifi, Xalq yazıçısı Elmira Axundova “Əbədiyaşar məhəbbət: Zərifə və Heydər Əliyevlər barədə” kitabının necə yaranmasından, Ulu Öndərlə ünsiyyətlərindən söz açıb.

    Milli Məclisin deputatı Jalə Əliyeva “Heydər Əliyev və Ana dilimiz”, Azərbaycan milli kulturologiya elminin banisi, “Simurq” Assosiasiyasının prezidenti Fuad Məmmədov “Heydər Əliyev və yeni mədəniyyət konsepsiyası”, Milli Məclisin deputatı, yazıçı Aqil Abbas “Ulu Öndərin sənət adamlarına diqqət və qayğısı”, Mətbuat Şurasının sədri, AYB-nin sədr müavini Rəşad Məcid “Sözün qədirbiləni”, təhlükəsizlik məsələləri üzrə ekspert, ehtiyatda olan polkovnik Seymur Şeydayev “Heydər Əliyev yazıçılarımızı KQB-nin qanlı caynağından necə xilas etdi”, Azərbaycan Respublikasının birinci dərəcəli fövqəladə və səlahiyyətli elçisi Səyyad Aran “Heydər Əliyevlə Yaponiyaya səfərimizin təəssüratları” mövzularında çıxışlar ediblər.

    Konfransda habelə AYB-nin dramaturgiya bölməsinin müdiri Firuz Mustafa, Rəsul Rza mükafatı laureatı, professor Əlibala Məhərrəmzadə, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı, Milli Məclisin mədəniyyət eksperti Əkbər Qoşalı, yazıçı, kinodramaturq, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu, AYB-nin Uşaq Ədəbiyyatı bölməsinin müdiri Qəşəm Nəcəfzadə, AYB-nin Poeziya bölməsinin müdiri İbrahim İlyaslı, AYB-nin Quba təşkilatının rəhbəri Ramiz Qusarçaylı Ümummilli Liderin sözün və söz adamlarının necə keşiyində dayanması barədə dolğun məruzələr söyləyiblər.

    İki günlük konfrans zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı keçirilib.

    Kitabın redaktoru AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli “Əbədi ömrün yüz ili” kitabının ərsəyə gətirilməsi tarixçəsi barədə danışıb, kitabda xatirələri yer almış Sabir Rüstəmxanlı, Rəşad Məcid, Elçin İskəndərzadə xatirələrini dilə gətiriblər.

    Konfrans çərçivəsində tədbir işçiləri Quba Soyqırımı Kompleksini də ziyarət ediblər.

  • “Min bir gecə” baleti Ümummilli Liderin 100 illiyi münasibətilə yenidən səhnədə

    Mayın 17-də Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun “Min bir gecə” baleti nümayiş olunacaq.

    AZƏRTAC xəbər verir ki, tamaşanın nümayişi Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunacaq.

    Təqdim olunacaq balet tamaşasında əsas rolları Əməkdar artistlər Anar Mikayılov, Nigar İbrahimova, aparıcı solistlər Ayan Eyvazova və Seymur Qədiyev ifa edəcəklər.

    Tamaşanın dirijoru Orxan Həşimov, balet truppasının bədii rəhbəri Kamilla Hüseynovadır

    Biletlər şəhərin bütün kassalarında və iticket.az saytından əldə etmək olar.

  • Milli Kitabxanada növbəti virtual sərgi - “Ümummilli Lider Heydər Əliyev – 100”

    Mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyevin anadan olmasının 100-ci ili tamam olur.

    Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Liderin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir.

    Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanması, heç də təsadüfi deyil. Prezident İlham Əliyevin apardığı quruculuq işləri və həyata keçirdiyi uzaqgörən siyasət sayəsində əldə olunan nailiyyətlər bir daha təsdiq edir ki, Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikasına başçılıq etdiyi illər ərzində ölkəmizin müstəqilliyi istiqamətində həyata keçirdiyi geniş miqyaslı işlər Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində öz bəhrəsini verir. Ulu Öndərin Azərbaycan xalqı və dövlətinin gələcək inkişafı naminə irəli sürdüyü ideyaları bu gün yaşayır və zəfər çalır.

    AZƏRTAC xəbər verir ki, yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Ümummilli Lider Heydər Əliyev – 100” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Ulu Öndər haqqında görkəmli şəxslərin fikirləri, haqqında materiallar, fotolar, Heydər Əliyev irsi, onun Azərbaycan tarixində, mədəniyyətində, elmin inkişafında rolu haqqında kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.

  • İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.

    Report xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov dövlət başçısına Şuşa şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri haqqında məlumat verib.

    Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu tərəfindən 2020-ci il noyabrın 8-də Şuşa şəhəri işğaldan azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanılıb. Mütəxəssislər tərəfindən şəhərin su mənbələrinin, magistral xətlərin, paylayıcı şəbəkələrin və digər hidrotexniki qurğuların mövcud vəziyyəti araşdırılıb. Məlum olub ki, şəhəri içməli su ilə təmin edən mənbələr və magistral kəmərlər erməni vandallar tərəfindən məqsədli şəkildə dağıdılıb və şəhərə suyun nəqli dayandırılıb.

    Təxirəsalınmaz Tədbirlər Proqramına uyğun olaraq, Kiçik Kirs mənbəyinin və Kiçik Kirs-Şuşa magistral su kəmərinin qəzalı hissələri qısa müddətdə təmir olunub və 2020-ci il noyabrın 25-də Şuşa şəhərinə suyun verilişi bərpa edilib. Eyni zamanda, Şuşa şəhərinin digər mənbəyi - Zarıslı sugötürücü qurğusunun, uzunluğu 14,3 kilometr olan Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələrinin bərpasına başlanılıb və 2020-ci il dekabrın 20-də bu mənbədən şəhərə suyun verilməsi təmin edilib.

    Şəhərin perspektiv inkişafı nəzərə alınaraq, həmçinin ilin müəyyən dövrlərində Kiçik Kirs və Zarıslı mənbələrində məhsuldarlığın kəskin azalması səbəbindən alternativ su mənbəyinin yaradılması layihəsinin icrasına başlanılıb. Bu məqsədlə Daşaltı kəndinin yaxınlığında, Zarıslı çayının məcrasında tutumu 25 min kubmetr təşkil edən sutoplayıcı anbar, nasos stansiyası və diametri 159 millimetr, uzunluğu 2,9 kilometr olan yeni təzyiqli kəmər inşa edilib, eyni zamanda, diametri 325 millimetr, uzunluğu 9,3 kilometr olan Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 kilometrlik hissəsi diametri 530-426 millimetr olan borularla əvəzlənib. Görülmüş işlərin nəticəsində 2022-ci ilin dekabrında yeni mənbədən suyun verilməsi ilə şəhərdə yaşayış olan evlər, dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

    Dövlət başçısı nasos stansiyasını işə salıb.

    Məlumat verilib ki, 2040-cı ilə perspektiv inkişaf nəzərə alınmaqla hazırlanan Şuşa şəhərinin su təchizatı, kanalizasiya və yağış suları sisteminin yenidən qurulması layihəsi 25 min nəfərin tələbatının ödənilməsinə hesablanıb. Layihəyə əsasən şəhərin orta gündəlik su tələbatı 105 litr-saniyə təşkil edir. Şəhərə içməli su mövcud Kiçik-Kirs, Zarıslı mənbələrindən, həmçinin Zarıslıçay su anbarından veriləcək. Gələcəkdə Zarıslıçay su anbarı genişləndiriləcək və tutumu 25 min kubmetrdən 7,5 milyon kubmetrə çatdırılacaq. Eyni zamanda, məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğu inşa olunacaq. Şəhərin su təchizatında dayanıqlığın təmin olunması məqsədilə ümumi həcmi 6 min kubmetr olan 3 su anbarı layihələndirilib və hazırda onlardan birinin tikintisi davam etdirilir.

    Layihəyə əsasən, Şuşa şəhərində 24 kilometr magistral su kəməri, 44 kilometr içməli, 42 kilometr tullantı və 41 kilometr yağış su şəbəkələri inşa olunacaq. Şəhərdə formalaşan tullantı suların tam təmizlənib zərərsizləşdirilməsi məqsədilə məhsuldarlığı sutkada 8 min kubmetr olan qurğu inşa ediləcək. Qurğuda emal edilərək təmizlənən su ekoloji duruma zərər vurmadan Qarqarçaya axıdılacaq. Şuşa şəhərində yaradılan yeni infrastruktur “Ağıllı su” sistemi əsasında idarə olunacaq. Suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsi, hidravlik rejimlər və digər proseslər SCADA sistemləri vasitəsilə onlayn rejimdə tənzimlənəcək. 2023-cü ilin ikinci yarısında məhsuldarlığı sutkada 8 min kubmetr olan içməli sutəmizləyici qurğunun inşası nəzərdə tutulur ki, bu işlərə də 7,4 milyon manat vəsait sərf olunacaq.

  • Çin Azərbaycandan 20 milyon dollarlıq şərab sifariş edib

    Azərbaycandan Çinə şərab ixracı üzrə imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində ötən ay 20 milyon ABŞ dolları dəyərində məhsul sifariş edilib.

    Bunu Reporta Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.

    "Bu əməkdaşlıq növbəti 5 ili və daha uzun müddəti əhatə edəcək", - Ma Çi bildirib.

    Onun sözlərinə görə, Azərbaycanın Çinin müxtəlif şəhərlərində ticarət evləri fəaliyyət göstərir: “Çoxlu çinli istehlakçılar bu ticarət evlərinə ziyarət edirlər”.

    Müşavir deyib ki, bu ilin noyabr ayında Şanxayda böyük sərgi keçiriləcək: “Sərgidə azərbaycanlı iş adamları da iştirak edə bilər və bu, öz növbəsində Azərbaycan məhsullarının Çinə ixracı üçün əlavə imkanlar yaradacaq. Sərgidə Azərbaycanın milli pavilyonunu yaratmağı dəvət edirik. Ötən ilki sərgidə 40 ölkədən 3 min şirkət iştirak edib və imzalanmış müqavilələrin dəyəri 70 milyard ABŞ dolları təşkil edib”.

    İki ölkə arasında ticarət dövriyyəsinin artırılmasında Orta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizi) əhəmiyyətli rol oynadığını bildirən Ma Çi qeyd edib ki, çoxlu sayda Çin şirkəti bu marşruta diqqət yetirir: "Son iki ildə biz Orta Dəhlizin təşviqində çox ciddi irəliləyiş əldə etdik. İndi Azərbaycanın səyi ilə Bakı Limanı və Çinin ən böyük limanlarından biri olan Qinqdao Limanı arasında əhəmiyyətli və ciddi əməkdaşlıq qurulur, yaxın gələcəkdə bunun nəticəsini görəcəyik”.

    Xatırladaq ki, Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon ABŞ dolları olub. Bu, 2021-ci illə müqayisədə 21,3 % çoxdur. Azərbaycanda 100-dən çox Çin şirkəti fəaliyyət göstərir.

  • Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunda yeni elektron tərəzi açılıb

    Bu gün Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrliyində Türkiyənin “ASELSAN” şirkəti ilə birgə yeni texnologiyaya əsaslanan elektron tərəzinin açılışı olub.

    Bu barədə Reporta Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Məlumata görə, avtomobil yolları sektorunda həyata keçirilən layihələrdə nəzərə alınmalı əsas məsələlərdən biri də yeni texnologiyaların və innovasiyaların tətbiqi ilə yolların istismar müddətinin uzadılması, təhlükəsizlik və digər tələblərin təmin edilməsidir. Ümumi istifadədə olan avtomobil yollarının qorunması üçün iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına yol verilməməsində yeni texnologiyaların tətbiqi və bu sahədə tələblərin pozulmasına görə inzibati tənbehvermə haqqında elektron qərarın çıxarılması imkanını yaradan müvafiq elektron tərəzilərin yollarda quraşdırılması işləri 2 mərhələ üzrə aparılır. Avtomobil yollarının konstruktiv-mühəndisi xüsusiyyətləri nəzərə alınmaqla, I mərhələdə 11 yerdə olmaqla, yolun sağ və sol tərəflərində cəmi 19 tərəzinin quraşdırılması nəzərdə tutulub. Layihənin 2024-cü ilin oktyabr ayına qədər yekunlaşdırılması planlaşdırılır.

    II mərhələdə 20 yerdə avtomobil yollarının sağ və sol tərəflərində 29 tərəzinin quraşdırılması nəzərdə tutulub. Məlumatların vahid mərkəzdə toplanılması üçün tərəzilərin idarəetmə mərkəzinin yaradılması planlaşdırılır. Bununla əlaqədar iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələri tərəfindən törədilən inzibati xəta elektron tərəzi vasitələrinin köməyi ilə aşkar edilərək elektron qərarın çıxarılmasının təmin olunması üçün Daxili İşlər Nazirliyinin elektron məlumat bazasına məlumatların ötürülməsinin təmin edilməsi istiqamətində də müvafiq işlər görülməkdədir.