Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Heydər Əliyev İli” ilə əlaqədar olaraq “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində sənədli film istifadəçilərə təqdim edilib.
Kitabxanadan AZƏRTAC-a verilən məlumata görə, üç hissədən ibarət olan sənədli film Ulu Öndər Heydər Əliyevin müxtəlif virtual məkanda paylaşılan videogörüntülərindən hazırlanıb. “Tarix yaradan şəxsiyyət – Heydər Əliyev 100” layihəsi çərçivəsində hazırlanmış sənədli film kitabxananın rəsmi vebsaytında https://ryl.az/virtual/multimediya yerləşdirilib.
Sənədli filmin birinci hissəsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı ilə müstəqilliyimizi xilas etdiyi çətin, mürəkkəb dönəmi əhatə edir. Bu hissədə Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdışı ilə bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasının qoyulması və Azərbaycan xalqının, dövlətçiliyinin, eyni zamanda müstəqilliyimizin xilas edilməsi yolunda Ulu Öndərin müdrik, fədakar fəaliyyətini əks etdirən görüntülər yer alır. Ümummilli Liderin müstəqil Azərbaycanın quruculuğu sahəsində olan misilsiz fəaliyyətdən, ölkənin çətin, mürəkkəb dövrlərində nümayiş etdirdiyi uzaqgörən siyasətindən, Azərbaycanın müstəqil dövlət kimi dirçəlməsindən, dünya miqyasında tanınmasından, demokratik, hüquqi dövlətin qurulmasından bəhs edən bu hissədə Ulu Öndər Heydər Əliyevin yerli və beynəlxalq tribunalardan ölkə müstəqilliyi, onun əldə edilməsi, həmçinin qorunub saxlanılması mövzusunda səsləndirdiyi dəyərli fikirləri, nitqləri öz əksini tapıb.
İkinci hissə Qarabağ problemi fonunda Heydər Əliyevin siyasi-ideoloji, hərbi-diplomatik fəaliyyətini əks etdirir. Burada xalq, millət üçün çətin və mürəkkəb olan bu dönəmdə Ümummilli Liderin zəbt edilmiş əzəli və əbədi Azərbaycan torpaqlarının bir gün həqiqi sahiblərinə qayıdacağına dair olan qəti əminliyi, inamı əks olunur. Bu hissədə Ulu Öndərin Qarabağ probleminə olan qətiyyətli yanaşması, dəyişməz mövqeyi, dünya miqyaslı siyasətçilərlə olan diplomatik görüşləri, danışıqları yer alır. Bu gün qazanılan Qarabağ Zəfərinin Heydər Əliyev ideyalarının təntənəsi olması materialda əks olunur.
Elm, təhsil, mədəniyyət və incəsənətin müxtəlif aspektlərini əks etdirən üçüncü hissədə isə Ulu Öndərin bu sahələrə göstərdiyi möhtəşəm qayğıdan bəhs edilir. Müxtəlif elm, mədəniyyət nümayəndələri ilə görüşlərdən, tədbirlərdən ibarət görüntülərin yer aldığı bu hissədə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan elminin, mədəniyyətinin həqiqi himayədarı, təəssübkeşi olduğu bütün aydınlığı ilə təqdim olunur. Burada həmçinin Ulu Öndərin iştirakı ilə Şuşada Vaqif, Naxçıvanda Cavid məqbərələrinin inşası, görkəmli mədəniyyət nümayəndələri Rəşid Behbudov, Müslüm Maqomayev, Niyazi haqqında söylədiyi dəyərli fikirlər yer alır.
Mayın 10-da Milli Kitabxanada Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə tədbir və kitabxananın əməkdaşları tərəfindən hazırlanan “2023 – Heydər Əliyev İli” adlı ənənəvi kitab sərgisi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə gördüyü çoxşaxəli işlərdən danışılıb.
Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasının və bütövlükdə Azərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhs edilib.
Vurğulanıb ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Tədbir çərçivəsində “2023 – Heydər Əliyev İli” adlı geniş kitab sərgisinin açılışı və “Azərbaycan xalqının Ümummilli Lideri – Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı oldu. Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər http://anl.az/el/emb/H.Aliyev/index.htm linkindən istifadə edə bilərlər.
Sonda tədbir iştirakçıları sərgi ilə tanış oldular.
“Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası (AMA), Azərbaycan Kulturoloqlar Cəmiyyəti və “Simurq” Kulturoloqlar Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Heydər Əliyev və Azərbaycanın sosial-mədəni inkişafı” mövzusunda “Mədəniyyət və cəmiyyət” kulturoloji seminarı keçirilib.
AZƏRTAC xəbər verir ki, seminarı giriş sözü ilə açan Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov Ulu Öndərin həyat və fəaliyyətinin Azərbaycan mədəniyyətində böyük təsir izlərinə malik olmasından danışıb. Qeyd edib ki, onun böyük şəxsiyyətlə görüşmək imkanı olmasa da, dahi liderin elmin və təhsilin, mədəniyyət və incəsənətin inkişafına göstərdiyi qayğını hər zaman hiss edib. Böyük şəxsiyyətin məhz bu sahələrə zamanında göstərdiyi diqqət və qayğı kulturoloji cəhətdən təhlil edilməli, cəmiyyətə çatdırılmalıdır.
“Simurq” AMA-nın vitse-prezidenti Svetlana Bayramova bildirib ki, bu il Azərbaycanın çağdaş tarixinin ən böyük şəxsiyyəti Heydər Əliyevin 100 illiyidir. Azərbaycanın bugünkü mənzərəsinin təməlində məhz xalqımızın böyük oğlu Heydər Əliyevin uzaqgörən siyasəti dayanmışdır. Azərbaycan uğrunda tarixən mübarizələr getmişdir, sərhədlərimizin genişləndiyi, kiçildiyi vaxtlarımız da olub. Lakin sabit dövlətçilik məfkurəsinə, ümumxalq sevgisi qazanan Heydər Əliyevin siyasi ayıqlığı sayəsində Azərbaycan 90-cı illərin o ağır xaotik vəziyyətdən xilas edildi: “O, necə deyərlər, bütün döyüşlərin, mübarizələrin qalibi olan sərkərdə, böyük şəxsiyyətdir. Onun xalqımıza ən böyük xidmətlərindən biri də özünü əvəz edəcək layiqli kadr hazırlaması, Azərbaycanın gələcəyini etibarlı ələ təhvil verməsi oldu. Məhz Prezident İlham Əliyevin sayəsində Azərbaycan uzun illər həsrətində olduğumuz, mənim də uşaqlıq xatirələrimin zəngin olduğu Şuşa şəhərini düşməndən geri aldı, bütün Qarabağımızı geri qaytardı. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən, müdrik siyasəti idi”.
Əməkdar elm xadimi Şahlar Əsgərov bildirib ki, Heydər Əliyev Tanrı tərəfindən bu xalq göndərilmiş seçilmiş insan idi. O çox çətin sınaqlardan, gərgin, məşəqqətli günlər keçsə də öz xalqına sadiqliyini bir an belə tərk etmədi, mübarizəsindən bir addım belə geri dayanmadı. O öz həyatında çox böyük işlər görüb. Onun şah əsərlərindən biri də Azərbaycanda dövlət quruculuğu idi. Dövlət quruculuğu prosesini uğurla keçməsi, möhkəmlənməsi Heydər Əliyevin əvəzolunmaz xidmətidir. Onun dövlət quruculuğu prosesinin ikinci mərhələsi Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə apardığı müqəddəs mübarizə ilə tamamlandı.
Sonra kulturoloq-alim, professor “Simurq” AMA-nın prezidenti Fuad Məmmədov Azərbaycanın sosial-mədəni inkişafının problemləri barədə məruzəylə çıxış edib və “Simurq” assosiasiyasının yerli və beynəlxalq elmi-ictimai arenalarda göstərdiyi fəaliyyətdən söhbət açıb.
Seminarda alimlər, müəllimlər, tələbələr, media nümayəndələri, müxtəlif ictimai və dini təşkilatların nümayəndələri iştirak ediblər.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə “Şahdağ” Turizm Mərkəzinin bir qrup əməkdaşı dahi liderin adını daşıyan, Şahdağ Milli Parkının ərazisində Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, dəniz səviyyəsindən 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”nə yürüş təşkil edib.
Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yürüş iştirakçıları əvvəlcədən müəyyənləşdirilmiş marşrut əsasında, xüsusi bələdçinin müşayiəti ilə zirvəyə qalxaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, Dövlət bayrağını dalğalandırıblar.
Bu gün Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan görkəmli ictimai-siyasi, dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyi tamam olur.
Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Heydər Əliyev İli və kitabxanalar” adlı metodik vəsait hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə Heydər Əliyevin həyatı və ictimai-siyasi fəaliyyəti, “Müstəqil Azərbaycanda kitabxana quruculuğunun banisi” adlı məqalə, kitabxanalarda Heydər Əliyev irsinin təbliği ilə əlaqədar tövsiyələr, “Əlavələr” bölməsində isə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında”, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi haqqında” sərəncamları, “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”, həmçinin Ulu Öndərin kitab və kitabxana haqqında müdrik kəlamları, dünyanın və Azərbaycanın görkəmli elm, mədəniyyət və siyasi xadimlərinin Ümummilli Lider haqqında söylədikləri fikirlər və s. məlumatlar verilmişdir.
Metodik vəsait ilə tanış olmaq istəyənlər http://anl.az/down/Lider100.pdf linkindən istifadə edə bilərlər.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva instaqram hesabında Şuşa şəhərində təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalından fotolar paylaşıb.
Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə Liverpul şəhərində “Avroviziya-2023” beynəlxalq mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.
AZƏRTAC xəbər verir ki, müsabiqədə ölkəmizi TuralTuranX “Tell me more” mahnısı ilə təmsil edən Tural və Turan əkiz qardaşları mübarizəni dayandırıblar.
Finala isə Xorvatiya, Moldova, İsveçrə, Finlandiya, Çexiya, İsrail, Portuqaliya, İsveç, Serbiya və Norveç təmsilçiləri keçiblər.
Müsabiqənin ikinci yarımfinalı mayın 11-də, finalı isə mayın 13-də keçiriləcək.
Bu il 67-ci dəfə təşkil olunacaq “Avroviziya” mahnı müsabiqəsində 37 ölkə təmsil olunur.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq.
Report xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq.
Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, ehtiyat qatarların xəttə buraxılması qaydası diqqətdə saxlanılacaq. Zərurət yaranacağı təqdirdə qatarlar xəttə veriləcək.
Axşam saatlarından başlayaraq şəhər mərkəzi və kütləvi tədbirlərin keçiriləcəyi məkanlara yaxın stansiyalarda növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi cəlb ediləcək.
“Azərsu” ASC Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirib.
Reportun “Azərsu”ya istinadən verdiyi məlumata görə, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Azərsu” ASC-nin Tədbirlər Planına uyğun olaraq ağacəkmə aksiyası keçirilib.
“+ 82 Şərq” su anbarı ərazisində təşkil olunmuş ağacəkmə aksiyasında Abşeron yarımadasının iqliminə uyğun müxtəlif növ meyvə və həmişəyaşıl ağaclar əkilib. Suya qənaət edilməsi məqsədilə ağacların suvarılması üçün damcı suvarma sistemi quraşdırılıb.
Aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etməkdən ibarətdir.
Regionun qadın liderliyinə həsr edilən ən böyük tədbirlərindən biri olan "SHE Congress" mayın 17-də "JW Marriott Absheron Baku"da baş tutacaq.
2017-ci ildə fəaliyyətə başladığı ilk gündən "SHE (Smart, Happy, Equal) Congress"in missiyası qadınların şəxsi və peşəkar inkişaflarına dəstək olmaq, həmçinin həyatın bütün sahələrində gender bərabərliyini təşviq etmək olub. Şəbəkələşmək, öyrənmək və təcrübə mübadiləsi üçün unikal platforma təqdim etməklə, "SHE Congress" Azərbaycanda və regionda qadın liderliyi sahəsində aparıcı qüvvəyə çevilib.
Qadınlar üçün hüquq və imkanların artırılmasına yönəlmiş məqsədyönlü sistemli dəstəyi ilə "SHE Congress" 5 nömrəli Dayanıqlı İnkişaf Məqsədinin (Sustainable Development Goals) - gender bərabərliyinin və bu siyahıya daxil edilən digər məqsədlərin əldə edilməsinə mühüm töhfə verir və dünyanın daha ədalətli və dayanıqlı olmasına kömək edir.
Builki tədbir “ÖZ HƏYATINA SAHİB OL” ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq. Qadınları öz potensiallarını tam reallaşdırmağa həvəsləndirmək üçün nəzərdə tutulmuş intensiv tədbir proqramına müxtəlif ölkələrdən və sahələrdən dəvət olunmuş görkəmli spikerlərin təqdimatları, panel müzakirələri və ən əsası, qarşılıqlı ünsiyyət daxildir. "SHE Congress" hər zaman qadınlara təhsil almağa, bizneslərini inkişaf etdirməyə, karyeralarını yüksəltməyə və şəxsi balanslarını tapmağa kömək edən ideyalar, alətlər və resurslar məcmusu kimi çıxış edib.
"SHE Congress"inin təsisçisi, sahibkar Tatyana Mikayılova qeyd edir: "11 ildən artıqdır ki, məşğul olduğum qadın liderliyinin inkişafı proqramlarında əsas ideya qadının seçim hüququ olması mövsuzuna köklənir. Bu istənilən sahəyə aiddir. Məhz Azərbaycan 1917-ci ildə müsəlman dünyasında qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Qadınların həyatın bütün sahələrində tam şəkildə iştirakı təkcə sosial ədalət məsələsi deyil, həm də ölkənin və regionun iqtisadi yüksəlişi və davamlı inkişafı üçün zəruri şərtdir. "SHE Congress"in məqsədi qadınlara təhsilin həyat boyu təmin etdiyi imkanları və şəxsi böyümə və inkişafa sərmayəni göstərməkdir".
"SHE Congress" qadın liderliyinin inkişafına dəstək verən təşkilatlarla əməkdaşlıq etməkdən qürur duyur. Məhz onların sayəsində tədbirdə iştirak ödənişsizdir və bu da maariflənməyi daha əlçatan etməyə imkan verir. "SHE Congress"in uzunmüddətli tərəfdaşı olan KOBİA (İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi) qadın sahibkarlığının iqtisadiyyat üçün əhəmiyyətini açıq şəkildə nümayiş etdirir. Platinum tərəfdaş olan "Yelo Bank", "Mastercard" kimi maliyyə sektoru tərəfdən dəstək göstərir. "Azercell"in qızlar və qadınlar üçün dəstək proqramları mövcuddur və SHE ilə əməkdaşlıq böyük səyləri bir araya gətirən sinerjidir. Tədbirin tərəfdaşları "Bosch" və "Braun" gender bərabərliyinin dəstəklənməsinə yönəlmiş proqramlar sahəsində beynəlxalq liderlərdir, onlar üçün "SHE Congress"ə dəstək Azərbaycanda və bütün regionda qadınlara dəstəyin ifadəsidir. "Femmes Digitales" daha çox qadına özlərini texnologiya sənayesi və dəqiq elmlərdə sübut etməyə kömək edir, "Crimson Education" isə dərin anlayış ilə həyatın istənilən mərhələsində təhsilin əhəmiyyəti və dəyəri haqda ideyanı təbliğ edir.
"SHE Congress"in rəsmi media tərəfdaşları – “REPORT”, “TREND”, “APA, “1NEWS”, “FINANCETIME” “ROCKVELL” və “BİZİM YOL” media resurslarıdır.
"SHE Congress" qadın liderliyinin gücünə inanan və qlobal şəkildə müsbət dəyişikliyə nail olmaq üçün qadın sərbəstliyinə dəstək verənlər üçündür. Qiymətli transformasiya təcrübəsinin bir hissəsi olmaq şansınızı qaçırmayın!