Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

    Hər il Azərbaycanda 9 May – Faşizm üzərində Qələbə Günü kimi qeyd olunur. Çünki İkinci Dünya müharibəsi illərində xalqımız həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərib. Müharibə illərində Azərbaycanın 600 mindən çox igid oğul və qızı cəbhəyə yollanıb, Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçib. 170 mindən çox azərbaycanlının orden və medallarla təltif edilməsi, 130 nəfər həmyerlimizin isə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi buna əyani sübutdur. Əgər o vaxt Azərbaycan nefti cəbhəyə göndərilməsəydi, bu müharibə qələbə ilə bitə bilməzdi. İndi Azərbaycanda 1941-45-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu gənc nəslin ideoloji-mənəvi, hərbi vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilib. Bu gün öz həyatımıza görə borclu olduğumuz, bəşəriyyətin xilası naminə göstərdikləri misilsiz hünərləri qəhrəmanlıq salnaməsinə əbədi yazılmış igid oğulların və qızların adları yaddaşımızdan silinməyərək bizləri, bu gün yaşayan insanları daim Vətən qarşısında borcumuzu unutmamağa çağırır.

    AZƏRTAC xəbər verir ki, bu münasibətlə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “9 May - Faşizm üzərində Qələbə Günü” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə Azərbaycanın görkəmli şəxslərinin qələbə günü haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitab və məqalələr nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/9_May_Fasizm_uzerinde_qelebe_gunudur/index.htm linkindən istifadə edə bilərlər.

  • Bu gün görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun doğum günüdür

    Azərbaycan musiqi mədəniyyəti tarixinə bəstəkar istedadı, pedaqoq məharəti, ictimai xadim nüfuzu ilə daxil olmuş Soltan Hacıbəyov aydın yaradıcılıq siması, saf, şairanə dünya görüşü ilə fərqlənib. O, xalq sənəti xəzinəsindən və dünya musiqi təcrübəsindən faydalanaraq müxtəlif janrlarda özünəməxsus üslubda epik vüsəti, dərin lirizmi və dolğun məzmunu ilə səciyyələnən qiymətli əsərlər yaradıb. Azərbaycan simfonik musiqisinin təşəkkülü və inkişafında onun mühüm xidmətləri var. Geniş diapazonlu yaradıcılığa malik bəstəkar simfoniya, simfonik lövhə və süitaları, həmçinin opera və balet, dram tamaşalarına musiqi, mahnı və romansları ilə Azərbaycanın mədəniyyət xəzinəsini daha da zənginləşdirib.

    AZƏRTAC xəbər verir ki, bu gün görkəmli bəstəkar, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasından 104 il ötür.

    Soltan Hacıbəyov 1919-cu il mayın 8-də ulu mədəniyyət mərkəzimiz Şuşada dünyaya gəlib. Onun bəstəkar, görkəmli musiqiçi kimi yetişməsində, formalaşmasında xalq musiqisinin böyük təsiri olub. Soltan Hacıbəyovun yaradıcılıq yolu ötən əsrin 30-cu illərin axırı, 40-cı illərin əvvəllərinə təsadüf edir. Bu dövr Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əhəmiyyətə malik idi. Respublikada gənc, istedadlı bəstəkarların bütöv bir nəsli yetişir. Öz yaradıcılığında onlar Üzeyir Hacıbəylinin mütərəqqi ənənələrini davam etdirir, eyni zamanda, S.Prokofyevin, D.Şostakoviçin nailiyyətlərindən bəhrələnirdilər. 1930-cu ildə S.Hacıbəyov Bakıya köçür, 1936-cı ildən öz əmisi Üzeyir Hacıbəylinin ailəsində yaşayır və tərbiyə alır.

    Orta məktəbi bitirdikdən sonra musiqi texnikumuna daxil olan S.Hacıbəyov truba sinfində oxuyur. Eyni zamanda, o, musiqili komediya teatrında dirijor vəzifəsində çalışır. Bəstəkarın yaradıcılıq fəaliyyəti məhz bu dövrdən başlayır. Onun ilk əsəri xor və simfonik orkestr üçün yazılmış “Pioner kantata”sı və “Qızıl gül” musiqili komediyasıdır. “Qızıl gül” əsəri 1940-cı ildə Bakı Musiqili Komediya teatrının səhnəsində böyük müvəffəqiyyətlə tamaşaya qoyulur. 1939-cu ildə bəstəkar Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə, professor Zeydmanın sinfinə daxil olur. O zaman xalq musiqisinin əsaslarını bilavasitə Ü.Hacıbəyli özü tədris edirdi.

    Konservatoriyada oxuduğu illərdə bəstəkar seçdiyi sənətin texnikasına daha dərindən yiyələnmək üçün müxtəlif janrlara müraciət edir. O, iki prelüd və fortepiano üçün sonata, “Çiçəklərin söhbəti”, “Neft haqqında nəğmə” mahnılarını, “Quşcuğaz”, “Tənha yelkən ağarır” romanslarını, simli kvartet, simfonik variasiyalar yazır.

    İkinci Dünya müharibəsi illərində S.Hacıbəyov qəlbi vətən məhəbbəti ilə alovlanan mərd, sadə insanların qəhrəmanlığına həsr olunmuş bir sıra əsərlər yazır. “Döyüşçülər nəğməsi”, 416-cı Taqanroq diviziyasına həsr edilmiş xalq çalğı alətləri orkestri üçün marş əsərləri buna misaldır. Ötən əsrin 40-cı illərində milli simfoniya janrı inkişaf etməyə başlayır. Buna həm də xalqın yadelli işğalçılara qarşı mübarizəsi böyük təsir göstərib. Çünki müasir qəhrəman, vətənpərvər insan surətlərinin təsviri geniş əhatəli formalar tələb edirdi. Bu cür formalar yalnız monumental simfoniyalar ola bilərdi.

    S.Hacıbəyovun I simfoniyası bu dövrdə yazılmış simfoniyalar arasında mühüm yer tutur.1945-ci ildə Türkmənistan Opera və Balet Teatrı S.Hacıbəyova “Kəminə və Qazı” operasını yazmağı sifariş edib. Həmin əsərin simfonik parçası “Karvan” adlanır. 1955-ci ildən əsər yenidən nəşr olunaraq müstəqil şəkildə repertuarlara daxil olur. Orta Asiya mənzərəsini musiqi dili ilə canlandıran bəstəkar “Karvan”da təsviri lövhələrə meyil edir, ayrı-ayrı parlaq lövhələrlə, cizgilərlə və rəngarəng musiqi vasitələri ilə qızmar cənub təbiətini, hüdudsuz səhranın vüsətini, karvanın həzin, ahəstə hərəkətini böyük ustalıqla dilə gətirir. Əsər üç hissəli quruluşdadır. Bu, onun obraz dairəsi ilə əlaqədardır: karvanın gəlməsi, təbiət hadisələrinin coşması, karvanın uzaqlaşması. Əsər “Şur” muğamı üzərində bəstələnib.

    1946-cı ildə II simfoniya meydana çıxır. Burada yeni dramatik situasiyaların, yeni ifadə vasitələrinin axtarışları hiss olunur. Bəstəkarın uşaqlar üçün yazdığı əsərlərinin mövzuları müxtəlifdir. 1953-cü ildə bəstəkar 6 uşaq nəğməsi yazır: “Oynaq topum”, “Lay-lay”, “Bənövşə”, “Bahar gəldi”, “Yolka”, “Pioner marşı”. “İsgəndər və Çoban” uşaq operası Bakı pioner evinin sifarişi ilə yazılıb. Onun əsasını Nizaminin “İsgəndərnamə” əsərinin bir parçası təşkil edir.

    1950-ci ildə S.Hacıbəyov “Gülşən” baletini yazıb. Müasir mövzuya həsr olunmuş bu əsərdə insanların qarşılıqlı münasibətlərinə, əxlaqi keyfiyyətlərinə, estetik mövzulara toxunulub. Baletin musiqili səhnə kompozisiyası aydın və lakonikdir. Sevgi və məişət səhnələri ilə əmək mövzuları ayrılmaz vəhdətdə verilir.

    Ötən əsrin 50-ci illərində S.Hacıbəyov vokal musiqisi sahəsində çalışır. O, həmin illərdə bir sıra xalq mahnı və muğamlarını xalq çalğı alətləri orkestri üçün işləyib. “Sarı bülbül”, “Leyla”, “Qarabağ şikəstəsi” buna misaldır. Bu illərin ən məşhur əsərlərindən biri simfonik orkestr üçün yazılmış uvertüradır. Bu əsər milli musiqidə janr simfonizmi xəttini davam etdirir. Bəstəkar Azərbaycan, rus musiqi klassiklərinin ənənələrini öz fərdi yaradıcılıq süzgəcindən keçirərək, müasir ruhlu, milli koloritli əsər yaratmağa nail olub. Mövzuların aydın və qabarıq şəkildə inkişaf etməsi əsərdə proqramlılıq cəhətlərini üzə çıxarır.

    1950-ci illərdə bəstəkar Bolqarıstan və keçmiş Çexoslovakiyaya gedir və vətənə qayıtdıqdan sonra “Bolqar süitası” və “Çex rəqsi” əsərlərini bəstələyir. 1964-cü ildə S.Hacıbəyov ən parlaq əsərini - orkestr üçün “Konsert”ini yazır. Əsər təzadların kəskinliyi, fəallığı, müasir musiqi dili, qeyri-adi, parlaq koloritli orkestrovkası ilə fərqlənir. Müəllif böyük bir orkestr ustadı kimi öz əsərini mahiranə şəkildə instrumentləşdirib və çalğı alətlərinin ifaçılıq imkanlarından səmərəli şəkildə istifadə edib. S.Hacıbəyovun partiturasında incə, şəffaf tembr rəngləri güclü səs koloriti ilə uyğunlaşır. “Konsert” milli simfonik musiqi mədəniyyətinə gözəl hədiyyədir.

    Bəstəkarın tamaşalara yazdığı musiqilər də “Məhəbbət”, “Kəndçi qızı”, “İnsan”, “Eşq və intiqam”, “Əliqulu evlənir” və s. ayrılıqda səsləndirilməyə layiq uzunömürlü əsərlərdəndir.

    1947-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında müəllimlik edən, 1947-62-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1969-cu ildən ömrünün sonunadək Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışan, 1973-cü ildə SSRİ Xalq artisti adına layiq görülən Soltan Hacıbəyov 1974-cü ildə cismən dünyasını dəyişib.

    Zaman keçəcək, görkəmli bəstəkarın ölməz əsərləri, yaratdığı musiqi irsi daima öz populyarlığını qoruyacaq və xalqımızın musiqi kimliyini dünya arenasında qürurla tanıdacaq.

  • Naxçıvanın mədəniyyət naziri vəzifəsindən azad edilib

    Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova işdən çıxarılıb.

    Reportun yerli bürosunun məlumatına görə, bu barədə muxtar respublika Ali Məclisi sədrinin birinci müavini, sədrin səlahiyyətlərini icra Azər Zeynalov sərəncam imzalayıb.

    Digər sərəncamla mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti nazir müavini Həsən Nizami oğlu Kərimova həvalə edilib.

    Qeyd edək ki, N.Qədimova 2018-ci il aprelin 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin o zamankı sədri Vasif Talıbovun sərəncamı ilə mədəniyyət naziri təyin edilmişdi.

  • Bakıda Turizm İnformasiya Sisteminin təqdimatı keçirilib

    Mayın 5-də “Fairmont Baku” otelində turizm sahəsi üçün ölkə üzrə ən mühüm hadisələrdən biri olan dövlət proqramları ilə nəzərdə tutulmuş Turizm İnformasiya Sisteminin - Turizm Reyestrinin təqdimatı keçirilib.

    AZƏRTAC xəbər verir ki, Dövlət Turizm Agentliyinin (DTA) təşkilatçılığı ilə reallaşan təqdimatda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevin görüş iştirakçılarına video müraciəti nümayiş olunub.

    Fuad Nağıyev müraciətində son illər sənayenin tənzimlənməsi və işlək mexanizmlərin hazırlanması üzrə bir sıra əhəmiyyətli tədbirlərin görüldüyünü bildirib. O, Agentliyin bu istiqamətdə əsas siyasətinin sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına yönəldiyini qeyd edib. O deyib: "Qarabağda görülən mühüm işlərlə əlaqədar olaraq, bu gün sizə canlı qoşula bilməsəm də, turizm sənayesinin inkişafı üçün vacib olan Turizm İnformasiya Sisteminin təqdimat mərasimində hər birinizi salamlamağa şadam. Bu gün bizim əməkdaşlar sizə layihə haqqında ətraflı məlumat verəcəklər. Son illərdə turizm sahəsində dövlətimiz tərəfindən aparılan məqsədyönlü siyasətin bir hissəsi olaraq Dövlət Turizm Agentliyi tərəfindən sənayenin tənzimləmə mexanizmləri istiqamətində işlər görülür. Bu sahədə əsas siyasətimiz sağlam rəqabət və xidmət keyfiyyəti prinsiplərinə əsaslanmaqla etibarlı və ixtisaslaşmış turizm sənayesinin formalaşmasına nail olmaqdır. Təqdim olunan Turizm İnformasiya Sistemi turizm sənayesi subyektlərinin və turizm resurslarının qeydiyyatını və təsnifatını aparmaq, eləcə də keyfiyyət nişanlarını təqdim etmək, reytinq qiymətləndirməsini aparmaq üçün nəzərdə tutulub. Turizm Reyestri vasitəsilə ilkin mərhələdə yerləşmə vasitələri, turoperator və turagentlərin, turizm bələdçilərinin qeydiyyatı və təsnifatının aparılması planlaşdırılır. Eyni zamanda burada turizm sənayesinə açıq xidmət, keyfiyyətli xidmət, rəqəmsal xidmət nişanlarını əldə etmək üçün müraciət imkanı yaradılır. Açıq xidmət və keyfiyyətli xidmət nişanları əldə edən sənayesi subyektləri B kateqoriyası, açıq xidmət və keyfiyyətli xidmətlə yanaşı, rəqəmsal xidmət nişanları əldə edən turizm sənayesi subyektləri isə A kateqoriyası ilə təltif ediləcəklər. Hər bir nişanlar üçün aydın meyarlar müəyyən edilib. Bu meyarların müəyyən edilməsi üçün turizm sənayesi ilə görüşlər təşkil edilmiş, müzakirələr aparılmış, turizm sənayesinin rəy və təklifləri nəzərə alınmışdır. Layihənin uğurlu icrası ölkəmizdə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun formalaşmasına, həmçinin potensiala və təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcək".

    Agentlik sədri layihənin uğurlu icrasının ölkədə turizm sənayesi subyektlərinin dəqiq və aydın uçotunun əldə olunmasına, həmçinin təqdim olunan xidmətlərin səviyyəsinə görə reytinq qiymətləndirilməsinin aparılmasına imkan verəcəyini, Turizm İnformasiya Sisteminin sənaye subyektləri, istehlakçılar və biznes tərəfdaşları ilə daha etibarlı münasibət qurmağa imkan yaradacağını diqqətə çatdırıb: "Gələcəkdə reytinq qiymətləndirməsinin məzmun baxımından daha da inkişaf etdirilməsi nəzərdə tutulur. Əlavə olaraq qeyd etmək istəyirəm ki, Turizm Reyestrindən qeydiyyatdan keçmək, müvafiq olaraq A və B kateqoriyaları əldə etmək sənaye nümayəndələrinə müştərilər və biznes tərəfdaşlarla daha etibarlı münasibət qurmağa imkan yaradacaq. Eyni zamanda A və B kateqoriyası alan sənaye subyektlərininin fəaliyyəti müxtəlif mexanizmlərlə təşviq ediləcək. Odur ki, turizm sənayesini Turizm Reyestrindən qeydiyyatdan və təsnifatdan keçməyə, ilkin mərhələ üçün B nişanı almağa dəvət edirəm. Fürsətdən istifadə edərək layihənin icrasında əməyi keçən bütün dövlət qurumlarının nümayəndələrinə öz təşəkkürümü bildirirəm. İnanıram ki, Reyestr sənayenin və bütövlükdə ölkəmizdə turizmin inkişafına öz töhfəsini mütləq surətdə verəcək".

    Sonra Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov Turizm İnformasiya Sisteminin dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” rəqəmsal tərəfdaşlıq platforması olduğundan bəhs edib: "Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətliliyinin artırılması, turizm sənayesi və ehtiyatları barədə dəqiq, etibarlı məlumatların toplanması, eləcə də ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin, həmçinin korporativ inkişafının dəstəklənməsidir. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır, eyni zamanda elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur".

    Təqdimatda DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov Turizm İnformasiya Sisteminin daxilində aparılan Turizm Reyestri haqqında da ətraflı məlumat verib və reyestrin turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili, həmçinin ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə formalaşdırıldığı diqqətə çatdırıb.

    DTA-nın Turizm siyasəti və strategiyası şöbəsinin böyük məsləhətçisi Fərid Əliyev Turizm Reyestrindən qeydiyyatdan keçən sənaye subyektlərinin növbəti mərhələdə təsnifatının aparıldığı və xüsusi Turizm Keyfiyyət Proqramına cəlb edildiklərini bildirib. O, vurğulayıb ki, Turizm Keyfiyyət Proqramı Turizm Reyestrində qeydiyyatdan keçən və təsnifləşdirilən turizm sənaye subyektlərinin keyfiyyətli xidmət, rəqəmsallaşma və açıqlıq prinsiplərinə uyğunluğunun qiymətləndirilməsini əhatə edir: "Qiymətləndirmə nəticəsində turizm sənaye subyektlərinə “B” və “A” kateqoriyaları üzrə “Açıq xidmət”, “Keyfiyyətli xidmət” və “Rəqəmsal xidmət” fərqləndirici keyfiyyət nişanları təqdim edilir. Keyfiyyət nişanları sənaye nümayəndələrinə keyfiyyətli xidmət təminatçısı kimi nüfuz qazanmaq, bu amildən brendinq prosesində istifadə və biznes xidmətlərini təbliğ etmə kimi təşviqedici üstünlüklərdən yararlanmaq imkanı təqdim edir. İnformasiya Sistemi, həmçinin istehlakçıların daha məlumatlı şəkildə seçim edərək etibarlı turizm sənayesi subyektlərinin xidmətlərindən yararlanmasına töhfə verəcək”.

    Təqdimatda turizm agentlikləri və hotellərin təmsilçiləri, eləcə də turizm bələdçiləri daxil olmaqla 100-dən çox sənaye nümayəndəsi iştirak edib.

    Sonda turizm sənayesi nümayəndələrinin Turizm İnformasiya Sistemi haqqında sualları cavablandırılıb.

  • Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

    Mayın 5-də Azərbaycanda Turizm İnformasiya Sistemi (Turizm Reyestri) istifadəyə verilib.

    AZƏRTAC xəbər verir ki, bununla bağlı Dövlət Turizm Agentliyi reyestrin ictimai təqdimatını keçirib.

    Turizm İnformasiya Sistemi turizm sahəsi üzrə ölkənin vahid dövlət informasiya sistemi olmaqla “dövlət-biznes” və “biznes-biznes” platformasıdır. Sistem daxilində Turizm Reyestri və xüsusi keyfiyyət proqramı aparılır, məlumat anbarı yaradılır və elektron xidmətlərin göstərilməsi nəzərdə tutulur.

    Turizm Reyestri turizm ehtiyatları, turizm məhsulları və turizm sənayesi subyektləri haqqında məlumatların vahid mənbədə toplanılması, emalı, axtarışı, təhlili və ötürülməsi, həmin məlumatların monitorinqi, turizm məhsullarının və xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə aparılır.

    Sistemin əsas məqsədi turizm sektorunun rəqabət qabiliyyətlilik səviyyəsinin artırılması, dəqiq və etibarlı məlumatların ötürülməsi, ölkə ərazisində təqdim edilən turizm xidmətlərinin keyfiyyətinin təşviqi, biznes subyektlərinin brendinq prosesinin və korporativ inkişafının dəstəklənməsidir.

  • Yevlax-Bərdə dəmir yolu xətti yenidən qurulur

    "Azərbaycan Dəmir Yolları" QSC 38 km-lik Yevlax-Bərdə dəmir yolu xəttinin yenidən qurulması üzrə işlərə başlayıb.

    Bu barədə Reporta "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

    "Hazırda yeni dəmir yolu xətti üzrə layihənin texniki iqtisadi əsaslandırılmasına hazırlıq gedir. Gələcəkdə həmin yol Bərdə-Ağdam yoluna birləşdiriləcək", - deyə o qeyd edib.

  • Bərdədə yeni dəmir yolu stansiyası inşa ediləcək

    Bərdədə köhnə dəmir yolu stansiyasının sökülməsinə başlanılıb.

    Bu barədə Reporta "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) tikintiyə nəzarət idarəsinin rəhbəri Tural Abbaslı məlumat verib.

    Onun sözlərinə görə, ərazidə yeni stansiya inşa ediləcək. Bu stansiyadan sonra isə Ağdama qədər uzanacaq dəmir yolu xəttinin üzərində Köçərli, Təzəkənd və Ağdam stansiyaları fəaliyyət göstərəcək.

    "Köçərli və Təzəkənd stansiyalarının bünövrələri artıq qoyulub. Ağdam stansiyasının isə layihələndirmə işləri sürətlə davam etdirilir. Bu templə getsək, iyunun əvvəlinə layihələndirmə işlərini bitirib iyul-avqust aylarına tikinti işlərinə başlamağı düşünürük. Elektrik yan xətt şəbəkəsinin tikintisi və rabitə-siqnal işləri qalır. İlin sonuna kimi onların da tikintisi planlaşdırılır", - deyə ADY rəsmisi qeyd edib.

    Xatırladaq ki, Bərdə-Ağdan dəmir yolu xəttinin tikintisinə Prezident İlham Əliyevin 24 noyabr 2020-ci il tarixli sərəncamına əsasən başlanılıb. Xəttin tikintisinin bu ilin sonuna qədər başa çatdırılması planlaşdırılır.

    "Onun ümumi ox üzrə uzunluğu 47,1 km, yan yollarla birlikdə uzunluğu isə 57,8 km olacaq. Hazırda 56,9 km-lik hissəsi hazırdır. Hazırda yalnız Ağdam dəmiryolu stansiyasına gedəcək 1 km-lik yolun inşası qalıb. Layihə üzrə layihələndirmə işlərinin 90%-i yekunlaşıb, tikinti üzrə tərəqqimiz isə 68% təşkil edir", - deyə T.Abbaslı əlavə edib.

  • Dövlət Arxivinin rayon filiallarında Ümummilli Liderin 100 illiyi münasibətilə tədbirlər davam etdirilir

    “Heydər Əliyev İli” çərçivəsində Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq tədbirlər planına uyğun olaraq silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

    İdarədən AZƏRTAC-a bildirilib ki, bu münasibətlə növbəti tədbir – “Açıq qapı” günü Dövlət Arxivinin Şirvan filialında rayon ziyalılarının, o cümlədən filial rəhbərliyinin və əməkdaşlarının, Saatlı rayon Dövlət Arxivi və Hacıqabul rayon Dövlət Arxivi rəhbərliyinin iştirakı ilə keçirilib.

    Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədova çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, onun Azərbaycan xalqının ictimai –siyasi və milli mənəvi həyatında tarixi rolundan danışıb. Natiq qeyd edib ki, tarixi keçmişimizin həqiqətlərini özündə əks etdirən arxiv sənədlərinin qorunub –saxlanılaraq gələcək nəsillərə çatdırılmasının zəruriliyinin ön plana çəkilməsi, Azərbaycanda arxiv işinin daha da mütəşəkkil qaydada aparılmasının təşkili məhz Ulu Öndərin uzaqgörənliyinin nəticəsidir.

    Tədbirdə iştirak edən digər çıxışçılar Ulu Öndərin dövlət quruculuğu sahəsində göstərdiyi misilsiz xidmətləri haqqında danışıblar.

  • Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək

    Mayın 9-11-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.

    AZƏRTAC xəbər verir ki, 3 gün davam edəcək festival çərçivəsində konsert proqramları, sərgilər və müxtəlif təqdimatlar olacaq.

    Qeyd edək ki, Şuşa şəhəri 2023-cü ildə həm də Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilib. Budəfəki “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında da TÜRKSOY-a daxil olan ölkələr, regionun türkdilli ölkələri və xalqlarının yaradıcı kollektivləri iştirak edəcəklər.

    Mayın 12-də isə “Şuşa- Türk dünyasının mədəniyyət paytaxtı 2023” tədbirinin rəsmi açılışı olacaq.

  • Milli Kitabxana növbəti virtual sərgini istifadəçilərin ixtiyarına verib

    Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qərarı ilə 1992-ci ildən etibarən hər il 5 may bütün dünyada Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu günün qeyd olunmasında məqsəd əlillərin və sağlamlıq imkanları məhdud şəxslərin hüquqlarının qorunmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu kateqoriyadan olan insanların cəmiyyətə inteqrasiyasını gücləndirməkdir. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramları mövcuddur. Həmin proqramlarda əlilliyin qarşısının alınması, reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb

    AZƏRTAC xəbər verir ki, bu gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “5 May – Əlillərin Hüquqlarının Beynəlxalq Müdafiəsi Günüdür” adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

    Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.