Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanları buraxılıb

    Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının təqdimat mərasimini keçirib.

    Reportun məlumatına görə, bu münasibətlə çıxış edən AMB-nin sədri Taleh Kazımov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi Azərbaycan dövlətçilik tarixinin xüsusi əhəmiyyət kəsb edən dövrüdür.

    "Onun ölkəyə rəhbərliyinin I dövründə bugünkü Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyinin təməli qoyulub. H.Əliyevin Azərbaycana rəhbərliyinin növbəti dövründəki mürəkkəb şəraitdə isə qısa müddətdə milli həmrəylik və ictimai-siyasi sabitlik bərpa olunub. İctimai-siyasi sabitlik və uzaqgörən xarici siyasət hesabına Azərbaycan dünyanın iri investorları üçün cəlbedici ölkəyə çevrilib. Belə bir çətin şəraitdə iqtisadi sahədə əsas prioritet vəzifə makroiqtisadi sabitliyik bərpa olunub, inflyasiya, büdcə kəsiri dəfələrlə azaldılıb, məzənnə sabitləşdirilib, manat ölkədə yeganə ödəniş vasitəsinə çevrilib. Digər sahələrdə olduğu kimi, maliyyə-bank sisteminin formalaşması və inkişafında da dönüş nöqtəsi olub. Bank sistemi sağlamlaşdırılıb, ciddi konsolidasiya və restrukturizasiya proseslərinə başlanılıb. Maliyyə stabilliyinin təmin edilməsilə əhalinin bank sisteminə inamı bərpa olunub", - deyə o qeyd edib.

    "Bütün bu addımlar sayəsində müasir dövlət, güclü iqtisadiyyat və inklüziv cəmiyyət hədəfi bu gün artıq reallığa çevrilib. H.Əliyev dövlətçilik məktəbi müstəqil Azərbaycanın dayanıqlı inkişafının daim ideoloji əsası olacaq", - deyə baş bankir əlavə edib.

    Tədbirdə “Heydər Əliyev – Vətənə, xalqa həsr edilən ömür” adlı film nümayiş etdirilib, sonra iştirakçılara yeni pul nişanları barədə video təqdim olunub.

    T.Kazımov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş pul nişanlarının tədavülə buraxılmasını elan edib: "H.Əliyevin 100 illik yubileyi münasibətilə AMB ölkəmizin tarixində ilk dəfə olaraq yüksək əyarlı Azərbaycan qızılından hazırlanmış investisiya məqsədli pul nişanlarının 10 may 2023-cü il tarixindən etibarən tədavülə buraxılmasını elan edir. Eyni zamanda, ənənəmizə sadiq qalaraq Ulu Öndərin anadan olmasının 100 illik tarixinin əbədiləşdirilməsi məqsədilə yubiley pul nişanlarını da tədavülə buraxırıq. Bu pul nişanları xüsusi dövlət tədbirləri üçün nəzərdə tutulub.

    Yubiley və investisiya məqsədli pul nişanları Böyük Britaniyanın “The Royal Mint” şirkətində ən yüksək beynəlxalq standartlara uyğun istehsal edilib. Onların əsas dizayn elementləri kimi ön tərəfində Ulu Öndərin portretinin profil görüntüsü, imzası və “Heydər Əliyev” yazıları, arxa tərəfində isə “Azərbaycan Respublikası” sözləri, Dövlət Gerbinin təsviri, pul nişanının nominalı və milli naxışlar əks olunub. Ölkəmizdə ilk dəfə olaraq tədavülə buraxılan investisiya məqsədli pul nişanlarının satışını və geri alışını AMB hayata keçirəcək. Bu barədə ictimayətə əlavə məlumat veriləcək".

    "Beynəlxalq təcrübəyə uyğun olaraq bu pul nişanları uzunmüddətli investisiya aləti və əhalinin yığım vasitəsi kimi istifadə olunması məqsədilə yüksək əyarlı qızıldan hazırlanmış və buraxılış limitinə məhdudiyyət qoyulmadan tələbə uyğun istehsal edilərək tədavülə buraxılır. İnvestisiya məqsədli pul nişanları 1 Oz (31.1 qr.), 1/2 Oz (15.55 qr.), 1/4 Oz (7.78 qr.), 1/10 Oz (3.11 qr.) çəkilərdə tədavülə buraxılıb. Yubiley və investisiya məqsədli pul nişanları nominal dəyərləri ilə ölkə ərazisində qanuni ödəniş vasitəsidir", - deyə sədr çıxışını tamamlayıb.

  • Ölkəmizdə 5 may – “Xalçaçı Günü”dür

    Xalqımızın mənəvi dünyasını, gözəllik duyumunu, fitri istedadını, dünyaya fəlsəfi baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan xalça sənətinin qədim tarixi var. Ölkəmizdə yüz illərdir xalça toxunsa da, xalçaçıların heç vaxt öz peşə bayramlarını qeyd etdiyi gün olmayıb. Artıq beş ildir ki, “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradıldığı gün - mayın 5-i “Xalçaçı günü” kimi qeyd olunur.

    AZƏRTAC xəbər verir ki, xalçaçılar öz peşə bayramlarını əlamətdar bir dövrdə - milli dəyərlərimizin hamisi, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində qeyd edirlər. Belə bir tarixi günün təsis edilməsi Ümummilli Liderimizin bizə bəxş etdiyi müstəqilliyimizin bəhrəsidir. Əgər müstəqil Azərbaycan olmasa idi, nə milli sənət növümüz olan xalçaçılıq belə geniş yayılardı, nə də Xalçaçı Günü qeyd olunardı.

    Ulu Öndərin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev xalçaçılığın inkişafına da böyük diqqət və qayğı göstərir. Ölkə rəhbərinin müvafiq sərəncamları ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yaradılması, “Xalçaçı Günü” peşə bayramının təsis edilməsi, respublikamızın şəhər və rayonlarında xalça istehsalı emalatxanalarının tikilib istifadəyə verilməsi bu sənəti yaşadanlara göstərilən böyük dövlət qayğısının parlaq təzahürüdür.

    Azərbaycanda xalçaçılıq sənətinin ölkə iqtisadiyyatındakı rolunu yüksək dəyərləndirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə 2016-2020-ci illərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin 20-dən çox filialı yaradılaraq fəaliyyətə başlayıb.

    Milli mədəniyyətimizin inkişafında böyük rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyeva da xalçaçılığın yaşadılmasına öz dəyərli töhfələrini verir. Xalçaçıların problemlərinin aradan qaldırılmasında, onların fəaliyyət imkanlarının genişləndirilməsində, nailiyyətlərinin beynəlxalq miqyasda təbliğində Mehriban xanımın xidmətləri misilsizdir. Onun təşəbbüsü ilə Keniyanın Nayrobi şəhərində keçirilən UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin V sessiyasında Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsin nümunələri siyahısına daxil edilib.

    Bu, bir reallıqdır ki, dünyanın heç bir ölkəsində xalçaçılığa belə diqqət göstərilmir. Azərbaycanda xalçaçılığın inkişafı böyük bir tarixi dövrə hesablanıb. Bu dövrdə isə bizim yaxşı xalça mütəxəssislərimiz yetişəcək, insanlar xalçaçılığın sirlərinə yiyələnəcək, beləliklə, xalçaçılıq yaşadılacaq. Onunla birlikdə Azərbaycanın tarixi, mədəniyyəti də yaşadılaraq gələcək nəsillərə ötürüləcək.

  • İstiqlal şairi Əhməd Cavad

    Bu gün Əhməd Cavadın anadan olmasının 131-ci ildönümü tamam olur

    O, Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xəti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bütün qəlbi ilə bağlı olduğu doğma xalqının müstəqillik ideallarına həyatı boyu sadiq qalmış onun azadlıq motivləri ilə zəngin yaradıcılığı milli məfkurədən yoğurulmuşdur. Azərbaycanın dövlət rəmzlərini yüksək şeiriyyətlə alovlu tərənnüm edən görkəmli şair Əhməd Cavadın müstəqil dövlətçiliyə sevgi aşılayan əsərləri dərin vətənpərvərlik duyğularının heyrətamiz poetik ifadəsidir.

    AZƏRTAC xəbər verir ki, bu gün XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, görkəmli şair, öz ölməz misraları ilə bütövlükdə türk dünyasının ünlü sənətkarına çevrilmiş Əhməd Cavadın anadan olmasından 131 il ötür.

    Qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyev müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Ə.Cavad 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsi, Seyfəli kəndinin Mehrəli tirəsində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Məmmədəli axund olub. Azərbaycanın görkəmli tarixi simalarından biri kimi tanıdığımız Cavadxan axund Məmmədəlinin atası ilə yaxın idi və ailədə həmişə onun haqqında xoş söhbətlər gedərdi; mərdliyi, igidliyi, xalq yolunda qəhrəmanlıqla həlak olması dönə-dönə xatırlanırdı. Elə bu hörmət və ehtiramın əlaməti kimi axund Məmmədəli oğlunun adını Cavad qoymuşdu. Cavad beş yaşına çatmamış atası dünyasını dəyişdi. O, anası Yaxşı xanımın ümidinə qaldı. İlk təhsilini molla məktəbində almış, üç il orada oxumuşdur. Sonrakı təhsilini Gəncədə Müsəlman Ruhani Seminariyasında almış (1906-1912-ci illər) və oranı müvəffəqiyyətlə bitirmişdir. 1913-cü ildə Zaqafqaziya şeyxülislamı Pişnamazzadənin imzası ilə ona müəllimlik şəhadətnaməsi verilib. Həmin ildə Şəmkir, Gədəbəy, Zaqatala və Gəncədə fasilələrlə dərs demişdir. Birinci Cahan müharibəsi başlayanda müharibəyə getmiş, dörd il cəbhədə müxbir, xeyriyyə cəmiyyətinin üzvü, katibi, bəzən də sədr müavini kimi fəaliyyət göstərmişdir. O, Şimali Qafqazda, Dağıstanda, Batumda, Qarsda, Ərdəhanda, Gürcüstan və Türkiyədə olmuşdur. Ən çox türk xalqları yaşayan bölgələrə gedərək onlara maddi və mənəvi yardım göstərmişdir.

    Müharibədən sonra müəllim işləməklə yanaşı, həm yaradıcılıqla məşğul olmuş, həm Azərbaycan Demokratik Cümhuriyyətinin yaradılmasında yaxından iştirak etmiş, həm də onun fəal üzvlərindən olmuşdur.

    Əhməd Cavad 1920-ci ildə Quba qəzasının Xuluq kəndində müəllim təyin olunur. 1922-ci ilin yayına kimi burada türk və rus dillərindən dərs deyir.

    O, 1922-ci ildə ali məktəbə daxil olmaq məqsədi ilə Bakıya gəlir. Azərbaycan Ali Pedaqoji İnstitutuna daxil olub, 1926-cı ildə oranı bitirib. Nərimanov adına Texnikumda, Pambıqçılıq İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) müəllim, dosent, professor və kafedra müdiri vəzifələrində çalışır.

    Göründüyü kimi Ə.Cavad həyatının 29 ilini müəllimlik kimi müqəddəs peşəyə bağlamışdır. İbtidai sinif müəllimliyindən ali məktəbin kafedra müdirliyinə qədər mürəkkəb bir inkişaf yolu keçmişdir. Azərbaycan Demokratik Respublikası dövründə “Azərbaycan dilinin sərfi və nəhvi” adlı ilk dərsliyin müəllifi olmuşdur. O, rus dili üzrə professor rütbəsi alan ilk azərbaycanlı alim idi, səkkiz-on dildə sərbəst oxumaq, danışmaq və yazmağı bacarırdı. Gəncə mədrəsəsində H.Cavid kimi filosof-şairdən, Abdulla Sur kimi tənqidçi-ədəbiyyatşünasdan dərs alan Cavad öz təxəllüsünü türkiyəli şair Əhməd Cavadın adından götürmüşdür. Beləliklə, eyni tarixi dövrdə türk dünyasında iki Əhməd Cavad yazıb-yaradırdı.

    Əhməd Cavad Azərbaycan Xeyriyyə Cəmiyyətinin məsul katibi və ən fəal üzvlərindən biri idi. Hacı Zeynalabdin Tağıyevin köməyi ilə Seyfəlidə məktəb və uşaq bağçaları açılması Könüllünün tikilməsi Ə.Cavadın adı ilə bağlıdır. Təsadüfi deyil ki, M.Müşfiq Könüllü kəndinə şeir qoşmuş, oranı “Cavadkənd” kimi təsvir etmişdir.

    1920-ci ilin aprel hadisələrindən sonra Ə.Cavadın hüquqları daim pozulmuş, orijinal yaradıcılığının inkişafına imkan verilməmişdir. 1923-cü ildə Müsavat Partiyasının liderlərindən Mirzəbala Məmmədzadənin Türkiyəyə qaçırılmasında Cavadı günahlandırıb həbs edirlər. Xuluq kəndində işləyərkən dostluq etdiyi müəllim yoldaşı H.Musayev M.C.Bağırovun yanına gəlir və şairin azad olunmasını xahiş edir. Bağırov onu eşidir.

    Ə.Cavad ikinci dəfə haqqında danışacağımız “Göygöl” şeirinə görə həbs edilir. Bu şeiri oxuyan o zamankı rəhbərlərdən S.Ağamalıoğlu demişdi: “Kim deyər ki, Azərbaycanın Puşkini yoxdur? Cavad Azərbaycan ədəbiyyatının Puşkinidir. “Göygöl” doğrudan doğruya Azərbaycan ədəbiyyatının incisidir”. Lakin şairin bədxahlarından üç nəfər bildirir ki, şeir antisovet ruhludur. Dərhal Ə.Cavadın həbs olunması əmri verilir.

    Beş-altı ay çəkən sorğu-sualdan sonra “Göygöl”ə heç bir siyasi rəng verə bilmirlər və şairi həbsdən buraxırlar.

    Ə.Cavad 1920-1937-ci illərdə dəfələrlə həbs edilmiş, təqiblərə məruz qalmışdır.

    Nəhayət 1937-ci il martın 21-də şairi Azərbaycan Yazıçılar İttifaqının üzvlüyündən azad edirlər. Həmin il iyun ayının 4-də onu H.Cavid, M.Müşfiq və V.Xuluflu ilə eyni vaxtda həbsə alırlar. Oktyabrın 12-dən 13-nə keçən gecə 15 dəqiqəlik məhkəmənin qərarı ilə ona güllələnmə kəsilir.

    Bəzi mənbələrdə şairin ölümü ilə bağlı fərqli versiyalar mövcuddur. Məsələn, Məhəmməd Əmin Rəsulzadə "Çağdaş Azərbaycan ədəbiyyatı" əsərində Ə.Cavadın da H.Cavid kimi Sibirdə öldüyünü ehtimal etmişdi. Mühacir tədqiqatçı Hüseyn Baykara da Sibir versiyasını əsas götürmüşdü.

    Mətbuat səhifələrində Əhməd Cavada qarşı mənhus iftira kampaniyası gedərək genişlənir. 1937-ci ilin 3 iyununda Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar. Beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana "xalq düşməni" damğası vurulur. Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.

    Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir. Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur. Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra "vətən xaininin arvadı" kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.

    Tarix insan səhvlərini düzəldir. 1958-ci ildə Əhməd Cavadın "Şeirlər", 1961-ci ildə "Sən ağlama, mən ağlaram" kitabları çap olunur. Şairliklə yanaşı, həm də istedadlı tərcüməçi olan Əhməd Cavadın dilimizə çevirdiyi əsərlər - 1961-ci ildə Fransua Rablenin "Qarqantua və Pantaqruel", 1962-ci ildə Vilyam Şekspirin "Otello", "Romeo və Cülyetta", 1978-ci ildə Şota Rustavelinin "Pələng dərisi geymiş pəhləvan" əsərləri işıq üzü görür.

    Nazirlər Kabinetinin müvafiq Qərarı ilə Dövlət Himnimizin müəllifi Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan olunan müəlliflərin siyahısına daxil edilib.

  • İlk qadın kinorejissorumuz -Qəmər Salamzadə

    Bu gün Qəmər Salamzadənin anadan olmasının 115-ci ildönümü tamam olur

    Bu gün Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Salamzadənin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 115-ci ildönümü tamam olan Qəmər Salamzadənin əsas yaradıcılıq fəaliyyəti Azərbaycan kinostudiyasından başlayıb.

    Mehdi Hüseynin “Səhər” romanının motivləri əsasında çəkilən filmdə, nəhayət ki, azərbaycanlı qadın Q.Salamzadə milli kinomuza öz töhfəsini verə bilib.

    Qəmər Əliqulu qızı Salamzadə 1908-ci il mayın 5-də Culfada dünyaya göz açmışdı. Ailəsi 1912-ci ildə maarifçi mədəni mühiti ilə dövrün aydınlarını özünə cəlb edən Tiflis şəhərinə köçmüşdü; lakin burada “Otaylı”, “Cüvəllağı”, “Cüvəllağı bəy”, “Sarsaqqulu bəy”, “Qəmküsar” imzaları ilə kəskin tənqidi məqalələr, felyeton və satirik şeirlər yazan atasının aydın dostları nə qədər çox idisə, fanatik, dindar, köhnəliyin tərəfdarı olan qaraguruhun içindəki düşmənləri də bir o qədər çox idi. – Atası Əliqulu Qəmküsarı 38 yaşında, 1919-cu ilin baharında Tiflisdə menşeviklər qətlə yetirmişdi. Cavan ailə başçısının itkisindən sonra Qəməri əmisi Rzaqulu Nəcəfov tərbiyə edərək böyütmüşdü.

    Dövrünün qabaqcıl aydınlarından olan əmisinin himayəsində böyüməsi Qəmər xanımın təhsilində və dünyagörüşünün formalaşmasında önəmli rol oynamışdır. O, atasının sağlığında Naxçıvanda qız məktəbində təhsilə başlamış, daha sonra, Tiflisdə rus məktəbində oxumuşdu; lakin Əliqulu Qəmküsarın vəfatından sonra ailə yenidən Naxçıvana qayıtdığından Qəmər xanım da qız məktəbində təhsilinə davam etmişdi.

    Naxçıvanda qız məktəbində təhsil aldığı vaxtdan ictimai fəallığı ilə fərqlənən Qəmər məktəbin tamaşaya hazırladığı “Arşın mal alan” musiqili komediyasında dəfələrlə Telli rolunu oynamışdı. Naxçıvan teatrının rejissoru olan Kazım Ziyanın dəvəti ilə tamaşalarda və geniş söhbətlərdə davamlı olaraq iştirak etmişdi. Naxçıvan və Tiflis ədəbi-mədəni mühitinin yetirməsi olan gənc Qəmər xanım özünə kinorejissorluq sənəti seçəndə bir çox Azərbaycan qadını hələ də mövhumat və fanatizmin, köhnə həyat qanunlarının pəncəsində əziyyət çəkirdi.

    O, Moskvada Sergey Gerasimov adına Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Qəmər xanım Moskvada XX yüzilin əvvəllərində dünyada ünlü olan bir çox rejissorla görüşüb, Kulişоv və Eyzenşteyn kimi sənətkarlardan kino sənətinin sirlərini öyrənib. Təhsilini bitirdikdən sоnra Bakıya qayıdan Qəmər Salamzadə 1931-32-ci illərdə burada rejissor Rza Təhmasib, rəssamlar Salam Salamzadə və Rüstəm Mustafayevlə eyni vaxtda aspiranturada охuyub. Elə həmin illərdə o, “Qızıl kol” bədii filmində (1930) rejissor köməkçisi, “Əlsiz adamlar” filmində (1932) rejissor assistenti, “Rəqs edən bağalar”da (1935) ikinci rejissor, “Dəcəl dəstə”də (1937) quruluşçu rejissor (A.Popovla birgə) kimi kino sənətinə öz töhfələrini verib. Qəmər Salamzadənin “Azərbaycanfilm” kinostudiyasındakı əsas fəaliyyəti isə Mehdi Hüseynin bu quruma rəhbərlik etdiyi dövrdən başlayıb. Nəhayət ki, Qəmər xanımın rejissorluq məharətini göstərmək imkanı yaranıb. 1944-cü ildə həkim Hüsniyyə Diyarova haqqında “Şəfa nəğməsi” sənədli filminin ssenari müəllifi və rejissoru kimi isə o, sənətə ilk müstəqil rejissor işini bəxş edə bilib.

    Xalq rəssamı Salam Salamzadə ilə xoşbəxt bir ailə həyatı quran, birgə mənalı ömür yaşayan Qəmər Salamzadə eyni zamanda, dövrün ziddiyyətləri ilə mübarizədə keçən bir ömür yaşayıb.

    Qəmər Salamzadənin rejissor zəhmətinin bəhrəsi olan onlarla film bu gün də kino salnaməmizin dəyərli inciləri sayılır.

    Sənətkar 1994-cü ildə 86 yaşında bu dünya ilə vidalaşaraq əbədiyyətə qovuşub. Bu gün fəxrlə demək olar ki, bütün müsəlman Şərq aləmində ilk qadın kinorejissor olan Qəmər Salamzadənin adı Azərbaycan kino tarixinə qızıl hərflərlə yazılıb.

  • Bu gün tanınmış şair Ağa Laçınlının doğum günüdür

    Bu gün tanınmış şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi Ağa Laçınlının (Əliyev) doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 83-cü ildönümü tamam olan Ağa Laçınlı bənzərsiz yaradıcılığı ilə daim seçilib-fərqlənib.

    Ağa Laçınlı 1940-cı il mayın 5-də Laçın rayonunun Oğuldərə kəndində anadan olub. 1963-1966-cı illərdə Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunun Poeziya fakültəsində təhsil alıb. 1966-1969-cu illərdə "Ədəbiyyat və incəsənət" qəzetinin Şeir şöbəsində ədəbi işçi vəzifəsində çalışıb, 1969-1971-ci illərdə Yazıçılar İttifaqının Natəvan klubunun müdiri olub.

    Ədəbi fəaliyyətə 1958-ci ildə Ağdam rayon qəzetində çap olunan "Çoban" şeiri ilə başlayıb. 1966-cı ildə "Ümid" adlı ilk kitabı işıq üzü görüb. Sonralar "Sakitlik", "Sirli-soraqlı dağlar", "Aşırımlar qarşısında", "Vaxt yetişəndə", "Sevgimizlə sevindirək", "Meşə nəğməsi", "Gecə yuxusu", "Alın yazımız" və s. kitabları çapdan çıxıb.

    Ağa Laçınlı 1970-ci ildən Bakı Dövlət Universitetində çalışıb, “Dünya ədəbiyyatı” kafedrasının dosenti olub. 1980-ci ildə "Azərbaycan bayatılarının bədii xüsusiyyətləri" adlı namizədlik dissertasiyasını müdafiə edib. "Homer dastanlarında türkçülük" adlı doktorluq dissertasiyasını yekunlaşdırıb. Antik Yunan ədəbiyyatı üzrə mütəxəssis olan Ağa Laçınlı qədim şumer, antik yunan, qədim Roma, Çin, hind, eləcə də polyak, rus, Vyetnam, slovak, yapon, Koreya, Argentina və başqa ölkə və xalqların klassik poeziyasından seçmələri dilimizə çevirib.

    Türkiyə, Rusiya, Latviya, Litva, Estoniya, Gürcüstan və başqa ölkələrdə Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, elminə dair mühazirələr oxuyub.

    Əsərləri Rusiya, Fransa, Türkiyədə, ABŞ, Çin, Hindistan, Polşa, Ukrayna, Belarus, Gürcüstan, Bolqarıstan, İraq və s. ölkələrdə çap edilib.

    Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının “Ağa Laçınlı saflığı” yazısında oxuyuruq: “Onunla bağlı xatirələrimin ən parlaq səhifələrindən biri başqa bir görkəmli şairimiz olan Hüseyn Kürdoğluyla birlikdə üçümüzün Laçın, Qubadlı və Zəngilanı gəzdiyimiz günlərlə bağlıdır. Gənclik, ürəyimizin çağlar çağıydı, dünyanın dərdi-qəmi də xoşbəxtlik kimi görünürdü, hər şeydə sevinc, ümid, təskinlik tapmağı bacarırdıq... Laçın bulaqlarının üstündə sazlı-sözlü məclislər uc-uca calanmışdı. Həkəridə çimdik, Zəngilanın çinar meşələrində balıq tutduq, kəndlərdə camaatla görüşlər keçirdik. Həmin günlərdə mən Hüseyni də, Ağanı da, bir növ, yenidən kəşf etdim; onların həm sözlərinə, həm özlərinə sayğım artdı. Sonralar elə bir görüşümüz olmurdu ki, həmin səfərimizin bir-birindən maraqlı epizodları xatırlanmasın. O üç rayonu gəzərkən mən Hüseyn Kürdoğlunun da, Ağa Laçınlının da poetik istedadları, gözəl şeirləriylə yanaşı, həm də yüksək insani keyfiyyətlərinə heyran qaldım.

    Ağa Laçınlı klassik şeirimizin və folklorumuzun, aşıq poeziyasının böyük ənənələri ilə çağdaş insanın yaşantılarını vəhdətdə görüb, vəhdətdə əks etdirirdi.

    El deyimləriylə dolu olan canlı, şirəli, zəngin, poetik dildə yazırdı. Öz yolunu və ruhunu davam etdirən gözəl övladlarının timsalında Ağanın bu gün də yaşaması isə bütün dostlarının həm sevinc, həm də təsəlli yeridir...”

    İstedadlı şair Ağa Laçınlının hər misrasından doğma ocağa, dədə-baba yurduna məhəbbət və sevgi özünü göstərir. Ağa Laçınlı hər misrası yurd sevgisi ilə yoğurulub. Şair, – “Elə gedəndə, obaya qovuşanda oradan ayrıla bilmirəm”, – deyir. Doğma ocaqlar şairi ahənrüba kimi özünə çəkir. Oxuduqca hiss edirsən ki, bu misralar şairin qəlbindən bulaq kimi süzülüb vərəqlərin üstünə tökülür. Əgər bu sözlər qəlbdən süzülməsəydi, yəqin ki, misralar bizi bu qədər sehirləməzdi.

    Ağa Laçınlı 2007-ci il noyabrın 25-də Bakı şəhərində vəfat edib.

  • Bakıda 50 nömrəli marşrut xətti üzrə ödəniş “BakıKart”la olacaq

    Mayın 8-dən “Neftçilər” metro stansiyası ilə Yeni Günəşli qəsəbəsini əlaqələndirən 50 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

    Bu barədə Reporta Bakı Nəqliyyat Agentliyindən bildirilib.

    İş prosesinə uyğun olaraq, digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya ediləcək. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.

  • “ANIMAFILM School” kinematoqrafçılar üçün mentorluq və maliyyələşdirmə imkanı təklif edir

    “ANIMAFILM School” sentyabbrın 6-10-da Bakıda kinematoqrafçılar və animasiya müəllifləri üçün “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı təşkil edəcək.

    AZƏRTAC xəbər verir ki, layihəni İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi maliyyələşdirir.

    Peşəkar treninqi üç animasiya mütəxəssisi aparacaq: İsveçrəli rejissor Isabelle Favez, fransalı prodüser Olivier Catherin və azərbaycanlı rejissor Nəzrin Ağamalıyeva.

    Mütəxəssislər iştirakçılara qısametrajlı animasiya filmləri layihələrini necə işləyib hazırlamağı, təqdim etməyi (pitching) və istehsal etməyi öyrədəcəklər.

    Vörkşop Bakıda – Azərbaycan Kinematoqrafçılar İttifaqının "Kino məktəbi"ində keçiriləcək. Layihə iştirakçıları, həmçinin, "Gender Hub Azerbaijan"ın təşkil edəcəyi qadın haqları və inklüzivliyə yönəlmiş müvafiq təlimlərdən keçəcəklər.

    Vörkşopun nəticəsi olaraq müəlliflər öz layihələrini 6-cı “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalında ictimaiyyətə təqdim (pitç) edəcəklər.

    Ən yaxşı layihələr festivalın bağlanış mərasimində pul mükafatı ilə təltif olunacaq. Mükafat fondu festivalın bilet satışından əldə etdiyi gəlirdən formalaşacaq.

    Vörkşop və maliyyələşdirmə proqramı gənc kinematoqrafçılara (həm qadınlara, həm də kişilərə) öz karyeralarına başlamaq üçün unikal imkan yaradacaq və onlara öz animasiya filmlərini işləyib hazırlamağa və maliyyələşdirməyə kömək edəcək.

    Animasiya vasitəsilə qadın haqları barədə məlumatlandırma və maarifləndirmə ilə layihə həm də Azərbaycanda qadın haqlarının inkişafına töhfə vermək məqsədi daşıyır.

    “Animasiya filmləri vasitəsilə qadın haqları” layihəsinin tərəfdaşları Azərbaycan Animasiya Assosiasiyası, "PERİ FİLM" şirkəti, İsveçrənin Azərbaycandakı İnkişaf və Əməkdaşlıq Agentliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı və "Gender Hub Azerbaijan"dır.

    Vörkşopda iştirak üçün fiziki şəxslər və ya studiyalar layihələrlə müraciət edə bilərlər. Layihələr “google anket” forması vasitəsilə iyulun 1-dək təqdim edilməlidir. Bütün sənədlər ingilis dilində təqdim olunmalıdır. Yalnız qısametrajlı filmlər üçün layihələr qəbul olunur. Layihələrin mövzuları qadın haqları ilə bağlı olmalıdır. Vörkşop ingilis dilində keçiriləcək. Vörkşop üçün 6 nəfərədək iştirakçı seçiləcək. Hər müəllif və studiya yalnız bir layihə təqdim edə bilər. Seçilmiş layihələr iyulun 15-də Azərbaycan Animasiya Assosiasiyasının saytında elan olunacaq.

  • Muzey Mərkəzində rəssamların “Şuşa” adlı qrup sərgisi açılacaq

    Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı və Muzey Mərkəzinin dəstəyi İlə mayın 19-da Muzey Mərkəzinin sərgi salonunda mədəniyyətimizin beşiyi Şuşa şəhərinə həsr olunmuş “Şuşa” adlı rəssamların qrup sərgisi təşkil olunacaq.

    Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgi qədim Qarabağın, Şuşa şəhərinin illər öncəki və bugünkü vəziyyətini geniş tamaşaçı kütləsinə təqdim etmək, doğma yurdun gözəlliklərinə korifey və müasir rəssamların gözü ilə nəzər yetirmək imkanı yaratmaq məqsədilə açılacaq.

    Sərginin ekspozisiyasında 30-a yaxın rəssam və heykəltaraşın müxtəlif üslub və texnikalarda işlənmiş 40-a yaxın rəngkarlıq, heykəltaraşlıq nümunələri, o cümlədən Azərbaycan Dövlət Rəsm Qalereyasının fondundan seçilmiş əsərlər də nümayiş olunacaq.

    Dillərdə dastan Şuşanın təbiəti, qədim memarlıq abidələri, dahi şəxsiyyətləri nəinki musiqi və ədəbiyyatımızda, eləcə də təsviri sənətin müxtəlif sahələrində rəssamların diqqət mərkəzində olub və daim vəsf edilib. Uzun illər bu sənətkarlar işğal altında qalan şəhəri tərənnüm etməkdən əsla vaz keçməyiblər və nəticədə Azərbaycan incəsənətinə çoxsaylı sənət inciləri bəxş ediblər.

  • Gəncədə möhtəşəm sirk şousu olacaq

    Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi reallaşan beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşüb.

    AZƏRTAC xəbər verir ki, sirk şou mayın 9-dək Gəncə İdman Olimpiya Kompleksində təqdim ediləcək.

    Proqramda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.

    Tədbirin süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivun şir və pələnglərin unikal çıxışları ilə bənzərsiz edəcək.

    Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək olar.

  • “Nargis” Fondu daha bir yeniliyə imza atıb

    Mayın biri “YayLand Fest” xeyriyyə yarmarkası qapılarını Bakı sakinləri və qonaqları üçün açıb.

    AZƏRTAC xəbər verir ki, 2023-cü ildə “Nargis” Fondu tarixində bir ilkə imza atdı və Fəvvarələr meydanında nağıllar aləminə bənzər “YayLand Fest” yarmarkasını təşkil edərək Bakının mərkəzinə yay əhval-ruhiyyəsi gətirdi. Ən önəmlisi isə, “YayLand Fest” sponsorlarının maliyyə dəstəyi və yarmarkada qurulan evlərin kirayəsindən toplanan bütün vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən bir qrup uşağın müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edilir. Yarmarka başa çatdıqda maliyyə hesabatı və ətraflı məlumat Fondun rəsmi www.nargisfund.com vebsaytı və sosial şəbəkə hesablarında paylaşılacaq.

    Mayın 1–dən iyunun 15-dək Fəvvarələr meydanında keçiriləcək “YayLand Fest” 62 böyük və 20 kiçik ev, 3 ədəd iki mərtəbəli restoran, müxtəlif köşklər və tematik guşələrdən ibarətdir. Yarmarka qonaqları münasib qiymətə Qərbin və Şərqin ləzzətli təamlarını, eksklüziv suvenirlər, sərinləşdirici içki və desertlər əldə edə, həmçinin ənənəvi yarmarka əyləncələri ilə yanaşı bədii instalyasiya, fotozona, 4D kinoteatr, qorxu otağı, yeni oyunlar və labirint otağını kəşf edə bilərlər.

    “YayLand Fest”də balacadan böyüyə hər bir qonaq nağıllar aləminə qərq olur. Belə ki, yarmarkanın müxtəlif yerlərində və yarmarkanın ümumi konseptində məşhur ingilis yazıçısı Luis Kerolun “Alisa möcüzələr aləmində” əsərinin elementlərinə rast gəlmək mümkündür.

    Yarmarkanın unudulmaz açılış günündə qonaqları nağıl qəhrəmanları, animatorlar, rəqqaslar qarşılayıb. Günün xüsusi qonağı Azərbaycanın Xalq artisti Natiq Şirinov olub. Rəhbəri olduğu "Natiq" ritm qrupu və Ümid Şirinovla birlikdə ifa etdiyi əsərlər yerli və xarici qonaqları heyran edib.

    Tədbirin rəsmi tərəfdaşları Bakı Şəhər İcra Hakimiyyəti, “Azərişıq” ASC, Bakı Abadlıq Xidməti, Azərbaycan Dövlət Reklam Agentliyi, “Azərbaycan Hava Yolları” QSC, “PAŞA Holding” təhlükəsizlik xidməti, “Strafor Kəsim” şirkətidir. “YayLand Fest” xeyriyyə yarmarkası sponsorlar “PAŞA Holding”, “Coca-Cola”, M-10, “Azercell”, “Xırta-Xırt”, “Atabey Çiğ Köfte”, “Xırdalan”, “Milla”, “Chocolatier”, “Azergold”, “ASCO”, “Şəhərdən Kəndə” aqroturizm layihəsi, “BirBank”, “Yango”, “Coffee’n Joy”, “Bizim Tarla”, “Azərçay” və Anadolu Universiteti Azərbaycan Proqramlarının əvəzolunmaz dəstəyi ilə keçirilir.

    Xeyriyyə yarmarkası iyunun 15-dək hər gün saat 11:00-dan 23:00-dək fəaliyyət göstərəcək. Yarmarkaya giriş sərbəstdir.

    Qeyd edək ki, “Nargis” Fondu 2013-cü ildən etibarən Bakıda təşkil olunan ən böyük qış yarmarkası olan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının təşkilatçısıdır. 10 il ərzində yarmarka sayəsində toplanan vəsaitlərin hesabına Azərbaycanın müxtəlif bölgələrində yaşayan və ağır xəstəliklərlə mübarizə aparan yüzlərlə körpə yenidən sağlamlığa qovuşub.