Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi Türkiyədə onlayn keçirilən Beynəlxalq Virtual Rəqs, Musiqi və İncəsənət Yarışmasında uğurla təmsil olunub.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, yarışma Boğaziçi Folklor Birliyi Gənclik və İdman Klubunun təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, münsiflər heyətinin yekun qərarı ilə Azərbaycanı təmsil edən məktəbin qanun sinfinin şagirdi Mehinbanu Bayramlı (müəllim İradə Kamilova) 14 yaşlı uşaqlar arasında 1-ci dərəcəli diploma layiq görülüb.
“Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünün inkişaf etdirilməsinə xidmət məqsədlə keçirilən “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivali çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət, Elm və Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən festival müsabiqəsinin sərgiləri mayın 11, 12, 13 və 15-də Xətai Sənət Mərkəzində növbəli şəkildə təşkil olunacaq.
Seçilmiş əsərlərin kataloqu və seçilənlərin siyahısı ilə https://www.yumpu.com/.../vi-azrbaycanim-respublika-usaq linkindən tanış olmaq olar.
Əsərlər çərçivələnmiş formada və çərçivənin arxasında şəxsi məlumatlar qeyd olunmaqla mayın 10-dan gec olmayaraq Xətai Sənət Mərkəzinə təqdim edilməlidir.
Mövzusu güllər olan müsabiqəyə şəhər və bölgələrimizin 500-dən çox məktəb və yaradıcılıq müəssisəsindən 2500-ə qədər uşaq, yeniyetmə və gənclərə məxsus 3000-dən çox əsər göndərilib və sərgilənmək üçün 800-dən bir qədər çox əsər seçilib. Seçimdən narazı qalanlar (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində təyin olunmuş bir vaxtda Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyasının müəlliminin nəzarəti altında rəsm çəkməklə özünü təsdiq edə bilər.
Əsəri sərgidə nümayiş olunan müəlliflər, həmçinin fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) sertifikat və təşəkkürnamə ilə təltif olunacaqlar.
Qeyd edək ki, sərgilənən əsərlərin arasından “Azərbaycanım” VI Respublika Uşaq Rəsm Festivalı üçün hər yaş kateqoriyasından 10 əsər seçiləcək və həmin 30 uşaq festivala dəvət olunacaq. Festival iştirakçıları hər yaş qrupu üzrə ayrıca olaraq diplom və hədiyyələrlə mükafatlandırılacaq.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Qazaxıstana səfəri çərçivəsində bu ölkənin mədəniyyət və idman naziri Asxat Oralovla görüşüb.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.
Görüşdə nazir Asxat Oralov Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini türk xalqlarının mədəni irsinin qorunub saxlanmasına və gələcək nəsillərə ötürülməsinə dəyərli töhfə kimi qiymətləndirib. Fondun ümumtürk irsinin ayrılmaz parçası Qazaxıstanın zəngin tarixi və mədəni irsinin təbliği yönündə həyata keçirdiyi layihələri dəstəkləməyə hər zaman hazır olduğunu bildirib. Nazir Türk Əməkdaşlıq Təşkilatları ilə mədəni əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Fondun prezidenti rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi layihələrdən söz açıb. Fondun qurucu üzv ölkəsi Qazaxıstanla sıx qarşılıqlı əlaqələrindən bəhs edən Günay Əfəndiyeva, qazax xalqının görkəmli şair və mütəfəkkiri Abay Kunanbayevin, tanınmış dastançısı Jambul Jabayevin irsinin tanıdılması yönündə təşkilatın müxtəlif ölkələrdə apardığı işləri diqqətə çatdırıb. O, bu xüsusda Fond tərəfindən Abay Kunanbayevlə bağlı yeni kitabın hazırlandığını da bildirib.
Görüşdə təşkilatla Qazaxıstanın birgə əməkdaşlığı çərçivəsində "Otırar" beynəlxalq sənətkarlar sərgisinin və "Türk Xalqlarının Mənəvi Dəyərləri və Mədəni İrsi" mövzusunda beynəlxalq elmi-praktik konfransın keçirilməsi yönündə müzakirələr aparılıb. Fond ilə Qazaxıstan arasında əlaqələrin daha da gücləndirilməsinə dair perspektivlər dəyərləndirilib.
Günay Əfəndiyeva Asxat Aralova Fond tərəfindən nəşr olunmuş Türk Dünyasının mədəni irsini əks etdirən kitabları təqdim edib.
Bakı-Ağstafa dəmir yolu xəttinin üzərində yerləşən Dəllər, Şəmkir, Qovlar, eləcə də digər stansiya və dayanacaqlarda platformalar sürət qatarları üçün nəzərdə tutulmuş platformadan fərqli olduğu üçün qatarların bu stansiyalarda dayanması hazırda texniki olaraq mümkün deyil.
Report bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.
"Stadler Rail Group” şirkətinin istehsalı olan qatarların yalnız 1 100 mm hündürlüyü olan sərnişin platformalarında dayanacaq etmək üçün texniki imkanı var. Bu ilin sonunda şirkətdən alınmış yeni qatarlar ölkəyə gətiriləcək. Həmin qatarlar ADY-yə məxsus bütün stansiya və dayanacaqlarda dayana biləcək”, deyə məlumatda qeyd olunub.
Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən...” adlı bədii qiraət müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçılar Ulu Öndərə həsr olunmuş fotosərgi ilə tanış olublar.
Tədbir Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov dövlətçilik salnaməmizdə silinməz iz qoyan, azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyevin keçdiyi şərəfli ömür yolundan söz açıb, müsabiqənin əhəmiyyətindən danışıb. Qeyd edib ki, “Sən elə bir zirvəsən...” bədii qiraət müsabiqəsinin keçirilməsində əsas məqsəd Ulu Öndərə həsr olunmuş ədəbi-bədii nümunələri təbliğ etmək, habelə milli mədəniyyət məkanında baş verən yaradıcılıq proseslərini fəallaşdırmaq, bədii qiraətə olan marağı artırmaq və yeni yaradıcılıq axtarışlarına şərait yaratmaqdan ibarətdir.
Sonra müsabiqədə iştirak edən bədii qiraətçilər Ulu Öndərə həsr olunmuş şeirləri böyük sevgi və ehtiramla təqdim ediblər.
Təqdim olunan çıxışlar münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Müsabiqənin nəticələri mayın 5-də elan olunacaq.
“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxs ləğv edilib.
Reportun yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalov mayın 3-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi "Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsin ləğv edilməsi ilə əlaqədar Mülki Məcəllədə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etməli, sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Mayın 21-dən 25-dək Elm və Təhsil Nazirliyi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “I Bakı Müasir Musiqi Günləri” festivalı keçiriləcək.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, beş gün davam edəcək festivalın əsas məqsədi müasir Azərbaycan bəstəkarları ilə Avropa və Amerikan bəstəkarlıq məktəbləri arasında qarşılıqlı əlaqələr mövzusunu işıqlandırmaqdır.
Festivalda yerli musiqiçilərlə yanaşı, İsveçrə, Macarıstan, Almaniya, Fransa, Rusiya və Qazaxıstandan dəvət olunmuş ifaçıların da iştirakı nəzərdə tutulur. Dəvətli ifaçılar sırasında Avital Cohen (fleyta), Daniel Veissberq (bəstəkar), Szilard Benes (klarnet), Qleb Xoxlov (violin), Aleksandr Xubeyev (bəstəkar), Yulia Miqunova (violonçel), Andrey Yurgenson (klarnet) da var.
Eyni zamanda tanınmış macar bəstəkar György Ligetinin (1923-2006) 100 illiyinə təsadüf edən festivalın proqramı ölkəmizdə ilk dəfə ifa olunacaq və dünya musiqi ədəbiyyatı üçün vacib hesab edilən əsərlərlə zəngindir. Musiqisevərlər G.Ligeti, G.Scelsi, K.Stockhausen, M.Feldman, B.Furrer, S.Qəni, P.Dusapin, H.Holliger, J.Cage, T.İbişov, A.Sısoyev, T.Qasımzadə, D.Veissberq, A.Qəmbərli kimi bəstəkarların əsərlərini dinləmək imkanı qazanacaqlar.
“I Bakı Müasir Musiqi Günləri” Azərbaycanda konsert-ifaçılıq fəaliyyətindən əlavə, müasir musiqi maarifçiliyi və təhsilinə hesablanmış festivaldır. Layihə çərçivəsində ustad dərsləri, məşğələlər, mühazirələr də təşkil olunacaq.
Festivalın açılış konserti mayın 21-də saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində gerçəkləşəcək. Müasir musiqi layihəsi Nizami Kino Mərkəzində “Ligeti: portret” filminin nümayişi (25 may, 19:00) ilə başa çatacaq.
Layihə haqqında daha ətraflı məlumat almaq üçün festivalın rəsmi saytına (www.baku-contemporary-music-days.com) keçid etmək, eləcə də sosial şəbəkələrdə (facebook: facebook.com/profile.php?id=100091963675094, instagram: https://www.instagram.com/baku_music_society/) izləmək mümkündür.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi “START-2023” film layihəsi müsabiqəsinə yekun vurulub.
AZƏRTAC xəbər verir ki, müsabiqənin qalibləri kinostudiyanın nəzdində yaradılmış ekspert şurası tərəfindən seçilib.
Ekspert şurasına kinorejissor, Əməkdar incəsənət xadimi Elxan Cəfərov sədrlik edir. Şuranın üzvləri filologiya üzrə fəlsəfə doktoru, ssenari üzrə dərsliklərin müəllifi Gülşən Qafarova, rejissor, prodüser Əli İsa Cabbarov, Xalq artisti Vidadi Həsənov, rejissor, prodüser, ssenarist İlham Qasımov, məsul katib isə Leyla Vəzirzadədir.
Qeyd edək ki, mayın 5-də Nizami Kino Mərkəzində kinostudiyanın direktorunun və ekspert şurasının üzvlərinin iştirakı ilə mətbuat konfransı təşkil ediləcək. Mətbuat konfransında qaliblərə diplomlar təqdim olunacaq.
Xatırladaq ki, milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq və bu istiqamətdə çalışan gənc rejissorların fəaliyyətini stimullaşdırmaq, eləcə də kino mühitinə yeni adlar qazandırmaq məqsədilə təşkil edilmiş müsabiqəyə tammetrajlı bədii, qısametrajlı bədii və qısametrajlı animasiya film layihələri qəbul olunub. Film müraciət olunan kateqoriyada debüt (birinci və ya ikinci) filmini çəkmək istəyən rejissorlar üçün nəzərdə tutulub. Müsabiqədə janr və mövzu məhdudiyyəti qoyulmayıb.
Qalib layihələrin növbəti illər ərzində kinostudiyada istehsala buraxılması nəzərdə tutulur.
Prezident İlham Əliyevin “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” 3 iyun 2019-cu il tarixli fərmanının icrası məqsədilə həyata keçirilən “Hökumət buludu”na Keçid Planında nəzərdə tutulan fəaliyyətin reallaşdırılması üçün dövlət qurumları ilə qarşılıqlı işlər davam etdirilir.
Keçid Planına əsasən, dövlət qurumlarının informasiya sistemlərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-yə məxsus Data Mərkəzinə tam və yaxud qismən miqrasiyası həyata keçirilir.
“Azəristiliktəchizat” ASC “Hökumət buludu”na miqrasiya çərçivəsində xidmətlərin əlçatanlığının və dayanıqlılığının təmin edilməsi məqsədilə “AzInTelecom”un təqdim etdiyi "IaaS" (İnfrastructure-as a Service) bulud infrastrukturu xidmətini əldə edib. Səhmdar cəmiyyəti informasiya sistemlərinin bir qismini “AzInTelecom”a məxsus Data Mərkəzində yerləşdirməklə kritik sistemlərinin yüksək əlçatanlığını təmin edib. “Azəristiliktəchizat” həmçinin “AzInTelecom”a məxsus Data Mərkəzində təqdim edilən Rezervlənmə (BaaS – Backup as a service) bulud xidmətindən də yararlanır.
Razılığa əsasən, dövlət qurumu rezervlənmə xidmətini çevik və sadə formada idarə etməsi üçün “Veeam” platforması ilə təmin edilib. Bu platforma İT sistemlərini “AzInTelecom”a məxsus Data Mərkəzinə miqrasiya edən qurumların virtual maşınlar üzrə məlumatlarının ehtiyat nüsxələrini planlaşdırılmış şəkildə tənzimləməyə, həmçinin datanın hissə-hissə nüsxələnməsinə imkan yaradır. Eyni zamanda “Veeam” platformasından istifadə edərkən buludda rezervlənmiş məlumatları rahat və çevik şəkildə bərpa etmək mümkündür.
Dövlət qurumlarının “Hökumət buludu”na miqrasiyası ilə cari İT xərclərinin azalması və informasiya sistemlərinin məhsuldarlığının artırılması ilə bərabər, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsi, sabit və dayanıqlı İT infrastrukturu, operativ koordinasiya ilə yüksək keyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” Azərbaycan və Cənubi Qafqaz regionunda “TIER III” Beynəlxalq uyğunluq sertifikatına malik ilk qurumdur. Bundan əlavə, “ISO 20000”, “ISO 22301” və “ISO 27001” sertifikatlarının tələblərini ödəyən Bakı və Yevlaxda yerləşən 2 Data Mərkəzinə malikdir.
"Avroviziya-2023" mahnı müsabiqəsində Azərbaycandan olan səsverməni elan edəcək şəxsin adı açıqlanıb.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) Reporta verilən məlumata görə, məşhur mahnı müsabiqəsində iştirakçılara ölkəmizdən münsiflərin verəcəyi səsləri İctimai TV-nin tanınmış aparıcısı Nərmin Salmanova elan edəcək.
Aparıcı yarışmanın qaydalarına əsasən, final gecəsi iştirakçıların taleyini həll edəcək jüri ballarını İctimai Televiziyanın canlı efirində səsləndirəcək.
Verilən xallar müsabiqə iştirakçılarının aktivinə əlavə olunacaq.
Müsabiqənin Azərbaycan üzrə şərhçisi isə tanınmış aparıcı Azər Süleymanlı olacaq.
Qeyd edək ki, “Avroviziya 2023” mahnı müsabiqəsi bu il 9-13 may tarixlərində ötən il qalib gəlmiş Ukrayna adından Böyük Britaniyanın Liverpul şəhərində keçiriləcək. Ukrayna və Böyük Britaniyanın birgə təşkilatçılığı ilə baş tutan “Avroviziya-2023”də Azərbaycanı “Tell me more” mahnısı ilə Tural və Turan Bağmanov qardaşları təmsil edir.
Müsabiqə İctimai Televiziyanın efirində canlı yayımlanacaq.