Facebook Pixel Code
GoMap XƏRITƏ

XƏBƏRLƏR


  • Qabriel Qarsia Markesin çap olunmayan romanını nəşrə hazırlayırlar

    Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, ecazkar realizmin ustadı, kolumbiyalı yazıçı Qabriel Qarsia Markesin bu vaxtadək çap olunmayan romanı 2024-cü ilin yazında öz oxucularına yetişəcək.

    AZƏRTAC “The Guardian”a istinadla xəbər verir ki, “Biz avqustda görüşərik” adlanacaq romanın nəşri ilə yazıçının ailəsi məşğul olur.

    Kitab yazıçının ölümünün onuncu ildönümünə həsr ediləcək. Bütün bu dövrdə Markesin özündən sonra çap edilməyən əsərlər qoyması barədə söz-söhbət gəzirdi. Nəticədə bu, belə də oldu, həqiqətən də “Biz avqustda görüşərik” romanı ABŞ-ın Ostin şəhərindəki Texas Universitetində Markesin əlyazmalar arxivində saxlanılıb.

    “The Guardian” nəşri yazır ki, yazıçının uşaqları yarımçıq qalmış romanı çap etdirmək istəmirdilər, lakin buna baxmayaraq qərar verdilər ki, oxucuları bu mətndən məhrum etmək lazım deyil. Kitab 2024-cü ildə Cənubi Amerika ölkələrində mağaza rəflərində orijinal ispan dilində təqdim ediləcək, daha sonra başqa dillərdə də çap olunacaq.

    Qabriel Qarsia Markes ispandilli yazıçılar arasında rekordsmendir: onun kitabları daha çox dilə tərcümə olunub. Ən tanınmış romanları “Yüz ilin tənhalığı”, “Patriarxın payızı” və “Vəba zamanı məhəbbət”dir. Markes 2014-cü ildə vəfat edib.

  • Böyük Lider Heydər Əliyev və mədəniyyətimiz

    Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Cəfər Cabbarlı ev-muzeyi və Yasamal rayonu Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Lider Heydər Əliyev və mədəniyyətimiz” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində reallaşan tədbirdən əvvəl qonaqlar Ulu Öndərin abidəsi önünə gül dəstəsi düzüblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Əvvəlcə Mərkəzin böyük elmi işçisi Ümummilli Liderin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” adlı təqdimat və mühazirə ilə çıxış edib.

    Çıxışçılar Ulu Öndər Heydər Əliyevin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafındakı misilsiz xidmətlərindən, onun dövlətimizin bütün sahələrinə olan diqqət və qayğısından, respublikamızda muzey işinin təkmilləşdirilməsi və yeni muzey sisteminin qurulması, xatirə və ev-muzeyləri şəbəkəsinin yaradılması, gənc nəslin maarifləndirilməsi və təlim-tərbiyəsinin inkişafı üçün gördüyü dəyərli işlər haqqında maraqlı məlumatlar veriblər. Həmçinin Heydər Əliyevin Azərbaycan dili və ədəbiyyatı ilə bağlı gördüyü dəyərli işlərdən, təhsil və maarifçilik sistemində həyata keçirdiyi uğurlu islahatlarından bəhs olunub.

    Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc aktyorlar” dərnəyinin üzvləri Heydər Əliyevə həsr olunmuş şeirlərlə çıxış ediblər.

    Sonda “Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafında rolu” adlı film nümayiş olunub.

  • Bu gün Xalq artisti Kamal Xudaverdiyevin anadan olmasından 85 il ötür

    Bu gün Xalq artisti Kamal Xudaverdiyevin doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 85-ci ildönümü tamam olan görkəmli aktyor yaratdığı bir-birindən bənzərsiz obrazlar qalereyası ilə adını Azərbaycan teatr və kino tarixinə əbədi həkk edib.

    Kamal Xudaverdiyev 3 may 1938-ci ildə Bakıda doğulub. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. Özü də deyirmiş ki, "Bizim Cəbiş müəllim” filmində təsvir olunan həyət, həyat mənim yaşadığım həyətlə və həyatla eynidir. Yarı-ac, yarı-tox uşaqlıq illərində 7-ci sinfə qədər həm işləyib, həm də oxuyub. Gündüzlər işləyən Kamal, axşamlar 6 saylı fəhlə-gənclər məktəbində təhsil alıb. Məktəb illəri başa çatdıqdan sonra o, çilingər kimi qaz idarəsində əmək fəaliyyət göstərib. Bacarıqlı işçi olduğu üçün onu Qazaxıstanın xam torpaqlarına ezamiyyətə də göndəriblər. Bakıya artıq 21 yaşlı gənc kimi qayıdan Kamal həyat yolunda vacib qərar qəbul etməli idi.

    O, məhz teatrı seçdi. Özü də səbəbini bilmədən sənədlərini Azərbaycan Dövlət Teatr İnstitutuna verdi. Kamal, 1961-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino fakültəsinə daxil oldu və böyük sənətkarlar Adil İsgəndərov, Mehdi Məmmədov, Rza Təhmasibdən həm sənət, həm də həyat dərsləri aldı. 1965-ci ildə ali təhsilini uğurla başa vuran Kamal Xudaverdiyev həmin illərdə Akademik Milli Dram Teatrının baş rejissoru olan Tofiq Kazımovun təklifi ilə oktyabr ayının 1-də truppaya ştata götürüldü və qısa fasilələri çıxmaqla bütün yaradıcı ömrü Akademik Milli Dram Teatrında keçdi, bu teatrın səhnəsində çoxsaylı rollar yaratdı. Kamal Xudaverdiyev "Almaz”da İbad, "Aydın”da Surxay (Cəfər Cabbarlı), "Kral Lir"də Kral Lir (U.Şekspir), "Xoşbəxtlər”də Sadıq, "Yalan”da Fərman (Sabit Rəhman), "Vaqif” də Eldar, "Mahnı dağlarda qaldı”da Bahadır, "Bağlardan gələn səs”də Kamandar (İ.Əfəndiyev), "Yollara iz düşür”də Loğman (B.Vahabzadə), "Ah Paris... Paris”də süpürgəçi (Elçin), "Şah Edib"də Şah Edib, "İblis”də İbn Yəmin kimi xarakterik rolların ifaçısı oldu.

    Aktyor K.Xudaverdiyev güclü, diapazonlu və gözəl tembri olan unikal səsə malik idi. O səsə ki, ona kütləvi səhnədən tutmuş monoloqlara qədər istənilən zamanda, istənilən məkanda seçilmək imkanı verirdi. Kamal Xudaverdiyevin üz cizgiləri mərhəməti ilə ən yüksək səviyyəyə qalxa da bilərdi, Kral Lirin qəddarlığı, zalımlığı ilə vulkan kimi partlayış da yarada bilirdi. Onun səhnə görünüşü (hündür boyu, düz qaməti), gülüşü, həlim davranışı, eləcə də zabitəsi tamaşaçını cəlb etməyə bilməzdi.

    Aktyor tamaşaçıların yaddaşında daha çox Azərbaycan Dövlət Televiziyasında hazırlanan tamaşalarda oynadığı obrazlarla qalıb. O, Azərbaycan kinosunda da yaddaqalan obrazlar yaradıb. "İstintaq davam edir" də Çingizov, "Dağlarda döyüş" filmində Rüstəmov, "Sonuncu məhəbbət"də Həsənov, "Nəsimi”də Yusif, "Abşeron”da Əli, "Üzü küləyə” filmində Kombinant müdiri, "Oteldə bir otaq”da Alim, "Dədə Qorqud”da Ata obrazları ilə kinematoqrafiya sənətinə öz adını əbədi həkk edib.

    Müsahibələrinin birində Kamal Xudaverdiyev Çingizov obrazı haqqında belə demişdi: "Filmə az çəkilmişəm. Çünki o zamanlar adətən rejissorlar başqa millətdən olan aktyorlarla işləməyə meyil göstərirdilər. Adil İsgəndərov kinostudiyanın direktoru işləyəndə xeyli milli kadrlar yetişdi. "İstintaq davam edir” filmi çəkiləndə Çingizov roluna Leninqraddan aktyor dəvət etmək istəyirdilər. Adil müəllim imkan vermədi, dedi ki, bu rola Kamal çəkiləcək”. K. Xudaverdiyev də bu rolu məharətlə ifa etmişdi.

    Kamal Xudaverdiyev teatr və kino yaradıcılığındakı səmərəli fəaliyyətinə görə 1982-ci ildə Əməkdar artisti, 1991-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    Görkəmli aktyor 2008-ci il aprelin 23-də vəfat edib.

  • “Nəciblik və paklıq timsalı - Zərifə xanım Əliyeva” adlı metodik vəsait virtual istifadəçilərə təqdim edilib

    F.Köçərli adına Respublika Uşaq Kitabxanasının müxtəlif şöbələri tərəfindən hazırlanmış akademik Zərifə Əliyevaya həsr olunmuş “Görkəmli Şərq qadını Zərifə Əliyeva – 100” adlı virtual sərgi və daycest, həmçinin “Nəciblik və paklıq timsalı - Zərifə xanım Əliyeva” adlı metodik vəsait virtual rejimdə istifadəçilərə təqdim edilib.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə akademik Zərifə xanım Əliyevanın əsərlərinin və ona həsr olunmuş 31 adda kitabın (Azərbaycan, rus, ingilis dilində) tam mətni verilib. Daycestdə Zərifə Əliyeva haqqında Respublika Uşaq Kitabxanasının fondunda mövcud olan kitablar və dövrü mətbuat materiallarının tam mətnli siyahısı, həmçinin tanınmış şəxslər tərəfindən haqqında deyilən dəyərli fikirlərin mətnləri yer alıb. Metodik vəsaitin əvvəlində görkəmli şəxslərin Zərifə Əliyeva haqqında fikirləri yer alıb. Metodik vəsaitin birinci hissəsi Zərifə xanım Əliyevanın həyat və yaradıcılığından bəhs edir. İkinci hissə də isə metodik köməklik məqsədilə Zərifə Əliyevanın yubileyi ilə bağlı keçiriləcək tədbirlərin planı tərtib edilib.

    Təqdim edilən vəsaitlər kitabxanaçılar, metodistlər, müəllimlər, ümumilikdə bütün istifadəçilər üçün nəzərdə tutulub.

  • Xalq artisti Rasim Balayevin 75 illiyi qeyd olunacaq

    Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi təşkil ediləcək.

    AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.

    Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanıb. O, həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.

    Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.

  • Plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə əsər qəbulu davam edir

    Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində təbiət qoynunda yaradılmış plener əsərlərdən ibarət yaradıcılıq sərgisinə qeydiyyat davam edir.

    Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, sərgidə iştirak etmək üçün 18 yaşdan yuxarı Azərbaycan və xarici ölkə vətəndaşları mayın 5-dək təqdim edəcəyi əsərin fotosu ilə bərabər, ad və soyadı, əsərin adı, ölçüsü və texnikasını qeyd etməklə plener2023@gmail.com elektron ünvanına göndərməlidir.

    Qeyd olunub ki, əsərlərin texnika və ölçü sərbəst olmalıdır: “İştirakçı ən çox 3 əsəri ilə qatıla bilər, lakin sərgidə 1 və ya 2 əsər nümayiş olunacaq. Seçimlər bədii şura tərəfindən aparılacaq. Əsərləri nümayiş olunan müəlliflər sertifikatla təltif ediləcəklər. Sərgi Xətai Sənət Mərkəzində açılacaq”.

     

  • Azərbaycanda Türkiyə ilə birgə əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq

    İqtisadiyyat Nazirliyinin "Azərbaycan İnvestisiya Şirkəti" ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

    Report xəbər verir ki, bunu iqtisadiyyat nazir Mikayıl Cabbarov özünün tviter səhifəsində yazıb.

    Nazir qeyd edib ki, layihə çərçivəsində Azərbaycanda əczaçılıq məhsullarının istehsalı imkanları araşdırılacaq.

    Bildirilir ki, “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş.” Türkiyənin dərman istehsalı sahəsində ixtisaslaşan, 20 ildən çox təcrübəyə malik aparıcı şirkətidir.

  • Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər təyin edilib

    Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar, 6-7 may tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edilib.

    Report “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, Bakı Dəmiryol Vağzalından səhər saat 08:25-də yola düşən qatar Ağstafaya saat 13:20-də, Ağstafadan saat 15:30-da yola düşən qatar isə Bakı Dəmiryol Vağzalına saat 20:25-də çatacaq.

    Xatırladaq ki, marşrut üzrə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan dörd vaqonlu, ikimərtəbəli sürətli sərnişin qatarı hərəkət edir. Qatarın ümumi sərnişin tutumu 364 yerdir.

  • Lənkəranda “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək

    “Lənkəranda iyunun 10-da “Eurovillage” Avropa Mədəniyyəti Festivalı keçiriləcək”.

    “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko deyib.

    “Yaxşı ki pandemiyanın öhdəsindən gələ bildik. Azərbaycan koronavirusla mübarizədə özünü yaxşı tərəfdən göstərib. Nəhayət, biz tədbirləri hər hansı məhdudiyyət olmadan keçirə bilərik. Aİ Nümayəndəliyi may və iyun aylarında bir sıra tədbirlər təşkil etməyi planlaşdırır”, - o vurğulayıb.

    O əlavə edib ki, Lənkəran Aİ-nin “EU4Lankaran” və “EU4Culture” kimi layihələrində də təmsil olunur.

    Bundan əlavə, nümayəndəlik Bakıda “Taste of Europe” (“Avropanın dadı”) tədbirini təşkil etmək niyyətindədir və bu tədbir çərçivəsində qonaqlar Aİ ölkələrinin mətbəxi ilə tanış ola biləcəklər.

  • Beynəlxalq Muğam Mərkəzində cazmen Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq

    Mayın 26-da Beynəlxalq Muğam Mərkəzində cazmen, gitara ifaçısı Ələsgər Abbasovun yaradıcılıq gecəsi təşkil olunacaq.

    Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, gecədə Xalq artistləri Salman Qəmbərov, Cəmil Əmirov, Əməkdar artist Tofiq Cabbarov, tanınmış ifaçılar Ahmet Özkulalı (Türkiyə, zərb alətləri), Şəmsi Tağızadənin (nəfəs alətləri) və caz ustalarının çıxışları nəzərdə tutulub.

    Qeyd edək ki, Ələsgər Abbasov Azərbaycan Dövlət Konservatoriyasının (hazırkı Bakı Musiqi Akademiyası) simli alətlər fakültəsinin məzunudur. Hazırda Türkiyədə fəaliyyət göstərir. Vaxtilə “Abşeron” və Vaqif Mustafazadənin “Muğam” qrupunda çalışan musiqiçi daha sonrakı dövrdə Rafiq Babayevin idarə etdiyi Azərbaycan Dövlət Televiziya və Radiosunun Estrada Orkestrinin və “Cəngi” qrupunun (1991) üzvü olub. Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi ansamblda çalışıb. Bir çox yerli və beynəlxalq caz festivalların iştirakçısıdır.