“Bakı Metropoliteni” QSC-nin “20 Yanvar” stansiyasında işıqlandırma sistemləri yenilənib.
Bu barədə Reporta qurumun mətbuat xidmətindən məlumat verilib.
Bildirilir ki, yeniləmə tədbirləri stansiyanın platforma və vestibülündə aparılıb. Burada işıqlanma sisteminin qulluğu çətinləşdiyi, kifayət qədər böyük əmək qüvvəsi və müntəzəm nəzarət tələb etdiyi üçün dövrün standartlarına cavab vermirdi. Yeni müasir və qənaətcil led lampalar stansiyanın platformasını tam əhatə edib. Hərəkətin təhlükəsizliyinə və sərnişindaşıma prinsiplərinə maneə törətməmək üçün işlər müvəqqəti işıqlanma təmin edilməklə, gecə növbəsində təşkil olunub.
Platforma tavanında enerji sərfiyyatı daha çox olan köhnəlmiş 72 Vt-lıq (biri 36 vatt olan cüt lampa) 128 lampa çıxarılıb. Onların əvəzinə 48 Vt-lıq panel formalı 96 led lampa düzülüb. Vestibüldə də hər biri 36 vatt olmaqla 72 ədəd cüt lampa çıxarılıb, əvəzinə 60 ədəd 48 Vt-lıq lampa quraşdırılıb. Yeni lampalar daha qənaətcil, əlverişli olmaqla, memarlıq üslubu ilə seçilən stansiyada yüksək səviyyəli işıqlandırmanı təmin edir. Burada tavan, sütunlar və stansiya yolunu əhatə edən memarlıq ansamblı yeni işıqlanma sisteminin ahəngi ilə yeni çalar qazanıb. Qulluğu asan olmaqla, keyfiyyəti və istismar müddəti daha uzundur.
Son aylar metronun “Cəfər Cabbarlı” stansiyasının əsaslı təmir olunmuş bir platformasının, eləcə də “Nizami” və “Elmlər Akademiyası” stansiyalarının işıqlandırma sistemləri dəyişdirilib.
Mayın 3-də Bakıda Azərbaycanın sədrliyi altında İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 10 dövlətin iştirakı ilə Əlaqələndirmə Komitəsinin 8-ci iclası keçirilib.
İclasda İƏT-in Baş katibi Hissein Brahim Tahanın tədbir iştirakçılarına salamlama mətni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, toplantıya sədrlik edən Dövlət Turizm Agentliyinin Aparatının rəhbəri Kənan Qasımov İslam Əməkdaşlıq Təşkilatının Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini qeyd edərək ölkəmizin turizm potensialının işğaldan azad olunmuş torpaqlar sayəsində daha da zənginləşdiyini, Qarabağın artıq beynəlxalq səyahətçilər üçün yeni turizm destinasiyası kimi tanıdıldığını bildirib.
O, iclasın ötən il Azərbaycanın sədrliyi ilə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində qəbul edilmiş mühüm qərarların icra vəziyyətinin və onların tətbiqi məsələlərinin müzakirəsi baxımından faydalı olduğunu qeyd edib.
Müzakirələr çərçivəsində İƏT-in “Turizm Şəhəri Mükafatı” üçün mövcud qiymətləndirmə meyarları haqqında fikir mübadiləsi aparılıb, həmçinin təşkilat tərəfindən müvafiq olaraq 2023 və 2024-cü illər üçün turizm şəhərləri seçilmiş Türkiyənin Şanlıurfa, Özbəkistanın Xivə şəhərlərinin fəaliyyət planları nəzərdən keçirilib və qəbul edilib.
Toplantıda Şanlıurfanın zəlzələdən təsirlənən şəhərlərdən olduğu bildirilib və iştirakçılar İƏT-in bütün müvafiq institutlarını şəhərin yaxın gələcəkdə yenidən qurulmasından sonra turizm potensialının bərpası məqsədilə səmərəli proqram və layihələr hazırlamağa çağırılıblar.
İclas iştirakçıları İƏT-in Turizm Nazirlərinin 11-ci Konfransı çərçivəsində üzv dövlətlər arasında turizmin inkişafına dair qəbul edilmiş qətnamənin və “Turizmin inkişafı üzrə İƏT çərçivə sənədi”nin effektiv icrası ilə əlaqədar təqdimatlarla çıxış ediblər.
Tədbirdə üzv ölkələr İƏT-in noyabr ayında Qətərdə keçiriləcək sayca 3-cü turizm sərgisində fəal iştiraka dəvət olunub.
Əlaqələndirmə Komitəsinin 8-ci iclasının yekununda 9-cu iclasın İƏT Turizm Nazirlərinin 12-ci Konfransı çərçivəsində Özbəkistanda keçirilməsinə razılıq verib.
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) İnformasiya Texnologiyaları İdarəsinə yeni rəis təyin olunub.
Reportun əldə etdiyi məlumata görə, bu vəzifə Qaçay Mirzəyevə həvalə edilib.
İT sektorunda çoxillik təcrübəsi olan Q.Mirzəyev əvvəllər “BP-Azerbaijan”, Azərbaycan Dövlət Neft Fondu və 10 ildən çox müddətdə “Microsoft Azerbaijan” şirkətində çalışıb, 2019-2022-ci illərdə adıçəkilən şirkətin Azərbaycan üzrə baş meneceri olub.
Mayın 3-dən 5-dək Bakıda “Moskva Günləri” keçiriləcək. Proqrama sərgilər, konsertlər, yaradıcılıq görüşləri və başqa mədəni tədbirlər daxildir.
Bu barədə AZƏRTAC-a Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən məlumat veriblər.
“Moskva Günləri” çərçivəsində Azərbaycan Dillər Universitetində “Müasir pyes məktəbi” teatrının rəhbəri, teatr və kino rejissoru, aktyor Dmitri Astraxan ilə yaradıcılıq görüşü olacaq.
Heydər Əliyev Mərkəzində Rusiya Coğrafiya Cəmiyyətinin “Bakı ilk səyyahların obyektivində” adlı sərgi, həmçinin “Xor Turetskoqo” art-qrupu və “SOPRANO”nun konserti keçiriləcək.
Beynəlxalq Muğam Mərkəzində sovet və Rusiya şahmatçısı Anatoli Karpovun iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş şahmat turniri təşkil ediləcək.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində gənclərin Moskva Həmvətənlər Evinin rəhbəri Dmitri Kojayevlə görüşü olacaq.
Mədəni tədbirlər çərçivəsində S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında “Müasir pyes məktəbi” teatrının “Ay işığında” tamaşası nümayiş etdiriləcək.
Tədbirin üçüncü günündə “Moskva-Bakı: iki paytaxt arasında dialoq” konfransı, rusiyalı yazıçı Yuri Polyakov və Rusiya Federasiyasının Xalq artisti Yelena Sanayeva ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Mərdəkan Mədəniyyət Sarayında Beynəlxalq Rəqs Gününə həsr olunmuş konsert təşkil edilib.
Baş İdarədən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə mədəni sərvətimiz olan rəqslərimizin tarixindən, bu gözəl sənətin sehrindən söhbət açılıb. Bildirilib ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildə UNESCO-nun Beynəlxalq Rəqs Şurası tərəfindən təsis olunub. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən hər il qeyd olunur. Azərbaycanda rəqsin tarixi olduqca zəngin və qədimdir. İncəsənətin bir qolu olan rəqslərimiz ülvilik, gözəllik və birlik rəmzi sayılır.
Sonra Sarayda fəaliyyət göstərən “Lalələr” rəqs ansamblının, “Azad” rəqs qrupunun və "Salsa" kursunun üzvləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.
“Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Vətən oğulsuz olmasın” adlı kitab nəşr olunub.
Kitabın redaktoru və “Ön söz” müəllifi “Mirvarid Dilbazi Poeziya Məclisi” İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlıdır.
Bu barədə AZƏRTAC-a müəllif özü məlumat verib.
“Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabda Ümummilli Liderin Azərbaycanın ilk qadın Xalq şairi Mirvarid Dilbazi ilə görüşü zamanı çıxışları, Mirvarid Dilbazinin ona həsr etdiyi şeirlər toplanıb.
Müəllif yeni nəşri sədri olduğu birliyin Ulu Öndərin 100 illiyinə və “Heydər Əliyev İli”nə töhfəsi kimi dəyərləndirib. “Ön söz”də Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə ədəbiyyatımızın inkişafında rolu, xidmətləri, qayğısı, söz və sənət adamlarına diqqəti önə çəkilib.
Mirvarid Dilbazi Ümummilli Liderin həmişə diqqətində olub, onun poeziyasındakı hiss və duyğuların saflığını görüşlərdə xüsusi vurğulayıb. Təsadüfi deyil ki, ağbirçək Xalq şairi ona səmimi və ərkyana “oğlum” deyə müraciət edirdi.
Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycan Yazıçılar Birliyinin bütün qurultaylarında iştirakı və proqram əhəmiyyətli nitqləri ədəbiyyata qayğının mükəmməl sübutu kimi kitabda qeyd olunub.
Kitabda toplanan Mirvarid Dilbazinin Heydər Əliyev şəxsiyyətinə həsr etdiyi şeirlər Azərbaycan ədəbiyyatı tarixində qiymətli söz inciləri kimi yadda qalacaq.
Nizami Kino Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçiriləcək.
Mayın 3-də təşkil olunacaq tədbir Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə reallaşacaq.
Bu barədə AZƏRTAC-a İttifaqdan bildirilib.
Tədbir çərçivəsində tanınmış kinematoqraf Vaqif Mustafayevin “Ata yolu” filmi nümayiş olunacaq.
Qeyd edək ki, ekran əsəri Prezident İlham Əliyevin Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışına dair xatirələri ilə başlanır: “Mən demək olar ki, bütün məqamları müşahidə etmişəm. Çünki daim onun yanında idim və 1993-cü ildən onun yanında idim. Ondan əvvəl Naxçıvanda olarkən ildə bir neçə dəfə Naxçıvana gedirdim. Onunla birlikdə idim. Bütün bu proseslərin şahidiyəm və bəzi proseslərin iştirakçısıyam. O vaxt, əlbəttə, ağır məqamlar kifayət qədər çox idi”.
Filmdə eramızdan əvvəl IX əsrdə ölkəmizin ərazisində mövcud olmuş Manna dövlətindən başlayaraq müasir dövrümüzə qədər xalqımızın yadelli işğalçılara qarşı apardığı mübarizəni əks etdirən şanlı tarixinə qısa ekskurs edilib. Sonra XX əsrdə müstəqillik qazanmış Azərbaycanın ictimai-siyasi mühiti üzərində xüsusi dayanılıb və ölkəmizin bugünkü mövqeyinin bərqərar olmasında, siyasi, iqtisadi uğurların qazanılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətləri diqqətə çatdırılıb.
Mayın 3-də Xətai Sənət Mərkəzində rəssam Afaq Həbi və tələbələrinin əsərlərindən ibarət sərgi açılacaq.
Bu barədə AZƏRTAC-a sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.
“Türküstan nağılı” adlı sərgi bir neçə gün ziyarətçilər üçün açıq qalacaq.
Sərgidə 30-dan çox sənət əsərinin nümayişi nəzərdə tutulur.
IV Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının keçiriləcəyi tarix məlum olub.
AZƏRTAC xəbər verir ki, eyni anda Bakı, Şəki, Lənkəran şəhərlərində təşkil olunacaq festival sentyabrın 15-dən 22-dək keçiriləcək.
Festivala film qəbulu davam edir. Belə ki, xarici rejissorlar üçün film qəbulu yekunlaşsa da, yerli rejissorların müəllifi olduqları filmlər iyunun 30-dək “FilmFreeway” platforması vasitəsilə qəbul edilir.
Seçki komissiyası tərəfindən seçiləcək filmlər festivalın müsabiqə mərhələsində iştirak haqqı qazanacaq. Qaliblər festivalın bağlanış mərasimində elan ediləcək.
Qeyd edək ki, “Sevilfest”in 2022-ci il proqramı çərçivəsində Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığı nəticəsində festivalın ötənilki qalibi “goEast” festivalı nəzdində keçirilən “East-West Talent Lab”da iştirak haqqı qazanıb. Festivalın bu ilki yerli qalibini də xüsusi mükafat gözləyir.
Adını Cəfər Cabbarlının “Sevil” pyesindən götürmüş Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsilə gender məsələlərinə diqqət çəkmək məqsədilə yaradılıb.
XIX əsrin Azərbaycana bəxş etdiyi görkəmli simalardan, şəxsiyyətlərdən biri şair, rəssam, xəttat, musiqi nəzəriyyəçisi, Qarabağ ədəbi mühitinin inkişafında özünəməxsus rolu olmuş ensiklopedist alim Mir Möhsün Nəvvabdır. Bu il görkəmli alimin anadan olmasının 190 ili tamam olur.
Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Nəvvabın həyat və yaradıcılığı, zəngin ədəbi irsi haqqında məlumat verilir. Burada görkəmli alim həm öz dövrünün müasirləri ilə bir vəhdət formasında qələm sahibliyi edən, incə ruhlu şair, həm zərif zövqə, əsrarəngiz rəng çalarına malik rəssam, həm də nəqqaşlıq, xəttatlıq, astronomiya, musiqişünaslıq kimi sahələrə dəyərli töhfələr vermiş mütərəqqi ziyalı kimi təqdim edilir.
Materialda Nəvvabın müəllifi olduğu və onun haqqında qələmə alınan “Erməni-müsəlman davası”, “Qarabağ mədəni-ədəbi mühiti”, “Gözəllik və bilik aşiqi Nəvvab”, “Təzkireyi-Nəvvab”, “Musiqi haqqında risarələr”, “Nəsihətnamə” kimi 20-ə yaxın kitabın və müxtəlif dövrü mətbuat nümunələrinin biblioqrafik təsviri təqdim edilir.
Mir Möhsün Nəvvabın 190 illik yubileyi münasibətilə hazırlanan virtual sərgi kitabxananın rəsmi saytında və sosial şəbəkə hesablarında yerləşdirilib.